NURLAN ƏLİYEV AZƏRBAYCANA QARŞI – qərarın Azərbaycanca tam mətni
Nə baş vermişdi?
Ərizəçi 29 aprel 2011-ci il tarixində ailəsi ilə birlikdə yaşadığı evin icazəsiz olaraq qanunsuz şəkildə inşa edildiyini bildirən polis əməkdaşlarını təhqir etdiyinə görə saxlanılıb. O, polis idarəsinə aparılıb, idarədə Ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsində (“İXM”) nəzərdə tutulan xırda xuliqanlıq xətasına yol verməsi barədə protokol tərtib edilib. Ərizəçi yazılı izahat verməkdən və protokolu imzalamaqdan imtina edib.
Ərizəçi elə həmin gün onu xırda xuliqanlıqda günahkar bilən və 7 günlük inzibati həbs cəzasına məhkum edən Sumqayıt Şəhər Məhkəməsi önünə çıxarılıb. Məhkəmənin qərarı yalnız ərazidə keşik çəkərkən qanunsuz tikilmiş bir ev aşkar etdiklərini qeyd edən iki polis əməkdaşının ifadələri ilə əsaslandırılıb. İfadələrinə görə, polislər ev sahibi ilə görüşmək üçün evə yaxınlaşıblar. Həmin vaxt ərizəçi evdən çıxıb və polis əməkdaşlarına söyməyə və təhqir etməyə başlayıb. Ərizəçini sakitləşdirmək səyləri nəticəsiz olduğu üçün polislər onu polis bölməsinə aparıblar. Ərizəçi isə məhkəməyə heç kəsi təhqir etmədiyini və ya ictimai rahatsızlığa səbəb olan davranışa yol vermədiyini bildirib. Buna görə də o, xətaya yol verməmişdi, özünü günahkar hesab etmirdi.
Ərizəçi məhkəmə iclasında dövlət hesabına hüquqi yardımdan imtina edib və öz istədiyi vəkil vasitəsilə təmsil olunmasında israr edib, lakin hakim onun bu tələbini rədd edib. Ərizəçinin öz istədiyi vəkil gəldiyi zaman məhkəmə iclası dövlət hesabıanayrılan vəkilin iştirakı ilə başa çatmışdı. Hökümətin bildirdiyinə görə, ərizəçi doğrudan da məhkəmə qarşısında öz seçdiyi bir vəkil ilə təmsil olunmaq arzusunu ifadə edib, ancaq konkret olaraq, hansı vəkili istədiyini bildirməyib. Birinci instansiya məhkəməsi də bu səbəbdən vəkil kimi dövlət hesabına ayrılan vəkili təyin edib və iclası davam etdirib.
3 may 2011-ci il tarixdə özünün seçdiyi vəkillə təmsil olunan ərizəçi İXM çərçivəsində xəta kimi tövsif edilə biləcək hər hansı bir davranışa yol vermədiyini, məhkəmə tərəfindən günahkar hesab edilməsinin yetərli dəlillərlə əsaslandırlmadığını bildirərək, Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib. Ərizəçi bundan başqa həbs edilməsinin əsil səbəbinin müxalif Müsavat Partiyasının yerli şöbəsinə başçılıq edən atasına və atasının həyata keçirdiyi siyasi fəaliyyətlərə təzyiq göstərmək olduğunu iddia edib. Ərizəçi həmçinin, valideynlərinin müdafiə tərəfinin şahidləri kimi məhkəməyə dəvət edilməsini və vəkilinin sorğu-sual edə bilmədiyi polis əməkdaşlarının məhkəmədə iştirakının təmin olunmasını tələb edib. Ərizəçi onu da iddia etdi ki, birinci instansiya məhkəməsi onun istədiyi vəkili gözləməyib, əvvəlcədən dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə iclası başa çatdırmaqla onu özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək imkanından məhrum edib.
Sumqayıt Apelyasiya Məhkəməsi 4 may 2011-ci il tarixdə ərizəçinin apellyasiya şikayətini rədd etdi və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Məhkəmə protokolundan görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində verdikləri ifadələri təkrar edən polis əməkdaşlarının ifadələrini dinləyib. Apellyasiya Məhkəməsi ayrıca, 29 aprel 2011-ci il tarixdə ərizəçinin qapıdan ərinin evdə olub-olmadığını soruşan polis əməkdaşlarına cavab verdiyini söyləyən anasının ifadəsini də dinləyib. Anası ərinin evdə olmadığını söylədiyində, polislər ondan oğlunu soruşublar. Polis əməkdaşları onun heç kimi təhqir etməyən oğlu ilə söhbət ediblər. Bir neşə dəqiqə sonra onlar birlikdə evdən ayrılıblar. 10 dəqiqə sonra ərizəçinin anası ərinə zəng edib və oğlunun polislər tərəfindən aparıldığını bildirib.
