ŞƏRH: SARQSYAN AZƏRBAYCANA QARŞI – 16 iyun 2015

Sarqsyan Azərbaycana qarşı – ərizə № 40167/06

Maddə 1

Dövlətlərin yurisdiksiyası

Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş ərazilərlə bağlı Azərbaycanın yurisdiksiyası

Maddə 8

8-ci maddənin 1-ci bəndi

Ailə həyatına hörmət hüququ

Mənzilin toxunulmazlığına hörmət hüququ

Şəxsi həyata hörmət hüququ

Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş Ermənistan vətəndaşının evinə gəlməsinin və qohumlarının məzarını ziyarət etməsinin mümkünsüzlüyü: pozuntu baş verib

Maddə 13

Səmərəli hüquqi müdafiə vasitəsi

Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş şəxslərin evlərini və ya əmlaklarını itirmələri ilə bağlı səmərəli hüquqi müdafiə vasitəsinin olmaması: pozuntu baş verib

1 saylı Protokolun 1-ci maddəsi

Pozitiv öhdəliklər

1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsi

Öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququ

Mülkiyyət

Dağlıq Qarabağ münaqişəsi kontekstində didərgin düşmüş Ermənistan vətəndaşının mülkiyyət hüquqlarının təmin edilməsi üçün Azərbaycan tərəfindən tədbirlərin görülməməsi: pozuntu baş verib

Faktlar

Ərizəçi Məhkəməyə şikayət verdikdən sonra vəfat etdi. Onun övladlarından ikisi onun adından şikayət ərizəsi üzrə icraatı davam etdirdilər.

Etnik ermənilər olan ərizəçi və ailəsi Azərbaycan Sovet Sosialist Respublikasının (“Azərbaycan SSR”) Şaumyan rayonunun Gülüstan kəndində yaşayırdılar, orada onun evi və torpaq sahəsi vardı. Onun bildirdiyinə görə, 1992-ci ildə Dağlıq Qarabağ üstündə Ermənistan-Azərbaycan münaqişəsi zamanı ailəsi evlərini tərk etməyə məcbur olub.

1991-ci ilin dekabrında Sovet İttifaqı dağıldığı zaman Dağlıq Qarabağ Muxtar Vilayəti (“DQMV”) Azərbaycan Sovet Sosialist Respublikasının (“Azərbaycan SSR”) ərazisi daxilində yerləşən muxtar vilayət idi. 1989-cu ildə DQMV-nin əhalisinin təxminən 77%-i etnik ermənilər və 22%-i etnik azərbaycanlılar idi. Şaumyan rayonu DQMV ilə həmsərhəd idi və onun şimalında yerləşirdi. Ərizəçinin bildirdiyinə görə, münaqişədən əvvəl Şaumyanın əhalisinin 82%-i etnik ermənilər idi. Dağlıq Qarabağda ermənilərin düşmənçilik hərəkətləri 1988-ci ildə başladı. 1991-ci ilin sentyabrında (Azərbaycan Sovet İttifaqından müstəqilliyini elan etdikdən az sonra) DQMV-nin vilayət şurası DQMV-nin və Azərbaycanın Şaumyan rayonunun ərazilərindən ibarət “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) yaradıldığını elan etdi. 1991-ci ilin dekabrında keçirilmiş (və azərbaycanlı əhali tərəfindən boykot edilmiş) referendum nəticəsində səsvermədə iştirak edənlərin 99,9%-i “DQR”-in Azərbaycanın tərkibindən çıxmasının lehinə səs verdilər və 1992-ci ilin yanvarında “DQR” Azərbaycandan müstəqil olduğunu təsdiqlədi. Bundan sonra münaqişə qızışaraq irimiqyaslı müharibəyə çevrildi. 1993-cü ilin sonunda etnik erməni qüvvələri, demək olar ki, keçmiş DQMV-nin bütün ərazisi, habelə onun ətrafındakı yeddi Azərbaycan rayonu üzərində nəzarəti ələ keçirdilər. Münaqişə hər iki tərəfdən yüz minlərlə insanın ölkədaxili köçkünə və qaçqına çevrilməsi ilə nəticələndi. 1994-cü ilin mayında münaqişə tərəfləri atəşkəs sazişini imzaladılar və atəşkəs bu günədək davam edir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) himayəsi altında münaqişənin dinc yolla həllinə yönələn danışıqlar aparıldı. Amma son nəticədə münaqişənin siyasi həllinə nail olunmadı. Özünü müstəqil elan etmiş “DQR” hər hansı dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadı. 2001-ci ildə Avropa Şurasına daxil olmazdan əvvəl Ermənistan və Azərbaycan hər ikisi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiq olacaqları barədə Nazirlər Komitəsi və Parlament Assambleyası qarşısında öhdəlik götürdülər.

