Son illərdə dünyada əsasən insan hüquq müdafiəçiləri, demokratiya aktivistləri, siyasi və ictimai fiqurlar, jurnalistlər və internet medialarını hədəf alan kiber hücumların yüksələn trendi müşahidə olunur. Bu hücumlar əsasən hədəf alınan şəxslərin ifadə, fərdi məlumatların toxunulmazlığı, məlumata çatımlılıq kimi fundamental insan hüquqlarını onlayn məkanda pozur. Narazı səslərə qarşı onlayn hücumların son illərdə geniş vüsət aldığı Azərbaycan da bu trenddə mənfi mənada pay sahibidir. Əksər hallarda casus proqramları, fişing və DDoS hücumları və şifrələrin oğurlanması ilə müşayiət olunan kiber əməliyyatlar insanlar və təşkilatların fərdi məlumatlarının, onlayn hesablarının icazəsiz ələ keçirilməsi, paylaşılması, onlar vasitəsilə şantaj olunma, sosial media platformalarında paylaşımların və izləyicilərin silinməsi, cihazların sıradan çıxarılması kimi ağır mənfi nəticələrə səbəb olur. Bir sıra hallarda isə müxtəlif araşdırmalar bu hücumların mənbəyində hökumət və ya hökumətə yaxın qrup və şirkətlərin iştirakına işarə edir. Belə olan halda kiber hücumlardan qorunmaq üçün səmərəli hüquqi şəraitin və siyasət tədbirlərinin mövcudluğuna xüsusi ehtiyac yaranır. Bu yazıda Azərbaycanda kiberhücumlarla mübarizə qanunvericilikdəki çatışmazlıqlar, istintaq tədbirlərinin səmərəliliyi və hücumların mümkün siyasi xarakteri fonunda təhlil edilir.