№ 57724/11 LƏMAN BABAYEVA AZƏRBAYCANA QARŞI – 30 YANVAR 2020-Cİ İL

YENİ© tərcümə – aihmaz.org – yüklə_Ləman Babayeva Azərbaycana qarşı

 

 

BEŞİNCİ BÖLMƏ

 

LƏMAN BABAYEVA AZƏRBAYCANA QARŞI

 

 

(Ərizə № 57724/11)

QƏRAR

 

 

 

STRASBURQ

30 yanvar 2020

Bu qərar qətidir. Qərara redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Babayeva Azərbaycana qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsinin (Beşinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə:

Angelika Nußberger, Sədr,
Gabriele Kucsko-Stadlmayer,
André Potocki,
Yonko Grozev,
Mārtiņš Mits,
Lətif Hüseynov,
Lado Chanturia, hakimlər,
və Claudia Westerdiek, İclasın Katibi,

3 dekabr 2019-cu ildə xüsusi müşavirə keçirilərək,
Həmin tarixdə qəbul edilmiş müvafiq qərarı verdi:

PROSEDUR

1. Bu iş Azərbaycan vətəndaşı xanım Ləman Feruz qızı Babayeva (“ərizəçi”) tərəfindən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən, 7 sentyabr 2011-ci il tarixdə Məhkəmə qarşısında Azərbaycan Respublikasına qarşı verdiyi ərizə (no.57724/11) əsasında başlanılıb.

2. Ərizəçi Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşünas cənab Ziya Quliyev tərəfindən təmsil olunub. Azərbaycan Hökumətini isə (“Hökumət”) onun nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.

3. Ərizəçi şikayətində özəlliklə onu iddia edib ki, uşaqları ilə yaşamaq üçün onun xeyrinə icazənin verilməsindən imtina onun ailə həyatına hörmət hüququnu pozub.

4. Məhkəmə 8 iyul 2014-cü il tarixdə ərizəçinin şikayətləri barədə Hökuməti bilgiləndirib.

FAKTLAR

İŞİN HALLARI

5. Ərizəçi 1981-ci il doğumludur, Gəncə şəhərində yaşayır.

6. Ərizəçi və S. 3 fevral 2002-ci il tarixdə ailə qurublar. Bu nigahdan onların iki övladı – 21 dekabr 2002-ci il təvəllüdlü bir oğulları (F.) və 18 avqust 2007-ci il doğumlu bir qızları (E.) var.

7. 22 may 2009-cu il tarixində S.-in qardaşı oğlu (B.) ərizəçinin nikahdankənar münasibətinin olmasından şabhələndiyindən, ərizəçinin mənzilinə gedib. O, mənzildə C. ilə qarşılaşıb və ərizəçinin sevgilisi olmasından şübhələnərək onu öldürüb.

8. Ərizəçi və S. 2009-cu ilin may ayında ayrılıblar. Ərizəçi uşaqları ilə birlikdə valideynlərinin mənzilinə köşüb. Həmin vaxtdan elə orda yaşayır.

9. B. 26 noyabr 2009-cu il tarixdə cinayət işi üzrə məhkum edilib. Məhkəmə onun səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına hökm edib.

10. Ərizəçinin iddiasına görə, S.-in başqa bir qadınla nikahdan kənar münasibəti mövcud olub. O, buna görə, boşanmaq qərarına gəlib və 12 yanvar 2010-cu il tarixdə müvafiq müraciət edib. O, boşanmaq üçün müraciətində eyni zamanda nikah dövründə əldə edilmiş əmlakının (mənzil və avtomobil) bölünməsini, uşaqları üçün aliment müəyyən edilməsini tələb edib. S. də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. O, boşanma qərarı verilməsini və uşaqların onun himayəsi altında qalması haqqında qərar qəbul etməsini məhkəmədən xahiş edib.

11.İşə baxan Gəncə şəhər Nizami Rayon Məhkəməsi Nizami Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasından (“Komissiya”) ekspert rəyinin verilməsini xahiş edib. Komissiyanın 1 mart 2010-cu il tarixli ilk rəyində bildirilib ki, həm atanın, həm də ananın hazırda yaşadıqları evləri uşaqların böyüdülməsi üçün uyğun şəraitə malikdir. Komissiya Ailə Məcəlləsinin 52-ci maddəsinə (uşağın maraqlarına təsir edən məsələlərdə onların rəylərinin öyrənilməsi) uyğun olaraq, məhkəmənin uşaqların on yaşına çatanadək analarının himayəsində qalması haqqında qərar verməsinə etiraz etməyib.

