MADDƏ 18/Nº 2872/02 K.U.FINLANDİYAYA QARŞI – 2 DEKABR 2008-Cİ İL

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2012. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

DÖRDÜNCÜ BÖLMƏ

 

K.U. FINLANDİYAYA QARŞI

(Şikayət Nº 2872/02)

QƏRAR

 

 

STRASBURQ

2 dekabr 2008

 

 

QƏTİ

02/03/2009

Qərar redaktə xarakterli dəyişikliklərin subyekti ola bilər.

 

K.U. Finlandiyaya qarşı məhkəmə işində,
Avropa İnsan Hüquqları Məhkəməsi (Dördüncü bölmə) aşağıdakı hakimlərdən ibarət tərkibdə iştirak edib:

Nikolas Bratza, Sədr,
Leç Garliki,
Giovanni Bonello,
Lilyana Mijoviç,
David Thör Björgvinsson,
Jan Şikuta,
Paivi Hirvela, hakimlər,
və Lavrens İrli, Bölmə Katibi,
13 noyabr 2008-ci il tarixdə qapalı müşavirə keçirərək,
Həmin tarixdə qəbul olunmuş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. İş İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa İnsan Hüquqları Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Finlandiya vətəndaşı (“ərizəçi”) tərəfindən 1 yanvar 2002-ci il tarixdə Məhkəməyə təqdim edilmiş Finlandiya Respublikasına qarşı şikayət (Nº 2872/02) əsasında başlanıb. Palatanın Sədri ərizəçinin adının açıqlanmaması haqqında olan xahişini qəbul edib (Məhkəmə Reqlamentinin 47-ci Qaydasının 3-cü bəndi).

2. Ərizəçi Helsinkidə vəkillik fəaliyyəti ilə məşğul olan Cənab P. Huttunen tərəfindən təmsil olunub. Finlandiya Hökuməti (“Hökumət”) öz nümayəndələri, Xarici İşlər Nazirliyindən olan Cənab Arto Kosonen tərəfindən təmsil olunub.

3. Ərizəçi xüsusilə iddia etdi ki, Dövlət onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan özəl həyata hörmət hüququnu müdafiə etmək üçün öz pozitiv öhdəliyini yerinə yetirməyib.

4. 27 iyun 2006-cı il tarixdə Məhkəmə şikayəti qəbuledilən elan etdi.

5. Daha sonra həm ərizəçi, həm də Hökumət yazılı arqumentlərini təqdim etdilər (59-cu Qaydanın 1-ci bəndi). Palata hər iki tərəflə məsləhətləşərək belə qərara gəldi ki, mahiyyət üzrə dinləməyə ehtiyac yoxdur (müxtəsərcə 59-cu Qaydanın 3-cü bəndi), tərəflər bir-birinin arqumentlərinə yazılı cavab verdilər. Bundan əlavə Prezidentin icazəsi əsasında yazılı icraatda iştirakına (müdaxiləsinə) icazə verilmiş Helsinki İnsan Hüquqları Fondunun üçüncü tərəf kimi mülahizələri alındı (36-cı maddənin 2-ci bəndi və 44-cü qaydanın 2-ci bəndi).

FAKTLAR

I. İŞİN HALLARI

6. Ərizəçi 1986-cı ildə doğulub.

7. 15 mart 1999-cu il tarixdə qeyri-müəyyən şəxs və ya şəxslər internetdə görüş saytlarının birində, o vaxtlar 12 yaşında olan ərizəçinin özünün xəbəri olmadan onun adından elan yerləşdiriblər. Elanda ərizəçinin yaşı və doğum ili qeyd olunub, onun fiziki durumu olduğu kimi təsvir olunub, həmin vaxtlar ona məxsus olan internet səhifəsi göstərilib ki, orda da onun şəkli, həmçinin telefon nömrəsi, bir rəqəm istisna olmaqla, dəqiqliklə göstərilib. Elanda iddia olunur ki, o, öz yaşında olan və ya yaşca ondan böyük olan və “ona yol göstərə bilən” oğlanla intim əlaqə axtarışındadır.

8. Ərizəçi internetdəki bu elan barədə o zaman xəbər tutur ki, ona bir kişidən e-mail gəlir və e-maili göndərən adam onunla görüşərək “daha sonra nə istədiyini müəyyən etmək” təklif edir.

