MEGİ (MAGEE) VƏ BAŞQALARI BİRLƏŞMİŞ KRALLIĞA QARŞI – 12 MAY 2015-CI IL

 

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

Avropa İnsan Hüquqları Məhkəməsi

DÖRDÜNCÜ BÖLMƏ

MEGİ (MAGEE) VƏ BAŞQALARI BİRLƏŞMİŞ KRALLIĞA QARŞI məhkəmə işi

(Ərizələr № 26289/12, 29062/12 və 29891/12)

QƏRAR
[Çıxarışlar]

Strasburq

12 may 2015-ci il

Qüvvəyə minmə tarixi:

12.08.2015

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallarda qüvvəyə minəcək. Ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Megi Birləşmiş Krallığa qarşı məhkəmə işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Bölmə),
hakimlər:
Paivi Hirvela (Päivi Hirvelä), sədr,
George Nikolau (George Nicolaou),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoria (Nona Tsotsoria),
Pol Mahoni (Paul Mahoney),
Kşiştof Voytsiçek (Krzysztof Wojtyczek),
Faris Vehaboviç (Faris Vehabović),
habelə Bölmə katibi Fransuaza Elens-Passosdan (Françoise Elens-Passos) ibarət tərkibdə Palatada iclas keçirərək,
14 aprel 2015-ci ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən üç İrlandiya vətəndaşı – cənab Qabriel Megi (Gabriel Magee), cənab Kolin Frensis Daffi (Colin Francis Duffy) və xanım Tereza Megi (Teresa Magee) (“ərizəçilər”) tərəfindən, müvafiq olaraq, 1 may 2012-ci il, 14 may 2012-ci il və 10 may 2012-ci ildə Məhkəməyə təqdim edilmiş Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına qarşı ərizələr (№ 26289/12, 29062/12 və 29891/12) əsasında başlanıb.
2. Birinci və ikinci ərizəçini Belfastda yerləşən “KRW Law – LLP” vəkillər firması təmsil edib. Üçüncü ərizəçini Lurqanda fəaliyyət göstərən “O’Connor & Moriarty Solicitors” firmasından olan cənab P. Moriarti (P. Moriarty) təmsil edib. Birləşmiş Krallıq Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici işlər və birlik ölkələri nazirliyindən olan xanım M. Eddis (M. Addis) təmsil edib.
3. 25 sentyabr 2012-ci ildə birinci və ikinci ərizəçinin ərizələri barədə Hökumətə məlumat verildi. Üçüncü ərizəçinin ərizəsi barəsində isə Hökumətə 7 noyabr 2012-ci ildə məlumat verildi. Ərizəçilər və Hökumət hər biri şikayətlərin qəbulunun mümkünlüyü məsələsinə və şikayətlərin mahiyyətinə dair qeydlərini təqdim etdilər (59-cu qaydanın 1-ci bəndi).

FAKTLAR

İŞİN HALLARI

4. Birinci ərizəçi 1972-ci ildə anadan olub və Belfastda yaşayır. İkinci ərizəçi 1967-ci ildə anadan olub və Lurqanda yaşayır. Üçüncü ərizəçi isə 1978-ci ildə anadan olub və Kreyqavonda yaşayır.

A. Birinci və üçüncü ərizəçilər

5. 14 mart 2009-cu ildə birinci və üçüncü ərizəçilər 9 mart 2009-cu ildə öldürülmüş polis əməkdaşının qətlində iştirak etməkdə şübhəli bilinərək “Terrorizm haqqında” 2000-ci il qanunu (“2000-ci il qanunu”) əsasında həbs edildilər. Həmin gün onlar Antrim polis bölməsində həbsdə saxlandılar. Birinci ərizəçi 15 mart 2009-cu ildə iki dəfə, 16 mart 2009-cu ildə isə bir dəfə dindirildi; üçüncü ərizəçi isə 15 mart 2009-cu ildə üç dəfə, 16 mart 2009-cu ildə isə bir dəfə dindirildi.
6. 16 mart 2009-cu ildə baş prokuror dindirmələri aparmaq və məhkəmə ekspertizalarını keçirmək üçün hər iki ərizəçinin həbdə saxlanmasının davam etdirilməsi məqsədi ilə 2000-ci il qanununa 8-ci Əlavənin 29-cu bəndinə əsasən Qraflıq məhkəməsinə vəsatətlər verdi. Məhkəmə dinləməsi zamanı birinci ərizəçi and içərək ifadə verdi. Dinləmədən sonra Qraflıq məhkəməsinin hakimi həbs müddətinin beş gün uzadılmasına icazə verən order verdi.
7. Ərizəçilərin hər biri sonrakı beş gün ərzində on iki dəfə dindirildi.
8. 21 mart 2009-cu ildə baş prokuror həbs müddətinin uzadılması barədə orderdə göstərilmiş müddətlərin daha yeddi gün müddətinə uzadılması üçün 2000-ci il qanununa 8-ci Əlavənin 36-cı bəndinə əsasən Qraflıq məhkəməsinə vəsatətlər verdi. Müddətlərin uzadılması ona görə istənilirdi ki, məhkəmə ekspertizası çərçivəsində aparılan əlavə müayinələrin nəticələri alınan kimi ərizəçilərin dindirilməsini davam etdirməyə imkan yaransın. 22 mart 2009-cu ildə ayrıca dinləmə zamanı baş polis əməkdaşı and içərək ifadə verdi və müddətlərin uzadılmasının zəruriliyini əsaslandırdı, eləcə də birinci və üçüncü ərizəçilərin arqumentləri təqdim edildi.
9. Dinləmələrdən sonra hakim Filpott birinci ərizəçi barəsində yazılı formada, üçüncü ərizəçi barəsində isə ekspromt qaydada qərar qəbul etdi. O, hər iki vəsatəti təmin edərək birinci ərizəçinin 28 mart 2009-cu il saat 7.20-dək, üçüncü ərizəçinin isə 28 mart 2009-cu il saat 5.52-dək həbsdə qalmasına sanksiya verdi. Qərarlarını əsaslandırarkən hakim Filpott qeyd etdi ki, məhkəmə ekspertizasının müvafiq sübutu istintaq üçün mühüm dəlildir və istintaq lazımi səylə və cəldliklə aparılır.
10. Hakim Filpott qərarları qəbul edərkən bu məsələni nəzərdən keçirdi ki, 2000-ci il qanunu və ya Konvensiyanın 5-ci maddəsi həbs müddətinin uzadılıb-uzadılmaması məsələsi həll olunarkən həbsin qanuniliyini yoxlamaq və ya tutulmuş şəxsi zəmanət müqabilində azad etmək səlahiyyətini birbaşa və ya dolayısı ilə məhkəməyə verirmi? O, bu qənaətə gəldi ki, məhkəməyə bu cür səlahiyyət verilmir, belə ki, 2000-ci il qanunu hakimə yalnız həbs müddətinin uzadılmasının zəruri olub-olmaması məsələsini həll etmək səlahiyyəti verir. Müvafiq olaraq, o, istintaq məqsədləri üçün həbs müddətinin qırx səkkiz saatdan artıq müddətə uzadılmasının zəruri olub-olmadığını araşdırmaqla kifayətləndi, həbsin qanuniliyinə aid hər hansı məsələ isə Yüksək Məhkəmə tərəfindən ya habeas corpus (həbsinin qanuniliyinin yoxlanılması məqsədi ilə tutulmuş şəxsin hakimin yanına gətirilməsi) proseduru çərçivəsində, ya da məhkəmə nəzarəti qaydasında məsələyə yenidən baxılması çərçivəsində həll edilməli idi.

