Avropa Şurası vəkillikdən uzaqlaşdırlanların bərpasını istəyir

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan Vəkillər Kollegiyasından uzaqlaşdırılan hüquqşunasların şikayətləri üzrə Avropa Məhkəməsinin qərarlarının icra durumunu müzakirə edib. 1411-ci toplantının yekun qərarında keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduğu vurğulanır.

Qərar Namazov işi qrupuna daxil olan qərarların icra durumunun müzakirəsinin yekunu olaraq, qəbul edilib. Bu qrup çərçivəsində AİHM-in Azərbaycanla bağlı 3 qərarının (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) icrasına nəzarət edilir. Hər 3 qərar vəkillərin Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərdə vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar vermişdi.

AŞ NK-nın qərarında qeyd edilir ki, Azərbaycan hökuməti Vəkillər Kollegiyasının diqqətini Avropa Məhkəməsinin vəkillikdən uzaqlaşdırılanların şikayətləri üzrə qərarların icrasına, şikayətçilərin əvvəlki vəziyyətlərinə qaytarılmalı olması öhdəliyinə yönəltməlidir. Hökumətdən hər 3 ərizəçi ilə bağlı işlərə yenidən baxılması, qərar verilməsi istənilir.

Nazirlər Komitəsi onu da vurğulayıb ki, Azərbaycan hökuməti vəkillikdən uzaqlaşdırmanın spesifik əsaslarını daxili qanunvericilikdə göstəməli, vəkilləri lüzumsuz intizam icraatlarından qoruyan mexanizmlər yaradıb, tətbiq etməlidir. Vəkillərə qarşı intizam icraatları ilə bağlı məhkəmə təcrübəsinin yaxşılaşdırlması da Azərbaycan hökumətindən istənilir.

AŞ NK Namazov işi qrupuna daxil olan qərarların icra durumunu gələn il yenidən müzakirəyə çıxaracaq.

QƏRARA KEÇİD