Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sabiq baş prokuror və səfir, hazırda məhkəməsi davam edən Eldar Həsənovun şikayətini araşdırmağa başlayıb.
E.Həsənov dələduzluq, mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə və saxtakarlıq cinayətlərində ittiham olunur. Araşdırlan şikayət 2020-ci ilin avqustunda açılmış bu cinayət işi çərçivəsində ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır.
Kommunikasiya bilgilərində qeyd edilir ki, E.Həsənovun barəsindəki 14 avqust 2020-ci il tarixli həbs qərarı və ondan sonrakı həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verdiyi şikayətlər, habelə, onun zaminə buraxılması, müalicə üçün ixtisaslaşdırılmış klinikaya köçürülməsi ilə bağlı vəsatətləri nəticəsiz olub.
E.Həsənov iddia edir ki, onun Konvensiyanın 3-cü maddəsi və Konvensiyanın 5-ci maddəsinin 1 (c), 3 və 4 -cü bəndləri ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib – həbsdə durumuna adekvat tibbi müalicə ilə təmin edilməyib, həbs qətimkan tədbiri əsassız seçilib, həbs tədbirinə qərar verilən proses ədalətli olmayıb.
AİHM hökumətə cavablandırması üşün 6 sual ünvanlayıb.
AİHM tərəflərdən həmçinin, məhkəmənin bilgili olmadığı bütün sənədələrin surətlərinin təqdim edilməsini də istəyir.