DÖRDÜNCÜ BÖLMƏ
ROMEN və ŞMİT (ROEMEN AND SCHMIT) LÜKSEMBURQA qarşı
(Ərizə N 51772/99)
QƏRAR
STRASBURQ
25 fevral 2003-cü il
Qərarın qəti qərara çevrilmə müddəti:
25.05.2003
Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti qərara çevriləcəkdir.
Romen və Şmit Lüksemburqa qarşı işdə,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü Seksiya),
hakimlər:
ser Nikolas Bratsa (Nicolas BRATZA), sədr;
cənab M. Pellonpyaa (M. PELLONPÄÄ);
xanım E. Palm (E. PALM);
xanım V. Strajnitska (V. STRÁŽNİCKÁ);
cənab M. Fişbax (M. FISCHBACH);
cənab X. Kasadevall (J. CASADEVALL);
cənab S. Pavlovski (S. PAVLOVSCHİ);
habelə Seksiyanın katibi cənab M. O’Boyldan (M. O’BOYLE) ibarət Palatada iclas keçirərək,
3 fevral 2003-cü ildə qapalı müşavirə keçirərək,
həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir.
PROSEDUR
1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Lüksemburq vətəndaşları cənab Robert Romen (“birinci ərizəçi”) və xanım Anna-Mari Şmit (“ikinci ərizəçi”) tərəfindən 23 avqust 1999-cu ildə Məhkəməyə təqdim edilmiş Böyük Lüksemburq Hersoqluğuna qarşı ərizə (N 51772/99) əsasında başlanmışdır.
2. Məhkəmədə ərizəçiləri Lüksemburq Vəkillər Şurasının üzvü cənab D. Spilmann təmsil etmişdir. Lüksemburq Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Lüksemburq Vəkillər Şurasının üzvü cənab R. Notar təmsil etmişdir.
3. Birinci ərizəçi konkret olaraq iddia etmişdir ki, onun jurnalist qismində məlumat mənbələrini açıqlamamaq hüququ pozulub. İkinci ərizəçi isə əsasən onun mənzil toxunulmazlığına hörmət hüququna əsassız müdaxilədən şikayət etmişdir.
4. Ərizə Məhkəmənin İkinci Seksiyasının icraatına verilmişdir (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 26-cı Qaydanın 1-ci bəndinə uyğun olaraq həmin Seksiyanın tərkibində işə baxacaq Palata təşkil edilmişdir (Konvensiyanın 27-ci maddəsinin 1-ci bəndi).
5. 12 mart 2002-ci il tarixli qərarı ilə Məhkəmə ərizəni qismən qəbul olunan elan etmişdir.
6. Məhkəmə tərəflərlə məsləhətləşdikdən sonra qərara almışdır ki, işin mahiyyəti üzrə şifahi dinləmə keçirməyə ehtiyac yoxdur (Məhkəmə Reqlamentinin 59-cu Qaydasının 3-cü bəndi) və tərəflərin hər biri işin mahiyyəti üzrə yazılı izahatlarını təqdim etmişlər.
7. 1 noyabr 2001-ci ildə Məhkəmə Seksiyaların tərkibini dəyişmişdir (25-ci Qaydanın 1-ci bəndi). Bu iş yeni təşkil olunmuş Dördüncü Seksiyaya həvalə edilmişdir (52-ci Qaydanın 1-ci bəndi).
FAKTLAR
I. İŞİN HALLARI
8. Ərizəçilər müvafiq olaraq 1945-ci və 1963-cü ildə anadan olublar və Lüksemburqda yaşayırlar.
9. 21 iyul 1998-ci ildə birinci ərizəçi jurnalist fəaliyyəti çərçivəsində gündəlik “Lëtzebuerger Journal” qəzetində “Nazir W. vergi saxtakarlığına görə məhkum edilib” (Minister W. der Steuerhinterziehung überführt) başlıqlı məqalə dərc etdirdi. O, həmin məqalədə iddia etdi ki, nazir əlavə dəyər vergisi ilə bağlı saxtakarlıqlar edərək 7, 8 və 9 saylı əmrləri pozub. O, daha sonra bildirdi ki, sağ təmayüllü siyasətçinin Moisey (Musa) tərəfindən hazırlanmış ciddi qaydalara riayət etməsi gözlənilirdi. O, əlavə etdi ki, nazirə 100.000 Lüksemburq frankı məbləğində illik maliyyə cəriməsi təyin edilib. O, sonda bildirdi ki, nazirin hərəkəti o mənada xüsusilə rüsvayçı idi ki, bu hərəkət başqalarına nümunə göstərməli olan dövlət xadiminin hərəkəti idi.
10. Ərizəçilər sözügedən nazirə 16 iyul 1998-ci ildə Qeydiyyat və Dövlət Mülkiyyəti Departamenti (Administration de l’enregistrement et des domaines) tərəfindən 12 fevral 1979-cu il tarixli “Əlavə dəyər vergisi haqqında” Qanunun 77(2)-ci maddəsinə uyğun olaraq cərimə tətbiq edildiyini sübut edən sənədlər təqdim etdilər. Qərar 20 iyul 1998-ci ildə nazirə təqdim edildi. Həmçinin belə görünür ki, 27 iyul 1998-ci ildə nazir bu cəriməyə qarşı rayon məhkəməsinə şikayət edib. 3 mart 1999-cu il tarixli qətnaməsində rayon məhkəməsi qərara alıb ki, cərimə əsassız təyin olunub, çünki 12 fevral 1979-cu il tarixli “Əlavə dəyər vergisi haqqında” Qanunun 77(2)-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntusunun baş verdiyi sübut olunmayıb. Sonra bu qətnamədən Ali Ədalət Məhkəməsinə şikayət verilib. Tərəflər həmin prosesdə baş verənlərlə bağı hər hansı əlavə informasiya təqdim etməyiblər.
11. 16 iyul 1998-ci il tarixli qərarı həmçinin digər qəzetlər, məsələn, gündəlik “Le Républicain Lorrain” və həftəlik “d’Lëtzebuerger Land” qəzetləri də şərh etdilər. Parlamentin liberalları təmsil edən bir üzvü isə bu məsələni parlamentdə qaldırdı.
