MADDƏ 6/№25703/11 DVORSKI XORVATİYAYA QARŞI – 20 OKTYABR 2015-Cİ İL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

BÖYÜK PALATA

DVORSKİ (DVORSKI) XORVATİYAYA QARŞI 

(Ərizə № 25703/11)

QƏRAR

Strasburq

20 oktyabr 2015-ci il

 

 

Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.

Dvorski Xorvatiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Böyük Palata),
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Kasadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
Mark Villiger (Mark Villiger),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Yan Şikuta (Ján Šikuta),
Pyaivi Hirvela (Päivi Hirvelä),
Luis Lopes Gerra (Luis López Guerra),
Zdravka Kalayciyeva (Zdravka Kalaydjieva),
Paulo Pinto de Albukerke (Paulo Pinto de Albuquerque),
Helen Keller (Helen Keller),
Pol Mahoni (Paul Mahoney),
Yohannes Silvis (Johannes Silvis),
Valeriu Qritsko (Valeriu Griţco),
Faris Vehaboviç (Faris Vehabović),
Kseniya Turkoviç (Ksenija Turković),
Yon Fridrik Kölbro (Jon Fridrik Kjølbro),
habelə hüquq məsləhətçisi Lourens Erlidən (Lawrence Early) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
21 yanvar və 26 avqust 2015-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Xorvatiya vətəndaşı cənab İvan Dvorski (Ivan Dvorski) (“ərizəçi”) tərəfindən 16 aprel 2011-ci ildə Məhkəməyə təqdim edilmiş Xorvatiya Respublikasına qarşı ərizə (№ 25703/11) əsasında başlanıb.
2. Ərizəçini Riyekada vəkillik fəaliyyəti ilə məşğul olan xanım S. Maroşevats-Çapko (S. Maroševac-Čapko) təmsil edib. Xorvatiya Hökumətini (“Hökumət”) onun nümayəndəsi xanım Ş. Stajnik (Š. Stažnik) təmsil edib.
3. Ərizəçi konkret olaraq iddia etdi ki, onun işi üzrə ədalətli məhkəmə araşdırması keçirilməyib, belə ki, polis tərəfindən dindirmə aparılarkən özünün seçdiyi vəkillə təmsil olunmasına icazə verilməyib və bu zaman öz əleyhinə verdiyi ifadələrdən təqsirkar sayılması üçün istifadə edilib.
4. Ərizə Məhkəmənin Birinci Bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci Qaydasının 1-ci bəndi). 28 iyun 2011-ci ildə Birinci Bölmənin sədri ərizə barədə Hökumətə məlumat verməyi qərara aldı. 5 noyabr 2013-cü ildə hakimlər İzabella Berro (Isabelle Berro) (sədr), Miryana Lazarovska-Traykovska (Mirjana Lazarovska-Trajkovska), Yuliya Laffrank (Julia Laffranque), Linos-Alexandr Sitsilyanos (Linos-Alexandre Sicilianos), Erik Mos (Erik Møse), Kseniya Turkoviç (Ksenija Turković), Dmitri Dedov (Dmitry Dedov), habelə Bölmənin katibi Sören Nilsendən (Søren Nielsen) ibarət tərkibdə təşkil edilmiş həmin Bölmənin Palatası qərar qəbul etdi. Onlar yekdilliklə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi üzrə şikayəti qəbul olunan, ərizədəki qalan şikayətləri isə qəbul olunmayan elan etdilər. Onlar səs çoxluğu ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulmadığını qərara aldılar. Hakimlər Berro və Laffrankın qərarla üst-üstə düşməyən birgə rəyi qərara əlavə olundu.
5. 21 fevral 2014-cü il tarixli məktubunda ərizəçi Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin Böyük Palatanın icraatına verilməsi barədə vəsatət verdi. 14 aprel 2014-cü ildə Böyük Palatanın kollegiyası vəsatəti təmin etdi.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və 24-cü Qaydanın müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
7. Bundan sonra hakim İşıl Karakaş (Işil Karakaş) işə baxılmasında iştirak edə bilmədi və birinci əvəzedici hakim Yan Şikuta (Ján Šikuta) ilə əvəzləndi (28-ci Qayda).
8. Ərizəçi və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi).
9. 21 yanvar 2015-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).

Məhkəmədə iştirak etdilər:

a) Hökumətin adından:
nümayəndə:
xanım Ş. Stajnik (Š. STAŽNİK),
məsləhətçilər:
xanım N. Katiç (N. KATİĆ),
xanım M. Brişki (M. BRİŠKİ),
xanım S. Raquj (S. RAGUŽ),
cənab Z. Budimir (Z. BUDİMİR);

b) ərizəçinin adından:
vəkil:
xanım S. Maroşevats-Çapko (S. MAROŠEVAC-ČAPKO).

Məhkəmə xanım Maroşevats-Çapkonun və xanım Stajnikin çıxışlarını, habelə hakimlər Qritsko, Lopes Gerra, Vehaboviç, Hirvela, Pinto de Albukerke, Zupançiç, Kalayciyeva və Şikuta tərəfindən verilmiş suallara onların cavablarını dinlədi.

FAKTLAR

I. İŞİN HALLARI

10. Ərizəçi 1986-cı ildə doğulub və Riyekada yaşayır.

A. İşin tarixçəsi

11. 13 mart 2007-ci ildə gecə saat 2 ilə 3.30 arasında Riyekanın yaxınlığındakı yaşayış məskəni Vejitsada üç qətl, silahlı soyğunçuluq və yanğın hadisələri törədildi.
12. Həmin gün bir qədər sonra Vejitsadan olan bir neçə şəxs Riyekanın Primorsko-Qoranska polis idarəsinin Üçüncü polis bölməsinə (Policijska uprava Primorsko-goranska, Treća policijska postaja Rijeka) (bundan sonra “Riyeka polis bölməsi” adlandırılacaq) dindirilməyə gətirildilər.
13. Həmin gün təxminən saat 13-də ərizəçi Riyeka polis bölməsinə dindirilməyə gətirildi. DNT analizi üçün onun qan nümunələri götürüldü və polis onun mənzilində və mobil telefonunda axtarış apardı və bir neçə şəxsi əşyasını müsadirə etdi.
14. Ərizəçi yuxarıdakı cinayətlərlə əlaqədar 14 mart 2007-ci ildə saat 9.50-də rəsmən həbsə alınana qədər Riyeka polis bölməsində saxlanıldı.

B. 14 mart 2007-ci ildə ərizəçinin polis tərəfindən dindirilməsi

1. Hadisələrə dair ərizəçinin versiyası

15. Ərizəçinin bildirdiyinə görə, 14 mart 2007-ci ildə təxminən saat 10.40-da onun İtaliyada yaşayan və işləyən anası vəkil G.M.-ə zəng etmiş və ondan xahiş etmişdi ki, ərizəçini təmsil etsin. G.M. Riyeka polis bölməsinə saat 10.45-də gəldi, amma polis əməkdaşları onun ərizəçi ilə görüşməsinə icazə verməkdən imtina etdilər. G.M. günortaya qədər Riyeka polis bölməsində qaldı. O, səlahiyyətdən sui-istifadə etmə və qanunsuz olaraq etiraf alma cinayəti ilə əlaqədar olaraq kimliyi naməlum olan şəxsə qarşı şikayət ərizəsi təqdim etmək istədi, amma polis əməkdaşları onun şikayətini qəbul etməkdən imtina edərək belə əsas gətirdilər ki, onun vəkalətnaməsi yoxdur və onu polis bölməsindən çıxardılar. G.M. dərhal Riyeka dairə prokurorunun müavinləri D.K. və I.B.-yə insident barədə məlumat verdi və onlar işin materiallarına bu barədə qeyd daxil etdilər. Həmçinin Riyeka dairə məhkəməsi də dərhal məlumatlandırıldı.
16. Saat 13.30 radələrində ərizəçinin atası vəkil G.M.-in adına vəkalətnamə imzaladı ki, vəkil onun oğlunu müdafiə etsin. Sonra hüquq təcrübəsi keçən B.P. vəkalətnaməni polisə verməyə cəhd etdi, amma ona dedilər ki, çıxıb getsin.
17. Təxminən saat 15 ilə 15.30 arasında G.M. yenidən Riyeka polis bölməsində ərizəçi ilə təmasa girməyə cəhd etdi, amma onunla görüşməsinə icazə verilmədi.
18. Təxminən saat 15.30-da G.M. yuxarıda qeyd edilən hadisələri Primorsko-Qoranska polis idarəsinin rəisi cənab V.-yə danışdı, o isə bu söhbət zamanı deyilənləri rəsmən qeydə aldı.
19. G.M.-in işə vəkil kimi cəlb olunduğunu və Riyeka polis bölməsinə gəldiyini ərizəçiyə heç vaxt xəbər vermədilər.
20. Ərizəçinin bildirdiyinə görə, o, Riyeka polis bölməsində polis əməkdaşlarından dəfələrlə xahiş etmişdi ki, G.M.-ə zəng etsinlər, lakin ona demişdilər ki, vəkillə əlaqə yaratmağa çalışırlar, amma telefonu cavab vermir.

2. Hadisələrə dair Hökumətin versiyası

21. Hökumətin bildirdiyinə görə, 14 mart 2007-ci ildə ərizəçi Primorsko-Qoranska polisinin keçmiş rəisi vəkil M.R. vasitəsilə təmsil olunmağa razılıq verdi. Vəkil təxminən saat 19.45-də polis bölməsinə gəldi. Hökumət bildirir ki, ərizəçi polis bölməsində ona təqdim edilmiş Riyeka Vəkillər Assosiasiyasının siyahısındakı vəkillərin arasından M.R.-i seçmiş və saat 20.10-da ərizəçinin dindirilməsinə başlanılmışdı. Ərizəçinin dindirilməsinə dair protokola əsasən, polislər onu öz əleyhinə ifadə verməmək hüququ və susmaq hüququ barədə məlumatlandırmışdılar və o, protokolda aydın şəkildə bildirmişdi ki, vəkili M.R.-dir.

3. Ərizəçinin dindirilməsinə dair protokoldan çıxarış

22. Ərizəçinin polis əməkdaşları T.K. və Z.N. tərəfindən dindirilməsinə dair protokolun (dindirmə saat 20.10-da başlamış və 23-də başa çatmışdı) müvafiq hissəsində deyilir:
“Mənə həbsimin səbəbləri, təqsirləndirildiyim cinayət əməlləri, hüquqlarım haqqında, suallara cavab verməmək hüququm və vəkillə təmsil olunmaq hüququm barəsində, habelə həbsim barədə ailə üzvlərimə xəbər verilməsinə nail olmaq hüququm haqqında məlumat verildi. Mən Riyekadan olan müdafiəçi vəkil M.R.-i seçdim, ona bu prosesdə məni təmsil etmək səlahiyyəti verdim və onunla konfidensial şəraitdə məsləhətləşdim; vəkil M.R. ilə məsləhətləşdikdən sonra ifadəmi verməyi qərara aldım.
…”
Daha sonra protokolda ərizəçi ona qarşı ittihamlarla əlaqədar olan müvafiq hadisələrin təsvirini verdi: o etiraf etdi ki, 13 mart 2017-ci ildə gecə L.O. və R.Lj. ilə birlikdə Đ.V.-nin Vejitsadakı mənzilinə gedib, Đ.V.-dən müəyyən məbləğdə pul alıb və sonra onu, onun sevgilisini və atasını güllələyərək öldürüb. Ərizəçi orada olduğunun izini itirmək üçün onların mənzilinə od vurub. O həmçinin tutulacaqları təqdirdə cinayətləri etiraf edəcəyini və təqsiri öz boynuna götürəcəyini L.O.-ya və R.Lj.-yə vəd etdiyini bildirib.
Protokolun yekun hissəsində deyilir:
“Məndə hər hansı abstinensiya simptomları və ya hər hansı digər böhran vəziyyətləri olmayıb. Mən vəkilimin və dairə prokurorunun iştirakı ilə ifadəmi könüllü şəkildə verdim. İfadəmi bütünlüklə oxudum və bundan sonra imza atıb onun doğruluğunu təsdiqlədim”.
Ərizəçinin ifadəsinin qeydə alındığı protokolun hər bir səhifəsi onun tərəfindən imzalandı.

C. İşin istintaqını aparan hakim tərəfindən 15 mart 2007-ci ildə saat 13.15-də dindirilmə

23. İşin istintaqını aparan hakim tərəfindən ərizəçinin dindirilməsinə dair yazılı protokolun müvafiq hissəsində deyilir:
“Müdafiəçi vəkilin onun özü tərəfindən seçilib-seçilmədiyi barədə məhkəmənin sualına (sualın verilməsinin səbəbi o idi ki, işin materialları arasında həm şübhəli şəxsin müdafiəçi vəkil M.R.-in iştirakı ilə dindirilməsinin protokolu, həm də onun valideynləri tərəfindən vəkil G.M.-in adına imzalanmış vəkalətnamə vardı) şübhəli şəxs belə cavab verib:
“Mən Riyekadan olan cənab G.M.-in adına vəkalətnamə imzalayacağam və bununla vəkil M.R.-in vəkalətnaməsini geri götürəcəyəm”.

Vəkil M.R.-i öz vəkili kimi işə cəlb edib-etmədiyi barədə müdafiəçi vəkilin sualına şübhəli şəxs belə cavab verib:
“Mən onu işə cəlb etməmişəm. Mən konkret olaraq polis əməkdaşlarına demişəm ki, G.M.-in məni təmsil etməsini istəyirəm.
G.M.-in polis orqanının binasına gəldiyi barədə heç nə bilmirəm”.

