Süni zəka və insan hüquqları – Fidan Əhmədova

Fidan Əhmədova: Bakı Dövlət Universiteti 4-cü kurs hüquq fakültəsində təhsil alır.

PDF yüklə

 

 

Süni zəka və insan hüquqları

Giriş

Müasir dövrdə süni intellektin (Sİ) sürətli inkişafı və həyatımızın, demək olar ki, bir çox sahəsində istifadəsi artıq qarşısıalınmaz bir faktdır. Buna görə də, sürətlə inkişafda olan informasiya texnologiyalarına adaptasiya olmaq, digər bir sözlə, onların həyatımıza gətirdiyi yeniliklərlə ayaqlaşmaq son dərəcə mühümdür.

Gündəlik yaşayışımızda, iş yerimizdə Sİ-nin müxtəlif nümunələrindən yetərincə istifadə edirik. Buna işlətdiyimiz telefonlar (smartphone), komputerlər, botlar (conversational marketing bot) və s. aiddir. Göründüyü kimi Sİ-nin artıq həyatımızın bir parçasına çevrilməsini və hələ də inkişafda olduğunu nəzərə alsaq, gələcəkdə yaşayışımızın daha çox hissəsini əhatə edəcəyi aydındır.

Sİ-nin həyatımıza gətirdiyi rahatlıqla bərabər, inkişafı nəticəsində səbəb olduğu dəyişikliklər dünya miqyasında müxtəlif müzakirələrə səbəb olur. Belə ki, insanlara məxsus olan emosiyalar və ya təfəkkür hələ ki Sİ-də tam olaraq mövcud deyil. Çünki o alqoritmlər əsasında istimatləndirilərək yaradılır və insanlar kimi qərarvermə bacarığına malik olması qeyri-mümkündür. Beləliklə, sual ortaya çıxır ki, Sİ qərar verərkən və ya bir təlimatı yerinə yetirərkən yuxarıda qeyd edilən faktorları nəzərə alırmı? Başqa sözlə, emosional intellektə malikdirmi və Sİ-nin tətbiqi insan hüquqlarına, qanunun aliliyinə hər hansı bir şəkildə zidd ola və ya poza bilərmi? Bu məqsədlə, 2019-cu ildə Avropa Şurası tərəfindən Sİ-nin demokratiyaya, insan hüquqlarına təsiri nəzərə alınaraq Süni İntellekt Komitəsi yaradıldı (the Ad hoc Committee on Artificial Intelligence (məqalədə bundan sonra – CAHAİ).[i]

Yazının növbəti hissələrində Sİ-nin inkişafı, hüquqa təsiri ilə bağlı mülahizələr və CAHAİ-nin iş prinsipləri, mandatı, hesabatları barədə məsələlər əhatə olunacaqdır.

 

  1. Süni İntellektin inkişafı

 

Sİ elmdə ən yeni sahələdən biri hesab olunur. Sİ nədir sualının cavabına müxtəlif versiyada təriflər mövcuddur. Onlardan bir neçəsinə nəzər salaq. Verilən anlayışlardan birinə görə Sİ “qərar qəbul etmə, problem həll etmə, öyrənmə kimi insan təfəkkürü ilə əlaqələndirdiyimiz fəaliyyətlərin avtomatlaşdırılması” (Bellman, 1978). Digər konseptdə qeyd edilir ki, “insanlar tərəfindən icra edildikdə intellekt tələb edən funksiyaları yerinə yetirən maşınlar yaratmaq sənəti” (Kurzweil, 1990). Digər yanaşma isə iddia edir ki, Sİ “hazırda insanların daha yaxşı olduğu fəaliyyətlərin kompüterlər tərəfindən necə edilməsinin öyrənilməsi”-dir (Rich and Knight, 1991).

Sİ vasitəsilə yaradılan proqramlardan (AI programs) istifadə həyat keyfiyyətimizi, yaşadığımız dünyanı daha yaxşı dərk etməyimizə köməklik göstərir.

Hazırki dövrdə Sİ kimi tanınan ilk iş Warren McCulloch və Walter Pitts tərəfindən 1943-cü ildə edilmişdir.[ii] Hazırda isə istər telefon və komputerlərimizdə, istərsə də gündəlik yaşayışımızda olsun bir çox Sİ tətbiqləri ilə əhatələnmişik. Gələcəkdə sadə insan bacarığı tələb edən xidmət sektorunda Sİ-nin geniş tətbiqi artıq qaçınılmaz nəticə olub. Bütün xidmətləri robotlar tərəfindən təqdim olunan yerlərin ilk nümunələrinə Yaponiyada rast gəlirik: “robot otel”, “robot coffeeshop” və s.