Sarqsyanın ailəsinin yaşadığı Şaumyan rayonu DQMV-nin tərkib hissəsi deyildi, amma sonradan “DQR” onu öz ərazisi elan etdi. 1991-ci ildə Azərbaycan SSR-in xüsusi təyinatlı milis dəstələri bölgədə əməliyyata başladılar və elan etdilər ki, bunda məqsəd “pasportların yoxlanılması” və bölgədə yerli erməni yaraqlılarının tərksilah edilməsidir. Lakin müxtəlif mənbələrin məlumatlarına görə, Azərbaycan SSR-in silahlı dəstələri bu rəsmi məqsəddən erməni əhalisini bölgədəki bir sıra kəndlərdən çıxarmaq üçün bəhanə kimi istifadə etdilər. 1992-ci ildə münaqişə qızışaraq müharibəyə çevrildiyi zaman Şaumyan rayonu Azərbaycan qüvvələrinin hücumuna məruz qaldı. Kəndin şiddətli surətdə bomba atəşinə tutulmasından sonra ərizəçi və ailəsi Gülüstandan çıxdılar. Sonradan o və arvadı İrəvanda (Ermənistan) qaçqın kimi yaşadılar.

Məcburi köçkünə çevrilənə qədər həyatının çox hissəsini Gülüstanda yaşadığı barədə iddiasını təsdiq etmək üçün ərizəçi Məhkəməyə özünün keçmiş sovet pasportunun surətini və nikah şəhadətnaməsini təqdim etdi. O həm də konkret olaraq onun adına qeydiyyata alınmış Gülüstandakı ikimərtəbəli evin və 2.000 kvadrat metrdən artıq torpaq sahəsinin rəsmi şəhadətnaməsini (“texniki pasportunu”); və Gülüstanda evə və torpaq sahəsinə malik olduğunu təsdiqləyən kənd şurasının keçmiş vəzifəli şəxslərinin və özünün keçmiş qonşularının yazılı ifadələrini təqdim etdi.

Hüquqi məsələlər

a) İlkin etirazlar

i) Ölkədaxili səviyyədə hüquqi müdafiə vasitələrinin tükəndirilməsi – Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq (nəzərə alsaq ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdur və sərhədlər bağlıdır), bir ölkədən olan şəxsin digər ölkəyə qarşı məhkəmə işinə başlaması qarşısında əhəmiyyətli praktiki çətinliklər yarana bilər. Azərbaycan Hökuməti münaqişə kontekstində tərk edərək itirmiş olduğu əmlakı ilə bağlı restitusiya və ya kompensasiya iddiası qaldırmaq istəyən erməni qaçqının durumuna mülkiyyətin müdafiəsinə dair qanunvericiliyin necə tətbiq edilə biləcəyini izah edə bilmədi. O, ərizəçinin vəziyyətində olan hər hansı şəxsin Azərbaycan məhkəmələrində iddia qaldıraraq işi udduğuna dair hər hansı nümunə təqdim etmədi. Beləliklə, Hökumət ərizəçinin sərəncamında şikayətləri ilə əlaqədar olaraq hüquqlarını bərpa etmək iqtidarında olan hüquqi müdafiə vasitəsinin olduğunu sübut edə bilmədi.

Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (iki səsə qarşı on beş səslə).

ii) Azərbaycanın yurisdiksiyası və məsuliyyəti – Gülüstan kəndinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşdiyini nəzərə alsaq (tərəflər arasında bu faktla bağlı fikir ayrılığı yoxdur), Məhkəmənin presedent hüququna əsasən, Azərbaycanın həmin kənd üzərində yurisdiksiyaya malik olduğu ehtimal olunur. Buna görə də Hökumət onun Konvensiyanın 1-ci maddəsi üzrə məsuliyyətini məhdudlaşdıran müstəsna halların mövcud olduğunu sübut etmək vəzifəsini daşıyır. Gülüstan kəndi və Azərbaycanın hərbi qüvvələri çayın şimal sahilində, “DQR”-in mövqeləri isə cənub sahilində yerləşirdi. Məhkəmənin zaman yurisdiksiyasının şamil olunduğu dövrdə, yəni Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edildiyi 2002-ci ilin aprelindən indiyədək Gülüstanda Azərbaycanın hərbçilərinin olub-olmadığını Məhkəmənin sərəncamında olan materiallar əsasında müəyyənləşdirmək mümkün deyil (hərçənd ki, bunun belə olduğunu göstərən bir sıra əlamətlər vardı). Lakin qeyd etmək vacibdir ki, tərəflərin heç biri kənddə “DQR”-in hər hansı qoşunlarının olduğunu iddia etməyiblər.

Cavabdeh Hökumətin bu arqumenti Məhkəməni inandırmadı ki, kənd minalarla əhatələnmiş və qarşı tərəfin hərbi mövqeləri ilə dövrəyə alınmış mübahisəli ərazidə yerləşdiyinə görə Azərbaycan Konvensiya üzrə yalnız məhdud məsuliyyət daşıyırdı. Digər dövlətin işğalı və ya separatçı rejimin nəzarəti altında olması ucbatından ərazisinin bir hissəsi ilə bağlı dövlətin yalnız məhdud məsuliyyət daşıdığının Məhkəmə tərəfindən müəyyən edildiyi digər işlərdən fərqli olaraq, bu işdə sübut edilmədi ki, Gülüstan digər dövlətin silahlı qüvvələri tərəfindən işğal olunub.

Konvensiyanın müdafiə sistemində boşluğun qarşısını almağın zəruriliyini nəzərə alaraq, Məhkəmə hesab etmədi ki, cavabdeh Hökumət Konvensiya üzrə məsuliyyətini yüngülləşdirə bilən müstəsna halların mövcud olduğunu sübuta yetirib. Faktiki olaraq, bu işdəki vəziyyət Assanidze Gürcüstana qarşı işdəki vəziyyətə çox oxşardır (ərizə № 71503/01, 8 aprel 2004-cü il, Məlumat bülleteni № 63), belə ki, hüquqi nöqteyi-nəzərdən Azərbaycan Hökuməti dövlətin ərazisi üzərində tam yurisdiksiyaya malikdir və həmin əraziyə görə Konvensiya əsasında məsuliyyət daşıyır, amma bununla belə, Gülüstan ərazisində öz hakimiyyət səlahiyyətini həyata keçirməkdə praktiki çətinliklərlə üzləşə bilər. Barəsində ərizəçinin şikayət etdiyi hərəkətlər və ya hərəkətsizlik qiymətləndirilərkən bu cür çətinliklər nəzərə alınmalıdır.

Nəticə: Hökumətin ilkin etirazı rədd edildi (iki səsə qarşı on beş səslə).

b) Şikayətin mahiyyəti – 1 saylı Protokolun 1-ci maddəsi: Beynəlxalq və ya ölkədaxili silahlı münaqişə vəziyyətlərində əmlaklarını və evlərini itirdiklərini iddia edən ərizəçilər tərəfindən təqdim edilmiş sübutlara münasibətdə Məhkəmənin presedent hüququnda dəyişkən yanaşma formalaşıb. Analoji yanaşma həmçinin “Qaçqınların və köçkünlərin evinin və əmlakının restitusiyasına dair BMT prinsipləri”ndə (Pineyro prinsipləri) öz əksini tapıb.

