№365/20 E.ISGƏNDƏROV və Ə.BÜNYATOV AZƏRBAYCANA QARŞI – 3 oktyabr 2022-ci il

 

3 Oktyabr 2022-ci il tarixdə dərc edilib

BEŞİNCİ BÖLMƏ

Ərizə nömrəsi 365/20

Elxan ISGƏNDƏROV və Əbülfəz BÜNYATOV
Azərbaycana qarşı

21 Dekabr 2019-cu ildə daxil olub

12 Sentyabr 2022-ci il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Hazırkı ərizələr, ərizəçilər barəsindəki cinayət mühakiməsinin ədalətli olmaması iddiaları ilə bağlıdır.

Ərizəçilər rəsmi qeydiyyata alınmamış dini cərəyan olan “Müsəlman Birliyi” (“MB”) hərəkatının üzvləri və ya tərəfdarlarıdılar, ya da hakimiyyət tərəfindən belə qəbul edilirlər. “MB” 2015-ci ilin əvvəlində Taleh Bağırov tərəfindən qurulub.

Ərizəçi Elxan İsgəndərov 5 noyabr 2015-ci ildə Sabunçu rayon polis idarəsinin qarşısında həbs edilib (Elçin Qasımovun həbsi və sonradan onunla bağlı inzibati xəta icraatı işi Məhkəmədə baxılan 30813/16 saylı ərizənin predmetidir). 6 noyabr 2015-ci ildə Sabunçu Rayon Məhkəməsi ərizəçi Elxan İsgəndərovu polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq inzibati xətasını törətməkdə təqsirli bilib. O, on beş sutka inzibati həbs cəzasına məhkum edilib.

2015-ci il noyabrın 26-da “Nardaran hadisələri” adlanan olay baş verib və bu zaman ərizəçi Əbülfəz Bünyatov həbs olunub.

Həmin gün Daxili İşlər Nazirliyinin (DİN) silahlı polis əməkdaşları ərizəçi Əbülfəz Bünyatovun Bakının Nardaran qəsəbəsindəki evində bir neçə nəfərin iştirak etdiyi dini məclis zamanı əməliyyat keçirib.

Polisin tərtib etdiyi məlumatlara görə, əməliyyat, Taleh Bağırovun və digər şəxslərin, o cümlədən, zorakılıq yolu ilə dövlət hakimiyyətini ələ keçirməyə, kütləvi iğtişaşlar, terror aktları törətməyə, silahlı birləşmələr təşkil etməyə və silah əldə etmək məqsədilə toplaşdıqları barədə daxil olmuş əməliyyat məlumatı əsasında təşkil edilib.

Əməliyyat zamanı atışma baş verib, nəticədə altı nəfər (toplantıda iştirak edən dörd Nardaran sakini və iki polis əməkdaşı) həlak olub və bir çoxları, o cümlədən, ərizəçi Əbülfəz Bünyatov yaralanıb. Polisin qeydlərinə görə, hadisə yerindən, silahlar, partlayıcı maddələr də daxil olmaqla, zorakılıq çağırışları olan bukletlər aşkar edilərək götürülüb.

Ərizəçilərə görə, Nardaran hadisələri zamanı ümumilikdə yetmişdən çox insan saxlanılıb.

27 noyabr 2015-ci il tarixdə Sabunçu şəhər prokuroru ərizəçi Elxan İsgəndərovun hərəkətlərinin cinayət tərkibli əməl kimi qiymətləndirilməli olması əsası ilə Sabunçu Rayon Məhkəməsinin 6 noyabr 2015-ci il tarixli qərarından apellyasiya şikayəti (protest) verib, Apellyasiya Məhkəməsindən həmin qərarın ləğv edilməsini xahiş edib. Apellyasiya Məhkəməsi prokurorun protestini təmin edib və inzibati xəta haqqında iş üzrə icraatı dayandırıb.

Sonradan hər iki ərizəçi MB üzvü kimi bir sıra ağır cinayətlərdə, o cümlədən terrora hazırlıq, terror törətməyə açıq çağırışlar, kütləvi iğtişaşlar törətməyə çağırışlar, qanunsuz olaraq silah, partlayıcı maddələr əldə etmək, saxlamaq və gəzdirmək, hakimiyyəti zorakılıqla ələ keçirmək, silahlı birləşmələr və ya qruplar yaratmaq, bir qrup şəxs tərəfindən dövlətə qarşı açıq çağırışlar, mütəşəkkil cinayətkar qrup tərəfindən milli, irqi və ya dini düşmənçiliyin qızışdırılması, hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq etmək kimi bir sıra ağır cinayətlərdə ittiham olunaraq, məhkum ediliblər. Ərizəçi Elxan İsgəndərov əlavə olaraq bir qrup şəxs tərəfindən ictimai asayişi pozan hərəkətləri təşkil etməkdə və bu hərəkətlərdə iştirak etməkdə təqsirli bilinib. Ərizəçi Əbülfəz Bünyatov isə əlavə olaraq mütəşəkkil cinayətkar qrup tərəfindən qəsdən adam öldürmə, saxta sənədlər hazırlamaq və istifadə etməkdə təqsirli bilinib.