Hadisə zamanı narkotik vasitənin təsiri altında olub-olmadığı barədə müdafiəçi vəkilin sonrakı sualına təqsirləndirilən şəxs belə cavab verib:
“Mən spirtli içkinin və narkotik maddələrin təsiri altında idim”.
…”
24. 16 mart 2007-ci ildə G.M. Riyeka dairə prokurorunun və onun bütün müavinlərinin prosesdən kənarlaşdırılması üçün işin istintaqını aparan hakimə vəsatətlə müraciət etdi. İşin istintaqını aparan hakim vəsatəti Riyeka dairə prokurorluğuna göndərdi. Vəsatətin müvafiq hissəsində deyilirdi:
“Təxminən otuz dəqiqə bundan əvvəl müdafiəçi vəkil öyrəndi ki, Riyeka dairə prokuroru D.H. 14 mart 2007-ci ildə saat 19 radələrində “müdafiəçi vəkil” M.R.-in iştirakı ilə Riyeka polis bölməsinin əməkdaşları tərəfindən İvan Dvorskinin şübhəli şəxs qismində dindirilməsində iştirak edib.
Elə həmin gün saat 10.40 radələrində İvan Dvorskinin İtaliyada yaşayan və işləyən anası Lj.D. [G.M.-ə] zəng edib və ağırlaşdırıcı hallarla adamöldürmə cinayətində şübhəli bilinən oğlu İvanı müdafiə etməsini ondan xahiş edib. Saat 10.45 radələrində [G.M.] Riyeka polis bölməsinə gəlib, amma polis əməkdaşları onun İvan Dvorski ilə görüşməsinə icazə verməkdən imtina ediblər və anasının onun üçün vəkil tutduğunu [İvan Dvorskiyə] deməyiblər. [G.M.] günorta saat 12-dək Riyeka polis bölməsində qalıb. O, səlahiyyətdən sui-istifadə etmə və qanunsuz olaraq etiraf alma cinayəti ilə əlaqədar olaraq kimliyi naməlum olan şəxsə qarşı şikayət ərizəsi təqdim etmək istəyib, amma polis əməkdaşları onun şikayətini qəbul etməkdən imtina edərək belə əsas gətiriblər ki, onun vəkalətnaməsi yoxdur və onu polis bölməsindən çıxarıblar. [G.M.] dərhal Riyeka dairə prokurorunun müavinləri D.K. və I.B.-yə insident barədə məlumat verdi və onlar işin materiallarına bu barədə qeyd daxil ediblər.
Beləliklə, saat 12.30 radələrində Riyeka prokuroru artıq [İvan Dvorskinin] anası tərəfindən [G.M.-in] işə cəlb edildiyini və müştərisi ilə əlaqə yaratmaq imkanına malik olmadığını bilirdi.
Bu barədə həmçinin [Riyeka] dairə məhkəməsi də dərhal məlumatlandırılmışdı.
Saat 13.30 radələrində İvan Dvorskinin atası oğlunun hüquqi müdafiəsi üçün vəkalətnamə imzaladı. [Sonra] hüquq təcrübəsi keçən B.P. vəkalətnaməni polisə verməyə cəhd etdi, amma ona dedilər ki, “vəkalətnamə ilə birlikdə rədd ol get”, buna görə də vəkalətnamə təqdim edilmədi.
Təxminən saat 15-dən 15.30-dək müdafiəçi vəkil G.M. Riyeka polis bölməsində müştərisi ilə təmasa girməyə yenidən cəhd etdi amma onunla görüşməsinə icazə verilmədi… Bununla belə, işə müdafiəçi vəkilin cəlb olunduğunu və onun Riyeka polis bölməsinə gəldiyini müttəhimə heç vaxt xəbər vermədilər.
Saat 15.30 radələrində [G.M.] bu barədə Primorsko-Qoranska polis idarəsinin rəisi … cənab V.-yə məlumat verdi, o isə, yəqin ki, bu söhbət zamanı deyilənləri rəsmən qeydə aldı. Lakin müttəhim onun üçün müdafiəçi vəkil tutulduğu barədə heç vaxt məlumatlandırılmadı və ona ailəsinin cəlb etdiyi vəkilin vasitəsilə təmsil olunmağı istəyib-istəmədiyi barədə sual verilmədi.
Bundan əlavə, Riyeka polis bölməsinə gətirildikdən sonra [İvan Dvorski] bir neçə dəfə xahiş etdi ki, [G.M.-ə] zəng etsinlər, lakin polis əməkdaşları ona dedilər ki, vəkillə əlaqə yaratmağa çalışırlar, amma telefonu cavab vermir. Müttəhim polis bölməsinə gətirilərkən onun qanından analiz üçün nümunələr götürülmüşdü. Nümunələr göstərirdi ki, onun qanında alkoqolun və narkotik maddələrin səviyyəsi yüksəkdir.
2007-ci il martın 13-ü saat 13 ilə təxminən 2007-ci il martın 14-ü saat 19 arasında müttəhimə heç bir yemək verilmədi (bu müddətlərə aid məlumatlar [G.M.-ə] yalnız qeyri-rəsmi mənbələrdən məlumdur, çünki Riyeka dairə prokurorunda olan işin materiallarına onun çıxışı yox idi).
Aydın məsələdir ki, bütün bu faktlar Riyeka dairə prokuroru D.H.-yə məlum olsa da, sonuncu onlara etinasız yanaşmış və dindirmədə şəxsən iştirak etsə də, [müttəhimin heç vaxt nə özü], nə də … ailəsi tərəfindən [istənilməyən] vəkilin iştirakı ilə dindirilməsinə imkan vermişdi. Bu hal Cinayət Prosessual Məcəlləsinin 225-ci maddəsinin 8-ci bəndinin pozuntusu olmaqla qanunsuz yolla etiraf almağa bərabər idi, belə ki, 2007-ci il martın 14-ü təxminən saat 12.30-dan etibarən o, [ərizəçinin seçdiyi] müdafiəçi vəkilin kim olduğunu bilirdi.
Həmin gün [G.M.] vəkalətnaməni Primorsko-Qoranska polis idarəsinə göndərdi və yazılı şikayətlər həmçinin Xorvatiya Respublikasının Ali Məhkəməsinə, Xorvatiya Respublikasının Baş prokuroruna, Riyeka dairə prokurorluğuna, Xorvatiya Vəkillər Assosiasiyasına, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Primorsko-Qoranska polis idarəsinin rəisinə və Riyeka dairə məhkəməsinə göndərildi. …”

D. İstintaq

25. 16 mart 2007-ci ildə ərizəçi, L.O. və R.Lj. 13 mart 2007-ci ildə Vejitsada törədilmiş ağırlaşdırıcı hallarla üç adamöldürmə və yanğın əməllərində şübhəli bilindilər və barələrində istintaq başlandı.
26. 23 mart 2007-ci ildə Xorvatiya Respublikasının Baş prokuroru (Glavni državni odvjetnik Republike Hrvatske) Riyeka dairə prokurorunun prosesdən kənarlaşdırılması barədə G.M.-in vəsatətini rədd edərək belə əsas gətirdi ki, onu işin araşdırılmasından kənarlaşdırmaq üçün heç bir əsas yoxdur. Qərarın müvafiq hissəsində deyilir:
“… Riyeka dairə prokuroru D.H.-dən ifadə alınıb.
İfadəsində Riyeka dairə prokuroru deyib ki, 14 mart 2007-ci ildə təxminən saat 22-də həmkarı I.B.-L. ilə birlikdə Riyekanın Üçüncü polis bölməsinin binasında olub və araşdırılan məsələ ilə bağlı həmin anadək alınmış ifadələr və alınması gərək olan bütün qalan ifadələr barəsində orada onlara məlumat verilib. O, təxminən saat 13-də dairə prokurorluğunun binasına qayıdıb və bu zaman müavinləri D.K. və I.B. ona məlumat veriblər ki, G.M. prokurorluğa gəlib və İvan Dvorski ilə görüşməsinə icazə verməkdən imtina etmiş Riyekanın Üçüncü polis bölməsinin əməkdaşlarının davranışı barədə şikayət edib, hərçənd ki, İtaliyadan [ona zəng etmiş] İvan Dvorskinin anası təmsilçilik səlahiyyətini ona şifahi şəkildə vermişdi. Vəkil İvan Dvorskini təmsil etmək səlahiyyətini və ya İvan Dvorskinin anası ilə telefonla danışdığını təsdiqləyən heç bir sübut təqdim etməmişdi. O, şübhəli şəxsin atası ilə əlaqə saxlamaq imkanına malik deyildi, çünki onun atasının daimi ünvanı olmadığına görə onu tapa bilmirdi.
[Riyeka dairə prokuroru D.H.] dairə prokurorluğunun binasını tərk etdikdən sonra yuxarıda adı çəkilən vəkilin hərəkətləri barədə heç bir əlavə məlumata malik deyildi.
Saat 17-də [D.H.] sözügedən işlə əlaqədar olaraq Riyekanın Üçüncü polis bölməsinə qayıtdı. Orada Primorsko-Qoranska polis idarəsinin müfəttişi ona dedi ki, şübhəli İvan Dvorski müdafiəçi vəkili M.R.-in iştirakı ilə özünü müdafiə etmək istəyir və dindirmənin saat 19-da keçirilməsi barədə razılıq əldə edilib. M.R. Üçüncü polis bölməsinə saat 18.40-da gəldi və onlar şübhəli İvan Dvorskinin olduğu otağa birlikdə getdilər. Orada şübhəli şəxs M.R.-in adına vəkalətnamə imzaladı və polis tərəfindən aparılacaq dindirmədə M.R.-in iştirak etməsinə razılıq verdi. Bundan sonra M.R.-in xahişi ilə şübhəli şəxsin vəkillə konfidensial şəraitdə söhbət etməsinə icazə verildi. On dəqiqədən sonra onların hamısı başqa otağa keçdilər və orada şübhəli şəxs öz vəkilinin, dairə prokurorunun, iki polis müfəttişinin və makinaçının iştirakı ilə öz müdafiəsini həyata keçirdi və onun dedikləri yazılı şəkildə qeydə alındı; bütün bunlar üç saatdan artıq davam etdi. Bundan sonra onların hamısı [dindirməyə dair] yazılı protokolu imzaladılar və [D.H.] vəkil MR ilə birlikdə otağı tərk etdi.
…”
27. 26 mart 2007-ci ildə Riyeka dairə prokuroru onun müavinlərinin prosesdən kənarlaşdırılması barədə vəsatəti eyni əsaslara görə rədd etdi. Həmin qərarın müvafiq hissəsində deyilir:
“Riyeka dairə prokurorunun müavini I.B.-L. dedi ki, İvan Dvorskinin polis tərəfindən dindirilməsində ümumiyyətlə iştirak etməyib və prosesin bu mərhələsi barədə xəbərsiz olub və konkret olaraq, dindirildiyi zaman İvan Dvorskinin hər hansı vəkillə və ya özünün seçdiyi müdafiəçi vəkillə təmsil olunması barədə onun məlumatı olmayıb. I.B.-L. yalnız bunu bilirdi ki, 14 mart 2007-ci ildə vəkil G.M. Riyeka dairə prokurorluğuna gəlib və orada onunla görüşüb. G.M. İvan Dvorskinin müdafiəçi vəkil seçməsi ilə bağlı məsələdən ona şikayət edib. O deyib ki, İvan Dvorskinin müdafiəçi vəkilidir, sonuncunun anası telefon danışığı zamanı ona bu səlahiyyəti verib. I.B.-L. isə qeyd edib ki, həmin danışıq etibarlı vəkalətnamə təşkil edə bilməz…
Riyeka dairə prokurorunun müavinləri D.K. və I.B.-nin ifadələri göstərir ki, polisin davranışı barədə yeganə məlumatı onlara vəkil G.M. verib, belə ki, o, İvan Dvorskini təmsil və müdafiə etmək üçün vəkilin seçilməsi ilə bağlı polis əməkdaşlarının davranışından şikayət etmək istəyirdi. … D.K. məsələ barədə rəsmi məlumat tərtib edib və onu G.M.-ə təqdim edib. Riyeka dairə prokurorunun müavinləri D.K. və I.B.-nin ifadələri göstərir ki, [G.M.] İvan Dvorskinin İtaliyada yaşayan və [G.M.] ilə telefonla danışmış anasının ona verdiyi vəkalətnamədən bəhs edib. Müavinlər isə ona deyiblər ki, telefon danışığı vasitəsilə verilmiş vəkalətnamə etibarlı sayıla bilməz. Onlar hər hansı digər hərəkətlərdən, o cümlədən İvan Dvorskinin atasından vəkalətnamə alınmasından xəbərsiz olublar…”
28. 28 mart 2007-ci ildə G.M. Riyeka dairə məhkəməsinə məlumat verdi ki, daha ərizəçini təmsil etməyəcək və 30 mart 2007-ci ildə Riyeka dairə məhkəməsinin sədri ərizəçinin təmsil olunması üçün ona ödənişsiz vəkil qismində S. Maroşevats-Čapkonu təyin etdi.
29. İstintaq zamanı bir sıra şahidlərdən ifadələr alındı və cinayət yerində həyata keçirilmiş baxış, axtarış və müsadirə hərəkətlərinin protokolu, habelə tibbi və yanğın ekspertizasının və ballistik ekspertizanın rəyləri işin istintaqını aparan hakim tərəfindən alındı.