9. Ərizəçinin atası polisə müraciət edərək elanı internetdə yerləşdirən şəxsin şəxsiyyətini müəyyən edərək ona qarşı ittiham irəli sürülməsini xahiş edib. Lakin xidmət təminatçısı sözügedən İP ünvanının sahibinin şəxsiyyətini müəyyən etməkdən imtina edərək bunu qanunla müəyyən olunmuş telekommunikasiyaların konfidensiallığına tabe olmaq məcburiyyəti ilə əsaslandırıb.

10. Belə olduğu təqdirdə, polis, Helsinki Şəhər Məhkəməsinə müraciət edərək (käräjäoikeus, tingsrätten) Cinayət Araşdırmaları Aktının 28-ci bölməsinə (esitutkintalaki, förundersökningslagen; 449/1987 saylı Qanun, 692/1997 saylı Qanunla dəyişiklik edilib) uyğun olaraq servis provayderini, məlumatı açıqlamağa məcbur etmək barədə xahiş edib.

11. Rayon Məhkəməsi, 19 yanvar 2001-ci il tarixli qərarla müraciəti, peşəkar sirri qorumaq qaydasını pozaraq, servis provayderi telekommunikasiya məlumatlarını açıqlamağa məcbur etmək səlahiyyəti verən hüquq normasının olmaması səbəbilə rədd edib. Məhkəmə qeyd edib ki, İcbari Tədbirlər barədə Qanunun (pakkokeinolaki, tvångsmedelslagen; 450/1987 saylı Qanun) 5 (a) bölməsinin 3-cü fəslinə və eləcə də, Özəl Həyatın Müdafiəsi və Telekommunikasiyalar zamanı Məlumatın Təhlükəsizliyi barədə Qanunun (laki yksityisyydensuojasta televiestinnässä ja teletoiminnan tietoturvasta, lag om integritetsskydd vid telekommunikation och dataskydd inom televerksamhet; 565/1999 saylı Qanun) 18-ci bölməsinə əsasən, məxfiliyi qorumaq öhdəliyinə baxmayaraq, bir sıra pozuntuların baş verdiyi hallarda polisin telekommunikasiya məlumatlarını əldə etmək hüququ var. Lakin təhrifedici təqdimat halı belə pozuntular siyahısına daxil deyil.

12. 14 mart 2001-ci il tarixdə Apellyasiya Məhkəməsi (hovioikeus, hovrätten) qərarı qüvvədə saxlayıb və 31 avqust 2001-ci il tarixdə Ali Məhkəmə (korkein oikeus, högsta domstolen) şikayəti rədd edib.

13. Tanışlıq elanını yayan və sonradan ərizəçi ilə əlaqə saxlayan şəxs e-mail ünvanı vasitəsilə müəyyən edilib.

14. İnternet xidmətini həyata keçirən kompaniyanın rəhbəri məsuliyyətə cəlb olunmayıb çünki prokuror özünün 2 aprel 2001-ci il tarixli qərarında bildirib ki, iddia edilən pozuntunun müddəti keçib. İddia edilən pozuntu, Şəxsi Məlumatlar haqqında Qanunun (henkilötietolaki, personuppgiftslagen; 523/99 saylı Qanun, 1 iyun 1999-cu il tarixdə qüvvəyə minib) pozuntusu hesab edilib. Daha dəqiq desək, internet xidmətini həyata keçirən şəxs, öz səhifəsində diffamasiya xarakterli elan yayıb və bunu, həmin elanı verən şəxsin şəxsiyyətini araşdırmadan həyata keçirib.

II. MÜVAFİQ YERLİ QANUNVERİCİLİK VƏ TƏCRÜBƏ

15. Finlandiyanın Konstitusiya Qanunu (Suomen hallitusmuoto, Regeringsform för Finland; 94/1919 saylı Qanun, 969/1995 saylı Qanunla dəyişiklik edilib) 1 mart 2000-ci il tarixədək qüvvədə olub. Həmin Qanunun 8-ci bölməsi hazırkı Finlandiya Konstitusiyasının (Suomen perustuslaki, Finlands grundlag; 731/1999 Qanun) 10-cu maddəsilə uzlaşıb və həmin bölmədə göstərilir ki, hər kəs özəl həyatının qorunması hüququna malikdir.

16. Həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin (rikoslaki, strafflagen; 908/1974 saylı Qanun) 37-ci bölməsinin 3-cü maddəsində qeyd edilir:

“Yuxarıda qeyd olunan hallardan başqa, şəxs, başqa şəxsi, onu alçaldan şəkildə təhrif edərək təqdim edərsə, ona qarşı təhdid və ya digər alçaldıcı hərəkətlərə yol verərsə, cərimə və ya maksimum üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.
Əgər təhrifedici şəkildə təqdimetmə, ictimai şəkildə baş verərsə və ya çap edilərək, eləcə də yazılı və ya qrafik üsullarla təqsirli olan şəxs tərəfindən və ya həmin şəxsin vasitəçiliyi ilə yayılarsa, bu əmələ cavabdeh olan şəxs cərimə və ya maksimum dörd ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır.”

