Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 5 şikayəti araşdırmağa başlayıb.
Ramil Nəsibov və 3 başqa ərizəçi Azərbaycana qarşı işi məhkəmə qərarlarının icra edilməməsinə görə ərizəçilərin İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) müxtəlif müddətlərə inzibati həbs cəzası verilməsi ilə bağlıdır. Bu şikayətlərdə ərizəçilərin mülki öhdəliklərinə görə azadlıqlarından məhrum edilmələrinin qanunsuzluğu məsələsi qaldırlır.
Ərizəçilər hesab edir ki, azadlıqdan məhrum edilmələri, onların ədalətli məhkəmə araşdırması (Maddə 6) və borca görə azadlıqdan məhrum etmənin yolverilməzliyi (4 saylı Protokol, Maddə 1) hüququnu pozub.
Ülviyyə Kərimova Azərbaycana qarşı işi də oxşar məzmunludur.
Bu məhkəmə işi Ərizəçinin milli məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 306.1-cı maddəsinə əsasən, məhkəmə qərarının icra edilməməsinə görə iki il müddətinə islah işləri və onun əmək haqqının on faizinin dövlət nəfinə tutulması cinayət cəzasına məhkum olunması ilə bağlıdır. Ərizəçi milli məhkəmələrin barəsindəki qərarlarının onun ədalətli məhkəmə araşdırması hüququna zidd olduğunu iddia edir.
AİHM qeyd edilən şikayətlərin hamısını Kərimov və başqaları Azərbaycana qarşı işinin işığında araşdırır. Həmin işdə də ərizəçilər mülki öhdəlikləri ilə bağlı məhkəmə qərarlarının icra edilməməsi səbəbindən azadlqıdan məhrum edilmişdilər. AİHM Kərimov işində ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanımış, dövlətin onlara təzminat ödəməsinə qərar vermişdi.
Yeni araşdırılan işlərdə ərizəçiləri AİHM qarşısında N.Əliyeva, C.Cavadov, Ə.Həsənov, M.Mustafayev təmsil edir.