“Təbiəti Mühafizə Cəmiyyəti” və İsrafilov Azərbaycana qarşı
Maddə 11
11-ci maddənin 1-ci bəndi
Birləşmək azadlığı
Qanunvericiliyin və öz nizamnaməsinin tələblərini pozması əsas gətirilərək ictimai birliyin ləğv olunması: pozuntu baş verib
Faktlar
İctimai birlik olan birinci ərizəçi 1995-ci ildə Ədliyyə Nazirliyində (“Nazirlik”) qeydiyyata alınmışdı. Onun nizamnaməsində ümumi yığıncağın beş ildə bir dəfə keçirilməsi haqqında qayda əks olunmuş, amma ümumi yığıncaq yalnız 2002-ci ilin avqustunda keçirilmişdi. İki həftədən sonra o, Nazirlikdən xəbərdarlıq məktubu aldı,[1] orada tələb olunurdu ki, ərizəçi birlik yol verdiyi bir sıra qanun pozuntularını aradan qaldırsın və nizamnaməsində dəyişikliklər etsin. Ərizəçi birlik etiraz edərək bildirdi ki, ümumi yığıncaq artıq keçirilib və nizamnamənin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün addımlar atılır. Sonra Nazirlik ikinci dəfə xəbərdarlıq etdi, xəbərdarlıqda qeyd edilirdi ki, 2002-ci ilin avqustunda ümumi yığıncağın çağırılmasında pozuntulara yol verilib və birliyin üzvlərinin və bölmələrinin siyahısında səhvlər var. 2002-ci il oktyabrın sonunda üçüncü xəbərdarlıq göndərildi, orada deyilirdi ki, əvvəlki iki məktubdakı tələblərin yerinə yetirilməsi ilə bağlı məlumat təqdim edilməyib. Üçüncü xəbərdarlıqda o da qeyd edilmişdi ki, ərizəçi birlik ictimai təşkilatların özəl sahibkarlıq fəaliyyətində iştirakına qanunla qoyulmuş qadağanı pozub. 2003-cü ilin martında Nazirlik üç xəbərdarlıq məktubunda göstərilmiş pozuntular aradan qaldırılmadığına görə ərizəçi birliyin ləğvi olunması barədə məhkəmə qərarının çıxarılmasına nail oldu.
Hüquqi məsələlər
Maddə 11: Məhkəmə ərizəçi birliyin ləğvinin digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etməkdən ibarət qanuni məqsəd daşıdığını qəbul etməyə hazırdır. Ərizəçi birliyin hüququna müdaxilənin qanunla nəzərdə tutulan olub-olmaması məsələsi bu məsələ ilə sıx əlaqəli olan daha geniş bir məsələ ilə – müdaxilənin demokratik cəmiyyətdə zəruriliyi məsələsi ilə birgə nəzərdən keçirilməlidir. Qanunvericilik müddəalarının nə dərəcədə dəqiq ifadə olunması məsələsi də meydana çıxır, belə ki, müvafiq qanunvericilik ümumi sözlərlə ifadə olunmuşdu və belə görünür ki, Ədliyyə Nazirliyinə geniş diskresion səlahiyyətlər verirdi. Konkret olaraq, “Qeyri-hökumət təşkilatları haqqında” Qanunun “məqsədlərinə zidd olan” ifadəsi, görünür, qeyri-məhdud məsələlər dairəsini əhatə edirdi, halbuki mümkün olan yeganə sanksiyanın (məcburi ləğvetmə) ağırlığını nəzərə alsaq, həmin məsələlər dəqiq müəyyənləşdirilməli idi. Həmçinin birliyin daxili idarəçiliyinə və cari fəaliyyətinə müdaxilə etmək, yoxlamaları həyata keçirmək məsələsində Nazirliyin səlahiyyətlərinin həcmini və hüdudlarını, yaxud nöqsanların aradan qaldırılması üçün müddətləri tənzimləyən dəqiq normalar da yox idi. Dövlət orqanları birliyin ləğvi üçün iki əsası qeyd etdilər. Onlardan birincisi daxili idarəçilik qaydalarının pozulmasından, ikincisi isə qanunsuz fəaliyyətlərdə iştirakdan ibarət idi.
