ŞƏRH: SƏTULLAYEV AZƏRBAYCANA QARŞI – 19 mart 2020

SƏTULLAYEV AZƏRBAYCANA QARŞI (Ərizə № 22004/11)

Nə baş vermişdi?

Süleyman Sətullayev (bundan sonra, ərizəçi) 1976-cı ildə Sumqayıtda anadan olub və orada yaşayırdı O, aşağıda göstərilən hadisələr baş verən zaman, Sumqayıtda yerləşən ailəsinə məxus mağazada dükan köməkçisi işləyirdi. 20 avqust 2008-ci il saat 6:15-də sivil geyimli iki polis məmuru dükana girib ərizəçidən su istəyib. Ərizəçi onlara bir şüşə su verdikdə, polis əməkdaşları olduqlarını və mağazada narkotik alveri edilməsi ilə bağlı məlumat aldıqlarından mağazada axtarış aparacaqlarını söyləyiblər. O anda dükana başqa sivil geyimli polislər daxil olub. Ərizəçi axtarış qərarına etiraz edərək, axtarış qərarının ona göstərilməsini tələb edib, ancaq 4 saylı Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini R. B. digər polis işçilərinə ərizəçini qandallamağı əmr edib. Ərizəçi axtarışa etirazını davam etdirərək, polislərdən müvafiq sənədləri göstərmələrini tələb edib. Onun bu tələbəinə cavab olarar R.B. onu təhqir edib və başqa bir polis əməkdaşı ona qapaz vurub. Ərizəçinin atası və anası axtarış başa çatmadan dükana gəlib. Axtarışdan sonra ərizəçi 4 saylı Sumqayıt şəhər Polis İdarəsinə aparılıb.. Saat 1.30-a qədər orada saxlanıldıqdan sonra 21 Avqust 2008-ci ildə polis bölməsindən çıxmağına icazə verilib. Bu müddətdə ərzində üç saata yaxın qandallı qalıb.

Hökumət isə polis əməkdaşlarının ərizəçinin idarə etdiyi mağazaya daxil olub oğurlanmış SİM kartları, siqaretləri və yeməkləri satdığına dair iddia ilə bağlı onu dindirdikərini və dindirməni davam etdirmək zəruri olduğundan ərizəçini polis bölməsinə dəvət etdiklərini və orada otuz dəqiqə dindirildiyini bildirib. Bununla belə, hökumət polisin ərizəçiyə qarşı pis rəftar göstərmədiyini vurğulayıb.

Ərizəçi polis tərəfindən pis rəftara məruz qalması və qanunsuz tutulması ilə bağlı cinayət işinin açılması üçün şikayət edib. Ərizəçi şikayətinin surətini Məhkəməyə təqdim etməyib. 31 avqust 2008-ci ildə bu işə baxan müstəntiq ərizəçinin məhkəmə-tibbi ekspertizası haqqında qərar verib; Ərizəçinin müayinəsini aparan eskpert öz rəyini 1 sentyabr 2008-ci ildə təqdim edib. 800 Nömrəli məhkəmə-tibbi ekspertizasının rəyinə görə ərizəçinin bədənində xəsarət və ya onun izləri aşkar edilməyib.

Sumqayıt Şəhər Polis İdarəsinin 20 sentyabr 2008-ci il tarixli qərarı ilə iki polis əməkdaşı, R.B. və E.A. 20 Avqust 2008-ci il tarixli əməliyyatı səriştəsiz apardıqları üçün intizam məsuliyyətinə cəlb edilib. Bu qərara əsasən E.A. intizam tənbehinə məruz qalıb, amma R.B. bir illik təhsil məzuniyyətinə göndərildiyindən ona qarşı intizam tənbehi tətbiq olunmayıb.

13 oktyabr 2008-ci ildə Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi ərizəçi ilə pis rəftar edilmədiyini və onun tutulmadığını hesab edərək hadisədə iştirak etmiş polis əməkdaşlarına qarşı cinayət işi açmaqdan imtina edib. Bu zaman müstəntiq dörd polis əməkdaşının ifadələrinə əsaslanıb. Həmin ifadələrə görə onlar dükanda axtarış aparmayıblar, sadəcə ərizəçidən onlarla birgə polis bölməsinə gəlməsini istəyiblər və ərizəçi də onların bu istəyinə əməl edib. Bundan başqa, ərizəçinin əlinin qandallanmadığını və onun otuz dəqiqəlik söhbətdən sonra polis bölməsini tərk etdiyini bildiriblər. Müstəntiq həmçinin məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ərizəçinin bədənində xəsarət izlərinin aşkar edilmədiyini, əlavə olaraq, əməliyyatı səriştəsiz apardıqları üçün poli əməkdaşları E.A. və R.B.-yə intizam icraatı başlandığını qeyd edib.