E. İttiham aktı əsasında məhkəmə icraatı

30. 12 iyul 2007-ci ildə Riyeka dairə prokurorluğu ittiham aktını təqdim edərək Riyeka dairə məhkəməsi qarşısında ərizəçini, L.O.-nu və R.Lj.-ni ağırlaşdırıcı hallarla adamöldürmə əməlinə görə üç bənd üzrə və yanğın törətmə əməlinə görə bir bənd üzrə ittiham etdi.
31. Ödənişsiz vəkil S.M.Č. ilə təmsil olunmuş ərizəçi ittiham aktıma qarşı yazılı etirazını Riyeka dairə məhkəməsinə təqdim edərək belə əsas gətirdi ki, həmin aktda çoxlu sayda maddi-hüquqi və prosessual pozuntulara yol verilib. O həmçinin iddia etdi ki, polisə ifadəsini alkoqolun və narkotik maddələrin təsiri altında verib. O, polis tərəfindən dindirildiyi zaman vəkillə təmsil olunması məsələsi barədə heç nə qeyd etmədi.
32. Ərizəçinin ittiham aktına qarşı etirazı 28 avqust 2007-ci ildə Riyeka dairə məhkəməsinin üç hakimindən ibarət məhkəmə heyəti tərəfindən əsassız sayılaraq rədd edildi.
33. 9 oktyabr 2007-ci ildə məhkəmə araşdırmasının birinci günündə ərizəçi və digər təqsirləndirilən şəxslər bütün ittihamlar üzrə təqsirsiz olduqlarını bildirdilər və birinci instansiya məhkəməsi yeddi şahidin ifadələrini dinlədi.
34. Digər dinləmə 11 oktyabr 2007-ci ildə keçirildi və bu dinləmədə birinci instansiya məhkəməsi cinayət yerinin müayinəsinin videoyazılarını və qurbanların patoloji anatomik müayinəsinin nəticələrini nəzərdən keçirdi.
35. Sonrakı dinləmələr 12 noyabr 2007-ci ildə və 11 yanvar 2008-ci ildə keçirildi və bu dinləmələrdə birinci instansiya məhkəməsi doqquz şahidin ifadələrini dinlədi.
36. 14 yanvar 2008-ci il tarixli dinləmədə iki toksikologiya eksperti, habelə daktiloskopiya eksperti, ballistika eksperti və DNT eksperti ifadə verdilər. Müdafiə tərəfi bu ifadələrlə bağlı heç bir etiraz bildirmədi. Elə həmin dinləmədə dörd nəfər başqa şahid də ifadə verdilər.
37. 15 yanvar 2008-ci il tarixli dinləmədə birinci instansiya məhkəməsi digər bir toksikologiya ekspertinin və patoloji anatomiya ekspertinin ifadələrini, habelə on üç başqa şahidin ifadələrini dinlədi. Müdafiə tərəfi ekspertlərin ifadələri ilə bağlı heç bir etiraz bildirmədi, amma məhkəmədən xahiş etdi ki, ərizəçi barəsində psixiatriya müayinəsi təyin etsin.
38. Elə həmin dinləmədə müdafiəçi vəkil dindirmə protokolunda ərizəçinin 14 mart 2007-ci ildə polisə verdiyi ifadənin altında qoyulmuş imzanın yoxlanılması üçün xətt ekspertizasının təyin olunmasını xahiş etdi. O iddia etdi ki, ərizəçi polis tərəfindən dindirilərkən heç bir protokolu imzalamayıb.
39. Birinci instansiya məhkəməsi hesab etdi ki, hazırkı məqamda psixiatriya müayinəsinin təyin olunmasına ehtiyac yoxdur və ərizəçinin bu barədə vəsatətini rədd etdi. Bununla belə, o, dindirmə protokolunda ərizəçinin polisə verdiyi ifadənin altında qoyulmuş imzanın yoxlanılması üçün xətt ekspertizasını təyin etdi.
40. 23 yanvar 2008-ci ildə xətt eksperti rəyini təqdim etdi. O, bu qənaətə gəldi ki, dindirmə protokolunda 14 mart 2007-ci ildə polisə verdiyi ifadənin altındakı imzanı ərizəçi özü qoyub.
41. 12 mart 2008-ci ildə digər dinləmə keçirildi və bu dinləmədə tibb eksperti, yanğın eksperti və bir nəfər başqa şahid ifadə verdilər. Həmçinin xətt eksperti şifahi ifadə verərək əvvəlki qənaətlərini təsdiqlədi. Ərizəçinin vəkili bu qənaətlərin düzgünlüyünə etiraz etdi və başqa ekspertin təyin olunması üçün vəsatət verdi, amma vəsatəti birinci instansiya məhkəməsi tərəfindən rədd edildi. Elə həmin dinləmədə birinci instansiya məhkəməsi ərizəçi və digər təqsirləndirilən şəxslər barəsində psixiatriya müayinəsi təyin etdi.
42. 2 aprel 2008-ci ildə ərizəçi Riyeka dairə məhkəməsindən xahiş etdi ki, polis tərəfindən ondan qanunsuz yolla etiraf alınması ilə əlaqədar olaraq vəkil G.M.-i şahid qismində çağırsın. O qeyd etdi ki, polis tərəfindən saxlanıldığı müddətdə G.M.-in onunla görüşməsinə icazə verilməyib və bildirdi ki, təqsiri boynuna almağa polis əməkdaşları tərəfindən məcbur edilib.
43. 24 aprel 2008-ci ildə iki psixiatriya eksperti hazırladıqları rəyi Riyeka dairə məhkəməsinə təqdim etdilər. Onlar müəyyən etdilər ki, ərizəçi şəxsiyyətin emosional dayanıqsızlıqla səciyyələnən pozuntusundan və heroin və alkoqol aludəçiliyindən əziyyət çəkir. Bununla belə, onlar onda hər hansı fərqləndirici ruhi pozuntu və ya xəstəlik aşkar etmədilər. Onlar bu nəticəyə gəldilər ki, hətta qətllər törədildiyi zaman ərizəçinin sərxoş vəziyyətdə olduğunu fərz etsək belə, o, hərəkətlərinin xarakterini başa düşəcək qədər anlaqlı durumda idi, baxmayaraq ki, anlaqlılıq səviyyəsi müəyyən dərəcədə aşağı düşmüşdü. Onun yanğın törətmə ittihamı ilə bağlı anlaqlılığı məsələsinə gəlincə, bu cinayət törədildiyi zaman ərizəçi hərəkətlərinin xarakterini başa düşmək və onlara nəzarət etmək iqtidarında idi.
44. 26 iyun 2008-ci il tarixli dinləmədə psixiatriya ekspertləri rəylərini təsdiq etdilər və tərəflər onların ifadəsi ilə bağlı heç bir etiraz bildirmədilər. Birinci instansiya məhkəməsi vəkil G.M.-in şahid qismində dinlənilməsi barədə ərizəçinin vəsatətini rədd edərək belə əsas gətirdi ki, iş üçün əhəmiyyətli olan bütün faktlar artıq müəyyən edilib.
45. Elə həmin dinləmədə təqsirləndirilən şəxslərdən biri olan R.Lj. ərizəçinin 14 mart 2007-ci ildə polisə verdiyi ifadəsində hadisələrin gedişatı barədə söylədiklərini təsdiqlədi. Bununla belə, R.Lj. iddia etdi ki, qətllərdə şəxsən iştirak etməyib, çünki dava-dalaş səsini eşidən kimi təlaşa düşüb və mənzili tərk edib.
46. R.Lj. ifadəsini verdikdən sonra dairə prokurorunun müavini ittiham aktına dəyişikliklər etdi. Ərizəçi ağırlaşdırıcı hallarla adamöldürmə əməlinə görə üç bənd üzrə ittiham edildi, habelə silahlı soyğunçuluq və yanğın törətmə əməllərinə görə ittiham edildi, L.O. və R.Lj. isə silahlı soyğunçuluq, cinayət törədilməsinə kömək etmə və cinayətdə iştirak etmə əməllərinə görə ittiham edildilər. Ərizəçi və digər təqsirləndirilən şəxslər dəyişikliklər edilmiş ittiham aktında sadalanan əməllərin heç birində təqsirkar olmadıqlarını bildirdilər.
47. 27 iyun 2008-ci ildə L.O. şifahi ifadə verərək hadisələrin gedişatı barədə R.Lj.-nin söylədiklərini təsdiqlədi. O bildirdi ki, ərizəçi Đ.V. ilə dalaşmağa başladıqdan sonra atəş səsləri eşidib və bundan sonra təlaşa düşüb və mənzili tərk edib.
48. Elə həmin dinləmədə tərəflər son çıxışlarında yekun arqumentlərini təqdim etdilər. Ərizəçinin müdafiəçi vəkili iddia etdi ki, ərizəçinin ittiham edildiyi cinayətləri törətməsi sübuta yetirilməyib. Bununla belə, o qeyd etdi ki, əgər birinci instansiya məhkəməsi fərqli fikirdədirsə, onda ərizəçiyə cəza təyin edərkən onun təqsirini polisə etiraf etməsini və səmimi peşmançılığını nəzərə alsın.
49. 30 iyun 2008-ci ildə Riyeka dairə məhkəməsi ərizəçini ağırlaşdırıcı hallarla adamöldürmə əməlinə görə üç bənd üzrə irəli sürülmüş ittihamlarla, habelə silahlı soyğunçuluq və yanğın törətmə əməllərinə görə irəli sürülmüş ittihamlarla əlaqədar təqsirkar hesab etdi və qırx il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdi. Birinci instansiya məhkəməsi əvvəlcə ərizəçinin etirafını onunla birgə təqsirləndirilən L.O. və R.Lj.-nin etirafları ilə tutuşdurdu və müəyyən etdi ki, onun etirafları mahiyyətcə onların ifadə verərkən söylədikləri ilə uyğun gəlir. Ərizəçini təqsirkar hesab edərkən birinci instansiya məhkəməsi həmçinin onun etiraflarını işin materiallarındakı digər sübutlarla tutuşdurub qiymətləndirdi.
50. Birinci instansiya məhkəməsi xüsusən axtarış və müsadirə protokollarına və təqsirləndirilən L.O.-nun əlində qatillərin istifadə etdikləri ilə eyni növ tapançanın olduğunu göstərən fotoşəkillərə istinad etdi. Şahidlərin ifadələri və yaxınlıqdakı videonəzarət kamerasının görüntüləri əsasında birinci instansiya məhkəməsi bu nəticəyə gəldi ki, ərizəçi və onunla birgə təqsirləndirilən digər şəxslər hadisənin baş verdiyi tarixdə Đ.V.-nin mənzilinə gəliblər. Bundan başqa, ballistik ekspertizanın rəyləri və cinayət yerinin müayinəsinin protokolları göstərirdi ki, ərizəçinin və onunla birgə təqsirləndirilən şəxslərin ifadələrindəki detallar düzgündür və hadisələrin gedişatı yanğın, ballistika və toksikologiya ekspertizalarının rəyləri və DNT analizinin nəticəsi əsasında müəyyənləşdirilmişdi. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etdi ki, qətllərin törədilmə üsulu barədə təqsirləndirilən şəxslərin ifadələri patoloji anatomiya müayinəsinin rəyi ilə, patoloji anatomiya mütəxəssisinin məhkəmə iclasında verdiyi ifadə ilə, cinayət yerinin müayinəsinin protokolu ilə və Đ.V.-nin mənzilində eşidilmiş atəş səsləri barədə şahid ifadələri ilə təsdiqlənir. Bundan başqa, yağın törətmə ittihamına gəlincə, birinci instansiya məhkəməsi cinayət yerinin müayinəsi zamanı götürülmüş materialları və yanğın ekspertinin rəyində yer alan dəlilləri, habelə tibbi rəyləri, zərərçəkənlərin təqdim etdiyi ziyan barədə məlumatları və yanğının baş verdiyi binanın bir neçə sakininin ifadələrini araşdırdı.
51. Ərizəçinin polis tərəfindən dindirilməsi məsələsinə və vəkil G.M.-in ifadəsinin dinlənilməsi barədə müdafiəçinin vəsatətinə gəlincə (yuxarıda 42 və 44-cü bəndlərə bax), Riyeka dairə məhkəməsi aşağıdakıları qeyd etdi:
“Birinci təqsirləndirilən şəxs İvan Dvorski Ɖ.V., M.Š. və B.V.-yə qarşı soyğunçuluq və ağırlaşdırıcı hallarla adamöldürmə cinayətlərində təqsirini, … bu hökmün nəticə hissəsində deyildiyi kimi, polisin qarşısında və müdafiəçi vəkilin iştirakı ilə boynuna alıb. O, sonradan bu ifadənin doğruluğunu şübhə altına almağa çalışıb və iddia edib ki, vəkil M.R.-i işə cəlb etməyib və vəkili qismində G.M.-i işə cəlb etmək istədiyini polis əməkdaşlarına söyləyib, habelə polis bölməsinə aparılarkən spirtli içkinin və narkotik maddələrin təsiri altında olub və s. Lakin bu müdafiə arqumentləri qəbuledilməzdir. Həbsə dair yazılı protokol göstərir ki, birinci təqsirləndirilən şəxs İvan Dvorski 14 mart 2007-ci ildə saat 9.50-də Riyekanın Üçüncü polis bölməsində həbsə alınıb və adına İvan Dvorskinin vəkalətnamə imzaladığı vəkil M.R. 14 mart 2007-ci ildə saat 19.45-də polis bölməsinə gəlib. Həmin vaxt şübhəli şəxs olan İvan Dvorskinin dindirilməsinin protokolu göstərir ki, M.R. saat 18.15-də bu barədə məlumatlandırılıb və saat 20.10-da dindirmə başlanıb. Riyeka polisinin əməkdaşları, makinaçı və həmin vaxt şübhəli şəxs olan İvan Dvorskinin müdafiəçi vəkili ilə yanaşı, dindirmədə dairə prokuroru da iştirak edib. Yazılı protokolun giriş hissəsi [göstərir] ki, həmin vaxt şübhəli şəxs olan İvan Dvorski açıq-aydın bildirib ki, özünün müdafiəçi vəkili qismində M.R.-i seçib və ona təmsilçilik səlahiyyəti verib, onunla məsləhətləşib və məsləhətləşmədən sonra ifadəsini verməyi qərara alıb. Yazılı protokol dindirmədə iştirak etmiş şəxslər tərəfindən lazımi qaydada imzalanıb. Birinci təqsirləndirilən şəxs İvan Dvorski yazılı protokolu imzalamazdan əvvəl onu oxuyub. Beləliklə, yuxarıdakılar şübhə yeri qoymadan göstərir ki, İvan Dvorskinin öz vəkili qismində M.R.-i işə cəlb etdiyini şübhə altına alması əsassızdır. Məhkəmə araşdırması zamanı İvan Dvorskinin müdafiəçisinin vəsatəti əsasında xətt eksperti İvan Dvorskinin polis tərəfindən dindirilməsinə dair yazılı protokola qoyduğu imza barədə rəyini təqdim edib. Ekspertin rəyi heç bir şübhə yeri qoymadan sübut edir ki, şübhə altına alınan imza İvan Dvorskinin imzasıdır. Hakimlər heyəti bu qənaətləri bütünlüklə qəbul edir; dinləmədə ekspert Lj.Z. həmin qənaətlərə dair əlavə izahat verib. Onun qənaətləri obyektiv, qərəzsiz və peşəkar şəkildə təqdim edilib. Beləliklə, birinci təqsirləndirilən şəxs İvan Dvorskinin polis tərəfindən dindirilməsi Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun şəkildə həyata keçirilib.

