ÜÇÜNCÜ BÖLMƏ
PİRUZYAN ERMƏNİSTANA qarşı İŞİ
(CASE OF PİRUZYAN v. Armenia)
( 33376/07 saylı ərizə)
QƏRAR
[Çıxarışlar]
STRASBURQ
26 iyun 2012
YEKUN
26/09/2012
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən yekun qərardır. Qərar redaktə məqsədilə təhlil edilə bilər.
Piruzyan Ermənistana qarşı məhkəmə işinə,
Aşağıdakı tərkibdən:
Josep Casadevall, Sədr,
Corneliu Bîrsan,
Alvina Gyulumyan,
Egbert Myjer,
Ján Šikuta,
Luis López Guerra,
Nona Tsotsoria, hakimlər,
və Santiago Quesada, Bölmə Katibi,
Ibarət Palatada baxan Avropa İnsan Hüquqları Məhkəməsi (Üçüncü Bölmə), 5 iyun 2012-ci il tarixində qapalı müşavirə keçirərək həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarıb:
PROSES
1. İş İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Ermənistan Respublikasına qarşı Ermənistan vətəndaşı Cənab Kamo Piruzyan (“ərizəçi”) tərəfindən 25 iyul 2007-ci il tarixdə Məhkəməyə təqdim edilmiş şikayət (No 33376/07) əsasında açılıb.
2. Ərizəçini Yerevanda vəkillik fəaliyyəti ilə məşğul olan Xanım L. Sahakyan və Cənab Y. Varosyan, həmçinin qeyri-vəkil kimi fəaliyyət göstərən Cənab A. Ghazaryan təmsil ediblər. Ermənistan Hökumətini (“Hökumət”) öz nümayəndəsi, Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasının təmsilçisi Cənab G. Kostanyan təmsil edib.
3. Ərizəçi xüsusilə iddia etmişdir ki, məhkəmə prosesi zamanı onun dəmir qəfəsdə saxlanması ona qarşı insan ləyaqətini alçaldan rəftar olub; 19 fevral tarixindən 12 mart 2007-ci il tarixinədək onun saxlanması qeyri-qanuni olub; məhkəmələr onun davamlı olaraq təcridxanada saxlanmasının səbəbini göstərməyiblər; onun törətdiyi iddia edilən qanun pozuntusunun ağırlığına uyğun olaraq girov müqabilində zaminə buraxılması mümkün olmayıb; 12 dekabr 2006-cı il tarixində həbs qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmə prosesində çəkişmə prinsipinə riayət olunmayıb və burada tərəflərin bərabərliyi təmin olunmayıb; onun əsaslı şübhələrlə bağlı arqumentləri adekvat şəkildə araşdırılmayıb; və 27 yanvar 2007-ci il tarixdə Apellyasiya Məhkəməsi onun şikayətini araşdırmaqdan imtina edib.
4. 21 yanvar 2010-cu il tarixində ərizə barədə Hökumətə məlumat verilib. Həmçinin qərara gəlindi ki, şikayətin mahiyyəti qəbuledilənliklə eyni zamanda araşdırılsın (29-cu Maddənin 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
5. Ərizəçi 1978-ci ildə doğulub və Yerevanda yaşayır.
6. Ərizəçi iddia edib ki, 18 oktyabr 2006-cı il tarixdə səhər saat 9.20-də o, həmin gün daha erkən baş vermiş silahlı hücumla əlaqədar olaraq Alaverdi şəhər polis idarəsinə aparılıb. Ərizəçi həmçinin iddia edib ki, bu saxlama hadisəsi protokollaşdırılmayıb və o, elə həmin gün bir neçə saatdan sonra azad edilib.
7. 19 oktyabr 2006-cı il tarixdə ərizəçiyə qarşı Cinayət Məcəlləsinin (CM) 175-ci maddəsinin 2-ci bəndinin 2-ci və 4-cü yarəmbəndləri ilə cinayət işi başlanıb. Cinayət işi ərizəçi ilə eyni binada yaşayan və iş üzrə zərərçəkmiş olan G.H.-nın şikayəti əsasında başlanıb. G.H.-yə görə, 18 oktyabr 2006-cı il tarixdə səhər saat 8.45-də maska taxmış ərizəçi, yaşadıqları binanın birinci mərtəbəsində ona hücum edərək dəmir dəyənəklə başına zərbə endirib və içi bahalı daş-qaşlarla dolu olan əl çantasını onun əlindən alıb.
8. Həmin gün axşam saat 8.00-da ərizəçi yuxarıda qeyd olunan hadisəni törətməkdə şübhəli bilinərək rəsmi şəkildə saxlanılıb. Tutulma protokolu ərizəçi tərəfindən imzalanıb.