12. Rayon məhkəməsi bundan sonra Komissiyadan əlavə ekspert rəyi verilməsini istəyib. 2 aprel və 5 iyul 2010-cu il tarixli sonrakı iki rəyində Komissiya yenə bildirirb ki, atanın və Anaya məxsus hər iki evdə yaşayış şəraiti uşaqların böyüdülməsi üçün uyğundur. Rəylərdə bu dəfə uşaqların himayəyə verilməsi haqqında qərarın məhkəmənin səlahiyyətində olması qeyd edilib.

13. Rayon məhkəməsi 30 iyul 2010-cu il tarixdə boşanma haqda qərarını elan edib. Qərara əsasən, mənzil ərizəçi və S. arasında bölüşdürülüb və uşaqların himayəçiliyi S.-yə verilib. Məhkəmə ərizəçinin aliment iddiasını isə rədd edib. Məhkəmənin qərarının müvafiq hissəsi aşağıdakı kimidir:

Məhkəmə zamanı tədqiq edilmiş sübutlar, o cümlədən telefon danışıqlarının yazıları göstərir ki, L.Bayramovanın B. tərəfindən öldürülmüş C.M-lə uzunmüddətli münasibətləri olub və onun davranışları əxlaq ölçülərinə uyğun olmayıb. Bunlar göstərir ki, Bayramova Ləman Feruz qızı qeyri-stabil həyat tərzi sürüb. Qeyd edilənlərin uşaqların sağlam mənəvi şəraitdə tərbiyə olunmasına mane olmasını nəzərə alaraq, məhkəmə uşaqların himayəsinin ataya verilməli olmasını hesab edir.

14. Ərizəçi qərardan apellyasiya şikayəti verib. O, iddia edib ki, məhkəmənin 30 iyul 2010-cu il tarixli qərarı əsaslandırılmayıb. O, özəlliklə iddia edib ki, məhkəmənin Komissiyanın ilk rəyini nəzərə almaması qanunsuz olub, sonrakı iki rəyi isə müvafiq olaraq qiymətləndirə bilməyib. O, bundan əlavə, iddia edib ki, məhkəmənin telefon danışıqlarının çıxarışlarını və onlara əsaslanan nəticələri sübut kimi qəbul etməsi onun şəxsi həyatına müdaxiləni təşkil edib.

15. Gəncə Apellyasiya Məhkəməsi 14 oktyabr 2010-cu il tarixdə rayon məhkəməsinin 30 iyul 2010-cu il tarixli qərarını qüvvədə saxlayıb və birinci instansiya məhkəməsinin əsaslandırmasını təkrar edib. Apellyasiya Məhkəməsindəki məhkəmə iclaslarının protokollarının çıxarışlarından görünür ki, Komissiyanın nümayəndəsi bildirib ki, “ərizəçinin ərini aldatması”na görə, uşaqlar ataları ilə qalmalıdır, həm də atanın uşaqları böyüdə bilməsi üçün sabit maliyyə durumu mövcuddur, yaşayış şəraiti və həyat tərzi də buna imkan verir.

16. Ərizəçi apellyasiya şikayətində onu da iddia edib ki, məhkəmə daxili qanunvericiliyə əməl etməyib, ona uyğun olaraq uşaqların fikrini soruşmayıb. O, iddia edib ki, S.nin uşaqların himayəçiliyini istəməsinin əsl səbəbi o olub ki, aliment ödəməkdən yayınsın. Həm də o, ayrıldıqdan sonra uşaqları maliyyə baxımından heç vaxt təmin etməyib. O, eyni zamanda izahatlarında vurğulayıb ki, ayrıldıqlarından sonrakı dövrdə uşaqlar sadəcə onun qayğısı ilə əhatə olunublar, uşaqların qayğısına lazımi səviyədə qalıb, onların rifahını təmin edib. Qeyd edib ki, uşaqları onun qayğısından məhrum etmək və onları alışdıqlarından fərqli mühitdə yerləşdirmək onların sağlam inkişafına böyük mənfi zərərlərlə müşayət olunacaq. O, həmçinin, iddia edib ki, onun C. ilə hətta nikahdankənar münasibətinin olması belə, onun himayəçilik hüquqlarının məhdudlaşdırılması üçün əsas təşkil edə bilməzdi.

