Mülahizə sərbəstliyi və Avropa İnsan Hüquqları Məhkəməsi – Röya Məlikzadə

Röya Məlikzadə:

Bakı Dövlət Universiteti 4-cü kurs hüquq fakültəsində təhsil alır.

Hazırda əmək və sosial təminat hüquqlarına dair layihədə hüquqşünas kimi çalışır.

İndiyə qədər vətəndaş iştirakçılığını təmin etməyi hədəfləyən çoxsaylı yerli və xarici layihələrdə iştirak edib.

PDF yüklə

Mülahizə sərbəstliyi və Avropa İnsan Hüquqları Məhkəməsi

Giriş

Mülahizə sərbəstliyi beynəlxalq məhkəmələr tərəfindən tətbiq olunan, əsas etibarilə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM və ya Məhkəmə) praktikasında rast gəlinən doktrinadır. Bu doktrinaya əsasən bəzi məsələlərdə yerli cəmiyyətə daha çox bələd olması səbəbi ilə milli hökumətlərə sərbəstlik vermək lazımdır.

AİHM və keçmiş Avropa İnsan Hüquqları Komissiyası (keçmiş Komissiya) mülahizə sərbəstliyi doktrinasını Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) məhdudlaşdırıcı normaları olan 8-11-ci maddələri və fövqəladə hallarda hüquqlardan deroqasiyaya imkan verən 15-ci maddənin çərçivəsində tətbiq edib. Doktrina AİHM praktikasında subsidiarlıq prinsipi və konsensus doktrinasına paralel olaraq istifadə olunur.

Lakin sözügedən doktrina həm də digər Məhkəmələrin, məsələn Beynəlxalq Ədalət Məhkəməsinin praktikasında istifadə edilir.

Mülahizə sərbəstliyinə yanaşma birmənalı deyil. Onun gətirdiyi mütərəqqi məsələlərə baxmayaraq, çətinlikləri də mövcuddur. Lakin hər bir halda, mülahizə sərbəstliyi limitsiz deyil, mülahizə sərbəstliyini tətbiq edən məhkəmə müxtəlif amilləri nəzərə almalı və məhkəmə nəzarəti funksiyasından heç bir halda boyun qaçırmamalıdır.

 

  1. Anlayışı və təbiəti

 

Hər cəmiyyət fərqli hüquq sisteminə və fərqli mənəvi normalara malikdir. Bu fərqliliklərə dair hüquqi problem ortaya çıxanda daxili məhkəmələr məsələyə, obyektiv olaraq, beynəlxalq hakimdən daha yaxşı bələd ola bilirlər. Bu səbəbdən milli hökumətlərə beynəlxalq sistem tərəfindən müəyyən sərbəstlik verilməsi çox önəmlidir. Sözügedən məqsədə xidmət etmək üçün beynəlxalq məhkəmələr mülahizə sərbəstliyi doktrinasını istifadə edirlər.

Mülahizə sərbəstliyi doktrinası, milli hökumətlərin qərarlarının beynəlxalq məhkəmələr tərəfindən araşdırılması üçün qurulan metodologiyadır.[i] Mülahizə sərbəstliyi doktrinasına əsasən, hər cəmiyyət milli maraqlar, fərdi hüquqlar və fərqli əxlaqi inanclar arasındakı ziddiyyətləri həll edən zaman müəyyən sərbəstliyə malikdirlər.[ii]

Handyside Birləşmiş Krallığa qarşı işində mülahizə sərbəstliyi doktrinasına münasibətdə Məhkəmə qeyd edir: “Ölkənin həyati qüvvələri ilə birbaşa və davamlı təmasda olması səbəbiylə, dövlət orqanları … rəy vermək üçün beynəlxalq hakimdən daha uyğun vəziyyətdədirlər”.[iii]

Mülahizə sərbəstliyi doktrinasının tabeliyində olan beynəlxalq normalar, adətən açıq uclu (open-ended/unsettled), dəqiq olmayan normalar olur.[iv] Nəticə etibarilə, müxtəlif hökumətlər eyni normaya münasibətdə fərqli, amma qanuni qərara gələ bilirlər.[v]

