ŞƏRH: PAŞAYEV VƏ BAŞQALARI AZƏRBAYCANA QARŞI – 14 yanvar 2021

PAŞAYEV və BAŞQALARI AZƏRBAYCANA QARŞI

Nə baş vermişdi?

Paşayev və digərləri Azərbaycana qarşı işdə Ərizəçilər 2007-ci ildə Quba rayonunda dostlarının evində istirahət məqsədi ilə qalmaq istəyiblər. Həmin gün polis əməkdaşları onların qeydiyyat ünvanını yoxlayarkən bildirib ki, onlar müvəqqəti qeydiyyat qaydalarını pozublar və buna görə də rayonu dərhal tərk etməlidirlər. Ərizəçilər etiraz olaraq qeyd ediblər ki, həftə sonu istirahət üçün rayona gəliblər, lakin polis əməkdaşları onların İnzibati Xətalar Məcəlləsinin normalarını pozduğunu bildirib. Nəticədə Ərizəçilər rayonu tərk etməyə məcbur olublar.

Ərizəçilər hüquq mühafizə orqanlarına şikayət edərək göstəriblər ki, polis əməkdaşlarının onları Quba rayonundan çıxarmasının yeganə səbəbi onların uzun saqqallı olması və ənənəvi islam paltarı geyinmələri olub.

Quba rayon Polis İdarəsindən daxil olan məktubda göstərilib ki, polis əməkdaşı Ərizəçilərin Quba rayonunda müvəqqəti qeydiyyata alınmalarını tələb edib və onlara qarşı pis rəftar etmədiyinə baxmayaraq Ərizəçilər Quba rayonunu tərk edib.

Ərizəçilər Quba rayon məhkəməsinin dəftərxanasına iddia təqdim ediblər, lakin dəftərxana həmin şikayəti qəbul etməkdən imtina edib, buna görə də Ərizəçilər iddia ərizəsini poçt vasitəsi ilə məhkəməyə göndəriblər. Onlar məhkəmədən sərbəst hərəkət etmək azadlığı hüququnun və dini ayrı seçkiliyə məruz qalmaq hüququnun pozuntusunun tanınmasını və 5000 manat kompensasiya ödənilməsini xahiş ediblər. Ərizəçilər Məhkəməyə poçt qəbzini göndəriblər, lakin iddianın qəbul edilməsi barədə hər hansı sübut təqdim etməyiblər.

Bir neçə ay sonra Ərizəçilər məhkəmə ilə əlaqə saxlayıblar, məhkəmədən bildiriblər ki, onlara belə iddia daxil olmayıb, iddia göndərilərsə, ona baxılacaq. Ərizəçilər bundan sonra hər hansı addım atmayıblar.

Avropa Məhkəməsində icraat – Hökumətin təqdimatları

Azərbaycan Höküməti Ərizəçilərin daxili müdafiə vasitələrini tükəndirmədiyini bildirib və qeyd edib ki, Ərizəçilər məhkəməyə şikayət verməyiblər, onlar həmçinin alternativ müraciət imkanlarından da istifadə etməyib, belə ki, o vaxtkı qanunvericiliyə görə Ərizəçilər yaşayış yeri üzrə Bakı şəhərində də iddia qaldıra bilərdilər.

Hökumət bildirib ki, ərizəçinin daxili məhkəmələrə göndərdiyi şikayətlərin tarixləri ilə bağlı uyğunsuzluq olub, çünki həm ilkin ərizədə və həm də Məhkəməyə təqdim etdiyi sənədlərdə bəzi şikayətlərin ərizəçi tərəfindən göstərilən tarixlərində fərqlər olub. Hökumət ərizəçinin cinayət prosesini həyata keçirən orqanlara təqdim etdiyi şikayətlərin həqiqətəuyğun olması ilə də razılaşmayıb.

Avropa Məhkəməsinin yanaşması

Məhkəmə göstərib ki, Ərizəçilər daxili müdafiə vasitələrinin səmərəli və adekvat olmadığını bildirməyiblər. Ərizəçilər sadəcə iddianın məhkəməyə göndərildiyinə dair poçt qəbzini təqdim edib, lakin iddianın məhkəmə tərəfindən qəbul edilməsinə dair hər hansı sübut təqdim etməyiblər. Ərizəçilər Quba məhkəməsindən məktub aldıqdan sonra da lazımi qaydada addım atmayıblar, həmçinin alternativ variantlardan da istifadə etməyiblər. Buna görə də onların şikayəti qəbul edilməz hesab edilib.

Şikayətin məhkəməyə göndərilməsi, lakin ona baxılmaması ilə bağlı Mehdiyev Azərbaycana qarşı (59075/09) iş üzrə qərarda da qiymət verilib. Lakin bu işdən fərqli olaraq Mehdiyev işində Məhkəmə pozuntu faktını tanımışdı. Həmin işdə Həkimeldostu Mehdiyev həbs edilməsi, işgəncəyə məruz qalması ilə bağlı Şərur rayon məhkəməsinə şikayət verib və şikayətin məhkəməyə çatmasını təsdiq edən xəbərnaməni də Məhkəməyə təqdim edib. Şərur rayon məhkəməsi tərəfindən cavab almadıqda Naxçıvan MR Ali Məhkəməsinə və Məhkəmə Hüquq Şurasına şikayət edib, onlar da şikayəti Şərur rayon məhkəməsinə göndəriblər. Lakin Şərur rayon məhkəməsi ərizələrə cavab verməyib.

Məhkəmə göstərib ki, ərizəçinin ilkin ərizəsində bəzi şikayətlərinin göndərildiyi tarixlərlə bağlı uyğunsuzluq olmasına baxmayaraq, onun Məhkəməyə təqdim etdiyi materiallarda o, şikayətlərinin daxili məhkəmələrə göndərildiyi dəqiq tarixləri təsdiq edən poçt qəbzlərini məhkəməyə təqdim edə bilib. Hökumətin ərizəçinin cinayət prosesini həyata keçirən orqanlara göndərdiyi şikayətlərinin həqiqətəuyğun olduğuna inanmadığını ümumi şəkildə və heç bir sübut təqdim etmədən bildirməsi ərizənin fərdi müraciət hüququndan sui-istifadə olması hesab edilərək qəbuledilməz elan olunması üçün heç bir əsas yaratmır.

Buna görə də, Məhkəmə hesab edib ki, hazırkı işdə ərizənin fərdi müraciət hüququndan sui-istifadə olması hesab edilərək, qəbuledilən elan olunmasına rəvac verən heç bir şərt yoxdur.