Vəkil G.M.-in şahid qismində çağırılması üçün [İvan Dvorskinin] müdafiəçisinin verdiyi vəsatət … işə aidiyyəti olmayan vəsatət kimi rədd edilib, çünki işin materiallarındakı sənədlərdə polis tərəfindən hər hansı etirafın alındığı göstərilməyib, orada yalnız M.R.-in polis bölməsinə gəldiyi vaxt göstərilib və onun gəlişindən sonra adına vəkalətnamə imzalanmış bu vəkilin iştirakı ilə [İvan Dvorskinin] dindirilməsinə başlanılıb… [İvan Dvorskinin] müdafiəçi vəkili M.R. də daxil olmaqla polisin apardığı dindirmədə iştirak edənlərin heç biri qanunsuz yolla hər hansı etiraf alındığını iddia etməyib və həmin vaxt sadəcə şübhəli şəxs sayılan İvan Dvorskinin protokoldakı ifadəsində buna dəlalət edən heç nə yoxdur”.
52. 6 noyabr 2008-ci ildə ərizəçi birinci instansiya məhkəməsinin hökmündən Ali Məhkəməyə (Vrhovni sud Republike Hrvatske) apellyasiya şikayəti verdi. O, digər məsələlərlə yanaşı, şikayət etdi ki, onun təqsirkar sayılması polisə etdiyi etirafa əsaslanıb və o, özünün seçdiyi vəkilin, yəni G.M.-in iştirakı ilə deyil, polis tərəfindən ona təklif olunmuş vəkil M.R.-in iştirakı ilə təqsiri boynuna alıb. Ərizəçi həmçinin Riyeka dairə prokurorunun və onun müavinlərinin prosesdən kənarlaşdırılması barədə G.M. tərəfindən 16 mart 2007-ci ildə verilmiş vəsatətə istinad edərək həmin vəsatətin polis tərəfindən həbsdə saxlanıldığı zaman ona yemək verməkdən imtina edildiyini bildirən hissəsini xüsusi vurğuladı. Ərizəçinin apellyasiya şikayətinin müvafiq hissəsində deyilirdi:
“Birinci təqsirləndirilən şəxsin polisə verdiyi ifadə aşağıdakı səbəblərə görə qanunsuz olaraq alınıb. Birinci təqsirləndirilən şəxs Riyekanın Üçüncü polis bölməsinə gətirildiyi zaman onun müdafiə hüquqları ciddi şəkildə pozulub. Bununla belə, məhkəmə araşdırmasında bu pozuntuya məhəl qoyulmayıb. 14 mart 2007-ci ildə birinci təqsirləndirilən şəxs tutulduqdan sonra onun anası və daha sonra həmçinin onun hazırda vəfat etmiş atası polis qarşısında onun müdafiəçi vəkili qismində G.M.-i işə cəlb ediblər. Lakin G.M.-in təqsirləndirilən şəxslə görüşməsinə icazə verilməyib və o sonradan bu barədə müvafiq orqanlara məlumat verib, amma onlar buna məhəl qoymayıblar. Buna görə də G.M. qanunsuz hərəkətlə əlaqədar olaraq Riyeka bələdiyyə məhkəməsində iş qaldırıb, habelə Riyeka dairə prokurorunun və onun bütün müavinlərinin prosesdən kənarlaşdırılması üçün vəsatət verib. Bu vəsatətdə o iddia edib ki, birinci təqsirləndirilən şəxs Riyekanın Üçüncü polis bölməsinə gətirildiyi vaxtdan, yəni 13 mart 2007-ci il saat 13-dən vəkil M.R.-in onu təmsil etməsinə onun razılıq verdiyi vaxtadək, yəni martın 14-ü təxminən saat 19-dək ona yemək verilməyib, bunda məqsəd onun öz əleyhinə ifadə verməsinə nail olmaq idi ki, bu da Cinayət Prosessual Məcəlləsinin 225-ci maddəsinin 8-ci bəndinin pozuntusu idi. Bu səbəbdən müdafiə tərəfi [məhkəmə araşdırmasında] vəkil G.M.-in dindirilməsini xahiş etdi, belə ki, o, birinci təqsirləndirilən şəxsin polis tərəfindən dindirilməsi barədə məlumatlı idi”.
53. 8 aprel 2009-cu ildə Ali Məhkəmə ərizəçinin apellyasiya şikayətini əsassız hesab edərək rədd etdi. Onun polisə verdiyi ifadə ilə bağlı şikayətlərinə gəlincə, həmin məhkəmə qeyd etdi ki:
“… M.R.-in onun vəkili olmadığını və vəkilinin eyni gündə atası və anası tərəfindən işə cəlb olunmuş G.M. olduğunu bildirən şikayətçinin bu məsələ ilə bağlı şikayətləri, yaxud da 2007-ci il martın 13-ü saat 13-dən 2007-ci il martın 14-ü saat 19-dək, yəni MR-i vəkili qismində işə cəlb etməyə razılıq verdiyi vaxtadək olan müddətdə ona yemək verilmədiyi barədə şikayətçinin şikayətləri onun [polisə verdiyi ifadənin] qanuniliyini şübhə altına almır, çünki onun həbsinə dair protokola əsasən (səh. …), şikayətçi 14 mart 2007-ci ildə saat 9.50-də həbsə alınmış, vəkil M.R. isə [polis bölməsinə] həmin gün saat 18.45-də gəlmişdi”.
54. 14 sentyabr 2009-cu ildə ərizəçi apellyasiya instansiyası məhkəməsinin qərarından Ali Məhkəməyə növbəti şikayət ərizəsi verərək əvvəlki arqumentlərini təkrar etdi. Həmin şikayətin müvafiq hissəsində deyilirdi:
“Birinci təqsirləndirilən şəxs 2007-ci il martın 13-ü saat 13-dən 2007-ci il martın 14-ü saat 19-dək, yəni MR-i vəkili qismində işə cəlb etməyə razılıq verdiyi vaxtadək olan müddətdə ona yemək verilmədiyi barədə iddiasının [dindirmə protokolunda qeydə alınmış] ifadəsinin qanuniliyinə heç bir aidiyyəti olmadığı barədə apellyasiya instansiyası məhkəməsinin qənaətlərinə dair heç bir qeydini bildirməyib, bu qənaətlərin səbəbi isə o idi ki, onun həbsinə dair yazılı protokol göstərirdi ki, o, 2007-ci il martın 14-ü saat 9.50-də həbsə alınıb, vəkil M.R. isə oraya həmin gün saat 18.45-də gəlib. İşin materiallarına əlavə olunmuş qeydiyyat kitabındakı F/949 saylı qeyddən görünür ki, birinci təqsirləndirilən şəxs polis bölməsinə 2007-ci il martın 13-də saat 14-də gətirilib və orada saxlanılıb. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi, o, növbəti gün həbsə alınıb. Amma M.R.-in polis bölməsinə saat 18.45-də gəlməsi doğru deyil, o, oraya saat 19.45-də gəlmişdi, bu isə birinci təqsirləndirilən şəxsin iddialarının həqiqət olduğunu sübut edir. Bu faktı istintaq zamanı birinci təqsirləndirilən şəxsi təmsil etmiş vəkil G.M.-in ifadəsi ilə tutuşdurub yoxlamaq olardı”.
55. 17 dekabr 2009-cu ildə yekun apellyasiya (kassasiya) instansiyası məhkəməsi qismində hərəkət edən Ali Məhkəmə ərizəçinin şikayətini əsassız hesab edərək rədd etdi. Həmin məhkəmə qeyd etdi ki, ərizəçinin ifadəsinin qeydə alındığı protokol belə düşünməyə əsas verir ki, o, polis tərəfindən dindirilmə zamanı onu təmsil edəcək vəkil qismində M.R.-i özü seçib, M.R. isə onu adekvat hüquqi məsləhətlərlə təmin edib. Ali Məhkəmə həmçinin qeyd etdi ki, işin materiallarında ərizəçi ilə qəddar rəftar edildiyini və ya təqsiri etiraf etməyə məcbur edildiyini göstərən heç nə yoxdur. Qərarın müvafiq hissəsində deyilir:
“Şikayətçi yanlış olaraq iddia edir ki, müdafiəçi vəkilin iştirakı ilə polisə verdiyi ifadəsi əsasında onun təqsirkar olduğuna dair qərar çıxarmaqla birinci instansiya məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 367-ci maddəsinin 2-ci bəndinə zidd hərəkət edib və cinayət prosessual hüququn kobud pozuntusuna yol verib, belə ki, bu, [ərizəçinin rəyinə görə], Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinin məqsədləri üçün bu hal qanunsuz sübut əldə etmə təşkil edir və buna görə də onun polis tərəfindən (müdafiəçi vəkilin iştirakı ilə) şübhəli şəxs qismində dindirilməsinin protokolu işin materiallarından çıxarılmalıdır. Bunu iddia edərkən şikayətçi ikinci instansiya məhkəməsinin gətirdiyi bu əsası şübhə altına alır ki, tutulduğu və həbsdə saxlanıldığı müddətdə M.R.-in onu təmsil etməsinə razılıq verməyənə qədər ona yemək verilmədiyi barədə şikayətçinin arqumentləri onun ifadəsinin qanuniliyinə təsir göstərməyib. Şikayətçinin bu arqumentləri 14 mart 2007-ci ildə vəkilin iştirakı ilə onun dindirilməsinə dair protokolda yer alan və rəsmən sübut olunan bütün məlumatlar əsasında ikinci instansiya məhkəməsi tərəfindən rədd edilib.
Üçüncü instansiya məhkəməsi qeyd edir ki, polis araşdırması zamanı sübutların bu yolla əldə edilməsinin qanuni sayılması üçün qanunun tələbi olan vəkilin [dindirmədə] iştirak etməsi məsələsi ilə bağlı [şikayət] iki etirazla əlaqədardır. Birinci etiraz [müttəhimin] seçdiyi vəkilin onunla görüşməsinə məhdudiyyət qoyulmasına, ikinci etiraz isə şübhəli şəxsə yemək verməkdən imtina etməklə ona təzyiq göstərilməsinə aiddir (Cinayət Prosessual Məcəlləsinin 225-ci maddəsinin 8-ci bəndi) ki, bu da, apellyasiya şikayətində göstərilənlərə əsasən, nəticə etibarı ilə müttəhimi ona təyin edilmiş vəkil M.R.-in onu təmsil etməsi ilə razılaşmağa məcbur etmişdi, halbuki valideynləri 14 mart 2007-ci ildə səhər vəkil G.M.-in xidmətlərindən istifadə etmək üçün onu işə cəlb etmişdilər.
Qeyd etmək lazımdır ki, polisin apardığı cinayət istintaqı zamanı narkotik vasitələrə aludəçiliyi olan və qurban Đ.V. ilə əlaqəsi olan bir neçə şəxs konkret olaraq Qornya Vejitsa yaxınlığında həbs edilmiş və təqsirləndirilən İvan Dvorski də bu tədbirin gedişində yaxalanmışdı. Yalnız sözügedən cinayətlərin təqsirləndirilən şəxs tərəfindən törədilməsinin mümkünlüyü müəyyən edildikdən sonra o, 14 mart 2007-ci il saat 9.50-də həbsə alınmışdı.
Eyni zamanda, təqsirləndirilən şəxsin anası İtaliyada olsa da Xorvatiyada olan atası bu [həbs] barədə saat 14.10-da polis tərəfindən məlumatlandırılmışdı və bu da onu göstərir ki, həmin andan etibarən təqsirləndirilən şəxsin atası (onun anası ilə telefon söhbətindən sonra) təqsirləndirilən şəxs üçün vəkilin xidmətlərinə müraciət edə bilərdi, amma bunun üçün, yəqin ki, onun müəyyən zamana ehtiyacı vardı. Belə olan halda üçüncü instansiya məhkəməsi bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin valideynləri təqsirləndirilən şəxsin seçdiyi vəkil üçün vəkalətnaməni sözügedən gündə saat 13.30-da imzalamış ola bilməzdilər.
Təqsirləndirilən şəxsin həbs edilməsinin və polis tərəfindən dindirilməsinin protokollarındakı qeydlər göstərir ki, 14 mart 2007-ci ildə, həbs protokolunda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs Riyekanın Üçüncü polis bölməsinə gətirilmiş və İvan Dvorskinin polis tərəfindən dindirilməsinin protokolundan göründüyü kimi, müdafiəçi vəkil M.R. saat 18.15-də bu barədə məlumatlandırılmış və saat 19.15-də polis bölməsinə gəlmişdi. Dindirmənin özü isə saat 20.10-da başlamış və 23-də başa çatmışdı və arada saat 22.35-dən 22.38-dək fasilə olmuşdu.
Qeyd etmək lazımdır ki, [dindirmə] protokolunun giriş hissəsində təqsirləndirilən İvan Dvorski özünün müdafiəçi vəkili qismində M.R.-i seçdiyini və onun adına vəkalətnamə imzaladığını aydın şəkildə bildirib və dindirmə protokolu göstərir ki, dindirmədən əvvəl müdafiəçi vəkilin şübhəli şəxslə məsləhətləşmə aparması üçün təxminən saat yarım vaxtı olub və bu müddətdə hüquqları barədə ona məsləhət vermək imkanı olub.
Beləliklə, şübhəli şəxsin dindirilməsinə dair protokolda göstərilmiş rəsmi prosessual hərəkətdən ortaya çıxan əhəmiyyətli fakt ondan ibarətdir ki, seçilmiş vəkil dindirmə yerinə ən azı dindirmənin başlanmasından saat yarım əvvəl gəlib və dindirmədən əvvəl [şübhəli şəxslə] məsləhətləşməklə [şübhəli şəxsə] onun seçdiyi vəkil qismində real hüquqi yardım göstərmək imkanına malik olub.
Onu da qeyd etmək lazımdır ki, şübhəli şəxsin polis tərəfindən dindirilərkən vəkilinin orada iştirak etməsinə nail olmaq hüququ onun hüquqlarının qanuni müdafiəsi zərurətindən irəli gəlir və məhz buna görə bu rəsmi [prosessual] hərəkətin başlanması, aparılması və başa çatması [dindirmə] protokolunda bütünlüklə qeydə alınır.
Elə buna görə də ikinci instansiya məhkəməsinin qərarına qarşı verilmiş apellyasiya şikayətində yer alan, bunun əksini bildirən bütün arqumentlər, xüsusən [şübhəli şəxsin] seçdiyi ikinci müştərək vəkil qismində G.M.-in dindirilməsinin zəruriliyi barədə arqument şübhəli şəxsin dindirilməsinə dair 14 mart 2007-ci il tarixli rəsmi protokolda göstərilənlərlə təsdiqlənmir, belə ki, seçilmiş vəkillə təmas barəsində, eləcə də seçilmiş vəkilin Riyekanın Üçüncü polis bölməsinə gəldiyi vaxt, şübhəli şəxsin dindirilməsinin başlandığı vaxt, qısa fasilə vermənin vaxtı və prosessual hərəkətin başa çatmasının vaxtı barəsində rəsmən qeydə alınmış məlumatlar protokolda əks olunub və şübhəli şəxs və onun seçdiyi vəkil protokolun məzmununa heç bir etiraz bildirilmədən protokolu imzalamaqla bunların hamısını təsdiq ediblər.
Lakin polis tərəfindən dindirilmə kontekstində təqsirləndirilən şəxsin müdafiəsinin formal olaraq Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsinin 5-ci bəndinin tələblərinə cavab verməsi faktından asılı olmayaraq, bütövlükdə müdafiə hərəkətlərinə başlanılması, habelə konkret hərəkətlərə münasibətdə müdafiənin mahiyyəti və təqsirin etirafı şübhəli şəxs tərəfindən könüllü olaraq seçilmişdi və onun seçdiyi vəkil böyük ehtimalla buna hər hansı təsir göstərə bilməzdi, bütün bunlar eyni zamanda şübhəli şəxsə qarşı hər hansı psixoloji təsir ehtimalını istisna edir, habelə vəkilin ona polis istintaqı zamanı təyin olunduğu barədə onun sonrakı arqumentlərini aradan qaldırır. Əksinə, Konstitusiyanın və Cinayət Prosessual Məcəlləsinin tələb etdiyi kimi şübhəli şəxsin müdafiə hüquqları bütünlüklə qorunub.
Buna görə də, Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndi ilə birlikdə götürülməklə 367-ci maddəsinin 2-ci bəndinin heç bir pozuntusu baş verməyib. Özünün seçdiyi vəkilin iştirakı ilə şübhəli şəxsin polis tərəfindən dindirilməsinin protokolunun qanunsuz yolla əldə edilmiş sübut kimi işin materiallarından çıxarılması barədə vəsatəti təmin etməkdən imtina edilməsi onun müdafiə hüquqlarının pozuntusunu təşkil etmir, çünki şübhəli şəxsin polis tərəfindən dindirilməsinin protokolu aydın şəkildə və şübhə yeri qoymadan göstərir ki, [dindirmədə] iştirak etmiş vəkil şübhəli şəxsin könüllü surətdə seçdiyi vəkil olub, bunu dindirmə zamanı şübhəli şəxsin hüquqlarını müdafiə etmiş həmin vəkilin adına imzalanmış vəkalətnamə də göstərir. Müvafiq olaraq, müdafiə tərəfinin vəsatətinin rədd edilməsinin məhkəmə qərarının qanuniliyinə və düzgünlüyünə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, yeni seçilmiş vəkilin şahid qismində dindirilməsinə ehtiyac olmayıb və yuxarıda göstərilən səbəblərə görə işin faktları, müttəhimin ikinci instansiya məhkəməsinə verdiyi apellyasiya şikayətində göstərildiyi kimi, heç də natamam və ya yanlış şəkildə müəyyən edilməyib”.
56. 11 mart 2010-cu ildə ərizəçi Konstitusiya Məhkəməsinə (Ustavni sud Republike Hrvatske) konstitusiya şikayəti verdi. O, digər məsələlərlə yanaşı, şikayət etdi ki, polis tərəfindən həbsdə saxlanılarkən qəddar rəftara məruz qalıb və təqsiri boynuna almağa məcbur edilib. O həmçinin şikayət etdi ki, ona özünün seçdiyi vəkil tərəfindən müdafiə edilmək imkanı verilməyib. O, əvvəlki şikayətlərindəki arqumentlərini təkrar etdi və əlavə etdi ki:
“Onu da vurğulamaq önəmlidir ki, üçüncü instansiya məhkəməsi qismində Ali Məhkəmənin 17 dekabr 2009-cu ildə keçirilmiş məhkəmə iclasında müdafiə tərəfi qeyd etmişdi ki, ərizəçi polis bölməsinə 2007-ci il martın 13-cü saat 12-də gətirilib və bu fakt işin materiallarına daxil edilmiş qeydiyyat kitabındakı F/949 saylı qeyddə göstərilib. Müdafiə tərəfi [Ali Məhkəmənin] hakimlər heyətindən həmin qeydə nəzər salmasını xahiş etmişdi. Amma işin materialları qısaca araşdırıldıqdan sonra müəyyən edilmişdi ki, sözügedən sənədi tapa bilmirlər və ona sonradan nəzər salınacaq. Bununla belə, üçüncü instansiya məhkəməsi qismində hərəkət edən Ali Məhkəmənin qərarında həmin sənədin [hələ də] tapılmadığı göstərilib…”
57. 16 sentyabr 2010-cu ildə Konstitusiya Məhkəməsi ərizəçinin konstitusiya şikayətini rədd etdi. Konstitusiya Məhkəməsi Ali Məhkəmənin gətirdiyi əsasları təsdiqləyərək qeyd etdi ki, bütövlükdə məhkəmə prosesi ədalətli olub və işin materiallarında ərizəçinin polis tərəfindən həbsdə saxlanılarkən qəddar rəftara məruz qaldığı barədə heç bir sübut yoxdur.

II. MÜVAFİQ QANUNVERİCİLİK

A. Daxili qanunvericilik

58. Xorvatiya Respublikasının Konstitusiyasının (Ustav Republike Hrvatske, rəsmi bülleten № 56/1990, 135/1997, 113/2000, 28/2001, 76/2010) müvafiq müddəalarında deyilir:

Maddə 23

“Heç kim hər hansı formada qəddar rəftara məruz qalmamalıdır…”

Maddə 29

“Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.
Cinayət törətməkdə şübhəli bilindiyi və ya barəsində cinayət ittihamları [irəli sürüldüyü] təqdirdə şübhəli şəxs, müttəhim və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir:

– şəxsən və ya özünün seçdiyi müdafiəçinin köməyi ilə özünü müdafiə etmək və ya hüquqi yardımın haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda qanunla nəzərdə tutulan qaydada pulsuz hüquqi yardımla təmin edilmək;
…”

59. Cinayət Məcəlləsinin (Kazneni zakon, rəsmi bülleten № 110/1997, 27/1998, 129/2000, 51/2001, 105/2004, 84/2005, 71/2006) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Ağırlaşdırıcı hallarla adamöldürmə

Maddə 91

“On il və ya daha artıq müddətə azadlıqdan məhrumetmə cəzası hər hansı şəxsə o halda təyin edilə bilər ki, həmin şəxs:

6. başqa bir cinayət əməlini törətmək və ya gizlətmək üçün digər şəxsi öldürmüş olsun;
…”

Soyğunçuluq

Maddə 218

“1) Hər hansı şəxs digər şəxsə qarşı güc tətbiq etməklə, yaxud onu həyatına və ya sağlamlığına birbaşa qəsd edəcəyi ilə hədələməklə həmin şəxsdən qanunsuz yolla mənimsəmək məqsədi ilə daşınar əmlak alarsa, bir ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
2) Cinayətkar soyğunçuluğu qrupun və ya cinayətkar təşkilatın üzvü qismində törədərsə, yaxud soyğunçuluq etdiyi zaman silahdan və ya təhlükəli alətdən istifadə edərsə, üç ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Təhlükəli hərəkətlərlə və ya vasitələrlə həyata və ya əmlaka təhlükə yaratma

Maddə 263

“1) Hər hansı şəxs yanğın [törətməklə] digər şəxslərin həyatına, sağlamlığına və ya əhəmiyyətli dəyərə malik əmlakına təhlükə yaradarsa, … altı aydan beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

3) Bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən cinayət əməlləri xeyli sayda insanın toplaşdığı yerdə törədilərsə, … cinayətkar bir ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
…”

İctimai təhlükəsizliyə qarşı ağır cinayət əməlləri

Maddə 271

“1) Bu Məcəllənin 263-cü maddəsinin 1-ci bəndində göstərilən cinayət əməli digər şəxsin bədən xəsarəti almasına və ya əhəmiyyətli maddi ziyana məruz qalmasına səbəb olarsa, cinayətkar bir ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

60. Cinayət Prosessual Məcəlləsinin (Zakon o kaznenom postupku, rəsmi bülleten № 110/1997, 27/1998, 58/1999, 112/1999, 58/2002, 143/2002 və 62/2003) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 62

“1) Müttəhim məhkəmə prosesinin istənilən mərhələsində, eləcə də bu Qanunda nəzərdə tutulan hallarda həmin prosesdən əvvəl vəkillə təmsil oluna bilər. …
4) Əgər müttəhim buna açıq-aydın etiraz etməzsə, müttəhimin qanuni qəyyumu, əri (arvadı) və ya faktiki nikahda olduğu şəxs, şaquli xətt üzrə yaxın qohumu, onu övladlığa götürmüş valideyni və ya onun övladlığa götürdüyü şəxs, bacı-qardaşları və ya himayədar ailəsi müttəhim üçün vəkil tuta bilərlər.

6) Müdafiəçi vəkil işin icraatını aparan orqanlara vəkalətnaməsini təqdim etməlidir. Müttəhim həmçinin vəkilə vəkalətnaməni işin icraatını aparan orqanda şifahi şəkildə verə bilər, bu halda bu barədə qeyd protokola daxil edilməlidir”.