12. Birinci ərizəçinin məqaləsi dərc olunduqdan sonra iki məhkəmə prosesi keçirildi.
13. 24 iyul 1998-ci ildə nazir məruz qaldığı ziyana görə rayon məhkəməsində birinci ərizəçiyə və “Lëtzebuerger Journal” qəzetinə qarşı iddia qaldıraraq bildirdi ki, onlar maliyyə cəriməsi barədə məlumat dərc etməkdə və orada onun şərəfini təhqir edən şərhlər verməkdə təqsirkardırlar. 31 mart 1999-cu il tarixli qətnaməsi ilə rayon məhkəməsi nazirin iddiasını rədd edərək belə əsas gətirdi ki, məqalə mətbuat azadlığının hüdudları çərçivəsindən kənara çıxmayıb. 27 fevral 2002-ci il tarixli qətnaməsi ilə Apelyasiya Məhkəməsi rayon məhkəməsinin qətnaməsini ləğv etdi.
14. 4 avqust 1998-ci ildə nazir cinayət işinə başlanılması üçün şikayət ərizəsi verdi.
15. 21 avqust 1998-ci ildə dövlət prokuroru istintaq aparan hakimdən xahiş etdi ki, birinci ərizəçini hüquq pozuntusunda, yəni peşə sirri pozulmaqla ona açıqlanmış məlumatdan istifadə etməkdə şübhəli sayaraq ona qarşı, habelə peşə sirrini pozmuş naməlum şəxsə və ya şəxslərə qarşı cinayət istintaqına başlasın. Dövlət prokuroru təqdim etdiyi arqumentlərində bildirmişdi ki: “İstintaq və araşdırmalar Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentindən olan, həmin qurumun sənədlərinə çıxış imkanı olan, bu işdə hər hansı iştirakı olan dövlət qulluqçusunu müəyyən etməlidir”. Dövlət prokuroru həmçinin istintaq aparan hakimdən xahiş etdi ki, birinci ərizəçinin evində və ləvazimatlarında, habelə “Lëtzebuerger Journal” qəzetinin və Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin ofislərində axtarışın aparılması və ya təşkil edilməsi barədə əmr versin.
16. Bundan sonra müxtəlif axtarışlar aparıldı.
A. Birinci ərizəçinin evində və iş yerində axtarışlar
17. 19 oktyabr 1998-ci ildə istintaq aparan hakim birinci ərizəçinin evində və iş yerində axtarışlar aparılması üçün iki əmr verdi və müstəntiqlərə tapşırıldı ki, “yuxarıda qeyd edilən hüquq pozuntuları ilə bağlı həqiqətin aşkara çıxarılmasına yardımçı ola biləcək, yaxud istifadəsi istintaqdakı irəliləyişə mane ola biləcək bütün predmetləri, sənədləri, daşınar əmlakı və digər əşyaları axtarsınlar və müsadirə etsinlər”. Birinci əmrdə axtarış yerləri kimi “Robert Romenin evi və ləvazimatları … onun əvvəllər olduğu güman edilən istənilən yer və ona məxsus olan və ya olun istifadə etdiyi istənilən maşınlar” göstərilmişdi.
18. Hər iki əmr 19 oktyabr 1998-ci ildə icra olundu.
19. 21 oktyabr 1998-ci ildə birinci ərizəçi 19 oktyabr 1998-ci ildə verilmiş əmrlərin və həmin əmrlər əsasında aparılmış bütün istintaq hərəkətlərinin, xüsusən 19 oktyabr 1998-ci ildə aparılmış axtarışların ləğv olunması üçün müraciət etdi. Daxili qanunvericiliyə əsaslanan arqumentlərlə yanaşı, o, Konvensiyanın 10-cu maddəsinin pozulduğunu iddia edərək vurğuladı ki, onun jurnalist qismində məlumat mənbələrini qorumaq hüququ var.
20. Rayon məhkəməsi qapalı müşavirə keçirərək 9 dekabr 1998-ci il tarixli iki qərarı ilə hər iki ərizəni rədd etdi. O, qeyd etdi ki, nazir bir neçə məsələdən, o cümlədən Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin məmurları tərəfindən informasiyanın birinci ərizəçiyə qanunsuz açıqlanmasından şikayət edib və iddia edib ki, birinci ərizəçi qəzet məqaləsində həmin informasiyadan böhtan və diffamasiya məqsədi üçün istifadə edib. Bu məsələlər müxtəlif cinayət əməllərinin anlayışına, o cümlədən peşə sirrinin pozulması, oğurluq, qanunsuz məlumatdan istifadə, böhtan və cinayət xarakterli diffamasiya anlayışlarına uyğun gəlirdi. Rayon məhkəməsi bildirdi ki, “Mərkəzi və yerli dövlət qulluğu haqqında” Məcəllənin (statut général des fonctionnaires) 11-ci maddəsi mülki dövlət qulluqçularının vəzifələrini icra edən zaman tanış olduqları, xaraktercə konfidensial olan istənilən informasiyanı açıqlamalarını qadağan edir. Konfidensial maliyyə məlumatlarının açıqlanması “Ümumi vergilər haqqında” Qanuna əsasən və peşə vəzifələrinin icrası zamanı əldə edilmiş konfidensial məlumatların yayılması Cinayət Məcəlləsinin 458-ci maddəsinə əsasən cinayət əməlidir. Qanunsuz yolla əldə edilmiş məlumatlardan istifadə ilə bağlı hüquq pozuntusuna gəldikdə, rayon məhkəməsi bildirdi ki, Cinayət Məcəlləsinin 505-ci maddəsi hər hansı üsulla bilərəkdən ağır cinayətin (crime) və ya digər ağır hüquq pozuntusunun (délit) nəticələrindən faydalanan hər kəsə şamil olunur. Hüquq şərhçilərinin rəylərinə və aparıcı işlərin nəticələrinə əsasən, qanunsuz yolla əldə edilmiş məlumatlardan istifadə qeyri-maddi mülkiyyətə, məsələn, iddialara, habelə istehsalat sirlərinə və peşə immuniteti ilə əhatə olunan materiala şamil oluna bilər. Bununla əlaqədar olaraq, əgər məlumatı əldə etmiş şəxs onun qanunsuz mənşəli olduğunu bilirdisə, onda mülkiyyətin hansı şəraitdə əldə edilməsi az əhəmiyyət daşıyır və ilkin hüquq pozuntusunun tövsifi əhəmiyyət kəsb etmir. Rayon məhkəməsi müəyyən etdi ki, istintaqın aparılmasına görə cavabdeh olan hakim artıq əlində olan ittihamedici dəlillərin təsdiqini əldə etmək üçün istintaq tədbirləri barədə göstəriş vermək hüququna malik idi. O əlavə etdi ki, İnsan hüquqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusu baş verməyib, çünki axtarışlar (həmin axtarışlar barədə göstəriş ona görə verilmişdi ki, həqiqətə dair sübutlar toplansın və qəzet məqaləsinin dərcinə səbəb olmuş və ya şərait yaratmış mümkün cinayət əməlləri ilə bağlı həqiqət aşkara çıxarılsın) ifadə azadlığını və ya mətbuat azadlığını pozmayıb.
