№49349/12 ABAKAR QAZİYEV AZƏRBAYCANA QARŞI – 17 YANVAR 2019-CU İL

Press-reliz, 17 yanvar 2019-cu il

Avropa İnsan Haqları Məhkəməsi Zaqatala rayon polis idarəsində saqqallarının zorla qırxıldığını iddia edən vətəndaşların şikayətləri üzrə qərarını elan edib. Ərizələr baxılacaq işlərin siyahısından çıxarılıb.

AİHM qərarında qeyd edilir ki, məhkəmə ərizəçilərin şikayəti barədə Azərbaycan hökumətini məlumatlandırıb. Hökumətin şikayətlərlə bağlı təqdimatı ərizəçilərə göndərilib.

Ancaq ərizəçilər kommunikasiyaya cavab verməyiblər. Məhkəmənin ünvana çatmış məktublarının heş birinə cavab alınmadığından ərizələrin siyahıdan çıxarlmasına qərar verilib.

Bu işdə söhbət 4 nəfərin – Zaqatala rayon sakinləri Abakar Qaziyev, Allahyar Yusubov, Vüsal Cəbrayılov və Elşad Musayevin şikayətlərindən gedirdi.

Onlar şikayətlərində qeyd etmişdilər ki, şəxsiyyət vəsiqələrinin müddəti bitdiyindən, rayon polis idarəsinin müvafiq şöbəsinə müraciət ediblər. Polisdə onlara yeni şəxsiyyət vəsiqəsi verilməsindən dəfələrlə imtina olunub. Buna əsas kimi saqqallı olmaları göstərilib. Şəxsiyyət vəsiqəsi üçün polis idarəsinə gəl-get davam etdiyi günlərdə həmin 4 vətəndaşı küçədə polis əməkdaşları saxlayıblar. İdarəyə aparılan şikayətçilərə avtoxuliqanlıq ittihamı irəli sürülüb, onlar müxtəlif müddətlərə inzibati həbs cəzası verilib. Ərizəçilər iddia edirlər ki, həbsdə olarkən, onların saqqalları zorla qırxılıb.

Ərizəçilər bunu əvvəlcə yerli məhkəmələrdə mübahisələndirmiş, ancaq şikayətləri rədd edilmişdi. A.Qaziyev, A.Yusubov, V.Cəbrayılov, E.Musayev AİHM qarşısında Konvensiyanın 3-cü (İşgəncələrin qadağan olunması) və 9-cu maddəsində (Fikir, vicdan və din azadlığı) nəzərdə tutulan hüquqlarının pozulduğunu iddia edirdilər.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)