Müdafiə hüququ, hüquqçu xidmətindən yararlanma imkanı – AİHM bələdçisi

Hüquqşünas xidmətindən yararlana bilmək imkanı / hüquqşünasla təmsil olunmaq hüququ

Hüquqşünas köməyindən yararlana bilmək (hüquqşünasla təmsil olunmaq hüququ) ədalətli araşdırma hüququnun ən vacib təminatlarından biridir. Cinayət işlərində hüquqşünas xidmətinin xüsusi önəmi var.

Cinayət işlərində hüquqşünas xidmətindən yararlana bilmək hüququ Konvensiyanın 6.3(c) maddəsində nəzərdə tutulub. Həmin hüququn pozulmasına dair şikayət edərkən, 6.3(c)maddəyə 6.1-ci maddə ilə birlikdə istinad etmək tövsiyə olunur.

Mülki işlərdə hüquqşünas xidmətindən yararlana bilmək hüququ Konvensiyanın 6.1-ci maddəsinin təsiri altına düşür.

(a) Mülki işlərdə hüquqşünasla təmsil olunmaq hüququ

Mülki işlərdə hüquqşünas xidmətlərindən istifadə edib-etməmə şəxsin öz seçimidir. Bir qayda olaraq dövlət bu prosesdə rol oynamır. Amma bəzi hallarda (məsələn, iş həddindən artıq mürəkkəbdirsə və ya yuxarı instansiya məhkəməsində hüquqşünasla təmsil olunmaq mütləq tələbdirsə) mülki işlərdə hüquqi xidmətlərin pulsuz təmin edilməməsi Konvensiyanın 6.1-ci maddəsi ilə təmin olunan məhkəməyə çıxış hüququnu poza bilər.

Mülki işlərdə dövlət hesabına hüquqşünasın təmin olunmasına aid tələblər cinayət işlərindəki tələblərlə oxşardır (qeyd: həmin tələblər aşağıda son iki başlıq altında müzakirə olunur).

Diqqət! Hüquqi xidmətlərin pulsuz təmini məhkəməyə çıxış hüququnun qorunması üçün işlədilən vasitələrdən yalnız biridir. Dövlət daxili qanunvericiliyində eyni məqsədə xidmət edən başqa vasitə də nəzərdə tuta bilər; məsələn, tətbiq olunan prosedurların sadələşdirilməsi (bax: Steel və Morris Böyük Britaniyaya qarşı).

(b) Cinayət işlərində hüquqşünas xidmətindən yararlana bilmək hüququ nəyi ehtiva edir və hansı andan yaranır?

Konvensiyanın 6.3(c) maddəsinin tələblərinə əsasən, heç bir cinayət prosesi praktik və effektiv hüquqi müdafiə olmadan həyata keçirilməməlidir (bax: Pakelli Almaniyaya qarşı). Hüquqşünas xidmətindən yararlana bilmək hüququ 6.1-ci maddədə nəzərdə tutulan ədalətli araşdırma hüququnun bir aspektidir və cinayət prosesinin ümumilikdə götürdükdə ədalətli həyata keçirilməsinə xidmət edir.

Bu hüquq həm imkan verir şəxs hüquqşünası:

– özü seçsin,

– hüquqi xidmətləri ödəmək üçün pulu kifayət etmədiyi zaman pulsuz hüquqi müdafiə ilə təmin olunsun.

Diqqət! Şübhəli bilinən və ya təqsirləndirilən şəxsin hüquqşünasının, sadəcə, mövcud olması kifayət deyil. Onların konfidensial şəraitdə məsləhətləşmələri, həmçinin hüquqşünasa öz işini effektiv görməsi üçün imkan verilməlidir; məsələn:

– hüquqlarını müdafiə etdiyi şəxslə danışa bilsin,

– iş materialları ilə tanış olsun,

– iş materiallarından çıxarışlar etsin, surət çıxarsın,

– müdafiə işini görərkən şiddətli yorğunluq həddinə çatdırılmasın və s.

Bu mənada Konvensiyanın 6.3(c) maddəsi ilə nəzərdə tutulmuş effektiv hüquqi müdafiə hüququ 6.3(b) maddəsi ilə nəzərdə tutulmuş kifayət qədər vaxt və imkanlara malik olmaq hüququ ilə kəsişir.

Hüquqşünas xidmətindən yararlana bilmək hüququ cinayət prosesinin bütün mərhələlərində təmin olunmalıdır (bax: Öcalan Türkiyəyə qarşı, Böyük Palata). Şəxs cinayət işi ilə əlaqədar ilk dindirildiyi andan hüquqşünasla təmsil olunmalıdır (bax: Salduz Türkiyəyə qarşı, Böyük Palata). Hüquqşünasın olması həm şəxsin müdafiəsini effektiv qurmasında zəruridir, həm də onun pis rəftara, hədə-qorxu və sair bu kimi qeyri-qanuni hərəkətlərə məruz qalmasına qarşı təminatdır. Hətta sonrakı mərhələlərdə şəxs hüquqşünasla təmsil olunsa belə, ilkin mərhələdə onun olmaması müdafiəyə düzəlməz zərər vura bilər.

Diqqət! Hüquqşünas xidmətindən yararlana bilmək hüququ mütləq hüquq deyil; bu hüquq məhdudlaşdırıla bilər. Məhduddiyyət:

– yalnız müstəsna hal mövcud olduqda tətbiq olunmalı,

– müvəqqəti xarakter daşımalı və

– işin hallarının fərdi şəkildə qiymətləndirilməsi əsasında tətbiq olunmalıdır (bax İbrahim və başqaları Böyük Britaniyaya qarşı, Böyük Palata).

Məsələn, təcili olaraq kiminsə həyatı, azadlığı və fiziki toxunulmazlığına dəyə biləcək zərərin qarşısını almaq zərurəti varsa, bu müstəsna hal sayıla bilər. Amma belə halın olmaması avtomatik olaraq Konvensiyanın 6.3(c) maddəsinin pozuntusunun tapılmasına gətirib çıxarmır. Müstəsna halın olub-olmaması cinayət araşdırmasının ümumilikdə ədalətli olub-olmamasını Məhkəmə öz qiymətləndirməsində nəzərə alır. Müstəsna hal olmadıqda cinayət araşdırmasının ümumilikdə ədalətli olduğunu sübut etmək Hökümətin üzərinə düşür.

©legallibrary.org