 

  1. Süni İntellekt və Hüquq

 

Sİ-nin təsiri yalnız gündəlik həyatımızda deyil, həmçinin hüquq elmindədə özünü göstərir.[iii] Digitallaşan dünyada onun gətirdiyi dəyişiklərlə ayaqlaşmağa çalışarkən elm sahələri içərisində adaptasiya prosesi zamanı köklü yeniliklər baş verir. Ənənəvi hüquq sahələri də texnoloji yeniliklərə uyğunlaşmağa cəhd göstərir.

Cinayət hüququna baxsaq Sİ texnologiyalarının məsuliyyəti məsələsi hələ də tam aydınlaşdırılmış deyil. Yanaşmalardan birinə görə Sİ texnologiyalarının cinayət fəaliyyətinə qəsdən və ya ehtiyatsızlıqdan qoşulma, süni intellekt sisteminin fərqli bir fəaliyyət uğursuzluğu və ya qüsur kimi nəzərdən keçirilə bilər.[iv] Ümumiyyətlə, cinayətin subyektiv tərkibinin (mens rea) formalaşması üçün şəxs məlumatlılıq, inanc, niyyət, mənəvi dəyərlər və s. kimi bir çox davranışlara malik olmalıdır.[v] Beləliklə, Sİ texnologiyalarının bir sıra cinayət tərkibi yarada biləcək davranışlardan çəkindirmək üçün ya onların fəaliyyətini məhdudlaşdırmalı, ya da hüquqi maarifləndirməni artırmaq məqsədilə daha üstün idrak qabiliyyətləri əlavə edilməlidir.[vi]

Hər bir halda, nə qədər hüquq sahələri yeniliklərə açıq olsa da, bu cür köklü dəyişikliklər yeni bir hüquq sahəsinin yaranmasına zəmin yaradır. İnformasiya texnologiyaları hüququnun universitet proqramlarına daxil edilməsi və daha da aktuallaşması Sİ-nin sürətli inkişafının nəticələrindən biridir.

Həmçinin, “Fintech” kimi “Lawtech” termini də sürətlə inkişafdadır. “Fintech” anlayışı maliyyə sahəsinə yüksək texnologiyaların tətbiqini nəzərdə tutursa, eyni şəkildə “Lawtech” termini də bir sıra hüquq xidmətlərinin avtomatlaşmasını ehtiva edir.

Göründüyü kimi texnologiyanın inkişafı hüquq sisteminə yeni normaların, anlayışların gətirilməsinə səbəb olur və yeni yanaşma tələb edir.

 

  1. Sİ-nin insan hüquqlarına təsirləri və CAHAİ-nin mandatı

 

Sİ işləri asanlaşdırmaq, proqnozlar verməkdən əlavə, insanların şuüraltısına təsir edərək seçimlərini dəyişmək üçün potensial artan gücə də malikdir. Məsələn, Cambridge Analytica adlı şirkət 2016-cı il ABŞ prezidentlik kampaniyası zamanı Amerika seçicilərinin səsvermədə mövqeyini (niyyətlərini) anlamaq və sonra formalaşdırmaq üçün seçicilərin “Facebook” məlumatlarından istifadə etmişdi. [vii]

Bundan əlavə, Sİ dövlətlərə imkan verir ki, onlar yurisdiksiyalarında olan fiziki və hüquqi şəxsləri daha təkmil formada izləsinlər. Buna nümunə kimi “Pegasus” cəsus proqramını göstərmək olar. “Pegasus” adlı cəsus proqramı “NSO Group” adlı İsraildə fəaliyyət göstərən sibersilahlanma şirkəti tərəfindən hazırlanıb. Həmin cəsus proqramı gizli şəkildə İOS və Android versiyalı mobil telefonlarda və digər texniki cihazlarda quraşdırıla bilər. “Pegasus” cəsus proqramından potensial olaraq sui-istifadə edilməsi bir neçə ildir beynəlxalq insan hüquqları təşkilatları və hüquq müdafiəçilərini narahat edir. Həmin təşkilatlar hesab edir ki, ictimai fəalların bu cür izlənilməsi həmin şəxslər üçün ciddi fiziki və psixoloji zərər vura bilər.[viii]

Eləcə də ifşaçı, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş komputer kəşfiyyatı məsləhətçisi Eduard Snoudenin ifşa etdiyi məlumatlara görə ABŞ hökuməti kütləvi formada ayrı-ayrı fərd və təşkilatların informasiya resurslarına nəzarət etmək imkanına malikdir və bu imkanlarından sui-istifadə edir.[ix]

Bütün üstünlüklərinə baxmayaraq, şəxsi və ictimai həyatın bütün sahələrində Sİ sistemlərindən artan istifadə insan hüquqları, demokratiya və qanunun aliliyi üçün də əhəmiyyətli problemlər yaradır. Məsələn, Sİ texnologiyalar fərdlər haqqında çoxlu məlumat əldə edə və onları inanılmaz sürətlə emal edə bilər, hansı ki, bu insanların şəxsi toxunulmazlığını pozur. [x]

İşəgötürənlər texnologiyadan işçilərin davranışını izləmək, işə qəbul, maaş və ya irəliləyişlə bağlı qərarlar qəbul etmək üçün istifadə edə bilərlər.[xi] Bu da öz növbəsində işçilərin sosial hüquqlarının pozulmasına gətirib çıxarır.