9. 22 oktyabr 2006-cı il tarixdə ərizəçiyə, rəsmi qaydada yuxarıda qeyd olunmuş maddə əsasında soyğunçuluq əməlində iştiraka görə ittiham irəli sürülüb. İttiham aktında xüsusi olaraq qeyd olunub ki, zərərçəkmiş, əl çantasını onun əlindən alıb qaçan ərizəçini izləyib və o, çantanı tullayaraq qaçıb getməyə məcbur olub. Bu qeyd ərizəçi tərəfindən imzalanıb.
10. Həmin gün müstəntiq Lori Regional Məhkəməsinə müraciət edərək ərizəçiyə iki aylıq həbs qətimkan tədbiri tətbiq olunmasını istəyib və bunu ərizəçinin əvvəlki məhkumluqları, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olması və azadlıqda olacağı təqdirdə qaçıb gizlənə bilmə ehtimalı ilə əsaslandırıb.
11. Həmin gün Regional Məhkəmə müraciətə baxaraq onu təmin edib və bunu, iş materiallarında ərizəçinin qaçıb gizlənə bilməsi və istintaqın gedişinə mane olması ehtimalı və sözügedən cinayətin xarakteri, təhlükəlilik və ağırlıq dərəcəsilə bağlı kifayət qədər əsasların olması ilə əsaslandırıb.
12. 8 dekabr 2006-cı il tarixdə müstəntiq, ərizəçi barədə həbs qətimkan tədbirinin daha iki ay müddətə uzadılması üçün müraciət edib. Müraciətdə bildirilirdi ki, istintaq dövründə kimyəvi və bioloji, eləcə də cinayətin izlərinin ekspertizası da daxil olmaqla bir sıra araşdırmalar həyata keçirilib. Lakin buna baxmayaraq əlavə ekspertizalar keçirilməsinə və ittihama dəyişiklik etmək zəruridir. Müstəntiq etiraz edərək bildirib ki, ərizəçi ağır cinayət törətdiyi üçün, azad ediləcəyi təqdirdə qaçıb gizlənə bilər və əvvəllər də məhkumluğu olması onu deməyə əsas verir ki, o, digər cinayətlər də törədə bilər. O, təqsirini etiraf etməyib və odur ki, istintaqın gedişinə mane ola bilər. Müstəntiq, müraciətini əsaslandırmaq üçün cinayət prosesinin başlanması ilə bağlı qərar, tutulma protokolu və ittiham ürəli sürülməsi ilə bağlı qərar kimi işin bir sıra materiallarını təqdim edib.
13. 12 dekabr 2006-cı il tarixdə Regional Məhkəmə müstəntiqin müraciətinə baxıb. Ərizəçi həmin prosesdə iştirak edib və o, vəkilinin yanında əyləşib.
14. Ərizəçi müstəntiqin müraiciətinə etiraz edib və məhkəmədən xahiş edib ki, onu girov müqabilində zaminə buraxsınlar. O, ilk öncə bildirib ki, cinayəti onun törətməsi barədə hər hansı əsaslı şübhə yoxdur. Onun əvvəllər cinayət törətmiş olması faktı konkret bu iş üzrə ona həbs qətimkan tədbirinin tətbiq olunmasına əsas vermir. Regional Məhkəmə bildirib ki, o, işə mahiyyəti üzrə baxmır və ərizəçinin təqsirli olub olmaması məsələsini araşdırmır, o sadəcə ərizəçi barədə həbs qətimkan tədbirinin vaxtının uzadılması ilə bağlı müraciətə baxır. Təqsir məsələsilə əsaslı şübhənin mövcudluğu məsələsi arasında fərq var.
15. Ərizəçi daha sonra bildirib ki, onun həbsdə saxlanmasını əsaslandıran hər hansı bir konkret sübut mövcud olmayıb. Ərizəçinin sübüt təqdim edilməsilə bağlı müraciətinə cavab olaraq müstəntiq, belə bir sübutun olmadığını qəbul edib. O bildirib ki, bir sıra ekspertizalar keçirilib və cinayətin izi olaraq zərərçəkmişin ayaqqabısının üzərində tapılmış qan izinin ərizəçinin qan qrupu ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək üçün qan nümunəsinin götürülməsi zəruri olub. Bundan sonra prosesə sədrlik edən hakim, iş üzrə bütün materialların təqdim olunmasını müstəntiqdən tələb edib. Qısa müddətdən sonra hakim müşavirə otağına gedib.
