Naxçıvan MTN-də öldürüldüyü iddia edilən gəncin işi – AİHM qərarını açıqlayır

©aihmaz.org

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, sentyabrın 10-da Azərbaycanla bağlı növbəti qərarını elan edəcək. Qərar Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində işgəncə ilə öldürüldüyü iddia edilən 31 yaşlı Turac Zeynalovun işi ilə bağlıdır. Bu işdə ərizəçi onun atası, 1938-ci il təvəllüdlü Şuriyyə Zeynalovdur.

T.Zeynalov 2011-ci ildə Naxçıvan MTN tərəfindən həbs edilib. İran xüsusi xidmət orqanları ilə əlaqədə günahlandırılan T.Zeynalova dövlətə xəyanət ittihamı irəli sürülüb. Həmin il avqustun 28-də Naxçıvan MTN-ə aparılan T.Zeynalovun səhhətində problem yaranıb, təcili yardım çağırılıb, xəstəxanaya aparılarkən, yolda vəfat edib. Hadisədən sonra mediada T.Zeynalovun işgəncə nəticəsində vəfat etməsini göstərən video və foto görüntülər yayılıb.

T.Zeynalovun ailə üzvləri Naxçıvan MTN-ə, Naxçıvanın baş prokuroruna, Azərbaycanın baş prokuroruna, Ombudsmana müraciət ediblər, ölüm işinin araşdırlması ilə bağlı sənədləri tələb ediblər. Ancaq həmin sənədlər ailəyə təqdim edilməyib. Onların müraciətlərinə cavablarda T.Zeynalovun hər hansı işgəncə, pis rəftra məruz qalmadığı, ağciyərindəki problemdən vəfat etdiyi ifadə edilib.

T.Zeynalovun ailə üzvləri araşdırma ilə bağlı sənədlərin onlara verilməməsindən məhkəmyə şikayət ediblər, bunun qanunsuz sayılmasını tələb ediblər. Ancaq heç bir məhkəmə onların şikayətlərini qəbul etməyib. 2012-ci ildə inzibati məhkəmə ailənin şikayətini icraata qəbul edib, onu rədd edib. Həmin qərardan Naxçıvan Ali Məhkəməsinə verilmiş şikayətə isə ümumiyyətlə cavab verilməyib. Olayların fonunda Naxçıvan MTN ailəyə basqı edib, nazirlik rəsmiləri iki dəfə ailəni bu qurumu ləkələmkdə ittiham ediblər.

Bu işdə ərizəçi Konvensiyanın 2-ci maddəsinə (yaşamaq hüququ) uyğun olaraq, dövlətin onun oğlunun həyatını qoruya bilməməsindən, ölümlə bağlı təsirli araşdırma aparmamasından şikayət edib. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü maddəsinə (işgəncəyə məruz qalmamaq) əsaslanaraq, oğlunun Naxçıvan MTN-də işgəncəyə məruz qalmasından, olayın araşdırlmamasından şikayət edir.