Mülahizə sərbəstliyi geniş və ya dar ola bilir. Geniş mülahizə sərbəstliyində beynəlxalq məhkəmə dövlətə geniş diskresion səlahiyyət verir. Dar mülahizə sərbəstliyində isə beynəlxalq məhkəmə araşdırmanı daha yaxından aparır. Beləliklə, mülahizə sərbəstliyi beynəlxalq məhkəmənin özünü məhdudlaşdırma vasitəsidir.[vi]

 

  1. Mülahizə sərbəstliyi Avropa İnsan Hüquqları Məhkəməsi praktikasında

 

Mülahizə sərbəstliyi doktrinası beynəlxalq məhkəmə sistemində ən çox AİHM tərəfindən istifadə olunur. Lakin bu doktrina Məhkəmənin əsasında fəaliyyət göstərdiyi Avropa İnsan Hüquqları Konvensiyasının mətnindən birbaşa irəli gəlmir.

Mülahizə sərbəstliyi doktrinasına ilk dəfə keçmiş Komissiya Konvensiyanın 15-ci maddəsinin çərçivəsində istinad edib.[vii] Konvensiyanın 15-ci maddəsinə əsasən müharibə və digər fövqəladə hallar zamanı hökumət Konvensiya üzrə öhdəliklərinə uyğun olmayan tədbirlər görə bilər.

Bu səbəbdən baxdığı ilk işlərdə Komissiya dövlətin fövqəladə halı düzgün dəyərləndib-dəyərləndirmədiyinə diqqət yetirirdi. Məsələn 1961-ci il tarixində Lawless İrlandiyaya qarşı işində Komissiya 15-ci maddəyə istinad edərək işdə “millətin həyatını təhdid edən fövqəladə hal”ın olub-olmamasını yoxlayıb.[viii]

1978-ci il 18 Yanvar tarixli İrlandiya Birləşmiş Krallığa qarşı qərarında isə Məhkəmə həmin fövqəladə vəziyyətin mövcudluğunu ilkin olaraq Dövlətin müəyyən etməli olduğu qənaətinə gəlib.[ix]

Göründüyü kimi Komissiya ilk işlərdə dövlətə mülahizə sərbəstliyini fövqəladə hala istinadən verib, hətta bu halın müəyyənləşdirilməsini əsas etibarilə dövlətə havalə edib.

Lakin daha sonrakı işlərdə Məhkəmə doktrinanı Konvensiyanın məhdudlaşdırıcı normaları (infringement clauses) olan maddələrinə (8-11-ci maddələrinə) tətbiq etməyə başladı. Məhdudlaşdırıcı norması olan maddələr hüquqlara istisna hallarda məhdudiyyətlərin qoyulmasına icazə verir.[x]

Lakin, qeyd etmək lazımdır ki, doktrina bu normalar daxilində də fərqli şəkildə tətbiq oluna bilir. Məsələn ifadə azadlığı ictimai maraq daşıyanda dövlətin mülahizə sərbəstliyi daha dar olur.[xi]

Mülahizə sərbəstliyi doktrinasının kəskin büruzə forması isə Handyside Birləşmiş Krallığa qarşı işindədir. Bu işə dair müxtəlif məqamlar yazının digər paraqraflarında qeyd edilib.

 

  1. Mülahizə sərbəstliyi vs. subsidiarlıq prinsipi

 

Məlumdur ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəf Dövlətlərə münasibətdə subsidiar rol oynayır. Belə ki, Məhkəmə milli hakimiyyətlərin səlahiyyətini əvəzləmir, o, sadəcə onların verdiyi qərarları gözdən keçirərək Konvensiya ilə uyğunluğunu yoxlayır.[xii] Konvensiyadakı hüquq və azadlıqları təmin etmək Məhkəmənin yox, tərəf Dövlətlərin öhdəliyindədir.

