ŞƏRH: TAĞIYEV VƏ HÜSEYNOV AZƏRBAYCANA QARŞI – 5 dekabr 2019

TAĞIYEV VƏ HÜSEYNOV AZƏRBAYCANA QARŞI (Ərizə № 13274/08)

Nə baş vermişdi?

(Qeyd: 23 noyabr 2011-ci ildə ilk ərizəçi Tağıyev vəfat etdiyindən, 14 dekabr 2011-ci il tarixli məktubla ilk ərizəçinin həyat yoldaşı xanım Mailə Bulud qızı Tağıyevanın məhkəmə prosesinə onun əvəzinə davam etmək istəməsi barədə Məhkəməyə müraciət etmişdir. Məhkəmə buna qarşı çıxmamışdır)

İlk ərizəçi 1950-ci ildə anadan olmuş və məqalənin nəşr edildiyi vaxt Bakıda yaşamışdır. İkinci ərizəçi 1975-ci ildə anadan olmuş və hazırda Lənkəranda yaşamaqdadır. İlk ərizəçi Rafiq Tağı imzası ilə müxtəlif qəzet və mətbu orqanlarla əməkdaşlıq edən tanınmış yazıçı və köşə yazarı olmuşdur. İkinci ərizəçi isə “Sənət Qəzeti”nin baş redaktoru olmuşdur.

1 noyabr 2006-cı il tarixində “Sənət Qəzeti”nin 16 (060) nömrəli nəşrinin 24-cü səhifəsində ilk ərizəçinin imzası ilə “Avropa və biz” adlı məqalə çap edilmişdir. Bu, ilk ərizəçinin “Şərq-Qərb araşdırmaları” seriyasında yazdığı məqalələrdən biri idi. Məqalənin dərc olunmasından sonra ərizəçilər Azərbaycanın və İranın müxtəlif din xadimləri və qrupları tərəfindən ictimai tənqidlərə məruz qaldılar. Xüsusilə, 2006-cı ilin noyabrında İranın tanınmış dini liderlərindən biri Ayətullah Məhəmməd Fazil Lənkərani ərizəçilərin ölümünə çağırış edən dini fətva vermişdir. Məqalənin dərc olunması, eyni zamanda İranda Azərbaycan səfirliyinin və konsulluğunun qarşısında etirazlara səbəb olmuşdur.

11 noyabr 2006-cı ildə ərizəçilərə qarşı Cinayət Məcəlləsinin 283-cü maddəsinə (etnik, irqi, ictimai və ya dini nifrət və düşmənçiliyə təşəbbüs) əsasən cinayət işi başlandı.

İş materialındakı sənədlərdən görünür ki, 14 noyabr 2006-cı ildə iş üzrə müstəntiq mübahisəli məqalə ilə əlaqədar məhkəmə-linqvistik islamşünaslıq ekspertizası barədə əmr vermişdir. Xüsusilə, o, ekspertdən “Avropa və biz” məqaləsində dini nifrət və düşmənçiliyə səbəb ola biləcək elementlərin olub-olmadığını və bu elementlərin məqalənin hansı hissəsində öz əksini tapdığını müəyyənləşdirməyi istəmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ekspertiza şöbəsinin müdiri C. M. tərəfindən imzalanmış 11908 nömrəli rəydə müəllifin məqalədə istifadə etdiyi ifadələrlə fərdlər arasında İslama qarşı nifrət və düşmənçiliyi təbliğ etməyə çalışmaq, Şərq filosoflarını dəli və səfeh olduqlarını iddia edərək onları alçaltmaq və təhqir etmək məqsədi güdməsi kimi nəticəyə gələrək məqalədə dini nifrət və düşmənçiliyin alovlanmasına gətirib çıxaracaq elementlər olduğu qənaətinə gəlmişdir.

15 noyabr 2006-cı ildə Nəsimi Rayon Məhkəməsi ərizəçilərin məhkəməyə qədər həbs edilməsi barədə qərar çıxardı.