Ərizəçilər eyni cinayət prosesi çərçivəsində mühakimə olunublar və müvafiq olaraq on dörd və on beş il müddətinə azadlıqdan məhrum ediliblər.

12 iyun 2019-cu il tarixdə Ali Məhkəmə cinayət prosesi ilə bağlı yekun qərar qəbul edib (bu qərar ərizəçilərin vəkillərinə 21 iyun 2019-cu il tarixdə təqdim edilib).
Ərizəçilər məhkum olunmazdan əvvəl DİN və Baş Prokurorluq Nardaran hadisələri ilə bağlı media üçün açıqlama yayıb.

Məhkum edilmələrinin uydurma və başqa qanunsuz sübutlara əsaslandığını iddia edən Ərizəçilər Məhkəmə qarşısında onlara qarşı aparılan cinayət prosesinin Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndləri ilə təminat altına alınan müxtəlif ədalətli məhkəmə təminatlarının pozulmasından şikayət ediblər.

Ərizəçilər həmçinin, DİN və Baş Prokurorluğun mediaya açıqlamasında cinayət törətməkdə təqsirli bilinməzdən əvvəl cinayətkar kimi göstərilmələri səbəbindən, Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən təqsirsizlik prezumpsiyası hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.

Bundan başqa, həbslərinin və onlara qarşı irəli sürülən ittihamların din azadlığı, toplaşmaq və birləşmək azadlığı hüquqlarını pozduğunu; siyasi səbəblərdən və MB ilə əlaqələri səbəbindən həbs və mühakimə olunduqlarını iddia edən ərizəçilər Konvensiyanın 9 və 6-cı maddələri ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinə əsasən də şikayət ediblər.

Ərizəçi Elxan İsgəndərov həmçinin, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə əsaslanaraq, eyni əmələ görə iki dəfə mühakimə olunmasından da şikayət edib.

TƏRƏFLƏRƏ ÜMUMİ SUALLARI

1. Ərizəçilər onlarla bağlı cinayət ittihamlarının müəyyən edilməsi zamanı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli mühakimə haqqına sahib idilərmi? Xüsusilə, ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququna, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə hörmət edilibmi? Ərizəçilərə onların əleyhinə olan sübutları mübahisələndirmə, lehlərinə olan sübutları təqdim etmək və bu cür sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi üçün adekvat imkanlar yaradılmışdımı?

2. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onlara qarşı olan şahidləri dindirə bildilərmi? Ərizəçilərə Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (d) bəndində tələb olunduğu kimi, onların adından şahidlərin iştirakı imkanı verilibmi?

3. Hazırkı işlərdə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndi ilə təminat altına alınan təqsirsizlik prezumpsiyası hüququna, xüsusilə DİN və Baş Prokurorluğun mediaya açıqlamalarının işığında hörmət göstərilibmi? Ərizəçilər daxili müdafiə vasitələrinin tükənməsi tələbinə və altı aylıq qaydaya əməl ediblərmi?

4. Konvensiyanın 9-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçilərin dini etiqad azadlığına müdaxilə baş veribmi? Baş veribsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdu və 9-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?

5. Hazırkı işlərin şərtləri baxımından, Konvensiyanın 6-cı maddəsi ilə birlikdə götürülməklə 18-ci maddənin tətbiqi uyğundurmu (bax: İlqar Məmmədov Azərbaycana qarşı (№ 2), № 919/15, § 261, 16 noyabr 2017-ci il)?

6. Dövlətin Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ərizəçilərə qarşı tətbiq etdiyi məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin müddəalarda nəzərdə tutulan məqsədlərdən başqa məqsədlər üçünmü tətbiq edilmişdi?

7. Ərizəçi Elxan İsgəndərov Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin 1-ci bəndinə zidd olaraq, eyni əmələ görə iki dəfə mühakimə olunubmu? Əgər belədirsə, icraat 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan istisnalara aiddirmi?

8. Sabunçu rayon məhkəməsinin 6 noyabr 2015-ci il tarixli hökmü qərarı Sabunçu rayon polis idarəsinə və Sabunçu şəhər prokurorluğuna hasnı tarixdə təqdim edilib?

Tərəflərdən öz cavablarını və təqdimatlarını təsdiq edən zəruri sənədli sübutları, o cümlədən daxili məhkəmələrin hökm və qərarlarının surətlərini, məhkəmə iclaslarının stenoqramlarını və ərizəçilərin apellyasiya şikayətlərini və tələblərini təqdim etmələri xahiş olunur.