Mülahizə sərbəstliyi doktrinası da məhz bu – subsidiarlıq prinsipinə söykənir. Məsələn Handyside işində Məhkəmə subsidiarlıq və mülahizə sərbəstliyinə münasibətdə qeyd edir: “…Konvensiya ilə müəyyən edilmiş müdafiə mexanizmi insan hüquqlarını qoruyan milli sistemlərə münasibətdə subsidiardır. Konvensiya, orada təsbit edilən hüquq və azadlıqların təmin edilməsi vəzifəsini ilkin olaraq tərəf Dövlətlərin üzərinə qoyur. Onun (yəni Məhkəmənin) yaratdığı qurumlar … işə yalnız mübahisəli proses baş verdikdə və daxili vasitələr tükəndikdən sonra qoşulurlar.”[xiii]

Bu iki prinsipin vəhdətini Konvensiya 2013-cü ildə qəbul edilən 15-ci protokolla birləşdirdi. Belə ki, Konvensiyanın preambulasına mülahizə sərbəstliyi və subsidiarlığı əks etdirən aşağıdakı məzmunda bənd əlavə olundu: “Subsidiarlıq prinsipinə əsasən Razılığa gələn Yüksək Tərəflərin Konvensiyada və onun Protokollarında müəyyən edilmiş hüquq və azadlıqların təmin edilməsində əsas məsuliyyət daşıdıqlarını və bu sahədə onların bu Konvensiya ilə təsis olunmuş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzarət yurisdiksiyası altında mülahizə sərbəstliyinə malik olduqlarını təsdiq edərək”[xiv].

Beləliklə, mülahizə sərbəstliyi doktrinası subsidiarlıq prinsipinə sıx bağlıdır. Bu iki prinsip (doktrina) birgə hərəkət edərək həm də Avropa İnsan Hüquqları Məhkəməsinin 4-cü instansiya məhkəməsi olmadığını təcəssüm etdirir.

 

  1. Mülahizə sərbəstliyi vs. konsensus doktrinası

 

AİHM mülahizə sərbəstliyi doktrinasına paralel olaraq konsensus doktrinasını istifadə edir. Bu doktrinaya əsasən, bir məsələ haqqında Avropa miqyasında fikir birliyi nə qədər azdırsa, milli hökumətlərin qərarvermə səlahiyyəti o qədər çox olacaq.[xv] Bu isə o deməkdir ki, Avropada ümumi konsensus az olan məsələlərdə dövlətlərin mülahizə sərbəstliyi geniş olur.

Məsələn Handyside işində Məhkəmə əxlaqa dair işdə Böyük Britaniyanın mülahizə sərbəstliyini tanıyır. Bu arqumentini gücləndirmək üçün Avropada əxlaqla bağlı konsensus olmadığını qeyd edir: “Həmçinin, Tərəf dövlətlərin daxili qanunvericiliyində vahid Avropa əxlaq anlayışına rast gəlmək mümkün deyil”.[xvi]

Bu qərardan daha sonra qəbul etdiyi Sunday Times Birləşmiş Krallığa qarşı işində Məhkəmə tərəf Dövlətin daha az mülahizə sərbəstliyi olduğunu bildirir, buna səbəb kimi isə Handyside işində müzakirə olunan “əxlaq” konseptindən fərqli olaraq, bu işdə istifadə olunan “ədalət mühakiməsinin müstəqilliyi” konseptinin tərəf Dövlətlər arasında daha çox müzakirə və razılıq obyekti olduğunu göstərir.[xvii]

Göründüyü kimi konsensus doktrinası AİHM tərəfindən mülahizə sərbəstliyi doktrinasını məhdudlaşdırmaq üçün istifadə olunur. Bir məsələyə dair Avropa məkanında nə qədər az konsensus varsa, dövlətin mülahizə sərbəstliyi də bir o qədər çox olur.

