Rəsul Cəfərov (Rasul Jafarov) Azərbaycana qarşı – ərizə № 69981/14
Maddə 18
Konvensiyada nəzərdə tutulmayan məqsədlərlə tətbiq edilən məhdudiyyətlər
Hüquq müdafiə fəalının Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərlə tutulması və həbsdə saxlanması: pozuntu baş verib
Faktlar
Azərbaycanda tanınmış hüquq müdafiə fəalı olan ərizəçi bir neçə QHT-nin maliyyə fəaliyyətlərində baş verdiyi iddia edilən pozuntular üzrə cinayət prosesi ilə əlaqədar olaraq 2014-cü ildə həbs edilmişdi. Onun ölkəni tərk etməsinə qadağa qoyulmuş, bank hesabları dondurulmuş, özü isə 2015-ci ildə məhkum olunaraq azadlıqdan məhrum edilənə qədər həbsdə saxlanılmışdı.
Konvensiya üzrə icraatda o, digər şikayətləri ilə yanaşı bildirdi ki, tutulması və həbsdə saxlanması onun Konvensiya hüquqlarının Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərlə məhdudlaşdırılmasına gətirib çıxarıb ki, bu da 18-ci maddənin pozuntusudur.
Hüquqi məsələlər – 5-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 18-ci maddə: Məhkəmə ərizəçinin barəsindəki ittihamların Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində nəzərdə tutulmuş “əsaslı şübhəyə” əsaslanmadığını hesab etdi və buna görə də bu maddənin pozulduğunu müəyyən etdi. Müvafiq olaraq, dövlət orqanlarının vicdanla hərəkət etmələri ehtimalı aradan qalxmış oldu. Bu nəticə özü-özlüyündə 18-ci maddənin pozulduğu qənaətinə gəlmək üçün yetərli olmasa da, Məhkəmə qeyd etdi ki, birlikdə götürülmüş aşağıdakı hallar inandırıcı şəkildə sübut edir ki, ərizəçinin hüquqlarının məhdudlaşdırılması hüquqa zidd məqsədlərə əsaslanıb:
i) QHT-lərin fəaliyyətini və maliyyələşdirilməsini tənzimləyən qanunvericilik getdikcə daha sərt və məhdudlaşdırıcı xarakter almışdı ki, bu da QHT fəalının öz işini yerinə yetirmək üçün hüquqi rəsmiyyətlərə əməl etməkdən yayınması iddiası ilə təqib olunmasına gətirib çıxarmışdı.
ii) Hökumətyönlü mediada yüksək vəzifəli şəxslərin çoxsaylı açıqlamaları dərc olunmuşdu ki, həmin açıqlamalarda yerli QHT-lər və onların rəhbərləri, o cümlədən ərizəçi ölkədə insan hüquqlarının vəziyyəti barədə məlumat verməklə xaricdə ölkənin mənfi imicinin formalaşdırılmasına şərait yaratdıqlarına görə sərt tənqid edilirdilər. Bu açıqlamalarda onlar sadəcə QHT-lər və qrantlar haqqında ölkədaxili qanunvericiliyin iddia edilən pozuntularına görə deyil, həm də fəaliyyətlərinə görə ittiham olunurdular.
iii) Ərizəçinin situasiyasına təcrid halında baxmaq olmazdı. İnsan hüquqlarının müdafiəsi naminə beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edən bir neçə tanınmış hüquq müdafiə fəalı analoji qaydada həbs edilmiş və uzun müddətə azadlıqdan məhrumetmə cəzası ilə nəticələnən ağır cinayətlərdə ittiham olunmuşdular. Bu faktlar, ölkə rəsmilərinin yuxarıda qeyd edilən açıqlamaları ilə birlikdə götürülməklə, bu arqumenti təsdiqləyirdi ki, ərizəçinin tutulması və həbsdə saxlanması “Azərbaycanda hüquq müdafiəçilərinə qarşı 2014-cü ilin yayından bəri güclənən geniş hücumun kampaniyasının” tərkib hissəsidir.
Ümumilikdə yuxarıdakı hallar göstərirdi ki, mübahisələndirilən tədbirlərin həqiqi məqsədi ərizəçini susdurmaq və insan hüquqları sahəsindəki fəaliyyətlərinə görə cəzalandırmaq idi. Yuxarıdakı mülahizələrin işığında Məhkəmə müəyyən etdi ki, ərizəçinin azadlığının məhdudlaşdırılması Konvensiyanın 5-ci maddəsinin 1(c) bəndində nəzərdə tutulmuş məqsəddən, yəni onun hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə əlaqədar olaraq səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədindən fərqli olan məqsədlərlə tətbiq edilib.
Nəticə: pozuntu baş verib (yekdilliklə).
Məhkəmə həmçinin yekdilliklə müəyyən etdi ki, ərizəçiyə qarşı irəli sürülmüş ittihamların “əsaslı şübhəyə” əsaslanmaması ilə əlaqədar olaraq 5-ci maddənin 1-ci bəndi pozulub, onun həbsdə saxlanmasının qanuniliyinin məhkəmə tərəfindən lazımi qaydada yoxlanılmaması ilə əlaqədar olaraq 5-ci maddənin 4-cü bəndi pozulub və ərizəçinin nümayəndəsi ilə təmaslarına cavabdeh dövlət tərəfindən maneələr yaradılması ilə əlaqədar olaraq 34-cü maddə pozulub.
Maddə 41: maddi və mənəvi ziyana görə 25.000 avro təyin edildi.
(Bax: İlqar Məmmədov Azərbaycana qarşı, ərizə № 15172/13, 22 may 2014-cü il, 174 saylı Məlumat bülleteni; Lutsenko Ukraynaya qarşı, ərizə № 6492/11, 3 iyul 2012-ci il, 154 saylı Məlumat bülleteni; və Timoşenko Ukraynaya qarşı, ərizə № 49872/11, 30 aprel 2013-cü il, 162 saylı Məlumat bülleteni)