© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.
© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.
BİRİNCİ BÖLMƏ
QƏBULEDİLƏNLİK haqqında
QƏRAR
25551/05 saylı Ərizə
Vladimir Petroviç KOROLEV Rusiyaya qarşı
(Vladimir Petrovich KOROLEV against Russia)
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə), 1 iyul 2010-cu ildə aşağıdakı tərkibdən ibarət olan Palatada:
Christos Rozakis, Sədr,
Anatoly Kovler,
Elisabeth Steiner,
Dean Spielmann,
Sverre Erik Jebens,
Giorgio Malinverni,
George Nicolaou, hakimlər,
və Søren Nielsen, Bölmə Katibi
27 iyul 2004-cü ildə təqdim edilmiş şikayəti araşdırdı və müşavirə etməklə aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR
Ərizəçi cənab Vladimir Petroviç Korolev 1954-cü ildə anadan olmuş, Rusiya Federasiyasının Orenburq şəhərində yaşayan Rusiya vətəndaşıdır.
İşin halları
İşin halları, ərizəçinin təqdim etdiyi kimi, aşağıdakı qaydada ümumiləşdirilə bilər:
Ərizəçi ona yeni səyahət sənədlərini verməkdə gecikmə ilə bağlı olan sənədlərə çatımlılıq vermədiyinə görə Daxili İşlər Nazirliyinin Regional Pasport və Viza Departamentinin rəhbərini məhkəməyə verib.
25 sentyabr 2001-ci ildə Yekaterinburq Verx-İsetsk rayon Məhkəməsi ərizəçinin tələbini təmin etmədi. 13 noyabr 2001-ci ildə apellyasiya instansiyası məhkəməsi olan Sverdlovsk Regional Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etdi və işi yenidən baxış üçün rayon məhkəməsinə geri qaytardı.
16 aprel 2002-ci ildə rayon məhkəməsi ərizəçinin şikayətini təmin etdi və Pasport və Viza Departamentinin rəhbərinin üzərinə ərizəçinin ona pasport verilməsi ilə bağlı bütün material və sənədlərə çatımlığını təmin etmək vəzifəsi qoyan qərar verdi. Məhkəmə həm də müəyyən etdi ki Pasport və Viza Departamenti məhkəmə xərclərinin kompensasiyası kimi ərizəçiyə 22.50 Rusiya Rublu ödəməlidir.
4 iyul 2002-ci ildə bu qətnamə apellyasiya instansiyasında qüvvədə saxlanıldı və qüvvəyə mindi.
İş materiallarından aydın deyil ki dövlət ərizəçinin öz iş materiallarına çatımlığının təmin olunması hissəsində qətnaməni icra edibmi və edibsə, nə zaman icra edib. Qətnamə ilə bağlı ərizəçinin məlumat verilən bütün fəaliyyətləri yalnız şəhər məhkəməsinin müəyyən etdiyi 22.50 rubl məbləğin bərpa edilməsinə yönəlib.
22 iyul 2002-ci ildə şəhər məhkəməsi yalnız 22.50 rubl məbləğində kompensasiyanın ödənilməsinə yönəlmiş icra vərəqəsi verdi. 28 aprel 2003-cü ildə məhkəmə icraçısı icra prosesinə başladı.
15 dekabr 2003-cü ildə ərizəçi məhkəmə icraçısının fəaliyyətsizliyindən yerli məhkəməyə şikayət etdi. 22 dekabr 2003-cü ildə hakim ərizənin prosessual tələblərə cavab vermədiyini müəyyən etdi və ərizəçiyə 5 yanvar 2003-cü il tarixinədək ərizədə düzəlişlər edib yenidən təqdim etməsini bildirdi. Özəlliklə də ərizəçidən icraçının iddia olunan hərəkətsizliyini əsaslandırmaq xahiş olundu.
Ərizəçi 31 dekabr 2003-cü il tarixdə öz şikayətinə əlavəni təqdim etdi.
6 yanvar 2004-cü il tarixdə məhkəmə müəyyən etdi ki ərizəçi göstərilən tələblərə əməl etməyib və şikayəti mahiyyəti üzrə araşdırmaqdan imtina etdi. 10 fevral 2004-cü ildə Sverdlovsk Rayon Məhkəməsi həmin qərarı qüvvədə saxladı.