Avropa Şurası Nazirlər Komitəsi bu cür texnologiyaların demokratik cəmiyyətlərin, yalnız iqtisadi seçimlərini deyil, həm də sosial və siyasi davranışları manipulyasiya etmək və nəzarət etmək imkanı verən təhlükələrini vurğulayaraq 13 fevral 2019-cu ildə alqoritmik proseslərin manipulyasiya imkanları haqqında bəyannaməni qəbul etdi.[xii] Komitənin narahatlığı texnologiyanın inkişafı ilə yaranacaq insanların düşüncəsini dəyişmək iqtidarında olan yeniliklərin yaranması kimi təhdidlərin mövcudluğu idi.

Avropa Şurasının insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarına əsaslanan süni intellektin inkişafı, dizaynı və tətbiqi üçün hüquqi bazanın mümkünlüyünü və potensial elementlərinin araşdırılması məqsədilə Avropa Şurası tərəfindən CAHAİ yaradılmışdır.[xiii]

CAHAİ-nin iş prinsipləri aşağıdakılara əsaslanır – insan ləyaqətinə hörmət, azadlıq, zərərin qarşısının alınması, gender bərabərliyi, məlumatların qorunması və məxfilik, demokratiya, qanunun aliliyi və şəffaflıq.

CAHAİ-nin məqsədləri aşağıdakılardır:[xiv]

  1. insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində, xüsusən də mövcud hüquqi sənədlər əsasında rəqəmsal texnologiyaların dizaynı, inkişafı və tətbiqi ilə bağlı Avropa Şurasının standartlarını nəzərə almaq;
  2. müvafiq mövcud universal və regional beynəlxalq hüquqi sənədləri, Avropa Şurasının digər orqanları tərəfindən görülən işləri, habelə digər beynəlxalq və regional təşkilatlarda davam edən işləri nəzərə almaq;
  3. öz vəzifələrini yerinə yetirərkən gender perspektivini lazımi qaydada nəzərə almaq, vahid cəmiyyətlər qurmaq və əlilliyi olan şəxslərin hüquqlarını təşviq etmək və qorumaq.

 

CAHAİ yekun şərhlərində bildirilir ki, bu araşdırma süni intellekt sistemlərinin fərdi və ictimai inkişaf, həmçinin insan hüquqları, demokratiya və qanunun aliliyi üçün böyük imkanlar təmin edə biləcəyini təsdiqlədi. Eyni zamanda, o, həmçinin təsdiq etdi ki, Sİ texnologiyaları AİHM və Avropa Şurasının digər sənədləri ilə qorunan bir sıra insan hüquqlarına, o cümlədən demokratiya və qanunun aliliyinə mənfi təsir göstərə bilər”.[xv]

“CAHAİ üzrə tədqiqat Sİ-nin yaratdığı problemlərə xüsusi uyğunlaşdırılmış heç bir beynəlxalq hüquqi sənədin mövcud olmadığını və mövcud beynəlxalq və milli sənədlərin təmin etdiyi qorunma səviyyəsində boşluqların olduğunu qeyd etdi. Tədqiqat CAHAİ-yə həvalə edilmiş Avropa Şurası standartlarına əsaslanan AI-nin dizaynı, inkişafı və tətbiqi üçün gələcək hüquqi bazanın əsas elementlərinə çevrilə biləcək prinsipləri, hüquq və öhdəlikləri müəyyən etmişdir.” [xvi]

Son olaraq, CAHAİ-in üzv dövlətləri ədliyyə və hüquq-mühafizə sahəsində istifadə olunan süni intellekt sistemlərinin ədalətli məhkəmə araşdırması hüququnun əsas tələblərinə uyğun olmasını təmin etməlidir.[xvii] Həmçinin, Sİ texnologiyaları səbəbindən hər hansı effektiv mexanizmin aktiv olunmasını təmin etməli və texnologiyanın düzgün istifadəsi ilə bağlı insanlara məlumat verilməlidir. Əlavə olaraq, bu sistemlər hakimlərin və digər hüquq-mühafizə orqanlarının qərarvermə gücünə təsir göstərməməlidir.