21. Qapalı iclasda Apelyasiya Məhkəməsi 3 mart 1999-cu il tarixli iki qətnaməsi ilə 9 dekabr 1998-ci il tarixli əmrlərə qarşı verilmiş şikayətləri rədd etdi.
B. İkinci ərizəçinin ofisində axtarış
22. 19 oktyabr 1998-ci ildə istintaq aparan hakim dövlətdaxili məhkəmə prosesində birinci ərizəçinin vəkili olan ikinci ərizəçinin ofisində dərhal axtarış aparılması üçün axtarış orderi qəbul etdi.
23. Axtarışın gedişində müstəntiqlər Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin direktorunun baş nazirə 23 iyul 1998-ci il tarixli məktubunu müsadirə etdilər, məktubun üzərində əllə yazılmış qeyd vardı: “Şöbə rəhbərlərinə: məktub sizin nəzarətiniz altında konfidensial qaydada göndərilir”. Ərizəçilər izah etdilər ki, məktub “Lëtzebuerger Journal” qəzetinin redaksiya heyətinə anonim şəkildə göndərilib və birinci ərizəçi onu dərhal vəkilinə, yəni ikinci ərizəçiyə göndərib.
24. 21 oktyabr 1998-ci ildə axtarış orderinin və bütün sonrakı istintaq hərəkətlərinin ləğvi barədə ərizə təqdim edildi.
25. Rayon məhkəməsi qapalı iclas keçirərək ərizəni təmin etdi və belə əsas gətirdi ki, “Vəkillər haqqında” Qanunun 35-ci maddəsi pozulmaqla 19 oktyabr 1998-ci ildə axtarış orderlərini icra etmiş polis departamentinin protokolunda axtarış və müsadirə əməliyyatlarında iştirak etmiş Vəkillər Şurasının sədr müavininin qeydləri yoxdur. Rayon məhkəməsi qərar çıxardı ki, 19 oktyabr 1998-ci ildə həyata keçirilmiş müsadirə etibarsızdır və 23 iyul 1998-ci il tarixli məktubun ikinci ərizəçiyə qaytarılması barədə göstəriş verdi.
26. 11 yanvar 1999-cu ildə məktub qaytarıldı.
27. Lakin elə həmin gün istintaq aparan hakim yeni axtarış orderi qəbul etdi, və müstəntiqlərə tapşırıldı ki, “yuxarıda qeyd edilən hüquq pozuntuları ilə bağlı həqiqətin aşkara çıxarılmasına yardımçı ola biləcək, yaxud istifadəsi istintaqdakı irəliləyişə mane ola biləcək bütün predmetləri, sənədləri, daşınar əmlakı və digər əşyaları, xüsusən üzərində şöbə rəhbərləri üçün əllə yazılmış qeydin olduğu 23 iyul 1998-ci il tarixli sənədi axtarsınlar və müsadirə etsinlər”. Bir qədər sonra həmin gün məktub yenə də müsadirə olundu.
28. 13 yanvar 1999-cu ildə ikinci ərizəçi axtarış orderinin ləğvi üçün ərizə verərək digər məsələlərlə yanaşı iddia etdi ki, vəkilin ofisinin toxunulmazlığını və vəkillə müştərisi arasında yazışmaların immunitetini təmin edən prinsiplər pozulub. Bu ərizə 9 mart 1999-cu ildə qapalı iclas keçirmiş rayon məhkəməsi tərəfindən rədd edildi. Məhkəmə qeyd etdi ki, birincisi, istintaq aparan hakimlər peşə vəzifələri konfidensial məlumatların alınmasını tələb edən və qanuna görə həmin məlumatları açıqlamağa borclu olan şəxslərin evlərində və ofislərində axtarışlar aparmaq səlahiyyətinə malikdirlər və ikincisi, “Vəkillər haqqında” 10 avqust 1991-ci il tarixli Qanunun 35-ci maddəsinin müddəalarına riayət edilib. Axtarış və müsadirə əməliyyatları istintaq aparan hakimin, dövlət prokurorluğu nümayəndəsinin və Vəkillər Şurası sədrinin iştirakı ilə aparılıb. Bundan əlavə, Vəkillər Şurası sədri axtarışda iştirak etdiyini və müsadirə edilməli olan sənədlərlə bağlı peşə sirrinin qorunması ilə əlaqədar zəruri hesab etdiyi izahatları polis departamentinin protokolunda qeyd edib.
29. Qapalı iclas keçirmiş Apelyasiya Məhkəməsi 20 may 1999-cu il tarixli qətnaməsi ilə 9 mart 1999-cu il tarixli qərara qarşı verilmiş ərizəni rədd etdi.
C. Axtarışlardan sonrakı dövr
30. 23 iyul 1999-cu il tarixli məktubda birinci ərizəçi istintaq aparan hakimdən işin gedişatı barədə məlumat istədi. O, hər hansı bir digər tədbirlərin görülməməsindən şikayət etdi və hakimə xatırlatdı ki, onun Konvensiyanın 6-cı maddəsinin müddəalarına riayət edəcəyini düşünür. O, eyni sözləri təkrarlayan digər bir xatırlatma məktubunu 27 sentyabr 2000-ci ildə göndərdi.
