AŞ Nazirlər Komitəsi Azərbaycanla bağlı 2 qətnaməsini elan edib

Avropa Şurası Nazirlər Komitəsinin 7-9 mart tarixlərində Strasburqda keçirilən 1459-cu toplantısı başa çatıb, Komitə müzakirələrin sonunda qətnamələrini elan edib. Toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərar və qərardadlarının icra durumu müzakirə edilirdi. Komitə Azərbaycanla bağlı 2 qətnamə qəbul edib.

AŞ NK-nın 1459-cu toplantısıında Avropa Məhkəməsinin Albaniya, Azərbaycan, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Moldova Respublikası, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya Respublikası, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlı bəzi qərarlarının icra djurumu müzakirəyə çıxarılmışdı. AİHM-in Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icra durumu müzakirə gündəliyinə daxil edilmişdi.

Həmin qərarların 30-na Qafqaz Məmmədov Qrupu daxilində nəzarət edilir. Bu qrup daxilində icrasına nəzarət edilən qərarlar müxalifət qüvvələrinin təşkil etdikləri dinc etiraz aksiyalarının dağıdılması ilə ərizəçilərin sərbəst toplaşmaq azadlığının çoxsaylı pozuntuları və aksiya iştirakçılarının saxlanılmaları və qısa müddətə həbs, habelə, azadlıqdan məhrum edilmələri ilə bağlıdır. AİHM bu qərarlarında ictimai toplantıları tənzimləyən qanunvericiliyin proqnozlaşdırıla bilməyən, dəqiq olmamasından və onlardan sui-istifadə edilməklə ictimai toplantılara müdaxilə olunmasının mümkünlüyündən narahatlığını ifadə edib.

AŞ NK-nın müzakirələrdən sonra bu qrup işi üzrə qəbul etdiyi qətnamədə bildirilir ki, qrupdakı 3 iş üzrə kompensasiyalar hələ də ödənilməmiş qalır, hökumətdən gərəkli məlumatların tqədim edilməsi istənilir. Komitə qeyd edir ki, “polisin dinc toplantıları qadağan etmək, dağıtmaq, iştirakçıları həbs etmək və məhkum etmək yolu ilə sərbəst toplaşmaq azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırmaq üçün mövcud olan məhdudiyyətsiz səlahiyyətlərinə qarşı yetərli təminatların təmin edilməsi üçün qanunvericilik islahatları zəruridir”. Sənəddə Azərbaycan hökuməti inzibati həbslərin, saxlanılmaların qanuniliyi və inzibati icraatın ədalətliliyi ilə bağlı milli qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər görməyə çağırılır (sənədin tam mətni).

AŞ NK-nın toplantısında müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın icrasına nəzarət edilir. Bu qrupda daha öncə İlqar Məmmədov, Rəsul Cəfərov, Natiq Cəfərli, Əzizov və Novruzlu işləri üzrə AİHM-in qərarlarının icrasına da nəzarət edilirdi, AŞ NK həmin qərarların icrasına nəzarəti artıq qapadıb. Hazırda Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan qərarlar nəzarət altındadır. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır. Bu qərarların icra durumu problemlidir, qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər həyata keçirilməmiş qalır.

Komitə bu qrup işi üzrə qətnaməsində qeyd edir ki, adları yuxarıda qeyd edilən ərizəçilərin məhkumluqları ləğv edilməsi, onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırlması üçün hökumət bütün addımları atmalıdır. Komitə, “qalan ərizəçilərin məhkumluqlarının Ali Məhkəmə tərəfindən ləğv edilməsinin, qisasçı və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı sağlam milli məhkəmə təcrübəsini formalaşdıracaq əsas ümumi tədbir olaraq qaldığını bir daha vurğulayır” (sənədin tam mətni).

Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM-in qərarlarının icrası məcburidir. AŞ NK qərarların icrasına milli hakimiyyət orqanlarının, ərizəçilərin, QHT-lərin, Milli İnsan Hüquqları İnstitutlarının (NHRI) və digər maraqlı tərəflərin təqdim etdikləri məlumatlar əsasında nəzarət edir.