C. Ərizəçilərin işlərinin birləşdirilmiş icraatı

17. Ərizəçilər hakim Filpottun onların həbsinə sanksiya vermiş qərarların müddətinin uzadılması barədə vəsatəti təmin edən 21 və 22 mart 2009-cu il tarixli qərarlarına məhkəmə nəzarəti qaydasında yenidən baxılmasına icazə verilməsi üçün ərizə ilə müraciət etdilər. Onlar bildirdilər ki, birincisi, hakim Filpott həbs müddətini uzadıb-uzatmamaq məsələsini həll edərkən hakimin həbsin qanuniliyini araşdırmaq səlahiyyətinə malik olmadığı qənaətinə gəlməklə səhv edib; ikincisi, hakim məhkəmə ekspertizasının nəticələri gözlənildiyi müddətdə ərizəçilərin həbsdə saxlanmasının zəruriliyi məsələsini araşdırmayıb; üçüncüsü, hakim həbsdə saxlanmanın tələb olunduğu barədə qərarını əsaslandıran səbəbləri göstərməyib; və nəhayət, 2000-ci il qanununa 8-ci Əlavə Konvensiyanın 5-ci maddəsinə ziddir.
18. 24 mart 2009-cu ildə Şimali İrlandiya Yüksək Məhkəməsi məsələyə məhkəmə tərəfindən yenidən baxılmasına icazə verdi və həmin Yüksək Məhkəmə 25 mart 2009-cu ildə ərizələr üzrə dinləmə keçirdi.
19. Ərizəçilərin birinci arqumenti ilə əlaqədar olaraq Yüksək Məhkəmə qərara aldı ki, 2000-ci il qanununa 8-ci Əlavənin 5-ci və 32-ci bəndləri, Avropa Məhkəməsinin presedent hüququnda izah edildiyi kimi, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun şəkildə şərh edilməlidir. Beləliklə, həbsin qanuniliyinin araşdırılması həbs üçün əsas olmuş səbəbin araşdırılmasını da əhatə etməlidir, əks halda ilkin həbsin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmadan şəxs iyirmi səkkiz günədək həbsdə saxlanıla bilərdi, bu isə Konvensiyaya uyğun sayıla bilməzdi. Buna görə də Yüksək Məhkəmə bu qənaətə gəldi ki, hakim Filpott ərizəçinin həbsinin qanuniliyini yoxlamaqdan imtina etməklə səhvə yol verib və nəticədə həbs müddətlərinin uzadılması barədə onun qərarı ləğv edilməlidir. Bununla belə, məhkəmə razılaşdı ki, həbsin qanuniliyi yoxlanılarkən həbs qərarı üçün əsas olmuş səbəblərin təfsilatlı şəkildə təhlil olunmasına ehtiyac yoxdur və həmin yoxlama aparılarkən terrorizm cinayətlərinə görə həbs zamanı bir çox hallarda zəruri olaraq tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır.
20. Ərizəçilərin ikinci və üçüncü arqumentlərinə gəlincə, Yüksək Məhkəmə bu qənaətə gəldi ki, hakim məhkəmə ekspertizalarının nəticələri gözlənilən müddətdə ərizəçilərin azad edilməsi məsələsindən daha çox, həbsdə saxlanmaları məsələsinə diqqət yetirsə də, həbs orderi verilməsi üçün əsas qismində həbsdə saxlanmanın zəruriliyi məsələsini nəzərdən keçirmişdi. Bundan başqa, hakim qərarın əsaslarını çox qısa şəkildə ifadə etsə də, bu, ərizəçilərin həmin əsasları anlamaları üçün kifayət edirdi.
21. Ərizəçilərin dördüncü arqumentinə, yəni 2000-ci il qanununa 8-ci Əlavənin Konvensiyanın 5-ci maddəsinə uyğunluğu məsələsinə baxılması təxirə salındı. 24 fevral 2011-ci ildə çıxardığı qərarda Şimali İrlandiya Yüksək Məhkəməsi 8-ci Əlavənin Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığına dair arqument irəli sürülməsi üçün heç bir əsas müəyyən etmədi. Konkret olaraq, məhkəmə bildirdi ki, 5-ci maddənin 1″c” bəndində qeyd edilən “səlahiyyətli məhkəmə orqanının” cinayət ittihamını araşdırmaq səlahiyyətinə malik orqan (Birləşmiş Krallıqdakı magistrat) olduğuna heç bir şübhə olmasa da, Şisser İsveçrəyə qarşı iş üzrə qərarında (4 dekabr 1979-cu il, 29-cu bənd, A seriyaları, № 34; və Makkey Birləşmiş Krallığa qarşı [BP], ərizə № 543/03, ECHR 2006 X) Avropa Məhkəməsi aydınlıq gətirib ki: Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri üçün “hakimin” və ya “digər vəzifəli şəxsin” funksiyası qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs tərəfindən icra edilməlidir və bu şəxs hər hansı mümkün cinayət ittihamı üzrə məhkəmə araşdırmasını həyata keçirmək səlahiyyətinə malik olmaya da bilər; 2000-ci il qanununda Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələb etdiyi kimi tutulmuş şəxsi azad etmək səlahiyyəti birbaşa göstərilməsə də, bu cür səlahiyyət dolayısı ilə nəzərdə tutulmalıdır; 2000-ci il qanununa 8-ci Əlavənin 32-ci bəndində şəxsin həbsdə saxlanılmasının zəruri olduğunu hesab etmək üçün əsaslı səbəblərin olması nəzərdə tutulur və beləliklə mütənasiblik tələbi həmin bənddə öz əksini tapıb; qanunvericilik sistemində zəmanət müqabilində şərti azadetmə barədə heç bir müddəa yoxdur, hərçənd ki, bu məsələ bu işdə qaldırılmasa da hər hansı gələcək işdə ortaya çıxacağı təqdirdə onun araşdırılmasına ehtiyac yaranacaq; 8-ci Əlavənin 33-cü bəndinin 3-cü yarımbəndi məhkəmə orqanına ərizəçini və ya onu təmsil edən hər hansı şəxsi bütün məhkəmə iclası müddətində və ya onun bir hissəsi ərzində məhkəmə zalından çıxarmaq səlahiyyəti versə də və 34-cü bənd hər hansı informasiyanın ərizəçidən və ya onu təmsil edən hər hansı şəxsdən gizli saxlanmasına icazə versə də, məhkəmə prosesinin çəkişmə xarakterini və tərəflərin bərabərliyini qoruyub saxlamaq üçün məhkəmənin sərəncamında bir sıra müxtəlif vasitələr var; və nəhayət, 5-ci maddənin tutulmuş şəxsə qarşı ittihamın 2000-ci il qanununda nəzərdə tutulan 28 günlük müddət bitənə qədər irəli sürülməsini tələb etdiyi barədə ərizəçilərin iddiasını təsdiqləyən heç bir qərar yoxdur.
22. 4 aprel 2011-ci ildə Şimali İrlandiya Yüksək Məhkəməsi əmin olduğunu təsdiq etdi ki, 24 fevral 2011-ci ildə qəbul etdiyi qərar ümumi ictimai əhəmiyyət daşıyan aşağıdakı hüquqi məsələləri əhatə edir:
“a) Aşağıdakı hallarda “Terrorizm haqqında” 2000-ci il qanununun (“Qanun”) həbs müddətinin dörd gündən artıq müddətə uzadılmasına icazə verən 8-ci Əlavəsinin III hissəsinin 29-cu bəndinin 3-cü yarımbəndi və 36-cı bəndinin 3″b” yarımbəndi ərizəçinin İnsan hüquqları haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 5-ci maddəsinin 1″c”, 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş hüquqlarına uyğundurmu:
1. Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə riayət edilməsinə yalnız tutulmuş şəxsin i) ona qarşı hər hansı ittiham irəli sürülmədən ii) magistrat məhkəməsindən fərqli olan məhkəmə orqanına gətirilməsini təmin etmək yolu ilə nail olmaq mümkündürsə;
2. Konvensiyasının 5-ci maddəsinin 1″c” və 3-cü bəndlərinin qarşılıqlı surətdə əlaqəli olan müddəalar kimi birlikdə götürülməsi və 5-ci maddəsinin 3-cü bəndində qeyd edilən “hakim və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxs” ilə 1″c” bəndində qeyd edilən “səlahiyyətli məhkəmə orqanının” eyni anlayış kimi başa düşülməsi tələb olunursa;
3. Qanuna 8-ci Əlavədə nəzərdə tutulmuş “məhkəmə orqanı” Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan mənada “hakim və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsdirsə”;
4) Konvensiyasının 5-ci maddəsinin 1″c” və 3-cü bəndlərinin müddəaları şübhəli şəxsin parlament tərəfindən göstərilən hər hansı müddət ərzində ona qarşı ittiham irəli sürülmədən, yalnız həbs qərarının Qanuna 8-ci Əlavədə nəzərdə tutulan qaydada məhkəmə tərəfindən vaxtaşırı təsdiqlənməsi tələb olunmaqla həbsdə saxlanmasına icazə verən müddəalar kimi şərh oluna bilməzsə.
b) Zəmanət müqabilində şərti azadetməyə icazə vermək səlahiyyətinin olmaması Qanuna 8-ci Əlavənin III hissəsində öz əksini tapmış həbs müddətinin uzadılmasına dair müddəaların İHAK-ın 5-ci maddəsinə zidd olmasına gətirib çıxarımı; və
c) Hakimə təqdim edilən, amma şübhəli şəxsdən və onun hüquqi nümayəndəsindən gizli saxlanmalı olan məlumatların açıqlanmaması (8-ci Əlavənin 34-cü bəndinin 1-ci yarımbəndinə və 2″f” yarımbəndinə uyğun olaraq) məqsədi ilə şübhəli şəxslə onun hüquqi nümayəndəsi hakim tərəfindən dinləmənin bir hissəsi ərzində məhkəmə zalından çıxarıldığı halda (8-ci Əlavənin 33-cü bəndinin 3-cü yarımbəndinə uyğun olaraq) həbs müddətinin uzadılmasına icazə vermə proseduru Daxili işlər naziri “AF (FC) & Anor”a qarşı məhkəmə işi üzrə qərarın ([2010] 2 AC 269) işığında 5-ci maddənin tələb etdiyi kimi məhkəmə dinlənməsinin çəkişmə xarakteri daşıması prinsipinə uyğundurmu?
23. Bununla belə, Yüksək Məhkəmə qərardan Ali Məhkəməyə şikayət verilməsinə icazə verməkdən imtina etdi.
24. 14 noyabr 2011-ci ildə Ali Məhkəmə də həmin qərardan şikayət verilməsinə icazə verməkdən imtina etdi və belə əsas gətirdi ki, ərizələrdə ümumi ictimai əhəmiyyət daşıyan hər hansı mübahisəli hüquqi məsələ qaldırılmayıb.

D. Ərizəçilərin həbsdən azad edilməsi

25. Ərizəçilər barələrində hər hansı ittiham irəli sürülmədən 25 mart 2009-cu ildə azadlığa buraxıldılar. Sonradan birinci və üçüncü ərizəçilər barəsində polis əməkdaşının qətli ilə bağlı hər hansı ittiham irəli sürülmədi.
26. İkinci ərizəçi dərhal yenidən həbs olundu və sonrakı iki gün ərzində dindirildi. 27 mart 2009-cu ildə o, iki hərbçinin öldürülməsində, beş dəfə qətl törətməyə cəhd etməkdə və odlu silah və sursat saxlamaqda ittiham olundu. 27 mart 2009-cu ildə o, Larn magistrat məhkəməsində işlərə baxan qraflıq hakiminin yanına gətirildi. Onun zəmanət müqabilində azad edilmək barədə vəsatəti rədd edildi. 6 və 23 noyabr 2009-cu ildə keçirilmiş dinləmədən sonra Yüksək Məhkəmə də zəmanət müqabilində azad edilmək barədə vəsatəti rədd etdi və belə əsas gətirdi ki, respublikaçı dissident təşkilatla şübhəli əlaqələri ilə əlaqədar olaraq onun təkrar cinayət törətməsi təhlükəsi realdır. 8 oktyabr 2010-cu ildə Yüksək Məhkəmə yenə də zəmanət müqabilində azad edilmə xahişini təmin etməkdən imtina etdi.
27. 7 noyabr 2011-ci ildə ikinci ərizəçi işə andlıların iştirakı olmadan təkbaşına baxan hakimin qarşısına çıxarıldı. 20 yanvar 2012-ci ildə ona ittiham aktının bütün bəndləri üzrə bəraət verildi.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA

A. “Terrorizm haqqında” 2000-ci il qanununda nəzərdə tutulmuş terrorizmdə şübhəli bilinənləri tutma və həbsdə saxlama səlahiyyətləri