31. 3 oktyabr 2000-ci ildə ərizəçilər Məhkəməyə həftəlik “d’Lëtzebuerger Land” qəzetinin 29 sentyabr 2000-ci il tarixli nəşrindəki məqaləni təqdim etdilər, məqalədə aşağıdakı parça vardı:
“… beləliklə, W.-nun işinin təhqiqatı Sosialist Partiyasının üzvü olan, Qeydiyyat və Dövlət Mülkiyyəti Departamenti məmurunun evində axtarış aparılması ilə və [Sosialist Partiyasının] azı iki üzvünün daxil olan və çıxan telefon zənglərinin yoxlanılması ilə başa çatdı”.
32. 18 aprel 2001-ci ildə birinci ərizəçi istintaq aparan hakimə daha bir xatırlatma məktubu göndərdi, o isə həmin məktubun cavabında bildirdi ki: “Məhkəmə istintaqı davam edir”.
33. Birinci ərizəçinin 13 iyul 2001-ci il tarixli növbəti məktubundan sonra istintaq aparan hakim elə həmin gün məlumat verdi ki, polis araşdırması başa çatıb və istintaq materialları ittiham irəli sürülməsi üçün dövlət prokuroruna göndərilib.
34. 16 oktyabr 2001-ci ildə birinci ərizəçi Konvensiyanın 6-cı maddəsinə istinadən dövlət prokuroruna müraciət etdi və xatırlatdı ki, işin istintaqı üç il çəksə də, ona qarşı hələ də ittiham irəli sürülməyib.
35. 13 noyabr 2001-ci ildə birinci ərizəçi çağırış vərəqəsi aldı, ondan tələb olunurdu ki, ona qarşı şikayət ərizəsində göstərilmiş hüquq pozuntuları ilə bağlı dindirilmək üçün 30 noyabr 2001-ci ildə məhkəməyə gəlsin. Ona məlumat verilirdi ki, dindirmədə vəkilinin iştirak etməsi hüququna malikdir.
36. İstintaq aparan hakim 30 noyabr 2001-ci ildə birinci ərizəçiyə bildirdi ki, “peşə sirri pozulmaqla əldə edilmiş informasiyadan istifadə etməkdə” ittiham olunur.
37. Ərizəçilər Məhkəməyə “Le Quotidien” qəzetinin 9 yanvar 2002-ci il tarixli nəşrindəki məqaləni təqdim etdilər, məqalədən məlum olurdu ki, baş nazir “istintaq aparan hakimin peşə sirrinin pozulması ilə bağlı apardığı istintaq zamanı tətbiq etdiyi metodlar “qeyri-mütənasib” olub.
38. Rayon məhkəməsinin qapalı iclasda 1 iyul 2002-ci ildə qəbul etdiyi qərarda göstərildi ki, birinci ərizəçiyə qarşı ittihamlar əsassızdır və işin materialları istintaq aparan müvafiq hakimə göndərildi ki, ya istintaqa xitam versin, ya da istintaqı davam etdirsin.
39. 14 yanvar 2003-cü ildə birinci ərizəçi Məhkəməyə istintaq aparan hakimin 9 yanvar 2003-cü il tarixli məktubunu göndərdi, məktubda ona məlumat verilirdi ki, “məhkəmə istintaqı yenicə başa çatıb”.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Axtarışları və müsadirələri tənzimləyən ümumi qaydalar
40. Cinayət İstintaqı Məcəlləsinin 65-ci maddəsində deyilir: “Axtarışlar həqiqətin aşkara çıxarılmasına kömək edə bilən əşyaların tapıla biləcəyi istənilən yerdə aparılır”.
41. Məcəllənin 66-cı maddəsində deyilir: “İstintaq aparan hakim 31-ci maddənin 3-cü bəndində göstərilmiş bütün predmetlərin, sənədlərin, daşınmaz əmlakın və digər əşyaların müsadirəsini həyata keçirir”. 31-ci maddənin 3-cü bəndində deyilir ki, “… ümumiyyətlə, həqiqətin aşkara çıxarılmasına kömək edə bilən, istintaqın gedişatına mane ola bilən, yaxud müsadirə edilməli və ya əvvəlki vəziyyətinə qaytarılmalı olan hər bir şey” müsadirə oluna bilər.
B. Vəkillərin ofislərində axtarışlar və müsadirələr
42. “Vəkillər haqqında” 10 avqust 1991-ci il tarixli Qanunun 35-ci maddəsinin 3-cü bəndində deyilir:
“Vəkillərin iş yerlərinə və vəkillərlə müştəriləri arasında istənilən əlaqə formalarına müdaxilə yolverilməzdir. Mülki prosesdə və ya cinayət istintaqında qanunla nəzərdə tutulmuş hallarda vəkilə qarşı və vəkillə əlaqədar tədbir görülərsə, belə tədbir yalnız Vəkillər Şurası sədrinin və ya onun nümayəndəsinin iştirakı ilə və ya onlar lazımi qaydada çağırıldıqdan sonra həyata keçirilə bilər.
Vəkillər Şurası sədri və ya onun nümayəndəsi peşə sirrinin qorunması ilə bağlı tədbirlərə dair göstəriş vermiş dövlət orqanlarına izahatlar təqdim edə bilərlər. Müsadirə və ya axtarış protokolunda Vəkillər Şurası sədrinin və ya onun nümayəndəsinin iştirakı barədə qeyd və onlar tərəfindən yazılması zəruri hesab edilən qeydlər yoxdursa, həmin protokol etibarsızdır”.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 10-cu MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
43. Birinci ərizəçi iddia etdi ki, müxtəlif axtarışlar onun jurnalist qismində məlumat mənbələrini açıqlamaqdan imtina etmək hüququnu pozub. Bu məsələ ilə bağlı, o, Konvensiyanın 10-cu maddəsinə istinad etdi, orada deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və ya dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuz və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
A. Tərəflərin arqumentləri
1. Birinci ərizəçi
44. Birinci ərizəçi bildirdi ki, axtarışlar onun Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən hüquqlarına müdaxilə təşkil edib. Onlar peşə sirrinin iddia edilən pozuntusuna görə məsuliyyət daşıyan şəxsin kimliyinin, başqa, sözlə, jurnalistin məlumat mənbəyinin aşkar olunması üçün aparılıb. Etiraz edilən tədbirlər qeyri-mütənasib olub və güman ki, jurnalistləri ictimai maraq kəsb edən məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdan ibarət mühüm rollarından – “ictimai nəzarətçi” rolundan çəkindirmək məqsədini daşıyıb. Peşə sirrinin pozulmasına görə məsuliyyət daşıyan şəxsin kimliyinin müəyyən edilməsinə başqa vasitələrlə, məsələn, Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin məmurlarını dindirmək yolu ilə nail olmaq olardı. Bundan əlavə, istintaq və cinayət təqibi orqanlarının axtarışlar aparıldıqdan sonra növbəti tədbiri görməməsi axtarışların iğtişaş və ya cinayətin qarşısını almaq üçün zəruri olmadığının yetərli sübutudur.
