MADDƏ 4&2/№51637/12 CHITOS YUNANISTANA QARŞI – 4 IYUN 2015-CI IL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

BİRİNCİ SEKSİYA

 

 

CHITOS YUNANISTANA qarşı işi

(Ərizə no. 51637/12)

QƏRAR

 

 

 

STRAZBURQ

4 iyun 2015

QƏTİ

19/10/2015

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə əsasən qətidir. Ona redaktə xarakterli dəyişikliklər edilə bilər.

 

Chitos Yunanıstana qarşı işində,

Avropa İnsan Hüquqları Məhkəməsi (birinci seksiya):
Isabelle Berro, Sədr,
Xanlar Hacıyev,
Mirjana Lazarova Trajkovska,
Julia Laffranque,
Paulo Pinto de Albuquerque,
Linos-Alexandre Sicilianos,
Erik Møse, hakimlər,
və Seksiya Katibi Søren Nielsendən ibarət tərkibdə,
12 may 2015-ci il tarixində qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı çıxarmışdır :

PROSEDUR

1. İş İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Konvensiyanın (« Konvensiya ») 34-cü maddəsinə əsasən Yunanıstan Respublikasının vətəndaşı cənab Georgios Chitos tərəfindən (« ərizəçi ») 31 iyul 2012-ci ildə Məhkəməyə təqdim edilmiş Yunanıstan Respublikasına qarşı ərizə (no. 51637/12) əsasında başlamışdır.
2. Ərizəçini Afinada vəkil qismində fəaliyyət göstərən cənab K. Giannakopoulos təmsil etmişdir. Yunanıstan Hökuməti (« Hökumət ») agentləri, Dövlət Hüquq Şurası yanında fəaliyyət göstərən ekspertlər xanım F. Dedousi və xanım K. Nasopoulou, və Dövlət Hüquq Şurası yanında dinləyici olan xanım V. Stroubouli tərəfindən təmsil olunmuşdur.
3. Ərizəçi Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndinin təkbaşına və Konvensiyanın 14-cü maddəsi ilə birgə götürülmüş pozuntusundan şikayət edir.
4. 27 sentyabr 2013-cü ildə ərizə Hökumətə kommunikasiya edilmişdir.

FAKTLAR

I. İŞİN HALLARI

5. Ərizəçi 1968-ci ildə doğulmuşdur və Salonikidə yaşayır.
6. O, 15 sentyabr 1986-cı ildə ordu korpusu zabitlərinin Hərbi Məktəbinə (tibbi seksiya) qəbul edilmişdir. O əmək haqqı almış və sosial üstünlüklərdən istifadə etmişdir. O, ödənişsiz əsaslarla Saloniki universitetinin tibb fakültəsində səhiyyə əməkdaşları olan həkimlər üçün nəzərdə tutulan altı illik akademik təhsil almışdır.
7. O, 3 iyun 1993-cü ildə, aldığı təhsil nəticəsində quru silahlı qüvvələrində həkim-leytenant təyin olundu.
8. İşin hallarının baş verdiyi zaman qüvvədə olan silahlı qüvvələr zabitlərinin statusu haqqında 1400/1973 saylı dekret-Qanunun 64 § 1-ci maddəsinə əsasən, ərizəçi öhdəsinə götürmüşdür ki, Hərbi Məktəbdə təhsil aldığı müddətin üç misli müddətində, başqa sözlə, on səkkiz il müddətində silahlı qüvvələrdə xidmət göstərəcək. Bu müddəaya 3257/2004 saylı Qanunun 1-ci maddəsi əsasında sonradan düzəliş edilmişdir və sözügedən müddət təhsilin 2 misli müddətinə, başqa sözlə 12 ilə qədər azaldılmışdır.
9. 18 yanvar 1996-cı ildə Quru Silahlı Qüvvələri qərargahı mütəxəssis vəzifələrinin tutulması məqsədilə müsabiqə təşkil etmişdir. Ərizəçi, həmçinin onun kimi zabit həkimlər ixtisaslaşma əldə etmələri məqsədilə bu müsabiqəyə dəvət olunmuşlar. Ərizəçi Salonikidə 424 saylı Baş Hərbi Xəstəxanaya yerləşdirilmiş və burada 26 iyul 1996-cı il tarixindən 30 iyul 1997-ci il tarixinə qədər daxili köməkçi funksiyalarını icra etmişdir. Sonradan, ərizəçi 30 iyul 1997-ci il tarixindən 27 iyul 2001-ci il tarixinə qədər əlavə yerləşdirilmə formasında (123/1975 saylı Qanunun 8-ci maddəsinə əsasən) Salonikinin Papanikolaou ümumi regional xəstəxanasında anesteziologiya üzrə ixtisaslaşaraq ödənişli əsaslarla köməkçi həkim vəzifəsini tutmuşdur.
10. Təxmini olaraq beş il müddətində zabit əmək haqqı almaqla həmin ixtisaslaşmanı tamamladıqdan sonra ərizəçi 1400/1973 saylı dekret-Qanunun 64 § 7-ci maddəsi əsasında əlavə olaraq beş il müddətində silahlı qüvvələrdə xidmət etmək öhdəliyini qəbul etmişdir. Yuxarıda göstərilmiş dekret-Qanunun 67 § 10-cu maddəsinə uyğun olaraq andiçmə bəyanatı təqdim edilmişdir.
11. Ərizəçi 22 yanvar 2006-cı il tarixinə kimi silahlı qüvvələrdə xidmət etmişdir və bu tarixdə, yəni 37 yaşında polkovnik-anestezioloq rütbəsi ilə istefa vermişdir.
12. Quru silahlı qüvvələri qərargahı 12 septembre 2006-cı il tarixli akt ilə ərizəçiyə bildirmişdir ki, 1400/1973-cü il saylı dekretin 64-cü maddəsinə əsasən, ərizəçi ya gərək əlavə doqquz il dörd ay on iki gün müddətində silahlı qüvvələrdə xidmət göstərsin, ya da xidmət göstərməli olduğu qalan müddət nəzərə alınmaqla hesablanacaq təzminat məbləğini dövlətə ödəsin.
13. 26 mai 2007-ci il tarixli qərara əsaslanaraq, quru silahlı qüvvələri qərargahının mühasibat idarəsi həmin təzminatın məbləğini 106 960 avro (Avro) olaraq hesablamışdır. Qərarda həmçinin göstərilmişdir ki, ərizəçi Auditorlar Məhkəməsi qarşısında icraat qaldıra bilər, lakin bu icraat ödənişin həyata keçirilməsini təxirə sala bilməz.
14. 25 juin 2007-ci il tarixində ərizəçi Auditorlar Məhkəməsinin beşinci palatasına müraciət edərək 12 sentyabr 2006-cı il tarixli aktın ləğvini tələb etmişdir. O, iddia etmişdir ki, 1400/1973 saylı dekretin 64-cü maddəsi Konstitusiyanın 22 § 4-cü maddəsinə (məcburi əməyin bütün formalarının qadağanı) və Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndinin təkbaşına və 14-cü maddə ilə birgə götürülmüş halına ziddir. 27 iyun 2007-ci ildə ərizəçi həmçinin yuxarıda göstərilmiş 26 may 2007-ci il tarixli qərarın icrasının dayandırılması üçün müraciət etmişdir.
15. 5 iyul 2007-ci ildə Auditorlar Məhkəməsinin palata sədri 26 may 2007-ci il tarixli qərarın icrasının dayandırılması barədə müvəqqəti sərəncam imzalamışdır. 29 oktyabr 2007-ci ildə Auditorlar Məhkəməsinin beşinci palatası icranın dayandırılması barədə müraciəti təsdiqləmişdir.
16. Auditorlar Məhkəməsinin beşinci palatası 13 fevral 2009-cu il tarixli 175/2009 saylı qərarı ilə ərizəçinin aktın ləğvinə dair tələbini əsassız olduğu əsası ilə rədd etmişdir. Palata xüsusilə hesab etmişdir ki, ərizəçinin ödəməli olduğu təzminat cəza təhlükəsi təşkil etməmiş, mütənasiblik prinsipinə xələl gətirməmiş, obyektiv qaydada hesablanmış və dövlətin peşəkar əsgərlər yetişdirmək məqsədilə çəkdiyi xərclərin ona qaytarılması məqsədini daşımışdır ki, dövlət bundan əlavə həmin əsgərlərə təhsilin və ixtisaslaşmanın bütün mərhələlərində əmək haqqı da ödəmişdir.
17. Ərizəçi 3 mart 2009-cu ildə bu qərardan Auditorlar Məhkəməsinin plenumuna kasassiya şikayəti vermişdir. Ərizəçi həmçinin 26 mart 2007-ci il tarixli qərarın icrasının dayandırılmasına dair həmin plenuma müraciət etmişdir.
18. 17 mart 2009-cu ildə Auditorlar Məhkəməsi plenumunun sədri yuxarıda göstərilən qərarın icrasının dayandırılmasına dair müvəqqəti sərəncam qəbul etmişdir. Paralel olaraq, 18 mart və sonradan 9 aprel 2009-cu il tarixində Saloniki vergi mərkəzi ərizəçini 106 960 Avro məbləğini, sonradan vergi hesablanması nəticəsində artmış 2 139,20 Avro məbləğini və aqrar sığorta təşkilatı xeyrinə 427,84 Avro məbləğini ödəməyə çağırmışdır.
19. 21 oktyabr 2009-cu il tarixində Auditorlar Məhkəməsinin plenumu sözügedən qərarın icrasının dayandırılması tələbini təsdiqləmişdir.
20. 10 may 2010-cu il tarixində Maliyyə Nazirliyinin vergi rəhbərliyi 26 may 2007-ci il tarixli qərarda nəzərdə tutulan nəzərdə tutulan məbləğin ötən il ərzində ödənilməməsi səbəbindən sözügedən məbləğin üzərinə 13 143, 24 Avro məbləğində gecikmə faizinin hesablanması barədə ərizəçini məlumatlandırmışdır. Həmçinin ərizəçiyə bildirilmişdir ki, müəyyən edilmiş məbləği ən geci 31 may 2010-cu il tarixinə kimi ödəyəcəyi halda, faizlərin 80% azaldılmasından faydalana bilər.
21. Ərizəçi 26 may 2010-cu il tarixində 112 155, 69 Avro məbləğini Saloniki vergi mərkəzinə ödəmişdir.
22. Auditorlar Məhkəməsinin plenumu 7 dekabr 2011-ci il tarixli (ərizəçiyə 10 fevral 2012-ci il tarixində təqdim olunub) 3230/2011 saylı qərarla kasassiya şikayətini qismən təmin etmişdir.
23. Auditorlar Məhkəməsinin plenumu hesab etmişdir ki, ərizəçinin ixtisaslaşması üçün zəruri olan beş illik müddətin, məcburi xidmətin beş illik müddətinə daxil edilməməsi faktı Konstitusiyanın 25-ci maddəsi ilə təmin olunan mütənasiblik prinsipinə ziddiyət təşkil etmişdir.
24. Plenum hesab etmişdir ki, ixtisaslaşmanın əldə olunması üçün zəruri olan illər zabit-həkim tərəfindən yerinə yetirilmiş həqiqi hərbi xidmətin tərkib hissəsi olmuşdur. Bu səbəbdən də, Plenum beşinci palata tərəfindən qəbul edilən, ixtisaslaşma üçün zəruri olan illərin təhsil müddəti olaraq qəbul edilməsinə və ərizəçi tərəfindən yerinə yetirilən məcburi xidmətin müddətinin hesablanmasına daxil edilməməsinə dair qərarı ləğv etmişdir.
25. Plenum Konvensiyanın pozuntusuna dair olan iddianı əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd etmişdir:
« Beş illik müddət ərzində zabit həkimin təhsilini təmin edən silahlı qüvvələrdə xidmət etməsi və qarşıya qoyulan məqsədə nail olmasını, başqa sözlə işləməyə zərurət olmadan orduda işlə təmin edildiyini nəzərə alaraq, (…) Dekretin 64-cü maddəsinin 7-ci bəndi Konstitusiyanın, sosial Xartiyanın və Konvensiyanın müddəaları ilə uyğundur. Həmin maddənin 16-cı bəndinə əsasən hesablanmalı olan təzminata gəldikdə isə, həmin təzminat zabitlərin təhsili üçün dövlətin çəkmiş olduğu xərclərin əvəzləşdirilməsi üsuludur və heç bir halda cəza qismində çıxış etmir. »
26. Auditorlar Məhkəməsinin plenumu işi fərqli tərkibdə təşkil olunan beşinci palataya geri göndərir. Işin geri göndərilməsi ərizəçinin ixtisaslaşması üçün olan beş illik müddətin xidmət müddəti qismində nəzərə alınması yolu ilə təzminatın müəyyənləşdirilməsinə dair olan akta yenidən baxılması ilə məhdudlaşmışdır.
27. Auditorlar Məhkəməsinin beşinci Palatası 12 dekabr 2013-cü il tarixli 4909/2013 saylı qərarla (ərizəçiyə 10 yanvar 2014-cü ildə çatdırılmışdır), ordu qərargahının mühasibat xidməti tərərfindən çıxarılmış 26 may 2007-ci il tarixli qərara dəyişiklik edərək ərizəçi tərəfindən ödənilməli olan məbləği azaldaraq 49 978,33 Avro olaraq müəyyən etmişdir.
28. Daha dəqiq olaraq isə, Auditorlar Məhkəməsi əvvəlcə hesab etmişdir ki, yuxarıda göstərilən 26 may 2007-ci il tarixli qərar hüquqi cəhətdən düzgün olmuşdur, çünki ərizəçi on yeddi illik məcburi xidmət bitmədən öncə ordunu tərk etmişdir. Bununla belə, Məhkəmə müəyyən etmişdir ki, ərizəçinin yerinə yetirməli olduğu xidmətin qalan müddəti ordu qərargahı tərəfindən hesablanmış doqquz il dörd ay on iki gün deyil, dörd il dörd ay 10 gün olmalıdır. Məhkəmə qeyd etmişdir ki, xidmətin müddətinə ərizəçinin 26 iyul 1996-ci ildə başlanmış və 27 iyul 2001-ci ildə tamamlanmış ixtisaslaşma təhsili müddəti də daxil edilməli idi, çünki 3230/2011 saylı qərarda da göstərildiyi kimi, ixtisaslaşma müddəti həqiqi xidmətin tərkib hissəsi hesab edilməlidir.
29. Dövlət 13 mart 2014-cü ildə 59 749,61 Avro məbləğini ərizəçinin Dövlətə ödəmiş olduğu məbləğ ilə yuxarıda göstərilmiş 4909/2013 saylı qərara əsasən müəyyənləşdirilən məbləğ arasındakı fərq qismində ona geri ödəmişdir.
30. Hökumət tərəfindən təqdim olunan məlumatlara əsasən, Ərizəçi həmin vaxtdan Salonikidə özəl xəstəxanada fəaliyyət göstərir.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