4 may 2007-ci ildə Səbayıl Rayon Məhkəməsi ilk ərizəçini Cinayət Məcəlləsinin 283.1-ci maddəsinə (ictimai və ya kütləvi informasiya vasitələrindən istifadə etməklə, etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyə təhrik etmə) əsasən təqsirli bilərək üç il müddətinə həbs cəzasına məhkum etdi. Məhkəmə həmçinin ikinci ərizəçini Cinayət Məcəlləsinin 283.2.2-ci maddəsinə (vəzifədən sui-istifadə etməklə, etnik, irqi, sosial və ya dini nifrət və düşmənçiliyə təhrik etmə) əsasən təqsirli bildi və 4 il müddətinə azadlıqdan məhrum etmişdir. Məhkəmə qərar çıxararkən, heç bir hüquqi qiymətləndirmə və əlavə izahat vermədən, məhkəmə ekspertizasının nəticələrinə istinad etmişdir. “Sənət qəzeti”nin işçiləri şahid kimi dindirilsələr də, onların ifadələri nəzərə alınmamışdır.

18 may 2007-ci ildə ərizəçilər Konvensiyanın 10-cu maddəsinə əsasən qorunan ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edərək, qərardan apelyasiya şikayəti verdilər. Apellyasiya məhkəmədi birinci instansiya məhkəməsinin qərarını eyni əsaslandırma ilə qüvvədə saxladı.

31 avqust 2007-ci il tarixində ərizəçilər əvvəlki şikayətlərini təkrarlayaraq, apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verdilər. Ali Məhkəmə isə apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı.

Ərizəçilər 28 dekabr 2007-ci il tarixində Prezidentin əfv fərmanı ilə bir il bir aydan sonra həbs cəzalarının qalan hissəsini çəkməkdən azad edildilər.

19 noyabr 2011-ci il tarixində ilk ərizəçi işdən evə qayıdarkən naməlum şəxs tərəfindən bıçaqlandı, cinayətkar isə hadisə yerindən qaçdı. 23 Noyabr 2011 tarixində ilk ərizəçi xəstəxanada vəfat etdi.

AİHM QARŞISINDA QALDIRILAN POZUNTULAR

Əriəzçilər Konvensiyanın 7-ci (qanunla nəzərdə tutulmayan cəzanın yolverilməzliyi), 9-cu (fikir, vicdan və din azadlığı) və 10-cu (fikir ifadə etmək azadlığı) maddələri ilə qorunan hüquqlarının pozulduğunu iddia etdilər.

Ərizəçilər “Avropa və biz” məqaləsinin dərc edilməsinə görə, cinayət məsuliyyətinə cəlb olunmalarının onların ifadə azadlığı hüquqlarına əsassız müdaxilə olduğunu bəyan etdilər.Onlar iddia etmişdirlər ki, yerli məhkəmələr öz qərarlarını lazımi şəkildə əsaslandırmayaraq yalnız ekspertiza rəyinə istinad ediblər. Bununla belə, onların iddiasına görə, sözügedən məqalə dini nifrət və düşmənçiliyə təhrik kimi xarakterizə edilə bilməz, çünki o, yalnız Avropa və Şərq humanist dəyərləri və insan hüquqları anlayışları kontekstində İslam və Xristianlıq arasında müqayisə aparmaq niyyəti güdmüşdür.
Məhkəmə isə işi 10-cu maddənin kontekstində araşdırdı.

AVROPA MƏHKƏMƏSİNİN QİYMƏTLƏNDİRMƏSİ – 10-CU MADDƏ İLƏ BAĞLI

AİHM Tağıyev və Hüseynova münasibətdə Konvensiyanın 10-cu maddəsinin pozulduğuna qərar verdi.

Məhkəmə qeyd etdi ki, nə qədər ki, müzakirə olunan ifadələr nifrət və ya dini dözümsüzlüyə səbəb olmur, hansısa bir dini qrup onların dini inanclarının başqaları tərəfindən inkar olunmasına və hətta onların inanclarına düşmən olan doktrinaların başqaları tərəfindən təbliğ olunmasına dözümlü yanaşmalıdır. Beləliklə, “Avropa və biz” məqaləsində İslam və onun sosial, fəlsəfi məqsədləri ilə bağlı bir neçə irad olsa da, mətni bütövlükdə oxuyanda aydın olur ki, məqalə əsasən Qərb və Şərq dəyərlərinin müqayisəsi ilə əlaqədardır, müəllifin bu dəyərlərin formalaşmasında dinin rolu, habelə həmin dəyərlərin dünyada və Azərbaycanda insan hüquqları və inkişafı kontekstində təsiri barədəki fikirlərini ifadə edir. Buna görə də məqalə yalnız dini etiqadla əlaqəli bir məsələ kontekstində deyil, eyni zamanda ictimai maraq kəsb edən bir məsələ, yəni bir dinin cəmiyyətdəki və onun inkişafındakı rolunda mübahisə doğuran məsələ kontekstində analiz edilməlidir.