Maddə 177

“…
5) İstintaqın gedişində polis orqanları bu Məcəllənin 225-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq şübhəli şəxsi məlumatlandırırlar. Şübhəli şəxsin müraciəti əsasında polis orqanları onun özünə vəkil tutmasına icazə verir və bu məqsədlə vəkil gələnə qədər, yaxud şübhəli şəxsin ona vəkil təyin olunması barədə müraciət etdiyi andan başlayaraq üç saatdan gec olmamaqla şübhəli şəxsin dindirilməsini dayandırırlar. … Mövcud vəziyyət seçilmiş vəkilin bu müddətdə gələ bilməyəcəyini göstərərsə, polis orqanları şübhəli şəxsə icazə verməlidirlər ki, Xorvatiya Vəkillər Assosiasiyasının dairə bölmələri tərəfindən səlahiyyətli polis orqanına təqdim edilən, hazırda fəaliyyətdə olan vəkillərin siyahısından özünə vəkil təyin etsin… Şübhəli şəxs özünə vəkil tutmazsa və ya tələb olunan vəkil icazə verilən müddət ərzində gəlməzsə, polis orqanları şübhəli şəxsin dindirilməsini davam etdirə bilərlər… Prokuror dindirmədə iştirak etmək hüququna malikdir. Vəkilin iştirakı ilə müttəhimin polis orqanlarına verdiyi [istənilən] ifadə cinayət prosesində sübut kimi istifadə edilə bilər.
…”

Maddə 225

“…
2) Təqsirləndirilən şəxsə onun barəsindəki ittihamlar və ona qarşı şübhənin səbəbləri, habelə onun susmaq hüququ haqqında məlumat verilir.
…”
61. Cinayət Prosessual Məcəlləsinin 2011-ci ildə dəyişikliklər edilmiş mətnində aşağıdakılar nəzərdə tutulur:

Maddə 502

“…
2) İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqların pozulduğunu müəyyən etmiş Avropa İnsan Hüquqları Məhkəməsinin yekun qərarı ilə əlaqədar olaraq hər hansı yekun məhkəmə qərarına yenidən baxılması üçün vəsatət qaldırıldıqda cinayət prosesinin təzələnməsinə dair müddəalar tətbiq edilir.
3) Avropa İnsan Hüquqları Məhkəməsinin yekun qərarı ilə əlaqədar olaraq cinayət prosesinin təzələnməsi üçün vəsatət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının qüvvəyə mindiyi tarixdən otuz gün müddətində təqdim edilə bilər”.

Maddə 574

“…
2) Əgər qərar bu Məcəllə qüvvəyə minənə qədər qəbul edilibsə və [həmin qərarın qəbulu ilə nəticələnmiş] məhkəmə icraatına aidiyyəti olan qanunvericiliyin normalarında həmin qərara qarşı hüquqi müdafiə vasitəsi nəzərdə tutulubsa, … həmin qanunvericiliyin [hüquqi müdafiə vasitəsinə aid] normaları həmin məhkəmə icraatına şamil olunur, bu şərtlə ki, bu Məcəllədə başqa hal nəzərdə tutulmamış olsun.
3) Bu Məcəllənin 497-508-ci maddələri, müvafiq olaraq, cinayət prosesinin təzələnməsi üçün Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq verilmiş vəsatətlərə şamil olunur (rəsmi bülleten № 110/1997, 27/1998, 58/1999, 112/1999, 58/2002, 143/2002, 62/2003, və 115/2006)”.

B. Müvafiq beynəlxalq hüquq materialları

Şəxsin polis tərəfindən həbsdə saxlanıldığı müddətdə özünün seçdiyi vəkillə görüşmək hüququ

a) Avropa Şurası

i) Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş qaydalar

62. Məhbuslarla rəftarın minimal standart qaydalarının (Avropa Şurasının Nazirlər Komitəsinin (73)5 saylı qətnaməsi) 93-cü qaydasında deyilir:
“İstintaq altında olan məhbus həbsə alındıqdan sonra mümkün qədər tezliklə özünü müdafiə etmək məqsədi ilə hüquqi nümayəndəsini seçmək, … öz hüquq məsləhətçisini həbsxanada qəbul etmək, konfidensial təlimatlar hazırlamaq və ona çatdırmaq və ondan bu cür təlimatlar almaq hüququna malikdir. Bu məqsəd üçün onun müraciəti əsasında istifadəsinə yazı ləvazimatları verilir… Məhbusla onun hüquq məsləhətçisi arasında söhbətlər polis və ya həbsxana əməkdaşının gözləri qarşısında aparıla bilər, amma birbaşa və ya dolayı şəkildə eşidə bilməyəcəkləri şəraitdə aparılmalıdır”.
63. Bundan başqa, 11 yanvar 2006-cı ildə nazirlərin nümayəndələrinin 952-ci iclasında qəbul edilmiş Nazirlər Komitəsinin “Avropa penitensiar qaydaları haqqında” Avropa Şurasının üzv dövlətlərinə Rec(2006)2 saylı tövsiyəsinin bu işə aidiyyəti olan hissəsində deyilir:
“Hüquqi yardım
23.1. Bütün məhbuslar hüquqi yardım almaq hüququna malikdirlər, müdiriyyət öz növbəsində belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır.
23.2. Məhbuslar istənilən hüquqi məsələ ilə əlaqədar öz seçimlərinə və hesablarına vəkillə məsləhətləşə bilərlər.

23.5. Müstəsna hallarda məhkəmə penitensiar müəssisədə ağır cinayətin və ya təhlükəsizliyə qarşı ciddi təhdidin qarşısının alınması məqsədilə belə məxfiliyə məhdudiyyət qoya bilər”.

ii) İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) 2007-ci il mayın 4-dən 14-dək Xorvatiyaya etdiyi səfərə dair Xorvatiya Hökumətinə təqdim etdiyi məruzə

64. Bu məruzənin müvafiq hissəsində deyilir:
“18. 2007-ci il səfəri zamanı nümayəndə heyəti tərəfindən müsahibə aparılmış şəxslərin çoxu qeyd etdilər ki, tutulduqdan az sonra vəkillə görüşmək hüququ barədə məlumatlandırılıblar. Lakin əvvəlki səfərlər zamanı olduğu kimi, məlum oldu ki, polis tərəfindən tutulmuş bir çox şəxslərin bu hüququ həyata keçirmələrinə icazə yalnız tutulmalarından müəyyən müddət sonra, xüsusən onlardan konkret cinayət əməli barədə ifadə alındıqdan sonra verilib.
Polis bölməsinə “məlumatlandırıcı söhbətlər” üçün çağırılan şəxslərin vəkillə görüşməsinə hələ də icazə verilməməsi Komitənin davamlı narahatlığına səbəb olan digər bir məsələdir. Nümayəndə heyəti tərəfindən müsahibə aparılmış polis əməkdaşları bildirdilər ki, bu cür “söhbətlər” kontekstində vəkillə görüşməyə yalnız şəxsin şübhəli şəxs olduğu rəsmən elan edildiyi təqdirdə icazə verilə bilər.
Yuxarıdakıları nəzərə alaraq, CPT Xorvatiyanın hakimiyyət orqanlarına bir daha çağırış edir ki, polis tərəfindən tutulmuş bütün şəxslərin azadlıqdan məhrum edilmələrinin lap başlanğıcından vəkillə görüşmək hüququnu (polis tərəfindən dindirilmədə vəkilin iştirak etməsi hüququ da daxil olmaqla) həyata keçirmələrini təmin etmək üçün əlavə yubanmaya yol vermədən təsirli tədbirlər görsünlər. Bu hüquq təkcə cinayətdə şübhəli bilinənlərə deyil, həm də üzərinə qanunla polis idarəsinə gəlmək vəzifəsi qoyulan (və orada saxlanılan) hər kəsə şamil olunmalıdır. Zərurət olarsa, qanunvericilik dəyişdirilməlidir. Təbii ki, tutulmuş şəxsin vəkillə görüşmək istədiyini bildirməsi vəkil gələnə qədər polisin mühüm məsələlər barədə ona suallar verməsinə (onunla müsahibə aparmasına) mane olmamalıdır. Həmçinin dindirmənin lazımi qaydada aparılmasına əngəl törədən vəkilin başqası ilə əvəz edilməsi təmin edilməlidir, bu şərtlə ki, belə hallara şamil olunan ciddi məhdudiyyətlər və müvafiq təminatlar nəzərə alınmalıdır.
19. CPT bundan narahatdır ki, 2007-ci il səfəri zamanı Xorvatiyanın hüquqi yardım sistemində, 2003-cü ildə olduğu kimi, müəyyən çatışmazlıqların olduğu məlum olub. Bir çox hallarda təyin olunmuş vəkillər tutulmuş şəxslərlə birinci məhkəmə iclasına qədər görüşməyiblər. Bundan əlavə, bəzi hallarda tutulmuş şəxslər təyin olunmuş vəkillərin polisə münasibətdə müstəqil olmasına inamsızlıqlarını ifadə ediblər. CPT bu tövsiyəsini bir daha təkrar edir ki, pulsuz hüquqi yardım sisteminin şəxsin polis tərəfindən tutulmasının lap başlanğıcından səmərəli olmasını təmin etmək üçün bu sistem yenidən nəzərdən keçirilməlidir. Təyin olunmuş vəkillərin polisə münasibətdə müstəqilliyi məsələsinə xüsusi diqqət yetirilməlidir”.

iii) CPT-nin 2012-ci il sentyabrın 19-dan 27-dək Xorvatiyaya etdiyi səfərə dair Xorvatiya Hökumətinə təqdim etdiyi məruzə

65. Bu məruzənin müvafiq hissəsində deyilir:
“19. CPT-nin nümayəndə heyəti həmçinin müəyyən məlumatlar alıb ki, tutulmuş şəxslərin özlərinin istədikləri vəkillə görüşmələrinə icazə verilmir, çünki polis əməkdaşları hesab edirlər ki, onların yeganə vəzifəsi göstərilən konkret vəkillə bilavasitə əlaqə saxlamaqdansa, təyin olunacaq vəkillərin standart siyahısında yer alan vəkillərlə əlaqə saxlamaqdan ibarətdir.
CPT polis əməkdaşlarına bunun xatırladılmasını tövsiyə edir ki, polis tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin özlərinin seçdiyi vəkillə görüşmək hüququ var; tutulmuş şəxs konkret vəkillə görüşməsini tələb edirsə, onun həmin vəkillə əlaqə saxlamasına şərait yaradılmalıdır; yalnız birinci göstərilən vəkillə əlaqə yaratmaq mümkün olmadığı və ya həmin vəkil gəlib çıxmadığı təqdirdə standart siyahı əsasında təyin olunan vəkillə əlaqə saxlanılmalıdır”.

b) Birləşmiş Millətlər Təşkilatı

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

66. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın (MSHBP) 14-cü maddəsinin 3″b” bəndində nəzərdə tutulur ki, cinayət törətməkdə ittiham olunan hər kəs “öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır”.

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 6-CI MADDƏSİNİN 1 VƏ 3″c” BƏNDLƏRİNİN İDDİA EDİLƏN POZUNTULARI

67. Ərizəçi şikayət etdi ki, onun işi üzrə ədalətli məhkəmə araşdırması keçirilməyib, belə ki, polis tərəfindən dindirmə zamanı vəkil G.M. tərəfindən təmsil olunmasına icazə verilməyib. O, Konvensiyanın 6-cı maddəsinin 1 və 3″c” bəndlərinə istinad etdi, həmin bəndlərin bu işə aidiyyəti olan hissələrində deyilir:
“1. Hər kəs … ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən … məhkəmə vasitəsilə … işinin ədalətli … araşdırılması hüququna malikdir. …
3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:

c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək;
…”

A. Palatanın qənaətləri

68. Palatanın apardığı qiymətləndirmənin diqqət mərkəzində duran məsələ bu idi ki, ərizəçinin öz seçdiyi vəkili dəvət etmək hüququna əməl olunmuşdumu və bu imkana malik olmaması nəticəsində səmərəli hüquqi yardımdan yararlana bilmədən öz əleyhinə ifadə verməyə onu məcbur edən mühit mövcud idimi? O, vəkil M.R.-in təqdim etdiyi xidmətin keyfiyyətindən ərizəçinin heç vaxt şikayət etmədiyini nəzərə alaraq bu nəticəyə gəldi ki, birinci instansiya məhkəməsi ərizəçinin polis tərəfindən dindirilərkən vəkillə təmsil olunması məsələsi barədə şikayətini araşdırıb; ərizəçinin etirafı ittiham tərəfinin dəlilləri arasında aparıcı yer tutmayıb; təqsiri boynuna almağa ərizəçini məcbur etmək üçün ona hər hansı təzyiq göstərildiyinə dair heç bir sübut yoxdur. Bütövlükdə prosesin ədalətliliyi məsələsini nəzərdən keçirərək Palata bu qənaətə gəldi ki, ərizəçinin müdafiə hüquqlarına sonradan düzəldilməsi mümkün olmayan zərər yetirilməyib, eləcə də onun Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququna hər hansı mənfi təsir göstərilməyib. Palata qərara aldı ki, 6-cı maddənin pozuntusu baş verməyib.

B. Böyük Palata qarşısında tərəflərin arqumentləri

1. Ərizəçi

69. Ərizəçi iddia etdi ki, polis tərəfindən dindirilərkən vəkil G.M.-in onu təmsil etməsini istəyib, çünki G.M. başqa bir işdə onun vəkili olmuşdu və ərizəçi ona etibar edirdi. Bundan başqa, onun valideynləri onu təmsil etməsi üçün G.M.-i işə cəlb etmişdilər. Amma polis G.M.-in onunla görüşməsinin qarşısını almışdı.
70. Polis onun özünə müdafiəçi vəkil seçə biləcəyi siyahını ona təqdim etməmişdi. Digər vəkil M.R. polis tərəfindən çağırılmış və ərizəçi ilə məsləhətləşməsi üçün ona yalnız iyirmi beş dəqiqə vaxt verilmişdi, bu isə, ona qarşı ittihamların mürəkkəbliyini və ciddiliyini nəzərə alsaq, açıq-aydın kifayət deyildi. M.R. polislərdən xahiş etmişdi ki, vaxt gec olduğuna görə dindirməyə mümkün qədər tez başlasınlar.

2. Hökumət

71. Hökumət iddia etdi ki, ərizəçi 2007-ci il martın 13-ü saat 14-də artıq xəbərdar idi ki, polis üç qətl, soyğunçuluq və yanğın törətmə ilə bağlı onu dindirmək istəyir, amma dindirmədən əvvəl vəkil G.M. ilə əlaqə yaratmağa cəhd etməmişdi.
72. 2007-ci il martın 14-də saat 9.50-də polis tərəfindən tutularkən ərizəçi əvvəlcə vəkillə təmsil olunmaq hüququndan imtina etmişdi. Təxminən səkkiz saat sonra o, fikrini dəyişmiş və vəkil istəmişdi. Polis ona Primorsko-Qoranska dairəsinin cinayət işləri üzrə müdafiəçi vəkillərinin siyahısını təqdim etmiş, o isə oradan könüllü istəyi ilə M.R.-i seçmişdi. M.R. gəlib çıxdıqdan sonra ərizəçi polis tərəfindən buna məcbur edilmədən vəkalətnamə imzalamışdı. Beləliklə, M.R. ərizəçinin özünün seçdiyi vəkil idi. Hökumət vurğuladı ki, bunlar faktdır, ərizəçinin bütün digər iddiaları, xüsusən vəkil G.M.-lə bağlı iddiaları isə adi ehtimallardır.
73. Hökumət daha sonra bildirdi ki, 14 mart 2007-ci ildə G.M.-də ərizəçinin valideynlərindən hər hansı biri tərəfindən imzalanmış vəkalətnamənin olduğuna dair heç bir sübut yoxdur. Hətta G.M. ərizəçinin valideynlərindən hər hansı biri tərəfindən təyin edilmiş vəkil olsaydı belə, ərizəçinin özünün seçdiyi vəkil deyildi, çünki ərizəçi onu təmsil edəcək vəkil qismində M.R.-i seçmişdi.
74. Ərizəçi əvvəllər polis tərəfindən dəfələrlə dindirilmişdi (o, keçmişdə iki dəfə tutulmuşdu), buna görə də düşdüyü situasiya ilə tanış idi. Bu halların hər birində onu fərqli vəkillər təmsil etmişdilər. Ərizəçi G.M.-in onu təmsil etməsini istəsəydi, bunu polislərə deməli idi. Amma o belə etməmişdi.
75. Ərizəçi vəkil M.R.-in təqdim etdiyi xidmətin keyfiyyəti ilə bağlı daxili məhkəmələrə heç vaxt şikayət etməmişdi. Hökumət iddia etdi ki, daxili məhkəmələr ərizəçinin polis bölməsində dindirilərkən özünün seçdiyi vəkillə təmsil olunmadığı barədə şikayətinə dair qərarlarını yetərincə əsaslandırmışdılar. Ərizəçinin ona qarşı irəli sürülmüş ittihamlarla bağlı təqsirini boynuna almaq qərarına gəlməsi qeyri-adi hal deyildi, belə ki, ərizəçi əvvəllər müxtəlif cinayət proseslərində ittiham edildiyi cinayətləri törətdiyini boynuna almış, o cümlədən bir dəfə bunu vəkil G.M.-in iştirakı ilə etmişdi.

