ŞƏRH: ALEKSANDR LAPŞİN AZƏRBAYCANA QARŞI – 20 may 2021

Aleksandr Lapşin Azərbaycana qarşı işində AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Nə baş vermişdi?

Lapşin işi ərizəçinin həbsxanadakı son günlərində baş vermiş olayla əlaqəlidir – ərizəçi iddia edirdi ki, ona həbsxana kamerasında (10 sentyabr 2017-ci il tarixdə) naməlum, maskalı şəxslər hücum ediblər, döyüblər, boğmaq istəyiblər. Əks tərəfin iddiasında isə bildirilir ki, ərizəçinin psixi çətinlikləri yaranıbmış, o, intihara təşəbbüs edib, tibbi problemləri bundan yaranıb.

AİHM-in qiymətləndirməsi

AİHM bu şikayətin qəbuledilənliyi ilə bağlı qeyd edib ki, Konvensiyanın 2-ci maddəsi yalnız zorakılıq hallarının qurbanını onun ölməsi durumlarında müdafiə etmir, eyni zamanda əlaqəli şəxsin həyatını real risqə atan, həyati təhlükənin gerçəkliyini ifadə edən xəsarətlərə məruz qalma durumlarını da əhatə edir. Qərara görə, bu işdə AİHM-in əlində olan tibbi və başqa dəlillər ərizəçinin həyatının ciddi risq altına düşdüyünü və onun təcili tibbi müdaxilə sonucu həyatda qala bildiyini ifadə edib.

AİHM-in 2-ci maddənin substantiv pozuntusu qənaəti, əsasən, məhkəməyə təqdim edilən 3 ekspert rəyinin çək-çevirinə söykənir. Həmin rəylərdən birini Azərbaycan hökuməti təqdim edib. Digər iki ekspert rəyi (rus həkim və xorvat məhkəmə ekspertinin rəyi) ərizəçi tərəfindən təqdim olunub. Hökumətin təqdim etdiyi rəydə ifadə olunub ki, ərizəçinin tibbi problemləri onun öz ailəsi ilə danışmasından sonra intihara cəhd etməsindən qaynaqlanıb. Ərizəçinin təqdim etdiyi rəylərdəsə göstərilib ki, ərizəçi boğulma təşəbbüsünə və şiddətli hücuma məruz qalıb. Hökumətin təqdim etdiyi dəlillərin mübahisə edilən olaya yetərli aydınlıq gətirmədiyini ifadə edən AİHM İsrailə ekstradisiya edilməsini gözləyən ərizəçinin ailəvi səbəblərdən dolayı intihara cəhd etməsinin inandrıcı olmadığını vurğulayıb. Belə qənaətə gəlib ki, intihara cəhd yox, hücum, boğmağa təşəbbüs olayı baş verib və bunun təcridxana rəhbərliyinin bilgisindən kənar yaşanması inandırıcı deyil.

2-ci maddənin prosedur pozuntusu ilə bağlı qiymətləndirməsində AİHM ərizəçinin mübahisələndirdiyi olayın təsirli araşdırılmadığını, qeyri-effektiv olduğunu ifadə edir. Qeyd edir ki, araşdırma zamanı heç bir tibbi müayinə aparılmayıb. Məhz belə olaylarda çox önəmli alət olan video-kamera görüntüləri incələnməyib.