16. Regional Məhkəmə müstəntiqin müraciətini və müraciətin əsaslı olduğunu təsdiq edən materialları araşdırıb onu qismən təmin edərək ərizəçi barədə həbs qətimkan tədbirinin müddətini bir ay müddətinə – 19 yanvar 2007-ci il tarixədək – uzadıb və bunu onunla əasalandırıb ki, müstəntiq 8 dekabr 2006-cı il tarixdə bioloji ekspertiza üçün müraciət edib və bu ekspertiza hələ tamamlanmayıb. Daha sonra məhkəmə Cinayət Prosessual Məcəllənin (CPM) 143-cü maddəsinin 1-ci bəndinə əsaslanaraq ərizəçinin girov müqabilində zaminə buraxılmaqla bağlı müraciətini rədd edib və bunu ərizəçinin ağır cinayət törətməkdə təqsirləndirilməsilə əsaslandırıb.
17. 27 dekabr 2006-cı il tarixdə ərizəçi apellyasiya qaydasında şikayət edib. O inter alia bildirib ki, cinayətin onun tərəfindən törədilməsilə bağlı əsaslı şübhə yoxdur. Müstəntiqin öz müraciətini əsaslandırmaq üçün təqdim etdiyi, cinayət işinin başlanması baqqında qərar, tutulma protokolu və ittiham irəli sürülməsilə bağlı qərar kimi sənədlər əsaslı şübhə üçün yetərli sayıla bilməzdi. Bundan başqa, Regional Məhkəmə əsaslı şübhə məsələsini araşdırmaqdan ümumiyyətlə imtina edib. Ərizəçi daha sonra, sadəcə olaraq keçmişdə məhkumluqları olması faktına əsaslanılaraq onun digər cinayətlər törədə bilməsi iddiasına da etiraz edib. Bundan əlavə, onun qaçıb gizlənəcəyi faktını sübut edən hər hansı dəlil olmayıb və əlavə bioloji ekspertizanın keçirilməsi zərurəti həbs qətimkan tədbirinin davam etdirilməsi üçün əsas ola bilməz. Son olaraq ərizəçi etiraz edərək bildirib ki, Regional Məhkəmədə keçirilən prosesdə çəkişməyə riayət olunmayıb və tərəflərin bərabərliyi prinsipi pozulub, çünki hakim əsaslı şübhələrlə bağlı heç bir sübutu araşdırmayıb və sadəcə olaraq müşavirə otağına getməzdən öncə bütün iş materiallarını müstəntiqdən alıb. Ərizəçinin, nə o materiallardan hər hansı birinə çıxışı olub, nə də o materiallardan hər hansı biri ilə bağlı şərh verə bilmək imkanına malik olub.
18. 25 yanvar 2007-ci il tarixdə Cinayət və Hərbi Apellyasiya Məhkəməsi Regional Məhkəmənin qərarını qüvvədə saxlayıb. O qeyd edib ki, istintaq orqanı ərizəçinin təqsirini əsaslandıran müxtəlif sübutlar təqdim ediblər ki, həmin sübutlar onun hadisəyə cəlb olunduğunu təsdiq edib. Odur ki, ərizəçinin cinayəti törətməsi barədə əsaslı şübhələr olub. Apellyasiya Məhkəməsi, iddia edilən cinayətin təhlükəliliyinə və xarakterinə və həmçinin ərizəçinin qaçıb gizlənmə və istintaqın gedişinə mane olma ehtimalına istinad edərək, onun barəsində həbs qətimkan tədbirinin uzadılmasının zəruri olması qərarına gəlib. Məhkəmə elə həmin əsasla da ərizəçinin girov müqabilində zaminə buraxılma ilə bağlı müraciətini təmin etməyib. O hesab edib ki, Regional Məhkəmənin həbs müddətinin artırılması və girov müqabilində zaminə buraxılmanın rədd edilməsi barədə qərarı əsaslandırılıb və həmin qərarın dəyişdirilməsinə heç bir əsas yoxdur.
19. 9 yanvar 2007-ci il tarixdə müstəntiq, əvvəlki əsasla ərizəçinin həbs müddətinin daha bir ay müddətə artırılması barədə müraciət edib.
20. 12 yanvar 2007-ci il tarixdə Regional Məhkəmə müstəntiqin müraciətinə baxıb. Ərizəçi həmin prosesdə iştirak edib və vəkilin yanında əyləşdirilib. O, müstəntiqin müraciətinə etiraz edərək məhkəmədən girov müqabilində zaminə buraxılmasını xahiş edib. Regional Məhkəmə müraciəti təmin edərək ərizəçinin həbs müddətini 19 fevral 2007-ci il tarixədək, bir ay müddətinə uzatmaq qərarına gəlib və bunu, müstəntiqin bir sıra araşdırmaların aparılması barədə müraciəti və bu prosesin hələ də başa çatmaması ilə əsaslandırıb. Məhkəmə daha sonra əvvəlki qaydada ərizəçinin girov müqabilində zaminə buraxılma ilə bağlı müraciətini eyni əsasla rədd edib.