31. Ərizəçinin Hərbi Məktəbə və tibb fakültəsinə daxil olduğu, eləcə də, təhsilini bitirdiyi zaman qüvvədə olan Silahlı qüvvələr zabitlərinin statusu haqqında 1400/1973 saylı dekretin 64-cü maddəsinə əsasən, zabitlər leytenant rütbəsinə təyin olunduqları andan etibarən təhsil müddətinin üç misli müddətində silahlı qüvvələrdə xidmət edəcəkləri barədə öhdəlik qəbul etmişdilər. Silahlı qüvvələrin vasitəçiliyi ilə ixtisaslaşma əldə etmiş səhiyyə xidməti zabitləri əlavə beş il müddətində orduda xidmət etməyi öhdəliklərinə götürmüşdülər.
32. Bu müddəalara 3257/2004 saylı Qanunun 1-ci maddəsinə (silahlı qüvvələrin əməkdaşlarına dair məsələləri tənzimləyən) əsasən dəyişiklik edilmişdir. Qanunverici orqan zabitlərin hərbi məktəbdə təhsil aldıqların müddətin üç misli müddətində xidmət etmək öhdəliyini bu müddətin iki misli müddətinə qədər azaltmışdır. Qanunverici orqan ixtisaslaşma əldə etmiş və əlavə beş il xidmət etmək öhdəliyi olan zabitlər üçün bu öhdəliyi qüvvədə saxlamış və dövlətə təzminat ödəmək şərtilə xidmət müddətini tamamlamadan öhdəliklərinə xitam verilməsi imkanını təmin etmişdir. Bu təzminatın məbləği zabitin rütbəsinə müvafiq olaraq aldığı əsas əmək haqqı məbləğinin xidmət etməli olduğu ayların sayına vurulması yolu ilə əldə edilir.
33. Yuxarıda göstərilmiş 64-cü maddənin 3257/2004 saylı Qanuna əsasən dəyişiklik edilmiş mətni aşağıdakıları nəzərdə tutur:
« 1. Ordunun ali məktəbindən və ordu zabitləri məktəbindən məzun olmuş zabitlər leytenant, gizir və ya hava qüvvələrinin leytenantı rütbəsinə təyin olunduqları andan etibarən təhsil müddətinin iki misli müddətində silahlı qüvvələrdə xidmət etmək öhdəliyini öz üzərlərinə götürürlər (…)
7. [Ordunun] vəsaiti hesabına ixtisaslaşmış tibb korpusunun zabitləri silahlı qüvvələrdə əlavə beş il xidmət etmək öhdəliyini qəbul edirlər.
10. Öz xidməti rəhbərlikləri tərəfindən təhsil almaları məqsədilə göndərilən və ya öz təşəbbüsləri ilə müraciət edənlər sırasından bu məqsədlə seçilən zabitlər (…) üzərlərinə götürdükləri öhdəliklər barədə məlumatlandırıldıqlarına dair bəyanat təqdim etməlidirlər.
16. Silahlı qüvvələrdən istefa, reformasiya və ya xüsusi səbəblərdən təqaüdə çıxanlar (…) dövlətə məbləği rütbələrinə müvafiq dərəcədə aldıqları əsas əmək haqqı məbləğinin xidmət etməli olduqları qalan ayların sayına vurulmaqla əldə edilən təzminat ödəməlidirlər. Silahlı qüvvələri öhdəliklərini yerinə yetirmədən öz könüllü istəyi ilə tərk edən xaricdə təhsil almış zabitlər yuxarıda qeyd olunan təzminatdan əlavə onların təhsili üçün çəkilən xərcləri də qaytarmalıdırlar. (…)
17. Əvvəlki paraqrafda göstərilən tələblər ordunu sağlamlıq səbəbindən tərk edənlərə şamil olunmur. »
34. Həmin Qanunun 63-cü maddəsinin 3-cü və 4-cü bəndləri nəzərdə tutur:
« 3. Fəaliyyətdə olan zabitlərə aşağıdakılar qadağandır
a) hər hansı ödəniş müqabilində xüsusi vəzifənin və işin yerinə yetirilməsi və ya gəlir mənbəyi olan digər hər hansı peşəkar fəaliyyətin həyata keçirilməsi;
(…)
4. İstisna olaraq aşağıdakılara icazə verilir
a) səhiyyə zabitlərinin tibbi etikaya, (…) riayət etməsi və müvafiq ordu qərargahı rəisinin razılığını alması şərtilə (…) iş saatlarından kənar vaxtlarda özəl tibbi fəaliyyət göstərməsi (…) »
35. 3257/2004 saylı Qanunun təqdimat hesabatında göstərilmişdir ki, 1400/1973 saylı dekretin dəyişikliklər edilmiş maddələri əsasında zabit və serjantlar xüsusilə məcburi müddətlərdə silahlı qüvvələrdə xidmət etməyə məcbur edilirdi və təklif olunan dəyişikliklər Yunanıstanın Avropa sosial Xartiyasını ratifikasiya etməsi nəticəsində üzərinə götürdüyü öhdəliklər ilə yunan qanunvericiliyinin harmonizasiyanı nəzərdə tuturdu. Eləcə də, bu hesabata əsasən Avropa Sosial Xartiyasının 1 § 2-ci maddəsinə əsasən Razılığa gələn tərəflər «işçinin sərbəst həyata keçirilən işin nəticəsində öz dolanışığını qazanmaq hüququnu səmərəli şəkildə qorumağı öhdəliklərinə götürür ». Əlavə olaraq hesabatda göstərilmişdir ki, « sərbəst həyata keçirilən əmək » anlayışına dair sosial Xartiyanın silahlı qüvvələrin əməkdaşlarına məcburi xidmətin müddəti səbəbilə tətbiq edilən həddindən artıq təzyiqlərə dair şərhləri müntəzəm olaraq Dövləti və xüsusilə də, Müdafiə nazirliyini çətin vəziyyətdə qoymuşdur.
36. Dövlət Şurası 1571/2010 saylı qərarında göstərmişdir ki, silahlı qüvvələrin əməkdaşlarına həddindən artıq uzun müddət xidmətdə qalma öhdəliyi qoyan və bu öhdəlikdən imtina etmə imkanı yaratmayan 1400/1973 saylı dekretin 64-cü maddəsinin 3257/2004-cü il tarixli Qanunla dəyişikliklər edilməzdən öncə qüvvədə olan müddəaları Avropa Sosial Xartiyasının 1 § 2-ci maddəsinə zidd olmuşdur. O həmçinin hesab etmişdir ki, həmin maddənin müddəaları « gördüyü işin hüquqi xarakterindən asılı olmayaraq bütün işçiləri işi görməyə davam etməyi və ya özünün istəmədiyi bir peşəni yerinə yetirməyə məcbur etməyi qadağan edir ».
37. Quru silahlı qüvvələri əməkdaşlarının təyin olunması haqqında 1394/1983 saylı Qanunun 14 § 1-ci maddəsi nəzərdə tutur ki:
« Səhiyyə xidmətinin həkim zabitləri ixtisaslaşmanı yalnız səhiyyə xidmətinin vasitəçiliyilə əldə edə bilərlər. Əgər onlar ixtisas seçimini özləri müəyyənləşdirərlərsə, bu halda təhsilin son iki ayı müddətində səhiyyə xidmətinin təhsil şöbəsini bu barədə məlumatlandırmağa borcludurlar. Təhsil yerli ərazi daxilində, ya da, bu mümkün olmazsa, xaricdə həyata keçirilir : həmin təhsil maraqlı tərəflər üçün xidmətin ehtiyaclarına cavab verən ixtisasın əldə edilməsinə yönəlmişdir və özündə xidmətdə əlavə müddət ərzində qalmaq öhdəliyini ehtiva edir (…) »
38. Həmçinin yerli səhiyyə sistemi haqqında olan 1397/1983 saylı Qanunun 38 § 2-ci maddəsi aşağıdakıları nəzərdə tutur:
« Həkimin ixtisaslaşması məqsədilə hər xəstəxana üçün nəzərdə tutulan yerlərdən əlavə yerlərə yerləşdirilməsi qadağandır. Bu qadağa Səhiyyə nazirliyinin qərarı əsasında əlavə yerlərə yerləşdirilə bilən silahlı qüvvələrin daimi həkimlərinə şamil edilmir (…) »
39. Auditorlar Məhkəməsinin beşinci palatası 2763/2013 saylı qərarında bu nəticəyə gəlmişdir ki, göstərilən uzunmüddətli xidmətin təmin olunması və ixtisaslı kadrların çatışmazlığı səbəbindən qəflətən yarana biləcək zəifləmənin qarşısını almaq məqsədilə səhiyyə xidmətinin zabitlərinə münasibətdə ümumi və obyektiv meyarlara əsaslanaraq tətbiq edilən bu məhdudiyyət (müəyyən müddət xidmətdə qalmaq öhdəliyi) hərbi xəstəxanaların və müalicə məntəqələrinin müntəzəm fəaliyyətini təmin etmək üçün zəruri və adekvat tədbir olmuşdur. Bununla bağlı, Auditorlar Məhkəməsi qeyd etmişdir ki, həmin öhdəlik məcburi əməyin bir növü kimi qiymətləndirilə bilməz. Auditorlar Məhkəməsinin şərhinə əsasən, maraqlı tərəflər ordu zabitləri məktəbinə qəbul edildikləri zaman açıq şəkildə qanunda nəzərdə tutulmalı olan və maraqlı tərəflərə əvvəlcədən məlum olan bu öhdəliyi ondan irəli gələn üstünlüklər və məhdudiyyətlər nəzərə alınaraq qəbul etmişlər. Beləliklə də, həmin öhdəliyin yerinə yetirilməməsi səbəbindən yaranacaq nəticələr, başqa sözlə, təzminat barəsində məlumatlı olmalı idilər. Əlavə olaraq, Auditorlar Məhkəməsi hesab etmişdir ki, peşəkar həkim zabitlərin formalaşdırılması məqsədi ilə bu öhdəlik arasında qeyri mütənasiblik olmamışdır, belə ki, onlar əvəzində iş saatlarından kənarda özəl tibb müəssisələrində həkim kimi fəaliyyət göstərmək imkanından faydalanmışlar.
40. Auditorlar Məhkəməsi əlavə etmişdir ki, 64-cü maddənin 16-cı bəndində nəzərdə tutulan təzminat ödəmə öhdəliyi həddindən artıq olmamış və mütənasiblik prinsipini pozmamışdır. Məhkəmə bildirmişdir ki, həmin öhdəlik Dövlət hesabına formalaşdırılan, həmçinin haqları ödənilən peşəkar zabitlərin ordunu vaxtından əvvəl və qəflətən tərk etməsi səbəbindən yarana biləcək xərclərin əvəzləşdirilməsini təmin etmişdir. Məhkəmə hesab etmişdir ki, məsrəflər qismində yalnız Dövlət tərəfindən hərbçilərin təhsil müddəti ərzində çəkilən birbaşa xərclər (qida, geyim və təminat xərcləri) deyil, lakin eləcə də, dolayı olaraq sözügedən hərbi məktəb binalarının istifadəsi və saxlanılması, həmçinin də davamlı istismarı üçün çəkilən inzibati xərclər də nəzərə alınmalıdır. Auditorlar Məhkəməsi nəticədə qeyd etmişdir ki, ordunu tərk edən hər bir zabit üçün çəkilən yuxarıda göstərilən xərclərin dəqiq məbləğini müəyyənləşdirməyin mümkünsüzlüyünü nəzərə alaraq, təzminatın məbləği xidmətin yerinə yetirilməmiş hissəsinin müddətini əhatə edəcək şəkildə obyektiv əsaslarla müəyyən edilmişdir.
41. Auditorlar Məhkəməsinin beşinci palatası 3822/2013 saylı qərarında bu qənaətə gəlmişdir ki, təhsilin ikiqat müddətinə uyğun gələn zaman boyunca məcburi xidmət göstərmək və təzminat ödəmək ümumi maraqlara : silahlı qüvvələrə müəyyən ağlabatan müddət ərzində ixtisaslı və səriştəli heyətin formalaşdırılmasına nail olmağı təmin edən adekvat, ağlabatan və zəruri məhdudiyyət qismində çıxış edir. Məhkəmə qeyd etmişdir ki, bu məqsədə başqa vasitələrlə nail olmaq mümkün deyil, belə ki, zabitlərin vaxtından əvvəl və eyni vaxtda ordudan getməsi halında onların eyni təhsilə malik zabitlərlə dərhal əvəzləşdirilməsi mümkün olmayacaq və belə vəziyyət ölkənin təhlükəsizliyinə xələl gətirə bilər.
42. Auditorlar Məhkəməsi həmçinin qeyd etmişdir ki, vaxtından əvvəl ordunu tərk edən heyət üçün nəzərdə tutulan təzminat bir tərəfdən dövlətin onların təhsili, yaşayış yeri, qidalanması və geyimi üçün habelə hərbi məktəblərin saxlanılması və fəaliyyəti üçün çəkdiyi xərcləri, digər tərəfdən isə, həmin heyətin başqa kadrlarla əvəzləşdirilməsindən irəli gələcək xərcləri əhatə edir.
43. 356/1974 saylı dekret-Qanunun (dövlət gəlirlərinin yığılmasına dair qaydalar) 3 § 1-ci maddəsinə əsasən Dövlətə olan borclar birdəfəlik şəkildə və ya qanunda nəzərdə tutulduğu halda hissələrə bölünməklə ödənilir.
44. Dövlət Hüquq Şurası 27 mart 2002-ci il tarixli 120/2002 saylı qərarında göstərmişdir ki, silahlı qüvvələrin maliyyə tədbirləri və mühasibat uçotu barədə 721/1970 saylı dekret-Qanunun 96-cı maddəsi zabitlər üçün Dövlətə olan borclarını hissələrə bölməklə ödəmək imkanını nəzərdə tutur. Bununla belə o qeyd etmişdir ki, sözügedən zabitin maliyyə vəziyyəti, borcun məbləği, əvvəlki halların mövcudluğu və eləcə də, həmin məbləğin birdəfəlik və hissələrlə ödənilməsi halları nəzərə alınmaqla borclunu çətin maddi vəziyyətə salmaqdan yayınmaq məqsədinin müəyyənləşdirilməsi orduya məxsusdur.