Hazırkı işdə ərizəçi onun adına verilən və Gülüstandakı ev və torpaq sahəsi ilə əlaqədar olan texniki pasportu, o cümlədən evin ətraflı planını təqdim edib. Tərəflər arasında bu məsələdə mübahisə yoxdur ki, texniki pasport, bir qayda olaraq, yalnız ev üzərində hüquqları olan şəxsə verilir və beləliklə, Məhkəmənin rəyinə görə, onun ev və torpaq üzərində mülkiyyət hüququna malik olduğunu düşünməyə əsas verən sübut təşkil edir və bu fakt Hökumət tərəfindən inandırıcı şəkildə təkzib edilməyib. Üstəlik, torpağı necə əldə etdiyi və onun üzərində ev tikmək üçün icazəni necə aldığı barədə ərizəçinin iddiaları onun bir neçə ailə üzvünün və keçmiş həmkəndlilərinin ifadələri ilə də təsdiqlənib. Həmin ifadələr çarpaz dindirmədə yoxlanılmasa da, təfsilatlarla zəngindir və müvafiq şəxslərin təsvir etdikləri hadisələrin şahidi olduqlarını təsdiq edir. Sonuncu, amma az əhəmiyyətli olmayan məsələ ondan ibarətdir ki, Məhkəmə kəndin hərbi hücuma məruz qaldığı bir şəraitdə ərizəçinin kəndi tərk etməyə məcbur olduğunu nəzərə alır. Onun bütün sənədləri özü ilə götürə bilməsi təəccüblü olardı. Müvafiq olaraq, təqdim edilmiş bütün sübutları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçi 1992-ci ildə kəndi tərk edərkən Gülüstanda evə və torpaq sahəsinə malik olduğu barədə iddiasını yetərincə sübuta yetirib.

Konvensiya Azərbaycan barəsində qüvvəyə minməzdən əvvəl ərizəçinin evinin tam dağıdıldığını göstərən qəti sübut olmadığına görə, Məhkəmə bu ehtimaldan çıxış edəcək ki, ev, hətta ciddi zədələnmiş vəziyyətdə olsa belə, hələ də mövcuddur. Yekun olaraq, Məhkəmənin zaman yurisdiksiyasına Hökumətin etiraz etməsi üçün heç bir faktoloji əsas yoxdur.

Sovet hüquq sistemində torpaq üzərində xüsusi mülkiyyət hüququ yox idi, amma vətəndaşlar yaşayış evlərinə malik ola bilərdilər. Torpaq sahələri vətəndaşlara xüsusi məqsədlər üçün, məsələn, fermer təsərrüfatı və ya fərdi evlərin inşası üçün ayrıla bilərdi. Bu halda vətəndaş müəyyən məqsədlərlə məhdudlaşan “istifadə hüququna” malik olurdu və bu hüquq qanunla qorunurdu və vərəsələrə ötürülə bilərdi. Buna görə də şübhə yoxdur ki, ərizəçilərin evlər və torpaq üzərində hüquqları mühüm maddi maraq təşkil edirdi. 1 saylı Protokolun 1-ci maddəsindəki “mülkiyyət” anlayışının müstəqil məna daşıdığını nəzərə alsaq, ərizəçinin ev üzərində şəxsi mülkiyyət hüququ və torpaqla bağlı “istifadə hüququ” həmin maddədə nəzərdə tutulan mənada “mülkiyyət” təşkil edirdi.

Ərizəçinin Gülüstandan məcburi köç etməsi Məhkəmənin zaman yurisdiksiyası xaricində olsa da, Məhkəmə yaranmış vəziyyətdə cavabdeh Hökumətin onun hüquqlarını pozmasının Konvensiyanın Azərbaycan barəsində qüvvəyə minməsindən sonra davam edib-etmədiyini araşdıracaq.

Hazırda münaqişə zamanı didərgin düşmüş şəxslər tərəfindən təqdim edilmiş mindən artıq ərizə Məhkəmənin icraatındadır, onların yarısından azacıq artığı Ermənistana, qalanları Azərbaycana qarşı verilib. Qaldırılan məsələlər Məhkəmənin Konvensiyanın 32-ci maddəsində müəyyən edilmiş yurisdiksiyası daxilində olsa da, münaqişənin siyasi həllini tapmaq münaqişədə iştirak edən iki dövlətin vəzifəsidir. Qaçqınların keçmiş yaşayış yerlərinə qayıtmalarına, mülkiyyətlərinə yenidən sahib çıxmalarına və (və ya) onlara kompensasiya ödənilməsinə yalnız sülh sazişi vasitəsilə nail oluna bilər. Həqiqətən də, Avropa Şurasına daxil olmazdan əvvəl Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etmək öhdəliyini götürüblər. Məhkəmə təkcə onu qeyd edə bilər ki, yuxarıda qeyd edilən öhdəlik hələ də yerinə yetirilməyib.

