Müxalifətçilərin işi – AİHM qərarını elan edəcək

Press-reliz:

Gələn həftə, sentyabrın 26-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın bir qrup müxalif partiya rəhbərləri və fəallarının şikayətləri üzrə qərarını elan edəcək. Açıqlanacaq qərar üzrə ərizəçilər Müsavat Partiyası başqanı Arif Hacılı, AXCP sədrinin müavini Fuad Gahramanli, həmin partiyaların fəalları Məhəmməd Məcidli və Tural Abbaslıdır.

Adları çəkilən siyasətçilər 2011-ci ildə, müxalifət partiyalarının birliyi olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyaları kontekstində saxlanılmış və məhkum edilmişdilər. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə günahkar bilinmişdilər. Həmin vaxt daha 10 nəfər də məsuliyyətə cəlb olunmuşdu. Səbail rayon Məhkəməsi Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmiş, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəza vermişdi.

Açıqlanacaq qərar həm də adları çəkilən müxalifətçilərin 2010-12-ci illərdəki etirazlar zamanı məruz qaldıqları digər hüquqi (inzibati məsuliyyətə cəlb etmə və s.) sanksiyalardan verdikləri şikayətləri də əhatə edir.

Ərizəçilər AİHM-ə şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (İfadə azadlığı) maddələrinin pozulduğunu iddia ediblər.