ŞƏRH: ƏHMƏDOV AZƏRBAYCANA QARŞI – 30 yanvar 2020

ƏHMƏDOV AZƏRBAYCANA QARŞI

Nə baş vermişdi?

Etnik azərbaycanlı olan Əhmədov Eldar Ziyadxan oğlu (bundan sonra ərizəçi), 1973-cü ildə Marneuli şəhərində (Gürcüstan) anadan olub və Bakıda yaşayırdı. 27 sentyabr 1990-cı ildə Gürcüstan Sovet Sosialist Respublikasının hakimiyyəti tərəfindən ona Sovet İttifaqının pasportu verilib. 1991-ci ildə ərizəçi Bakıya köçüb və burada Azərbaycan Neft və Kimya İnstitutunda oxuyub. 9 oktyabr 1991-ci ildə də həmin institutun yataqxanasında qeydiyyata alınıb. 1 fevral 1999-cu il tarixindən etibarən ərizəçi bacısının Bakıdakı yaşayış yerində qeydiyyata alınıb. 22 sentyabr 1998-ci ildə Nəsimi Rayon Polis İdarəsi (“NRPİ”) ərizəçinin sovet pasportuna ikinci bir fotoşəkil əlavə edib və möhürlə təsdiq edib. Sovet pasportuna onun “Azərbaycan Respublikasının vətəndaşı” olduğunu göstərən möhür də vurulub.

Ərizəçi, Gürcüstan hakimiyyəti tərəfindən onun oğluna verilmiş doğum haqqında şəhadətnamədə (Z.A. 5 avqust 2002-ci ildə Gürcüstanda anadan olub) o Azərbaycan Respublikasının vətəndaşı və Bakı sakini kimi göstərilib.

26 saylı Sabunçu Birinci Seçki Dairəsinin 10 iyun 2008-ci il tarixli məktubundan görünür ki, ərizəçi 1991-ci ildən bəri Azərbaycan Respublikasının vətəndaşı olaraq seçki siyahısındadır. Bundan əlavə, işin sənədlərindən görünür ki, ərizəçi müxtəlif vaxtlarda keçirilmiş seçkilər ilə bağlı müntəzəm olaraq müvafiq seçki dairələrindən seçki kartları alıb və o 15 oktyabr 2008-ci il prezident seçkiləri və 18 mart 2009-cu il referendumda səs verib.

Ərizəçinin Sabunçu Rayon Hərbi Komissarlığı tərəfindən 27 sentyabr 2008-ci ildə verilmiş hərbi şəxsiyyət vəsiqəsinə (hərbi bilet) əsasən, ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 18 avqust 1996-cı il tarixli qərarı ilə leytenant hərbi rütbəsi ilə ehtiyatda olan zabit kimi qeydiyyata alınıb.

2008-ci ildə ərizəçi şəxsiyyət vəsiqəsi üçün Sabunçu Rayon Polis İdarəsinə (“SRPİ”) müraciət edib. “Vətəndaşlıq haqqında” Qanunun 5-ci maddəsinə əsaslanan SRPİ ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Məktubda Qanunun 5-ci maddəsinə uyğun olaraq göstərib ki, vətəndaşlıq haqqında bu Qanunun qüvvəyə minməsindən əvvəl Azərbaycanda yaşayan şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılır. Bununla birlikdə, həmin vaxtı ərizəçinin Azərbaycanda yaşayış yerində qeydiyyatı müvəqqəti idi, çünki təhsil aldığı üçün tələbə kimi qeydiyyata alınmışdı. 22 dekabr 2008-ci il tarixli məktubda Dövlət Miqrasiya Xidməti (“DMX”) ərizəçiyə “Vətəndaşlıq haqqında Qanuna” uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmədiyini bildirdi.