21. 27 yanvar 2007-ci il tarixdə ərizəçi apellyasiya qaydasında şikayət edib.
22. 8 fevral 2007-ci il tarixdə əriəçiyə qarşı ittihamlar dəyişdirilib. İlkin ittihama əlavə olaraq ərizəçi həmçinin residivistlik və adam öldürməyə cəhddə təqsirləndirilib.
23. 16 fevral 2007-ci il tarixdə istintaq başa çatdırılıb və ərizəçiyə iş materiallarına çıxış imkanı verilib.
24. 19 fevral 2007-ci il tarixdə, 12 yanvar 2007-ci il tarixli qərarla ərizəçi üçün nəzərdə tutulmuş həbs müddəti başa çatıb.
25. Elə həmin gün prokuror ittiham aktını təsdiq edib və iş mahiyyəti üzrə baxılması üçün Lori Regional Məhkəməsinə göndərilib.
26. Elə həmin tarixdə Apellyasiya Məhkəməsi ərizəçinin 27 yanvar 2007-ci il tarixli şikayətini baxılmamış saxlamaq barədə qərar çıxarıb və bunu istintaqın başa çatması və işin baxılması üçün Regional Məhkəməyə göndərilməsi ilə əsaslandırıb.
27. 5 mart 2007-ci il tarixdə ərizəçi Regional Məhkəməyə ərizə ilə müraciət edərək onun həbsinin 19 fevral 2007-ci il tarixdən bəri qanunsuz olmasını iddia edib və buna görə də azad edilməsini xahiş edib. Oxşar müraciət ərizəçinin saxlandığı təcridxananın rəisinə də təqdim edilib.
28. 6 mart 2007-ci il tarixli məktubla, təcridxananın rəisi CPM-in 138-ci maddəsinə istinad edərək işin artıq Regional Məhkəməyə təqdim edilməsi əsası ilə müraciəti rədd edib.
29. 12 mart 2007-ci il tarixdə Regional Məhkəmə, 5 mart 2007-ci il tarixli müraciəti eyni əsasla rədd edib.
30. Elə həmin tarixdə Regional Məhkəmə ərizəçinin cinayət işinə məhkəmə baxışı təyin etmək barədə qərar qəbul edib. Qərarda qeyd edilib ki, ərizəçinin həbsdə saxlanılması qərarı dəyişdirilməmiş saxlanılmalıdır.
…
37. 8 avqust 2007-ci il tarixli məhkəmə prosesində ərizəçi Regional Məhkəmədən ona tətbiq olunan həbsi ləğv etməyi və ya onu girov müqabilində zaminə buraxmağı xahiş edib. O, on aya yaxın müddətdə həbsdə olduğunu bildirib. Artıq bütün şahidlər dindirildiyindən onun, proseslərin gedişinə mane olmaq ehtimalı olmadığı üçün həbsdə qalmasının davam etdirilməsinin heç bir əsası olmayıb. Prokuror isə bu müraciətə etiraz edərək bildirib ki, ərizəçi ağır cinayət törətməkdə təqsirləndirildiyi üçün girov müqabilində zaminə buraxıla bilməz. Regional Məhkəmə iş üzrə araşdırmaların başa çatmamasına əsaslanaraq və həbsin ləğv olunması və ya ərizəçinin girov müqabilində zaminə buraxılması üçün kifayət qədər əsasların olmaması səbəbilə ərizəçinin müraciətini rədd edib.
38. 6 sentyabr 2007-ci il tarixdə Kassasiya Məhkəməsi mahiyyət üzrə çatışmazlıqların olması səbəbindən ərizəçinin 24 iyul və 18 avqust 2007-ci il tarixli şikayətlərini geri qaytarmaq barədə qərar qəbul edib.
39. Qeyri-müəyyən tarixdə prokuror ittihamı geri götürüb və Regional Məhkəməyə müraciət edərək əldə edilən sübutların ərizəçiyə qarşı irəli sürülən ittihamı təsdiq etmək üçün yetərli olmaması səbəbilə cinayət işinə xitam verilməsini istəyib.
40. 5 dekabr 2007-ci il tarixdə Lori Regional Məhkəməsi müraciəti təmin edərək CPM-nin 35-ci maddəsinin 4-cü bəndinə əsasən cinayət işinə xitam verib.