28. 2000-ci il qanununun 40-cı maddəsində “terrorçu” termininə belə anlayış verilir: Qanunun müxtəlif maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törədən, yaxud terror aktlarının törədilməsi ilə, hazırlanması ilə və ya terror aktlarına təhrikçiliklə əlaqəsi olan şəxs.
29. Qanunun 41-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulur ki, polis əməkdaşı (konstebl) terrorçu olmasında əsaslı olaraq şübhələndiyi şəxsi həbs orderi olmadan həbs edə bilər.
30. 2000-ci il qanununa 8-ci Əlavənin II hissəsi bu cür şəxsin polis tərəfindən birinci qırx səkkiz saat ərzində həbsdə saxlanması məsələsinə aiddir.
31. Qanunun 41-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulur ki, tutulmuş şəxs, aşağıdakı 4-7-ci yarımbəndlərin müddəalarının nəzərə alınması şərti ilə, tutulma anından başlayaraq qırx səkkiz saatlıq müddət başa çatana qədər azad edilməlidir.
“4) 8-ci Əlavənin II hissəsinə uyğun olaraq şəxsin həbsdə saxlanması məsələsinə baxan vəzifəli şəxs həbsdə saxlanmanın davam etdirilməsinə icazə verməzsə, şəxs azad edilir (əgər 5-ci və ya 6-cı yarımbəndlərə uyğun olaraq və ya hər hansı digər səlahiyyət əsasında həbs edilməyibsə).
5) Polis əməkdaşı 8-ci Əlavənin 29-cu bəndinə uyğun olaraq şəxsin həbs müddətinin uzadılmasına dair qərar çıxarılması üçün vəsatət vermək niyyətində olarsa, şəxs vəsatət verilənə qədər həbsdə saxlanıla bilər.
6) 8-ci Əlavənin 29-cu və ya 36-cı bəndlərinə uyğun olaraq şəxsin həbsdə saxlanmasına dair vəsatət verilibsə, o, vəsatətə baxılması yekunlaşana qədər həbsdə saxlanıla bilər.
7) 8-ci Əlavənin 29-cu və ya 36-cı bəndlərinə uyğun olaraq şəxsin həbsdə saxlanmasına dair qərar çıxarılması üçün verilmiş vəsatət təmin edildikdə o, bu Əlavənin 37-ci bəndinin müddəalarına riayət edilməsi şərti ilə, qərarda göstərilən müddət ərzində həbsdə saxlanıla bilər.
32. Qanuna 8-ci Əlavənin 29-cu bəndində nəzərdə tutulur ki, Şimali İrlandiya baş prokuroru həbs müddətinin uzadılmasına dair order verilməsi üçün məhkəmə orqanına müraciət edə bilər. 29-cu bəndin 3-cü yarımbəndinə əsasən, 2000-ci il qanununun 41-ci maddəsinə uyğun olaraq həyata keçirilmiş həbsin müddəti həbs anından başlayaraq yeddi günlüyə uzadıla bilər, bu şərtlə ki, vəsatətdə daha qısa müddət istənilmiş olmasın, yaxud məhkəmə orqanı həbs müddətinin yeddi gündən daha az müddətə uzadılmasını məqsədəuyğun hesab etməyə əsas verən halların olduğunu müəyyənləşdirmiş olmasın.
33. Şimali İrlandiyada 2000-ci il qanununda nəzərdə tutulan məhkəmə orqanı həmin Qanunun məqsədləri üçün təyin olunan Qraflıq məhkəməsinin hakimi, yaxud rayon məhkəməsinin hakimidir (magistrat məhkəməsi).
34. 8-ci Əlavənin 30-cu bəndi həbs orderi üçün vəsatətin ilkin həbs müddətində, yaxud həmin müddət bitdikdən sonra altı saat ərzində verilməsini tələb edir.
35. 31-ci bəndində belə bir təminat əks olunub ki, əgər həbs orderi üçün vəsatətin aid olduğu şəxs həmin vəsatətin verildiyi barədə, nə vaxt verildiyi haqqında, ona nə vaxt baxılacağı barədə və həbs müddətinin uzadılmasının hansı əsaslara görə istənildiyi barədə məlumatlandırılmayıbsa, həmin vəsatətə baxıla bilməz.
36. 32-ci bəndin 1-ci yarımbəndində nəzərdə tutulur ki, məhkəmə orqanı yalnız o halda həbs müddətinin uzadılması barədə qərar qəbul edə bilər ki, şəxsin həbsdə saxlanmasının zəruri olduğunu düşünmək üçün əsaslı səbəblərin olduğunu və şəxsin həbsdə saxlanması ilə əlaqədar olan istintaqın lazım səylə və cəldliklə aparıldığını hesab etsin.
37. 32-ci bəndin 1″A” yarımbəndində nəzərdə tutulur ki, aşağıdakılar üçün zərurət olduqda şəxsin həbsdə saxlanması tələb olunur:
“a) şəxsin dindirilməsi yolu ilə və ya hər hansı digər vasitə ilə işə aid sübut əldə etmək;
b) işə aid sübutu mühafizə etmək; yaxud
c) işə aid hər hansı sübutun, yaxud da işə aid sübut əldə etmək üçün hər hansı bir şeyin aparılmalı olan və ya aparılan yoxlanılmasının və ya müayinəsinin nəticəsini gözləmək.
38. İşə aid sübut 40-cı maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə aidiyyəti olan, yaxud tutulmuş şəxsin həmin maddənin tətbiq dairəsinə düşən şəxs olduğunu göstərən sübutdur.
39. 33-cü bəndin tələbinə əsasən, vəsatətin aid olduğu şəxsə şifahi və ya yazılı qeydlərini məhkəmə orqanına təqdim etmək və dinləmədə vəkillə təmsil olunmaq imkanı verilməlidir. 33-cü bəndin 3-cü yarımbəndində nəzərdə tutulur ki, məhkəmə orqanı vəsatətin aid olduğu şəxsi və ya onu təmsil edən istənilən şəxsi məhkəmə zalından çıxara bilər.
40. Analoji olaraq, 34-cü bənd baş prokurora imkan verir ki, istinad etmək niyyətində olduğu informasiyanı vəsatətin aid olduğu şəxsdən və onu təmsil edən istənilən şəxsdən gizli saxlamaq barədə qərar çıxarılması üçün məhkəmə orqanına müraciət etsin. Məhkəmə orqanı belə qərarı yalnız o halda çıxara bilər ki, informasiyanın açıqlanması nəticəsində aşağıdakı halların baş verə biləcəyini düşünmək üçün əsaslı səbəblər olduğunu hesab etsin:
“a) 40-cı maddənin 1″a” bəndində sadalanan maddələrin hər hansı birində nəzərdə tutulmuş cinayət əməlinin sübutuna müdaxilə baş verə və ya ziyan yetirilə bilər;
b) həmin maddələrin hər hansı birində nəzərdə tutulmuş cinayət əməli nəticəsində əldə edilən əmlakın geri qaytarılmasına maneə yarana bilər;
c) 23-cü maddəyə və ya 23A maddəsinə əsasən barəsində müsadirə qərarı çıxarıla bilən əmlakın geri qaytarılmasına maneə yarana bilər;
d) 40-cı maddənin 1″a” və ya “b” bəndinin tətbiq dairəsinə düşən əməllərdə şübhəli bilinən şəxsə müvafiq informasiyanın verilməsi nəticəsində onun yaxalanması, barəsində cinayət təqibinin aparılması və ya məhkum edilməsi çətinləşə bilər;
e) şəxsə müvafiq informasiyanın verilməsi nəticəsində terror aktının qarşısının alınması çətinləşə bilər;
f) terror aktının törədilməsi, hazırlanması və ya terror aktına təhrikçilik barədə məlumatların toplanmasına müdaxilə baş verə bilər; yaxud
g) informasiyanı verən şəxsə maneə yaradıla və ya fiziki xəsarət yetirilə bilər”.
41. 36-cı bənd həbs müddətinin sonradan iyirmi səkkiz günədək uzadılması barədə qərarlara aiddir. Müddətin uzadılması barədə hər bir vəsatət həbs müddətinin yeddi gün uzadılması ilə nəticələnə bilər. Ümumi həbs müddətinin on dörd gündən artıq uzanmasına gətirib çıxaran hər hansı vəsatət Yüksək Məhkəmənin hakiminə verilməlidir; qalan hallarda isə vəsatət xüsusi olaraq bu məqsəd üçün təyin olunmuş Qraflıq məhkəməsinin hakiminə və ya rayon məhkəməsinin hakiminə (magistrat məhkəməsi) verilir.

B. Uord Şimali İrlandiya polis xidmətinə qarşı ([2007] 1 WLR 3013; [2007] UKHL 50)

42. Uord Şimali İrlandiya polis xidmətinə qarşı məhkəmə işi üzrə qərarında Lordlar Palatası bildirdi ki, 8-ci Əlavənin 33-cü bəndində nəzərdə tutulmuş prosedur polisin deyil, tutulmuş şəxsin mənafeləri üçün düşünülüb. Qərarda deyilirdi:
“27. Bu sualın cavabı ondan ibarətdir ki, 33-cü bənddə nəzərdə tutulmuş məhkəmə orqanındakı prosedur polisin deyil, tutulmuş şəxsin mənafeləri üçün düşünülüb. O, vəsatətin aid olduğu şəxsə qeydlərini bildirmək və dinləmədə təmsil olmaq hüququ verir. Lakin həmin bənddə o da nəzərdə tutulur ki, dindirmələrin həssas xarakterini nəzərə alaraq məhkəmə orqanı həmin şəxsin mənafeləri naminə onun həbsdə qalmasının zəruri olduğunu düşünmək üçün əsaslı səbəblərin olub-olmadığına əmin olmaq istəyində ola bilər. Bu məsələ nə qədər dərindən araşdırılırsa, bir o qədər həssas xarakter alır. Həbs müddəti nə qədər çox uzadılırsa, vəsatəti əsaslandıran səbəblərin diqqətlə və səylə araşdırılması bir o qədər vacib olur.
28. Bu işdə olduğu kimi, şübhəli şəxsin dindirilməsinə qədər polisin dindirmənin mövzusunu ondan gizlətmək hüququndan sui-istifadə edib-etmədiyinin məhkəmə orqanı tərəfindən yoxlanmasına ehtiyac yarana bilər. Əgər məhkəmə orqanı bunu yoxlayarsa, o zaman həbs müddətinin uzadılmasının 8-ci Əlavənin 32-ci bəndində göstərilən şərtlərə uyğun olub-olmadığının məhkəmə orqanı tərəfindən daha dərindən araşdırılması üçün tutulmuş şəxsin məhkəmə zalından çıxarılması onu əlverişsiz vəziyyətə salmayacaq. Bu halda bu səlahiyyət tutulmuş şəxsin ziyanına deyil, xeyrinə tətbiq edilmiş olacaq. Hakim Hartın ekspromt qərarında söylədiyi kimi, tutulmuş şəxsin hüquqlarının təminatçısı hakimdir və onun vəzifəsi verilmiş vəsatətin əsaslarını ciddi şəkildə və hərtərəfli araşdırmaqdır.
29. Elə hallar ola bilər ki, 33-cü bəndin 3-cü yarımbəndinin məhkəmə orqanına verdiyi səlahiyyət tutulmuş şəxsi əlverişsiz vəziyyətə sala bilər. Bu, nadir hallarda baş verə bilər və məhkəmə orqanı bu səlahiyyətini bu şəkildə tətbiq etməmək üçün həmişə diqqətli olmalıdır”.

HÜQUQİ MƏSƏLƏLƏR

I. ƏRİZƏLƏRİN BİR İCRAATDA BİRLƏŞDİRİLMƏSİ

43. Hazırkı işdə üç ərizədə (ərizələr № 26289/12, 29062/12 və 29891/12) eyni məsələlər qaldırılıb. Aşağıda 47-59-cu bəndlərdə göstərilən səbəblərə görə Məhkəmə hesab edir ki, ikinci ərizəçinin şikayətləri qəbulolunan deyil. Bununla belə, o hesab edir ki, Məhkəmə Reqlamentinin 42-ci qaydasının 1-ci bəndinə uyğun olaraq qalan ərizələr (ərizələr № 26289/12 və 29891/12) bir icraatda birləşdirilməlidir.

II. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1″c”, 2 VƏ 3-CÜ BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTUSU

44. Ərizəçilər şikayət etdilər ki, həbsdə saxlanmaları Konvensiyanın 5-ci maddəsinin 1″c”, 2 və 3-cü bəndlərini pozub, həmin bəndlərdə deyilir:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa azadlığından məhrum edilə bilməz:

c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına çıxarılması məqsədi ilə, yaxud da onun tərəfindən törədilə biləcək hüquq pozuntusunun və ya hüquq pozuntusu törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;

2. Tutulmuş hər kəsə ona aydın olan dildə tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir.
3. Bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəmədə iştirak etmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər”.
45. İşin faktlarına ərizəçi tərəfindən verilmiş hüquqi xarakteristika Məhkəmə üçün məcburi qüvvəyə malik deyil (misal üçün bax: Marqaretiç Xorvatiyaya qarşı, ərizə № 16115/13, 75-ci bənd, 5 iyun 2014-cü il). Buna görə də, ərizəçilərin 5-ci maddənin 1″c” bəndi əsasında dərhal “hakimin” və ya “digər vəzifəli şəxsin” yanına gətirilmədikləri barədə şikayətinin mahiyyətinə gəlincə, o hesab edir ki, bu şikayətə 5-ci maddənin 3-cü bəndi əsasında baxmaq daha məqsədəuyğun olar.
46. Hökumət ərizəçilərin arqumentlərinə etiraz etdi.

B. Şikayətin mahiyyəti

1. Tərəflərin arqumentləri

a) Ərizəçilər

62. Ərizəçilər “səlahiyyətli məhkəmə orqanı” ifadəsinin (5-ci maddənin 3-cü bəndində qeyd edilmiş) “hakim və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxs” ifadəsinin sinonimi və ya qısaldılmış forması olduğu barədə iddialarını əsaslandırmaq üçün mötəbər mənbə qismində Şisser İsveçrəyə qarşı iş üzrə qərara (4 dekabr 1979-cu il, A seriyaları, № 34) istinad etdilər. Şimali İrlandiyada cinayət işi başlanması üçün nəzərdə tutulan sistemə əsasən, müttəhim cinayətdə ittiham olunduqdan sonra əvvəlcə magistrat məhkəməsinin qarşısına çıxarılmalıdır. Buna görə də ərizəçilər bildirdilər ki, Şimali İrlandiyada magistrat məhkəməsi həm 5-ci maddəsinin 1″c” bəndinin məqsədləri üçün “səlahiyyətli məhkəmə orqanı”, həm də Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin məqsədləri üçün “hakim və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxs” idi və onlar heç vaxt magistrat məhkəməsinə gətirilmədiklərinə görə ittiham elan olunana qədər həbsdə saxlanmaları 5-ci maddənin 3-cü bəndini pozub.
63. Ərizəçilər daha sonra bildirdilər ki, ittiham irəli sürüldükdən sonra şəxsin əvvəlcə magistrat məhkəməsinə gətirilməsinin “hakimin” və ya “digər vəzifəli şəxsin” yanına gətirilmə hesab olunması mühüm məna daşıyırdı, belə ki, onu əsassız həbsə qarşı əlavə təminatlarla təmin edirdi. Konkret olaraq, bu, tutulmuş şəxsə qarşı ittihamların yubadılmadan və açıq şəkildə elan olunmasını və daha önəmlisi, onun şərti olaraq azadlığa buraxılmasını təmin etmiş olurdu; və əgər onun hələ də həbsdə qalmasına sanksiya verilərdisə, saxlanma yeri polis bölməsi deyil, başqa yer olmalı idi, çünki polis bölməsi uzun müddət ibtidai həbsdə saxlanma üçün münasib yer deyildi.
64. Ərizəçilər bildirdilər ki, hətta magistrat məhkəməsinin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş həbs üzərində məhkəmə nəzarətini həyata keçirən orqan olması Məhkəmə tərəfindən qəbul edilməyəcəyi halda belə, 2000-ci il qanununda nəzərdə tutulmuş “məhkəmə orqanı” həmin maddənin tələblərinə cavab vermək üçün lazımi səlahiyyətlərə və xüsusiyyətlərə malik deyildi.
65. Birincisi, onlar iddia etdilər ki, həbsdə saxlanma qərarına birinci dəfə avtomatik olaraq yenidən baxılarkən məhkəmə orqanı tərəfindən aparılmış araşdırma Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə uyğun deyildi. Hazırkı işdə Yüksək Məhkəmə bu qənaətə gəldi ki, ictimai təhlükəsizlik mülahizələri həbs qərarı üçün əsas təşkil edən informasiyaların bütünlüklə açıqlanmamasını tələb edirsə, o halda həbsin qanuniliyinin yoxlanılması həbs qərarı üçün əsas olmuş səbəblərin təfsilatlı şəkildə təhlil olunmasını özündə ehtiva etməyə bilər və həmin yoxlama aparılarkən terrorizm cinayətlərinə görə həbs zamanı bir çox hallarda zəruri olaraq tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır. Ərizəçilər bildirdilər ki, bu, 5-ci maddənin 3-cü bəndinə uyğun deyil, belə ki, bu şərt həbs qərarına hakim tərəfindən birinci dəfə avtomatik olaraq baxılarkən və sonradan hər dəfə həmin qərara yenidən baxılarkən tutulma və həbs ilə bağlı həmin maddənin tələb etdiyi səmərəli yoxlamanın qarşısını alır. Buna görə də, hətta baxmayaraq ki, Qraflıq məhkəməsinin hakiminin həbsin əsaslarının qanuni olduğu barədə gəldiyi nəticə Yüksək Məhkəmə tərəfindən təsdiqlənmişdi, bu, 5-ci maddənin 3-cü bəndinin şərtlərinə əməl olunması üçün yetərli deyildi.
66. İkincisi, normal hüquqi prosesdən kənar ayrıca və fərqli mexanizmin yaradılmasının məntiqi nəticəsi ondan ibarət oldu ki, “məhkəmə orqanı” Konvensiyanın 5-ci maddəsinin tələb etdiyi iki ayrıca məhkəmə nəzarəti funksiyasını yerinə yetirməli idi: həbsin qanuniliyinə avtomatik olaraq yenidən baxmalı və tutulmuş şəxsin zəmanət müqabilində azad edilməsi məsələsini nəzərdən keçirməli idi. Konvensiya üzrə presedent hüququnda müəyyən edilib ki, sonuncu funksiya mümkün qədər tezliklə həyata keçirilməlidir (Makkey Birləşmiş Krallığa qarşı [BP], ərizə № 543/03, ECHR 2006 X). Tərəflər araslnda bu məsələdə fikir ayrılığı yoxdur ki, 2000-ci il qanununda nəzərdə tutulmuş “məhkəmə orqanı” şərti azadetmə səlahiyyətinə malik deyil; məhkəmə orqanı şərtlər tətbiq etməklə şəxsi azad etmək imkanına malik olmadığı halda yalnız onun qeyd-şərtsiz azadlığa buraxılması və ya həbsdə qalması barədə qərar çıxara bilərdi. Bu mövqe ərizəçilərin ən azı şərti azadlığa buraxılmalı olduğu bü cür işdə xüsusilə qəti mövqe idi. Bununla bağlı ərizəçilər bildirdilər ki, onlar ittiham irəli sürülmədən artıq yeddi gün ərzində həbsdə saxlandıqları zaman polis onların həbs müddətinin uzadılması üçün müraciət etmişdi; məhkəmə ekspertizasının nəticələrinin gözlənildiyi hallar istisna olmaqla polisin apardığı dindirmələr başa çatmışdı; araşdırmalar nəticəsində ərizəçilərə qarşı heç bir dəlil və ya yetərli sübut aşkar edilməmişdi; ərizəçilər müsbət xarakteristikaya malik şəxslər idi və onların qaçıb gizlənməsi riski yox idi; və onlar təqsirsizlik prezumpsiyası hüququna malik idilər.

b) Hökumət

67. Hökumət bildirdi ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin əsas tələbi tutulmuş şəxsin dərhal “hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin” yanına gətirilməsindən ibarətdir. 5-ci maddənin 1″c” və 3-cü bəndlərində nəzərdə tutulan məhkəmə orqanları eyni orqan olmaya da bilərdi; 8-ci Əlavə tutulmuş şəxsin hakimin yanına gətirilməsini tələb etdiyinə görə 5-ci maddənin 3-cü bəndində yer alan əsas tələbə uyğun idi. Bu iddiasının təsdiqi olaraq Hökumət 5-ci maddənin mətnindəki ifadələrə; 5-ci maddənin kökündə duran məqsədə; habelə Məhkəmənin Akvilina Maltaya qarşı ([BP], ərizə № 25642/94, ECHR 1999 III) iş üzrə qərarına və Şisser İsveçrəyə qarşı iş üzrə yuxarıda qeyd edilmiş qərarına istinad etdi.
68. Birincisi, bir tərəfdən 5-ci maddənin 1″c” bəndində, digər tərəfdən isə 3-cü bəndində fərqli ifadələrdən istifadə edilməsi faktı göstərir ki, bu bəndlərdə qeyd edilən iki məhkəmə orqanı eyni olmaya da bilər.
69. İkincisi, Medvedev və başqaları Fransaya qarşı işdə ([BP], ərizə № 3394/03, ECHR 2010) Məhkəmə bildirib ki, 5-ci maddənin 3-cü bəndinin məqsədi tutulmuş şəxslərin fiziki olaraq dərhal məhkəmə funksiyasını yerinə yetirən vəzifəli şəxsin yanına gətirilməsini təmin etməkdir və 8-ci Əlavənin müddəaları da bu məqsədə xidmət edir. Konkret olaraq, onlar əsassız həbsə qarşı təminat təşkil edir, belə ki, şübhəli şəxsin tutulmasının əsasları ilə bağlı müstəqil məhkəmə nəzarəti mövcuddur və əgər şübhəli şəxsin həbsdə saxlanmasını əsaslandırmaq mümkün deyilsə, onun azad edilməsi barədə qərar qəbul edilir. 5-ci maddənin 3-cü bəndində nəzərdə tutulan “hakim” və ya “vəzifəli şəxsin” 5-ci maddənin 1″c” bəndində nəzərdə tutulan “səlahiyyətli məhkəmə orqanı” ilə eyni olduğunu düşünmək tutulmuş şəxs üçün təmin olunan müdafiəyə heç nə əlavə etməyəcək, mahiyyətdən daha çox, formaya üstünlük verilməsinə və əsaslı səbəb olmadan müvafiq dövlət tərəfindən məhkəmə resurslarının təşkilinin məhdudlaşdırılmasına gətirib çıxaracaq.
70. Üçüncüsü, istər Şisser İsveçrəyə qarşı, istərsə də Akvilina Maltaya qarşı iş üzrə qərarlarda belə düşünməyə əsas verən heç nə yoxdur ki, 5-ci maddənin 3-cü bəndində nəzərdə tutulan məhkəmə orqanı 5-ci maddənin 1″c” bəndində nəzərdə tutulanla eyni olmalıdır. Əksinə, Məhkəmə həmin qərarlarda aydınlıq gətirib ki, önəmli məsələ hakimin və ya digər vəzifəli şəxsin icra hakimiyyətinə və tərəflərə münasibətdə zəruri müstəqilliyə malik olub-olmamasıdır.
71. Hökumət daha sonra bildirdi ki, ərizəçilər Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş məcburi məhkəmə nəzarəti çərçivəsində aparılan birinci yoxlamanın xarakterini yanlış anlayıblar. Birincisi, 5-ci maddənin 1″c” bəndində belə bir tələb yoxdur ki, həmin bəndə uyğun olaraq tutulmuş şəxsə qarşı öncədən və ya sonda ittiham irəli sürülmüş olmalıdır (Broqan və başqaları Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988-ci il, 53-cü bənd, A seriyaları, № 145-B). Müvafiq olaraq, 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş həbsin qanuniliyinin yoxlanılmasının tərkib hissəsi qismində cinayət ittihamının gecikdirilmədən və açıq şəkildə elan olunmasının bu məsələyə aidiyyəti yoxdur.
72. İkincisi, belə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur ki, 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan yoxlama, həbsin qanuniliyi və ya cinayət əməlinin törədildiyinə dair əsaslı şübhənin mövcudluğu kimi əsaslardan savayı, tutulmuş şəxsin hər hansı digər əsaslara görə məhkəmə araşdırmasına qədər şərti və ya qeyd-şərtsiz azad edilməsini avtomatik öhdəlik qismində özündə ehtiva edir (Makkey Birləşmiş Krallığa qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 38-39-cu bəndlər). 5-ci maddənin 1″c” bəndində nəzərdə tutulmuş həbslə bağlı 5-ci maddənin 3-cü bəndinin tələbləri və məhkəməyəqədər həbsdə saxlanmanın davam etdirilməsi ilə bağlı 5-ci maddənin 3-cü bəndinin tələbləri (bu məsələ şərti azadetmənin nəzərdən keçirilməsini özündə ehtiva etmir) fərqli hüquqları nəzərdə tutur və məntiqi cəhətdən və ya zaman baxımından zahirən bir-biri ilə əlaqəli deyil. Baxmayaraq ki, hazırkı işdə ərizəçilərin məhkəməyəqədər həbsi özünün çox erkən mərhələsində idi, hakim yalnız ərizəçilərin hər birinin terror cinayəti törətməsi və ya terrorçu olması ilə bağlı əsaslı şübhənin mövcud olduğuna; ərizəçilərin hər birinin həbsdə saxlanmasının zəruri olduğunu hesab etmək üçün əsaslı səbəblərin mövcud olduğuna; və istintaqın lazımi səylə və cəldliklə aparıldığına əmin olduğu halda onların həbsdə saxlanması barədə qərar çıxara bilərdi. Belə hallarda hakimin ərizəçini şərti azadlığa buraxmaq üçün əlavə səlahiyyətə malik olmasına ehtiyac yox idi.