17. Həmin dövrdə qüvvədə olan Məcburi Tədbirlər haqqında Qanunun 5(a) fəslinin 3-cü maddəsində deyilirdi:

“Telekommunikasiyaların monitorinqinin ilkin şərtləri
Şəxs tərəfindən aşağıdakı əməllərin törədilməsinə şübhələr olduqda,
1) dörd aydan az olmayan həbs cəzası ilə cəzalandırılan əməl,
2) terminal mexanizmdən istifadə edərək kompüter sisteminə qarşı törədilən, eləcə də narkotik maddələrlə bağlı olan əməl və ya
3) Bu bölmədə yuxarıda istinad edilən və cəza nəzərdə tutan cinayətləri törətməyə cəhd,
müşahidə nəticəsində alınacaq məlumat və ya əlaqələrin dayandırılması istintaq üçün çox vacib əhəmiyyət kəsb edərsə, cinayət işi üzrə istintaqı həyata keçirən hakimiyyət orqanı, şübhəli şəxsə aid olan və ya ona aid olduğu ehtimal edilən telekommunikasiya əlaqələrini müşahidə edə, yaxud müvəqqəti olaraq bu əlaqələri dayandıra bilər…”

18. 1 iyul 1999-cu il tarixdə qüvvəyə minən və 1 sentyabr 2004-cü il tarixdə ləğv olunan Şəxsi Həyatın Müdafiəsi və Telekommunikasiyalarda Məlumatın Təhlükəsizliyi Qanununun 18-ci bölməsinin 1(1)-ci yarımbəndinə deyilir:
“7-ci bölmədə nəzərdə tutulan məxfilik öhdəliyinə baxmayaraq polisin aşağıdakı məlumatları əldə etmək hüququ var:
(1) zərərçəkmiş tərəfin və abunə vasitəsinin sahibinin razılığı ilə Cinayət Məcəlləsinin 16-cı Fəslinin 9a Maddəsi, 17-ci Fəsli, 13(2)-ci Məddəsi və ya 24-cü Fəslində istinad edilən cinayətlərin araşdırılması məqsədilə zəruri olan hallarda (39/1889 saylı Qanun), konkret abunə əlaqələrinin verilənlərilə bağlı məlumatın müəyyənləşdirilməsi …”

19. Şəxsi Məlumat haqqında Qanunun 48-ci bölməsinə əsasən, xidmət göstərən öz internet səhifəsində qarayaxma xarakterli elanı yerləşdirməmişdən əvvəl, həmin elanı göndərən şəxsin şəxsiyyətini araşdırmamağa görə cinayət məsuliyyəti daşıyır. 47-ci bölmə xidmət göstərənin həmçinin zərərə görə də məsuliyyət daşıdığını nəzərdə tutur.

20. Həmin vaxt, cinsi məsələlərlə bağlı həssas məlumatın, onun aid olduğu şəxsin razılığı olmadan internetdə yayımlanması, Şəxsi Məlumat haqqında Qanunun 43-cü bölməsi (630/1995 saylı Qanun) və Cinayət Məcəlləsinin 38-ci bölməsinin 9-cu maddəsilə (578/1995 saylı Qanun), eləcə də Şəxsi Sənədlər haqqında qanunun, məlumatın qorunmasıni nəzərdə tutan 44-cü bölməsilə cinayət məsuliyyəti yaradırdı. Eyni zamanda bu, adı çəkilən Qanunun (471/1987 saylı Qanun) 42-ci bölməsinə əsasən, vurulan zərərə görə məsuliyyətə səbəb ola bilərdi.

21. 1 yanvar 2004-cü il tarixdə qüvvəyə minən Kütləvi İnformasiya Vasitələrində İfadə Azadlığı haqqında Qanunun (laki sanavapauden käyttämisestä joukkoviestinnässä, lagen om yttrandefrihet i masskommunikation: 460/2003 saylı Qanun) 17-ci bölməsində deyilir:

