ŞƏRH: NƏCƏFLİ AZƏRBAYCANA QARŞI – 2 oktyabr 2012

Nəcəfli Azərbaycana qarşı;

Ərizə №.2594/07; 02/10/2012

Bu iş jurnalist, qəzet baş redaktoru Ramiz Nəcəflinin müxalif qüvvələrin Bakı şəhərində keçirdikləri aksiyada polislərin zorakılığına məruz qalması, xəsarətlər alması ilə bağlıdır. Polislər fərqləndirici jurnalist geyimində olan, yaxasına vəsiqə asan jurnalistin başına zərbələr endirmiş, huşunu itirmiş journalist xəstəxanaya yerləşdirilmişdi.

Ərizəçi qapalı kəllə-beyin travması, beyin sarsıntısı və təpə nahiyəsinin yumşaq toxumalarının zədələnməsinə məruz qalmışdı. Prokuroluqda hadisə ilə bağlı cinayət işi açılsa da işi aparan müstəntiq jurnalistə xəsarət törətmiş şəxsin müəyyən edilməsinə qədər cinayət işinin dayandırılması barədə qərar qəbul edib.

Ərizəçi məhkəməyə şikayətində istintaqın davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş edib, ancaq məhkəmələr onun müraciətini rədd edib. Ərizəçi həmçinin, Daxili İşlər Nazirliyinə qarşı mülki iddia qaldırıb, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib, ancaq bu iddia da təmin edilməyib.

AİHM bu işdə hesab etdi ki, ərizəçinin mübahisələndirdiyi pis rəftar faktı, kifayət qədər ciddi, minimum sərtlik səviyyəsinə malik, qeyri-insani və alçaldıcı olub və Konvensiyanın 3-cü maddəsi maddi aspektdən pozulub.

Məhkəmə prosessual spekti də araşdırdı hesab etdi ki, ərizəçinin pis rəftara dair iddiaları üzrə istintaq da Konvensiyanın 3-cü maddəsinin tələblərinə cavab verməyib və 3-cü maddə həm də prosessual-hüquqi aspektdən pozulub. Konvensiyanın 10-cu maddəsi ilə bağlı ərizəçinin iddialarına münasibətdə Məhkəmə, ərizəçinin aksiya iştirakçısı olmadığını, peşə fəaliyyətini yerinıə yetirdiyini vurğuladı. Jurnalistə müdaxilənin 10-cu maddənin 2-ci bəndinə görə əsaslı olmadığını müəyyən edən Məhkəmə, xüsusi vurğuladı ki, bu işin hallarının işığında bütün hallarda jurnalistin fəaliyyətinə belə müdaxilə “demokratik cəmiyyətdə zəruri” hesab edilə bilməz və Konvensiyanın 10-cu maddəsini pozur.

Məhkəmə 13 000 avro ədalətli əvəz məbləği müəyyən etdi.