17. Azərbaycan Respublikasının Ali Məhkəməsi 10 mart 2011-ci il tarixdə apellyasiya məhkəməsinin əsaslandırmasını təkrarlayıb, əvvəlki qərarları olduğu kimi qüvvədə saxlayıb.

II. UYĞUN DAXİLİ QANUNVERCİLİK

18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, valideynlər nigahı pozduqda, ayrıldıqda, uşaqaların yaşayış yerləri onlar arasında razılaşma ilə müəyyən olunmalıdır. Belə razılaşma olmadıqda, uşaqların yaşayış yeri onların mənafeləri, onların məsələ ilə bağlı fikirləri və digər uyğun amillər nəzərə alınmaqla məhkəmə qaydasında müəyyən olunmalıdır. Bu kimi kriteriyalara uşaqaların bacı, qardaşları, valideynlərə ayrılıqda olan bağlılıqları, valideynlərinin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşaqların yaşı və uşaqların tərbiyəsi və inkişafı üçün uyğun şəraitin olunması kimi kriteriyalar daxildir (Ailə Məcəlləsi, maddə 60.4).

19. Uşaq ilə yaşamayan valideynlərin onunla ünsiyyət hüququna və onun tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların və ya onlardan birinin müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qərarına əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun olaraq tədbir görülür. Bu qərara qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin müraciətinə əsasən uşağın mənafeyi və rəyi nəzərə alınmaqla, onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər (Ailə Məcəlləsi, maddə 61).

20. Uşaqlar ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı məhkəmə icraatı da daxil olmaqla öz fikrini bildirmək hüququna malikdir. Uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşaqların fikri mütləq nəzərə alınmalıdır (Ailə Məcəlləsi, maddə 52).

QANUNVERİCİLİK

I. KONVENSİYANIN 8-Cİ MADDƏSİNİN POZUNTUSU İDDİASI

21. Ərizəçi Konvensiyanın 6-cı və 8-ci maddəllərinə əsasən, uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsinin onun şəxsi ailə həyatına hörmət hüququnu pozmasından şikayət edib. Məhkəmə bu şikayətə Konvensiyanın 8-ci maddəsinə əsasən baxılmalı olması qənaətindədir:

1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

A.Qəbuledilənlik

22. Məhkəmə qeyd edir ki, ərizəçinin şikayəti Konvensiyanın 35-ci maddəsinin 3-cü (a) bəndində nəzərdə tutulan mənada açıq-aydın əsassız deyil. O daha sonra qeyd edir ki, şikayətlər hər hansı başqa səbəblərə görə qəbul olunmayan sayıla bilməz. Buna görə də onlar qəbul olunan elan edilməlidir

B. Mahiyyət

1.Tərəflərin təqdimatları

(a) ərizəçi

23.Ərizəçi uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsinin onun ailə həyatına hörmət hüququna müdaxilə təşkil etdiyini vurğulayıb. O, vurğyulayıb ki, bu müdaxilə demokratik cəmiyyətdə zəruri olmayıb, qanuni məqsədlərə xidmət etməyib və təxirəsalınmaz sosial təlabatdan doğmayıb.

24.Ərizəçi həmçinin məhkəmələrin uşaqların fikirlərini dinləmədiyini bildirib. O, eyni zamanda qeyd edib ki, həyat yoldaşından ayrıldıqdan sonra uşaqlarının qayğısına tək qalıb, onların rifahını kifayət qədər təmin edib, onlara gərəkli olan qayğı göstərib. Onun qənaətincə, uşaqlarının ondan alınması, uzaqlaşdırılması uşaqların inkişafına ciddi zərər vuracaq.

25. Ərizəçi, həmçinin, onun C. ilə nigahdankənar münasibətinin himayəçilik hüquqlarının məhdudlaşdırılması üçün əsas təşkil etmədiyini də vurğulayıb.

(b) Hökumətin təqdimatı

26. Hökumət uşaqların yaşayış yerləri haqqında qərarın atalarının xeyrinə verilməsinin ərizəçinin ailə həyatına hörmət hüququna müdaxilə təşkil etməsini mübahisələndirməyib. Lakin, bildirib ki, müdaxilə mütənasib və qanuni məqsədlərə uyğun olub.

