Bağırov Azərbaycana qarşı;
Ərizə №.81024/12 28198/15; 25/06/2020
Bu işdə ərizəçi vəkil, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Xalid Bağırov idi. X.Bağırov 2011-ci ildə Azərbaycanda hüquq peşəsinin qarşılaşdığı problemlərin müzakirə olunduğu ictimai toplantıya qatılmış, orda konkret məhkəmə işindən çıxış edərək, polis zorakılığından bəhs etmişdi. Fikirlərinin yerli mediada yayılmasının ardınca, Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Vəkillər Kollegiyasına ondan şikayət etmiş, kollegiya isə öz növbəsində X.Bağırov barəsində intizam icraatı başlamışdı. Nəticədə kollegiya onun vəkillik fəaliyyətini bir illiyə dayandırmışdı.
Vəkillər Kollegiyası X.Bağırova qarşı 2014-cü ildə yenidən intizam icraatı başlamışdı. Bu dəfə intizam icraatı X.Bağırovun siyasətçi İlqar Məmmədovu cinayət işi üzrə müdafiə edərkən verdiyi açıqlamalarla bağlı idi. Həmin vaxt kollegiya X.Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət etmiş, məhkəmə kollegiyanın istəyini təmin etmişdi. Məhkəmələr hesab etmişdilər ki, X.Bağırov məhkəmə hakimiyyətinin durumu və xüsusilə bir hakimə yönəlik ifadələri ilə “dövlətə kölgə salıb” və “məhkəmə sisteminin etibarını zədələyib”.
AİHM qərarında hesab etdi ki, X.Bağırovun vəkillik fəaliyyətinin dayandırılması və daha sonra ona xitam verilməsi Avropa Konvensiyasına uyğun olmayıb. Qərara əsasən, X.Bağırova münasibətdə onun Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələri ilə təminat altına alınan hüququları pozulub.
Məhkəmə xüsusi vurğuladı ki, milli məhkəmələrin ərizəçinin vəkillikdən kənarlaşdırlmasına dəstək vermək üçün göstərdiyi səbəblər müvafiq və yetərli olmayıb. Həm də ərizəçiyə qarşı tətbiq edilən sanksiyanın qarşıya qoyulan qanuni məqsədə mütənasib olmadığı müəyyən edildi.
AİHM ədalətli əvəz olaraq, 18000 avro təzminat müəyyən etdi.