19 Fevral 2009-cu ildə ərizəçi SRPİ və DMX-dən Sabunçu Rayon Məhkəməsinə şikayət etdi. Məhkəmədən cavabdehlərin onun Azərbaycan vətəndaşlığını tanımaqdan qanunsuz olaraq imtina etdiklərini elan etməsini və ona şəxsiyyət vəsiqəsi verilməsi işə bağlı göstəriş verməsini xahiş etdi. İddiasını dəstəkləmək üçün ərizəçi, 1991-ci ildən bəri Azərbaycanda davamlı yaşadığını və Azərbaycan hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının vətəndaşı hesab edildiyini bildirdi. Bununla əlaqədar olaraq, 22 sentyabr 1998-ci ildə NRPİ-nin onun Azərbaycan vətəndaşlığını təsdiqləyən Sovet pasportuna möhür vurulduğunu, Azərbaycan ordusunda ehtiyatda olan zabit kimi qeydiyyata alındığını və Azərbaycanda keçirilən bütün seçkilərdə iştirak etdiyini bildirdi. SRPİ və DMX-i tərəfindən “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsinin təfsirini mübahisələndirən ərizəçi bildirdi ki, bu Qanunun qüvvəyə minməsindən əvvəl Azərbaycanda lazımi qaydada qeydiyyata alınıb və bu səbəbdən Azərbaycan respublikasının vətəndaşı hesab edilməlidir. O, həmçinin qeyd olunan Qanunun müvəqqəti və daimi qeydiyyat arasında fərq qoymadığını qeyd etdi.

Nümayəndə isə bildirib ki, “Vətəndaşlıq haqqında” Qanunun 5-ci maddəsinin ilkin variantı mübahisələrə səbəb olduğu üçün 24 iyun 2008-ci ildə həmin müddəaya dəyişiklik edilib.

Sabunçu Rayon Məhkəməsi ərizəçinin iddiasını təmin etdi və SRPİ-ə ona şəxsiyyət vəsiqəsi verməsini əmr etdi. Məhkəmə əvvəlcə ərizəçinin 1991-ci ildən bəri davamlı olaraq Azərbaycanda yaşadığını və bu faktın yerli hakimiyyət orqanları tərəfindən mübahisə edilmədiyini müəyyən etdi. Bundan əlavə, məhkəmə müəyyən etdi ki, hazırkı işdə tətbiq olunan milli qanunvericiliyin 24 iyun 2008-ci il tarixinədək qüvvədə olan “Vətəndaşlıq haqqında Qanun”-un 5-ci maddəsinin mətni ilə eynidir və bu Qanun qüvvəyə minənə kimi Azərbaycanda yaşamış şəxslər Azərbaycan Respublikasının vətəndaşı hesab olunurlar. Sabunçu Rayon Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna da istinad edərək müəyyən etdi ki, qanun keyfiyyətlilik tələbinə cavab verməlidir, yəni qanun müvafiq şəxs üçün əlçatan olmalı və onun doğuracağı nəticələri öngörmək mümkün olmalıdır. Bununla əlaqədar olaraq, DMX-in ərizəçinin tələbə olduğu üçün yaşadığı yerdə müvəqqəti qeydiyyatda olması və bu səbəbdən vətəndaş hesab edilə bilməyəcəyinə dair arqumenti isə qəbuledilməzdir, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun”-u müvəqqəti və daimi qeydiyyat arasında fərqləndirmə etmir və yataqxanaları şəxsin yaşaya biləcəyi yer kimi müəyyən edir. Məhkəmə, həmçinin bildirdi ki, ərizəçi Azərbaycan dövləti ilə 1991-ci ildən bəri yalnız dövlət və onun vətəndaşları arasında mövcud olan biləcək müxtəlif növ münasibətlər qurub. Həmçinin məhkəmə yuxarıda sadalanmış digər faktları əsas gətirdi.