27. Hökumət yerli məhkəmələrin ərizəçinin davranışlarını və onun uşaqların atasını görmələrinə mane olmasını, həmçinin, qərar qəbul etmə prosesinin bütövlükdə onun maraqlarının lazımi şəkildə qorunmasını təmin etdiyini nəzərə aldığını bildirərək, məhkəmələrin uşaqların atalarına verilməsi barədə qərarlarını əsaslandırmaq üçün müvafiq səbəblər göstərdiyini qeyd edib.

28. Hökumət qəbul edib ki, uşaqlar məhkəmələr tərəfindən dinlənilməyib və yerli məhkəmələrin göstərişlərinə baxmayaraq Komissiyanın xüsusi rəyini ala bilməyiblər. Hökumət bununla belə, bildirib ki, Komissiyanın nümayəndəsi daha sonrakı mərhələdə dinlənilib və o, uşaqların atalarına verilməsini ifadə edib.

29. Hökumət, onu da qeyd edib ki, evli insanların nigahdankənar münasibətləri Azərbaycanda ailələr və cəmiyyət tərəfindən yaxşı qəbul edilmir. Hökumət eyni zamanda qeyd edib ki, hazırkı işdə yerli məhkəmələr uşaqların tərbiyəsinin ən vacib hissəsi kimi ailə dəyərlərinin və valideynlərin mənəvi xüsusiyyətlərinin əhəmiyyətinə xüsusi diqqət yetiriblər.

2. Məhkəmənin dəyərləndirməsi

(a) ümumi prinsiplər

30. Məhkəmə xatırladır ki, valideynlər arasındakı münasibətlər pozulduqda belə, uşaqlar və valideynlərin bir-birləri ilə qarşılıqlı münasibətləri ailə həyatının təməl bir hissəsini təşkil edir (bax: Keegen İrlandiyaya qarşı, 26 may 1994, paraqraf 50, Seriya A, №290). Üzv dövlətlərdə ailə həyatı azyaşlı uşaqların qayğısı və tərbiyəsi sahəsində valideynlərin geniş hüquq və vəzifələrini ehtiva edir. Uşaqların qayğısı və tərbiyəsi normal olaraq və mütləq şəkildə valideynlərdən (və ya tək valideyndən) onların harada yaşayacaqlarına qərar vermələrini tələb edir. Bu baxımdan ailə həyatı, özəlliklə də valideynlərin uşaqları üzərindəki valideynlik vəzifələrini həyata keçirmələri, onların müvafiq valideynlik məsuliyyətləri lazımi dərəcədə nəzərə alınmaqla, xüsusilə, Konvensiyanın 8-ci maddəsi ilə təsbit olunub və qorunur (bax: Nielsen Danimarkaya qarşı, 28 noyabr 1988-ci il, paraqraf 61, Seriya A, no.144, və Gruzdeva Rusiyaya qarşı, №13553/09, paraqraf 60, 08 iyul 2014).

31. Ailə həyatına mane olan daxili tədbirlər, məsələn, uşaqların yaşayış yerinin bir valideynə verilməsi kimi bir qərar, ailə həyatına hörmət hüququna müdaxilə təşkil edir (bax: Hoffmann Avstriyaya qarşı, 23 iyun 1993-cü il, paraqraf 29, Seriya A, no.255-C və Palau-Martinez Fransaya qarşı, №64927/01, paraqraf 30).

32. Belə müdaxilələr qanuna uyğun olaraq 8-ci maddənin 2-ci bəndində qeyd edilən qanuni məqsədlərə və ya həmin məqsədlərə müvafiq deyilsə və demokratik cəmiyyətdə zərurilik testinə cavab vermirsə, bu, 8-ci maddənin pozuntusunu təşkil edir. Bu zərurilik müdaxilənin təxirəsalınmaz sosial ehtiyaca uyğun olmasını və xüsusilə də həyata keçirilmiş qanuni məqsədə mütənasib olmasını nəzərdə tutur (bax: V. Birləşmiş Krallığa qarşı, 8 iyul 1987-ci il, Seriya A, no.121).

33. Səlahiyyətli milli qurumlara verilən mülahizə sərbəstliyi məsələlərin mahiyyətinə və maraqların əhəmiyyətinə görə dəyişə bilir. Belə ki, Məhkəmə səlahiyyətli orqanların, xüsusilə də, himayə qərarı verərkən geniş bir mülahizə sərbəstliyinə malik olduqlarını müəyyən edir. Bununla belə, hər hansı digər məhdudiyyətlərə, məsələn, bu orqanlar tərəfindən valideynlərin görüş hüququna qoyulan qadağalara və valideynlərin və uşaqların ailə həyatına hörmət hüququnun səmərəli müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuş hər hansı hüquqi təminata gəldikdə, ciddi araşdırma tələb olunur. Çünki, bu cür əlavə məhdudiyyətlər uşaqların bir və ya hər iki valideyni ilə münasibətlərinin sürəkliliyinin azalması təhlükəsi doğura bilir (bax: Sahin Almaniyaya qarşı, no.30943/96, paraqraf 65, və Sommerfeld Almaniyaya qarşı, no.31871/96, paraqraf 63).