III. BEYNƏLXALQ SƏNƏDLƏR VƏ TƏCRÜBƏ

A. Avropa Sosial Xartiyası

45. Avropa Sosial Xartiyasının 1 § 2-ci maddəsində deyilir:
« Əmək hüququnun səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Razılığa gələn tərəflər üzərinə götürür:
2. işçilərin öz yaşayışlarını sərbəst seçdikləri peşə üzrə əməklə qazanmaq hüququnun səmərəli şəkildə müdafiəsi. »

B. Avropa Şurasının Sosial hüquqlar üzrə Avropa Komitəsi

46. Yunanıstanla bağlı bir sıra qərarlarında Sosial hüquqlar üzrə Avropa Komitəsi qeyd etmişdir:
47. 2004-cü il tarixli XVII-1nəticələrində:
« Daha əvvəlki nəticələrində Komitə məcburi əməyin qadağanı ilə əlaqədar olan uyğunsuzluğun üç əsasını müəyyən etmişdir: (…) ii) silahlı qüvvələrin zabitlərinin xidməti tərk etmələrinin mümkünsüz olduğu müddətin həddindən artıq uzunluğu (25 il) (bu əsas daha əvvəllər 7/2000 saylı şikayətdə öz əksini tapmışdır) ; (…)
(…) Komitə qeyd edir ki, 2003-cü ildə qəbul edilmiş Qanuna əsasən universitet səviyyəsində hərbi təhsil almış və xaricdə təhsil almış zabitlər aldıqları təhsilin ikiqat müddəti ərzində xidmət etməyə borculudurlar. Hesabatda həmçinin göstərilir ki, yeni yanaşmaya əsasən hərbi xidmətdə qalma öhdəliyi 25 ildən təqribən 10 ilə kimi azaldacaqdır. Komitə hesab edir ki, yeni Qanun əsasında nəzərdə tutulan orduda qalma müddəti həddindən artıq deyil. »
48. 2006-cı il tarixli XVIII-1 nəticələrində:
« Komitə öz əvvəlki nəticəsində qeyd etmişdir ki, silahlı qüvvələrin zabitlərinin ordunu tərk etmələrinə qoyulan məhdudiyyət (25 il) (bu əsasa İnsan hüquqlarının beynəlxalq Federasiyası Yunanıstana qarşı şikayətində də istinad olunmuşdur (5 dekabr 2000-cil tarixli 7/2000 saylı mahiyyəti üzrə qərar) 3257/2004 saylı Qanuna əsasən azaldılmışdır. Həmin sənədin məzmunu zabitlərin ordunu tərk etmədən həyata keçirmələri olduqları xidmətin müddətini azaldır. Ordunun universitet səviyyəsində hərbi təhsil alan və ya xaricdə təhsil alan zabitləri təhsil aldıqları müddətin ən azı ikiqat müddətində orduda xidmət etməlidirlər. Daha əvvəlki hesabata əsasən məcburi xidmətin maksimum müddəti 25 ilədək azaldılmışdır. Komitə hesab edir ki, bu müddət 1§2-ci maddəyə uyğundur. »
49. 2012-ci il tarixli XX-1 nəticələrində :
« Silahlı qüvvələrdə minimum xidmət etmə müddəti
Komitə peşəkar silahlı qüvvələrdə minimum xidmət etmə müddətinə dair məlumatları qeyd edir. O, qeyd edir ki, minimum müddət ağlabatan olmalıdır və minimum müddət faydalanan şəxsin istifadə etdiyi təhsil və ya təlim səbəbindən uzadılmışdırsa, həmin müddət bu təhsilin və ya təlimin müddətinə mütənasib olmalıdır. Eləcə də, xidmətə vaxtından əvvəl xitam verilməsilə əlaqədar ödənilməli olan haqlar və xərclər də mütənasib olmalıdır. »
50. Əlavə olaraq, İrlandiya ilə əlaqədar olan 2012-cil il nəticələrində Komitə müəyyən etmişdir :
« Silahlı qüvvələrdə minimum xidmət etmə müddəti
Komitə zabitlərin silahlı qüvvələrlə olan müqaviləsinə vaxtından əvvəl xitam verməsi halının yalnız onların təhsilinə xərclənən məbləğin ən azından bir hissəsinin ödənilməsi və vaxtından əvvəl təqaüdə getmənin Müdafiə nazirliyinin mülahizəsinə buraxılması ilə şərtləşdirilməsinin uyğunsuzluq təşkil etdiyinə dair nəticəyə gəldiyini xatırladır. Komitə hesab etmişdir ki, şərbəst şəkildə əməyin seçilməsi və ona xitam verilməsi azadlığının təmin olunması üçün həddindən artıq uzun müddət xidmət göstərməyə səbəb ola bilər. Uyğunsuzluğun bu əsası 1998-ci ildən etibarən aşkarlanmışdır (Nəticələr XIV-1, səh. 435 və 436) və hesabat heç bir dəyişiklik nəzərdə tutmur. »