ŞİKAYƏTLƏR
Ərizəçi hakimiyyət qurumunun yerli məhkəmələrin təyin etdiyi məbləği ona ödəməməsi ilə onun Konvensiyanın 6-cı maddəsi və 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan haqlarını pozmasından şikayət etdi. O, eyni zamanda 6-cı maddəyə istinadən məhkəmə icraçısının hərəkətsizliyindən şikayətini yerli məhkəmələrin araşdırmamasından şikayət etdi.
Bundan əlavə 6-cı maddəyə istinadən ərizəçi yerli məhkəmələrin milli prosessual normaları, özəlliklə də daxili hüquqda müəyyən olunmuş müddətlərin pozulmasından şikayətləndi.
HÜQUQİ MƏSƏLƏLƏR
Məhkəmə öncə 1 iyun 2010-cu ildə qüvvəyə minmiş 14 saylı Protokolla dəyişdirilmiş Konvensiyanın 35-ci maddəsinə uyğun olaraq, ərizəçinin şikayətlərinin qəbul edilən olub-olmadığını müəyyən etməlidir.
Protokol 35-ci maddəyə yeni qəbuledilənlik meyarı əlavə edib və o uyğun hissədə aşağıdakı kimi nəzərdə tutulub:
«3. Məhkəmə 34-cü maddəyə əsasən təqdim edilmiş istənilən fərdi şikayəti qəbuledilməz elan edir, əgər o hesab edirsə ki:
(…)
(b) Konvensiya və ona dair Protokollarda göstərilmiş insan hüquqlarına hörmətin şikayətə mahiyyəti üzrə baxılmasını tələb etdiyi hallar istisna olmaqla, ərizəçi böyük zərərə məruz qalmayıbsa; lakin yerli məhkəmə tərəfindən lazımınca araşdırılmayan heç bir iş bu əsasla rədd edilə bilməz.»
Protokolun 20-ci maddəsinə uyğun olaraq, yeni müddəa qüvvəyə mindiyi tarixdən Məhkəmədə baxılmaqla olan bütün şikayətlərə tətbiq olunmalıdır, amma bu Protokol qüvvəyə minməzdən əvvəl qəbul edilə bilən elan edilmiş şikayətlər işlər istisna təşkil edir. Bu işin hallarına əsasən, Məhkəmə ilkin olaraq ərizəçinin şikayətlərinin bu yeni qəbuledilənlik meyarına uyğun olub-olmamasını müəyyən etməlidir.
Bunun üçün Məhkəmə nəzərə alır ki yeni qəbuledilənlik meyarının məqsədi, uzun müddətdə, əhəmiyyətsiz işlərə tez baxılmasını və Məhkəmənin öz imkanlarını Avropa səviyyəsində insan haqlarının hüquqi müdafiəsi kimi əsas missiyasına cəmləşdirməsinə şərait yaratmaqdır (bax, 14 saylı Protokola İzahedici Hesabat, CETS No. 194 (bundan sonra “İzahedici Hesabat”), §§ 39 və 77-79). Ali Razılığa Gələn Tərəflər fərdi ərizələrin hüquqi maraqları baxımından, həm də Konvensiyanın və Avropa hüquq qaydasının daha geniş maraqları perspektivindən mahiyyəti üzrə baxılmağa layiq işlərə Məhkəmənin daha çox vaxt ayırmasını açıqcasına arzulayırdılar (İzahedici Hesabat, § 77). Bu yaxınlarda, Ali Razılığa Gələn Tərəflər Məhkəməni yeni qəbuledilənlik meyarına tam əməl etməyə dəvət etdi və de minimis non curat praetor prinsipini tətbiq etməyin başqa yollarını nəzərdən keçirməyə çağırdı (bax, İnsan Haqları üzrə Avropa Məhkəməsinin gələcəyi ilə bağlı Yüksək Səviyyəli Tədbirlər Planı, İnterlaken, 19 fevral 2010, § 9(c)).
A. Ərizəçinin əhəmiyyətli zərərə çəkməsi
Yeni qəbuledilənlik meyarında əsas element ərizəçiyə “əhəmiyyətli zərər” dəyməsi sualıdır. Bu terminlər şərhə açıqdır və mövcud qəbuledilənlik meyarına əlavə olaraq onlar Məhkəməyə müəyyən çeviklik imkanı verir (bax, İzahedici Hesabat, §§ 78 and 80).