34. Uşaqların hansı valideyninə verilməsi barədə qərar çıxarılmasında yerli məhkəmələri əvəz etmək Məhkəmənin vəzifəsi deyil. Lakin, bu sahədə Məhkəmənin rəyi cavabdeh dövlətin öz mülahizəsini ağlabatan, diqqətli və vicdanla yerinə yetirdiyini müəyyən etməklə məhdudlaşmır. Məhkəmə, həmçinin, yerli məhkəmələr tərəfindən uşağın yaşayış yeri ilə bağlı icraatda irəli sürülən səbəblərin kifayət edib-etmədiyini və məqsədəuyğun olub-olmadığını müəyyən etməlidir (bax: yuxarıda qeyd edilən Gruzdeva qərarı, paraqraf 71).

35. Uşaqların ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması şübhəsiz ki, belə işlərin hər birində çox vacibdir. Üstəlik, nəzərə alınmalıdır ki, milli orqanlar bütün maraqlı tərəflərlə birbaşa əlaqə qurmaq imkanına malikdirlər. Bu məqsədlə, Məhkəmə daxili məhkəmələrin bütövlükdə ailə vəziyyətini və bir sıra amilləri, xüsusən də faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli amilləri dərindən araşdırdıqlarını və uşaq üçün ən yaxşı həll yolunun nə olacağını müəyyənləşdirmək üçün hər bir insanın müvafiq maraqlarını balanslı və ağlabatan qiymətləndirib-qiymətlədirmədiyini müəyyən etməlidir (bax: Antonyuk Rusiyaya qarşı no.47721/10, paraqraf 134). Belə araşdırma, qiymətləndirmənin aparılmaması 8-ci maddənin pozuntusuna səbəb olacaq. Bunun əksinə, daxili məhkəmələr bu məsələləri diqqətlə və Məhkəmənin presedent hüququna uyğun araşdırma apararsa, Məhkəmə öz qiymətləndirməsini yerli məhkəmələrin qiymətləndirməsi ilə əvəz etmək üçün çox güclü səbəblər tələb edəcəkdir (bax: Elita Magomadova, № 77546/14, § 63, 10 aprel 2018).

36. 8-ci maddə milli hakimiyyət orqanlarından uşaqların və valideynlərin maraqları arasında ədalətli tarazlığı təmin etməsini tələb edir və balanslaşdırma prosesində, mahiyyətindən və ciddiliyindən asılı olaraq, uşaqların valideynlərin maraqlarından üstün ola bilən ən yüksək maraqlarına xüsusi diqqət yetirilməlidir. Özəlliklə, valideynlərin 8-ci maddəyə əsasən, uşaqların sağlamlığına və inkişafına zərər vura biləcək tədbirlərin görülməsinə hüququ ola bilməz (bax: Sahin, § 66, və Sommerfeld, § 64, yuxarıda qeyd edilən).

37. Nəhayət, Məhkəmə, qərar qəbul etmə prosesinin bütövlükdə ədalətli olub-olmamasını müəyyən etmədən, milli məhkəmələr tərəfindən irəli sürülən əsasların 8-ci maddənin 2-ci bəndinin məqsədləri baxımından “kifayət qədər” olub-olmamasını qiymətləndirə bilməz (bax: Sahin, § 68, və Sommerfeld, § 66, hər ikisi yuxarıda qeyd edilmişdir). Konvensiyanın 8-ci maddəsi özündə dəqiq prosedur tələblər ehtiva etməsə də, müdaxilə tədbirləri ilə bağlı qərar qəbul etmə prosesi ədalətli olmalı və 8-ci maddə ilə təminat altına alınan maraqlara yetərli dərəcədə hörmət edilməsini təmin etməlidir. Buna görə, Məhkəmə işin hallarını və xüsusilə, qəbul edilən qərarların əhəmiyyətini nəzərə alaraq, ərizəçinin qərar qəbul etmə prosesinə cəlb edilib-edilməməsini və maraqlarının müdafiəsinin lazımi dərəcədə təmin edilib-edilməməsini müəyyən etməlidir (bax: Z.J. Litvaya qarşı, no. 60092/12, § 100, 29 aprel 2014).