41. Elə həmin gün ərizəçi təcridxanadan azad edilib.
II. MÜVAFİQ YERLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ
A. Cinayət Məcəlləsi (1 avqust 2003-cü il tarixdən qüvvədədir)
42. 19-cu maddəyə əsasən, cinayətlər xarakterinə və cəmiyyətə münasibətdə malik olduğu təhlükəlilik dərəcəsinə görə az ağır, orta ağır, ağır və xüsusi ağır cinayətlərə bölünür. Maksimum beş il müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan qəsdən törədilən əməl orta ağır cinayətlər kateqoriyasına aid edilir, lakin on il müddətə həbs cəzası nəzərdə tutan əməllər ağır cinayətlər kimi təsnifləndirilir.
43. 175-ci maddənin 2-ci bəndinin 2-ci və 4-cü yarımbəndlərinə əsasən soyğunçuluq, başqasının əmlakını oğurlamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqla və ya zorakılıq hədəsilə müşahidə olunan əməl olub, böyük məbləğdə əmlakın oğurlanması məqsədilə silahdan və ya silah kimi istifadə olunan digər alətdən istifadə edilərək törədilərsə, altı ildən on ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
B. Cinayət Prosessual Məcəllə (12 yanvar 1999-cu ildən qüvvədədir)
1. Şikayət etmək hüququ
44. 6-cı maddənin 10-cu bəndinə əsasən yekun qərar proseslərin başlanmasının və ya davam etdirilməsinin qarşısını alan və ya işə mahiyyət üzrə baxaraq onu həll edən hakimiyyət orqanı tərəfindən çıxarılan qərardır.
45. 65-ci maddənin 2-ci bəndinin 20-ci yarımbəndinə əsasən təqsirləndirilən şəxs istintaqı aparan şəxsin, müstəntiqin, prokurorun və məhkəmənin hərəkətindən eləcə də hökm və digər hər hansı yekun məhkəmə qərarından şikayət verə bilər.
46. Sözügedən vaxtda qüvvədə olan 384-cü maddəyə əsasən, apellyasiya şikayəti ancaq birinci instansiya məhkəməsinin qərarına qarşı verilə bilər.
2. Tutulma
47. 134-cü maddəyə əsasən qətimkan tədbirləri tutulan şəxsə və ya təqsirləndirilən şəxsə məcburi şəkildə tətbiq edilən tədbirlər olub, cinayət prosesi gedişində onun qeyri-münasib hərəkətinin qarşısını almaq və qərarın icrasını təmin etmək üçündür. Qətimkan tədbirlərinə inter alia həbs və girov müqabilində zaminə buraxma daxildir.
48. 135-ci maddəyə əsasən məhkəmə qətimkan tədbirini o zaman tətbiq edə bilər ki, cinayət işinin materialları, şübhəli və ya təqsirləndirilən şəxsin, aşağıdakı hərəkətləri edəcəyinə inandıran yetərli əsaslar verir: (1) işi araşdıran dövlət orqanından qaçıb gizlənmək; (2) cinayət işinə cəlb olunan şəxslərə qeyri-qanuni təsir etməklə iş üçün əhəmiyyət kəsb edən materialları saxtalaşdırmaq və ya gizlətmək yolu ilə, əsaslı səbəb olmadan işi arasdıran hakimiyyət orqanlarının çağırışına gəlməməklə və digər vasitələrlə məhkəmə istintaqına və ya məhkəməyə qədər istintaqa mane olmaq; (3) cinayət məcəlləsi ilə qadağan olunan əməli törətmək; (4) cinayət məsuliyyətindən və tətbiq olunan cəzadan yayınmaq; (5) qərarın icrasına mane olmaq. Təqsirləndirilən şəxsə həbs və girov müqabilində zaminə buraxma qətimkan tədbirləri o zaman tətbiq olunur ki, şəxs, bir ildən artıq müddətə həbs cəzası nəzərdə tutan cinayət törətmiş olsun və ya şübhəli və ya təqsirləndirilən şəxsin yuxarıda nəzərdə tutulan hərəkətlərdən hər hansı birinə yol verməsinə kifayət qədər əsas verən şübhələr olsun. Şübhəli və ya təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri tətbiq etmək və ya qətimkan tədbirinin növünü seçməklə bağlı qərar qəbul edilərkən sadalanan hallar nəzərə alınmalıdır: (1) ehtimal olunan cinayət hadisəsinin xarakteri və təhlükəlilik dərəcəsi; (2) şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti; (3) yaşı və sağlamlıq durumu; (4) cinsi; (5) məşğuliyyəti; (6) ailə vəziyyəti və varsa, ondan asılı olan ailə üzvləri; (7) mülkiyyəti; (8) şübhəlinin daimi yaşayış yerinin olub olmaması; və (9) digər vacib hallar.