 

  1. Mülahizə sərbəstliyi dünya praktikasında 

 

Mülahizə sərbəstliyi doktrinasına həm də Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) praktikasında rast gəlmək mümkündür. Lakin BƏM-in mülahizə sərbəstliyi doktrinasına yanaşması birmənalı deyil. Belə ki, Neft Platformalarıİşğal edilmiş Fələstin Torpaqlarında inşa edilən Divar işlərində Məhkəmə doktrinanı birbaşa və ya dolayı şəkildə qəbul etməyib, lakin Avena işində doktrinaya istiqanlı yanaşıb.[xviii] Bunun səbəbini Yuval Shany Neft Platformaları işində bəzi BƏM hakimlərinin Xüsusi Rəy yazması və doktrinanın beynəlxalq məhkəmələrdə getdikcə artan nüfuzu ilə əlaqələndirib.[xix]

Neft Platformaları işində Məhkəmə qeyd edir:

“…Amerika Birləşmiş Ştatları iddia edir ki, onun platformalara etdiyi hücumlar təhlükəsizlik nəzərindən önəmli idi və “diskresion tədbiri həyata keçirmək dövlətin xoşməramlı mülahizəsinə verilməlidir…”. Lakin, Məhkəmə … (bunu)  qiymətləndirməməlidir, çünki özünümüdafiə ilə bağlı görülən tədbirlər … dövlətin “mülahizə səlahiyyətinə” tabe deyil.[xx]

Qabçikovo/Naqimaros işində eyni aspektdən çıxış edən Məhkəmə qeyd edir: “zəruri müdafiə … yalnız ciddi müəyyənləşdirilmiş şərtlər altında edilə bilər; dövlət isə bu şərtlərin müəyyən edilməsində yeganə hakim deyil.”[xxi]

Avena işində isə Məhkəmə öz baxışını dəyişir və burada dövlətin mülahizə sərbəstliyini tanıyır.[xxii] Lakin burada da Məhkəmə dövlətə tanınan mülahizə sərbəstliyinin limitsiz olmadığını qeyd edir.[xxiii]

 

  1. Mülahizə sərbəstliyinin yaratdığı çətinliklər

 

Mülahizə sərbəstliyi doktrinası özüylə birgə müxtəlif çətinliklər gətirir. Əvvəla, mülahizə sərbəstliyinin dəqiq standartları yoxdur. Mülahizə sərbəstliyinin hansı işlərdə tətbiq olunub-olunmayacağını əvvəlcədən bilmək mümkün deyil, buna yalnız məhkəmə özü qərar verir. Bu baxımdan mülahizə sərbəstliyi qərarların əvvəlcədən təxmin edilməsində çətinlik yarada və hüquqi müəyyənlik prinsipinin pozulmasına yol aça bilir.

Həmçinin, mülahizə sərbəstliyi doktrinası hakim (judge-made) hüququnun, dolayı yolla beynəlxalq hüquq normalarının inkişafının qarşısını ala bilər.[xxiv] Belə ki, mülahizə sərbəstliyinin tətbiqi dövlətlərin beynəlxalq normalara fərqli yanaşmasına şərait yaradır. Bu isə son nəticədə beynəlxalq hüquq normalarının inkişafını əngəlləyir. Bu isə riskli prosesdir, çünki bəzi sahələrdə normaların fərqli tətbiqi müəyyən problemlərə yol aça bilər (məsələn, insan hüquqları sahəsində[xxv]). Sözügedən məsələnin yaratdığı problemə əks-arqument odur ki, beynəlxalq hüquq hər bir halda hər məsələni dəqiq və ətraflı tənzimləyə bilməz və tənzimləməməlidir.

