ŞƏRH: BƏYLƏR ABBASOV AZƏRBAYCANA QARŞI – 14 yanvar 2021

BƏYLƏR ABBASOV AZƏRBAYCANA QARŞI

Nə baş vermişdi?

Bəylər Abbasov Azərbaycana qarşı işdə Ərizəçi 1993-1996-cı illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Ərizəçi 2007-ci ildə müharibə veteranı vəsiqəsi alıb və həmin tarixdən Prezidentin 2005-ci il tarixli sərəncamı ilə müəyyən edilən kommunal ödənişlərə görə müharibə veteranlarına ödənilən 15 manat kompensasiya almağa başladı.

2007-ci ildə Ərizəçi məhkəməyə müraciət edərək 2005-ci ildən indiyə qədər ödənilməyən 228 manat kompensasiyanın ödənilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi Ərizəçinin iddiasını təmin etsə də, apelyasiya məhkəməsi qətnaməni ləğv etdi və göstərdi ki, Ərizəçi müharibə veteranı vəsiqəsini aldığı tarixdən sonrakı kompensasiyanı ala bilər. Ərizəçi Ali məhkəməyə şikayət edərək bildirdi ki, apelyasiya məhkəməsi ona cavabdehin apelyasiya şikayətinin surətini göndərməyib, buna görə də o, qarşı tərəf qarşısında əlverişsiz vəziyyətə düşüb və öz mövqeyini bildirə bilməyib. Ali Məhkəmə qətnaməni qüvvədə saxladı və bu məsələyə diqqət yetirmədi.

AİHM qarşısında iddia edilən pozuntular

Ərizəçi Avropa Məhkəməsinə 2009-cu ildə müraciət edib. 2018-ci ildə o, Məhkəməyə Ali məhkəmənin 2018-ci il tarixli qərarını təqdim edib. Həmin qərardan görünür ki, Ali Məhkəmə 2006-2007-ci illər üçün ərizəçiyə sosial müavinətin ödənilməsini müəyyən edib.

Ərizəçi Avropa Məhkəməsindən Konvensiyanın 6.1 (qarşı tərəfin apelyasiya şikayətinin surətinin təqdim edilməməsi nəticəsində ona qarşı öz mövqeyini bildirə bilməməsi) və 1 saylı Protokolun 1-ci maddəsinin (2005-2007-ci illər ərzində kompensasiyanın ödənilməməsi) pozuntusunun tanınmasını xahiş etdi.

Hökumətin təqdimatları

Azərbaycan Höküməti göstərdi ki, Ərizəçi 185 avro kompensasiyanın tələbinə görə az zərər çəkib və Ərizəçi araşdırmanın maliyyə tərəflərinin onun üçün hansı çətinliklərə gətirib çıxardığını sübut etməyib. Məhkəmə araşdırması Ərizəçi üçün prinsipial əhəmiyyət kəsb etməyib. Buna görə də Konvensiyanın 35.3 (b) Ərizəçinin əhəmiyyətli zərər görmədiyi əsası ilə şikayətin qəbul edilməz elan edilməsini xahiş etdi (Konvensiya və ona dair Protokollarda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə baxılmasını tələb etdiyi hallar istisna olmaqla, və yerli məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir işi bu əsasla rədd etməmək şərti ilə, ərizəçi böyük zərərə məruz qalmayıbsa fərdi şikayət qəbul edilməz elan edilir).

Avropa Məhkəməsinin qiymətləndirməsi

Avropa Məhkəməsi göstərib ki, hazırki işdə Ərizəçinin tələbi onun əsas gəliri olmayan 228 manat (190 avro) kompensasiyanın ödənilməsi olub. Ali Məhkəmənin 2018-ci il tarixli qərarında ödənilməsi tələb olunan kompensasiyanın məbləği göstərilməsə də Məhkəmə qalıq məbləğin 55 manat (28 avro) olduğu qənaətindədir.

Məhkəmə bildirir ki, maddi zərərin nəticələri mücərrəd qiymətləndirilə bilməz: hətta az maddi zərər ölkənin və ya regionun iqtisadi vəziyyətindən və şəxsin fərdi halllarından asılı olaraq əhəmiyyətli ola bilər. Lakin hazırki işdə ərizəçi itirilən məbləğin ona maliyyə çətinlikləri yaratması və şəxsi həyatına ciddi təsir göstərdiyini iddia etməyib.

Bundan əlavə, Məhkəmə qeyd edir ki, pul məbləği Ərizəçinin əhəmiyyətli zərərə məruz qalmasını müəyyən edən yeganə faktor deyil. Bəzən Konvensiyanın pozuntusu maddi maraqlara toxunmadan əhəmiyyətli zərər vura bilər. Lakin Məhkəmə hesab edir ki, qarşı tərəfin apelyasiya şikayətinin Ərizəçiyə təqdim edilməməsi və yuxarıda qeyd edilən məsələlər belə zərəri ortaya çıxarmır. Ərizəçi apelyasiya şikayətinin ona təqdim edilməsi üçün hər hansı cəhd etməyib.

Beləliklə, Məhkəmə şikayəti qəbuledilməz elan edib.