C. Avropa Şurasının Nazirlər Komitəsi

51. Nazirlər Komitəsinin Üzv dövlətlərə ünvanladığı silahlı qüvvələrin üzvlərinin insan hüquqlarına dair (24 fevral 2010-cu ildə qəbul edilib) CM/Rec(2010)4 saylı Tövsiyəsində nəzərdə tutulur ki:
« 16. Hakimiyyət orqanları silahlı qüvvələrin peşəkar üzvlərinə silahlı qüvvələri tərk etmək hüququna əsasssız məhdudiyyətə səbəb olacaq və məcburi əməyə bərabər tutula biləcək xidmət müddəti tətbiq etməməlidir. »

D. Beynəlxalq Əmək Təşkilatının məcburi əməyə dair 29 saylı Konvensiyası

52. Konvensiyanın 2 § 2 a) maddəsi nəzərdə tutur:
« 1. Hazırki konvensiyanın məqsədləri üçün, məcburi və ya icbari əmək termini hər hansı cəza hədə-qorxusu ilə şəxsdən tələb edilən və həmin şəxsin özü tərəfindən könüllü şəkildə təklif edilməyən bütün iş və xidmətləri əhatə edir.
2. Bununla belə, hazırki konvensiyanın məqsədləri üçün, məcburi və ya icbari əmək termininə daxil deyil:
a). məcburi hərbi xidmət haqqında olan qanunlar əsasında tələb olunan və sırf hərbi xarakterli işlərdən irəli gələn bütün iş və xidmətlər. »

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 4-CÜ MADDƏSİNİN 2-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

53. Ərizəçi bildirir ki, dövlətdaxili qanunvericilik tərəfindən ona tətbiq edilən və orduda onun fikrincə, çox uzun müddət xidmət etmək və ya Dövlətə öhdəliyinin icra edilməməsi səbəbindən onun həddindən artıq hesab etdiyi məbləğdə təzminat ödəmək öhdəliyi məcburi və ya icbari əmək təşkil edir, çünki belə öhdəlik əmək azadlığına münasibətdə qeyri-mütənasib çəkidədir və bu azadlığın lazımsız məhdudlaşdırılmasına gətirib çıxarır. O, bununla bağlı Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndinə istinad edir ki, həmin maddədə də aşağıdakılar nəzərdə tutulur:
« Heç kəs məcburi və ya icbari əməyə cəlb oluna bilməz. »
54. Məhkəmə həmçinin hazırki işdə 4-cü maddənin 3-cü bəndinin müvafiq müddəalarını da qeyd etməyi məqsədəuyğun hesab edir.
« 3. Hazırki maddənin məqsədləri üçün « məcburi və ya icbari əmək » termini aşağıdakıları ehtiva etmir:
b) hərbi xarakterli bütün xidmət və ya hərbi mükəlləfiyyətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə məcburi hərbi xidməti əvəz edən digər xidmət. »

A. Qəbuledilənlik

1. Ərizəçinin qurban statusu barədə

55. Hökumət Auditorlar Məhkəməsinin plenum qərarına əsaslanaraq ərizəçinin qurban statusunun olamasına etiraz edir. Bu hala münasibətdə Hökumət qeyd edir ki, həmin qərarın müddəalarının şərhi nəticəsində ərizəçinin xidmət etmə öhdəliyinin müddəti qısalmış və nəticədə ərizəçinin Dövlətə ödəməli olduğu təzminatın məbləği də azalmışdır.
56. Ərizəçi qeyd edir ki, nə onun ixtisaslaşma müddətinin orduda məcburi xidmət etmə öhdəliyi müddətinə daxil edilməli olduğu qənaətinə gələn Auditorlar Məhkəməsinin 3230/2011 saylı Plenum qərarı, nə də auditorlar məhkəməsinin sonrakı 4909/2013 saylı beşinci palata qərarı onu qurban statusundan məhrum etmir.
57. Məhkəmə xatırladır ki, ərizəçinin xeyrinə olan hər hansı qərar və əlverişli tədbir prinsip etibarilə onun « qurban » statusundan məhrum edilməsinə yalnız o halda səbəb olur ki, yerli hakimiyyət orqanları açıq şəkildə və ya mahiyyət etibarilə Konvensiyanın pozuntusunu tanımış və sonradan onu aradan qaldırmışdır. Konvensiya ilə təmin olunan hüququn daxili səviyyədə pozuntusunun aradan qaldırılması üçün olan adekvat və yetərli təzminata gəldikdə isə, Məhkəmə ümumi olaraq hesab edir ki, bu bütövlükdə işin hallarından, xüsusilə də Konvensiyanın sözügedən pozuntusunun xarakterindən asılıdır (Scordino c. Italie (no 1) [BP], no 36813/97, §§ 180 və186, CEDH 2006-V).
58. Məhkəmə qeyd edir ki, hazırki işdə ərizəçinin şikayəti onun orduda xidmət öhdəliyinin müddətinə və eləcə də, öhdəliklərinə müəyyən edilmiş vaxtdan əvvəl ordunu tərk etməklə xitam verməsi halında ödəməli olduğu təzminatın məbləği ilə bağlıdır. Məhkəmə müşahidə edir ki, Auditorlar Məhkəməsinin plenumu Konvensiyanın pozunutusuna dair şikayətləri qəti olaraq rədd etmişdir və bu qərar beşinci palata üçün məcburi qüvvəyə malik olmuşdur. Əlavə olaraq, Auditorlar Məhkəməsinin beşinci palatası işə yenidən baxaraq ərizəçinin orduda əlavə olaraq yalnız dörd il dörd ay on gün müddətində xidmət etməli olduğunu qeyd etməklə və nəticədə, onun ödəməli olduğu təzminatın məbləğini də 106 960 Avro-dan 49 978,33 Avro-ya qədər azaltmaqla kifayətlənmişdir. Auditorlar Məhkəməsi nə açıqca, nə də mahiyyəti üzrə Konvensiyanın 4-cü maddəsinin pozulduğu qənaətinə gəlməmişdir. Ərizəçinin xidmət etməli olduğu müddətin və ödəməli olduğu təzminatın məbləğinin əhəmiyyətli dərəcədə azaldılması işə mahiyyət üzrə baxılmanın bir aspektini təşkil edir və qurban statusuna təsir edə bilməz.

2. Ərizənin vaxtsız xarakterinə dair

59. Hökumət iddia edir ki, şikayət vaxtından əvvəl qaldırılmışdır, çünki ona əsasən Hökumət Məhkəməyə müraciət etməzdən əvvəl gözləməli idi ki, beşinci palata ona geri göndərilən və ərizəçinin silahlı qüvvələrdə xidmət etməli olduğu dəqiq müddətin və təzminatın məbləğinin müəyyənləşdirilməsinə dair 12 dekabr 2013-cü il tarixli iş barəsində qərar çıxarsın.
60. Ərizəçi qeyd edir ki, Auditorlar Məhkəməsinin plenumu 7 dekabr 2011-ci il tarixli 3230/2011 saylı qərarında Konvensiyanın pozuntusuna dair şikayətləri qəti surətdə rədd etmişdir. O əlavə edir ki, yuxarıda göstərilən qərar Auditorlar Məhkəməsinin beşinci palatası üçün məcburedici qüvvəyə malik olmuşdur və həmin palata Konvensiyanın 4-cü maddəsinin pozuntusuna dair yenidən qərar verə bilməzdi.
61. Məhkəmə xatırladır ki, Konvensiyanın 35 § 1-ci maddəsi ərizəçidən Məhkəməyə şikayətini sözügedən məsələ ilə bağlı dövlətdaxili səviyyədə qəti qərarın çıxarılmasından sonra müraciət etməsinin məcburi olduğu şəkildə şərh oluna bilməz (Varnava et autres c. Turquie [GC], nos 16064/90, 16065/90, 16066/90, 16068/90, 16069/90, 16070/90, 16071/90, 16072/90 və 16073/90, § 157, CEDH 2009).
62. Hazırki işdə Məhkəmə qeyd edir ki, ərizəçi öz şikayətini Auditorlar Məhkəməsinin plenumu öz qərarını çıxardıqdan sonra, yəni 31 iyul 2012-ci il tarixində təqdim etmişdir. İcraatına geri qaytarılan işə dair 12 dekabr 2013-cü il tarixli qərar çıxaran Auditorlar Məhkəməsinin beşinci palatasının səlahiyyəti plenum qərarının nəticələrindən asılı olaraq ərizəçi tərəfindən mübahisələndirilən inzibati aktlara yenidən baxılması ilə məhdudlaşırdı. Beşinci palata bundan sonra Konvensiyadan irəli gələn məsələləri araşdıra bilməz, yalnız ərizəçinin beş illik ixtisaslaşma müddətini onun silahlı qüvvələrdə ümumi xidmət müddətinə daxil edə və nəticədə, onun ödəməli olduğu təzminatın məbləğini hesablaya bilər. Beləliklə, Konvensiyanın 35 § 1-ci maddəsinin məzmunu baxımından ölkədaxili qəti qərar Auditorlar Məhkəməsinin plenumunun 3230/2011 saylı qərarı olmuşdur.