C. Böyük Palatanın qiymətləndirməsi

1. Ümumi prinsiplər

76. Məhkəmə bir daha bildirir ki, söhbət cinayət prosesindən getdiyi hallarda Konvensiyanın 6-cı maddəsinin məqsədi “hər hansı cinayət ittihamı” üzrə qərar çıxarmaq səlahiyyətinə malik olan “məhkəmə” tərəfindən ədalətli məhkəmə araşdırması aparılmasını təmin etmək olsa da, bu o demək deyil ki, bu maddə məhkəməyə qədərki prosedurlara şamil olunmur. Belə ki, ilkin mərhələdə 6-cı maddənin müddəalarına riayət edilməməsi məhkəmə araşdırmasının ədalətliliyinə ciddi surətdə xələl gətirə bilərsə, o halda bu maddə (xüsusən onun 3-cü bəndi) işin məhkəməyə göndərilməsindən əvvəlki mərhələyə şamil oluna bilər. Əvvəlki qərarlarında Məhkəmənin artıq bildirdiyi kimi, Konvensiyanın 6-cı maddəsinin 3″c” bəndində qeyd edilən hüquq 6-cı maddənin 1-ci bəndində əks olunmuş cinayət prosesində ədalətli məhkəmə araşdırması konsepsiyasının elementlərindən biridir (İmbrioşia İsveçrəyə qarşı, 24 noyabr 1993-cü il, 36 və 37-ci bəndlər, A seriyaları, № 275; və Salduz Türkiyəyə qarşı [BP], ərizə № 36391/02, 50-ci bənd, ECHR 2008).
77. Məhkəmə bildirib ki, özünün müdafiə hüququnu həyata keçirə bilməsi üçün adətən təqsirləndirilən şəxsə imkan yaradılmalıdır ki, prosesin ilkin mərhələlərindən başlayaraq vəkilin yardımından real surətdə yararlana bilsin, çünki milli qanunvericiliyə əsasən polis tərəfindən dindirilməsinin ilkin mərhələlərində təqsirləndirilən şəxsin mövqeyi müəyyən nəticələr doğura bilər və həmin nəticələr prosesin sonrakı mərhələlərində müdafiə perspektivləri üçün həlledici ola bilər (bax: Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 52-ci bənd). Məhkəmə həmçinin razılaşıb ki, çox zaman təqsirləndirilən şəxs prosesin bu mərhələsində xüsusilə əlverişsiz duruma düşür və bir çox hallarda bu durum vəkilin yardımı vasitəsilə kompensasiya oluna bilər, sonuncunun vəzifəsi isə, digər məsələlərlə yanaşı, təqsirləndirilən şəxsin öz əleyhinə ifadədə verməmək hüququna hörmət edilməsinin təmin olunmasına yardım göstərməkdir (ibid., 54-cü bənd; həmçinin bax: Pavlenko Rusiyaya qarşı, ərizə № 42371/02, 101-ci bənd, 1 aprel 2010-cu il).
78. Belə hallarda Məhkəmə bunu önəmli hesab edir ki, cinayət törətməkdə ittiham olunan və özünü şəxsən müdafiə etmək istəyində olmayan şəxs prosesin ilkin mərhələlərindən etibarən özünün seçdiyi vəkilə yardım üçün müraciət etmək imkanına malik olmalıdır (daha ətraflı əsaslandırma üçün bax: Martin Estoniyaya qarşı, ərizə № 35985/09, 90 və 93-cü bəndlər, 30 may 2013-cü il). Bu mülahizə 6-cı maddənin 3″c” bəndindəki ifadələrdən irəli gəlir, belə ki, həmin bəndə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs … özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək” hüququna malikdir və bu hüquq təqsirləndirilən şəxsin səmərəli müdafiəsini təmin edən mexanizm qismində insan hüquqlarına dair beynəlxalq hüquq standartları çərçivəsində hamılıqla qəbul edilir. Məhkəmə vurğulayır ki, məhkəmə prosesinin ədalətliliyi təqsirləndirilən şəxsin konkret olaraq hüquqi yardımla əlaqədar olan bütün növ xidmətləri əldə edə bilməsini tələb edir (bax: Dayanan Türkiyəyə qarşı, ərizə № 7377/03, 32-ci bənd, 13 oktyabr 2009-cu il; həmçinin aşağıda 110-cu bəndə bax).
79. Vəkillə müştərisi arasında etimad münasibətinin mühümlüyünə baxmayaraq, yuxarıda qeyd edilən hüquq qeyri-məhdud deyil. Söhbət pulsuz hüquqi yardımdan gedirsə və ədalət mühakiməsinin maraqlarının təqsirləndirilən şəxslərin özlərinə təyin etdikləri vəkil vasitəsilə müdafiə olunmalarını tələb edib-etmədiyi barədə məhkəmələrin qərar verməsindən gedirsə, belə hallarda bu hüquqa müəyyən məhdudiyyətlərin tətbiqi zəruri olur (Kruassan Almaniyaya qarşı, 25 sentyabr 1992-ci il, 29-cu bənd, A seriyaları, № 237-B). Məhkəmə ardıcıl olaraq bildirib ki, milli hakimiyyət orqanları hüquqi nümayəndənin seçilməsi məsələsində müttəhimin istəklərini nəzərə almalıdırlar, amma ədalət mühakiməsinin maraqları üçün bunun zəruri olmadığını göstərən əhəmiyyətli və yetərli əsaslar olarsa, həmin istəkləri nəzərə almaya bilərlər (ibid., 29-cu bənd; həmçinin bax: Meftah və başqaları Fransaya qarşı [BP], ərizələr № 32911/96, 35237/97 və 34595/97, 45-ci bənd, ECHR 2002 VII; Mayzit Rusiyaya qarşı, ərizə № 63378/00, 66-cı bənd, 20 yanvar 2005-ci il; Klimentyev Rusiyaya qarşı, ərizə № 46503/99, 116-cı bənd, 16 noyabr 2006-cı il; Vitan Rumıniyaya qarşı, ərizə № 42084/02, 59-cu bənd, 25 mart 2008-ci il; Pavlenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 98-ci bənd; Zaqorodnıy Ukraynaya qarşı, ərizə № 27004/06, 52-ci bənd, 24 noyabr 2011-ci il; və Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd). Belə əsaslar yoxdursa, müdafiəçi vəkili sərbəst surətdə seçmək hüququnun məhdudlaşdırılması ərizəçinin müdafiəsinə mənfi təsir göstərəcəyi təqdirdə 6-cı maddənin 1-ci bəndi ilə 3″c” bəndinin pozulmasına səbəb olacaq, özü də bu zaman proses bütövlükdə nəzərə alınmalıdır (ibid., 31-ci bənd; həmçinin bax: Meftah və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 46-47-ci bəndlər; Vitanın işi üzrə yuxarıda istinad edilən qərar, 58-64-cü bəndlər; başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 46-47-ci bəndlər; Zaqorodnıyın işi üzrə yuxarıda istinad edilən qərar, 53-55-ci bəndlər; və Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 90-97-ci bəndlər).
80. Bundan başqa, yuxarıda qeyd edilən mülahizələri nəzərə alsaq, Salduzun işi üzrə qərarında Məhkəmənin təsdiq etdiyi kimi, ədalətli məhkəmə araşdırması hüququnun “praktiki və səmərəli” hüquq olaraq qalması üçün 6-cı maddənin 1-ci bəndi tələb edir ki, bir qayda olaraq vəkillə görüş şübhəli şəxsin polis tərəfindən birinci dəfə dindirilməsindən başlayaraq təmin edilməlidir, əks təqdirdə hər bir işin konkret halları baxımından bu hüququn məhdudlaşdırılmasını zəruri edən qarşısıalınmaz səbəblərin mövcudluğu sübut edilməlidir. Hətta müstəsna hallarda qarşısıalınmaz səbəblər vəkillə görüşə icazə verilməməsinə haqq qazandırsa belə, bu cür məhdudiyyət (nə ilə əsaslandırılmasından asılı olmayaraq) təqsirləndirilən şəxslərin 6-cı maddədə nəzərdə tutulmuş hüquqlarına həddən artıq xələl gətirməməlidir. Polis tərəfindən dindirilərkən vəkillə görüşmək imkanı olmayan şəxs öz əleyhinə ifadələr verdiyi təqdirdə həmin ifadələr onun təqsirkar hesab edilməsi üçün istifadə edilirsə, prinsipcə müdafiə tərəfinin hüquqlarına sonradan düzəldilməsi mümkün olmayan zərər yetirilmiş olur (bax: Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 55-57-ci bəndlər; həmçinin bax: Panovits Kiprə qarşı, ərizə № 4268/04, 66-cı bənd; 11 dekabr 2008-ci il).
81. Həbsdə saxlanılan təqsirləndirilən şəxsin polis tərəfindən dindirilərkən vəkillə görüşməsinə icazə verilmədiyi Salduzun işindən fərqli olaraq, hazırkı iş elə bir situasiyaya aiddir ki, bu zaman ərizəçiyə birinci dindirmə zamanı vəkillə görüşmək imkanı verilib, amma bu vəkil, onun şikayətində bildirdiyinə görə, özünün seçdiyi vəkil olmayıb. Vəkillə görüşə icazə verilmədiyi hallardan fərqli olaraq, daha az dərəcədə ciddi hal olan “seçim imkanının verilməməsi” hallarında “əhəmiyyətli və yetərli əsaslara” dair tələb daha yumşaq formada tətbiq edilir. Belə hallarda Məhkəmənin vəzifəsi bütövlükdə prosesin işığında onu qiymətləndirməkdən ibarətdir ki, müdafiə tərəfinin hüquqları bütövlükdə prosesin ədalətliliyinə xələl gətirən dərəcədə “mənfi təsirə” məruz qalıbmı (misal üçün bax: Kruassanın işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd; Klimentyevin işi üzrə yuxarıda istinad edilən qərar, 117-118-ci bəndlər; və Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 96-97-ci bəndlər)?
82. Hazırkı işdə məhz bu sonuncu meyar tətbiq edilməlidir. Yuxarıda qeyd edilənlərin fonunda Məhkəmə hesab edir ki, belə hallarda birinci addım onu qiymətləndirməkdən ibarət olmalıdır ki, hər bir işin xüsusi halları nəzərə alınmaqla ərizəçinin öz hüquqi nümayəndəsini seçmək istəyini rədd etmək və ya ona maneə yaratmaq üçün əhəmiyyətli və yetərli əsasların olduğu sübut edilibmi? Belə əsaslar mövcud deyilsə, o halda Məhkəmə bütövlükdə cinayət prosesinin ədalətliliyini qiymətləndirməlidir. Qiymətləndirməni həyata keçirərkən Məhkəmə müxtəlif amilləri, o cümlədən prosesin xarakterini və müəyyən peşə tələblərinin tətbiqini (bax: Meftah və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 45-48-ci bəndlər; və Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd); vəkilin təyin olunduğu şəraiti və bu təyinata etiraz etmə imkanlarının mövcudluğunu (ibid., 90-97-ci bəndlər); vəkilin yardımının səmərəliliyini (bax: Kruassanın işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd; və Vitanın işi üzrə yuxarıda istinad edilən qərar, 58-64-cü bəndlər); təqsirləndirilən şəxsin öz əleyhinə ifadə verməmək hüququna hörmət edilib-edilmədiyni (bax: Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd); təqsirləndirilən şəxsin yaşını (ibid., 52-ci bənd); və sözügedən vaxtda təqsirləndirilən şəxs tərəfindən verilmiş hər hansı ifadələrin məhkəmə tərəfindən istifadə edilib-edilmədiyini (misal üçün bax: Kruassanın işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd; Klimentyevin işi üzrə yuxarıda istinad edilən qərar, 117-118-ci bəndlər; və Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 94-95-ci bəndlər) nəzərə ala bilər. Daha sonra Məhkəmə onu da nəzərə alır ki, Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları müdafiə etmək məqsədini daşıyır (bir çox digər qərarlar arasında bax: Eyri İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il, 24-cü bənd, A seriyaları, № 32; İmbrioşianın işi üzrə yuxarıda istinad edilən qərar, 38-ci bənd; Qoddi İtaliyaya qarşı, 9 aprel 1984-cü il, 30-cu bənd, A seriyaları, № 76; və Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 55-ci bənd) və Konvensiya hüquqlarına aid məsələni həll edərkən zahiri əlamətlərin dərinliklərinə nəzər salmaq və diqqəti mövcud vəziyyətin reallıqları üzərində cəmləşdirmək lazımdır (digər qərarlarla yanaşı bax: Delkur Belçikaya qarşı, 17 yanvar, 1970-ci il, 31-ci bənd, A seriyaları, № 11; De Yonq, Balje, və Van den Brink Niderlanda qarşı, 22 may 1984-cü il, 48-ci bənd, A seriyaları, № 77; Pavlenkonun işi üzrə yuxarıda istinad edilən qərar, 112-ci bənd; və Erkapiç Xorvatiyaya qarşı, ərizə № 51198/08; 80-82-ci bəndlər, 25 aprel 2013-cü il). Təqsirləndirilən şəxslər vəkillə təmsil olunmadığı hallarda Məhkəmə həmçinin təqsirləndirilən şəxslərə ifadələrin doğruluğunu şübhə altına almaq və onların istifadəsinə etiraz etmək imkanının verilib-verilmədiyini (bax: Panovitsin işi üzrə yuxarıda istinad edilən qərar, 82-ci bənd); təqsirləndirilən şəxslərin həbsə alınıb-alınmadığını (Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 60-cı bənd); verdikləri ifadələrin təqsirkar sayılmaları barədə qərarın mühüm elementini təşkil edib-etmədiyini və işdəki digər sübutların ciddiliyini (Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 57-ci bənd; Panovitsin işi üzrə yuxarıda istinad edilən qərar, 76 və 82-ci bəndlər) nəzərə alır.

2. Yuxarıdakı prinsiplərin bu işə tətbiqi

a) Ərizəçi özünün məlumatlı seçimi əsasında seçdiyi vəkillə təmsil olunmuşdumu?