“Şəbəkə mesajı üçün müəyyənedici məlumatın yayılması
Həbs etmək səlahiyyəti olan dövlət rəsmisi, prokuror və ya zərərçəkmiş tərəfin xahişi ilə məhkəmə, server, elektron vasitə və ya digər divaysdan, ictimai şəkildə yayılması cinayətə səbəb olduğu aşkar bəlli olan məlumatı yayan provayderdən həmin məlumatı göndərən və ya yayan şəxsin kimliyi barədə məlumat verməyi əmr edə bilər. Lakin şəxsin kimliyi ilə bağlı məlumatın zərəçəkmiş şəxsə verilməsi, yalnız həmin şəxsin iş barəsində istintaq əməliyyatının başlanması tələbini irəli sürmək hüququ olduğu zaman tələb oluna bilər. İşlə bağlı müraciət, sözügedən ismarıcın yayıldığı vaxtdan üç ay müddətində divays sahibinin yaşayış yeri üzrə Rayon Məhkəməsinə və ya Helsinki Şəhər Məhkəməsinə verilə bilər. Məhkəmə, cərimə təyin etməklə tələbin gücünü artıra bilər.

III. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR

A. Avropa Şurası

22. Son onilliklərdə telekommunikasiya texnologiyalarının sürətli inkişafı yeni növ cinayətlərin meydana gəlməsinə səbəb olub və eyni zamanda ənənəvi cinayətlərin yeni texnoloji vasitələrdən istifadə edərək törədilməsinə şərait yaradıb. Avropa Şurası bu yeni problemin cəld və adekvat həllinə ehtiyac olduğunu hələ 1989-cu ildə anladı və o zaman Nazirlər Komitəsi, kompüter cinayətləri ilə bağlı 9 saylı Tövsiyə R (89) qəbul etdi. İstintaqı həyata keçirən hakimiyyət orqanlarının kompüter cinayətlərini həll etmək üçün xüsusi qüvvəyə malik olmalarını təmin etmək üçün Nazirlər Komitəsi 1995-ci ildə informasiya texnologiyaları ilə əlaqədar cinayət prosessual məcəllənin problemlərilə bağlı 13 saylı Tövsiyə R (95) qəbul etdi. Buna əlavə olunmuş prinsiplərin 12-ci bəndində qeyd olunur:
“İctimai və ya özəl şəbəkələr vasitəsilə ictimaiyyətə telekommunikasiya xidməti göstərən şəxslərin üzərinə xüsusi öhdəlik qoyulmalıdır ki, onlar səlahiyyətli orqanlar tərəfindən tələb olunan hallarda onları istifadəçini müəyyən edəcək məlumatla təmin etsinlər.”

23. İstintaqı həyata keçirən hakimiyyət orqanları ilə əməkdaşlıqdan bəhs edən digər prinsiplərdə qeyd olunur:

“9. Əksər hüquq sistemləri hüquq müdafiəsi naminə icazə verir ki, istintaq orqanları sübut qismində çıxış edə biləcək obyektləri onların sahiblərindən tələb etsinlər. Paralel olaraq, hakimiyyət orqanlarına imkan verilməlidir ki, şəxslərdən, onların idarəsi altında olan kompüter sistemindəki spesifik məlumatı tələb olunan şəkildə istintaq orqanlarına təhvil verməyi tələb etsinlər.
10. Hüquq müdafiəsi naminə istintaq orqanlarına səlahiyyət verilməlidir ki, onlar şəxslərdən, onların idarəçiliyi altında olan kompüter sistemindəki zəruri məlumatı verməyi, eləcə də kompüter sisteminə və ordakı məlumata çıxış imkanı yaratmağı tələb edə bilsinlər. Cinayət Prosessual Məcəllə, kompüter sisteminin funksiyası, eləcə də ordakı məlumatın qorunması üçün tətbiq olunan tədbirlər haqqında bilgili olan digər şəxslərdən də eyni tələbin edilməsi imkanını təmin etməlidir.”