3. Şikayətin sui-istifadə xarakterinə dair

63. Hökumət qeyd edir ki, ərizəçi şikayət hüququndan sui-istifadə etmişdir, xüsusilə ona görə ki, Papanikolaou ümumi regional xəstəxanasına əlavə yerləşdirmə qaydasında anestezioloq köməkçisi qismində təyin olunmasına etiraz edir. Belə ki, həm Auditorlar Məhkəməsinin beşinci palatası, həm də, onun plenumu ərizəçinin ixtisaslaşma əldə etmək məqsədilə müəyyənləşdirilən hədd aşılmaqla əlavə olaraq yerləşdirildiyini müəyyən etmişdi.
64. Ərizəçi iddia edir ki, onun şikayəti heç bir sui-istifadə xarakteri daşımır, həqiqi məsələ xarakterindən məhrum deyil və Məhkəməyə yalnış məlumat vermək məqsədi daşımır.
65. Məhkəmə xatırladır ki əgər şikayət qəsdən düzgün olmayan faktlara əsaslanarsa, bu hal 35 § 3 a) maddəyə əsasən fərdi müraciət hüququndan sui-istifadə elan oluna bilər. Natamam və yanıldıcı məlumat xüsusilə də, işin özəyinə aid olduğu və ərizəçinin müvafiq məlumatları paylaşmaması səbəblərini kifayət qədər izah etmədiyi təqdirdə fərdi müraciət hüququndan sui-istifadə hesab oluna bilər (Gross c. Suisse [BP], no 67810/10, § 28, 30 septembre 2014).
66. Hazırki işin hallarında Məhkəmə şikayətin sui-istifadə xarakterli hesab olunmasına əsas verə bilən heç bir element aşkarlamamışdır. Maraqlı tərəfin ixtisaslaşma əldə etməsi məqsədilə xəstəxanada əlavə qaydada yerləşdirilib-yerləşdirilməməsi, Konvensiyanın 4-cü maddəsinin pozuntusu əsasında Məhkəmənin dəyərləndirməsi baxımından az əhəmiyyətli məsələdir.

4. Nəticə

67. Məhkəmə Hökumətin ilkin etirazlarını rədd edir. Əlavə olaraq, şikayətin Konvensiyanın 35 § 3 a) maddəsi baxımından açıq-aşkar əsaslandırılmamış olmaması və qəbuledilməzliyə dair hər hansı əsas olmaması səbəbindən onu qəbuledilən elan edir.

B. Mahiyyət

1. Tərəflərin arqumentləri

a) Hökumət

68. Hökumət iddia edir ki, hazırki işin hallarında əks olunan vəziyyət Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndi baxımından məcburi əmək hesab edilmir. O qeyd edir ki, ərizəçi hərbi məktəbdə təhsil aldıqdan, leytenant rütbəsinə təyin edildikdən və ixtisaslaşma əldə etdikdən sonra könüllü olaraq silahlı qüvvələrdə on iki il və əlavə beş il xidmət etmək öhdəliyini üzərinə götürüb. Hökumət əlavə edir ki, maraqlı tərəf qanunda açıq şəkildə nəzərdə tutulmuş həmin öhdəlikdən xəbərdar olmuşdur, çünki qeyd edilən müddəalar zabit həkimlərin karyerasını tənzimləyən normaların tərkib hissəsini təşkil etmişdir və ərizəçi də hətta bu normalar çərçivəsində müəyyənləşdirilən prosedurlardan istifadə etmiş və onlardan irəli gələn üstünlüklərdən də faydalanmışdır.
69. Hökumət həmçinin elan edir ki, ərizəçinin ixtisaslaşma əldə etməsi üçün məcbur edildiyinə dair iddiaları əsassızdır. Belə ixtisaslaşma məcburi deyil və yalnız maraqlı tərəfin karyerası baxımından nəzərə alınır. O, quru silahlı qüvvələri tərəfindən mütəxəssis yerlərinin tutulması məqsədilə tərtib edilmiş müsabiqədə könüllü olaraq iştirak etmiş, ixtisaslaşmış zabit həkimlərin əlavə yerləşdirilməsini nəzərdə tutan güzəştli rəftardan və belə ixtisaslaşmanın nəticəsi qismində vəzifədə yüksəlmə imkanından (komandir rütbəsinə yüksəlmişdir) da faydalanmışdır. Hökumət əlavə olaraq bildirmişdir ki, ərizəçi 1400/1973 saylı prezident fərmanının 63 § 4-cü maddəsinə əsasən özəl formada da həkim peşəsini həyata keçirmək imkanına da malik olmuşdur.
70. Bundan əlavə Hökumət bildirir ki, ərizəçi ixtisaslaşma əldə etməsi məqsədilə əlavə qaydada iş yerinə yerləşdirildi, halbuki mülki həkimlər belə yerləşdirmə üçün yeni vakant yerlərin yaranmasını və priotet sırası və ya püşkatma yolu ilə yerləşdirilməni gözləməli idilər. Beləliklə, maraqlı tərəf gözləməyə, hər hansı hərəkətləri etməyə və xərcləri ödəməyə məcbur olmadan ixtisaslaşma əldə etmişdir. Əlavə olaraq da, ixtisaslaşma müddəti boyunca o hərbi həkim maaşı almışdır.
71. Üstəlik, Hökumət bildirir ki, ərizəçi öz ərizəsində mütənasiblik prinsipinin pozulmasından şikayət etmir və buna görə də Məhkəmənin bu sualı cavablandırmağa səlahiyyəti yoxdur. Məhkəmə əlavə edir ki, maraqlı tərəf xidmət göstərməli olduğu müddətin daha qısa olmasına və ya daha az məbləğdə təzminat ödəməli olmasına dair hətta ikinci dərəcəli belə iddia qaldırmamış, lakin heç bir məhdudiyyət olmadan öhdəliklərinə xitam verməli və ordudan getmə zamanının özünün müəyyənləşdirməli olduğunu qeyd etməklə kifayətlənmişdir.
72. Həkim zabitlərə 1400/1973 saylı dekretin 64-cü maddəsi əsasında tətbiq edilən məhdudiyyətlərin məqsədinə və mütənasibliyinə gəldikdə isə, Hökumət Auditorlar Məhkəməsinin 2763/2013 və 3822/2013 saylı qərarlarının nəticələrinə göndəriş edir (yuxarıda göstərilən 39 – 42 bəndlər).
73. Yekun olaraq, Hökumət bildirir ki, ərizəçinin 721/1970 saylı dekretin 94-cü maddəsi və 1225/1981 saylı dekretin 51-ci maddəsi əsasında icranın dayandırılmasına dair əvvəlcədən ərizə ilə müraciət etməklə təzminat məbləğini dərhal vergi mərkəzinə ödəməmək və Auditorlar Məhkəməsinin plenumunun qərarını gözləmək imkanı olmuşdur. O, həmçinin göstərir ki, daxili qanunvericilik maraqlı tərəfə orduya müraciət etməklə ona olan borcunu hissələrlə ödəmək barədə icazə istəmək imkanı yaratmışdır. O əminliklə qeyd edir ki, belə bir mülahizə səlahiyyətinə malik olmaqla ordu ərizəçinin maddi vəziyyətini, borcunun məbləğini və müvafiq təcrübəni nəzərə almış olardı.

b) Ərizəçi

74. Van der Mussele c. Belgique (23 noyabr 1983, §§ 34-35, série A no 70) və Mihal c. Slovaquie ((déc.) no 23360/08, §§ 44-47, 28 iyun 2011) qərarlarına istinad edərək ərizəçi bildirir ki, ona tətbiq edilən ödəniş cəza xarakteri daşımasa belə « cəzalanma təhlükəsi » təşkil etmişdir. O, xüsusilə qeyd edir ki, bu ödəniş öhdəliyi « cəzalanma təhlükəsi » ilə öz iradəsi əleyhinə xidmət göstərməyə cəlb edilməsi üçün əsaslı dərəcədə potensial və kifayət qədər narahatedici nəticələrə səbəb olmuşdur. O, bununla bağlı qeyd edir ki, Hökumət digər ölkələrdə oxşar qanunvericiliklərdən nümunələr gətirməklə və ödənişin ağırlığını yüngülləşdirən bəzi üstünlükləri sadalamaqla kifayətlənir.
75. Ərizəçi (yuxarıda qeyd edilən) Van der Mussele qərarına istinad etməklə iddia edir ki, heç vaxt sözügedən işin görülməsini « könüllü olaraq » qəbul etməmişdir. O qəbul edir ki, orduda zabit olmağı seçmiş və nəticədə, bu seçimlə bağlı olan bütün tələblərə əməl etmək zərurəti yaranmışdır. Bununla belə, ərizəçi qeyd edir ki, vəziyyəti ümumi mənada qəbul etmişdir və bu hal onun fikrincə, Konvensiya ilə təmin olunan hüquqlara zidd öhdəliklərin həyata keçirilməsinə dair açıq razılıq hesab edilə bilməz. Ərizəçi eləcə də qeyd edir ki, ordunun səlahiyyətli orqanları onu orduda əlavə beş il müddətində xidmət etmə öhdəliyi barədə heç vaxt məlumatlandırmayıblar. O təsdiq edir ki, 18 yanvar 1991-ci ildə zabitlərə – eləcə də onun özünə – elan edilən dəvət onları ixtisaslaşma əldə etmək üçün müraciət etməyə və həmçinin orduda onlara daha yaxşı karyera əldə etmək imkanı yaradacaq əlavə təcrübənin əldə edilməsinə həvəsləndirmək məqsədi daşımışdır.
76. Öhdəliyin ağlabatan olması məsələsinə gəldikdə isə, ərizəçi qeyd edir ki, elmi məqalələr nəşr etdirmək və ya özəl həkim kimi fəaliyyət göstərmək imkanı Dövlət tərəfindən ona tətbiq edilən öhdəliyin əvəzləşdirilməsi üçün kifayət etmir. Bununla bağlı qeyd edir ki, o anestezioloqdur, ümumi həkim deyil. O düşünür ki, əgər mübahisələndirilən təzminat Hökumət tərəfindən qeyd olunduğu kimi zabitlərin formalaşdırılmasına Dövlət tərəfindən çəkilən xərclərin əvəzləşdirilməsinə yönəlmiş olsaydı, həmin təzminatın məbləği təhsilin müddəti (məcburi xidmətin ümumi müddəti əsasında deyil) və çəkilən xərclərin məbləği əsasında hesablanmalı idi. Beləliklə, Hökumət bu məbləği müəyyənləşdirmək iqtidarında olmamışdır.
77. Ərizəçi əlavə olaraq iddia edir ki, Hökumətin bu istiqamətdə olan bəyanatlarına baxmayaraq, hazırki iş Konvensiyanın 4-cü maddəsinin 3 b) bəndinin təsir dairəsinə düşmür. O, hesab edir ki, həqiqətən də bu bənd məcburi hərbi xidməti nəzərdə tutur və peşəkar hərbçilərə aid deyil.
78. Nəticədə ərizəçi təsdiq edir ki, hakimiyyət orqanları nəinki ona tələb olunan məbləği hissələrlə ödəmək imkanını təklif etməmiş, üstəlik tətbiq oluna biləcək əlavə gecikmə faizini ödəməmək üçün borcunu ən geci 31 may 2010-cu il tarixinə kimi ödəməyə məcbur edilmişdir.