83. 14 mart 2007-ci ildə saat 20.10 ilə 23 arasında ərizəçi vəkil M.R.-in iştirakı ilə polis tərəfindən şübhəli şəxs qismində dindirildi (yuxarıda 21 və 22-ci bəndlərə bax). Ərizəçinin polisə verdiyi ifadə cinayət prosesində ona qarşı sübut kimi istifadə edildi (əks situasiya üçün bu qərara bax: Bandaletov Ukraynaya qarşı, ərizə № 23180/06, 60 və 68-ci bəndlər, 31 oktyabr 2013-cü il).
84. Hökumətin bildirdiyinə görə, ərizəçinin polis tərəfindən dindirilərkən vəkillə təmsil olunması məsələsinə dair dəqiq bilinən yeganə fakt ondan ibarətdir ki, o, M.R.-in onu təmsil etməsini könüllü seçimi əsasında istəyib; ərizəçinin başqa bir vəkillə – G.M. ilə təmsil olunmaq istəyi barədə hər hansı iddialar sırf ehtimallardır (yuxarıda 71-73-cü bəndlərə bax).
85. Məcburiyyət barədə ərizəçinin iddiaları Palata tərəfindən qəbulolunmaz elan edilib (Palatanın 28 noyabr 2013-cü il tarixli qərarının 73-cü bəndinə bax). Məhkəmə həmçinin xətt ekspertinin köməyi ilə mili məhkəmələrin gəldiyi bu nəticəni qeyd edir ki, vəkil M.R.-in adına vəkalətnaməni həqiqətən ərizəçi imzalayıb (yuxarıda 40-cı bəndə bax).
86. Bununla belə, Məhkəmə qeyd edir ki, 14 mart 2007-ci ildə səhər vəkil G.M. Riyeka polis bölməsində olan ərizəçi ilə təmas yaratmaq cəhdinin uğursuzluğu barədə Riyeka dairə prokurorunun müavinləri D.K. və I.B.-ni artıq məlumatlandırmışdı. Bununla bağlı rəsmi qeydlər tərtib edildi və həmçinin Riyeka dairə məhkəməsinə də məlumat verildi (yuxarıda 15-ci bəndə bax). 14 mart 2007-ci ildə gündüz Primorsko-Qoranska polis idarəsinin rəisi cənab V.-yə təqdim etdiyi şikayətdə G.M. iddia etdi ki, saat 15 ilə 15.30 arasında yenidən ərizəçi ilə görüşməyə cəhd edib, amma polislər yenə də ona deyiblər ki, çıxıb getsin.
87. Polis tərəfindən dindirilməsinin ertəsi günü işin istintaqını aparan hakimin yanına gətirilərkən və hakim ondan vəkilinin kim olduğunu soruşarkən ərizəçi şikayət etdi ki, M.R.-i işə cəlb etməyib və polis tərəfindən dindirilərkən aydın şəkildə tələb edib ki, onu G.M. təmsil etsin. O iddia etdi ki, G.M.-in onunla əlaqə yaratmağa çalışdığını polis ona heç vaxt xəbər verməyib. İşin istintaqını aparan hakim tərəfindən dindirildiyi məqamda daha ərizəçini M.R. deyil, G.M. təmsil edirdi (yuxarıda 23-cü bəndə bax).
88. İşin istintaqını aparan hakimə verdiyi 16 mart 2007-ci il tarixli növbəti vəsatətində G.M. polisin davranışını ətraflı şəkildə təsvir etdi və bununla bağlı etirazlarını ifadə etdi (yuxarıda 24-cü bəndə bax).
89. Həmçinin məhkəmə araşdırması zamanı ərizəçi G.M.-in 14 mart 2007-ci ildə onunla əlaqə yaratmasına icazə verməkdən polisin imtina etməsindən şikayət etdi və birinci instansiya məhkəməsindən xahiş etdi ki, G.M.-in ifadəsini dinləsin, amma bunun işə aidiyyəti olmadığı əsas gətirilərək xahişi rədd edildi (yuxarıda 44-cü bəndə bax).
90. Təqdim edilmiş bütün məlumatlarda bildirilib ki, G.M. ərizəçinin valideynləri tərəfindən işə cəlb olunmuşdu ki, ərizəçi polis tərəfindən dindirilərkən onu təmsil etsin, lakin hətta G.M. ərizəçinin dindirilməsi başlanana və M.R. polis bölməsinə çağırılana qədər faktiki olaraq polis bölməsinə gəldikdən sonra da polislər G.M.-in ərizəçi ilə görüşməsinə icazə verməkdən imtina etmişdilər. Həmçinin iddia edilib ki, 14 mart 2007-ci ildə səhər G.M. ərizəçinin anasından sadəcə şifahi formada səlahiyyət almış, gündüz isə onun yanında hüquq təcrübəsi keçən şəxs ərizəçinin atasının verdiyi yazılı vəkalətnaməni təqdim etmişdi (yuxarıda 16-cı bəndə bax).
91. Beləliklə, ərizəçi özünün və vəkilinin atdığı addımları qeyd etməklə diqqəti açıq-aydın bu hala cəlb edib ki, polis tərəfindən dindirilməsindən əvvəl G.M. onunla hansı şəraitdə təmasa girməyə cəhd edib.
92. Yuxarıda qeyd edilənlərin fonunda Məhkəmə bunu yetərincə sübut edilmiş hesab edir ki, G.M. ərizəçinin valideynlərinin biri və ya hər ikisi tərəfindən işə cəlb olunmuş, 14 mart 2007-ci ildə Riyeka polis bölməsində ərizəçini görməyə bir neçə dəfə cəhd etmiş, polis əməkdaşları isə ona çıxıb getməsini söyləmiş və G.M.-in ərizəçi ilə görüşməyə gəldiyini ərizəçiyə xəbər verməmişdilər. Bundan başqa, Məhkəmə bununla da razılaşır ki, G.M.-in polis bölməsinə gəlməsi və ərizəçi ilə görüşmək istəməsi polislər tərəfindən ərizəçinin dindirilməsi başlanmazdan əvvəl baş verib.
93. Buna görə də, ərizəçi polis tərəfindən dindirilərkən onu təmsil edəcək şəxs kimi formal olaraq vəkil M.R.-i seçsə də, bu, məlumatlı seçim deyildi, çünki ərizəçi valideynlərinin onun üçün başqa vəkili tutmalarından, həmin vəkilin onunla görüşmək üçün polis bölməsinə gəlməsindən və bu gəlişin məqsədinin, yəqin ki, onu təmsil etməkdən ibarət olmasından xəbərsiz idi.

b) Ərizəçinin G.M. ilə görüşməsinə məhdudiyyət qoyulması ədalət mühakiməsinin maraqları üçün əhəmiyyətli və yetərli olan əsaslara söykənirdimi?

94. Məhkəmə qeyd edir ki, ərizəçinin G.M. ilə görüşməsinə icazə verilməməsinin Hökumət tərəfindən qeyd edilən yeganə səbəbi ondan ibarət idi ki, Hökumətin rəyinə görə, G.M. ərizəçini təmsil etmək üçün etibarlı vəkalətnaməyə malik deyildi. Eyni zamanda Hökumət bunu da şübhə altına almayıb ki, ərizəçi həmin vaxt G.M.-in polis bölməsində onunla görüşməyə cəhd etməsi barədə məlumatlandırılmamışdı.
95. Amma Məhkəmə qeyd edir ki, G.M. milli hakimiyyət orqanlarında iddia edib ki, 14 mart 2007-ci ildə ərizəçinin valideynləri ona faktiki olaraq yazılı vəkalətnamə təqdim etmişdilər. Belə görünür ki, bu iddialar ölkədaxili icraatda heç zaman inandırıcı şəkildə təkzib edilməyib. Bundan başqa, işin istintaqını aparan hakim 15 mart 2007-ci ildə polis ərizəçini onun yanına gətirdiyi zaman tərtib etdiyi işin materiallarına yazılı vəkalətnaməni daxil edilmişdi.
96. Müvafiq daxili qanunvericilikdə bu məsələ aydın şəkildə göstərilib ki, müdafiəçi vəkil şübhəli şəxsin özü və ya qohumları, o cümlədən valideynləri tərəfindən işə cəlb oluna bilər (yuxarıda 60-cı bənddə Cinayət Prosessual Məcəlləsinin 62-ci maddəsinə bax). 62-ci maddənin 6-cı bəndinə əsasən, şübhəli şəxs vəkilə şifahi səlahiyyət verə bilər ki, işin icraatı zamanı onun adından hərəkət etsin. Təqsirləndirilən şəxs yaxın qohumlarının onun üçün vəkil tutduqları barədə məlumatlandırılmazsa, o halda Cinayət Prosessual Məcəlləsinin 62-ci maddəsinin 4-cü bəndinin məqsədinə nail oluna bilməz (həmin bənddə nəzərdə tutulur ki, təqsirləndirilən şəxsin yaxın qohumları onun üçün müdafiəçi vəkil tuta bilərlər, amma təqsirləndirilən şəxs bunu aydın şəkildə bildirməklə onların seçdiyi vəkildən imtina edə bilər). İstənilən halda bu müddəa polisin üzərinə belə bir vəzifə qoyurdu ki, ən azı G.M.-in polis bölməsinə gəldiyini və ərizəçinin valideynlərinin ona ərizəçini təmsil etmək səlahiyyəti verdiklərini ərizəçiyə xəbər versin. Lakin polis ərizəçini bu barədə məlumatlandırmaq üçün heç nə etmədi və həmçinin G.M.-in onunla görüşməsinə icazə verməkdən imtina etdi.
97. Bu hərəkətsizliyi və imtinanı polis tərəfindən dindirilmədə M.R.-in iştirakına icazə verən vəkalətnamənin ərizəçi tərəfindən sonradan imzalanması faktı ilə, çətin ki, izah etmək olar. Artıq qeyd edildiyi kimi, o bu addımı onun valideynlərindən tapşırıq aldıqdan sonra vəkil G.M.-in ona yardım göstərmək üçün etdiyi cəhdlərdən xəbərsiz ola-ola atmışdı.
98. Eləcə də cinayət işinin materiallarındakı sənədlərdə ərizəçinin dindirmə zamanı G.M.-in ona yardım göstərməsini istəyib-istəmədiyi barədə seçim etməsinə imkan yaratmaqdan imtina edilməsi ilə nəticələnmiş polisin hərəkətsizliyinə və hərəkətlərinə haqq qazandıran heç nə aşkar edilmədi. Bundan başqa, işin istintaqını aparan hakimə həbsindən bir gün sonra 15 mart 2007-ci ildə ərizəçinin verdiyi şifahi ifadənin qeydə alındığı yazılı protokola əsasən, ərizəçi bildirmişdi ki, onun seçdiyi vəkil G.M. olub, polis əməkdaşları isə onun G.M.-lə görüşməsinə icazə verməkdən imtina ediblər. O həmçinin demişdi ki, öz vəkili qismində M.R.-i işə cəlb etməyib (yuxarıda 23-cü bəndə bax).
99. Belə olan halda Məhkəmə əmin deyil ki, polis tərəfindən dindirilməsinin ikin mərhələsindən başlayaraq ərizəçinin öz təmsilçisi qismində GM-i təyin etmək imkanının polisin davranışını nəticəsində məhdudlaşdırılması əhəmiyyətli və yetərli əsaslara söykənirdi (əhəmiyyətli və yetərli əsaslara aid nümunələr üçün bax: Meftah və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 45-ci bənd; Mayzitin işi üzrə yuxarıda istinad edilən qərar, 68-ci bənd; Popov Rusiyaya qarşı, ərizə № 26853/04, 173-cü bənd, 13 iyul 2006-cı il; və həmçinin Zaqorodnıyın işi üzrə yuxarıda istinad edilən qərar, 53-ci bənd – bu iş nümayəndənin peşə hazırlığına malik olmaması ilə bağlı idi; Vitanın işi üzrə yuxarıda istinad edilən qərar, 59-63-cü bəndlər – bu işdə müttəhimin seçdiyi vəkil üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdi; Kruassanın işi üzrə yuxarıda istinad edilən qərar, 30-cu bənd – bu iş prosesin düzgün aparılmasını təmin etmək üçün əlavə vəkilin təyin olunması ilə bağlı idi; Pren Almaniyaya qarşı (qərardad), ərizə № 40451/06, 24 avqust 2010-cu il – bu iş eyni məhkəmədə vəkillik fəaliyyəti ilə məşğul olmayan, çox uzaqda yaşayan və buna görə də prosesin lazımi qaydada aparılmasına əngəl törədən vəkilin əvəzlənməsi ilə bağlı idi; və Klimentyevin işi üzrə yuxarıda istinad edilən qərar, 118-ci bənd – bu işdə müttəhimi bir neçə vəkil təmsil etmiş və heç biri prosesdə iştirak edə bilməmişdi).

c) Ərizəçi özünün seçdiyi vəkillə təmsil olunmaq hüququndan imtina etmişdimi?

100. Məhkəmə öz qərarlarında bildirib ki, Konvensiyanın 6-cı maddəsinin nə mətni, nə də ruhu şəxsin ədalətli məhkəmə araşdırmasının təminatlarından açıq şəkildə və ya susmaq yolu ilə könüllü surətdə imtina etməsinə mane olmur. Lakin Konvensiyanın məqsədlərindən ötrü bu imtinanın etibarlı sayılması üçün o, birmənalı şəkildə ifadə edilməli; hər hansı mühüm ictimai marağa zidd olmamalı (bax: Seydoviç İtaliyaya qarşı [BP], ərizə № 56581/00, 86-cı bənd, ECHR 2006-II); və ən azı müvafiq hüququn mühümlüyünə mütənasib olan təminatlarla müşayiət olunmalıdır (bax: Puatrimol Fransaya qarşı, 23 noyabr 1993-cü il, 31-ci bənd, A seriyaları, № 277-A).
101. Bununla bağlı bir daha bildirmək olar ki, vəkilə malik olmaq hüququ ədalətli məhkəmə araşdırması anlayışını təşkil edən hüquqlar arasında fundamental xarakter daşıyan və Konvensiyanın 6-cı maddəsində əks olunmuş qalan təminatların səmərəliliyini təmin edən hüquqdur və Məhkəmənin presedent hüququnda “məlumatlı və dərk olunan” imtina standartının tətbiqi vasitəsilə xüsusi müdafiə ilə təmin olunan hüquqların mühüm nümunəsidir (bax: Pişşalnikov Rusiyaya qarşı, ərizə № 7025/04, 77-79-cu bəndlər, 24 sentyabr 2009-cu il). Bu standart, Məhkəmənin fikrincə, hazırkı işdə ərizəçinin vəkillə bağlı seçiminə şamil olunmalıdır.
102. Artıq Məhkəmənin qeyd etdiyi kimi, ərizəçi valideynləri tərəfindən işə cəlb edilmiş G.M.-in onunla görüşmək üçün polis bölməsinə gəlməsindən xəbərsiz idi. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi, özünün ifadə etdiyi kimi, polis tərəfindən dindirildiyi zaman vəkil M.R.-in ona “sırınmasına” əvvəlcə işin istintaqını aparan hakimin qarşısında, sonra isə bütün proses boyunca etiraz edib. Belə olan halda iddia etmək olmaz ki, vəkalətnaməni imzalamaqla və polisə ifadə verməklə ərizəçi Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş hüququndan, yəni özünün məlumatlı seçimi əsasında seçdiyi vəkillə təmsil olunmaq hüququndan susmaq yolu ilə və ya açıq şəkildə birmənalı olaraq imtina etmişdi.

d) Bütövlükdə prosesin ədalətliliyinə xələl gətirilmişdimi?