24. 1996-cı ildə Cinayət Məsələləri üzrə Avropa Komitəsi, kibercinayətkarlıq məsələləri ilə məşğul olan ekspertlər komitəsi təsis etdi. Lakin məlum oldu ki, maddi və prosessual hüquq üzrə əvvəlki iki tövsiyənin tamamilə diqqətdən kənarda qalmamasına baxmayaraq, kibercinayətkarlıqla mübarizədə yalnız öhdəlik yaradan beynəlxalq sənəd əhəmiyyətli dərəcədə səmərəli ola bilər. Kibercinayətkarlıq haqqında Konvensiya 23 noyabr 2001-ci il tarixdə imza üçün açıq elan edildi və 1 iyul 2004-cü il tarixdə qüvvəyə mindi. Bu, İnternet vasitəsilə törədilən cinayətlərlə bağlı ilk və tək beynəlxalq müqavilə olub, bütün Dövlətlər üçün açıqdır. Konvensiya ölkələrdən tələb edir ki, aşağıdakı əməlləri cinayət əməli elan etsinlər: kompüter sistemə qanunsuz giriş, kompüterdəki məlumatın qanunsuz əldə edilməsi, məlumata və ya kompüterə müdaxilə, mexanizmdən yanlış istifadə etmə, kompüterlə əlaqəli saxtakarlıq və dələduzluq, uşaq pornoqrafiyası, müəlliflik hüququnun və digər əlaqəli hüquqların pozulması. 2003-cü ildə Konvensiyaya əlavə protokol həmçinin nifrət yaradan çıxış, ksenofobiya və irqçiliyin də kriminallaşdırılmasını tələb edir. Konvensiyanın prosessual müddəaları Konvensiya ilə müəyyən edilmiş cinayətlərin hüdudlarından kənara çıxaraq kompüter sistemi vasitəsilə törədilən hər hansı cinayətə tətbiq olunur:

“Maddə 14 – Prosessual normaların tətbiqi dairəsi

1. Hər bir Tərəf konkret cinayət təqibinin və ya icraatın aparılması məqsədilə bu fəsildə nəzərdə tutulmuş səlahiyyətlərin və prosedurların müəyyənləşdirilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.

2. … hər bir Tərəf bu maddənin 1-ci bəndində qeyd olunan səlahiyyətləri və prosedurları aşağıdakılara münasibətdə tətbiq edir:
a) hazırkı Konvensiyanın 2-11-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərə;
b) hər hansı kompüter sistemi vasitəsi ilə törədilən digər cinayətlərə;
c) cinayətlə bağlı sübutlarının elektron formada toplanmasına.

3…”

25. Prosessual səlahiyyətlərə bunlar daxildir: Saxlanılan kompüter məlumatların mühafizəsinin operativ təminatı, trafik məlumatlarının qorunmasının operativ təminatı və onların qismən açıqlanması, təqdimetmə göstərişi, saxlanılan kompüter məlumatların axtarışı və götürülməsi, trafik məlumatların real vaxt rejimində toplanması və məlumatın məzmununun ələ keçirilməsi. Əsas müvafiq xidmət provayderlərindən xidmətlərin göstərilməsi ilə bağlı abunəçilər haqqında məlumatın təqdim edilməsini tələb etmək səlahiyyətidir: izahedici hesabat, cinayətkarın müəyyənləşdirməsinin çətinliyini şəbəkə mühitində cinayətlərə qarşı mübarizənin ən əsas problemlərindən biri kimi təsvir edir.

“Maddə 18 – Təqdimetmə göstərişi

1. Hər bir Tərəf, onun səlahiyyətli orqanlarının aşağıdakı şəxslərə göstəriş vermək səlahiyyətini təmin etmək üçün, qanunvericilik sahəsində və digər sahələrdə tədbirlər görür:

a) onun ərazisində hər hansı bir şəxsə – bu şəxsin sərəncamında olan, yaxud onun nəzarət etdiyi, kompüter sistemində və ya kompüter daşıyıcılarında saxlanan konkret kompüter verilənlərinin təqdim edilməsi ilə bağlı göstəriş:

b) onun ərazisində fəaliyyətini həyata keçirən xidmət provayderinə – bu provayderin ixtiyarında olan və ya onun nəzarət etdiyi abunəçilər haqqında məlumatın təqdim edilməsi ilə bağlı göstəriş.

2. Bu maddədə sadalanan səlahiyyət və prosedurlar 14-cü və 15-ci maddələrə uyğun olaraq müəyyən edilir.

3. Bu maddənin məqsədləri üçün “abunəçilər haqqında məlumat” anlayışı xidmət provayderinin öz abunəçiləri barədə kompüter verilənləri formasında və yaxud başqa bir formada malik olduğu məlumatları nəzərdə tutur, trafik verilənləri və ya məlumatların məzmunu istisna olmaqla, və belə məlumatlar vasitəsi ilə aşağıdakıları müəyyən etmək olar:

a) istifadə edilən rabitə xidmətlərinin növü, bu məqsədlə qəbul edilmiş texniki təminat tədbirləri və xidmətin göstərilmə müddəti;

b) xidmət müqaviləsi və ya razılaşması əsasında əldə olunan istifadəçinin şəxsiyyəti, onun poçt və ya coğrafi ünvanı, telefon və başqa əlaqə nömrəsi, xidmət haqqı hesabları və ödənişləri haqqında məlumat;

c) xidmət müqavilələri və razılaşmaları əsasında quraşdırılmış kommunikasiya avadanlıqlarının yerləri haqqında istənilən digər məlumatlar.

