ŞƏRH: KAMRAN BƏYALIYEV AZƏRBAYCANA QARŞI – 14 yanvar 2021

KAMRAN BƏYALIYEV AZƏRBAYCANA QARŞI

Nə baş vermişdi?

Kamran Bəyalıyev Azərbaycana qarşı işdə Ərizəçi 2013-cü ildə İnzibati Xətalar Məcəlləsinin 296 (xuliqanlıq) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Ərizəçiyə dövlət hesabına vəkil təyin edilib, lakin o, bundan imtina edib. Məhkəmə iclas protokolundan görünür ki, ərizəçiyə dövlət hesabına vəkilin təyin edilməsi təklif edilib. Lakin o bundan imtina edib və öz müdafiəsini özünün həyata keçirəcəyini bildirib. İmtina barədə ərizə tərtib edilib, lakin ərizəçi həmin ərizəyə imza atmaqdan imtina edib. Məhkəmə iclası həmin gün saat 15.00-a təyin edib ki, ərizəçi müdafiəsinə hazırlaşa bilsin.

Saat 15.00-da keçirilən iclasda hakim Ərizəçiyə təklif edib ki, əgər məhkəmə iclasının təxirə salınmasını və müdafiəsinə hazırlaşmaq istəyirsə, məhkəmə iclası təxirə sala bilər. Lakin Ərizəçi buna zərurət olmadığını bildirib. Ərizəçi inzibati xəta üzrə özünü təqsirli bilməyib.

Məhkəmə Ərizəçiyə 10 gün müddətinə inzibati həbs cəzası tətbiq etdi.

Ərizəçinin müdafiəçisi apelyasiya şikayəti verərək göstərdi ki, Ərizəçinin vəkillə təmin olunmaq hüququ pozulub, belə ki, polis şöbəsində olarkən Ərizəçinin telefonu əlindən alınıb və müdafiəçisi ilə əlaqə saxlaya bilməyib. Apelyasiya məhkəməsi cəzanı 5 gün azaltdı.

AİHM qarşısında iddia edilən pozuntular

Ərizəçi konvensiyanın 6.1, 6.3(c) maddələrinin pozuntusunun tanınmasını xahiş edərək göstərdi ki, o, müdafiəçi ilə təmin olunmaq hüququndan məhrum olub.

Avropa Məhkəməsinin qiymətləndirməsi

Avropa Məhkəməsi məhkəmə iclas protokollarına istinad edərək göstərib ki, Ərizəçiyə 2 dəfə dövlət hesabına vəkil tutmaq hüququ izah edilib, lakin Ərizəçi bundan imtina edib. Apelyasiya şikayətində polis bölməsində müdafiəçisi ilə əlaqə saxlamaq imkanından məhrum edilməsi ilə bağlı göstərdiyi xüsusatla bağlı Ərizəçi hər hansı sübut təqdim etməyib. Bundan əlavə, birinci instansiya məhkəməsinin hakimi ittiham tərəfindən asılı olmayan professional hakim olub. O, ərizəçiyə müdafiəçi ilə təmsil olunmağı məsləhət görüb.

Məhkəmə belə nəticəyə gəlir ki, müdafiəçidən imtina Ərizəçinin özü tərəfindən olub və dövlət qurumları buna görə məsuliyyət daşımır. Ərizəçinin vəkilə çıxış imkanı məhdudlaşdırılmadığından Məhkəmə Ərizəçiyə münasibətdə cinayət araşdırılmasının ədalətli olub olmamasını qiymətləndirməyə zərurət görmür. Müdafiəçinin olmaması ərizəçiyə münasibətdə mühakimənin ədalətli olmasına təsir etməyib, çünki ərizəçi özünü təqsirli bilməyib və inzibati işdə aktiv iştirak edib, öz arqumentlərini irəli sürüb. Yerli məhkəmələr digər sübutlara əsaslanaraq ərizəçini inzibati qaydada təqsirli biliblər.

Məhkəmə Konvensiyanın 35.3(a) (şikayət Konvensiyanın və ya ona dair Protokolların müddəalarına uyğun deyil, açıq-aşkar əsassızdır və ya fərdi müraciət hüququndan sui-istifadədir) və 4 maddələrinə əsasən şikayəti qəbul edilməz elan edib.