2. Hökumət
45. Hökumət isə bildirdi ki, əksinə, dövlət hakimiyyəti orqanlarının hərəkətləri birinci ərizəçinin 10-cu maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil etməyib. Axtarışlar ona görə nəticəsiz olub ki, müsadirə olunmuş yeganə sənəd ərizəçinin qəzet məqaləsində mənbə kimi istifadə etdiyi sənəd deyildi. İstənilən halda, baş vermiş hər hansı müdaxilə qanunla, yəni Cinayət İstintaqı Məcəlləsinin 65-ci maddəsi ilə nəzərdə tutulmuşdu və iğtişaşın və ya cinayətin qarşısını almaqdan ibarət qanuni məqsəd daşıyırdı. Bu müdaxilə həmçinin demokratik cəmiyyətdə zəruri idi və qarşıya qanuni məqsədə mütənasib idi. Qudvin Birləşmiş Krallığa qarşı işdəki (27 mart 1996-cı il tarixli qərar, Qərarlar Toplusu, 1996-II) yanaşma hazırkı işə tətbiq edilə bilməz. Əvvəla, birinci ərizəçindən tələb olunmamışdı ki, cərimə qorxusu altında məlumat mənbəyini açıqlasın, o, sadəcə olaraq bircə sənədin müsadirəsi ilə nəticələnmiş axtarışa məruz qalmışdı. İkincisi, hazırkı işdə müdaxilənin güddüyü məqsəd Qudvin işində özəl müəssisənin iqtisadi maraqlarının qorunması məqsədindən daha önəmli idi. Peşə sirrinin pozulması ilə bağlı iddianın araşdırılmasının dövlət qurumlarının düzgün fəaliyyətinə birbaşa aidiyyəti vardı. Buna görə də bu pozuntusunun qarşısının alınması və onu törədənlərin cəzalandırılması müdaxiləyə haqq qazandıran “təxirəsalınmaz sosial tələbatdan” irəli gəlirdi.
B. Məhkəmənin qiymətləndirməsi
1. Ümumi prinsiplər
46. İfadə azadlığı demokratik cəmiyyətin mühüm bünövrələrindən birini təşkil edir və mətbuata verilən təminatlar xüsusi önəm daşıyır. Jurnalist mənbələrinin müdafiəsi mətbuat azadlığının təməl daşlarından biridir. Belə müdafiə olmasa mənbələr ictimai maraq kəsb edən məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqda mətbuata yardım etməkdən çəkinərlər. Nəticədə mətbuatın həyati əhəmiyyətli ictimai nəzarətçi roluna xələl gətirilmiş olar və mətbuatın dəqiq və etibarlı informasiya təqdim etmək qabiliyyətinə mənfi təsir göstərilmiş olar. Jurnalist mənbələrinin müdafiəsinin demokratik cəmiyyətdə mətbuat azadlığı üçün vacibliyini nəzərə alsaq, hər hansı daha üstün ictimai maraq tələbi yoxdursa, bu hüquqa müdaxilə Konvensiyanın 10-cu maddəsinə uyğun sayıla bilməz. Jurnalist mənbələrinin konfidensiallığına qoyulan məhdudiyyətlər Məhkəmə tərəfindən olduqca diqqətlə nəzərdən keçirilməlidir. Nəzarət funksiyasını həyata keçirdiyi zaman Məhkəmənin vəzifəsi milli hakimiyyət orqanlarını əvəz etmək deyil, həmin orqanların qəbul etdiyi qərarların onların qiymətləndirmə sərbəstliyinə uyğun olub-olmadığını 10-cu maddə əsasında nəzərdən keçirməkdir. Bunu edərkən Məhkəmə şikayət edilən “müdaxiləyə” işin bütün hallarının işığında baxmalı və milli hakimiyyət orqanlarının müdaxiləyə haqq qazandırmaq üçün gətirdikləri əsasların “münasib və yetərli” olub-olmadığını müəyyən etməlidir (bax: Qudvinin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 500-501, b. 39-40).
2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi
47. Hazırkı işdə Məhkəmə bu qənaətdədir ki, birinci ərizəçinin evinin və iş yerinin axtarılması, şübhəsiz ki, onun 10-cu maddənin 1-ci bəndi ilə təmin olunmuş hüquqlarına müdaxilə təşkil edib. Bu tədbirlər nazirə maliyyə cəriməsi tətbiq edilməsi ilə bağlı materiallarla işləmiş Qeydiyyat və Dövlət Mülkiyyəti Departamenti məmurlarının kimliyini müəyyən etmək məqsədini daşıyıb. Bununla bağlı Məhkəmə hesab edir ki, axtarışların nəticə verməməsi faktı onların bu məqsədinə, yəni peşə sirrinin pozulmasına görə məsuliyyət daşıyan məmurların kimliyinin, başqa sözlə, jurnalistin məlumat mənbəyinin müəyyən edilməsi məqsədinə xələl gətirməyib.
48. Burada sual ondan ibarətdir ki, müdaxiləyə 10-cu maddənin 2-ci bəndi ilə haqq qazandırmaq olardımı? Bunun üçün araşdırmaq lazımdır ki, müdaxilə “qanunla nəzərdə tutulmuşdumu”, 2-ci bənddəki hər hansı qanuni məqsədi daşıyırdımı və “demokratik cəmiyyətdə” zəruri idimi? (Bax: Lingens Avstriyaya qarşı, 8 iyul 1986-cı il tarixli qərar, A seriyaları, c. 103, s. 24-25, b. 34-37).