Birinci əsasa gəlincə, Məhkəmə qeyd etdi ki, birləşmək azadlığı təşkilatların idarə olunmasında dövlətlər tərəfindən qaydaların və tələblərin müəyyən edilməsinə mane olmur. Belə qaydalar birliyin idarə olunmasında və fəaliyyətlərində birlik üzvlərinin iştirak etmək hüququnun təmin olunmasına, habelə qeyri-kommersiya təşkilatlarının malik olduğu hüquqi statusdan və müvafiq iqtisadi imtiyazlardan sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Ərizəçi birlik təxminən yeddi il ərzində ümumi yığıncaq çağırmamaqla və nizamnaməsini milli qanunvericiliyə uyğunlaşdırmamaqla açıq-aşkar pozuntulara yol vermişdi. Lakin hələ birinci xəbərdarlığı alana qədər o, ümumi yığıncaq çağırmaq yolu ilə nöqsanları aradan qaldırmağa çalışırdı və ona vəziyyəti düzəltməsi üçün real imkan verilməli idi. Bunun əvəzinə digər pozuntular önə çəkildi və Nazirlik nisbətən qısa müddətdə daha iki xəbərdarlıq göndərdi, özü də hər dəfə birliyin vəziyyəti düzəltməsinə cəmi on gün vaxt ayrılmış və məhz hansı konkret tədbirlərin tələb olunduğu göstərilməmişdi. Belə görünür ki, bu müddət özbaşına təyin olunurdu və birliyin nöqsanları aradan qaldırmaqdan ötrü real şansa malik olmasını təmin etmək üçün həddən artıq qısa müddət idi. İstənilən halda, birliyin daxili işlərinə Nazirliyin iki əlavə xəbərdarlıq formasında müdaxiləsi, xüsusən birliyin üzvlərinin şikayəti olmadığı bir halda, əsassız görünür. Birliklərin idarəetmə orqanlarının funksiya və strukturlarına dövlətlər tərəfindən minimal tələblərin müəyyən edilməsi qanuni olsa da, birliyin öz nizamnaməsində nəzərdə tutulmuş hər bir ayrıca formallığa riayət etməsinin təmin olunması dövlət orqanlarının işi deyil.
İstənilən halda, milli məhkəmələr iddia edilən pozuntuların yoxlanılması üçün müstəqil məhkəmə təhqiqatı aparmamışdılar və sadəcə olaraq Ədliyyə Nazirliyinin vəzifəli şəxslərinin gəldiyi nəticələri qəbul etmişdilər, həmçinin pozuntuların həqiqətən baş verdiyi və ya müdaxilə üçün yetərli əsas təşkil etdiyi barədə məlumatlar da yoxdur. Müvafiq olaraq, dövlət orqanları müdaxilə üçün münasib və yetərli səbəblər göstərmədilər. Nəhayət, müəyyən daxili idarəetmə qaydalarına əməl etmədiyinə görə birliyin ləğv olunması qeyri-mütənasib reaksiya idi və bu halda radikallıq dərəcəsi daha az olan tədbirlər tələb olunurdu.
İkinci əsasa, yəni birliyin qanunsuz fəaliyyətlərdə iştirakına gəlincə, bu iddialar olduqca qeyri-müəyyən və qısa idi və təfsilatlı deyildi. Daxili məhkəmələr iddia edilən pozuntulara dair birbaşa sübutları qiymətləndirmədən, yaxud iddia edilən zərərçəkənləri və ya şahidləri dindirmədən sadəcə olaraq Ədliyyə Nazirliyinin iddialarını həqiqət kimi qəbul etmişdilər. Beləliklə, bu iddialar sübuta yetirilməyib və ərizəçi birliyin bu əsasa görə ləğv olunması barədə qərar hüquqa ziddir.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Maddə 41: Mənəvi ziyana görə 8000 avro təyin olundu.