2. Məhkəmənin qiymətləndirməsi

a) Ümumi prinsiplər

73. Məhkəmə bir daha bildirir ki, Konvensiyanın 5-ci maddəsi fərdin fiziki toxunulmazlığını qoruyan əsas hüquqlar arasında birinci sırada durur və bu sahədə Məhkəmənin presedent hüququna nəzər salarkən orada konkret olaraq üç cəhəti müəyyən etmək olar: 5-ci maddənin 1-ci bəndində sadalanan istisna halların siyahısı tamdır, onlar məhdud çərçivədə şərh olunmalıdır və həbs tədbirinin geniş çərçivədə şərh olunaraq digər maddələrlə (xüsusən Konvensiyanın 8-11-ci maddələri ilə) əsaslandırılmasına icazə verilmir; həbsə almanın prosessual və maddi hüquq baxımından qanuniliyi dönə-dönə vurğulanır, qanunun aliliyinə ciddi riayət edilməsi tələb olunur; və 5-ci maddənin 3-cü və 4-cü bəndlərində nəzərdə tutulan zəruri məhkəmə nəzarətinin dərhal və təxirə salınmadan həyata keçirilməsinin vacibliyi qeyd edilir (bax: Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 30-cu bənd).
74. Məhkəmə 5-ci maddənin 3-cü bəndində tutulmuş şəxs üçün nəzərdə tutulan təminatların mühümlüyünü qeyd edir. Bu bəndin məqsədi tutulmuş şəxslərin məhkəmə funksiyasını yerinə yetirən vəzifəli şəxsin yanına fiziki olaraq dərhal gətirilməsini təmin etməkdir. Məhkəmə nəzarətinin bu cür avtomatik tətbiqi özbaşına hərəkətlərə, şəxsin ətraf aləmdən tam təcrid halında saxlanmasına və pis rəftara məruz qalmasına qarşı mühüm müdafiə tədbiri təşkil edir (digər qərarlar arasında bax: Broqan və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 58-ci bənd; Branniqan və Makbrayd Birləşmiş Krallığa qarşı, 26 may 1993-cü il, 62-63-cü bəndlər, A seriyaları, № 258-B; Akvilina Maltaya qarşı işi üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd; və Dikmə Türkiyəyə qarşı, ərizə № 20869/92, 66-cı bənd, ECHR 2000 VIII).
75. 5-ci maddənin 3-cü bəndinin müddəaları bu maddədəki təminatların tərkib hissəsi olaraq struktur baxımından iki aspekt ilə: tutulmuş şəxsin tutulduqdan sonra dövlət orqanlarının ixtiyarına verildiyi ilkin mərhələlərlə; və şəxsin cinayət məhkəməsi tərəfindən işinə baxılmasını gözlədiyi dövrlə (həmin müddətdə şübhəli şəxs həbsdə saxlanıla, yaxud müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilə bilər) əlaqədardır. Bu iki aspekt fərqli hüquqları nəzərdə tutur və məntiqi cəhətdən və ya zaman baxımından zahirən bir-biri ilə əlaqəli deyil (bax: T.W. Maltaya qarşı [BP], ərizə № 25644/94, 49-cu bənd, 29 aprel 1999-cu il; Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd; və Medvedev Fransaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 119-cu bənd).
76. Birinci aspektdəki ilkin mərhələni götürsək, Məhkəmənin presedent hüququnda müəyyən edilir ki, “cinayət əməlinin törədildiyi ilə bağlı əsaslı şübhə” ilə əlaqədar tutulmuş və ya həbsə alınmış şəxs üçün məhkəmə nəzarəti vasitəsilə müdafiə mövcud olmalıdır, yəni bu cür müdafiə hətta cinayət ittihamının irəli sürülməsindən əvvəl mövcud olmalıdır (bax: Broqan və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 53-cü bənd). Belə nəzarət xüsusən həbsə alınmanın ilkin mərhələsində böyük ehtimalla mövcud ola biləcək pis rəftar riskinə qarşı və hüquq-mühafizə orqanlarının və ya digər dövlət orqanlarının əməkdaşlarına həvalə edilmiş səlahiyyətlərdən sui-istifadəyə qarşı səmərəli təminatların olmasını təmin edir, belə ki, həbsə alınma yalnız məhdud məqsədlər üçün və qanunla nəzərdə tutulmuş prosedurlara ciddi şəkildə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə nəzarəti aşağıdakı tələblərə cavab verməlidir (bax: Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 32-ci bənd).

α) Nəzarətin dərhal başlanması

33. Tutulmuş şəxs hakimin yanına ilk dəfə gətirildikdən sonra məhkəmə nəzarəti, hər şeydən əvvəl, dərhal başlanmalıdır, bu, hər hansı pis rəftar halını aşkara çıxarmağa və tutulmuş şəxsin azadlığına hər hansı əsassız müdaxiləni mininmuma endirməyə imkan verir. Baxmayaraq ki, hər bir iş onun konkret xüsusiyyətlərinə uyğun şəkildə qiymətləndirilməlidir (Belousov Ukraynaya qarşı, ərizə № 4494/07, 94-cü bənd, 7 noyabr 2013-cü il), məhkəmə nəzarətinin ən qısa müddətdə başlanmasını nəzərdə tutan bu tələb başqa cür şərhi istisna edir, əks halda fərdin ziyanına olaraq prosesual təminatlar ciddi surətdə zəifləmiş olardı və 5-ci maddənin 3-cü bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətitilmiş olardı (bax: Broqan və başqaları Birləşmiş Krallığa qarşı, 29 noyabr 1988, A seriyaları, № 145-B, 62-ci bənd – bu işdə tutulmuş şəxsin dörd gündən artıq müddətdən sonra hakimin yanına gətirilməsi 5-ci maddənin 3-cü bəndinin pozuntusu hesab edildi, baxmayaraq ki, həmin şəxs terror cinayətinin istintaqının aparıldığı bir şəraitdə tutulmuşdu).
78. Broqanın işi üzrə (yuxarıda istinad edilən) qərardan belə nəticə çıxır ki, hətta anti-terror qanunvericiliyi kontekstində olduğu kimi, tutulmuş şəxsin dövlət orqanları tərəfindən hakimin yanına gətirilənə qədər normal müddətdən daha uzun müddətə həbsdə saxlanmasına haqq qazandıran müstəsna hallar və ya xüsusi çətinliklər mövcud olduqda belə, həbsin qanuniliyinin birinci dəfə yoxlanması ən çoxu həbsdən dörd gün sonra baş verməlidir. Yuxarıda istinad edilən Makkeyin işində Məhkəmə terrorçu olmayan şübhəli şəxsin tutulduqdan qırx səkkiz saat sonra hakimin yanına gətirilməsini Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu hesab etmədi. Eynilə, yuxarıda istinad edilən Akvilinanın işində də Məhkəmə qəbul etdi ki, ərizəçinin tutulduqdan iki gün sonra magistratın yanına gətirilməsi nəzarətin dərhal başlanması tələbinə cavab verir. Bununla belə, dörd gündən artıq müddətin həddən artıq uzun olduğu güman edilsə də, müəyyən hallarda bundan qısa müddət də nəzarətin dərhal başlanması tələbinin pozuntusunu təşkil edə bilər (bax: İpək və başqaları Türkiyəyə qarşı, 36-37-ci bəndlər – bu işdə üç gün doqquz saatlıq müddət yetkinlik yaşına çatmayan ərizəçilərə münasibətdə kifayət qədər qısa müddət hesab olunmadı; Kandjov Bolqarıstana qarşı, ərizə № 68294/01, 66-cı bənd, 6 noyabr 2008-ci il – ərizəçinin qeyri-zorakı xarakterli xırda cinayətlərdə ittiham olunduğu bu işdə üç gün iyirmi üç saatlıq müddət kifayət qədər qısa hesab edilmədi, buna qədər isə o artıq iyirmi dörd saat həbsdə qalmışdı, belə ki, həmin müddətdə polis işin icraatına görə cavabdeh olan prokurora təklif etmişdi ki, ərizəçi barəsində məhkəməyəqədər həbs qərarı çıxarılması üçün səlahiyyətli məhkəməyə vəsatət versin; Hassan və başqaları Fransaya qarşı, ərizə № 46695/10, 89-cu bənd, 4 dekabr 2014-cü il – bu işdə ərizəçilər polisin nəzarətinə verilənə qədər artıq uzun müddət idi ki, həbsdə saxlanılırdılar).

