Müdafiə hüququ, dövlət hesabına hüquqçunun təyin edilməsi – AİHM bələdçisi

Dövlət hesabına hüquqşünas hansı halda təyin olunumalıdır?

Hüquqşünasla pulsuz təmsil olunma hüququ mütləq hüquq deyil və müəyyən məhdudiyyətlərə açıqdır. Dövlət hesabına hüquqşünas aşağıdakı iki şərt əsasında təmin olunur:

– şəxs hüquqşünas xidmətlərini ödəmək üçün vəsaitinin kifayət etmədiyini sübut etməli;

– ədalət mühakiməsi maraqları pulsuz hüquqi yardımın göstərilməsini tələb etməlidir.

Şəxs hüquqşünas xidmətlərini ödəmək üçün vəsaitinin kifayət etmədiyini sübut etmək vəzifəsinə ciddi yanaşmalıdır. Məsələn, heç bir yerdə rəsmi olaraq işləmirsə belə, məntiqidir ki, onun yaşaması üçün hansısa başqa gəlir və ya yardım mənbəyi var. Şəxsin, sadəcə, heç bir yerdə rəsmi olaraq işləməmədiyi faktına istinad etməsinin əvəzinə, həmin gəlir və ya yardım mənbələri barədə məlumat verməsi və həmin gəlirin və ya yardımın kifayət etməməsini əsaslandırması daha məsləhətdir. Aşkar yoxsul vəziyyətdə olma (məsələn, şəxsin küçədə yaşaması) bu qaydadan istisna kimi qəbul edilə bilər.

Ədalət mühakiməsi maraqları pulsuz hüquqi yardımın göstərilməsini tələb edib-etməməsi iş faktlarının ümumilikdə götürməklə qiymətləndirilməsindən asılıdır. Məsələn, aşağıdakı məqamlar nəzərə alınmalıdır:

– tətbiq oluna biləcək cəzanın ağırlığı. Azadlıqdan məhrumetmə ilə nəticələnə bilərsə, ədalət mühakiməsi maraqları bir qayda olaraq (prinsipcə) hüquqşünasla təmsilolunmanı tələb edir (bax: Benham Böyük Britaniyaya qarşı, Böyük Palata);

– cinayətin ağırlığı;

– işin mürəkkəbliyi (həm cinayət, həm mülki işlərdə);

– şəxsin fərdi vəziyyəti (dil biliyi, hüquqi sistemlə tanışlığı və sair);

– yuxarı instansiya məhkəmələrində hüquqşünasla təmsil olmanın mütləq tələb olması faktı (həm cinayət, həm mülki işlərdə).

©legallibrary.org