Azər Əhmədovun Azərbaycana qarşı işi üzrə qərar “Azadlıq” qəzetinin direktoru Azər Əhmədovun telefon danışıqlarının dinlənilməsindən verilmiş şikayət üzrədir. Avropa Məhkəməsi qərar verdi ki, telefonunun dinlənilməsi ilə jurnalistin özəl həyata hörmət hüququna müdaxilə baş verib.
Nə baş vermişdi?
Bu işdə söhbət “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin və onun iş yoldaşı olan ərizəçinin telefon danışıqlarının 14 mart 2008-ci il tarixli qərarla dinlənilməsindən gedirdi. 13 il əvvəl A.Xəlil peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalmışdı, zərərçəkən statusunda idi, onun dinlənilməsi qərarı da həmin cinayət işi araşdırması (“qanunsuz fəaliyyətlərin izlənilməsi”) ilə əsaslandırlmışdı. Ərizəçi milli instansiyalarda dinlənilməsinin qanunsuzluğunu mübahisələndirmişdi, amma onun şikayətləri rədd edilmişdi.
AİHM-in qiymətləndirməsi
AİHM bu işlə bağlı qərarında öncə əsas prinsipləri yada saldı. Vurğuladı ki, bir fərdin şəxsi həyatına hər hansı müdaxilə yalnız qanunda nəzərdə tutulan olduqda, Konvensiyanın 8-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan bir və ya daha çox qanuni məqsəd daşıdıqda və həm də demokratik bir toplumda gərəkli olduğunda haqlı hesab edilə bilər.
Daha sonra “telefon danışıqlarının izlənilməsi” haqda qərarın qanuniliyini araşdıran AİHM vurğuladı ki, qərar A.Xəlilin bıçaqlanması olayı ilə bağlı verilib. Milli cinayət prosessual qanunvericiliyinin araşdırılan bir cinayətin zərərçəkəninin telefon danışıqlarının dinlənilməsinə izn verib-verməməsi aydın deyil. Həm də belə anlaşılır ki, A.Xəlil zərərçəkən statusunda olsa da danışıqlarının dinlənilməsi ilə əslində, şübhəli şəxs rəftarına məruz qalıb. Çünki “A.Xəlinin bıçaqlanması” olayının araşdırmasında, A.Xəlilin özünün “qanunsuz fəaliyyətləri”nə görə hansı səbəbdən araşdırlmasına dair hər hansı izah da verilməyib. Buna görə, AİHM hesab etdi ki, “telefon danışıqlarının dinlənilməsi” qərarında göstərilən əsaslandırmalar qeyri-müəyyəndir, birmənalı deyil və onun qanuna uyğunluğu şübhəyə açıqdır.
İşin materiallarına istinad edən Məhkəmə qərarında müşahidə edir ki, Azər Əhmədov “Azadlıq” qəzetindən olan həmkarı Vidadi Məmmədovla telefonla danışanda əlaqə kəsilib. Hökumət kəsintini ərizəçinin Aqil Xəlil ilə eyni telefon nömrəsini istifadə etməsi ilə izah edib, həm də bu səbəbdən onun danışqılarının dinlənilməsinin qaçılmaz olduğunu vurğulayıb. AİHM müşahidə edib ki, yerli məhkəmələr yalnız Milli Təhlükəsizlik Nazirliyinin məktubuna söykənərək, ərizəçinin çıxışlarını, açıq təqdimatlarını nəzərə almadan ərizəçi ilə A.Xəlilin doğrudan da eyni telefon nömrələrini işlətdiyi qənaətinə gəlib. AİHM işin materiallarından onu da müşahidə edib ki, ərizəçi həmkarı V.Məmmədova zəng edib, onunla danışanda, V.Məmmədov telefonu yanında olan A.Xəlilə verib, A.Xəlil ərizəçi ilə telefonla danışıb. AİHM burda qeyd edir ki, faktların müəyyən edilməsində milli məhkəmələrin yerini tutmaq onun rolu olmasa da, qeyd edilən mübahisəedilməz faktların işığında ərizəçi ilə A.Xəlilin eyni telefon nömrəsindən istifadə etməsi nəticəsini çıxarmağın başa düşülməsinin çox çətin olduğunu müşahidə etməyə bilməz. Bu baxımdan, yerli məhkəmələr və hökumət ərizəçi ilə A.X-in eyni telefon nömrəsini istifadə etməsinə sübut, dəlil gətirə bilməyiblər.
AİHM həmçinin, ərizəçinin onun telefon danışıqlarının dinlənilməsinə məhkəmə qaydasında etiraz etdiyini, yerli məhkəmələrin həmin şikayəti araşdırmadan rədd etməsinə də diqqəti çəkib.
Yerli məhkəmələrin “ərizəçinin A.X-in təmasda olduğu şəxslərdən olması” əsası ilə A.Əhmədovun dinlənilməsinə (baxmayaraq ki, A.Xəlilin telefon danışıqılarının izlənilməsi haqqında qərarda ərizəçinin adı göstərilməmişdi) haqq qazandırmasına toxunan AİHM vurğuladı ki, gizli izləmə bir şəxsin özəl həyatına çox ciddi bir müdaxilədir. Belə bir müdaxiləyə əsas olan qərarlar, həm məzmun, həm də müdaxiləyə məruz qalan şəxs barəsində spekulyasiyalara, fərziyyələrə yol aça biləcək qeyri-müəyyən şərtlərə söykənərək qəbul edilə bilməz. Bu işdə isə müdaxiləyə imkan verən qərarda hansı nömrə və ya nömrələrin dinlənilməli olması, bu nömrələrlə cinayət törətdiyindən şübhələnilən şəxsin bağlantısının olub-olmaması mövzusunda dəqiqlik mövcud deyildi, qərar ərizəçinin həmkarı A.Xəlillə təmasda olan şəxslərdən biri olmasına əsaslanır, şərtləri çox geniş və qeyri-dəqiq idi.
AİHM qeyd etdi ki, ərizəçinin danışıqlarının mübahisəli dinlənilməsi Konvensiyaya uyğun qanuni təmələ malik olmayıb. Belə olan durumda AİHM ərizəçinin özəl həyatına müdaxilənin Konvensiyanın 8.2-ci maddəsi mənasında “qanuna uyğun” olmamasından başqa nəticəyə gələ bilməz.
Məhkəmə qeyd edilənlərə söykənərək, özəl həyata müdaxilənin digər şərtlərinin çək-çevir edilməsinə gərək görmədi və A.Əhmədova münasibətdə Konvensiyanın 8-ci maddəsinin pozulmasına qərar verdi.