26. İzahedici hesabatda qeyd edilir ki, cinayət işinin araşdırılması zaman abunəçilər barədə məlumata əsasən iki halda ehtiyac yarana bilər. Birincisi, abunəçinin hansı xidmətlərdən və müvafiq texniki vasitələrdən keçmişdə və ya həmin zaman istifadə etdiyini müəyyən etmək üçün, misal üçün istifadə olunan telefon xidmətinin növü, onunla bağlı istifadə edilən digər xidmətlərin növü (misal üçün zəngin ötürülməsi, səsli mesaj), telefon nömrəsi və digər texniki ünvan (misal üçün elektron ünvanı). İkincisi, texniki ünvan bilindikdə, abunəçi barədə məlumat müvafiq şəxsin şəxsiyyətinin müəyyən edilməsinə yardım etmək üçün tələb edilir. Təqdimetmə göstərişi, hüquq mühafizə orqanlarının tətbiq edə biləcəyi tədbirlər arasında digərləri ilə müqayisədə daha yüngül və daha az müdaxilə edici tədbir hesab edilir, məlumatların məzmununun gizli izlənilməsi və internet trafiki məlumatının operativ yığılması kimi daha ciddi tədbirlər isə yalnız ağır cinayətlərə tətbiq edilməlidir və ya tətbiq edilə bilər ( 20 və 21-ci maddələr).

27. 1-2 aprel 2008-ci ildə Strasburqda keçirilən “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” adlı beynəlxalq konfransda “Kibercinayətkarlığa qarşı hüquq mühafizə orqanları və internet servis provayderlərinin birgə əməkdaşlığına dair Rəhbər Prinsiplər” qəbul edilib. Bu sənəd kibercinayətkarlığa aid məsələlərlə bağlı əlaqələrinin tənzimlənməsində hüquq mühafizə orqanları və internet servis provayderlərinə yardım etmək məqsədi güdür. Kiber-təhlükəsizliyin artırılması və xidmətlərdən qanunsuz məqsədlərlə istifadəni azaltmaq üçün hər iki tərəfin səmərəli əməkdaşlıq etməsi zəruri hesab edilib. Prinsiplər, hüquq mühafizə orqanları və internet servis provayderləri tərəfindən görülməli praktiki tədbirləri ümumi təsvir edir və kibercinayətlərin üzə çıxan növlərini müəyyən etmək və onlara qarşı mübarizə aparmaq imkanlarını gücləndirmək məqsədilə tərəflərin məlumat mübadiləsini təşviq edir. Xüsusilə də qanunla müəyyən edildiyi kimi cinayət fəaliyyəti üçün xidmətlərdən istifadəni azaltmaq məqsədilə servis provayderlər hüquq mühafizə orqanları ilə əməkdaşlığa təşviq edilir.

B. Birləşmiş Millətlər Təşkilatı

28. Kibercinayətkarlıq sahəsində qəbul olunan bir sıra qətnamələrindən bu işin hallarına ən çox aidiyyəti olan Baş Assambleyanın 4 dekabr 2000-ci il tarixli 55/63 saylı və 19 dekabr 2001-ci il tarixli 56/121 saylı “informasiya texnologiyalardan cinayət məqsədləri ilə sui-istifadəyə qarşı mübarizəyə” dair qətnamələridir. Bu cür sui-istafadəyə qarşı mübarizə tədbirlərindən biri kimi 55/63 saylı qətnamə tövsiyə edir ki:

“(f) hüquqi sistemlər xüsusi ibtidai araşdırmaya aidiyyəti olan elektron məlumatların qorunması və qısa müddətdə əldə edilməsinə icazə verməlidir”

29. Daha sonra qəbul edilmiş qətnamə, müxtəlif tədbirlərin əhəmiyyətini təsvir edir və yenidən üzv Dövlətləri onları nəzərə almağa çağırır.