49. 136-cı maddənin 2-ci bəndinə əsasən həbs və girov müqabilində zaminə buraxılma qətimkan tədbirləri müstəntiqin və ya prokurorun müraciəti əsasında və ya cinayət işinin araşdırılması zamanı məhkəmənin öz təşəbbüsü ilə yalnız məhkəmə qərarı ilə tətbiq oluna bilər. Məhkəmə, müdafiə tərəfinin müraciəti əsasında da həbsi girov müqabilində zaminə buraxılma ilə əvəz edə bilər.
50. 138-ci maddənin 3-cü bəndinə əsasən cinayət işi ilə bağlı məhkəməyəqədər istintaq zamanı həbs müddəti, bu Məcəllədə nəzərdə tutulan hallardan başqa, iki aydan artıq olmamalıdır. Cinayət işi ilə bağlı məhkəməyə qədər istintaq zamanı habs müddəti, iş, baxılması üçün prokuror tərəfindən məhkəməyə təqdim edildiktə və ya həbs qətimkan tədbiri ləğv edildikdə dayandırılır.
51. 143-cü maddənin 1-ci bəndinə əsasən “girov müqabilində zaminə buraxma”, az və ya orta ağır cinayət törətməkdə təqsirli bilinən şəxsin azad edilməsi üçün bir və ya bir neçə şəxs tərəfindən məhkəmənin depozitinə təslim edilən pul, səhm və ya digər mülkiyyət formasıdır.
52. 285-ci maddənin 1-ci bəndinə əsasən prokuror və ya müstəntiqin, həbs qətimkan tədbirinin tətbiq edilməsi və ya həbsin vaxtının uzadılması ilə bağlı müraciətlərində şübhəli şəxsin həbsini zəruri edən əsaslar və səbəblər göstərilməlidir. Müraciətə onu əsaslandıran materiallar əlavə olunmalıdır.
…
HÜQUQİ MƏSƏLƏLƏR
…
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 3-CÜ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU
83. Ərizəçi daha sonra iddia etdi ki, yerli məhkəmələr onun uzun müddət həbsxanada saxlanmasını və cinayətin ağırlıq dərəcəsinə görə onun girov müqabilində zaminə buraxılmasının qanunla yolverilməz olmasını əsaslandıra bilməyiblər. O, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə istinad edib. Həmin maddədə deyilir:
“3. Bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.”
…
B. Mahiyyət üzrə məsələlər
1. Ərizəçinin həbsdə saxlanmasının davam etdirilməsi üçün əsasların yetərsizliyi iddiası
(a) Tərəflərin təqdimatları
89. Hökumət etiraz edərk bildirdi ki, yerli hakimiyyət orqanları ərizəçinin davam edən həbsini əsaslandırıblar və onun qaçıb gizlənə bilməsi, prosesə mane olması və əvvəlki məhkumluqlarını nəzərə alaraq yeni cinayətlər törədə bilməsi kimi yetərli və müvafiq səbəblər göstəriblər.
90. Ərizəçi iddia edibi ki, yerli məhkəmələr onun davam edən həbsini əsaslandırmayıblar və konkret olaraq onun işini qiymətləndirmədən qanunun müvafiq normalarına sadəcə olaraq istinad ediblər.
(b) Məhkəmənin qiymətləndirməsi
(i) Ümumi prinsiplər
91. Dövlət tərəfindən həbsin davam etdirilməsi üçün “müvafiq və yetərli” səbəblər göstərilməyənədək cinayət törətməkdə təqsirli bilinən şəxs hər zaman məhkəmə araşdırması boyunca azad edilməlidir (bax Smirnova Rusiyaya qarşı (Smirnova v. Russia No 46133/99 və 48183/99, § 58, AİHM 2003 IX (çıxarışlar); Becciev Moldovaya qarşı (Becciev v. Moldova No 9190/03, § 53, 4 oktyabr 2005; və Khodorkovskiy Rusiyaya qarşı (Khodorovsky v. Russia No 5829/04, § 182, 31 may 2011).
92. Yerli məhkəmələr təqsirsizlik prezumpsiyası, fərdi azadlığa hörmət prinsipini nəzərə alaraq, mövcud ictimai maraq naminə və ya əleyhinə olan bütün faktları araşdırmalı və bunları azad edilmə haqqında müraciətlə bağlı qərarda göstərməlidirlər (bax Letellier Fransaya qarşı (Letellier v. France 26 iyun 1991, § 35, Seriya A No 207). Azadetmənin lehinə və ya əleyhinə olan arqumentlər ümumi və mücərrəd olmamalıdır (bax Clooth Belçikaya qarşı (Clooth v. Belgium 12 dekabr 1991, § 44, Seriya A No 225).