2. Məhkəmənin dəyərləndirməsi

a) İşin tətbiq dairəsi

79. Məhkəmə xatırladır ki, « məcburi və ya icbari » əmək terminində birinci işlənən sifət fiziki və ya mənəvi məcburiyyəti ehtiva edir. Ikinciyə gəldikdə isə, o hər hansı hüquqi öhdəliyə aid edilmir. Məsələn, müstəqil şəkildə imzalanan müqavilədən irəli gələn işləmək öhdəliyi 4-cü maddənin təsir dairəsinə düşmür, çünki müqavilənin hər iki tərəfi bir-birinə qarşı icra edilməli olan öhdəliklər götürürlər və onlara riayət etmədikləri təqdirdə sanksiyaya məruz qalırlar. « (…) 4-cü maddənin təsir dairəsinə düşmək üçün hər hansı cəzalanma təhlükəsi ilə tələb olunan » və üstəlik də, maraqlı tərəf üçün « könüllü olaraq təklif edilməyən » və iradəsinə zidd olan əməkdən söhbət getməlidir (Van der Mussele, yuxarıda qeyd edilən, § 34).
80. 4-cü maddənin 3-cü bəndinə gəldikdə isə, Məhkəmə daha öncəki işlərdə hesab etmişdir ki, həmin bənd 2-ci bənddə təmin olunan hüququn həyata keçirilməsinin məhdudlaşdırılmasına icazə vermir, bu hüququn məzmunu müəyyənləşdirir: bu bənd 2-ci bənd ilə birlikdə vahid bütündür və məcburi və ya icbari əmək hesab edilməyənləri sadalayır (ibid. § 38). Beləlikə, 3-cü bəndə əsasən məcburi və ya icbari əmək hesab edilmir: b) « hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab ediliyi ölkələrdə məcburi hərbi xidmətin əvəzinə müəyyən edilmiş xidmət ».
81. Avropa İnsan hüquqları Komissiyası 19 iyul 1968-ci il tarixli W., X., Y. et Z. c. Royaume-Uni (no 3435/67, 3436/67, 3437/67 və 3438/67, İllik 11, səh. 594) qərarında hesab etmişdir ki, 4-cü maddənin 3-cü bəndinin b) hissəsi yalnız məcburi hərbi xidməti deyil, eləcə də, peşəkar hərbçilər tərəfindən könüllü şəkildə həyata keçirilən xidmət də daxil olmaqla, hər hansı hərbi xidməti nəzərdə tutur. Yetkinlik yaşına çatmadan xidmətə başlayan zabitlərlə bağlı sözügedən istisnanın geniş şərhi, yalnız « hərbi xarakterli hər hansı xidmət » termininə istinad edən b) bəndinin ilk cümləsinə əsaslandığı görünür
82. Bununla belə Məhkəmə qeyd edir ki, cavabdeh Hökumət çox güman ki, 4-cü maddənin 3-cü bəndinin b) hissəsinin ərizəçinin vəziyyətində diqqətə alınmadığını ehtimal edərək həmin bənddə əks olunan peşəkar hərbi həkimlərə dair istisnaya istinad etməmişdir.
83. Bununla belə Məhkəmə hesab edir ki, 4-cü maddənin 3 b) hissəsi bütövlükdə diqqətə alınmalıdır. Belə ki, b) hissəsinin bütövlükdə və məzmun baxımından oxunuşundan belə nəticəyə gəlinir ki, həmin hissə məcburi hərbi xidmətin mövcud olduğu ölkələrə münasibətdə belə xidməti aşağıdakı iki səbəbdən nəzərdə tutur: birincisi, hərbi xidmətdən imtina edənlərə münasibətdə onların peşəkar hərbçilər deyil, çağırışçılar olması; ikincisi, abzasın sonunda məcburi hərbi xidmətə açıq şəkildə istinad edilməsi. Məhkəmə bununla bağlı ümumi qaydaya olan istisnaların məhdud şəkildə təfsir olunmasına dair ümumi prinsipi xatırladır. Bu xüsusilə ona görə əhəmiyyət daşıyır ki, Konvensiyanın 4 §§ 1 et 2-ci maddələrində nəzərdə tutulan qadağalar bu maddənin özəyini təşkil edir.
84. Məhkəmə eləcə də qeyd edir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) 29 saylı Konvensiyasının 2 § 2 a) bəndinə əsasən məcburi və ya icbari əmək anlayışı « məcburi hərbi xidmət haqqında olan qanunlar əsasında tələb edilən və sırf hərbi xarakterli xidmətlə bağlı olaraq verilən hər hansı iş və ya xidmət » anlayışını özündə ehtiva etmir və beləliklə də bu istisna yalnız məcburi hərbi xidmətə çağırışla bağlıdır.
85. Oxşar qaydada, Avropa Şurasının Sosial hüquqlar Komitəsi də məcburi əmək anlayışı çərçivəsində peşəkar hərbçilərin və məcburi hərbi xidmətə çağırılanların vəziyyətini fərqləndirir. Komitə Yunanıstan da daxil olmaqla, müxtəlif ölkələrə dair gəldiyi nəticələrinə əsaslanaraq hesab etmişdir ki, peşəkar zabitin xidmətdə məcburi qalmasını nəzərdə tutan həddindən artıq uzun müddət məcburi əməyi qadağan edən Avropa Sosial Xartiyasının 1 § 2-ci maddəsinə uyğunsuzluğun əsasını təşkil edir (yuxarıda göstərilən 46-50-ci bəndlər).
86. Bundan başqa, Nazirlər Komitəsinin üzv Dövlətlərə ünvanlanan silahlı qüvvələrin əməkdaşlarının insan hüquqlarına dair CM/Rec(2010)4 Tövsiyəsi hakimiyyət orqanlarının silahlı qüvvələrin əməkdaşlarına tətbiq edə biləcəkləri xidmətin ağlabatan olmayan müddətini məcburi əmək anlayışı ilə əlaqələndirmişdir (yuxarıda göstərilən 52-ci bənd).
87. Bütün bu mülahizələrə əsasən, Məhkəmə Konvensiyanın əsaslarına və məqsədlərinə uyğun olaraq hesab edir ki, 4-cü maddənin 3 b) bəndi peşəkar hərbçilər tərəfindən həyata keçirilən əməyi əhatə etmir. Beləliklə, Məhkəmə hazırki məsələnin 4-cü maddənin 2-ci bəndinə uyğunluğunu araşdırmalıdır.