Ərizəçi müstəntiqin səmərəli araşdırma aparmamasından və hadisə şahidilərinin hamısını dindirməməsindən Sumqayıt Şəhər Məhkəməsinə şikayət edib. Məhkəmə mütəntiqin qərarını ləğv dib və istintaq orqanlarına yeni istintaqın aparılması ilə bağlı göstəriş verib. Məhkəmə müstəntiqin yalnız polis əməkdaşlarının ifadələri və tibbi ekspertiza rəyinə əsaslandığından istintaqı səmərəli aparmadığı qənaətinə gəlib. Məhkəmə müəyyən edib ki, müstəntiq ərizəçinin anasını dindirməyib və istintaq zamanı ərizəçinin atası, qardaşı və dükanın yerləşdiyi ərazidə yaşayan başqa dörd nəfər tərəfindən verilən ifadələrə fikir verməyib.

1 mart 2010-cu ildə Sumqayıt Şəhər Prokurorluğunun prokuror müavini yuxarıda göstərilən polis əməkdaşlarının ərizəçini vurduğunu və ya onu polis bölməsində qanunsuz olaraq saxladığını müəyyən etmədiklərindən cinayət işi açmaqdan imtina edib. Prokuror polis əməkdaşlarının ifadələrinə və 1 sentyabr 2008-ci il tarixli məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanıb. Ərizəçinin ailə üzvlərinin (atası, anası və qardaşı) və dükanın yerləşdiyi ərazinin dörd sakininin ifadələrinə gəldikdə, prokuror qeyd edib ki, həmin şahidlər ərizəçinin qandallandığını və polis bölməsinə aparıldığını bildiriblər. Ancaq prokuror, ifadələrin etibarlı sayıla bilməyəcəyini, çünki işin nəticəsində maraqlı olan insanlar tərəfindən verildiyini söyləyib.

1 iyun 2010-cu ildə ərizəçi prokurorun qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət edərək əvvəlki arqumentlərini təkrarlayıb. O, ailə üzvləri və yuxarıda adı çəkilən digər şəxslərin verdiyi şahid ifadələrinə prokurorun verdiyi qiymətləndirməni mübahisələndirib.Məhkəmə prokurorun araşdırmanı səmərəli apardığını və bu qərarı ləğv etmək üçün heç bir əsas olmadığını bildirərək ərizəçinin şikayətini rədd edib. Məhkəmə, iki polis əməkdaşının intizam məsuliyyətinə cəlb olunmasına da istinad edib və istintaq orqanları tərəfindən şahid ifadələrinin qiymətləndirilməsi ilə bağlı ərizəçinin şikayətinə heç bir münasibət bildirməyib.

23 sentyabr 2010-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu qərardan kasassiya şikayəti verilə bilməzdi. İş materiallarında ərizəçinin bu qərarın nüsxəsi ilə təmin edildiyi tarix barədə məlumat yoxdur.

ALTI AYLIQ PRESEDURA ƏMƏL OLUNMAMASI İLƏ BAĞLI HÖKÜMƏTİN ETİRAZI

Hökumət, ərizəçinin altı aylıq qaydalara əməl etmədiyi üçün ərizənin qəbuledilməz elan edilməli olduğunu bildirib. Ərizəçi Hökümətin bu iddiasını mübahisələndirərək qeyd edib edib ki, ərizə 17 mart 2011-ci ildə Məhkəməyə göndərilib. İşin materiallarını araşdıraraq, Məhkəmə bildirir ki, ərizənin içində olduğu zərfin üzərində onun 4 aprel 2011-ci il tarixdə Məhkəmə Reyestri tərəfindən alınması ilə bağlı möhür var. Ancaq hazırki ərizə ərizəçi tərəfindən 17 mart 2011-ci il tarixində imzalanıb və ərizənin içində oldğu zərf isə 18 mart 2011-ci ildə Azərbaycandan göndərilib. Buna görə ərizəçi altı aylıq müddətə riayət etmiş sayılır. Bu səbəbdən Məhkəmə Hökumətin etirazını qəbul etmir.