Hazırkı iş birinci işdir ki, Məhkəmə müharibə və işğal nəticəsində ərazisinin bir hissəsi üzərində nəzarəti itirmiş dövlətə qarşı şikayətin mahiyyəti üzrə qərar çıxarmalıdır, lakin eyni zamanda nəzarəti altında qalan əraziyə məcburi köçkünün girişinə icazə verməkdən imtina etdiyinə görə həmin dövlətin məsuliyyət daşıdığı iddia edilir.

Məhkəmə cavabdeh Hökumətin 1 saylı Protokolun 1-ci maddəsi üzrə pozitiv öhdəliklərini yerinə yetirib-yetirmədiyini və ictimai maraqların tələbləri ilə ərizəçinin təməl hüququ olan mülkiyyət hüququnun tələbləri arasında ədalətli balansın gözlənilib-gözlənilmədiyini müəyyənləşdirmək məqsədi ilə ərizəçinin şikayətini araşdırdı. Ərizəçinin şikayətində iki məsələ qaldırılmışdı: birincisi, cavabdeh Hökumət onun Gülüstandakı evinə və torpaq sahəsinə getməsinə imkan vermək öhdəliyini daşıyırmı və ikincisi, ərizəçinin mülkiyyətini qorumaq və (və ya) ərizəçinin ondan istifadə imkanını itirməsinə görə ona kompensasiya ödəmək üçün hər hansı digər tədbirləri görməyə borcludurmu?

Belə görünür ki, Hökumətin ərizəçini Gülüstana buraxmaqdan imtina etməsinin əsaslı olub-olmadığı barədə suala beynəlxalq hüquqda qəti cavab verilmir. Gülüstanın hərbi əməliyyatlar zonasında yerləşməsi faktını və ən azı onun ətrafındakı ərazilərin minalandığını nəzərə alaraq, Məhkəmə Hökumətin bu arqumentini qəbul etdi ki, ərizəçi də daxil olmaqla mülki şəxsləri kəndə buraxmaqdan imtina edilməsinə təhlükəsizlik mülahizələri ilə haqq qazandırmaq olar. Lakin mülkiyyətə buraxılma mümkün deyilsə, dövlət mülkiyyət hüquqlarının təmin edilməsi üçün alternativ tədbirlər görməyə (və beləliklə ziddiyyətə girən müvafiq ictimai maraqlarla fərdi maraqlar arasında balansı gözləməyə) borcludur və bunu Birləşmiş Millətlər Təşkilatının (Pineyro prinsipləri) və Avropa Şurasının qəbul etdikləri müvafiq beynəlxalq normalar da təsdiq edir. Məhkəmə vurğulamaq istərdi ki, alternativ tədbirlər görmək öhdəliyi köçkünlüyə görə dövlətin məsuliyyət daşıyıb-daşımadığından asılı deyil.

ATƏT-in himayəsi altında sülh danışıqlarının (danışıqlara məcburi köçkünlərə aid məsələlər də daxildir) davam etməsi faktı Hökuməti, xüsusən danışıqların iyirmi ildən artıq davam etdiyini nəzərə alsaq, digər tədbirləri görmək vəzifəsindən azad etmirdi. Buna görə də mülkiyyət iddiaları ilə əlaqədar olaraq asanlıqla əlçatan olan və çevik sübutetmə standartlarının tətbiqini nəzərdə tutan prosedurları təmin edən elə bir mexanizmin yaradılması önəmli idi ki, ərizəçilərin və onların vəziyyətində olan digər şəxslərin mülkiyyət hüquqlarının bərpasına və hüquqlarından istifadə etmək imkanından məhrum olduqlarına görə kompensasiya əldə etməsinə imkan yaranmış olsun. Baxmayaraq ki, Azərbaycan Hökuməti yüz minlərlə ölkədaxili məcburi köçkünə (yəni Ermənistandan və Dağlıq Qarabağdan və ətraf rayonlardan köçkün düşənlərə) yardım göstərmək məcburiyyətində idi, həmin qrupun müdafiəsi Hökuməti münaqişə nəticəsində yurdlarını tərk etməyə məcbur olmuş ərizəçi kimi ermənilərə münasibətdə daşıdığı öhdəliklərdən azad etmirdi. Məhkəmə bununla əlaqədar olaraq yuxarıda adı çəkilən “Pineyro prinsipləri”nin 3-cü maddəsində təsbit olunmuş ayrı-seçkiliyin yolverilməzliyi prinsipinə istinad etdi.

