№47145/14 Anar Məmmədli Qrupu Azərbaycana qarşı – 7-9 mart 2023-cü il

 

Avropa Şurası Nazirlər Komitəsi

1459-cu toplantı, 7-9 mart 2023 (DH)

H46-3 Məmmədli qrupu Azərbaycana qarşı (Ərizə № 47145/14)

Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət

 

Qətnamə

Təmsilçilər,

1. Avropa Məhkəməsinin bu məhkəmə işi qrupuna daxil olan hər bir ərizəçi ilə bağlı hökumətin öz tənqidçilərini, vətəndaş cəmiyyəti fəallarını, insan haqları müdafiəçilərini təqib etməsi üçün hüququn üstünlüyü prinbsipinə zidd olaraq cinayət qanunvericiliyindən sui-istifadə etməklə əsassız və özbaşına həbs və məhkum etmənin narahatlıq doğuran modelini tətbiq etməsini ortaya çıxarmaqla, Konvensiyanın 5-ci maddəsi ilə bərabər götürülməklə, 18-ci maddəsinin pozuntusunu tanıdığını xatırlatdılar;

2. fərdi və ümumi tədbirlər haqqında məlumatların gec təqdim edilməsinin bu qrupun hazırkı incələnməsi üçün tam təhlilə imkan vermədiyini qeyd etdilər;

Fərdi tədbirlərə gəldikdə

3. Bu qrup işində restituio in integrum-un təcili olaraq qalan ərizəçilərin məhkumluqlarının ləğvini, onların cinayət qeydlərindən silinməsini və onlara qarşı irəli sürülən cinayət ittihamlarının bütün digər nəticələrinin, o cümlədən, mülki və siyasi hüquqlarının tam bərpası yolu ilə aradan qaldırılmasını tələb etdiyini qeyd edir; qalan icraatların tez bir zamanda yekunlaşacağına ümid etdiklərini bir daha vurğulayırlar; və bir daha hakimiyyət orqanlarını bu qrup işi üzrə qalan yeddi ərizəçinin məhkumluqlarının gecikdirilmədən ləğv edilməsini təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün addımları atmağa çağırırlar;

Ümumi tədbirlərə gəlincə

4. Bu qrup işində qalan ərizəçilərin məhkumluqlarının Ali Məhkəmə tərəfindən ləğv edilməsinin, qisasçı və sui-istifadə xarakterli həbslərə və təqiblərə qarşı sağlam milli məhkəmə təcrübəsini formalaşdıracaq əsas ümumi tədbir olaraq qaldığını bir daha vurğulayır;

5. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək, xüsusilə Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) müvafiq tövsiyələrini, Məhkəmə-Hüquq Şurasının tərkibi və onun məhkəmə müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki əsas rolu ilə bağlı tövsiyələrini yerinə yetirməklə bağlı səylərin davam etdirməsinə yönəlik səlahiyyətli qurumlara çağırışlarını təkrarlayır;

6. daha sonra səlahiyyətliləri korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının qəbulundan sonra ölkədaxili səviyyədə həyata keçirilən tədbirlərin nəticələri barədə Komitəni məlumatlandırmağa, prokurorluq orqanları üçün təşkil edilmiş təlimləndirmə tədbirləri, həmin tədbirlərin həbs qərarlarına təsirləri, prokurorluq orqanlarının həbs qərarlarının Konvensiya standartlarına uyğunluğu barədə məlumatların təqdimatını davam etdirməyə çağırır;

7. Səlahiyyətliləri bir daha Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində dövlət qurumlarında məqsədyönlü maarifləndirmə tədbirləri görməyə və Avropa Şurasının əməkdaşlıq proqramlarının köməyindən yararlanmağa, daxili məhkəmələrin Konvensiyanın müəyyən etdiyi standartlara riayət etmə potensialnı gücləndirməyə dəvət edir.