Məhkəmə hesab edir ki Konvensiyadakı digər terminlər kimi bu terminlərin dəqiq anlayışı yoxdur. Buna görə də Yüksək Razılığa gələn Tərəflər Məhkəmənin yeni qaydanın tətbiqi üçün məhkəmə təcrübəsinin tədrici inkişafı yolu ilə obyektiv meyar müəyyən etməsini gözləyib (bax İzahedici Hesabat, § 80).
Yuxarıdakı ümumi de minimis non curat praetor prinsipini nəzərə alaraq yeni meyar o ideyadan asılıdır ki sırf hüquqi baxımdan hüquq pozuntusu beynəlxalq məhkəmədə baxıla biləcək ağırlıq dərəcəsində olmalıdır. Bu minimum dərəcənin qiymətləndirilməsi nisbidir və işin hallarından asılıdır (bax, mutatis mutandis, Soering v. the United Kingdom, 7 July 1989, § 100, Series A no. 161). Pozuntunun ağırlığı ərizəçinin subyektiv qiymətləndirməsi və konkret işin hallarından asılı olaraq qiymətləndirilməlidir
Bu işin hallarına nəzər salan Məhkəmə ərizəçini Məhkəməyə müraciət etməyə təhrik edən maddi zərərin məbləğinin azlığından təəccüblənib. Ərizəçinin şikayətləri yerli məhkəmənin təyin etdiyi bir avrodan belə az kompensasiya məbləğini cavabdeh tərəfin ödəmədiyinə dair şikayətlə məhdudlaşıb.
Məhkəmə məlumatlıdır ki maddi zərərin təsiri mücərrəd anlayışlarla ölçülməməlidir; konkret şəxsin spesifik durumu və ərizəçinin yaşadığı ölkənin və ya regionun iqtisadi durumu nəzərə alınmaqla hətta az məbləğdə olan maddi zərər əhəmiyyətli sayıla bilər. Bununla belə müxtəlif iqtisadi şəraitlərin mövcudluğunu nəzərə alınsa belə Məhkəmə müəyyən edir ki konkret işdəki kiçik məbləğ ərizəçi üçün az əhəmiyyətli olub.
Eyni zamanda Məhkəmə xəbərdardır ki maddi maraq ərizəçinin əhəmiyyətli zərər çəkməsini müəyyən etmək üçün yeganə meyar deyil. Həqiqətən də Konvensiyanın pozuntusu prinsipial əhəmiyyətli önəmli suallara toxuna və maddi marağa təsir etmədən əhəmiyyətli zərər vura bilər. Eyni yanaşma ərizəçi məsələn, Pasport və Viza Departamentində işinin materialları ilə tanış olmaq kimi qanuni hüququnu həyata keçirməkdə səlahiyyətli şəxslərin hərəkətsizliyindən şikayətlənsəydi göstərilə bilərdi. Ərizəçi bu hissədə yerli qətnamənin icrasını mübahisələndirməyib və öz iddialarını yalnız maddi zərərlə məhdudlaşdırıb. Ona görə də Məhkəmə ərizəçinin öz iş materialları ilə tanış olmaq hüququnun gerçəkləşməsinə məhdudiyyətlərin olduğunu görmür, halbuki bu, bu iş üzrə yerli məhkəmə çəkişmələrində əsas məqsəd olub.
Etiraf olunmalıdır ki ərizəçinin səlahiyyətli hakimiyyət nümayəndələrinin 22.50 rubl məbləğində vəsaiti ona ödəməsində israr etməsi onun bu məsələni önəmli prinsip məsələsi kimi qavramasından irəli gələ bilərdi. İşə aidiyyəti olsa belə bu element ərizəçinin əhəmiyyətli zərər çəkməsinə dair Məhkəmənin nəticə çıxarması üçün kifayət deyil. İddia edilən pozuntunun təsiri barədə ərizəçinin subyektiv yanaşması-hisləri obyektiv əsaslarla əsaslandırılmalıdır. Buna baxmayaraq, Məhkəmə hər hansı belə əsaslandırmanı bu işdə qəbul etmir, çünki əsas prinsip məsələsi ərizəçinin xeyrinə həll edilməsi görünür.
Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə müəyyən edir ki Konvensiyanın iddia edilən pozuntusu nəticəsində ərizəçiyə əhəmiyyətli zərər dəyməyib.
B. Konvensiya və ona əlavə edilən Protokollarla müəyyən olunan insan haqlarına hörmət prinsipi ərizənin mahiyyəti üzrə araşdırılmasını tələb edirmi
Yeni meyarda əks olunan ikinci element müdafiə şərti (bax İzahat Hesabatı, § 81) olub hətta ərizəçiyə əhəmiyyətli zərər vurulmayıbsa belə, Konvensiya və ona əlavə olunan Protokollardakı insan haqlarına hörmət bunu tələb etdiyi halda Məhkəməni şikayətin araşdırılmasını davam etdirməyə məcbur edir. Məhkəmə müəyyən edir ki bu maddənin mətni Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndindən götürülüb və Məhkəmənin şikayətləri siyahıdan çıxarma haqqında qərarları kontekstində oxşar funksiyanı yerinə yetirir. Eyni mətn 38-ci maddənin 1-ci bəndində göstərilməklə tərəflər arasında mübahisənin dostcasına həllini təmin etmək üçün əsas kimi istifadə oluna bilər.
Məhkəmə qeyd edir ki tərəflərin mübahisəni həll etməsi və ya işi siyahıdan çıxarmaq üçün hər hansı digər əsasın olmasına baxmayaraq Konvensiya orqanları davamlı olaraq bu müddəaları işin araşdırılmasını davam etdirməyə məcbur edən normalar kimi şərh ediblər. İş Konvensiyaya əməl olunmasına təsir edən ümumi xarakterli suallar qaldırırsa, onun araşdırılmasının davam etdirilməsi zəruri hesab oluna bilər (bax, Tyrer v. the United Kingdom, no. 5856/72, Commission’s report of 14 December 1976, Series B 24, p. 2, § 2).
Belə geniş xarakterli suallar, məsələn, Konvensiyaya əsasən Dövlətin öhdəliklərini aydınlaşdırmağa ehtiyac olduğu və ya ərizəçi ilə eyni vəziyyətdə olan başqa şəxslərə də təsir edən struktur çatışmazlıqlarını aradan qaldırmağa cavabdeh dövləti vadar etmək zərurəti olduğu hallarda yarana bilər. Ona görə də məhkəmə tez-tez 37-ci və 38-ci maddələrə əsasən, işin qaldırdığı ümumi problemin artıq həll edildiyini və ya həll edilməkdə olduğunu və başqa işlərdə məhkəmənin oxşar məsələləri həll etməsini yoxlamalıdır (bax, başqa mənbələr arasında, Can v. Austria, 30 September 1985, §§ 15-18, Series A no. 96, and Léger v. France (striking out) [GC], no. 19324/02, § 51, ECHR 2009-…).
Yeni 35-ci maddənin 3 (b) bəndinin tələb etdiyi kimi bu işi bu qaydada nəzərdən keçirməklə və Konvensiyanın 19-cu maddəsindəki öhdəliklərini nəzərə alaraq, məhkəmə ictimai qaydanın (ordre public) tələbi altında bu işə mahiyyəti üzrə baxmaq zərurətini görmür. Birincisi, Məhkəmə bu işdə qaldırılan məsələlərlə eyni olan məsələlərə çoxsaylı işlərdə münasibətini bildirib və bununla bağlı Dövlətlərin öhdəliklərini xırda detalları ilə müəyyən edib (bax, başqa mənbələrlə yanaşı, Hornsby v. Greece, 19 March 1997, Reports of Judgments and Decisions 1997 II; Burdov v. Russia, no. 59498/00, ECHR 2002 III; and Burdov v. Russia (no. 2), no. 33509/04, ECHR 2009 …). İkincisi, həm Məhkəmə, həm də Nazirlər Komitəsi Rusiya Federasiyasında yerli məhkəmə qətnamələrinin icra edilməməsi ilə bağlı sistemli problemə və bununla bağlı yeni pozuntuların qarşısını almaq üçün ümumi xarakterli tədbirlərin görülməsi zərurətinə toxunub (bax, yuxarıda istinad olunan Burdov (no. 2), cited above, and the Committee of Ministers’ Interim Resolutions CM/ResDH(2009)43 of 19 March 2009 and CM/ResDH(2009)158 of 3 December 2009). Bu işin mahiyyəti üzrə araşdırılması bununla bağlı hər hansı yeni element gətirməyəcək.