Yekun olaraq, Hökumət tərəfindən onun mülkiyyət hüquqlarının bərpası və ya ona kompensasiya verilməsi üçün alternativ tədbirlərin görülmədiyi bir şəraitdə ərizəçinin Gülüstandakı mülkiyyətinə daxil olmasının mümkünsüzlüyü ərizəçinin üzərinə həddən artıq ağır yük qoymuşdu. Müvafiq olaraq, onun 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının davamedicisi pozuntusu baş verib.

Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).

Konvensiyanın 8-ci maddəsi: Ərizəçinin şikayəti iki aspekti – onun Gülüstandakı evinə getmək və qohumlarının məzarlarını ziyarət etmək imkanına malik olmamasını əhatə edirdi. Cənab Sarqsyan tərəfindən təqdim edilmiş sübutları (yəni onun keçmiş sovet pasportunu və nikah şəhadətnaməsini və bir neçə şahidi ifadələrini) nəzərə alaraq, Məhkəmə bunu sübuta yetirilmiş hesab etdi ki, o, Gülüstanı tərk etməyə məcbur olana qədər həyatının çox hissəsini orada yaşayıb; və beləliklə orada onun “evi” olub. Onun uzun müddət orada olmaması evi ilə əlaqələrinin qırılması hesab oluna bilməzdi. Bundan başqa, ərizəçinin sosial əlaqələrinin çoxu Gülüstanda formalaşmış olduğuna görə, onun kəndə qayıda bilməməsi “şəxsi həyatına” da təsir göstərirdi. Nəhayət, mərhum qohumlarının Gülüstandakı məzarları ilə ərizəçinin mədəni və dini baxımdan bağlılığını da “şəxsi və ailə həyatı” anlayışının tətbiq dairəsinə düşən amil hesab etmək olardı.

Məhkəmə 1 saylı Protokolun 1-ci maddəsi üzrə gəldiyi nəticələrə istinad etdi və qərara aldı ki, eyni mülahizələr ərizəçinin 8-ci maddə üzrə şikayətinə də şamil olunur. Hökumət tərəfindən onun hüquqlarının təmin edilməsi və ya ən azı ona kompensasiya verilməsi üçün hər hansı tədbirlər görülmədən onun Gülüstandakı evinə getməsinin və qohumlarının məzarlarını ziyarət etməsinin mümkün olmaması onun üzərinə həddən artıq qeyri-mütənasib yük qoymuşdu. Müvafiq olaraq, Konvensiyanın 8-ci maddəsinin davamedicisi pozuntusu baş verib.

Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).

Konvensiyanın 13-cü maddəsi: Cavabdeh Hökumət ərizəçinin ixtiyarında Konvensiya üzrə şikayətləri ilə əlaqədar olaraq hüquqlarını bərpa etmək iqtidarında olan və ağlabatan uğur perspektivlərinə malik olan hüquqi müdafiə vasitəsinin olduğunu sübut edə bilmədi. Bundan əlavə, Məhkəmənin 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 8-ci maddəsi üzrə gəldiyi nəticələr ərizəçinin evi və əmlakı ilə bağlı hüquqlarının bərpa edilməsinə və məruz qaldığı itkilərə görə kompensasiya almasına imkan verən mexanizmin dövlət tərəfindən yaradılmaması ilə əlaqədar idi. Beləliklə, 1 saylı Protokolun 1-ci maddəsi və Konvensiyanın 8-ci maddəsi üzrə müəyyən edilmiş pozuntularla 13-ü maddəsinin tələbləri arasında sıx əlaqə vardı. Müvafiq olaraq, Konvensiyanın 13-cü maddəsinin davamedicisi pozuntusu baş verib.

Nəticə: pozuntu baş verib (iki səsə qarşı on beş səslə).

Maddə 41: Bu maddə üzrə şikayətlərə baxılması təxirə salındı.