(b) Hazırkı işə tətbiqedilənlik

38. Məhkəmə yaşayış yeri kimi atanın yanının müəyyən edilməsi barədə qərarın ərizəçinin ailə həyatına hörmət hüququna müdaxilə təşkil etməsi qənaətindədir (bax: Antonyuk, § 119, və G.B. Litvaya qarşı, no. 36137/13, § 87, 19 yanvar 2016).

39. Məhkəmə onu da müəyyən etdi ki, bu müdaxilə milli qanunvericilikdə əsaslara malik olub. Ailə Məcəlləsinin 60-cı maddəsinin 4-cü bəndinə əsasən, valideynlər arasında razılıq olmadığı təqdirdə uşağın yaşayış yerinin müəyyən edilməsi bu müddəanın müvafiq kriteriyaları əsasında məhkəmə qərarı ilə müəyyən edilir.

40. Məhkəmə, hazırdır ki, müdaxilənin digərlərinin, xüsusilə uşaqların hüquqlarının müdafiə edilməsi kimi qanuni məqsədi daşıması ilə razılaşsın. Burada araşdırılmalı olan əsas məsələ, hazırkı müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmamasının müəyyən edilməsidir.

41. Məhkəmə, daxili məhkəmələr tərəfindən irəli sürülən əsasların təhlilinə keçməzdən əvvəl qeyd etməyi zəruri sayır ki, hazırkı işdəki qərar uşağın yaşayış yerinin müəyyən edilməsi məhdudlaşıb; bu, ərizəçi ilə olan qanuni münasibətləri təsirləndirməyib, valideynlik hüquqlarına müdaxilə təşkil etməyib. O da nəzərə çarpır ki, ərizəçinin ünsiyyət hüququ üçün müraciət etmək imkanı qapanmamışdır (bax: Elita Magomadova, § 61).

42. Məhkəmə onu da qəbul edir ki, uşağa qayğı göstərilməsi ilə bağlı qərarın qəbulu zamanı milli qurumlar və məhkəmələr adətən, sıx olaraq çox çətin vəzifə ilə üzləşirlər. Milli hakimiyyət orqanlarının ayrılmış valideynlərdən birinin xeyrinə qərar qəbul etməkdən başqa seçimi olmamasını nəzərdən qaçırmaq olmaz, çünki müvafiq milli qanunvericilikdə birgə, ortaq yaşayış yerinin müəyyən edilməsini nəzərdə tutmayıb (Antonyuk işi ilə qarşılaşdır, § 121).

43. Məhkəmə ümumi prinsiplərin və yuxarıda qeyd edilən presedent hüququnun işığında hazırkı işdə milli qurumların ailə vəziyyəti və bütün müvafiq kriteriyaların dərin araşdırmasını aparıb-aparmamasını müəyyən etməlidir.

44. Məhkəmə hazırkı işdə birinci instansiya məhkəməsinin vəsatətinə əsasən, Kommissiyanın üç rəy təqdim etdiyini müəyyən edir. Birinci rəydə hər iki evin yaşayış şəraitinin uşaqlar üçün qənaətbəxş olması qeyd olunub. Rəydə daha sonra vurğulanıb ki, Kommissiya uşaqların on yaşa çatana qədər ana ilə birgə yaşamalarına etiraz etməyəcək. Sonrakı rəylərdə də hər iki evin yaşayış şəraitləri ilə bağlı Komissiyanın gəldiyi nəticə təkrar vurğulanıb. Bundan əlavə bu rəylərdə Kommissiyanın uşaqların valideynlərdən hansı ilə qalması ilə bağlı qeydi olmayıb, bu məsələ ilə bağlı qərar verilməsi milli məhkəmələrin mülahizəsinə buraxılıb (bax: yuxarıdakı 11-12-ci bəndlər).

45. Məhkəmə ilk növbədə onu bildirir ki, milli məhkəmələr tərəfindən Kommissiyanın birinci rəyinin yetərsiz hesab edilməsi və digər rəylərin tələb edilməsinin səbəbləri aydın deyil. Hökumət öz təqdimatında birinci instansiya məhkəməsi tərəfindən Kommissiyaya uşaqların fikirlərinin alınması ilə bağlı aydın göstərişlərin verilməsini bildirməsinə baxmayaraq, Məhkəmə, onlar tərəfindən təqdim olunmuş sənədlərə əsasən, bu cür göstərişin verilməsinin həmin vəsatətlərdə əks olunmamasını müəyyən etmişdir.