C. Avropa Birliyi

30. 15 mart 2006-cı il tarixdə Avropa Parlamenti və Avropa Birliyinin Şurası ictimai elektron kommunikasiya xidmətlərinin göstərilməsi və ya ictimai kommunikasiya şəbəkələrinin istifadəsi nəticəsində alınan və ya istifadə edilən məlumatların saxlanılması barədə 2006/24/EC saylı Direktiv qəbul etdilər və həmin Direktiv, məlumatların saxlanılması barədə əvvəlki 2002/58/EC Direktivə dəyişikliklər etdi. Bu Direktivin məqsədi hər Dövlətin milli qanunvericiliyinə əsasən ağır cinayətlərin araşdırılması, aşkar və təqib edilməsi üçün kommunikasiya provayderlərinin üzərinə qoyduğu, müvafiq məlumatları saxlamaq öhdəliyi sahəsində üzv Dövlətlərin qanunvericiliyinin harmonizasiyasıdır. O, həm hüquqi, həm də fiziki şəxslərin internet trafiki və şəxsin yeri barədə və abunəçi və ya qeydiyyatda olan istifadəçinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tələb edilən məlumata tətbiq edilir. O, elektron kommunikasiyalarının məzmununa tətbiq edilmir. Direktiv tələb edir ki, üzv Dövlətlər müəyyən kateqoriya məlumatların altı aydan iki ilədək saxlanılmasını təmin etsinlər. 5-ci maddədə saxlanılmalı məlumatlar müəyyən edilir:

“1. Üzv Dövlətlər bu Direktivə əsasən aşağıda qeyd edilən kateqoriyalara aid məlumatların saxlanılmasını təmin etməlidir:

a) məlumatın mənbəyinin müəyyən edilməsi və kimliyinin aydınlaşdırılması üçün zəruri olan məlumat:

(2) İnternetə çıxış, internetdə elektron ünvan və internetlə telefon əlaqəsi barədə məlumat

iii) kommunikasiya vaxtı internet protokol ünvanı (İP ünvan), istifadəçi adı və ya telefon nömrəsi alan abunəçi və ya qeydiyyata alınmış istifadəçinin adı və ünvanı”

31. Üzv Dövlətlər 15 sentyabr 2007-ci ilədək bu direktivi implementasiya etməli idi. Lakin, Finlandiya da daxil olmaqla, 16 dövlət internetə çıxış, internetlə telefon bağlantısı və internetdə elektron ünvana dair müddəaların tətbiqini 15 mart 2009-cu il tarixədək təxirə salmaq hüququndan istifadə etdi.

İV. MÜQAYİSƏLİ HÜQUQ

32. Avropa Şurası üzv Dövlətlərinin milli qanunvericiliklərinin müqayisəli analizi göstərir ki, əksər dövlətlərdə telekommunikasiya servis provayderləri cinayətin növündən asılı olmayaraq istintaq və ya məhkəmə orqanlarının sorğusuna cavab olaraq kompüter məlumatın, o cümlədən abunəçi barədə məlumatların təqdim edilməsinə dair xüsusi öhdəlik daşıyırlar. Bəzi ölkələrdə isə sənəd və digər məlumatların təqdim edilməsi ilə bağlı yalnız ümumi müddəalar mövcuddur və həmin müddəaların tətbiqi dairəsi genişləndirilərək təcrübədə həmçinin kompüter məlumatının və abunəçi barədə məlumatların təqdim etmək öhdəliyini də əhatə edə bilər. Bir neçə ölkə hələ ki, Avropa Şurasının Kibercinayətkarlığa qarşı Konvensiyasının 18-ci maddəsinin müddəalarını implementasiya etməyib.

V. 3-CÜ TƏRƏFLƏRİN TƏQDİMATLARI

33. Helsinki İnsan Hüquqları Fondu öz təqdimatında qeyd etdi ki, hazırkı iş bir tərəfdən şəxsi həyatın, şərəf və nüfuzun qorunması, digər tərəfdən isə ifadə azadlığının həyata keçirilməsi arasında balansın müəyyən edilməsi məsələsini qaldırır. Fondun fikrincə, hazırkı iş, Məhkəməyə bu sahədə Dövlətin pozitiv öhdəliyini müəyyən etmək və bununla da üzv Dövlətlərdə internetdən istifadə sahəsində ümumi standartları inkişaf etdirmək imkanı yaradır.

34. O, internetin çox özəl bir kommunikasiya üsulu olduğunu və ondan istifadənin əsas prinsiplərindən birinin məxfilik prinsipi olduğunu vurğuladı. Məxfiliyin yüksən səviyyəsi söz azadlığını və müxtəlif ideyaların ifadəsini həvəsləndirir. Digər tərəfdən internet insanlar barədə diffamasiya xarakterli məlumatların yayılması, onların təhqir edilməsi və ya şəxsi həyatlarına müdaxilə üçün çox güclü vasitədir. İnternetin anonimliyinə görə pozuntu qurbanı zəif bir vəziyyətə düşür. Ənənəvi kütləvi informasiya vasitələrindən fərqli olaraq qurban diffamasiya xarakterli məlumatları yayan şəxsi yüngüllüklə müəyyən edə bilmir, çünki həmin şəxs təxəllüs və ya hətta yanlış addan istifadə etməklə öz kimliyinin gizlədə bilər.