β) Nəzarətin avtomatik xarakteri

79. Məhkəmə nəzarəti avtomatik olmalı və tutulmuş şəxsin müraciətindən asılı olmamalıdır; bu baxımdan məhkəmə nəzarətini 5-ci maddənin 4-cü bəndinin müddəasından fərqləndirmək lazımdır, həmin müddəa tutulmuş şəxsə azad edilmək üçün müraciət etmək hüququ verir. Məhkəmə nəzarətinin avtomatik xarakteri 3-cü bəndin məqsədlərini həyata keçirmək üçün zəruridir, çünki pis rəftara məruz qalmış şəxs həbsinin qanuniliyi məsələsinə baxılması üçün hakimə vəsatət vermək iqtidarında olmaya bilər; eyni sözlər köməksiz vəziyyətdə olan tutulmuş şəxslər kateqoriyasına, məsələn, əqli çatışmazlığı olanlara və ya məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin dilini bilməyənlərə də aiddir (bax: Akvilinanın işi üzrə yuxarıda istinad edilən qərar).

γ) Məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin xarakteristikası və səlahiyyətləri

80. 5-ci maddənin 1″c” bəndi 5-ci maddənin 3-cü bəndi ilə vəhdət təşkil etdiyinə görə, 1″c” bəndindəki “səlahiyyətli məhkəmə orqanı” ifadəsi 3-cü bənddəki “hakim və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxs” ifadəsinin sinonimi və ya qısaldılmış formasıdır (digər qərarlar arasında bax: Louless İrlandiyaya qarşı (№ 3), 1 iyul 1961-ci il, A seriyaları, № 3; və Şisserin işi üzrə yuxarıda istinad edilən qərar, 29-cu bənd).
81. Cinayət təqibi orqanının maraqları naminə sonradan cinayət prosesinə müdaxilə edilməsinin qarşısının alınması üçün məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsin icra hakimiyyətindən və tərəflərdən müstəqil olduğunu təsdiqləyən zəruri təminatlar mövcud olmalı və o, tutulmuş şəxsi dinlədikdən və onun tutulmasının və həbsdə saxlanmasının qanuniliyi və əsaslılığı məsələsini yoxladıqdan sonra onu azad etmək səlahiyyətinə malik olmalıdır (bir çox digər qərarlar arasında bax: Assenov Bolqarıstana qarşı, 28 oktyabr 1998-ci il, 146-cı bənd, Reports 1998-VIII). Bu yoxlamanın hüdudlarına gəldikdə, bu məsələ Məhkəmənin uzun müddətdən bəri bərqərar olmuş presedent hüququ əsasında müəyyən edilir və keçmiş dövrə aid işlərdən olan Şisser Avstriyaya qarşı məhkəmə işində (yuxarıda istinad edilmiş həmin iş üzrə qərarın 31-ci bəndinə bax) ilk dəfə aşağıdakı kimi ifadə olunub:
“Bundan əlavə, 5-ci maddənin 3-cü bəndinə əsasən, həm prosessual, həm də maddi hüquqi tələb mövcuddur. Prosessual tələb “vəzifəli şəxsin” üzərinə yanına gətirilən şəxsi şəxsən dinləmək vəzifəsini qoyur […]; maddi hüquqi tələb isə onun üzərinə həbsin qanuniliyinin lehinə və ya əleyhinə dəlalət edən halları nəzərdən keçirmək, habelə hüquqi meyarlara əsaslanmaqla həbsin əsaslarına haqq qazandırmağın mümkünlüyü məsələsini həll etmək və belə əsaslar olmadıqda şəxsin azad edilməsi barədə qərar çıxarmaq vəzifələrini qoyur […]”.
82. Başqa sözlə, “5-ci maddənin 3-cü bəndi məhkəmə hakimiyyətini həyata keçirən vəzifəli şəxsdən tələb edir ki, həbsə alınmanın mahiyyətini araşdırsın” (bax: T.W. Maltaya qarşı iş üzrə və Akvilinanın işi üzrə yuxarıda istinad edilən qərarların, müvafiq olaraq, 41-ci və 47-ci bəndləri).
83. Müvafiq olaraq, tutulmanın və həbsə alınmanın qanuniliyini ilk dəfə avtomatik olaraq yoxlayarkən məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs qanunilik məsələlərini və şübhəli şəxsin cinayət törətdiyinə dair əsaslı şübhənin olub-olmadığını, başqa sözlə, həbsdə saxlanmanın 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndi ilə icazə verilən halların əhatə dairəsinə düşüb-düşmədiyini yoxlamaq səlahiyyətinə malik olmalıdır. Əgər həbsdə saxlanma həmin halların əhatə dairəsinə düşmürsə və ya qanunsuzdursa, onda məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxs tutulmuş şəxsi azad etmək səlahiyyətinə malik olmalıdır (bax: Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 40-cı bənd).
84. Lakin müvafiq peresedent hüququnun araşdırılması belə nəticə çıxarmağa əsas vermir ki, məhkəmə nəzarəti, avtomatik vəzifə olaraq, həbsin qanuniliyindən və ya ərizəçinin cinayət törətdiyinə dair əsaslı şübhənin mövcud olub-olmamasından savayı hər hansı başqa əsaslara görə məhkəmə araşdırmasına qədər onun müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilməsini də əhatə edir. Buna görə də belə düşünmək üçün heç bir əsas yoxdur ki, Şisserin işində Məhkəmə “həbsin lehinə və əleyhinə dəlalət edən müxtəlif hallardan” danışarkən məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin daxili qanunvericiliyə əsasən tutulmanın və həbsə alınmanın qanuniliyini yoxlamaq və onun 5-ci maddənin 1-ci bəndinin “c” yarımbəndinin tələblərinə uyğun olub-olmadığını nəzərdən keçirmək səlahiyyətindən savayı başqa bir şeyi də nəzərdə tutub (Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 36-cı bənd).
85. Məhkəmə bir neçə dəfə qeyd edib ki, terrorizm cinayətlərinin araşdırılması, şübhəsiz ki, hakimiyyət orqanları üçün xüsusi problemlər yaradır (bax: Broqan və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 61-ci bənd; Mürrey Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1994-cü il, 58-ci bənd, A seriyaları, № 300-A; Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, 78-ci bənd, Reports 1996-VI). Broqan və başqalarının işində (yuxarıda istinad edilən bu iş üzrə qərarın 61-ci bəndində) Məhkəmə xüsusi olaraq etiraf etdi ki, “terrorizmdə şübhəli bilinən şəxslərin tutulması və həbsdə saxlanması barədə qərarlar üzərində məhkəmə nəzarəti ilə bağlı çətinliklər 5-ci maddənin 3-cü bəndinin tətbiq edilmə üsuluna təsir göstərə, məsələn, törədilməsi güman edilən cinayətlərin xarakteri baxımından müvafiq prosessual ehtiyat tədbirlərinin görülməsini zəruri edə bilər. Lakin bu o demək deyil ki, hər dəfə istintaq orqanları hərəkətlərinin terrorizmlə əlaqədar olduğunu iddia edərək şübhəli şəxsləri dindirmək üçün 5-ci maddə əsasında həbs etmək istəyərkən onlara daxili məhkəmələrin və son nəticədə ilə Konvensiya orqanlarının səmərəli nəzarətindən azad olan tam hərəkət sərbəstliyi verilir (bax: Öcalan Türkiyəyə [BP], ərizə № 46221/99, 104-cü bənd, ECHR 2005 IV).

δ) Məhkəməyəqədər həbsdə saxlanmanın və ya həbs qətimkan tədbirinin müddəti

86. Hər hansı şübhə müttəhimin xeyrinə həll olunur. Nyumayster Avstriyaya qarşı məhkəmə işində (27 iyun 1968-ci il, A seriyaları, № 8, s. 37, 4-cü bənd) müəyyən edildiyi kimi, 5-ci maddənin 3-cü bəndinin ikinci aspekti məhkəmə orqanlarına təqsirləndirilən şəxsi ağlabatan müddət ərzində məhkəmə qarşısına çıxarmaqdan və ya məhkəmə araşdırmasına qədər onu şərti olaraq azadlığa buraxmaqdan savayı başqa seçim imkanı vermir. Təqsiri sübut edilənədək şəxs təqsirsiz sayılır və 3-cü bəndin məqsədi və tələbi mahiyyət etibarı ilə ondan ibarətdir ki, şəxsin həbsdə saxlanmasına əsas yoxdursa, o, şərti olaraq azad edilməlidir.
87. Buna görə də konkret halda şəxsin uzun müddət həbsdə saxlanmasına yalnız o halda haqq qazandırıla bilər ki, təqsirsizlik prezumpsiyasının mövcudluğuna baxmayaraq, həqiqi ictimai marağın Konvensiyanın 5-ci maddəsində təsbit olunmuş şəxsin azadlıq hüququna hörmət edilməsi haqqında normadan üstün tutulmasını tələb edən konkret əlamətlər mövcud olsun (digər qərarlar arasında bax: Kudla Polşaya qarşı [BP] ərizə № 30210/96, 110-cu və ondan sonrakı bəndlər, ECHR 2000-XI).
88. Tutulmuş şəxsin cinayət törətdiyinə dair əsaslı şübhənin qalması onun həbsdə saxlanmasının zəruri şərtidir, amma zaman keçdikcə bu şübhənin mövcudluğu onu həbsdə saxlamaq üçün daha kifayət etmir. Bu konsepsiya ilə əlaqədar olaraq Məhkəmə cinayət əməlinin ağırlığından asılı olaraq günlər, həftələr, aylar və ya illər, yaxud da müxtəlif dövrlər təyin etməyə cəhd göstərməyib (Stöqmüller Avstriyaya qarşı, ərizə № 1602/62, 4-cü bənd, 10 noyabr 1969-cu il). “Əsaslı şübhə” daha mövcud olmadığı halda Məhkəmə müəyyən etməlidir ki, azadlıqdan məhrumetməni əsaslandırmaq üçün ölkədaxili məhkəmə orqanlarının gətirdiyi digər əsaslar qüvvəsini saxlayırmı? Konkret olaraq, o müəyyən etməlidir ki, bu əsaslar “münasib” və “yetərlidirmi” və milli hakimiyyət orqanları prosedurların həyata keçirilməsində “xüsusi səy” göstəriblərmi (digər qərarlar arasında bax: Letelye Fransaya qarşı, 26 iyun 1991-ci il, 35-ci bənd, A seriyaları, № 207; və Yağcı və Sərgin Türkiyəyə qarşı, 8 iyun 1995-ci il, 50-ci bənd, A seriyaları, № 319-A)?
89. Bu kontekstdə məhkəməyəqədər həbsdə saxlanmanın ən ilkin mərhələsinin nəzərdən keçirilməsi halı Məhkəmənin presedent hüququnda olmayıb, görünür bunun səbəbi ondan ibarətdir ki, işlərin böyük əksəriyyətində şübhənin mövcud olması şəxsin həbsdə saxlanması üçün yetərli əsas təşkil edib və bu mərhələdə zəmanət müqabilində azad edilmənin tez olduğuna ciddi etiraz edən olmayıb. Lakin şübhə yoxdur ki, məhkəməyəqədər həbsdə saxlanılan şəxsin azad edilməsi məsələsi ilkin mərhələdə də məhkəmə tərəfindən nəzərdən keçirilməlidir, çünki hətta bu mərhələdə də elə işlər olur ki, cinayətin xarakteri və şübhəli şəxsin şəxsiyyətini səciyyələndirən hallar onun həbsdə saxlanmasını əsassız edir, yaxud həbsin zəruriliyi münasib və ya yetərli sübutlarla təsdiq olunmur. 5-ci maddənin 3-cü bəndindəki “dərhal” gətirilmə tələbi həmin andaca gətirilmə mənasını vermir. Amma hər halda hakimin yanına gətirilmə istər şəxsin vəsatəti əsasında, istərsə də hakimin öz təşəbbüsü ilə yubadılmadan baş tutmalıdır ki, şəxsin əsassız olaraq azadlıqdan məhrum edildiyi müddət mümkün qədər minimuma endirilmiş olsun (bax: Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 46-cı bənd).
90. 3-cü bəndin təmin etdiyi hüququn nəzəri və xəyali deyil, praktiki və səmərəli olmasını təmin etmək üçün yaxşı olardı ki, həbsin qanuniliyi və şəxsin həbsdə saxlanması üçün əsasların mövcudluğu məsələsinə avtomatik olaraq baxılmasını ilk dəfə həyata keçirən məhkəmə funksiyalı vəzifəli şəxs zəmanət müqabilində azad edilmə məsələsinə baxmaq səlahiyyətinə də malik olsun, bu, yubadılmanı minimuma endirmək üçün təkcə müsbət təcrübə deyil, həm də son dərəcə arzuedilən hal olardı. Lakin bu, Konvensiyanın tələbi deyil və prinsipcə bu iki məsələyə məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş iki vəzifəli şəxsin ayrıca baxmasına mane olan heç nə yoxdur. İstənilən halda, bu, şərhlə bağlı məsələdir və həbsin qanuniliyi məsələsinə ilk dəfə avtomatik olaraq baxılmasından qabaq zəmanət müqabilində azad edilmə məsələsinə baxılmasını tələb etmək olmaz, belə ki, Məhkəmə birinci məsələ üçün ən çoxu dörd günlük müddət müəyyən edib (bax: Broqan və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar).

