İbrahimov və Məmmədov Azərbaycana qarşı;
Ərizə №.63571/16; 13/02/2020
İbrahimov və Məmmədov Azərbaycana qarşı işi narkotik ittihamı ilə həbs olunub, mühakimə edilən ərizəçilərin, hakimiyyətin onları cəzalandırmasının əsas səbəbinin Azərbaycanın keçmiş prezidentinin heykəlinə çəkdikləri siyasi məzmunlu qraffiti olmasını iddia etmələri ilə bağlıdır.
Avropa Məhkəməsi bu işdə yekdilliklə qərara aldı ki, ərizəçilərə münasibətdə polis tərəfindən pis rəftara məruz qalmalarının effektiv araşdırılmaması ilə qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın yolverilməzliyi, cinayət törətmələrinə əsaslı şübhələr olmadan həbs olunmaları və məhkəməyə qədər davamlı həbsdə saxlanılmaları ilə azadlıq və toxunulmazlıq hüququna müdaxilə baş verib.
Məhkəmə həmçinin, ərizəçilərin əslində siyasi məzmunlu qraffitilər çəkmələrinə görə cəzalandırılmasını ifadə azadlığı hüququnun pozuntusu kimi qiymətləndirdi. 5-ci maddə ilə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinin pozuntusuna da qərar verən məhkəmə vurğuladı ki, ərizəçilərin narkotik ittihamı ilə həbsinin və saxlanmasının əsl səbəbi onların siyasi qraffitilər çəkmələri olub.
Məhkəmə, qərarında İşgəncələrin Qarşısının Alınması üzrə Komitənin və Birləşmiş Millətlər Təşkilatının hesabatlarına istinad etdi, hökumətin ərizəçilərin pis rəftara məruz qalması barədə dəlilləri təkzib edə bilmədiyini vurğuladı.
Narkotik ittihamının irəli sürülməsi üçün iş materiallarının minimal standartlara cavab vermədiyini ifadə edən Məhkəmə, ümumilikdə, 72 000 avro təzminat müəyyən etdi.