ŞƏRH: HÜSEYNOV və BAŞQALARI AZƏRBAYCANA QARŞI – 24 NOYABR 2016

Hüseynov və başqaları Azərbaycana qarşı (ərizə №34262/14, 35948/14, 38276/14, 56232/14, 62138/14 və 63655/14)

Nə baş vermişdi?

İş 2014-cü ildə müxtəlif tarixlərdə 6 Azərbaycan vətəndaşının (cənab İlham Telman oğlu Hüseynov, cənab Təzəxan Məhərrəm oğlu Mirələmli, cənab Bəhruz Qəzənfər oğlu Həsənov, cənab Tofiq İsrayıl oğlu Dadaşov, cənab Türkel Əhməd oğlu Əlisoy və cənab Ağaverdi Xudamalı oğlu Ruşanov) İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 34-cü maddəsinə əsasən verdiyi şikayət əsasında başlanmışdır.

Hadisələrin baş verdiyi zaman ərizəçilərin hamısı müxalif siyasi partiya olan AXCP-nin üzvləri idilər. Ərizəçilərin hamısı 2014-cü ilin fevral və ya mart ayında tutulmuşlar və onlar barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ərizəçilərə əsasən inzibati xəta haqqında protokolun surəti onlara təqdim olunmamış və tutulduqları və polis nəzarətində olduqları müddətdə vəkillə təmin olunmamışlar.
Birinci instansiya məhkəmələri ərizəçiləri İXM-nin 310-cu maddəsi ilə təqsirli bilərək 10 gündən 20 günə qədər olan müddətlərə inzibati həbs təyin etmişlər. Birinci ərizəçi əlavə olaraq İXM-nin 296-cı maddəsi üzrə məsuliyyətə cəlb olunmuşdur. Ərizəçilərə əsasən, onlara öz seçdikləri müdafiəçi vasitəsilə müdafiə olunmaq imkanı yaradılmamış və onlara yardım göstərmək üçün dövlət hesabına müdafiəçilər təyin olunmuşlar.

Müxtəlif tarixlərdə ərizəçilər Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, tutulmaları ilə bağlı hadisələrlə əlaqədar faktların öz versiyalarını təqdim etmiş, siyasi fəaliyyətlərinə, o cümlədən, nümayişlərdə fəal iştiraklarına (birinci, ikinci, üçüncü, beşinci və altıncı ərizəçi) və ya sosial şəbəkədə yazdıqları şərhlərə görə (dördüncü ərizəçi) qanunsuz olaraq tutulduqlarını iddia etmişlər. Ərizəçilər həmçinin şikayət etmişlər ki, birinci instansiya məhkəmələrində keçirilən proseslər ədalətli olmamışdır. Müxtəlif tarixlərdə Bakı Apellyasiya Məhkəməsi ərizəçilərin şikayətlərini rədd etmiş və birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlamışdır.

İDDİA EDİLƏN POZUNTULAR

Ərizəçilər Konvensiyanın 11-ci maddəsinə istinad edərək şikayət etmişlər ki, müvafiq orqanlar onları siyasi fəaliyyətlərinə görə cəzalandırmaq və müxalifətin etiraz aksiyalarında iştirak etmələrinin qarşısını almaq məqsədi ilə tutulmuş və həbs edilmişlər.

Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə əsasən inzibati xəta ilə əlaqədar icraat zamanı ədalətli məhkəmə araşdırmasının olmamasından şikayət etmişlər. Həmçinin ərizəçilər tutulmalarının və inzibati həbslərin Konvensiyanın 5-ci maddəsinə zidd olduğundan şikayət etmişlər.

Ərizəçilər əlavə olaraq Konvensiyanın 13, 14 və 18-ci maddələrindən şikayət etmişlər.

MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ

Konvensiyanın 11-ci maddəsinin pozuntusu

Konvensiyanın 6-cı maddəsinin 1-ci və 3-cü bəndlərinin pozuntusu

Konvensiyanın 5-ci maddəsinin pozuntusu

Ədalətli kompensasiya: hər bir ərizəçiyə ayrılıqda mənəvi zərərə görə 12 000 avro və məhkəmə xərcləri və digər məsrəflərə görə birlikdə 6 000 avro.