49. Birinci ərizəçi Hökumətin belə bir iddiasını şübhə altına almadı ki, müdaxilə “qanunla” yəni bu halda Cinayət İstintaqı Məcəlləsinin 65-ci və 66-cı maddələri ilə “nəzərdə tutulmuşdu”. Müvafiq olaraq, Məhkəmə başqa qənaətə gəlmək üçün heç bir əsas görmür.
50. Məhkəmə hesab edir ki, müdaxilə iğtişaşın və ya cinayətin qarşısını almaqdan ibarət olan qanuni məqsəd güdürdü.
51. Əsas məsələ ondan ibarətdir ki, etiraz edilən müdaxilə bu məqsədə nail olmaq “demokratik cəmiyyətdə” zəruri idimi? Bunu müəyyənləşdirmək üçün müdaxilənin təxirəsalınmaz sosial tələbatdan irəli gəlib-gəlmədiyini, qarşıya qoyulan qanuni məqsədə mütənasib olub-olmadığını və müdaxiləyə haqq qazandırmaq üçün milli hakimiyyət orqanlarının gətirdiyi əsasların münasib və yetərli olub-olmadığını müəyyən etmək lazımdır.
52. Məhkəmə ilk öncə qeyd edir ki, hazırkı işdə axtarışlar birinci ərizəçinin jurnalist qismində törətdiyi hüquq pozuntusunun sübutlarını tapmaq üçün aparılmamışdı. Əksinə, məqsəd peşə sirrinin pozulmasına görə və sonradan birinci ərizəçinin vəzifələrinin icrası zamanı yol verdiyi hüququ pozuntusuna görə məsuliyyət daşıyanları müəyyən etmək idi. Buna görə də, görülmüş tədbirlər, şübhəsiz ki, jurnalist mənbələrinin qorunması tələbi çərçivəsindən kənara çıxmayıb.
53. Axtarışların ləğv olunması barədə ərizəçinin şikayətlərini rədd edərkən daxili məhkəmələr qərara alıblar ki, Konvensiyanın 10-cu maddəsinin heç bir pozuntusu baş verməyib. Beləliklə, onlar hesab ediblər ki, axtarışlar (həmin axtarışlar barədə göstəriş ona görə verilmişdi ki, həqiqətə dair sübutlar toplansın və qəzet məqaləsinin dərcinə səbəb olmuş və ya şərait yaratmış mümkün cinayət əməlləri ilə bağlı həqiqət aşkara çıxarılsın) ifadə azadlığını və ya mətbuat azadlığını pozmayıb.
54. Məhkəmə qeyd edir ki, qəzet məqaləsində ərizəçi Qeydiyyat və Dövlət Mülkiyyəti Departamenti direktoru tərəfindən nazirə tətbiq edilmiş maliyyə cəriməsi ilə bağlı müəyyən olunmuş faktı dərc etmişdi. Buna görə də, şübhə yoxdur ki, o, ümumi maraq doğuran məsələyə dair şərh vermişdi və “hər hansı daha üstün ictimai maraq tələbi yoxdursa, bu hüquqa müdaxilə Konvensiyanın 10-cu maddəsinə uyğun sayıla bilməz” (bax: Fressoz və Rorye Fransaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 29183/95, AİHM 1999-I).
55. Dövlət prokurorunun 21 avqust 1998-ci il tarixli arqumentləri göstərir ki, Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin məmurlarına və ərizəçiyə qarşı iddialarla bağlı araşdırmalar eyni vaxtda başlayıb, araşdırmaların məqsədi peşə sirrinin pozulmasına görə məsuliyyət daşıdığı güman edilən şəxsin və sızan informasiyanı əldə etmiş şəxsin kimliyini müəyyən etmək olub. Ərizəçinin evində və iş yerində axtarışlar bu arqumentlər irəli sürüldükdən az sonra başlayıb. Lakin bundan sonra Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin məmurlarına qarşı hər hansı məhkəmə sərəncamı icra olunmayıb.
56. Məhkəmə ərizəçinin bu arqumentləri ilə (Hökumət onlara etiraz etməyib) razılaşır ki, ərizəçinin evində və iş yerində axtarışlardan savayı digər tədbirlər (məsələn, Qeydiyyat və Dövlət Mülkiyyəti Departamentinin məmurlarının dindirilməsi) dövlət prokurorunun arqumentlərində göstərilmiş hüquq pozuntusunu törədənlərin istintaq aparan hakim tərəfindən aşkar edilməsinə imkan verə bilərdi. Hökumət dövlət orqanlarının ilk növbədə peşə sirrinin pozulub-pozulmadığını, sonra isə peşə sirri pozulmaqla əldə edilmiş informasiyanın istifadə edilib-edilmədiyini ərizəçinin evində və iş yerində axtarış aparmadan müəyyən etmələrinin mümkün olmadığını qətiyyən sübut edə bilmədi.
57. Məhkəmənin fikrincə, bu işin Qudvinin işindən köklü fərqi elə bundadır. Sonuncu işdə jurnalistin informasiya mənbəyinin kimliyini açıqlaması barədə məhkəmə əmri qəbul edilmişdi, hazırkı işdə isə birinci ərizəçinin evində və iş yerində axtarışlar aparılmışdı. Məhkəmə hesab edir ki, hətta nəticəsiz olsa belə, jurnalistin mənbəyinin üzə çıxması məqsəd ilə aparılmış axtarış informasiya mənbəyinin kimliyini açıqlamaq barədə məhkəmə əmrindən daha qətiyyətli tədbir idi. Məhz buna görə qabaqcadan xəbər vermədən jurnalistin iş yerinə gələn və əllərində axtarış orderi olan müstəntiqlər mahiyyət etibarı ilə daha geniş istintaq səlahiyyətlərinə malik idilər və onların jurnalistin bütün sənədlərinə baxmağa ixtiyarları vardı. Məhkəmə xatırladır ki, “jurnalist mənbələrinin konfidensiallığına qoyulan məhdudiyyətlər Məhkəmə tərəfindən diqqətlə yoxlanılmalıdır” (bax: Qudvinin işi üzrə yuxarıda adı çəkilən qərar, s. 500-501, b. 40). Buna görə də o, hesab edir ki, birinci ərizəçinin evində və iş yerində axtarışlar Qudvinin işindəki tədbirlərə nisbətən informasiya mənbələrinin müdafiəsinə daha çox xələl gətirmişdi.
58. Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə bu nəticəyə gəlir ki, Hökumət toqquşan maraqlar arasında, yəni bir tərəfdən informasiya mənbələrinin müdafiəsi, digər tərəfdən isə hüquq pozuntularının qarşısının alınması və təqsirkarların cəzalandırılması arasında balansa riayət edildiyini sübut edə bilmədi. Bununla bağlı Məhkəmə xatırlatmaq istərdi ki, “Konvensiya orqanları 10-cu maddənin 2-ci bəndi üzrə toqquşan maraqlar arasında balans məsələsini nəzərdən keçirərkən belə bir mülahizəni nəzərə almalıdırlar ki, bu məsələ demokratik cəmiyyətin mətbuatın azadlığını qorumaq marağının xeyrinə həll edilməlidir (yenə Qudvinin işi, s. 502, b. 45).
59. Beləliklə, Məhkəmə bu fikirdədir ki, dövlət orqanlarının istinad etdiyi səbəblər “münasib” sayıla bilər, amma bununla belə, onlar birinci ərizəçinin evində və iş yerində axtarış aparılması üçün “yetərli” deyil.
60. Buna görə də Məhkəmə hesab edir ki, etiraz edilən tədbirlər qeyri-mütənasib sayılmalıdır və hesab edilməlidir ki, onlar ərizəçinin Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı hüququnu pozub.
II. KONVENSİYANIN 8-ci MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
61. İkinci ərizəçi şikayət etdi ki, onun ofislərində aparılmış axtarışlar onun mənzil toxunulmazlığına hörmət hüququna əsassız müdaxilə təşkil edib. O, həmçinin iddia etdi ki, məktubun müsadirəsi “vəkillə onun müştərisi arasındakı yazışma sirrinə” hörmət hüququnu pozub. O, Konvensiyanın 8-ci maddəsinə istinad etdi, orada deyilir:
“1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə hakimiyyət orqanları tərəfindən müdaxiləyə yol verilmir”.
A. Tərəflərin arqumentləri
1. İkinci ərizəçi
62. İkinci ərizəçi bildirdi ki, birinci ərizəçinin müdafiəsi ilə bağlı ona etibar edilmiş sənədin axtarılması və müsadirə olunması onun Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi ilə təmin edilən hüquqlarına müdaxilə təşkil edib. Bu müdaxilə “qanunlu nəzərdə tutulmuş” müdaxilə sayıla bilməz, çünki “Vəkillər haqqında” Qanun 8-ci maddənin keyfiyyət tələblərinə cavab vermir. İkinci ərizəçi bildirdi ki, istənilən halda, müdaxilə zəruri deyildi. Axtarış orderləri olduqca ümumi (geniş) ifadələrlə tərtib edilmişdi. Nəticə etibarı bu, adi işdə (hərçənd o, son dərəcə siyasiləşdirilmişdi) dövlət orqanlarının istintaqın başlanğıcında tətbiq etdiyi vasitələr, xüsusən istintaq aparan hakimin tədbirlərinin sonradan uğursuzluğa düçar olduğunu nəzərə alsaq, qeyri-mütənasib vasitələr idi.
2. Hökumət
63. Hökumət iddia etdi ki, hətta axtarışın ikinci ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxiləyə bərabər olduğunu fərz etsək belə, bu müdaxiləyə həmin maddənin 2-ci bəndi ilə haqq qazandırmaq olardı. Müdaxilə qanunla nəzərdə tutulmuşdu və qanuni məqsəd daşıyırdı, yəni cinayət əməllərinin qarşısının alınması və təqsirkarların cəzalandırılması məqsədini güdürdü. Nəhayət, o, demokratik cəmiyyətdə zəruri idi. Axtarış orderləri məhdudlaşdırıcı ifadələrlə tərtib edilmişdi və yalnız bir sənədin axtarışı və müsadirəsi ilə məhdudlaşırdı. Axtarışa səbəb olmuş hüquq pozuntuları ciddi pozuntular idi, belə ki, onlar dövlət qurumlarının fəaliyyətini sual altına alırdı, bu amil istintaq aparan hakimin həqiqətin müəyyən edilməsinə yardım edəcəyini düşündüyü hər hansı tədbiri görməsinə haqq qazandırırdı.
B. Məhkəmənin qiymətləndirməsi
64. Məhkəmə xatırladır ki, 8-ci maddənin təmin etdiyi müdafiə, məsələn, müəyyən peşə nümayəndələrinin ofislərinə şamil oluna bilər (bax: Nimits Almaniyaya qarşı, 16 dekabr 1992-ci il tarixli qərar, A seriyaları, c. 251-B, s. 34, b. 30).
65. Məhkəmə ikinci ərizəçinin bu arqumenti ilə razılaşır ki, onun vəkillik ofislərinin axtarılması və müştərisinin işinə aid sənədin müsadirə olunması onun Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndi ilə təmin edilən hüquqlarına müdaxilə təşkil edib.
66. O, hesab edir ki, bu müdaxilə “qanunla nəzərdə tutulmuşdu”, çünki Cinayət İstintaqı Məcəlləsinin 65-ci və 66-cı maddələri axtarışlara və müsadirələrə ümumi şəkildə toxunduğu halda, 10 avqust 1991-ci il tarixli Qanunun 35(3)-cü maddəsi vəkilin evində və ya ofisində axtarışlar və müsadirələr üçün proseduru nəzərdə tutur.
67. O, həmçinin hesab edir ki, müdaxilə “qanuni məqsəd”, yəni iğtişaşın və ya cinayətin qarşısını almaq məqsədi daşıyırdı.
68. Müdaxilənin “zəruriliyinə” gəldikdə, Məhkəmə xatırladır ki, “8-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş istisnalar məhdud çərçivədə şərh olunmalı və konkret işlərdə onların zəruriliyi inandırıcı şəkildə sübut edilməlidir” (bax: Kremye Fransaya qarşı, 25 fevral 1993-cü il tarixli qərar, A seriyaları, c. 256-B, s. 62, b. 38).