b) Ümumi prinsiplərin bu işə tətbiqi

α) Ərizəçilər dərhal Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə cavab verən hakimin və ya digər vəzifəli şəxsin yanına gətirilmişdilərmi?

91. Yuxarıda (80-ci bənddə) qeyd edildiyi kimi, 5-ci maddənin 1″c” bəndindəki “səlahiyyətli məhkəmə orqanı” ifadəsi 3-cü bənddəki “hakim və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxs” ifadəsinin sinonimi kimi götürülməli olsa da, buradan heç də belə nəticə çıxmır ki, bu iki bənddə nəzərdə tutulmuş müxtəlif məhkəmə funksiyalarını yerinə yetirən məhkəmə orqanları hökmən eyni olmalıdır. Əksinə, özünün presedent hüququnda Məhkəmə dəfələrlə vurğulayıb ki, 5-ci maddənin 3-cü bəndinin birinci aspektinin konkret məqsədi tutulmuş şəxsin həbsinin qanuniliyini qiymətləndirmək, həbsin mahiyyətini nəzərdən keçirmək və əgər onun həbsdə saxlanması qanunsuzdursa onun azad edilməsi barədə qərar çıxarmaq səlahiyyətinə malik olan məhkəmə orqanına tutulmuş şəxsin dərhal gətirilməsini təmin etməklə məhdudlaşır. Bu cür səlahiyyət mövcud olan hallarda Məhkəmə 5-ci maddənin 3-cü bəndinin sözügedən hissəsinin tələblərinin yerinə yetirilmiş olduğu qənaətinə gəlir. Müvafiq olaraq, o hesab edir ki, hazırkı işdə sual ondan ibarət deyil ki, ərizəçilər Şimali İrlandiyada müttəhimin cinayətdə ittiham olunduqdan sonra əvvəlcə gətirilməli olduğu məhkəmə orqanının, yəni magistrat məhkəməsinin qarşısına çıxarılmalı idilərmi, düzgün sual ondan ibarətdir ki, onlar 5-ci maddənin 1″c” bəndinin şamil olunduğu məhkəməyəqədər azadlıqdan məhrumetmə ilə əlaqədar olaraq həqiqətən Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin birinci aspektinin tələblərinə cavab verən hakimin və ya digər vəzifəli şəxsin yanına gətirilmişdilərmi?
92. Bu sualı cavablandırmazdan əvvəl Məhkəmə qeyd edir ki, həbsdə saxlanıldıqları müddətdə ərizəçilər iki dəfə xüsusi olaraq bu cür məqsədlər üçün nəzərdə tutulmuş Qraflıq məhkəməsinin hakiminin yanına gətiriliblər: tutulduqdan qırx səkkiz saat sonra (baş prokuror 8-ci Əlavənin 29-cu bəndinə uyğun olaraq onların həbsdə saxlanmalarının davam etdirilməsi məqsədi ilə həbs orderləri üçün vəsatət verdiyi zaman) və beş gün sonra (baş prokuror 8-ci Əlavənin 36-cı bəndinə uyğun olaraq həmin orderlərin müddətinin uzadılması üçün vəsatət verdiyi zaman) (yuxarıda 6-8 və 33-cü bəndlərə bax). Ərizəçilər sonradan 36-cı bəndə uyğun olaraq orderlərin müddətinin uzadılmasından şikayət etsələr də, Yüksək Məhkəmə qərara aldı ki, həbsdə saxlanmanın davam etdirilməsinə icazə verilməsi üçün əsasları özündə əks etdirən 32-ci bənd Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə uyğun şəkildə şərh edilməlidir (yuxarıda 19-cu və 21-ci bəndlərə bax). Buna görə də Məhkəmə öz araşdırmasında bu mövqedən çıxış edəcək ki, hakimin 29-cu və 36-cı bəndlərdə nəzərdə tutulmuş səlahiyyətləri arasında fərq yoxdur.
93. Yoxlamanın “dərhal” aparılması tələbin gəlincə, Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçilər terrorizmlə bağlı ciddi cinayət törətməkdə şübhəli bilinərək tutulduqdan sonra qırx səkkiz saat ərzində hakimin yanına gətirilmiş yetkinlik yaşına çatmış şəxslər idilər. Yuxarıda 77-ci və 78-ci bəndlərdə qeyd edilən prinsipləri nəzərə alaraq, Məhkəmə razılaşır ki, onlar hakimin yanına “dərhal” gətirilmişdilər.
94. 5-ci maddəsinin 3-cü bəndinin ikinci tələbi ondan ibarətdir ki, tutulmuş şəxsin məhkəmə funksiyasını yerinə yetirən vəzifəli şəxsin yanına ilk dəfə gətirilməsi avtomatik olaraq baş verməlidir. Hazırkı işdə ərizəçilər tərəfindən bunun əksini iddia etmək cəhdi olmayıb. 2000-ci il qanununa 8-ci Əlavənin 29-cu bəndi polis əməkdaşlarından tələb edirdi ki, ilkin həbs dövrünün qırx səkkiz saatdan artıq müddətə uzadılması üçün Qraflıq məhkəməsinin hakiminə müraciət etsinlər (yuxarıda 32-ci bəndə bax); buna görə də ərizəçilər hakimin yanına gətirilənə qədər həbsdə qırx səkkiz saatdan artıq saxlanıla bilməzdilər.
95. Üçüncüsü, Məhkəmə dəfələrlə bildirib ki, Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş məhkəmə funksiyanı yerinə yetirən vəzifəli şəxsin icra hakimiyyətinə və tərəflərə münasibətdə zəruri müstəqilliyə malik olmasının təminatları mövcud olmalıdır; o, tutulmanın və həbsdə saxlanmanın qanuniliyi və əsaslılığı məsələsini yoxlamaq (o cümlədən həbsə haqq qazandıran əsasların mövcud olub-olmadığına dair qərar vermək üçün həbsin lehinə və əleyhinə dəlalət edən halları nəzərdən keçirmək); və həbsdə saxlamanın davam etdirilməsi üçün yetərli əsaslar olmadıqda şəxsin azadlığa buraxılması barədə qərar qəbul etmək səlahiyyətinə malik olmalıdır.
96. Qraflıq məhkəməsinin hakiminin müstəqil olduğuna dair ümumi fikir mövcuddur. Buna görə də Məhkəmə tərəfindən cavablandırılmalı olan iki əsas sual bunlardır: birincisi, həmin hakim ərizəçilərin həbsdə saxlanmasının qanuniliyini yoxlamaq üçün yetərli səlahiyyətə malik idimi; və ikincisi, o, onların azadlığa buraxılması barədə qərar çıxarmaq üçün zəruri səlahiyyətə malik idimi?
97. Yüksək Məhkəmə 32-ci bəndin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə uyğun şəkildə şərh edilməli olduğunu qərara alsa da (yuxarıda 19-cu və 21-ci bəndlərə bax), ərizəçilər onun belə bir sonrakı mülahizəsi ilə razı deyillər ki, həbsin qanuniliyi yoxlanılarkən həbs qərarı üçün əsas olmuş səbəblərin təfsilatlı şəkildə təhlil olunmasına ehtiyac yoxdur və həmin yoxlama aparılarkən terrorizm cinayətlərinə görə həbs zamanı bir çox hallarda zəruri olaraq tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır.
98. Məhkəmə qeyd edir ki, Yüksək Məhkəmənin rəhbər tövsiyələri mücərrəd şəkildə verilmişdi və buna görə də praktikada daxili məhkəmələr tərəfindən onların necə tətbiq ediləcəyi anlaşılmırdı. Bununla belə, Məhkəmə Yüksək Məhkəmənin qərarında özünün hüquq praktikasına zidd olan heç nə görmür. O, konkret olaraq qeyd edir ki, əvvəlki işlərdə 5-ci maddənin 3-cü bəndinin dəqiq məzmununu və (və ya) həmin bəndin tələb etdiyi təhlilin formasını müəyyənləşdirməyi lazım bilməyərək sadəcə bildirib ki, məhkəmə funksiyasını yerinə yetirən vəzifəli şəxs tutmanın və həbsdə saxlamanın qanuniliyini və əsaslılığını, həbsdə saxlamanın lehinə və əleyhinə dəlalət edən halları, o cümlədən əsaslı şübhənin mövcudluğunu yoxlamaq və həbsə haqq qazandıran əsasların mövcud olub-olmadığına dair qərar vermək səlahiyyətinə malik olmalıdır. Bundan başqa, yuxarıda (85-ci bənddə) qeyd edildiyi kimi, dövlət orqanları terror cinayətlərini araşdırarkən tam hərəkət sərbəstliyinə malik olmasalar da, Məhkəmə konkret olaraq bu cür cinayətlərin istintaqı zamanı çox vaxt dövlət orqanlarının qarşılaşdığı xüsusi problemlərin mövcud olduğunu etiraf edib. Buna görə də, qarşısındakı sübutlar əsasında Məhkəmə ərizəçilərlə razılaşa bilməz ki, Yüksək Məhkəmə tərəfindən nəzərdə tutulan və etiraz edilən qanunvericilikdən irəli gələn yoxlama hökmən Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin normalarına zidd olacaqdı.
99. Hazırkı işdə Qraflıq məhkəməsinin hakimi tərəfindən ilkin həbsin qanuniliyi məsələsi araşdırılmadığına görə Yüksək Məhkəmə həbs müddətinin uzadılması barədə onun qərarlarını ləğv etsə də, hər halda bundan razı qaldığını bildirmişdi ki, Qraflıq məhkəməsinin hakimi həbs orderinin verilməsi üçün əsas qismində həbsin zəruriliyini nəzərdən keçirib və onun qərarı yetərincə əsaslandırılıb (yuxarıda 19-20-ci bəndlərə bax).
100. Tutma və ya həbsdə saxlama qanunsuz olduğu təqdirdə Qraflıq məhkəməsinin hakiminin şəxsi azad etmək səlahiyyətinə malik olub-olmaması məsələsinə gəlincə, Məhkəmə xatırladır ki, 2000-ci il qanununda bu cür səlahiyyət aydın şəkildə nəzərdə tutulmasa da, hazırkı işdə Yüksək Məhkəmə razılaşıb ki, həmin Qanunun müddəaları Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun şəkildə şərh edilməli olduğuna görə, ilkin tutmanın və daha sonra həbsdə saxlamanın heç bir qanuni əsası olmadığı təqdirdə Qraflıq məhkəməsinin hakimi şəxsi azad etmək səlahiyyətinə malik olmalı idi (yuxarıda 19-cu və 21-ci bəndlərə bax). Bundan əlavə, o qeyd edir ki, həbs orderi (və ya növbəti həbs orderi) istənilməyibsə və ya verilməyibsə, şəxs azad edilməlidir, çünki onun həbsdə saxlanması üçün daha heç bir hüquqi əsas yoxdur.
101. Ərizəçilər bildirdilər ki, Qraflıq məhkəməsinin hakimi şərti azadetmə barədə qərar qəbul etmək səlahiyyətinə malik olmalı idi. Lakin yuxarıda 84-cü bənddə deyildiyi kimi, Məhkəmənin presedent hüququnda ərizəçilərin bu iddiasını təsdiqləyən heç nə yoxdur ki, azadlıqdan məhrumetmənin qanuniliyinin ilk dəfə yoxlanılmasını həyata keçirən məhkəmə orqanı şərti azadetmə barədə qərar qəbul etmək səlahiyyətinə malik olmalıdır. Məhkəmə Makkeyin işində (yuxarıda istinad edilən bu işin 47-ci bəndində) bildirib ki, “yaxşı olardı ki”, həbsin qanuniliyi və şəxsin həbsdə saxlanması üçün əsasların mövcudluğu məsələsinə avtomatik olaraq baxılmasını ilk dəfə həyata keçirən məhkəmə funksiyasına malik vəzifəli şəxs həbsin qanuniliyi və ya əsaslı şübhənin mövcudluğu məsələlərindən savayı həm də zəmanət müqabilində azad edilmə məsələsinə baxmaq səlahiyyətinə malik olsun, amma onu da vurğulayıb ki, bu, Konvensiyanın tələbi deyil və prinsipcə bu iki məsələnin hər birinə məhkəmə funksiyasına malik iki vəzifəli şəxsin ayrıca baxmasına mane olan heç bir səbəb yoxdur.