46. Məhkəmə daha sonra onu da müəyyən edir ki, hər üç rəy hər iki valideynin evinin yaşayış şəraitinin qiymətləndirməsi ilə məhdudlaşıb. Kommissiya milli qanunvericiliyə uyğun olaraq, uşaqaların üstün maraqlarını müəyyən etmək üçün zəruri olan hər hansı digər kriteriyaları araşdırmayıb. Bundan başqa, hər iki valideynin valideynlik qabiliyyətinin araşdırılması üçün və uşaqların onlara bağlılığının müəyyən edilməsi üçün nə ekspert, nə də ki digər mütəxəssislər cəlb edilib. Milli qurumlar, eləcə də, valideynlərin ayrılmasından sonra uşaqların anası ilə nə qədər birgə yaşamasını və sabit mühitin və gündəlik həyatlarının olub-olmamasını da müəyyən etməyiblər.

47. Məhkəmə onu da müəyyən etdi ki, milli məhkəmələr qərar verərkən, ərizəçi tərəfindən mübahisələndirilən onun nikahdan kənar münasibətlərinə həlledici əhəmiyyət veriblər. Milli məhkəmələr bunu edərkən, ərizəçinin “qeyri-sabit həyat tərzi yaşaması” və uşaqların mənəvi cəhətdən sağlam bir mühitdə yaşamalarını təmin etmək üçün ataları ilə yaşamalı olmaları nəticəsinə gələrək, B-nin məhkum edilməsinə dair 26 noyabr 2009-cu il tarixli hökmə və telefon yazılarına istinad edib.

48. Məhkəmə təkrar vurğulayır ki, milli məhkəmələr, xüsusilə uşağın yaşayış yerinin müəyyən edilməsi məsələlərində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Bu qiymətləndirmə sərbəstliyinə baxmayaraq, Məhkəmə, uşaqların yaşayış yerini müəyyən edərkən milli məhkəmələrin əsas etibarılə ərizəçinin nikahdankənar münasibətlərinə istinad etməsini problematik sayır. Bunun müəyyən şərtlərdə uyğun ola biləcəyini düşünmək olar, ancaq uşaqların üstün maraqları naminə digər müvafiq amillərin zəruri qiymətləndirilməsi aparılmayıb. Özəlliklə, ərizəçinin keçmiş həyatının iki uşağının tərbiyə edilməsi və gündəlik həyatına təsirini əks etdirən birbaşa, konkret sübut mövcud olmayıb, buna görə Məhkəmə hesab edir ki, milli məhkəmələr qərar verərkən ümumi mülahizələrə əsaslanıblar (Palau-Martinez işi ilə mqarşılaşdır, § 42).

49. Uşaqların atası ilə yaşaması barədə Kommissiyanın nümayəndəsinin milli məhkəmə prosesləri zamanı fikir bildirməsi ilə bağlı Hökumətin dəlillərinə gəldikdə, Məhkəmə hesab edir ki, bu fikir, uşaqları tərbiyə etmək üçün ailənin vəziyyətinin qiymətləndirilməsi aparılmadan əsas etibarılə “ərizəçinin ərinə xəyanət etməsi” faktına və atanın sabit maddi vəziyyəti, yaşayış şəraiti və həyat tərzinə əsaslanıb.

50. Məhkəmələrin himayəçilik hüquqları barədə qərar qəbul edilərkən uşaqların ataları ilə görüşməsinə ərizəçinin mane olması imkanlarını nəzərə almaları ilə bağlı Hökumətin dəlillərinə gəlincə, Məhkəmə vurğulayır ki, milli məhkəmə qərarları bu arqumentləri dəstəkləmir.

51. Milli məhkəmə qərarlarının əsas etibarılə ərizəçinin nikahdankənar münasibətləri ilə əsaslandırılmış olması durumunda, milli qurumlar bütün ailəvi durumu və müvafiq amillərin qiymətləndirməsini apara bilməyiblər.

