Avropa Şurası Nazirlər Komitəsinin Strasburqda keçirilən 1443-cü görüşü başa çatıb. Avropa Məhkəməsinin qərarlarının icra durumu incələnən toplantının yekununda müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələri elan edilib.
3 gün davam edən iclasda Azərbaycan, Albaniya, Ermənistan, Belçika, Xorvatiya, Bolqarıstan, Çexiya, Macarıstan, İrlandiya, İtaliya, Litva, Malta, Moldova, Norveç, Polşa, Rumıniya, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Krallıqla bağlı qərarların icra durumu müzakirə olunub.
Toplantıda Azərbaycanla bağlı Məmmədli, Mahmudov və Ağazadə, Ramazanova və Başqaları Qruplarına daxil olan qərarların və Sarqsyan Azərbaycana qarşı işi üzrə qərarın icra durumu da müzakirə mövzuları sırasında idi. AŞ NK Ramazanova və Başqaları Qruplarına daxil olan qərarların və Sarqsyan Azərbaycana qarşı işi üzrə qərarın icra durumunun müzakirəsini başqa vaxta təxirə salıb.
AŞ NK müzakirələrin sonunda Azərbaycanla bağlı 2 qətnamə və bir aralıq qətnaməsini elan edib. Qətnamələr Mahmudov və Ağazadə Qrupu və Məmmədli Qrupu ilə bağlıdır.
Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 4 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı, Əli Həsənov Azərbaycana qarşı) icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır, defamasiyaya görə azadlqıdan məhrum etmə cəzalarının ləğvini nəzərdə tutur. Nazirlər Komitəsinin bu qrup işi ilə bağlı qətnaməsində defamasiyaya görə həbs cəzalarını aradan qaldırmağa, defamasiya qanunvericiliyini dəyişdirməyi hədəfləyən mümkün tədbirlər haqqında ətraflı məlumat verməyə çağırıb. NK həmçinin, Azərbaycan hökumətini Avropa Şurasının standartlarına uyğun olaraq jurnalistləri özbaşına cinayət təqiblərindən qorumağa yönəlik konkret tədbirlər görməsini istəyib. Komitə həmçinin, hökuməti müzakirələr üçün gərəkli bilgiləri zamanında təqdim etməyə dəvət edib (Qətnaməyə keçid).
AŞ NK-nin digər iki sənədi – qətnamə (Qətnaməyə keçid) və aralıq qətnamə (Aralıq Qətnaməyə keçid) Məmmədov Qrupu üzrə çıxarıb. Həmin sənədlərdə Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndi üzrə çıxardığı 29 may 2019-cu il tarixli qərarı yada salınıb və bu qrup işindəki digər ərizəçilərin məhkumluğunun ləğvi, onların cinayət qeydlərindən silinməsi və mülki və siyasi haqlarının tam bərpa olunması da daxil olmaqla, onlara qarşı irəli sürlümüş cinayət ittihamlarının digər bütün nəticələrinin təcili ortadan qaldırılmasının gərəkliliyi vurğulanıb.
“Komitə, dəfələrlə etdiyi çağırışlara rəğmən, yerdə qalan ərizəçiləri məhkum edən hökmlərin hələ də qüvvədə olmasından və ərizəçilərin bəzilərinin 4 ildir ki, Ali Məhkəmə qarşısında baxılmasını gözləyən işlərində hər hansı əlavə irəliləyişin qeydə alınmasına dair heç bir əlamətin olmamasından dərin əndişəsini ifadə edir. Ərizəçilərə qarşı əsassız cinayət təqibinin başlıca siyasi motivləri ilə bağlı Məhkəmənin bu Qrup üzrə müəyyən etdiyi nəticələrin işığında, ərizəçilərin işlərinin cözülməsində davam edən uğursuzluqların xüsusilə əndişə verici olmasının altını cızır”, aralıq qətnamədə vurğulanır.