103. Məhkəmə ərizəçinin məlumatlı seçim etmək hüququnun məhdudlaşdırılmasının nəticə etibarı ilə bütövlükdə prosesin ədalətliliyinə mənfi təsir göstərib-göstərmədiyi barədə növbəti suala keçərək öncə qeyd edir ki, ərizəçinin polisə verdiyi ifadə onun təqsirkar sayılması üçün istifadə edilib, hərçənd ki, o, ittiham tərəfinin dəlilləri arasında mərkəzi yer tutmayıb (əks situasiya üçün bax: Megi Birləşmiş Krallığa qarşı, ərizə № 28135/95, 45-ci bənd, ECHR 2000 VI). Bu da həqiqətdir ki, birinci instansiya məhkəməsi onun ifadəsini sərəncamındakı bütün sübutların işığında nəzərdən keçirib (müqayisə üçün bax: Bıkov Rusiyaya qarşı [BP], ərizə № 4378/02, 103-cü bənd, 10 mart 2009-cu il). Konkret olaraq, ərizəçini təqsirkar hesab edərkən birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı çarpaz dindirilmiş bir sıra şahidlərin ifadələrinə, çoxsaylı ekspert rəylərinə, cinayət yerində aparılmış araşdırma, axtarış və müsadirə hərəkətlərinin protokollarına, habelə müvafiq fotoşəkillərə və digər maddi sübutlara əsaslanıb. Bundan əlavə, birinci instansiya məhkəməsinin sərəncamında ərizəçi ilə birlikdə təqsirləndirilən şəxslərin məhkəmə araşdırmasında etdikləri etiraflar vardı və nə ərizəçi, nə də onunla birlikdə təqsirləndirilən şəxslər bu ifadələri verərkən hər hansı hüquqlarının pozulduğunu heç vaxt iddia etməmişdilər.
104. Eləcə də ərizəçi cinayət prosesi zamanı vəkil M.R.-in onu adekvat hüquqi məsləhətlərlə təmin etməməsindən heç vaxt şikayət etməmişdi. Bundan başqa, məhkəmə araşdırması zamanı yekun çıxışındakı arqumentlərində ərizəçinin nümayəndəsi məhkəmədən xahiş etmişdi ki (ərizəçinin təqsirli olduğunu inkar etməsini qəbul etməyəcəyi təqdirdə), ərizəçiyə cəza təyin edərkən onun təqsirini polisə etiraf etməsini və səmimi peşmançılığını nəzərə alsın (yuxarıda 48-ci bəndə bax).
105. Ərizəçini təmsil etməsi üçün M.R.-in hansı tərzdə seçildiyinə gəlincə, Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 177-ci maddəsinin 5-ci bəndinə istinad edir, həmin bənd tələb edir ki, əvvəlcə təqsirləndirilən şəxsə öz seçimi əsasında özünə vəkil tutması təklif olunmalıdır (yuxarıda 60-cı bəndə bax). Yalnız əvvəlcə şübhəli şəxs tərəfindən seçilmiş vəkil polis tərəfindən aparılacaq dindirməyə müəyyən müddət ərzində gələ bilmədikdə, Xorvatiya Vəkillər Assosiasiyasının dairə bölmələri tərəfindən səlahiyyətli polis orqanına təqdim edilən, hazırda fəaliyyətdə olan vəkillərin siyahısında göstərilən hər hansı vəkilin seçilməsi yolu ilə həmin vəkil əvəzlənməlidir. Lakin Məhkəməyə təqdim edilmiş sənədlər arasında ərizəçinin işində bu prosedurlara riayət edildiyini göstərən inandırıcı sübut yoxdur. Məhkəmə bunu məyusedici hal hesab edir ki, istifadə edilmiş prosedurlar və qəbul edilmiş qərarlar vəkilin seçilməsi məsələsində əsassız təzyiqin olduğuna dair hər hansı şübhələrin aradan qalxması üçün lazımi qaydada sənədləşdirilməyib (bax (müvafiq dəyişikliklərlə): Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd; və Xorvatiç Xorvatiyaya qarşı, və ərizə № 36044/09, 80-82-ci bəndlər; 17 oktyabr 2013-cü il).
106. Məhkəmə qeyd edir ki, ərizəçinin polis tərəfindən dindirilməsinin protokolu göstərir ki, M.R. 14 mart 2007-ci ildə saat 19.45 radələrində polis bölməsinə gəlib və ərizəçinin dindirilməsi saat 20.10-da başlayıb (yuxarıda 21-ci bəndə bax). Ərizəçi ilə M.R.-in faktiki olaraq məsləhətləşməyə başlamalarının dəqiq vaxtı göstərilməyib, həmçinin bu informasiyanın dindirmə protokolunda göstərilmədiyinə dair heç bir izahat verilməyib. Məhkəmə həmçinin qeyd edir ki, Riyeka dairə prokuror D.H.-nin ifadəsində göstərilir ki, M.R. ərizəçi ilə təxminən on dəqiqə konfidensial şəraitdə söhbət edib (yuxarıda 26-cı bəndə bax). Riyeka dairə məhkəməsinin qərarından görünür ki, M.R. polis bölməsinə saat 19.45-də gəlib və saat 20.10-da dindirmə başlayıb (yuxarıda 51-ci bəndə bax). Bunu Ali Məhkəmənin qərarı da təsdiqləyir (yuxarıda 55-ci bəndə bax). Məhkəmə M.R.-in göstərdiyi hüquqi yardımın səmərəliliyi barədə fərziyyə yürütmək istəmədən bu fikirdədir ki, ağırlaşdırıcı hallarla adamöldürmə əməlinə görə üç bənd üzrə və silahlı soyğunçuluq və yanğın törətmə əməllərinə görə əlavə bəndlər üzrə irəli sürülmüş ittihamların həcmini və ciddiliyini nəzərə alsaq, bu müddət nisbətən qısa görünür. 6-cı maddənin 3″c” bəndinin tələbi kontekstində bu da nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır.
107. Dindirmə başlanmazdan xeyli əvvəl, səhər çağı G.M. artıq ərizəçiyə yardım etməyə hazır vəziyyətdə idi və o, ərizəçi barəsindəki əvvəlki işdən ona tanış olan vəkil idi. Polis G.M.-in gəldiyini ərizəçiyə xəbər versəydi və ərizəçi faktiki olaraq təmsilçi qismində onu seçsəydi, dindirməyə hazırlaşmaq üçün ərizəçinin xeyli artıq vaxtı olardı.
108. Bununla əlaqədar olaraq Məhkəmə cinayət işi üzrə məhkəmə prosesinə hazırlaşmaq üçün istintaq mərhələsinin mühümlüyünü bir daha vurğulayır, belə ki, bu mərhələdə əldə edilmiş sübutlar məhkəmə araşdırmasında nəzərdən keçiriləcək ittihamların çərçivəsini müəyyənləşdirir (bax: Salduzun işi üzrə yuxarıda istinad edilən qərar, 54-cü bənd) və həmçinin onu da vurğulayır ki, cinayət törətməkdə ittiham olunan şəxsə artıq bu mərhələdə özünün seçdiyi vəkilin hüquqi yardımından istifadə etmək imkanı verilməlidir (bax: Martinin işi üzrə yuxarıda istinad edilən qərar, 90-cı bənd). Prosesin ədalətliliyi təqsirləndirilən şəxsin konkret olaraq hüquqi yarımla əlaqədar olan bütün növ xidmətləri əldə etmək imkanı ilə təmin edilməsini tələb edir. Bu baxımdan vəkilin həmin şəxsin müdafiəsinin fundamental aspektlərini, yəni aşağıdakıları təmin etməsinə məhdudiyyətsiz imkan yaradılmalıdır: işin müzakirəsi, müdafiənin təşkili, təqsirləndirilən şəxsin xeyrinə olan sübutların toplanması, dindirməyə hazırlaşma, iztirab keçirən təqsirləndirilən şəxsin dəstəklənməsi və saxlanma şəraitinin yoxlanması (bax: Dayananın işi üzrə yuxarıda istinad edilən qərar, 32-ci bənd).
109. Hazırkı işdə olduğu kimi şübhəli şəxs onu təmsil edən vəkilin təyin edilməsinin və ya seçilməsinin cinayət istintaqının lap əvvəlindən şübhəli şəxsin öz əleyhinə ifadə verməsinə təsir göstərdiyini və ya bununla nəticələndiyi iddia etdiyi hallarda bu məsələnin hakimiyyət orqanları və xüsusən məhkəmələr tərəfindən diqqətlə yoxlanılması tələb olunur. Lakin hazırkı işdə polis tərəfindən ondan etirafın alınması üsulu ilə bağlı ərizəçinin irəli sürdüyü qanuni etirazla əlaqədar olaraq milli məhkəmələrin qəbul etdiyi qərarlar əsaslı olmaqdan çox-çox uzaqdır. İstər birinci instansiya məhkəməsi, istərsə də hər hansı digər milli hakimiyyət orqanı ərizəçinin polis tərəfindən dindirilməsi ilə əlaqədar olaraq 14 mart 2007-ci ildə G.M.-in Riyeka polis bölməsinə gəlişi ətrafındakı halları müəyyən etməkdən ötrü G.M.-dən və ya məsələyə aidiyyəti olan polis əməkdaşlarından ifadə almaq üçün heç bir addım atmayıb. Konkret olaraq, milli məhkəmələr Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının dəyərləri baxımından qərarlarının düzgünlüyünü təsdiqləyən və ya əsaslandıran səbəbləri göstərmək üçün heç bir real cəhd göstərməyiblər.
110. Belə olan halda, Konvensiyanın məqsədinin praktiki və səmərəli hüquqları qorumaq olduğunu nəzərə alaraq (Lisitsa Xorvatiyaya qarşı, ərizə № 20100/06, 60-cı bənd, 25 fevral 2010-cu il), Məhkəmə əmin deyil ki, ərizəçi polis tərəfindən dindirilmə zamanı onu təmsil etmək üçün seçilmiş M.R.-in seçildiyi şəraitdən şikayət etmək üçün real imkana malik idi.
111. Cinayət prosesini bütövlükdə götürsək, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün ərizəçinin işi üzrə “ədalətli məhkəmə araşdırmasının” aparılıb-aparılmadığını müəyyənləşdirərkən Məhkəmə istintaqın lap başlanğıcından polisin ərizəçinin ailəsi tərəfindən seçilmiş vəkillə ərizəçinin görüşməsinə və özünə istədiyi vəkili seçməsinə faktiki əngəl törədən hərəkətlərini və prosesin sonrakı mərhələsi üçün polisin davranışının nəticələrini nəzərə almalıdır. Nəzəri cəhətdən, əgər şübhəli şəxs təyin olunmasına üstünlük verdiyi vəkilin deyil, peşə etikası qaydalarına bağlı olan başqa bir ixtisaslı vəkilin yardımını alırsa, bu, bütövlükdə məhkəmə araşdırmasının ədalətsiz olduğunu sübut etmək üçün özlüyündə kifayət deyil, bu şərtlə ki, vəkilin açıq-aydın səriştəsizliyinə və ya qərəzliliyinə dair sübut mövcud olmasın (bax: Artiko İtaliyaya qarşı, 13 may 1980-ci il, 33-cü bənd, A seriyaları, № 37). Hazırkı işdə belə hesab etmək olar ki, polisin davranışının nəticəsi aşağıdakılardan ibarət oldu: ərizəçi susmaq əvəzinə polis ifadə verdi, halbuki susa bilərdi və polisə verdiyi birinci ifadəsindəcə təqsiri boynuna aldı, bu isə sonradan ona qarşı sübut kimi qəbul edildi. Bu da önəmlidir ki, istintaq və onun ardınca aparılmış məhkəmə araşdırması zamanı ərizəçi, yüngül cəza təyin edilməsi barədə xahiş istisna olmaqla, sonradan öz etirafını təsdiqləmədi və polis tərəfindən ondan etirafın alınmış olduğu şəraitə elə ilk fürsətdəcə işin istintaqını aparan hakimin qarşısında etirazını bildirdi (yuxarıda 23-cü bəndə bax). Baxmayaraq ki, ona qarşı başqa sübutlar vardı, Məhkəmə bunu nəzərə almaya bilməz ki, onun ilkin etirafı, belə görünür ki, ona qarşı cinayət prosesinin sonrakı gedişinə mühüm təsir göstərmişdi. Xülasə, Məhkəmənin rəyinə görə, ailəsinin seçdiyi vəkillə ərizəçinin görüşməsinin qarşısını almış polisin davranışının real nəticəsi ondan ibarət idi ki, bu hal cinayət prosesinin sonrakı mərhələsinin ədalətliliyinə xələl gətirmişdi, belə ki, ərizəçinin öz əleyhinə verdiyi ilkin ifadə sübut kimi qəbul olunmuşdu.

e) Nəticə

112. Məhkəmə müəyyən etdi ki, polis nə ərizəçiyə məsləhət verməsi üçün vəkil G.M.-i işə cəlb etməyin mümkünlüyü haqqında, nə də G.M.-in Riyeka polis bölməsində olması barədə ərizəçiyə məlumat verməyib; polis tərəfindən dindirilərkən ərizəçi ittiham edildiyi cinayətlərdə təqsirini boynuna alıb və onun etirafı onun barəsindəki məhkəmə araşdırmasında sübut kimi qəbul edilib; milli məhkəmələr bu məsələni lazımınca araşdırmayıblar və konkret olaraq ədalətliliyi təmin etmək üçün vəziyyəti düzəldə biləcək adekvat tədbirlər görməyiblər. Məcmu halında götürülməklə bu amillər ərizəçinin müdafiə hüquqlarına sonradan düzəldilməsi mümkün olmayan ziyan yetirib və bütövlükdə prosesin ədalətliliyinə xələl gətirib.
113. Buna görə də, Məhkəmə bu işin hallarını nəzərə almaqla hesab edir ki, Konvensiyanın 6-cı maddəsinin 1 və 3″c” bəndlərinin pozuntusu baş verib.

II. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

114. Konvensiyanın 41-ci maddəsində deyilir:
“Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Yüksək Müqavilə Tərəfinin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edərsə, zəruri halda zərərçəkən tərəfə ədalətli təzminat təyin edir”.

A. Ziyan

115. Ərizəçi mənəvi ziyana görə 1.795.200 Xorvatiya kunası (HRK), habelə cinayət prosesinin və azadlıqdan məhrum edilməsinin ona yetirdiyi iztirabın kompensasiyası qismində 26 dekabr 2011-ci ildən başlayaraq həbsxanadan buraxıldığı tarixədək hər bir gün üçün əlavə 400 HRK tələb etdi.
116. Hökumət bununla bağlı hər hansı qeydini bildirmədi.
117. Məhkəmə ərizəçiyə qarşı məhkəmə prosesinin nəticəsi barədə fərziyyə yürüdə bilməz. Hazırkı işdə 6-cı maddənin 1-ci bəndinin və 3″c” bəndinin pozulduğunun müəyyən edilməsi o demək deyil ki, ərizəçi yanlış olaraq məhkum edilib. Məhkəmə hesab edir ki, pozuntunun müəyyən edilməsinin özü yetərincə ədalətli kompensasiya təşkil edir. O qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 502-ci maddəsi cinayət prosesinin təzələnməsinə imkan verir (yuxarıda 61-ci bəndə bax). Buna görə də o, ərizəçinin tələbini rədd edir (bax: Mozer Avstriyaya qarşı, ərizə № 12643/02, 108-ci bənd, 21 sentyabr 2006-cı il; Maresti Xorvatiyaya qarşı, ərizə № 55759/07, 75-ci bənd, 25 iyun 2009-cu il; Baloqa Ukraynaya qarşı, ərizə № 620/05, 38-ci bənd, 16 sentyabr 2010-cu il; Hanif və Xan Birləşmiş Krallığa qarşı, ərizələr № 52999/08 və 61779/08, 155-ci bənd, 20 dekabr 2011-ci il; Gürkan Türkiyəyə qarşı, ərizə № 10987/10, 26-cı bənd, 3 iyul 2012-ci il; Denkr Avstriyaya qarşı, ərizə № 23396/09, 24-cü bənd, 5 dekabr 2013-cü il; və Aras Türkiyəyə qarşı (№ 2), ərizə № 15065/07, 62-ci bənd, 18 noyabr 2014-cü il).

B. Məhkəmə xərcləri və digər məsrəflər

118. Palatadakı icraatda ərizəçi konstitusiya şikayətini təqdim etmək üçün çəkdiyi xərclərə görə 5.000 HRK tələb etdi. Bundan başqa, o, Avropa Məhkəməsindəki icraata çəkdiyi xərclərə görə 15.683 HRK tələb etdi.
119. Hökumət ölkədaxili icraata çəkilmiş xərclərə dair tələbə etiraz etdi.
120. Palataya təqdim etdiyi tələbə əlavə olaraq, 31 iyul 2014-cü ildə və 21 yanvar 2015-ci ildə ərizəçi məhkəmə xərcləri və digər məsrəflərlə bağlı daha bir tələbini təqdim etdi. Əlavə tələb 21 yanvar 2015-ci il tarixli dinləməyə hazırlaşma və həmin dinləmədə təmsil olunma ilə əlaqədar idi. Əlavə xərclərin ümumi məbləği 29.279,60 HRK idi.
121. Məhkəmənin presedent hüququna əsasən, ərizəçi yalnız o halda məhkəmə xərclərinin və digər məsrəflərin kompensasiyası hüququna malik olur ki, həmin xərclərin faktiki və zəruri olaraq çəkildiyini sübut etsin və onlar miqdarca ağlabatan olsun. Hazırkı işdə Məhkəmə qeyd edir ki, sözügedən cinayət prosesi ilə əlaqədar olaraq ərizəçinin təqdim etdiyi konstitusiya şikayəti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3″c” bəndinin Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntusunun düzəldilməsi məqsədini daşıyırdı. Sərəncamındakı sənədləri və özünün presedent hüququnu nəzərə alaraq, Məhkəmə 6.500 avro məbləğini bütün bəndlər üzrə xərclərin qarşılanması üçün ağlabatan məbləğ hesab edir və bu məbləği, üstəgəl həmin məbləğdən tutula bilən hər hansı vergi məbləğini ərizəçiyə təyin edir.

C. İcranın gecikdirilməsinə görə faiz

122. Məhkəmə məqsədəuyğun hesab edir ki, icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə əsaslanmalıdır və onun üzərinə daha üç faiz əlavə olunmalıdır.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:

1. Bir səsə qarşı on altı səslə qərara alır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi və 3″c” bəndi pozulub;
2. Bir səsə qarşı on altı səslə qərara alır ki, pozuntunun müəyyən edilməsinin özü ərizəçinin məruz qaldığı hər hansı mənəvi ziyana görə yetərincə ədalətli kompensasiya təşkil edir;
3. Bir səsə qarşı on altı səslə qərara alır ki:
a) cavabdeh dövlət məhkəmə xərclərinə və digər məsrəflərə görə üç ay ərzində ərizəçiyə 6.500 (altı min beş yüz) avro, üstəgəl bu məbləğdən tutula bilən hər hansı vergi məbləğini ödəməli, həmin məbləğlər ödəniş tarixində tətbiq edilən məzənnə üzrə cavabdeh dövlətin milli valyutasına çevrilməlidir;
b) yuxarıda qeyd edilən üç aylıq müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə olunmalıdır.
4. Ədalətli təzminat haqqında ərizəçinin qalan tələblərini yekdilliklə rədd edir.

Qərar ingilis və fransız dillərində tərtib edilib və 20 oktyabr 2015-ci ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.

Din Şpilmann (Dean Spielmann)
Sədr

Lourens Erli (Lawrence Early)
Hüquq məsləhətçisi

 

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@echr.coe.int.