AİHM QARŞISINDA QALDIRILAN POZUNTULAR

Ərizəçi polis tərəfindən pis rəftara məruz qaldığından və ölkədaxili hakimiyyət orqanlarının onun pis rəftarla bağlı iddiasını araşdırmadığından şikayət etdi və ölkədaxili hakimiyyət orqanlarının onun pis rəftara məruz qalması ilə bağlı səmərəli araşdırma aparmadığını bildirdi. O, polis işçilərindən birinin əlinin ovucu ilə onun başına vurduğunu, lakin 1 sentyabr 2008-ci il tarixli məhkəmə-tibbi ekspertizası gec aparıldığı üçün bədənində heç bir iz aşkar edilməyini vurğuladı. (Konvensiyanın 3-cü maddəsi (həm maddi, həm prosessual baxımdan)).

Ərizəçi Konvensiyanın 5-ci maddəsinə əsasən, onun 20 avqust 2008-ci ildə polis tərəfindən saxlanılması və tutulmasının qanunsuz olmasından şikayət etdi (Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi).

Avropa Məhkəməsinin qiymətləndirməsi – 3-cü maddənin maddi pozuntusu ilə bağlı

Məhkəmə S.Sətullayevin işgəncəyə mərzuz qalmamaq hüququnun maddi formada pozulmadığına qərar verdi.

Məhkəmə qeyd edir ki, ərizəçi 20 avqust 2008-ci ildə polisin onun başına qapaz vurmasını iddia etsə də, bu hadisə ilə bağlı daha ətraflı məlumat verə və ya iddiasını dəstəkləyən hər hansı bir tibbi sübut təqdim edə bilmədi. Ərizəçinin məhkəmə-tibbi ekpertiza müayinəsi də onun bədənində xəsarəti aşkar etməyib.Bu səbəbdən Məhkəmə ərizəçinin məhkəmə-tibbi ekspertizanın gec keçirildiyi üçün gəldiyi rəyi mübahisələndirməsini qəbul edə bilməz.

Bundan əlavə, ərizəçinin Məhkəməyə şikayət ərizəsinin surətini verə bilmədiyini və ya şikayətinin verilmə tarixini göstərə bilməməsini nəzərə alsaq Məhkəmə, müstəntiqin məhkəmə-tibbi ekspertiza təyin etməsi barədə qərarının vaxtında olub-olmadığını müəyyən edə bilməz.

Məhkəmə daha sonra qeyd edir ki, 20 avqust 2008-ci il tarixində baş verdiyi iddia olunan pis rəftar kimi rəftarlar həmişə izlərin qalmasına səbəb olmamalıdır. Lakin, hazırkı işdə ərizəçi Məhkəməyə pis rəftara dair iddiasını dəstəkləyən başqa sübut təqdim edə bilməyib. Bundan əlavə, o, şikayətini dəstəkləmək üçün istintaq zamanı verilmiş şahid ifadələrinə istinad etsə də, işdəki sənədlərdən şahidlərin ərizəçinin polis tərəfindən döyülməsi ilə bağlı hər hansı bir ifadə verdikləri görünmür. Beləliklə, ərizəçinin 20 avqust 2008-ci il tarixində polis tərəfindən pis rəftara məruz qalması ilə bağlı sübutlar “əsaslı şübhə” standartına cavab vermir. Bu isə Məhkəmənin ərizəçinin pis rəftara məruz qalması nəticəsinə gəlməyinə mane olur. Beləliklə, Məhkəmə ərizəçinin pis rəftara məruz qalmasına münasibətdə Konvensiyanın 3-cü maddəsinin maddi (substantiv) pozuntusunu müəyyən edə bilmir.

Avropa Məhkəməsinin qiymətləndirməsi – 3-cü maddənin prosessual pozuntusu ilə bağlı (səmərəli araşdırma aparılmaması)

Məhkəmə işgəncəyə mərzuz qalmamaqla bağlı səmərəli araşdırma aparılmaması qərarına gəldi.

Məhkəmə qeyd etdi ki, ərizəçinin 20 avqust 2008-ci ildə polis tərəfindən pis rəftara məruz qalması barədə şikayətindən sonra istintaq orqanları cinayət istintaqı aparıblar; lakin, Sumqayıt Şəhər Prokurorluğunun prokuror müavini ərizəçinin pis rəftara məruz qalması iddiası ilə əlaqədar cinayət işi açmaqdan imtina edib. Bu qərar ölkədaxili məhkəmələr tərəfindən də qəbul edilib. Bu halda cinayət istintaqının 3-cü Maddənin tələb etdiyi kimi səmərəli aparılıb-aparılmadığını qiymətləndirmək qalır. Burada isə Məhkəmə ölkədaxili hakimiyyət orqanlarının apardığı cinayət istintaqında bir sıra nöqsanları müşahidə edib. Belə ki, ölkədaxili hakimiyyət orqanları ərizəçinin iddia edilən pis rəftara məruz qalması ilə bağlı sübutları təmin etmək üçün əllərindən gələni etməyiblər. Xüsusilə, polis işçilərinin ifadələri ərizəçinin hadisələri təqdim etmə versiyası ilə açıq-aşkar ziddiyyət təşkil etsə də, işə cavabdeh müstəntiq ərizəçi ilə polis əməkdaşları arasında üzbəüz qarşılaşdırma aparmayıb. Müstəntiq ərizəçinin iddia edilən pis rəftara məruz qalması ilə bağlı günahkarı təyin etmək üçün şəxsiyyəti müəyyənləşdirən heç bir istintaq tədbiri görməyib.