Digər bir problem doktrinanın marjinal qrupların əleyhinə işləyə bilməsi ilə bağlıdır. Belə ki, mülahizə sərbəstliyi doktrinasında yerli hakimlərin azadlığına şərait yaradılır. Bu hakimlərin isə çoxluğun istəyinə uyması qeyri-demokratik ölkələrdə geniş yayılan haldır. Bu səbəbdən Eyal Benvenisti doktrinanın marjinal qruplara münasibətdə tətbiq edilməməsini təklif edir.[xxvi] Çünki xalqın əksəriyyətinin siyasi gücünə arxalanaraq ayaqda qalan daxili məhkəmə siyasi cəhətdən zəif olan marjinal qrupun marağına zidd qərar verə bilər. Belə olan halda isə marjinal qrupun tək çarəsi məhz beynəlxalq məhkəməyə müraciət etmək olur. Əgər beynəlxalq məhkəmə mülahizə sərbəstliyi doktrinasına istinad etsə, marjinal qrupun maraqları təmin edilməmiş olur. Bu isə beynəlxalq insan hüquqlarının prinsiplərinə zidd məqamdır, çünki bu sahənin əsas məqsədlərindən biri həssas qrup olan azlıqların mühafizəsini təminat etməkdir.

Əlbəttə, hüququn aliliyinə əsaslanan daxili məhkəmələrdə işlərin həlli zamanı belə problemlər yaranmır. Amma hüququn aliliyinə əsaslanan və tam şəffaf fəaliyyət göstərən məhkəmə sisteminin olduğu ölkələrin sayının da az olduğunu nəzərə almaq lazımdır.

Beləliklə, mülahizə doktrinası cəmiyyətdə demokratiyanı bərqərar etmək üçün bir vasitə olsa da, azlıqlar mövcud olduqda, əksinə – demokratiyanın təşviqi onların maraqlarını poza bilər.[xxvii]

Mülahizə doktrinası, son nəticədə, onu tətbiq edən beynəlxalq orqanın etibarlılığını azalda, ikili məhkəmə standartları haqqında şübhələri artıra bilər.[xxviii]

 

  1. Mülahizə sərbəstliyinin müsbət cəhətləri

 

Hər nə qədər çətinliyi olsa da, mülahizə sərbəstliyi beynəlxalq sistemə harmoniya gətirən uğurlu bir vasitədir. Əvvəla, bu aydındır ki, beynəlxalq məhkəmələr işin hər detalını araşdıra bilməzlər, onların buna zamanı və potensialı yetmir. Onlar dövlətlərə müəyyən qədər güvənməli və onların irəli sürdüyü arqumentlərə prinsipial yanaşmamalıdırlar. Mülahizə sərbəstliyi doktrinası isə bunu dəstəkləyir.

Həmçinin, mülahizə sərbəstliyi beynəlxalq və milli sistemlərin əməkdaşlığını artırır.[xxix] Özünə inam olduğunu görən milli hökumət və beynəlxalq sistem arasında güvən körpüsü qurur. Ən əsası, milli hökumət beynəlxalq məhkəmənin məqsədinin onun daxili siyasətinə qarışmaq olmadığını qavrayır. Beləliklə, mülahizə sərbəstliyi balanslaşdırma tərəzisi rolunu oynayaraq, ölkələr və beynəlxalq məhkəmə arasındakı kooperasiya və koordinasiyanı inkişaf etdirir.

Ümumiyyətlə, beynəlxalq hüquq sistemində hər məsələyə dəqiq standartlar qoymaq mümkün deyil. Beynəlxalq hüquq hər məsələni detallı nizamlamağa qadir deyil. Mülahizə sərbəstliyi də burada açar rol oynayır və dəqiqliklə nizamlana bilməyən məsələlərdə dövlətlərə hərəkət sərbəstliyi yaradır.

Həmçinin, mülahizə sərbəstliyi hüquqi pluralizm faktorunu nəzərə alır. Dünyada fərqli hüquq sistemlərinin və anlayışlarının mövcudluğunu dərk edərək bütün məsələlərin eyni cürə nizamlana bilməyəcəyinin anlaşılmasına zəmin yaradır.

 

  1. Mülahizə sərbəstliyinin sərhədləri

 

Mülahizə sərbəstliyi müəyyən çərçivələrlə fəaliyyət göstərir. Doktrinanın tətbiqi üçün ilk şərt dövlətlərin öz diskresion səlahiyyətlərini vicdanla yerinə yetirməsidir.[xxx] Dövlətlər mülahizə sərbəstliyinə istinad edilə biləcək hərəkətlərdə müəyyən sərhədləri gözləməli və qadağaların tətbiqinə vicdanla yanaşmalıdırlar.