93. Tutulan şəxsin cinayəti törətməsilə bağlı əsaslı şübhələrin davam etməsi həbsin davam etdirilməsinin qanuniliyi üçün sine qua non şərtdir, lakin müəyyən zaman keçdikdən sonra bu kifayət etmir. Belə hallarda Məhkəmə, ədalət mühakiməsini həyata keçirən orqanların göstərdiyi digər səbəblərin azadlığın məhdudlaşdırılması üçün əsaslı olub olmamasını müəyyəm etməlidir. Belə əsasların “münasib” və “yetərli” olduğu hallarda, Məhkəmə, səlahiyyətli hakimiyyət orqanlarının prosesin həyata keçirilməsində “xüsusi səy” nümayiş etdirib etdirmədiklərini müəyyən etməlidir (bax Labita İtalyaya qarşı (Labita v. İtaly [GC], No 26772/95, § 153, AİHM 2000 IV).
94. Cinayət törətməkdə şübhəli bilinən şəxsin məhkəmə qərarı çıxarılanadək həbsdə saxlanması üçün Konvensiyanın presidentləri dörd əsas qəbulolunan səbəb müəyyən edib: şəxsin məhkəməyə gəlməmə riski (bax Stögmüller Avstriyaya qarşı (Stögmüller v. Austria) 10 noyabr 1969, § 15, Seriya A No 9); təqsirləndirilən şəxsin azad ediləcəyi təqdirdə ədalət mühakiməsinin icrasına mane olacaq əməlləri törədəcəyi riski (bax Wemhoff Almaniyaya qarşı (Wemhoff v. Germany) 27 iyun 1968, § 14, Seriya A No 7) və ya digər cinayət əməlləri törədəcəyi (bax Matznetter Avstriyaya qarşı Matznetter v.Austria) 10 noyabr 1969, § 9, Seriya A No 10) və ya ictimai asayişi pozacağı riski (bax Letellier, yuxarıda 51-ci bənddə qeyd olunub).
95. Təqsirləndirilən şəxsin qaçıb gizlənmə təhlükəsi, sadəcə cəzanın ağırlığına əsaslanılaraq müəyyən edilə bilməz. Bu, qaçıb gizlənmə təhlükəsini ya təsdiq edən, ya da zəif olduğu üçün şəxsin həbsdə saxlanmasını əsaslandıra bilməyən bir sıra müvafiq faktorlara istinad edilərək araşdırılmalıdır (bax Yağcı və Sargın Türkiyəyə qarşı (Yağcı və Sargın v. Turkey) 8 iyun 1995, § 52, Seriya A No 319 A). Qaçıb gizlənmək riski şəxsin xarakteri, əxlaqı, evi, iş yeri, mülkiyyəti, ailə bağları və ittiham olunduğu ölkədəki bütün əlaqələri kimi faktorların işığında araşdırılmalıdır. Ağır cəzanın gözlənilməsi və sübutların mötəbərliyi əhəmiyyətli ola bilər, lakin o qədər də həlledici deyil və təminatların əldə olunmasının mümkünlüyü hər hansı riskin aradan qaldırılması üçün istifadə oluna bilər (bax Neumeister Avstriyaya qarşı (Neumeister v. Austria) 27 iyun 1968, § 10, Seriya A No 8).
96. Təqsirləndirilən şəxsin prosesin normal icra olunmasına mane olması təhlükəsi mücərrəd olmamalıdır; bu, həqiqi sübutlarla təsdiqlənməlidir (bax Trzaska Polşaya qarşı (Trzaska v. Poland) No 25792/94, § 65, 11 iyul 2000).
(ii) Yuxarıda sadalanan prinsiplərin hazırkı işə tətbiqi
97. Hazırkı işdə Məhkəmə qeyd edir ki, yerli məhkəmələr ərizəçinin tutulması və həbsinin uzadılması ilə bağlı qərar qəbul edərkən cinayətin ağırlıq dərəcəsini nəzərə alaraq onun qaçıb gizlənməsinə, prosesin gedişinə mane olmasına, müxtəlif istintaq tədbirlərinin görülməsinə və prosesin hələ də davam etməsi kimi bir sıra hallara əsaslanıblar.
98. Məhkəmə ilk öncə hesab edir ki, növbəti istintaq tədbirlərinin həyata keçirilməsi və ya prosesin hələ də tamamlanmamış olması şəxsin, məhkəmə araşdırması zamanı həbsdə saxlanılması üçün 5-ci Maddənin 3-cü bəndi ilə nəzərdə tutulmuş, qəbulolunan əsaslara uyğun deyil.