b) 4-cü maddənin 2-ci bəndinə uyğunluq

88. Bu məzmunda ərizəçinin sözügedən əməyin icrasını bütün mümkün nəticələri barədə və eləcə də, qanunvericilikdə nəzərdə tutulan müddətin bitməsinədək həmin xidmətə davam etməmək haqqındakı qərarının « cəzalama təhlükəsi » ilə dəyişdirilə biləcəyinə dair əvvəlcədən xəbərdar olmaqla « könüllü olaraq təklif etməsi » məsələsi araşdırılmalıdır.
89. Məhkəmə müəyyən edir ki, ərizəçi 1986-cı ildə ordu korpusu əməkdaşlarının hərbi Məktəbinə (tibb bölməsi) qəbul olmuşdur və bunun vasitəsilə də, Saloniki universitetinin tibb fakültəsində altı illik tibb təhsili almaq məqsədilə qeydiyyatdan keçmişdir. Bu müddət ərzində ona əmək haqqı ödənilmişdir. Təhsilini bitirdikdən sonra, 3 iyun 1993-cü ildə o, quru silahlı qüvvələrində leytenant rütbəsinə təyin edilmiş və zabitlərin statusuna dair 1400/1973 saylı dekret-qanunun 64 § 1-ci maddəsinə əsasən təhsilinin üç misli müddətində, yəni on səkkiz il müddətində silahlı qüvvələrdə xidmət etmək öhdəliyini qəbul etmişdir.
90. Sonradan ordunun təklifi ilə ərizəçi anesteziologiya üzrə ixtisaslaşmaq qərarına gəlmişdir və ordunun vasitəçiliyi ilə 26 iyul 1996-cı il tarixindən 30 iyul 1997-ci il tarixinə kimi daxili köməkçi funksiyalarını yerinə yetirdiyi Saloniki 424 baş hərbi xəstəxanasına yerləşdirilmişdir. Sonradan, yenə də ordunun vasitəçiliyi ilə 30 iyul 1997-ci il tarixindən 27 iyul 2001-ci il tarixinə kimi Salonikidə Papanikolaou baş regional xəstəxanasında anestezioloq ixtisası üzrə ixtisaslaşaraq ödənişli köməkçi həkim vəzifəsinə yerləşdirilmişdir. Bu ixtisasa yiyələnərək, 1400/1973 dekret-qanunun 64 § 7-ci maddəsinə əsasən silahlı qüvvələrdə əlavə olaraq beş il xidmət göstərmək öhdəliyini üzərinə götürmüşdür.
91. Məhkəmə qeyd edir ki, ərizəçinin təhsilinə davam etdiyi müddətdə zabitlərin vaxtından əvvəl ordunu tərk etməsi şərtlərinə dəyişikliklər nəzərdə tutan 3257/2004 saylı yeni qanun qüvvəyə minmişdir. Belə ki, bu Qanunun 1-ci maddəsi zabitlərin silahlı qüvvələrdə xidmət etmək öhdəliyinin müddətini hərbi məktəbdə aldıqları təhsilin iki misli müddətinə qədər endirmiş, həmçinin ixtisaslaşma əldə edənlərin əlavə beş illik müddətdə xidmət etmək öhdəliyini qüvvədə saxlamış və zabitlərin rütbələrinə müvafiq qaydada aldıqları əmək haqqı məbləğinin xidmət etmək öhdəliklərinin qaldığı ayların sayına vurulmaqla əldə edilən məbləğə bərabər olan təzminatın Dövlətə ödənilməsi yolu ilə xidmət etmək öhdəliyinə vaxtından əvvəl xitam verilməsi imkanını da tanımışdır. Beləliklə, Məhkəmə 37 yaşında olan ərizəçinin istefa verdiyi tarixə, yəni 22 yanvar 2006-cı il tarixinə qüvvədə olan qanunvericiliyi nəzərə alaraq, tələb olunan əməyin məcburi və ya icbari xarakterli olub-olmamasını araşdıracaqdır.
92. Məhkəmə ilk növbədə bildirir ki, ərizəçi zabit və hərbi həkim peşəsini qəbul etdiyi anda öhdəliklərin əsasını və həcmini bilmədiyini iddia edə bilməz. Orduya cəlb edilmənin əsas üstünlüklərindən biri də təhsilin ödənişsiz olmasıdır. Həqiqətən də, silahlı qüvvələr maraqlı tərəfin təhsil aldığı müddətdə yaranan təhsil xərclərini qarşılayır, ona əmək haqqı ödəyir və onu peşəkar hərbçilər üçün nəzərdə tutulan sosial üstünlüklərlə təmin edir. Əvəzində isə tələb edirlər ki, zabitlər diplomlarını aldıqdan sonra ordu sıralarında qalaraq bir neçə il müddətində xidmət etsinlər.
93. Məhkəmə qeyd edir ki, 1400/1973 saylı dekret-Qanunun 64-cü maddəsinin orijinal versiyasında nəzərdə tutulan zabitlərin öhdəliklərindən vaz keçmə imkanı olmadan aldıqları təhsilin üç misli müddətinə bərabər müddətdə xidmət etməli olduqlarına dair öhdəlik Dövlət Şurası tərəfindən (1571/2010 saylı qərar) Avropa Sosial Xartiyasının 1 § 2-ci maddəsinə zidd hesab edilmişdir. Bu öhdəlik 3257/2004 saylı Qanunun 29 iyul 2004-cü ildə qüvvəyə minməsi ilə yüngülləşdirilmişdir. Ərizəçi tərəfindən ödənilməli olan təzminatın məbləği də bu Qanun əsasında hesablanmışdır.
94. Məhkəmə hesab edir ki, ordunun zabitləri üzərinə qoyulan, təhsildən sonrakı müəyyən dövr ərzində xidmət etməyə dair öhdəlik onlara həvalə edilən vəzifə ilə eyni məna daşıyır. Ordunun qayğısı nəticəsində formalaşan zabitlərin xidmət müddətinin hesablanması və öhdəliklərinə xitam verilməsi qaydasının müəyyənləşdirilməsi dövlətlərin mülahizə səlahiyyətindədir. Dövlətin ordunun zabit və həkimlərinin formalaşdırılmasına sərf edilən investisiyanın əvəzləşdirilmək və tələbatına müvafiq olaraq müəyyən dövr çərçivəsində zəruri kadrların təmin etmək istəyi müəyyən dövr ərzində ordu ilə əlaqələrin kəsilməsinin qadağanı və əmək haqqı və digər sosial hüquqlar təmin etməklə təhsil illəri boyunca ödənən yaşayış və təhsil xərclərinin əhatə edilməsi məqsədilə ödənilməli olan təzminatın tətbiqi üçün əsas ola bilər.
95. Bununla bağlı, Məhkəmə Auditorlar Məhkəməsinin 2763/2013 və 3822/2013 saylı qərarlar haqqında olan mübahisələndirilən qanunvericilik aktının zabitlərin ordudan qəfil, mükəlləfiyyətlərini yerin yetirmədən və kütləvi şəkildə getmələrinin və xüsusilə də, ölkənin müdafiə gücünün zəifləməsi təhlükəsinin qarşısının alınması məqsədi daşımasına dair mülahizələrini uyğun hesab edir.
96. Məhkəməni hazırki işin hallarında Konvensiyanın 4 § 2 –ci maddəsinin pozulduğu qənaətinə gətirib çıxara biləcək yeganə əsas, ərizəçinin qeyri-mütənasib yükə məruz qoyulması məsələsi araşdırılmalıdır.
97. Məhkəmə özünün Van der Mussele qərarında (yuxarıda qeyd edilən, § 37) hesab etmişdir ki, əgər müəyyənləşdirilən peşəyə yiyələnmək üçün maraqlı tərəfin « könüllü əsaslarla təqdim etdiyi » hesab edilməyən hər hansı xidmətin göstərilməsi bununla bağlı olan üstünlüklərə münasibətdə həddindən artıq və ya qeyri-mütənasib məsuliyyət tələb edərsə, tələb olunan xidmət qadağan edilən məcburi əmək anlayışına daxil edilir. Ərizəçinin üzərinə qoyulan öhdəliklərin onun seçmiş olduğu peşədən irəli gələn üstünlüklərə münasibətdə daha ağır olub-olmamasını müəyyənləşdirmək məqsədilə Məhkəmə ərizəçinin hərbi məktəbə daxil olduğu və ixtisaslaşma əldə etdiyi dövrə deyil, 1400/1973 saylı dekret-Qanuna dəyişikliklərin qüvvəyə mindiyi 2004-cü il tarixinə istinad edir. Belə ki, ərizəçi dəyişikliklər edilmiş bu dekret-qanunun təsiri altında öz öhdəliklərinə son qoymağa qərar vermiş və ondan irəli gələn tələblərə riayət etməli olmuşdur.
98. Məhkəmə nəzərə almaya bilməz ki, ərizəçi ordunun vasitəçiliyi ilə tibb təhsili almış və 1996-cı il tarixindən 2001-ci il tarixinə qədər əvvəlcə 424 saylı Saloniki baş hərbi xəstəxanasında, sonradan isə, Saloniki Papanikolaou regional xəstəxanasında çalışaraq anestezist olaraq ixtisaslaşmışdır. Bununla bağlı, Məhkəmə müşahidə edir ki, 1397/1983 saylı Qanunun 38 § 2-ci maddəsi həkimlərin ixtisaslaşması məqsədilə onların xəstəxanalarda əlavə yerlərə yerləşdirilməsini qadağan edirdi, lakin ərizəçinin də istifadə etdiyi qaydada, silahlı qüvvələrin daimi həkimlərinin əlavə yerləşdirilməsinə icazə verilirdi. Bundan əlavə, yunan qanunvericiliyinə əsasən, iddiaçı ilə eyni vəziyyətdə olan zabitlərin ordu üçün müəyyən müddət çalışmaq və ya təzminat ödəmək şərtilə ordunu müəyyənləşdirilən müddətdən öncə tərk etməyə dair seçim hüquqları vardır.
99. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən 3257/2004 saylı Qanunun qüvvəyə minməsi ilə səhiyyə xidməti zabitlərinə, həmçinin də ərizəçiyə iş saatlarından kənarda özəl həkim qismində fəaliyyət göstərməyə icazə verilirdi.
100. Bu qeydlər göstərir ki, hərbi həkimlər təhsil və ixtisaslaşma çərçivəsində mülki həkim olan tələbələrin malik olmadıqları üstünlüklərdən, eləcə də, məşğulluğun təminatından faydalanmışlar. Əgər buraya həmçinin hərbi həkimlərin öz təhsil müddətləri boyunca əmək haqqı aldıqları faktını da əlavə etsək, beləliklə məcburi xidməti müəyyənləşdirilən vaxtdan öncə tərk etmək istəyən zabitlərə dövlətin onların formalaşdırılması üçün çəkdiyi xərclərin geri qaytarılmasını təmin etmək məqsədilə zəruri olan müəyyən məbləğin ödənilməsinə dair öhdəlik tətbiq edilməsi tamamilə əsaslıdır. Buna görə də, Məhkəmə hesab edir ki, xidmət etməli olduğu illərin qalan müddətinin ödənilməsi mütənasiblik prinsipinə xələl gətirmir.
101. Bununla belə Məhkəmə hesab edir ki, belə ödəmənin şərtləri bəzi xüsusi hallarda, sözügedən hərbçinin fərdi hüquqlarının müdafiəsi və cəmiyyətin maraqlarının müdafiəsi arasında qorunmalı olan tarazlığın pozulmasına səbəb ola bilər.
102. Hazırki işin hallarında Məhkəmə bir tərəfdən qeyd edir ki, ərizəçi istefasını təqdim edərkən ordu qərargahı tərəfindən ona bildirilmişdir ki, onun doqquz il dörd ay on iki gün müddətində xidmət etmək öhdəliyi qalmışdır və əks təqdirdə dövlətə 106 960 Avro məbləğində (26 may 2007-ci il tarixli qərar) təzminat ödəməli olacaq. Məhkəmə digər tərəfdən qeyd edir ki, Auditorlar Məhkəməsi 12 dekabr 2013-cü ildə yekun qərara gələrək elan etmişdir ki, ərizəçinin ixtisaslaşma üçün olan beş illik müddət on yeddi illik xidmət etmə öhdəliyinin müddətinə daxil edilməlidir və nəticədə də dövlətə ödənilməli olan təzminatın məbləği 49 978,33 Avro olaraq müəyyənləşdirilmişdir.
103. Məhkəmə ərizəçinin təhsil müddəti və anestezist olaraq ixtisaslaşdığı müddət ərzində qazandığı əmək haqqı və mükafatların dəqiq məbləğinin dəqiqləşdirilməsinin qeyri-mümkünlüyü barədə ərizəçi və Hökumətin fikirlərini nəzərə alır. Bununla belə, Məhkəmə qeyd edir ki, ərizəçi və Hökumət şəxsi hesablamalarına əsasən razılığa gələrək bildirirlər ki, ərizəçi 1986-ci ilin sentyabr ayından 1993-cü ilin iyun ayına, daha sonradan isə 1996-cı ilin avqust ayından 2001-ci ilin iyul ayına kimi olan müddət ərzində minimum 86 976 Avro, maksimum 91 476 Avro məbləğində ödəniş əldə etmişdir.
104. Məhkəmə hesab edir ki, Auditorlar Məhkəməsinin 12 dekabr 2013-cü il tarixli qərarı əsasında ərizəçidən tələb olunan 49 978,33 Avro məbləği ərizəçinin mübahisələndirilən dövr ərzində aldığı məbləğin (86 976 Avro və 91 476 Avro) üçdə ikisindən az məbləğ təşkil etdiyindən əsassız deyildir.
105. Məhkəmə bundan əlavə qeyd edir ki, ərizəçinin müraciətinə əsasən Auditorlar Məhkəməsi Plenumunun sədri 17 mart 2009-cü il tarixində müvəqqəti sərəncam verməklə 26 may 2007-ci il tarixində qəbul edilən və 21 oktyabr 2009-cu il tarixli qərarla sonradan təsdiq edilən qərarın icrasını təxirə salmışdır.
106. İcranın dayandırılması haqqında qərar Saloniki vergi dairəsinin 18 mart və sonradan 9 aprel 2009-cu il tarixində ərizəçiyə müraciət etməklə ondan qeyd edilən 106 960 Avro məbləğindən, 2 139,20 məbləğində vergi ödənişindən və 427,84 Avro məbləğində aqrar sığorta xeyrinə olan məbləğdən ibarət 109 527 Avro məbləğini ödəməsini tələb etməsinə mane olmadı. Maliyyə nazirliyinin vergi mərkəzi 10 may 2010-cu il tarixində ərizəçiyə məlumat vermişdir ki, il ərzində zəruri ödənişi etmədiyinə görə 13 143,24 Avro məbləğində geçikmə faizi ilə cərimələnmişdir. Həmçinin məlumat vermişdir ki, 31 may 2010-cu il tarixinə qədər ödəniş edərsə, cərimə faizinin 80 % məbləğində endirimdən faydalana biləcək. Ərizəçi 26 may 2010-cu il tarixində Saloniki vergi mərkəzinə 112 155,69 Avro məbləğini ödəmişdir.
107. Ərizəçi barəsindəki mübahisələndirilən qərarın icrasının əvvəlcə Auditorlar Məhkəməsinin Plenumunun sədri, sonradan isə Plenumun özü tərəfindən dayandırılmasına və eləcə də, Auditorlar Məhkəməsi Plenumunda prosesin yenicə başlamış olmasına baxmayaraq, ərizəçi 10 may 2010-cu il tarixində Maliyyə Nazirliyinin vergi mərkəzinin müdaxiləsi nəticəsində əsas məbləğin 12%-dən 13%-ə artırılmış məbləğini ödəməyə məcbur edildi. Əgər o məbləği tamamilə ödəməyə razılıq verməsəydi, Auditorlar Məhkəməsinin qərar verməsi üçün zəruri olan vaxt axımı səbəbindən artırılmış əlavə məbləği ödəməli olacaqdı.
108. Əlavə olaraq, Məhkəmə qeyd edir ki, Dövlət Hüquq Şurasının 120/2002 saylı rəyi əsasında şərh edilən dövlət gəlirlərinin toplanmasına dair qaydaların 3 § 1-ci maddəsi və 721/1970 saylı Dekret-Qanunun 96-cı maddəsi elan edir ki, zabitlərin orduya olan borcları hissələrə bölünməklə ödənilə bilər və bu ehtimal təzminat aktında göstərilməlidir. Bununla belə hazırki işin hallarında belə ehtimal 26 may 2007-ci il tarixli qərarda öz əksini tapmamışdır.
109. Bütün bunları nəzərə alaraq, ərizəçinin bu hərəkəti təzyiq altında etməsi ilə bağlı Məhkəmənin şübhəsi yoxdur (bax: mutatis mutandis, Deweer c. Belgique, 27 fevral 1980-ci il tarixli qərar, seriya A no 35, § 51). Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanlar onlar üçün məcburi xarakter daşıyan iki qərarı nəzərə almamış və ödəmə şərtlərinin ərizəçinin hər hansı şikayəti əsasında dayandırıla bilməyəcəyinə dair 26 may 2007-ci il tarixli ilkin qərarın icrasını təkidlə tələb etmişlər (bax: mutatis mutandis, Georgoulis et autres c. Grèce, no 38752/04, § 25, 21 iyun 2007). Ərizəçidən 109 527 Avro məbləğinin faizlər əlavə edilmiş 112 155,69 Avro-ya artırılmış məbləğini dərhal ödəməsini tələb etməklə, vergi orqanları ərizəçi üzərində qeyri-mütənasib yük qoymuşlar.
Bununla da, Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndi pozulmuşdur.