Daha sonra DMX bu qərardan apelyasiya şikayəti verdi. DMX, həmçinin birinci instansiya məhkəməsinin ərizəçinin Gürcüstan Respublikasının vətəndaşı olub olmadığını araşdırmamasından şikayətləndi. Bununla əlaqədar olaraq, Dövlət Sərhəd Xidmətinin ərizəçinin 25 və 27 oktyabr 2002-ci il tarixlərində 2007-ci il 24 yanvar tarixinə qədər qüvvədə olan Gürcüstan pasportu ilə Azərbaycan sərhədini keçdiyini təsdiqləyən bir sənədə istinad etdi. 27 iyul 2009-cu ildə Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etdi və ərizəçinin iddiasını rədd edərək mahiyyəti üzrə yeni qərar çıxardı. Apellyasiya məhkəməsi iddia etdi ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşı hesab edilə bilməz, çünki “Vətəndaşlıq haqqında Qanun” 7 oktyabr 1998-ci ildə qüvvəyə mindiyi vaxtdan Azərbaycanda yaşayış yerində daimi qeydiyyatı olmayıb. Apelyasiya məhkəməsi bildirdi ki, ərizəçinin digər arqumentləri onun Azərbaycan Respublikası vətəndaşı hesab edilməsinə əsas vermir. Lakin apellyasiya məhkəməsi ərizəçinin Sovet pasportundakı Azərbaycan vətəndaşlığını təsdiqləyən və Azərbaycan ordusunda ehtiyatda olan zabit kimi qeydə alınması faktının “üzərindən keçdi”.

7 sentyabr 2009-cu ildə ərizəçi əvvəlki dəlillərini təkrar edərək bu qərardan kassasiya şikayəti verdi. 5 dekabr 2009-cu ildə Ali Məhkəmə ərizəçinin yuxarıda sadalanan arqumentlərinin vətəndaşlıq ədlə etmək üçün əsas olmadığını bildirərək apellyasiya məhkəməsinin qərarını qüvvədə saxladı.

Məhkəmə heyəti bildirdi ki, “Vətəndaşlıq haqqında” Qanununun 5-ci maddəsinin I hissəsinin 1-ci bəndi (həm ilkin, həm də sonrakı mətnində) o şəxslərə aiddir ki, bu Qanunun qüvvəyə minmə tarixindən əvvəl Azərbaycan Respublikasının vətəndaşlığını almış və bu Qanunun qüvvəyə mindiyi tarixədək Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyata alınmışdır. Ərizəçi … həmin qanunun qüvvəyə mindiyi tarixdən əvvəl Azərbaycan Respublikasının vətəndaşlığını almamışdı və hazırda onun Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyata alınması onun Respublika vətəndaşlığına hüququnun yaranması üçün əsas deyil… ”

Ərizəçi Daxili İşlər Nazirliyinə qarşı 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yeni şikayət verdi. Şikayətində, məhkəmədən ona şəxsiyyət vəsiqəsini verməsi ilə bağlı göstəriş verməsini xahiş etdi. 1 Saylı Bakı İnzibati-İqtisad Məhkəməsi ərizəçinin iddiasını təmin etdi və ona şəxsiyyət vəsiqəsinin verilməsi göstərişini verdi. Məhkəmə qərara gəldi ki, ərizəçi “Vətəndaşlıq haqqında Qanun”un qüvvəyə minmə tarixindən əvvəl Azərbaycan Respublikasında yaşayış yerində qeydiyyata alındığından, Qanunun 5-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı hesab edilməlidir. Beləliklə, 14 yanvar 2014-cü il tarixində ərizəçiyə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verildi.

DMX-nin appelyasiya şikayətindən sonra 8 dekabr 2015-ci il tarixində Bakı Apelyasiya Məhkəməsi ərizəçinin şikayətinə məhkəmə tərəfindən baxıla bilinməyəcəyi üçün birinci instansiya məhkəməsinin qərarını ləğv etdi. Apellyasiya məhkəməsi oxşar şikayətin artıq məhkəmə araşdırmasının predmeti olduğunu və bununla bağlı son qərarın verildiyini bildirdi. 14 oktyabr 2013-cü il tarixli qərar əsasında ərizəçiyə verilmiş şəxsiyyət vəsiqəsinin etibarsız sayılmasını elan etdi. 26 yanvar 2017-ci il tarixdə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin 8 dekabr 2015-ci il tarixli qərarını qüvvədə saxladı.