69. Məhkəmə qeyd edir ki, Nimitsin işindən fərqli olaraq, bu işdə axtarış xüsusi prosessual təminatlarla müşayiət olunub. Axtarış orderi istintaq aparan hakimin, dövlət prokurorluğunun nümayəndəsinin və Vəkillər Şurasının sədrinin iştirakı ilə icra olunub. Bundan əlavə, Vəkillər Şurasının sədrinin iştirakı və protokola peşə sirrinin qorunması məsələsi ilə bağlı zəruri hesab etdiyi qeydləri etməsi polis departamentinin hesabatına daxil edilib.
70. Digər tərəfdən, Məhkəmə qeyd etməlidir ki, 11 yanvar 1999-cu ildə qəbul edilmiş axtarış orderi nisbətən geniş ifadələrlə tərtib edilib. Orderə əsasən, istintaq aparan hakim müstəntiqlərə tapşırıq vermişdi ki, “yuxarıdakı hüquq pozuntuları ilə bağlı həqiqətin aşkara çıxarılmasına kömək edə bilən, yaxud istifadəsi istintaqın gedişatına mane ola bilən bütün predmetləri, sənədləri, daşınmaz əmlakı və (və ya) digər əşyaları, xüsusən üzərində şöbə rəhbərləri üçün əllə yazılmış qeydin olduğu 23 iyul 1998-ci il tarixli sənədi axtarsınlar”. Beləliklə, order onlara nisbətən geniş səlahiyyətlər vermişdi (bax: Kremyenin işi üzrə yuxarıda adı çəkilmiş qərar).
71. Axtarışın son məqsədi hər şeydən əvvəl jurnalistin informasiya mənbəyini onun vəkili vasitəsilə müəyyən etmək idi. Beləliklə, ikinci ərizəçinin ofislərinin axtarılması birinci ərizəçinin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş hüquqlarına təsir göstərmişdi. Üstəlik, ikinci ərizəçinin ofislərinin axtarılması, xüsusən də axtarışların prosesin ilkin mərhələsindəcə aparılması qarşıya qoyulmuş məqsədə mütənasib deyildi.
72. Məhkəmə yuxarıda qeyd edilənləri və bu qərarın I hissəsindəki səbəblərə bənzər səbəbləri nəzərə alaraq, qərara alır ki, ikinci ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulub.
III. KONVENSİYANIN 41-ci MADDƏSİNİN TƏTBİQİ
73. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Əgər Məhkəmə Konvensiya ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir”.
A. Ziyan
74. Ərizəçilərin hər biri məruz qaldıqları mənəvi ziyana görə 5.000 avro tələb etdilər. Onlar bildirdilər ki, axtarışlar onlarda ağrılı təəssüratlar doğurub və medianın böyük diqqətinə səbəb olaraq onların nüfuzuna ziyan vurub.
75. Hökumət ərizəçilərin irəli sürdüyü rəqəmlərə etiraz etdi.
76. Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi ədalət prinsip əsasında qərar çıxararaq hər bir ərizəçiyə mənəvi ziyana görə 4.000 avro təyin edir.
B. Məhkəmə xərcləri və digər məsrəflər
77. Birinci ərizəçi məhkəmə xərclərinə və digər məsrəflərə görə 35176,97 avro tələb etdi. O, iki ödəniş vekseli təqdim etdi. 17 yanvar 2002-ci il tarixli birinci vekseldə xanım Şmitə daxili məhkəmələrdə hüquqi xidmətlərinə qonorarın ödənilməsi barədə qeyd vardı, oradakı məbləğ 25.547,56 avroya bərabər idi. İkinci vekseldə 3 aprel 2002-ci il tarixi qeyd edilmiş və Avropa Məhkəməsindəki icraata çəkilmiş xərclərə görə 9.629,41 avro məbləği göstərilmişdi. Birinci ərizəçi iddia etdi ki, o, həmçinin Məhkəmədəki icraatın qalan hissəsinə görə də vəkil qonorarları ödəməli olub və buna görə də əlavə məhkəmə xərcləri və digər məsrəflərlə bağlı 1.000 avro istədi.
78. İkinci ərizəçi məhkəmə xərcləri və digər məsrəflərlə bağlı heç bir tələb irəli sürmədi.
79. Hökumət birinci ərizəçinin tələb etdiyi məbləğləri şübhə altına aldı.
80. Məhkəmə xatırladır ki, ərizəçi məhkəmə xərclərinin və digər məsrəflərin əvəzini o halda almaq hüququna malikdir ki, onlar faktiki və zəruri olaraq çəkilmiş olsun və həmin məbləğlər miqdarca ağlabatan olsun (bax: Bottatsi İtaliyaya qarşı, Böyük Palatanın qərarı, ərizə N 34884/97, AİHM 1999-V). Hazırkı işdə Məhkəmə əlində olan məlumatların və yuxarıdakı meyarların əsasında 11.629,41 avro məbləğini ağlabatan hesab edir və ərizəçiyə bu məbləği təyin edir.
C. İcranın gecikdirilməsinə görə faiz
81. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.
BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ:
1. Qərara alır ki, birinci ərizəçiyə münasibətdə Konvensiyanın 10-cu maddəsi pozulub;
2. Qərara alır ki, ikinci ərizəçiyə münasibətdə Konvensiyanın 8-ci maddəsi pozulub;
3. Qərara alır ki:
a) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində birinci ərizəçiyə aşağıdakı məbləğləri ödəməlidir:
i) mənəvi ziyana görə – 4.000 (dörd min) avro:
ii) məhkəmə xərclərinə və digər məsrəflərə görə 11.629,41 avro (on bir min altı yüz iyirmi doqquz avro qırx bir sent) ödəməlidir;
b) cavabdeh dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq bu qərarın qəti qərara çevrildiyi tarixdən sonra üç ay ərzində ikinci ərizəçiyə mənəvi ziyana görə 4.000 (dörd min) avro ödəməlidir;
c) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır;
4. Əvəzin ədalətli ödənilməsi haqqında ərizəçilərin qalan tələblərini rədd edir.
Qərar fransız dilində tərtib edilmiş və Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq, 25 fevral 2003-cü ildə qərar barədə yazılı məlumat verilmişdir.
Maykl O’Boyl (Michael O’BOYLE)
Katib
Ser Nikolas Bratsa (Sir Nicolas BRATZA)
Sədr