Tənqidçi jurnalistin şikayəti kommunikasiya edilməyə başlayıb

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 2 şikayəti kommunikasiya etməyə başlayıb, hökumətə aydınlaşdırıcı suallar göndərib. Söhbət “Xural” qəzeti və onun baş redaktoru Evez Zeynallının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Zafar oğlu Əhmədlinin şikayətlərindən gedir.

“Xural” və Əvəz Zeynallı KİV DF-yə qarşı

“Xural” qəzetinin və onun baş redaktoru Əvəz Zeynallının ərizələri AİHM-ə 2011-ci ildə göndərilib. Bu şikayət “Xural” qəzetinin və onun baş redaktorunun mülki defamasiyaya görə cəzalandırılması ilə əlaqədardır.

Şikayətə görə, tənqidçi jurnalist Ə.Zeynallı KİV-ə Dövlət Dəstəyi Fondu və onun rəhbərliyi barəsində bir neçə məqalə yazıb-yayıb. Həmin məqalələrdə Fondun fəaliyyəti sərt tənqid edilib, dövlət büdcəsindən ona ayrılan vəsaitlərin israf edildiyi iddia olunub. Fondun rəhbərinin iddiası üzrə qəzet və onun baş redaktorunun üzərinə iddiaçıya 5 min AZN təzminat ödəmək və üzr istəmək vəzifəsi qoyulub.

AİHM-ə şikayətdə iddia olunur ki, yerli məhkəmələrin qərarları jurnalistin ifadə azadlığı hüququna müdaxilə məzmununda olub.

Fuad Əhmədlinin işi

Kommunikasiya edilən digər işdə ərizəçi hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Fuad Əhmədlidir. F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb.O, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətində ittiham edilib, təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilib.

Araşdırılan şikayət onun saxlanılması və məhkəməyəqədər həbs edilməsi epizodları ilə bağlıdır. Siyasi fəalın vəkilləri hesab edir ki, həyata keçirilmiş hüquqi prosedurlar Fuad Əhmədlinin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüququna (habelə 5+18-ci maddə) zidd olub.