II. KONVENSİYANIN 14-CÜ MADDƏSİ İLƏ BİRGƏ GÖTÜRÜLMƏKLƏ 4-MADDƏSİNİN 2-Cİ BƏNDİNİN İDDİA EDİLƏN POZUNTUSU

110. Ərizəçi iddia edir ki, yalnız quru silahlı qüvvələrinin onun kimi zabit həkimləri 1394/1983 saylı Qanunun 14-cü maddəsinə əsasən ixtisaslaşma əldə etməyə və eləcə də, orduda əlavə beş illik müddətdə xidmət etməyə məcburdular, halbuki belə ixtisaslaşma tələbi milli dəniz qüvvələri və hava qüvvələri zabitləri olan həkimlərə aid edilmir. Ərizəçi Konvensiyanın təkbaşına və 14-cü maddəsi ilə birgə götürülmüş 4-cü maddəsinin 2-ci bəndinin pozulduğunu iddia edir.
111. Hökumət ilk növbədə iddia edir ki, bu şikayət daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən rədd edilməlidir. Ikinci növbədə isə qeyd edir ki, 1400/1973 saylı dekret-Qanunun 64-cü maddəsi heç bir fərq olmadan hər üç ordu növünün (quru, hava və dəniz silahlı qüvvələri) zabit-həkimlərinə tətbiq edilir.
112. Məhkəmə Hökumət tərəfindən də istinad edildiyi şəkildə qeyd edir ki, 1394/1983 saylı Qanunun 14 § 1-ci maddəsi ilə birgə götürülmüş qaydada yuxarıda göstərilən dekret-Qanunun 64 §§ 7 və 15-ci maddələrindən belə qənaətə gəlmək mümkündür ki, ixtisaslaşma halında orduda əlavə beş illik müddətdə xidmət etmək öhdəliyi hər üç ordu növünün zabitlərinə şamil olunur. Daha dəqiq olaraq Məhkəmə qeyd edir ki, 1394/1983 saylı Qanunun 14 § 1-ci maddəsi quru silahlı qüvvələrinin zabitləri üçün ixtisaslaşmanə tələb etmir və sadəcə olaraq elan edir ki, ixtisaslaşma əldə etmək istəyənlər bunu ordunun vasitəçiliyi ilə (əlavə yerlərin araşdırılması və ya yaradılması və buna münasibətdə xərclərin çəkilməsi) edə bilərlər.
113. Nəticədə şikayətin bu hissəsi Konvensiyanın 35 §§ 3 a) və 4-cü maddələri tətbiq edilməklə aşkar şəkildə əsassız olduğundan qəbuledilməz elan edilməlidir.

III. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

114. Konvensiyanın 41-ci maddəsində aşağıdakılar nəzərdə tutulur,
« Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə ədalətli təzminatın ödənilməsini təyin edir. »

A. Maddi ziyan

115. Dəymiş maddi zərərə görə ərizəçi 106 960 Avro və ya Dövlətə ödəmək məcburiyyətində qaldığı təzminat məbləğinin geri ödənilməsini tələb edir.
116. Məhkəmə Hökumətin də qeyd etdiyi şəkildə bildirir ki, Dövlət 59 749,61 Avro məbləğini, başqa sözlə ərizəçinin ödəmiş olduğu məbləğ ilə yuxarıda göstərilən 4909/2013 saylı qərar əsasında müəyyənləşdirilən məbləğ arasındakı fərqi ərizəçiyə ödəmişdir. Məhkəmə həmçinin xatırladır ki, aşkarladığı pozuntu ərizəçi tərəfindən ödənilməli olan təzminatın ödəmə şərtlərinə aid olmuşdur və ordunu vaxtından əvvəl tərk etməyə görə olan təzminatın ödənilməsi prinsipinə aid olmamışdır. Buna görə də Məhkəmə hesab edir ki, maddi ziyan qismində ərizəçiyə heç bir məbləğ ödənilməməlidir.

B. Mənəvi ziyan

117. Ərizəçi mənəvi ziyana görə 50 000 Avro tələb edir.
118. Hökumət hesab edir ki, tələb edilən məbləğ həddindən artıqdır və kompensasiya qismində pozuntunun müəyyən edilməsi faktı yetərlidir.
119. Məhkəmə hesab edir ki, ərizəçi bəzi mənəvi ziyana məruz qalmışdır və Konvensiyanın pozuntusu faktının aşkarlanması bu mənada yetərli kompensasiya deyil. Məhkəmə bu başlıq altında ərizəçiyə 5 000 Avro məbləğ təyin edir.

C. Xərclər və məsrəflər

120. Ərizəçi daxili məhkəmə orqanları və Məhkəmə qarşısında çəkdiyi xərclər qismində, 2 460 Avro məbləği Məhkəmə qarşısında çəkdiyi xərclər olmaqla, ümumilikdə 9 102,30 Avro məbləğini tələb edir.
121. Hökumət hesab edir ki, ərizəçinin iddiaları həddindən artıq, qeyri-müəyyən və sübuta yetirilməmişdir. Həmçinin əlavə edir ki, maraqlı tərəf hesablamalarının əsaslandığı elementləri təqdim etməmişdir.
122. Məhkəmə təcrübəsinə əsaslanaraq, Ərizəçi çəkdiyi xərclər və məsrəflər o halda geri ödənilir ki, həmin xərclər həqiqətən çəkilmişdir, zərurətdən irəli gəlir və ağlabatan məbləğdədir. Hazırki işdə, əldə etdiyi sənədlərə və öz təcrübəsinə əsasən Məhkəmə ərizəçiyə bütün xərclər üçün 2 500 Avro məbləğini təyin etməyi ağlabatan hesab edir.

D. Qərarın icrasının gecikdirilməsinə görə faiz

123. Məhkəmə icranın gecikdirilməsinə görə faiz Avropa Mərkəzi Bankındakı kredit faizinin yuxarı həddinə əsaslanmaqla hesablanmasını və onun üzərinə daha üç faiz əlavə edilməsini məqsədəmüvafiq hesab edir.

BU ƏSASLARLA, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

1. Elan edir ki, Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndindən irəli gələn şikayət qəbulediləndir və geri qalan hissəsi qəbuledilməzdir;

2. Elan edir ki, Konvensiyanın 4-cü maddəsinin 2-ci bəndi pozulmuşdur;

3. Elan edir ki,

a) Cavabdeh dövlət qərarın Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq qəti olacağı tarixdən etibarən üç ay ərzində aşağıdakı məbləğləri ərizəçiyə ödəməlidir:
i. Mənəvi ziyana görə 5 000 Avro (beş min avro), həmin məbləğdən ödənilməli olan bütün növ vergilərin də məbləği əlavə olunmaqla,
ii. Məsrəflər və xərclərə görə, 2 500 Avro (iki min beş yüz avro), həmin məbləğdən ödənilməli olan bütün növ vergilərin də məbləği əlavə olunmaqla;
b) yuxarıda qeyd edilən üç aylıq müddətin bitdikdən sonra qərarın icrasınadək gecikdirilmə müddəti ərzində yuxarıda göstərilən məbləğin üzərinə Avropa Mərkəzi Bankının kredit faizinin yuxarı həddi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz gəlməlidir;

4. Ərizəçinin əvəzin ədalətli ödənilməsi ilə bağlı iddiasının qalan hisssəsini rədd edir.

Fransız dilində tərtib edilmiş və 4 iyun 2015-ci ildə Məhkəmə Reqlamentinin 77-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən yazılı olaraq elan edilmişdir.

Søren Nielsen                                                   Isabelle Berro
Katib                                                                    Sədr

 

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int