Məhkəmə belə nəticəyə gəlir ki Konvensiya və ona əlavə olunan Protokollarda müəyyən olunduğu kimi insan haqlarına hörmət bu şikayətin mahiyyəti üzrə araşdırılmasını tələb etmir.
C. İşə yerli məhkəmədə lazımi qaydada baxılması
Yerli məhkəmə işə lazımi qaydada baxmayıbsa, 35-ci maddənin 3 (b) bəndi yeni qəbuledilənlik meyarının tətbiq edilməsi ilə ərizənin rədd edilməsinə icazə vermir. Müəlliflərin ikinci müdafiə şərti adlandırdığı (bax, İzahedici hesabat, § 82) bu normanın əsas məqsədi hər işin milli səviyyədə və ya Avropa səviyyəsində məhkəmə baxışından keçməsini təmin etmək, başqa sözlə ədalətin inkar olunmasına yol verməməkdir. Bu müddəa Konvensiyanın 13-cü maddəsində qeyd olunduğu kimi subsidiarlıq prinsipinə uyğundur və pozuntulara qarşı səmərəli vasitənin milli səviyyədə mövcud olmasını tələb edir.
Məhkəmə hesab edir ki bu işin halları bütövlükdə yerli səviyyədə ədalətin inkar edildiyini üzə çıxarmır. Ərizəçinin dövlət vəzifəli şəxslərinə qarşı ilkin şikayətlərinə iki instansiyada baxılıb və təmin olunub. Məhkəmənin müəyyən etdiyi kompensasiyanın qaytarılmasını təmin edə bilmədiyinə görə ərizəçinin icraçıya qarşı qaldırdığı sonrakı şikayətini məhkəmə yerli prosessual tələblərə əməl edilmədən verildiyinə görə təmin etməyib. Ərizəçi şikayətini hakimin tələblərinə uyğunlaşdırıb yenidən təqdim etməməklə həmin tələbləri yerinə yetirməyib. Bu halda hakimiyyəti ədalətin inkar edilməsinə görə cavabdeh hesab etmək olmaz.
Bu iki məhkəmənin yerli prosessual tələbləri pozması haqqında iddia olunan pozuntulara gəldikdə, Konvensiya iş son instansiya məhkəməsində həll olunandan sonra ərizəçinin həmin işi sonrakı daxili proseslərdə mübahisələndirmək haqqını tanımır (bax, Tregubenko v. Ukraine, no. 61333/00, 21 October 2003, and Sitkov v. Russia (dec.), no. 55531/00, 9 November 2004). Məhkəmə hesab edir ki bu şikayətlərin yerli məhkəmələrdə sonrakı instansiyalarda məhkəmə baxışının predmeti olmaması yeni qəbuledilənlik meyarının tətbiqi üçün mane deyil. Əks təqdirdə Məhkəmə hətta əhəmiyyətsiz olan və son milli instansiyanın yol verdiyi iddia edilən istənilən pozuntu ilə bağlı şikayəti rədd edə bilməyəcək. Məhkəmə hesab edir ki belə yanaşma nə yeni normaya uyğundur, nə də yeni normanın vəzifəsi və məqsədinə uyğundur.
Məhkəmə hesab edir ki ərizəçinin işi 35-ci maddənin 3 (b) bəndinə uyğun olaraq yerli məhkəmədə lazımi qaydada araşdırılıb.
D. Nəticə
Yuxarıdakılara əsasən Məhkəmə müəyyən edir ki Konvensiyanın 14 saylı Protokolu ilə dəyişdirilmiş 35-ci maddənin 3 (b) bəndinə uyğun olaraq bu şikayət qəbuledilməyən hesab edilməlidir. Bu nəticə ərizənin digər qəbuledilənlik şərtlərinə uyğun gəlib-gəlmədiyini yoxlamaq zərurətini aradan qaldırır.
Bu səbəblərə görə Məhkəmə yekdilliklə
Ərizəni qəbuledilməyən elan etmək qərarına gəlir.
Søren Nielsen Christos Rozakis
Katib Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.
© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int.