Mülahizə sərbəstliyi doktrinasının əsas sərhədi odur ki, beynəlxalq məhkəmələr milli qərarların ağlabatanlığını yoxlamaqda sərbəstdirlər.[xxxi] Mülahizə sərbəstliyi doktrinası vasitəsilə dövlətlərə sərbəstlik verilsə də, bu doktrinanın tətbiqinə ilkin olaraq qərar verən beynəlxalq məhkəmələrdir. Yəni mülahizə sərbəstliyi doktrinası məhkəmənin məhkəmə nəzarəti funksiyasını heç bir halda kənara atmır. Məsələn Handyside işində dövlətin mülahizə sərbəstliyini tanıyan Məhkəmə eyni qərarda Konvensiyanın tərəf Dövlətlərə limitsiz mülahizə sərbəstliyi vermədiyini qeyd edir. Burada Məhkəmə deyir: “Daxili mülahizə sərbəstliyi Avropa nəzarəti ilə əl-ələ gedir”.[xxxii]

Eləcə də AİHM İrlandiya Birləşmiş Krallığa qarşı qərarında qeyd edir: “… Dövlətlərin limitsiz səlahiyyəti yoxdur… Daxili mülahizə sərbəstliyi Avropa nəzarəti ilə müşayiət olunur”.[xxxiii]

Nəticə

Mülahizə sərbəstliyi doktrinası milli hökumətlər və beynəlxalq məhkəmələr arasında suverenlik tərəzisi yaradan effektiv bir vasitədir. Qeyri-dəqiq beynəlxalq hüquq normalarının tətbiqində bu doktrinanın əhəmiyyətli rolu var.

Lakin doktrina başda qeyri-demokratik hökumətlər olmaqla, bir çox ölkələrdə özbaşına qərarlara yol aça bilər: dövlətlər bu doktrinaya rahatlıqla istinad edib, məsələnin həlli zamanı özlərinin daha yaxşı hakim olduğu qənaətinə gələ bilərlər. Bu isə onların beynəlxalq hüquqa etinasız yanaşması ilə nəticələnə bilər.

Lakin doktrinanın tətbiqi zamanı qeyd edilənlər nəzərə alınmalıdır. Beynəlxalq məhkəmələr doktrinanı tətbiq edərkən onun təşkilatlı və sistematik olmasına xüsusi nəzər yetirməlidirlər.

Ümumi olaraq, doktrinanın tətbiqi plüralizm və relativizmin göstəricisidir. O, beynəlxalq məhkəmələrin iş yükünü azaldır, milli sistemlər arasındakı fərqlərin anlaşılmasına şərait qurur və milli hökumətlərdə beynəlxalq hüquq sisteminə güvən yaradır.

Nəticə etibarilə, mülahizə sərbəstliyi doktrinası həm müsbət, həm də mənfi cəhətlərə malikdir. Lakin mülahizə sərbəstliyi doktrinası beynəlxalq insan haqları hüququna immanentdir. Çünki bu hüquq sahəsini praktik tənzimləyən beynəlxalq tribunallar təbiətləri etibarilə milli təcrübələrə yerli tribunallar qədər bələd ola bilməzlər. Bu nöqteyi-nəzərdən mülahizə sərbəstliyi doktrinasının mövcudluğu labüddür. Bu doktrinanın mənfi tərəflərinin, yəni onun sui-istifadəyə açıqlığının aradan qaldırılması üçün həm beynəlxalq tribunallar tərəfindən, həm də insan haqları üzrə hüquq doktrinasını formalaşdıran elmi icma tərəfindən onun sabit və praktikada istifadəyə yararlı meyarlarının müəyyən edilməsinə ehtiyac var. Hazırkı mərhələdə bu cür meyarlar tam müəyyən edilməyib.

 

Ədəbiyyat siyahısı

[i] Yuval Shany, ‘Toward a General Margin of Appreciation Doctrine in International Law?’ (Əsli ingilscədir, “Beynəlxalq Hüquqda Mülahizə Sərbəstliyi Doktrinasına doğru?”) (2005) 16 EJIL 908 (“Shany”), s. 909.