52. Beləliklə, Məhkəmə qərara gəlir ki, hazırkı işdə milli məhkəmələr tərəfindən aparılmış araşdırma müvafiq və yetərli olmayıb. Bunun nəticəsində qərar qəbul etmə prosesi məqbul olmayıb və buna görə də uşağın üstün maraqlarının müəyyən edilməsinə imkan yaratmayıb. Beləliklə, Məhkəmə, hesab edir ki, milli qurumlar uşaqların atasının xeyrinə olan yaşayış yeri haqqında qərarını müvafiq və yetərli dəlillərlə əsaslandıra bilməyiblər. Milli qurumların qiymətləndirmə sərbəstliyinə baxmayaraq, müdaxilə güdülən qanuni məqsədə mütənasib olmayıb.

53. Bu səbəblərdən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.

II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

54. Konvensiyanın 41-ci maddəsinə əsasən:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

55. Ərizəçi mənəvi ziyana görə 45.000 avro məbləğini ədalətli əvəz tələb edib.

56. Hökumət ərizəçinin tələbini qəbul etməyib, onun əsassız olduğunu bildirib.

57. Məhkəmə ərizəçinin mənəvi zərərə məruz qaldığı qənaətinə gəlir, qeyd edir ki, bu, sadəcə, Konvensiyanın 8-ci maddəsinin pozuntusunun müəyyən edilməsi ilə kompensasiya oluna bilməz və bu səbəbdən ərizəçiyə kompensasiya verilməlidir. Məhkəmə Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə apararaq, ərizəçiyə 4500 avro məbləği dəyərində və bu məbləğ üçün ödənilməli olan hər hansı vergi məbləği dəyəri də üzərinə gəlinməklə kompensasiya təyin etdi.

B. Xərclər və məsrəflər

58. Ərizəçi Məhkəmə qarşısında çəkdiyi məhkəmə xərclərinə və digər məsrəflərə görə 1.600 avro məbləğində ədalətli əvəz tələb edib.

59. Hökumət ərizəçinin məhkəmə xərcləri və digər məsrəflərlə bağlı tələbini əsaslandırmaq üçün hər hansı bir sənəd təqdim etmədiyini bildirib və xərc və məsrəflərə görə hər hansı əvəzin təyin edilməməsini istəyib.

60. Məhkəmənin uyğun president hüququna görə, ərizəçinin çəkdiyi xərc və məsrəflərin geri ödənilməsi üçün həmin xərc və məsrəflərin həqiqətən və zəruri olduğu üçün çəkilmiş olması, məbləğin ağlabatan olması lazımdır. Məhkəmə Qaydalarının 60-cı maddəsinə əsasən ədalətli kompensasiya ilə bağlı istənilən tələblər detallı şəkildə göstərilməli və müvafiq təsdiqedici sənədlərlə birlikdə yazılı şəkildə təqdim edilməlidir, təqdim edilmədikdə isə Bölmə şikayəti qismən və ya tamamilə rədd edə bilər. Hazırkı işdə tələblər nə detallı olaraq göstərilmiş, nə də ki hər hansı bir sənədlə təsdiq edilmişdir. Buna görə Məhkəmə məhkəmə xərcləri və məsrəflərlə bağlı tələbi rədd edir (Malik Babayev Azərbaycana qarşı işi ilə müqayisə et, №30500/11, § 97, 1 iyun 2017).

C. Gecikmə faizi

82. Məhkəmə məbləğin ödənilməsinin gecikməsinə görə faiz dərəcəsinin Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini münasib hesab edir.

 

BU SƏBƏBLƏRƏ GÖRƏ, MƏHKƏMƏ YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, ərizə qəbulediləndir;
2. Qərar verdi ki, Konvensiyanın 8-ci maddəsi pozulub;
3. Qərar verdi ki,

(a) Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, cavabdeh Dövlət qərarın qüvvəyə minməsindən sonra üç ay ərzində 4.500 avro məbləğində vəsaiti ödəmənin həyata keçirilməsi zamanı mövcud olan məzənnəyə uyğun olaraq, Azərbaycan manatı ilə ərizəçiyə ödəməlidir:

(b) yuarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

4. Ərizəçinin ədalətli əvəzin ödənilməsinə dair tələblərinin digər hissələri rədd edildi.

Qərar ingilis dilində tərtib olundu və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, 30 yanvar 2020-ci il tarixdə yazılı olaraq açıqlanıb.

Claudia Westerdiek        Angelika Nußberger
Katib                                     Sədr

Qərar Media Hüququ Qrupu tərəfindən ingilis dilindədən tərcümə edilərək yayılıb. Müəllifliklə bağlı baxın: https://aihmaz.org