 

  1. Nəticə

 

Sİ texnologiyalarının sürətli inkişafını nəzərə alaraq hüquq sistemində möhkəm yer tutması məqsədilə müvafiq norma yaradılması, həmçinin fərdlərin bu sistemə inteqrasiyası sürətlənməlidir. Texnologiyanın inkişafı ilə bir çox işlərin sürətlənməsi kimi pozitiv cəhətlərdən başqa, həmçinin, digər neqativ təsirlərini qabaqlamaq üçün şəxslərin yeni hüquq və vəzifələri müəyyənləşdirilməlidir. Şəxslərin fikirlərini dəyişmək gücünə malik texnologiyaların istifadəsi daha böyük problemlərə yol aça bilir və istifadəsinin dövlətin əlində olduğunu nəzərə alsaq, qanuni və müvafiq şəkildə istifadəsi sual doğurur. Eləcə də, Sİ texnologiyalarının inkişafı insan hüquqlarına ciddi neqativ təsirə səbəb olur. Belə ki, bu texnologiyalar dinləmə və izləmələrin kütləvi şəkildə qanunsuz sui-istifadəsinə şərait yaradır. Bununla da şəxsi həyat hüququ və ifadə azadlığı kimi insan hüquqlarına ciddi ziyan dəyə bilər. Bu cür süni intellekt paradoksunu düşünərək yeni texnologiyaların istifadəsi zamanı ümumi norma yaradıcılığından əlavə, yerli norma yaradıcılığı da ölkələrin nəzərində olmalı və müvafiq normalar ümumi qəbul edilən hüquq və vəzifələrə uyğun olmalıdır. Hazırda CAHAİ bu istiqamətdə Avropa Şurası məkanı səviyyəsində addımlar atmağa və yumşaq hüquq (soft law) çərçivəsində hüquqi tövsiyələr hazırlamağa çalışır. Lakin Sİ texnologiyalarının inkişaf səviyyəsini nəzərə alaraq beynəlxalq hüquq səviyyəsində Sİ texnologiyalarının normativ hüquqi bazasının möhkəmləndirilməsinə və Sİ texnologiyalarının insan hüquqlarına təsirlərini ram edən möhkəm hüquqi bazanın (hard law) yaradılmasına zərurət var. CAHAİ kimi təşkilatların təcrübəsi belə hüquqi bazanın formalaşmasında ciddi rol oynaya bilər.

 

Ədəbiyyat siyahısı:

[i] CAHAI – Ad hoc Committee on Artificial Intelligence: https://www.coe.int/en/web/artificial-intelligence/cahai

[ii] Artificial Intelligence A Modern Approach, Third Edition , Stuart Russell and Peter Norvig, p. 16, 2016

[iii] Smart contracts legal tech, p 174

[iv] AI Systems Under Criminal Law: a Legal Analysis and a Regulatory Perspective Francesca Lagioia1,2 & Giovanni Sartor , p 2

[v] yuxarıda

[vi] yuxarıda

[vii] The Fragility of Human Rights Facing AI Maria Stefania Cataleta, Université Côte d’Azur

[viii] Amnesty International, New investigation shows global human rights harm of NSO Group’s spyware, https://www.amnesty.org/en/latest/press-release/2021/07/investigation-maps-human-rights-harm-of-nso-group-spyware/

[ix] Reuters, U.S. court: Mass surveillance program exposed by Snowden was illegal https://www.reuters.com/article/us-usa-nsa-spying-idUSKBN25T3CK

[x] Artificial Intelligence, Human Rights, Democracy, and The Rule of Law, a prımer, David Leslie, Christopher Burr, Mhairi Aitken, Josh Cowls, Mike Katell & Morgan Briggs: https://rm.coe.int/primer-en-new-cover-pages-coe-english-compressed-2754-7186-0228-v-1/1680a2fd4a

[xi] yuxarida

[xii] yuxarida

[xiii] CAHAI – Ad hoc Committee on Artificial Intelligence: https://www.coe.int/en/web/artificial-intelligence/cahai

[xiv] yuxarida

[xv] TOWARDS REGULATION OF AI SYSTEMS, Global perspectives on the development of a legal framework on Artificial Intelligence systems based on the Council of Europe’s standards on human rights, democracy and the rule of law, Isaac BEN-ISRAEL Jorge CERDIO Arisa EMA Leehe FRIEDMAN Marcelo IENCA Alessandro MANTELERO Eviatar MATANIA Catelijne MULLER Hideaki SHIROYAMA Effy VAYENA, 2020: https://rm.coe.int/prems-107320-gbr-2018-compli-cahai-couv-texte-a4-bat-web/1680a0c17a

[xvi] yuxarida

[xvii] yuxarida