Vətəndaşların saqqalının polisdə qırxılması iddiası – AİHM qərarını elan edəcək

Press-reliz, 13 yanvar 2019-cu il

Avropa İnsan Haqları Məhkəməsi Zaqatala rayon polis idarəsində saqqallarının zorla qırxıldığını iddia edən vətəndaşların şikayətləri üzrə qərarlarını elan edəcək. Qərarlar yanvarın 17-də elan ediləcək.

Söhbət 4 nəfərin – Zaqatala rayon sakinləri Abakar Qaziyev, Allahyar Yusubov, Vüsal Cəbrayılov və Elşad Musayevin şikayətlərindən gedir.

Onlar şikayətlərində qeyd ediblər ki, şəxsiyyət vəsiqələrinin müddəti bitdiyindən, rayon polis idarəsinin müvafiq şöbəsinə müraciət ediblər. Polisdə onlara yeni şəxsiyyət vəsiqəsi verilməsindən dəfələrlə imtina olunub. Buna əsas kimi saqqallı olmaları göstərilib. Şəxsiyyət vəsiqəsi üçün polis idarəsinə gəl-get davam etdiyi günlərdə həmin 4 vətəndaşı küçədə polis əməkdaşları saxlayıblar. İdarəyə aparılan şikayətçilərə avtoxuliqanlıq ittihamı irəli sürülüb, onlar müxtəlif müddətlərə inzibati həbs cəzası verilib. Ərizəçilər iddia edirlər ki, həbsdə olarkən, onların saqqalları zorla qırxılıb.

Ərizəçilər bunu əvvəlcə yerli məhkəmələrdə mübahisələndiriblər. Ancaq bütün şikayətləri rədd edilib.

A.Qaziyev, A.Yusubov, V.Cəbrayılov, E.Musayev AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) və 9-cu maddəsində (Fikir, vicdan və din azadlığı) nəzərdə tutulan hüquqlarının pozulduğunu iddia edirlər.