Nə prokurorluq orqanları, nə də ölkədaxili məhkəmələr öz qərarlarında polis əməkdaşının ifadələrini niyə etibarlı hesab etdikləri, lakin ərizəçinin təqdimatlarını etibarlı hesab etmədikləri barədə izahat verməyiblər. Xüsusilə, 20 avqust 2008-ci il hadisələri ilə əlaqədar iki polis əməkdaşı intizam məsuliyyətinə cəlb olunsa da, həmin polis əməkdaşları tərəfindən irəli sürülmüş hadisənin versiyası ölkədaxili hakimiyyət orqanları və məhkəmələr tərəfindən asanlıqla qəbul edilib və heç vaxt ciddi şəkildə sorğu-sual edilməyib. Bütün bunlar Məhkəməyə ərizəçinin pis rəftara məruz qalması iddiasının araşdırmasının nəticəsiz qaldığı qənaətinə gəlməsi üçün kifayət etdi.

Avropa Məhkəməsinin qiymətləndirməsi – 5-ci maddənin 1-ci bəndinin pozulması ilə bağlı

Məhkəmə Ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qərarına gəldi.

Məhkəmə qeyd etdi ki, 5-ci Maddənin 1-ci bəndi çox qısa müddətə azadlıqdan məhrum edilmələrə də şamil edilə bilər. Hazırkı işdə, ərizəçi polis bölməsinə aparıldığını və altı saat müddətində orada tutulduğunu bildirsə də, Hökümət ərizəçinin polis bölməsinə dəvət edilib orada otuz dəqiqə sorğu-sual edildiyi üçün ərizəçinin 5-ci Maddənin mənası daxilində tutulmadığını bildirdi. Məhkəmə hökumətin iddiasını qəbul etmədi. Ərizəçinin polis bölməsinin əməkdaşları tərəfindən polis bölməsinə aparıldığı və onların icazəsi olmadan polis bölməsindən çıxmaqda sərbəst olmadığı şübhəsizdir. Beləliklə, burada 5-ci Maddənin 1-ci bəndinin mənası daxilində azadlıqdan məhrum edilməni göstərən məcburiyyət elementi var. Ərizəçinin nə qədər azadlıqdan məhrum edildiyi müddətinə gəldikdə is, Hökumətin mövqeyini təsdiqləyən heç bir rəsmi sənəd olmadığı üçün şübhə ilə bağlı üstünlük ərizəçinin dediklərinə verilməlidir. Çünki burada Hökumət, uyğun və inandırıcı dəlillərlə dəstəklənən, hadisənin hər saatını qeydə alan hesabat təqdim etməli idi. Məhkəmə Hökumətdən bu işin ölkədaxili prosesinə aid bütün sənədlərin surətlərini təqdim etməsini açıq şəkildə xahiş etsə də, Hökumət ərizəçinin hazırki şikayətinə aid olan sənədləri, məsələn polisin qeyd dəftərindən müvafiq çıxarışları, polis tərəfindən dindirilmə ilə bağlı qeydləri və ya ərizəçinin tutulması ilə bağlı hər hansı digər sənədi təqdim edə bilmədi.

Məhkəmə ərizəçinin azadlığının məhdudlaşdırılmasının heç bir sənədlə rəsmiləşdirilmədiyini bildirdi. Bununla bağlı məhkəmə qeyd etdi ki, bir şəxsin qeyd alınmadan tutulması Konvensiyanın 5-ci maddəsində əksini tapan prinsipial olaraq ən önəmli qorumasının tamamilə inkar edilməsi və bu müddəanın kobud şəkildə pozulması deməkdir.

AİHM yekunda ərizəçiyə mənəvi ziyana görə, 6000 avro, xərc və məsrəflərə görə 500 avro təzminat ödənilməsinə qərar verdi.