Mustafa Hacılı Azərbaycana qarşı (ərizə № 42119/12)
Nə baş vermişdi?
Ərizəçi, Mustafa Mustafa oğlu Hacılı, 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır. O jurnalist olmuşdur və hadisələr baş verən vaxt Demokrat qəzetinin redaktoru idi. O həmçinin Müsavat Partiyasının üzvü olmuşdur. İş ərizəçiyə polis işçiləri tərəfindən hücum olunması və müvafiq orqanların hadisəni lazımınca araşdırmadıqlarına dair iddialarla bağlıdır.
2 aprel 2011-ci il tarixində cənab Hacılı bir neçə müxalif partiya tərəfindən həmin gün Bakının Fəvvarələr Meydanında keçirilən nümayişdə iştirak etmək niyyətində idi, lakin meydana gəldikdən sonra o, bir qrup polis əməkdaşı tərəfindən tutulmuşdur. Cənab Hacılı iddia edir ki, o, Nəsimi Rayon Polis İdarəsinə aparılmış və digər tutulan şəxslərlə birlikdə müvəqqəti saxlama təcridxanasının gəzinti həyətində saxlanmışdır. Bir neçə dəqiqə sonra, polis bölməsinin rəis müavini, S.N., həyətə daxil olmuşdur. Onu iki nəfər müşayiət etmişdir, onlardan biri polis forması geyinmiş, digəri isə mülki geyimdə olmuşdur. Cənab Hacılıya əsasən o, özünü jurnalist kimi təqdim etmiş və S.N.-dən nəyə görə tutulduğunu soruşmuşdur. Ərizəçi iddia edir ki, bundan sonra S.N.-i müşayiət edən iki şəxs onun qollarından tutmuş, S.N. isə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik vurmuşdur. Daha sonra onlar təcridxananı tərk etmişlər. Hökumət döyülmə faktının baş vermədiyini iddia edir.
İki gündən sonra, cənab Hacılı hadisə ilə əlaqədar Nəsimi rayon prokurorluğuna şikayətlə müraciət etmişdir. İşə baxan müstəntiq cənab Hacılıdan və hadisə baş verən vaxt həyətdə olan digər iki nəfər tutulmuş şəxsin ifadələrini almışdır. Cənab Hacılının ifadəsi şikayətində verdiyi ifadəylə üst-üstə düşmüşdür və digər iki şahid də onun döyüldüyünü təsdiq etmişdir. Ekspertiza nəticəsində cənab Hacılının baldırında qançır aşkar edilmiş və xəsarətin yetirilmə tarixinin 2 aprel 2011-ci il tarixinə uyğun gəldiyi qeyd olunmuşdur. Müstəntiq həmçinin hadisə ilə bağlı S.N.-i və dörd polis əməkdaşını dindirmişdir. Onların hamısı döyülmə faktının baş verdiyini təkzib etmişlər. 25 aprel 2011-ci il tarixində Nəsimi rayon prokurorluğunun prokuror müavini hadisə ilə bağlı cinayət işi başlamaqdan imtina etmişdir.
Cənab Hacılı bu qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət verərək qərarın əsassız olduğunu iddia etmişdir. Xüsusilə, cənab Hacılı şikayət etmişdir ki, prokuror nə şahid ifadələrini, nə də ekspert rəyini nəzərə almış və xəsarətin hansı şəraitdə yetirildiyini izah edə bilməmişdir. Cənab Hacılının şikayəti 24 yanvar 2012-ci il tarixində məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, prokurorun qərarı qanuni və əsaslı olmuşdur və cənab Hacılının bədənində qançır olsa da, onun S.N. tərəfindən yetirildiyi sübuta yetirilməmişdir.
Məhkəmə hadisələrin cənab Hacılı tərəfindən verilmiş təsvirini təsdiq edən şahid ifadələrini nəzərə almamışdır. Cənab Hacılı bu qərardan apellyasiya şikayəti verərək əvvəlki şikayətlərini təkrarlamışdır. Buna baxmayaraq, onun şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən 6 fevral 2012-ci il tarixində rədd edilmişdir.
Cənab Hacılı 3-cü maddəyə (işgəncələrin qadağan olunması) və 13-cü maddəyə (səmərəli hüquqi müdafiə vasitələri hüququ) istinad edərək polis tərəfindən pis rəftara məruz qalmasından və milli orqanların onun iddialarını araşdırmamalarından şikayət edirdi.
MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ
Konvensiyanın 3-cü maddəsinin pozuntusu (polis tərəfindən pis rəftarla bağlı) baş verib;
Konvensiyanın 3-cü maddəsinin pozuntusu (pis rəftarla bağlı səmərəli araşdırmanın aparılmaması) baş verib;
Ədalətli kompensasiya: 10 000 avro (mənəvi zərər) və 3 000 avro (məhkəmə xərcləri və digər məsrəflər) baş verib;