99. Qaçıb gizlənmək və ya prosesin gedişinə mane olmaqla bağlı riskə gəlincə, Məhkəmə bildirir ki, həm Regional, həm də Apellyasiya Məhkəmələri öz qərarlarında bu əsası mücərrəd və stereotipləşdirilmiş formada ifadə etməklə kifayətləniblər və ərizəçinin qaçıb gizlənə bilməsi və ya prosesə mane olması ehtimallarının nəyə görə inandırıcı olması ilə bağlı hər hansı səbəb göstərməyiblər. Onlar həmçinin ərizəçinin arqumentlərini də təkzib etməyiblər. Ərizəçinin təqsirləndirildiyi cinayətin ağır olması ilə bağlı məhkəmənin bir neçə dəfə istinad etdiyi səbəb, ehtimal olunan risklə bağlı yetərli əsas hesab oluna bilməz.
100. Yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, ərizəçinin həbsi və həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı Lori Regional Məhkəməsinin və Cinayət və Hərbi Apellyasiya Məhkəməsinin öz qərarlarında istinad etdikləri səbəblər “münasib və yetərli” hesab oluna bilməz. Beləliklə, bu məsələ ilə bağlı Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş verib.
2. Girov müqabilində zaminə buraxılmanın mümkünsüzlüyü
(a) Tərəflərin arqumentləri
101. Ərizəçi iddia etdi ki, CPM-in 143-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş qaydada onun zaminə buraxılmasıi haqqında müraciətinin rədd edilməsi 5-ci Maddənin 3-cü bəndinə ziddir.
102. Hökumət bu məsələyə fikir bildirmədi.
(b) Məhkəmənin qiymətləndirməsi
103. Məhkəmə təkrar qeyd edir ki, 5-ci Maddənin 3-cü bəndinə əsasən, hakimiyyət orqanları şəxsin həbsdə olması və ya azad edilməsilə bağlı qərar qəbul edərkən onun məhkəməyə gəlməsini təmin edən alternativ tədbirləri nəzərdən keçirmək öhdəliyi daşıyırlar. Bu maddə əslində sadəcə “ağlabatan müddətdə məhkəmə araşdırması və ya məhkəmə araşdırması ərzində azad etmə”ni deyil, eyni zamanda “azad edilmə, məhkəməyə gəlmənin təmin olunması ilə şərtləndirilə bilər” halını nəzərdə tutur (bax Jablonski Polşaya qarşı (Jablonski v. Poland) No 33492/96, § 83, 21 dekabr 2000).
104. Məhkəmə daha sonra qeyd edir ki, əvvəllər zaminə buraxılma üçün müraciətin qanuna istinad edilərək avtomatik rədd edildiyi bir neçə işdə 5-ci Maddənin 3-cü bəndinin pozuntusu müəyyən edilib (bax Caballero Birləşmiş Krallığa qarşı (Caballero v. United Kingdom) [GC], No 32819/96, § 21, AİHM 2000 II, və S.B.C. Birləşmiş Krallığa qarşı S.B.C. v. United Kingdom) No 39360/98, § 23-24, 19 iyun 2001).
105. Hazırkı işdə də ərizəçinin girov müqabilində zaminə buraxılmaqla bağlı müraciətləri, onun CM-in 19-cu maddəsinə əsasən ağır cinayət hesab edilən əməli törətməkdə təqsirləndirilməsi və CPM-in 143-cü maddəsinin 1-ci bəndi ilə bu cür işlərdə girov müqabilində zaminə buraxılmanın qadağan olunması əsası ilə oşxar şəkildə rədd edilib. Məhkəmə hesab edir ki, ərizəçinin girov müqabilində zaminə buraxılma ilə bağlı müraciətlərinin bu cür avromatik şəkildə rədd edilməsi, şəxsin həbsinin xüsusi hallarının məhkəmə qaydasında araşdırılmaması, 5-ci Maddənin 3-cü bəndinin tələblərinə cavab verməyib.
106. Odur ki, bu məsələ ilə bağlı Konvensiyanın 5-ci Maddəsinin 3-cü bəndinin pozuntusu baş verib.
…
BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
…
4. Müəyyən edir ki, ərizəçinin həbsdə saxlanılmasının davam etdirilməsi ilə bağlı müvafiq və yetərli səbəblərin göstərilməməsi Konvensiyanın 5-ci Maddəsinin 3-cü bəndinin pozulmasına səbəb olub;
5. Qərara alır ki, ərizəçinin girov müqabilində zaminə buraxılmaqla bağlı müraciətlərinin avtomatik olaraq rədd edilməsi Konvensiyanın 5-ci Maddəsinin 3-cü bəndini pozub;
…
Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 26 iyun 2012-ci ildə qərar barədə yazılı məlumat verilib.
Santiago Quesada Josep Casadevall
Katib Sədr
©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2013
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.
© Council of Europe/European Court of Human Rights, 2013
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.
© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2013
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@echr.coe.int.