Strasburqda Avropa Məhkəməsinin qərarlarının icra durumu müzakirə edilir

©aihmaz.org

Bu gün, sentyabrın 1-də Avropa Şurası Nazirlər Komitəsində Avropa Məhkəməsinin qərarlarının icra durumunun müzakirəsinə başlanılacaq. AŞ NK-nın 1377-ci toplantısı 3 gün davam edəcək. Bu toplantının birinci mərhələsi iyun ayında pandemiya səbəbindən yazılı gerçəkləşmişdi.

AŞ NK 3 gün ərzində ümumilikdə 19 qrup işini müzakirə edəcək, yekunda həmin qruplara daxil olan 100-dən artıq qərarın icra durumu ilə bağlı qərarlarını açıqlayacaq. İcrası müzakirə ediləcək qərarlar Azərbaycan, Bolqarıstan, Yunanıstan, Macarıstan, Litva, Polşa, Rusiya, Serbiya, Ukrayna, Türkiyə, Böyük Britaniya ilə bağlıdır.

AŞ NK Azərbaycanla bağlı İlqar Məmmədov, Mahirə Muradova, Sərdar Cəlaloğlu, Mikayıl Məmmədov qruplarına daxil olan qərarların icrasını müzakirəyə çıxaracaq.

İ.Məmmədov işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar İ.Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, İntiqam Əliyev, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundovla bağlıdır. AİHM-in bu qərarları ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Digər 3 qrupda isə ümumilikdə, AİHM-in Azərbaycanla bağlı çıxardığı 20 qərarın icrası yoxlanılır. Bu qərarların hamısı təhlükəsizlik qüvvələri tərəfindən aşırı güc tətbiqi və həmin olayların effektiv araşdırılmaması ilə bağlıdır.

AŞ NK qərarların icra durumu ilə bağlı verəcəyi qərarları toplantı başa çatdıqdan sonrakı günlərdə açıqlayacaq.

AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.