Şəxsin hüquqşünasla təmsil olunmadan özü özünü müdafiə etməsi pozuntudurmu?
Şəxsin özü özünü müdafiə etməsi Konvensiyaya zidd deyil. Əksinə, 6.3(c) maddə bunu hüquq kimi nəzərdə tutur.
Amma özü-özünü müdafiə etmək qərarı şəxsin həqiqi iradəsi əsasında olmalıdır (bax Simeonovi Bolqarıstana qarşı, Böyük Palata). Təcrübədə isə bəzən elə hallar olur ki, şəxs özü özününü müdafiə etmək məcburiyyətində qalır. Məsələn, bu o səbəbdən ola bilər ki, hüquqşünasla təmsil olunmaq (o cümlədən pulsuz təmsil olunmaq) hüququ ona izah olunmayıb, yaxud dindirildikdən sonra izah olunub, yaxud hüquqşünas tutmaq üçün əlaqə saxlamağa fiziki olaraq imkan verilməyib və s. Belə hallarda hüquqşünas xidmətindən yararlana bilmək hüququnun pozulmasını iddia etmək mümkündür.
Hipotetik misal. Bu iki ərizə variantını müqayisə edin:
“Konvensiyann 6.3(c) maddəsi hüquqşünas xidmətindən yararlana bilmək hüququnu ehtiva edir. Həmin hüquq cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır (bax: Öcalan Türkiyəyə qarşı, Böyük Palata). Şəxs cinayət işi ilə əlaqədar ilk dindirildiyi andan hüquqşünasla təmsil olunmalıdır (Salduz Türkiyəyə qarşı, Böyük Palata). Hüquqşünasın olması həm şəxsin müdafiəsini effektiv qurmasında zəruridir, həm də onun pis rəftara, hədə-qorxu və sair bu kimi qeyri-qanuni hərəkətlərə məruz qalmasına qarşı təminatdır.Konvensiyann 6.3(c) maddəsinə zidd olaraq ərizəçi N.N. polis idarəsində hüquqşünasla təmsil olunmadan dindirilib. Hüquqşünas xidmətindən yararlana bilmək hüququ yalnız müstəsna halda məhdudlaşdırıla bilər, həmin məhduddiyyət müvəqqəti xarakter daşımalı və işin hallarının fərdi şəkildə qiymətləndirilməsi əsasında tətbiq olunmalıdır (bax: İbrahim və başqaları Böyük Britaniyaya qarşı, Böyük Palata). Müstəsna hal olmadıqda cinayət araşdırmasının ümumilikdə ədalətli olduğunu göstərmək hökümətin üzərinə düşür. Ərizəçinin işində isə heç bir müstəsna hal olmamışdır. Beləliklə Konvensiyann 6.3(c) maddəsinin pozuntusu bash verib.”
“Saat 11.30-da ərizəçi N.N. polis idarəsində hüquqşünasla təmsil olunmadan dindirilib. Aşağıdakı səbəblərə görə həmin hal hüquqşünasla təmsil ounmaq hüququnun pozuntusudur. Birincisi, ərizəçiyə yalnız dindirildikdən sonra cinayət törətməkdə şübhəli bilindiyi barədə məlumat verilib və bir sıra hüquqlarının olması barədə standart sənəd təqdim olunub. İkincisi, ona təqdim olunan sənəddə hüquqşünasla təmsil olunmaq hüququnun mövcud olması deyilsə də, həmin hüququn hansı andan yaranması nə yazılı, nə də ki, şifahi halda izah olunub (bax: hüquqlar izah olunması barədə sənəd, səhifə 17). Ərizəçi polis tərəfindən saxlanılıb idarəyə gətirilən kimi onun mobil telefonu əlindən alınıb (bax: əlavə olunan protokol, səhifə 15). Faktiki olaraq o polis idarəsindən kənardakı dünyadan tam təcrid olunub. Ərizəçiyə ailəsi və dostları ilə əlaqə saxlamağa dindirmədən on iki saat keçdikdən sonra imkan verilib (bax: qardaşı A.N. və dostu N.A. tərəfindən yazılmış ərizə-izahat, səhifə 20 və 21). Polis idarəsindən ərizəçinin ailəsinə zəngin saat 23.45-də olduğunu telefon zənglərinin çıxarışı da təsdiq edir (bax: çıxarış, səhifə 22). Beləliklə ərizəçi öz seçimi əsasında hüquqşünas tutmaq imkanından məhrum edilib. Üçüncüsü, növbəti gündən etibarən onun öz hüquqşünası olsa da, həmin hal pozuntunun neqativ nəticələrini aradan qaldırmayıb. Belə ki, birinci instansiya məhkəməsinin əsaslandığı əsas dəlil ərizəçidən polis idarəsində alınmış izahatı olub (bax: birinci instansiya məhkəməsinin hökmü, səhifə 5). Birinci instansiya məhkəməsinin əsaslandığı digər dəlillər (şahid ifadələri) dolayı sübut xarakteri daşıyır (bu barədə daha ətraflı bax: ərizənin 5-ci səhifəsi, paraqraf 4-8). Apellyasiya məhkəməsi isə qərara alıb ki, işin faktiki hallarını yenidən özü araşdırmasın (bax: apellyasiya məhkəməsinin hazırlıq içlasının qərarı, səhifə 10).”
Göründüyü kimi, birinci misalda Məhkəmənin presedentlərinə istinadlar olsa da, şikayət yetərincə əsaslandırılmayıb. İkinci misaldakı ərizə isə nisbətən daha “güclü”dür, çünki aşağıdakı vacib məsələlərlə bağlı arqumentlər təqdim olunub:
– iş materiallarında mövcud olan “hüquqların izah olunması barədə” sənədin əhəmiyyəti;
– ərizəçinin sonrakı dövrlərdə hüquqşünasının olması faktının əhəmiyyəti və ilkin dindirmə zamanı hüquqşünasın olmamasının prosesin ümumilikdə götürüldükdə ədalətli olub-olmamasına təsiri.
Şəxs özü özünü müdafiə edəcəyi barədə yazılı sənədə imza atıbsa, hansı səbəblərdən həmin ərizənin şəxsin iradəsinə zidd olduğunu əsaslandırmaq xüsusilə əhəmiyyətlidir.
©legallibrary.org