Yerli məhkəmələrin mətndəki mübahisəli mülahizələri dini nifrət və düşmənçiliyə təhrik kimi xarakterizə etməsinə gəldikdə, bəzi mülahizələr, xüsusən, Məhəmməd Peyğəmbərə və Avropada yaşayan müsəlmanlara dair mülahizələr bəzi dindarlar tərəfindən İslam Peyğəmbərinə və Avropada yaşayan müsəlmanlara qarşı dini nifrətə səbəb ola biləcək təhqiramiz hücum kimi görünə bilər. Buna baxmayaraq, hər şeydən əvvəl milli hakimiyyət qurumları müdaxiləni əsaslandıracaq müvafiq və yetərli səbəblər irəli sürməli və ərizəçilərin ifadə azadlıqlarının dindar insanların öz inanclarına görə təhqir olunmamaları hüquqlarının qorunması ilə tarazlaşdırmaqla, mübahisə doğuran mülahizələrin müfəssəl qiymətləndirilməsini həyata keçirməlidir.

Beləliklə, məhkəmə yerli məhkəmələrin məsələ ilə əlaqədar müdaxiləni əsaslandırmaq üçün irəli sürdükləri səbəbləri müvafiq və yetərli kimi qəbul etmədi və bildirdi ki, yerli məhkəmələr ekspertiza rəyini araşdırmadan, sadəcə olaraq onun nəticələrini təsdiq ediblər. Müvafiq qiymətləndirmə, məsələn, müəyyən sözlərin və ifadələrin mənasını və ya onların din nöqteyi-nəzərindən əhəmiyyətini təyin etmək kimi sadə dil və dini məsələlərinin həllindən çox uzağa getmiş və mahiyyət etibarilə, sadəcə olaraq mübahisəli mülahizələrlə bağlı hüquqi xarakteristikanı təmin etmişdir. Yerli məhkəmələr müəllifin niyyətini, müzakirə olunan məsələnin və digər müvafiq elementlərin ictimai əhəmiyyətini dəyərləndirməməklə, mübahisəli mülahizələri ümumi konkteksdən və məqalənin məzmunundan kənarda analiz etmişdirlər. Halbuki bu cür məsələlərdə yerli məhkəmələrdən tələb olunan budur ki, məsələnin kontekstinin, ictimai marağın və mübahisəli məqalə müəllifinin niyyətinin şişirtmədən və ya təxribatdan mümkün istifadəyə haqq qazandırıb-qazandırmadığını nəzərə alsınlar. Yerli məhkəmələr qərarlarında ərizəçilərin ifadə azadlığı hüquqları ilə dindar insanların inanclarına görə təhqir olunamamaları hüquqlarının təmin olunmasında balans yaratmağa ümumiyyətlə, cəhd belə etməmişdirlər.

Məhkəmə bundan sonra cinayət əməlinə görə mühakimə olunaraq üç və dörd il müddətinə azadlıqdan məhrum edilmiş, müvafiq olaraq bir il bir aydan çox həbsdə qalmış ərizəçilərə verilən cəzaların kəskinliyinə diqqət yetirməyi də zəruri hesab edərək,ndigər müdaxilə və təkzib vasitələri olduğu təqdirdə, cinayət məhkumiyyəti çox ağır sanksiya olduğunu bildirdi.Bundan əlavə, həbsetmə milli məhkəmələrdə prinsipial məsələ olsa belə, Məhkəmə cari məsələdəki şərtlərin ərizəçilərə bu cür sərt cəzalar verilməsinə haqq qazandıra biləcəyini hesab etmir, ki bunlar həmçinin Azərbaycandakı ifadə azadlıqları təcrübəsinə xələlgətirici təsir göstərə və mətbuatın dinlə əlaqədar mövzulardan və dinin cəmiyyətdəki və ictimai maraq kəsb edən digər məsələlərdəki roluna dair mövzulardan yayınmasına gətirib çıxara bilər.

Məhkəmə ərizəçilərin cinayət məhkumiyyətinin məqsəduyğun olmadığı və müvafiq olaraq “demokratik cəmiyyətdə zəruri olmadığı” barədə nəticəyə gəldi..

Yekunda Məhkəmə hər bir ərizəçiyə mənəvi zərərə görə 12.000 avro məbləğində, xərc və məsrəflərə görə 850 avro kompensasiya ödənilməsinə qərar verdi.