β) Ərizəçilər həbsdə saxlanıldıqları müddətdə onların şərti azadlığa buraxılması imkanı mövcud olmalı idimi?

102. Həbslərinin qanuniliyi ilk dəfə yoxlanıldıqdan sonra ərizəçilər daha on gün polis orqanında həbsdə saxlanılıblar. Baxmayaraq ki, onlar yeddi gün həbsdə saxlandıqdan sonra ikinci dəfə Qraflıq məhkəməsinin hakiminin yanına gətirilmişdilər, Məhkəmə razılaşır ki, həbsdə saxlandıqları müddətdə onlar şərti azadetmə barədə qərar çıxarmaq səlahiyyətinə malik olan hakimin yanına gətirilməyiblər. Buna görə də ərizəçilər şikayət ediblər ki, 2000-ci il qanununa 8-ci Əlavədə nəzərdə tutulan və şəxsin ittiham irəli sürülmədən ən çoxu iyirmi səkkiz gün həbsdə saxlanmasına icazə verən sistem çərçivəsində onların şərti azadlığa buraxılması məsələsinə həmin müddət ərzində baxılmaması həmin sistemin Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə uyğun olmadığını göstərir.
103. Məhkəmə 8-ci Əlavədə nəzərdə tutulan sistemi mücərrəd şəkildə nəzərdən keçirə bilməz və onun apardığı araşdırma icraatındakı işin faktları ilə məhdudlaşır. Buna görə də, baxmayaraq ki, ərizəçilər ən çoxu iyirmi səkkiz gün həbsdə saxlanıla bilərdilər, Məhkəmə bu faktı nəzərdən qaçıra bilməz ki, hazırkı işdə onlar on iki gündən sonra azad ediliblər. Bundan başqa, o, son nəticədə heç bir ittiham irəli sürülmədiyini mühüm amil hesab etmir; 5-ci maddəsinin 3-cü bəndində tutulmuş şəxslərin həbsinin həmin bəndə uyğun olması üçün onların hökmən cinayət əməlində ittiham edilməli olduğunu düşünməyə əsas verən heç bir müddəa yoxdur (Broqanın işi üzrə yuxarıda istinad edilən qərar, 53-cü bənd).
104. Yuxarıda 75-ci bənddə qeyd edildiyi kimi, quruluşu etibarı ilə 5-ci maddənin 3-cü bəndi iki fərqli hüququ nəzərdə tutan və zaman baxımından bir-biri ilə əlaqəli olmayan iki ayrıca məsələyə: şəxsin cinayət törətmə şübhəsinə görə tutulmasından sonrakı ilkin mərhələlərə; və şəxsin cinayət məhkəməsi tərəfindən işinə baxılmasını gözlədiyi dövrə (həmin müddətdə şəxs həbsdə saxlanıla, yaxud müəyyən şərtlərlə və ya qeyd-şərtsiz azad edilə bilər) aiddir (bax: T.W. Maltaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 49-cu bənd; Makkeyin işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd; və Medvedev Fransaya qarşı iş üzrə yuxarıda istinad edilən qərar, 119-cu bənd). 5-ci maddənin 3-cü bəndinin birinci aspektinin əhatə etdiyi həbsin ilkin mərhələsi cinayət əməlinin törədilməsi ilə bağlı “əsaslı şübhənin” mövcudluğu ilə əsaslandırıla bilər. Lakin zaman keçdikcə bu şübhənin mövcudluğu həbs müddətini uzatmaq üçün daha kifayət etmir, hərçənd ki, bu konsepsiya ilə əlaqədar olaraq Məhkəmə cinayət əməlinin ağırlığından asılı olaraq günlər, həftələr, aylar və ya illər, yaxud da müxtəlif dövrlər təyin etməyə cəhd göstərməyib (Stöqmüllerin işi üzrə yuxarıda istinad edilən qərar, 4-cü bənd). Buna görə də hazırkı işdə Məhkəmə müəyyən etməlidir ki, ərizəçilər bütün həbs dövründə 5-ci maddənin 3-cü bəndinin birinci aspekti əsasında həbsdə saxlanılırdılar, yoxsa həbsdə saxlanıldıqları müddətin müəyyən məqamından sonra daha onların həbsdə saxlanmalarını “əsaslı şübhənin” mövcudluğu ilə əsaslandırmaq olmazdı?
105. Hazırkı işdə ərizəçilər on iki gün həbsdə saxlanılıblar ki, bu da nisbətən qısa müddətdir. Buna görə də Məhkəmə hesab edir ki, həbsdə saxlanmalarını cinayət törətmələri ilə bağlı “əsaslı şübhənin” mövcudluğu ilə əsaslandırmağın mümkün olduğu bütün müddət ərzində onlar azadlıqdan məhrum edilmələrinin “ilkin mərhələlərində” idilər; buna görə də bu müddətdə onların şərti azadlığa buraxılması məsələsinin nəzərdən keçirilməsi zəruri deyildi.
106. İstənilən halda, Məhkəmə qeyd edir ki, həbsdə saxlandıqları müddətdə ərizəçiləri həbsdə saxlanmalarının əsassız olaraq davam etdirilməsindən müdafiə etmək üçün bir sıra təminatlar mövcud idi. Birincisi, 8-ci Əlavədə nəzərdə tutulan sistemə əsasən, hakim həbs müddətini yalnız yeddi günlüyə uzada bilərdi və həbsin ümumi müddəti iyirmi səkkiz günü aşmamalı idi. Müddətin uzadılması barədə qərar qəbul etməzdən əvvəl hakim həbsdə saxlanmanın zəruri olduğunu düşünmək üçün əsaslı səbəblərin mövcud olduğuna və istintaqın lazımi səylə və cəldliklə aparıldığına əmin olmalı idi (yuxarıda 36-cı bəndə bax). Bundan başqa, Yüksək Məhkəmənin qərarından sonra hakim həm də həbsin qanuni olduğuna əmin olmalı və həbsin mahiyyətini nəzərdən keçirməli idi. Baxmayaraq ki, müəyyən hallarda tutulmuş şəxslər və (və ya) onların nümayəndələri iclas zalından çıxarıla bilərdilər, hazırkı işdə birinci ərizəçi birinci yoxlama zamanı and içərək ifadə vermiş və hər iki ərizəçinin arqumentləri ikinci yoxlama zamanı dinlənilmişdi (yuxarıda 8-ci bəndə bax). Nəhayət, ərizəçilər həbsdə saxlanmalarına məhkəmə nəzarəti qaydasında yenidən baxılması üçün şikayət verə bilərdilər.
107. Həbs müddətinin on dörd gündən artıq uzadılması ilə bağlı ciddi təminatlar mövcud idi; lakin hazırkı işdə buna ehtiyac yox idi, çünki ərizəçilər on iki gündən sonra azad edilmişdilər.
108. Yuxarıda qeyd edilən faktların işığında Məhkəmə hesab etmir ki, ərizəçilər azadlıqdan məhrum edildikləri dövrdə şərti azadlığa buraxılma imkanının olmaması Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndi üzrə hər hansı məsələni meydana çıxarır.

γ) Nəticə

109. Yuxarıdakı mülahizələr Məhkəmənin bu nəticəyə gəlməsi üçün kifayətdir ki, ərizəçilərin 2000-ci il qanununa 8-ci Əlavə əsasında həbsə alınması Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini pozmayıb.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:

1. Müvafiq olaraq, birinci və üçüncü ərizəçilər tərəfindən təqdim edilmiş 26289/12 və 29891/12 saylı ərizələri bir icraatda birləşdirir;

5. Qərara alır ki, Konvensiyanın 5-ci maddəsinin 3-ci bəndi pozulmayıb.

Qərar ingilis dilində tərtib edilib və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq 12 may 2015-ci ildə yazılı şəkildə elan olunub.

Paivi Hirvela (Päivi Hirvelä)
Sədr

Fransuaza Elens-Passos (Françoise Elens-Passos)
Katib