[ii] Eyal Benvenisti, ‘Margin of Appreciation, Consensus, and Universal Standards’ (Əsli ingilscədir, “Mülahizə Sərbəstliyi, Konsensus və Universal Standartlar”) (1999) 31 ILP 843 (“Benvenisti”), s. 843

[iii] Handyside v. the United Kingdom (Handyside Birləşmiş Krallığa qarşı) Application no. 5493/72 (ECtHR, 7 December 1976) (“Handyside”) para. 48, http://hudoc.echr.coe.int/eng?i=001-57499

[iv] Shany, 910

[v] Yuxarıda.

[vi] Raffaella Nigro, ‘The Margin of Appreciation Doctrine and the Case-Law of the European Court of Human Rights on the Islamic Veil’ (Əsli ingiliscədir, “İslam Baş örtüsü ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Mülahizə Sərbəstliyi Doktirinası və Məhkəmə presedenti”) (2010) Hum Rights Rev 531 (“Nigro”), s. 536.

[vii] Nigro, 532.

[viii] Lawless v. Ireland (No.3) Application no. 332/57 (ECtHR, 1 July 1961) (“Lovles İrlandiyaya qarşı), para. 23-30, http://hudoc.echr.coe.int/tur?i=001-57518

[ix] Ireland v. the United Kingdom Application no. 5310/71 (ECtHR,  18 January 1978) (“İrlandiya Birləşmiş Krallığa qarşı”) para. 207, http://hudoc.echr.coe.int/eng?i=001-57506

[x] Məhdudlaşdırıcı normalar hüquqlara milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və s. hallarda məhdudiyyətlərin qoyulmasına icazə verir.

[xi] Bununla bağlı Moris Fransaya qarşı işində Məhkəmə qeyd edir: “…məsələ ictimai maraq kəsb edəndə ifadə azadlığı daha yüksək qorunur; hökumətlərin mülahizə sərbəstliyi dar olur.”

[xii] Nigro, 535

[xiii] Handyside, 48.

[xiv] Avropa İnsan Hüquqları Konvensiyası, preambula

[xv] Benvenisti, 851

[xvi] Handyside, 48

[xvii] Nigro, 533

[xviii] Shany, 908

[xix] Yuxarıda

[xx] Case concerning Oil Platforms, Islamic Republic of Iran v. United States of America (Əlsi ingiliscədir, Neft Platformarları ilə bağlı məhkəmə işi – İran İslam Respublikası Amerika Birləşmiş Dövlətlərinə qarşı), Judgment, I. C. J. Reports 2003, p. 161, para. 73 https://www.icj-cij.org/public/files/case-related/90/090-20031106-JUD-01-00-EN.pdf

[xxi] The Gabcikovo-Nagymaros Project (Hungary/Slovakia), Judgment (Əsli ingiliscədir, Gabcikovo-Nagymaros Layihəsi (Macarıstan/Slovakiya), 1. C. J. Reports 1997, p. 7, para. 51 https://www.icj-cij.org/public/files/case-related/92/092-19970925-JUD-01-00-EN.pdf

[xxii] Avena and Other Mexican Nationals (Mexico v. United Slates of America) (Avena və Digər Meksikalılar – Meksika Amerika Birləşmiş Dövlətlərinə qarşı), Judgment, I. C. J. Reports 2004, p. 12, para. 131 https://www.icj-cij.org/public/files/case-related/128/128-20040331-JUD-01-00-EN.pdf

[xxiii] Yuxarıda

[xxiv] Shany, 922

[xxv] Shany, 923

[xxvi] Benvenisti, 847

[xxvii] Benvenisti, 849

[xxviii] Benvenisti, 844

[xxix] Shany, 922

[xxx] Shany, 910

[xxxi] Yuxarıda

[xxxii] Handyside, 49

[xxxiii] İrlandiya Birləşmiş Krallığa qarşı, 207