ŞƏRH: ŞÜKÜROV AZƏRBAYCANA QARŞI – 27 OKTYABR 2016

Şükürov Azərbaycana qarşı (ərizə № 37614/11)

Nə baş vermişdi?

Şükürov Azərbaycana qarşı işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır:

İnsan Hüquqları haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 3-cü maddəsinin (azad seçki hüququ) pozuntusuna yol verilmişdir;

Azərbaycan Konvensiyanın 34-cü maddəsi ilə nəzərdə tutulan öhdəliklərinə (fərdi şikayət hüququ) əməl etməmişdir.

Əsas faktlar

Ərizəçi, Aydın Oktay oğlu Şükürov 1959-cu il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən cənab Şükürovun namizədliyi irəli sürülmüşdür, o, 7 noyabr 2010-cu il tarixində keçirilən parlament seçkilərində iştirak etmiş və məğlub olmuşdur.

Cənab Şükürov Mərkəzi Seçki Komissiyasına şikayətlə müraciət edərək seçki dairəsində bir sıra pozuntuların baş verdiyini bildirmişdir. Belə pozuntulara seçki bülletenlərinin saxtalaşdırılması, təkrar səsvermə və vəzifəli şəsxlər tərəfindən müdaxilə daxil idi. Cənab Şükürovun şikayəti 20 noyabr 2010-cu il tarixində rədd edilmişdir. O daha sonra Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayətlə müraciət etmişdir, lakin onun şikayətləri müvafiq olaraq 24 noyabr və 1 dekabr 2010-cu il tarixlərində rədd edilmişdir.

Həmin vaxt cənab Şükürov cənab İntiqam Əliyev tərəfindən təmsil olunurdu. Cənab İntiqam Əliyev 2010-cu il seçkiləri ilə bağlı Avropa Məhkəməsinə müraciət edən digər 27 müştərini də təmsil edirdi. 8 avqust 2014-cü il tarixində cənab İntiqam Əliyev barəsinə cinayət işi başlanılmışdır və bundan sonra onun ofisindən cənab Şükürovun da iş materialları daxil olmaqla yüzlərlə ərizəçinin sənədləri müvafiq orqanlar tərəfindən götürülmüşdür. Cənab Şükürovun iş materialları cənab İ.Əliyevə 2014-cü ilin oktyabr ayında geri qaytarılmışdır.

İDDİA EDİLƏN POZUNTULAR

Cənab Şükürov 1 saylı Protokolun 3-cü maddəsinə (azad seçki hüququ) və 13-cü maddəyə (səmərəli hüquqi müdafiə vasitələri hüququ) istinad edərək bildirmişdir ki, seçki qanunvericiliyinin ciddi pozuntuları onun namizədliyi irəli sürülən seçki dairəsində seçicilərin həqiqi fikrini öyrənməyə imkan verməmişdir. O həmçinin 34-cü maddəyə (fərdi şikayət hüququ) istinad edərək şikayət etmişdir ki, onun iş materiallarının dövlət orqanları tərəfindən götürülməsi onun Məhkəməyə fərdi şikayət vermək hüququna mane olmuşdur.

Ərizə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə 1 iyun 2011-ci il tarixində təqdim olunmuşdur.

MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ

1 saylı Protokolun 3-cü maddəsi (azad seçki hüququ)

Məhkəmə müəyyən etdi ki, cənab Şükürovun seçki pozuntuları ilə bağlı şikayətləri seçki komissiyaları və milli məhkəmələr tərəfindən səmərəli araşdırılmadığından onun seçkilərdə namizəd olaraq çıxış etmək hüququ pozulmuşdur. Məhkəmə qeyd etdi ki, pozunutların səbəbləri Qəhrəmanlı və digərlərinin Azərbaycana qarşı işində (№ 36503/11, §§ 58-65, 8 oktyabr 2015-ci il) müəyyən olunan səbəblərlə
eynidir.

Maddə 34 (fərdi şikayət hüququ)

Məhkəmə həmçinin müəyyən etdi ki, cənab Şükürovun və onun vəkilinin iş materiallarının onlara məxsus surətindən məhrum olunmaları cənab Şükürovun fərdi şikayət hüququndan səmərəli istifadəsinə qeyri-mütənasib və ciddi müdaxilə təşkil etmişdir.

Beləliklə, Məhkəmə müəyyən etdi ki, Azərbaycan Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmişdir.

Maddə 41(ədalətli kompensasiya)

Məhkəmə qərara aldı ki, Azərbaycan Hökuməti ərizəçiyə mənəvi zərərə görə 10 000 avro və məhkəmə xərcləri və digər məsrəflərə görə 1 000 avro məbləğində kompensasiya ödəməlidir.
Məhkəmə öz qərarında qeyd etdi ki, 28 iyun 2016-cı il tarixində Hökumətdən məktub almışdır. Məktubda Hökumət Məhkəməni məlumatlandırmışdır ki, 2015-ci ildə milli valyutanın məzənnəsi avroya münasibətdə xeyli aşağı düşmüşdür.

Hökumət Məhkəmədən milli valyutada ifadə olunmuş ədalətli kompensasiya iddialarına baxarkən bunu nəzərə almağı xahiş etmişdir. Məktubu nəzərdən keçirən Məhkəmə qeyd etdi ki, cənab Şükürovun iddia verdiyi tarixdən bəri milli valyutanın dəyəri əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Buna baxmayaraq, pozuntuya cavab olaraq ərizəçilərə ədalətli kompensasiya təyin olunarkən onlar, mümkün qədər, pozuntuya yol verilmədiyi halda olacaqları mövqeyə geri qaytarılmalıdırlar. Buna görə də, bir qayda olaraq, ədalətli kompensasiya iddialarının milli valyutada ifadə olunduğu zaman Məhkəmə həmin məbləği avroya iddianın verildiyi tarixə uyğun məzənnə ilə çevirir. Məhkəmə müəyyən etmişdir ki, bu qayda həmçinin Məhkəmə qərar qəbul edəndə iddianın əhəmiyyətli dərəcədə dəyərdən düşdüyü və işə baxılana qədər sabit qaldığı hallarda da tətbiq edilməlidir. Beləliklə, cənab Şükürovun iddiasına tətbiq olunan konvertasiya məzənnəsi iddianın verildiyi tarixdə qüvvədə olan məzənnə hesab edilməlidir.