Bu məsələdə apellyasiya məhkəməsi əsaslandırma göstərmədən ərizəçinin və onun anasının ifadələrini rədd edib və öz qərarında polis əməkdaşlarının ifadələrinə söykənib. İXM-nin 376.2-ci maddəsinə istinadla müəyyən edib ki, birinci instansiya məhkəməsinin dövlət hesabına hüquqi yardımdan imtina edən ərizəçinin öz istədiyi vəkilin adını bildirmədiyi üçün onun tələbini rədd etməsi, məhkəmə iclasını dövlət hesabına ayrılmış vəkilin iştirakı davam etdirməsi qanunvericiliyə uyğun olub.
AİHM qarşısında iddia edilən pozuntular
Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsasən ona qarşı inzibati icraatla bağlı məhkəmənin ədalətli olmamasından şikayət edib. Özəlliklə, o, yerli məhkəmələrin qərarlarının əsaslandırılmamasından və inzibati icraatla bağlı birinci instansiya məhkəməsində öz istədiyi vəkili seçməsinə icazə verilməməsindən şikayət edib.
Avropa Məhkəməsinin qiymətləndirməsi
AİHM ərizəçinin Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verdi.
Məhkəmə qeyd etdi ki, birinci instansiya məhkəməsi ərizəçinin işini ona vəsatətlər vermək imkanı yaradılan şifahi məhkəmə iclasında araşdırdı. Bununla yanaşı, qərarında başqa dəlil göstərmədən, yalnız iki polis əməkdaşının məhkəmə iclasında verdiyi şahid ifadələrinə istinad edib. Hazırkı işdə Sumqayıt Apelyasiya Məhkəməsi polisə bağlı olmayan şahidin – ərizəçinin anasının ifadəsi oğlunun hadisələr barədə versiyasını dəstəklədiyi halda, daxili məhkəmələr polis əməkdaşlarının ifadələrinin ərizəçinin və müdafiə tərəfinin şahidinin ifadələrindən daha obyektiv və etibarlı hesab etmələrinə yetərli səbəblər göstərə bilməyib.
Bundan əlavə, ərizəçinin daxili məhkəmələr qarşısındakı arqumentləri həm işin hallarına, həm də hüquqi məsələlərə yönəlik idi. Xüsusilə, polis əməkdaşlarını heç vaxt təhqir etmədiyinə və ictimai rahatsızlığa səbəb olan hər hansı davranışa yol vermədiyinə görə, saxlanılmasının, ardınca da məhkumluğunun hallarının və bu kontekstdəki əsaslandırmaların özbaşına olduğunu iddia edirdi. Bununla belə, yerli məhkəmələr, xüsusən Sumqayıt Apelyasiya Məhkəməsi onun iddialarını tamamilə rədd etdi. Ayrıca, qərarlarda ərizəçinin yaşadığı evin polis əməkdaşları tərəfindən aidiyyəti olan yerli orqanların bu kontekstdə hər hansı bir göstərişi olmadan qanunsuz inşa edilməsini necə müəyyənləşdirməsi sorğu-sual edilməyib.
Məhkəmə, daha əvvəl cinayət araşdırmasının ədalətliliyinin araşdırarkən, daxili məhkəmələrin təqsirləndirilən şəxsin təqdim etdiyi spesifik, müvafiq və vacib məqamları nəzərə almamasını Konvensiyanın 6.1-ci maddəsi çərçivəsindəki öhdəliklərə uyğun olmadığına qərar verib (bax, Nechiporuk və Yonkalo Ukraynaya qarşı, № 42310/04, § 280, 21 aprel 2011). Hazırkı işdə Məhkəmə, yerli məhkəmələrin qərarlarının yetərli əsaslara malik olmadığını da nəzərə alaraq, ərizəçiyə qarşı inzibati icraatın, bütövlükdə, ədalətli məhkəmə araşdırması hüququnun qoruma altına aldığı təminatlara uyğun olmadığı nəticəsinə gəldi.
AİHM yekunda ərizəçiyə mənəvi ziyana görə 3,600, xərc və məsrəflərə görə 500 avro təzminat ödənilməsinə qərar verdi.