AİHM qarşısında iddia edilən pozuntular

Ərizəçi iddia etdi ki, yerli hakimiyyət orqanları tərəfindən ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edilməsi ona Azərbaycan vətəndaşlığı verilməsindən imtina ilə nəticələnib və bu hərəkət onun Konvensiyanın 8-ci maddəsi ilə təmin edilmiş hüquqlarını pozub.

Avropa Məhkəməsinin qiymətləndirməsi

8-ci maddə ilə bağlı

AİHM E.Əhmədovun işəxsi həyata hörmət hüququnun pozulduğuna qərar verdi.

Məhkəmə başlanğıcda ərizəçiyə tətbiq olunan daxili prosedurun vətəndaşlıqdan məhrumetmə ilə deyil, yerli hakimiyyət orqanlarının ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə bağlı olduğunu müyyən etdi. Xüsusilə, yerli hakimiyyət orqanları, ərizəçinin 1991-2008-ci illərdə müxtəlif dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı sayılmasına və Sovet pasportunda Azərbaycan vətəndaşlığını təsdiq edən möhür olmasına baxmayaraq heç vaxt Azərbaycan vətəndaşlığı almadığını və Azərbaycan Respublikasının vətəndaşı olmadığını müəyyənləşdirdi.

Məhkəmə daha sonra qeyd etdi ki, ərizəçi yerli hakimiyyət orqanlarının yuxarıda göstərilən qərarının onu vətəndaşlığı olmayan şəxs statusu vəziyyətinə saldığını bildirməsə də, bu qərar onu müxtəlif hüquqlardan faydalanmaqdan məhrum etməklə gündəlik həyatında xeyli mənfi nəticələrə səbəb olub. Bu qərar ərizəçinin Azərbaycanda qalması ilə bağlı sosial kimliyinə birbaşa təsir edən hüquqi qeyri-müəyyənlik yaradıb. Buna görə Məhkəmə mübahisəli qərarın ərizəçinin 8-ci maddəyə əsasən şəxsi həyatına hörmət hüququna müdaxilə olduğunu hesab etdi.

Məhkəmə bildirdi ki, bu işdə bütün daxili hakimiyyət orqanları və məhkəmələr eyni qanuni müddəaya, yəni “Vətəndaşlıq haqqında Qanun”un 5-ci maddəsinin I hissəsinə, ərizəçinin Azərbaycan vətəndaşlığına hüququnun müəyyənləşdirilməsi üçün hüquqi əsas kimi istinad ediblər. Hökumət də bu maddənin bu işə tətbiqinin uyğun olduğunu Məhkəmə qarşısında qeyd edib. Ancaq Məhkəmə bu müddəanın daxili hakimiyyət orqanları və məhkəmələr tərəfindən təfsirində və tətbiq edilməsində ciddi fikir ayrılıqları olduğunu müşahidə edib.

Məhkəmə hesab etdi ki, hazırkı işdə daxili məhkəmələrin yuxarıda qeyd etdikləri qərarları əsaslandıra bilməmələri və ən əsası, heç bir izahat vermədən, ərizəçinin Azərbaycan vətəndaşlığını təsdiqləyən Sovet pasportunun üzərində möhürün olması kimi önəmli faktı nəzərə almamaları ərizəçinin Azərbaycan Respublikasının vətəndaşı olmasının qarşısını alıb.

Məhkəmə qərara gəldi ki, ərizəçiyə Azərbaycan vətəndaşlığının verilməsinin rədd edilməsi zəruri prosedur təminatları ilə müşayiət olunmayıb və ixtiyari hesab edilməlidir.

AİHM yekunda ərizəçiyə mənəvi ziyana görə, 6000 avro, xərc və məsrəflərə görə 1500 avro təzminat ödənilməsinə qərar verdi.