Sabah, sentyabrın 20-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 1443-cü toplantısı başlayır, toplantıda Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra durumu müzakirə ediləcək.
Müzakirə olunacaq qərarlar Azərbaycan, Albaniya, Ermənistan, Belçika, Xorvatiya, Bolqarıstan, Çexiya, Macarıstan, İrlandiya, İtaliya, Litva, Malta, Moldova, Norveç, Polşa, Rumıniya, Rusiya Federasiyası, Türkiyə və Birləşmiş Krallıqla ilə bağlıdır. Toplantı sentyabrın 22-dək davam edəcək, yekunda Nazirlər Komitəsi müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edəcək.
Toplantıda Azərbaycanla bağlı Məmmədli, Mahmudov və Ağazadə, Ramazanova və Başqaları Qruplarına daxil olan qərarların və Sarqsyan Azərbaycana qarşı işi üzrə qərarın icra durumu müzakirə olunacaq.
Mahmudov və Ağazadə qrupunda AİHM-in Azərbaycanla bağlı 4 qərarının (Tağıyev və Hüseynov Azərbaycana qarşı, Fətullayev Azərbaycana qarşı, Mahmudov və Ağazadə Azərbaycana qarşı, Əli Həsənov Azərbaycana qarşı) icrasına nəzarət edilir. Bu qərarlar ifadə azadlığı hüququnun pozuntusu, böhtan və təhqirə görə cinayət cəzalarının tətbiqi ilə bağlıdır, defamasiyaya görə azadlqıdan məhrum etmə cəzalarının ləğvini nəzərdə tutur.
Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Anar Məmmədli, İntiqam Əliyev, Əzizov və Novruzlu, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunusların şikayətləri üzrə çıxarılan həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.
Ramazanova və Başqaları Qrupu çərçivəsində AİHM-in Azərbaycanla bağlı çıxardığı azı 11 qərarın icrasına nəzarət edilir. Bu işlərdə ərizəçilərin sayı 50-dən coxdur. Məsələn, Abdullayev və başqaları Azərbaycana qarşı qərarında 13 ərizəçi var. Qrupa daxil olan qərarlar QHT-lərin qeydiyyatı ilə bağlıdır, Avropa Məhkəməsi qərarların hamısında birləşmək hüququnun pozuntusunu tanıyıb.
Sarqsyan Azərbaycana qarşı qərarı isə 1992-ci ildəki Dağlıq Qarabağ münaqişəsi zamanı məcburi köçkün düşən şəxslərin evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü ilə əlaqəlidir.
Avropa Şurası Nazirlər Komitəsinin toplantısı 3 gün davam edəcək. Yekunda qərarların icra durumu ilə bağlı qətnamələr elan ediləcək.
AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.