HÜQUQI MƏSƏLƏLƏR

1. KONVENSİYANIN 8-Cİ VƏ 13-CÜ MADDƏLƏRİNİN GÜMAN EDİLƏN POZUNTUSU

35. Konvensiyanın 8-ci maddəsinə əsasən ərizəçi şəxsi həyatına müdaxilədən və Konvensiyanın 13-cü maddəsinə zidd olaraq onun adından internetdə diffamasiya xarakterli elanı yerləşdirən şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün heç bir səmərəli hüquqi müdafiə vasitəsinin mövcud olmadığından şikayətləndi.

8-ci maddə bunları nəzərdə tutur:

“ 1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.
2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir”.

13-cü maddə bunları nəzərdə tutur:

“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”

A. Tərəflərin təqdimatları

36. Ərizəçi qeyd etdi ki, həmin zaman Finlandiya qanunvericiliyi cinayətkarı müdafiə edirdi, pozuntu qurbanına isə şəxsi həyata müdaxilədən müdafiə olunmaq və ya hüquqlarını bərpa etmək imkanı vermirdi. Cinayət qanunvericiliyinə əsasən mübahisə yaradan hərəkət cəzalandırılmalı idi, lakin Hökumət Telekommunikasiyalarda Şəxsi Həyatın Qorunması və Məlumatın Təhlükəsizliyi və İcbari Tədbirlər barədə Qanunların bir-birinə uyğunluğunu təmin etməyib. O qeyd etdi ki, qeyri-müəyyən şəkildə mülki qaydada, xüsusilə də 3-cü şəxsdən zərərin ödənilməsini tələb etmək imkanı, hüquqlarının müdafiə edilməsi üçün yetərli olmayıb. O, internetdə elanı yerləşdirən şəxsi müəyyən etmək imkanından məhrum edildiyini xüsusi vurğuladı. Müəyyən hallarda kompensasiya səmərəli hüquqi vasitə olsa da, bu, həmin kompensasiyanın, qurbanın hüquqlarını pozan şəxs tərəfindən ödənilib-ödənilməməsindən asılıdır və ərizəçinin işində o, həmin şəxs tərəfindən ödənilməyib. Hökumətin dediklərinə əsasən bu sahədə yeni qanunvericilik qəbul edilib və həmin qanunvericilik, bu hadisələrin baş verdiyi zaman qüvvədə olsaydı, bu şikayətə ehtiyac olmazdı. Ərizəçinin fikrincə, Hökumət qeyd edilən dövrdə onun müdafiə edilməməyinin səbəblərini əsaslandırmadı. O, beləliklə hesab etdi ki, 8 və 13-cü maddələrin pozuntusu baş verib.

37. Hökumət bu işdə ərizəçinin şəxsi həyatına müdaxilənin digər fərd tərəfindən edildiyini vurğuladı. Mübahisə mövzusu olan hərəkət yerli qanunvericilikdə təhrifedici şəkildə təqdimetmə hesab edilirdi, bu cür hərəkət cəzalandırılmalı idi və cəza çəkindirici təsirə malik idi. İnternetdə elanı yerləşdirən şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə istintaq başlanılmışdı, lakin o zaman qüvvədə olan və ifadə azadlığının və məxfi ifadənin müdafiə edilməsinə yönəlmiş qanunvericiliyə görə həmin istintaq nəticə verməyib. Qanunvericilik, anonim internet məlumatı yerləşdirən şəxsi o dərəcədə müdafiə edirdi ki, hətta bu müdafiə, digər fərdin şəxsi həyatına müdaxiləni mümkün edən məlumatları da əhatə edirdi. Müdafiənin bu cür əks təsiri digər şəxslərin şəxsi həyata hörmət hüququnun qorunmasına müdaxilə edən məlumat anlayışının qanunvericilikdə dəqiq müəyyən edilməməyinin nəticəsi idi və bu səbəbdən, bu cür məlumatların qanunda nəzərdə tutulan müdafiənin əhatə dairəsindən xaric edilməsi mümkün deyildi. Lakin bununla yanaşı digər hüquqi vasitələr mövcud idi, misal üçün Şəxsi Məlumat barədə Qanun, təhrifedici şəkildə təqdimetməyə qarşı müdafiə imkanları nəzərdə tuturdu, çünki server operatoru həmin qanunun cinayət məsuliyyəti və ziyanın ödənilməsi barədə müddəaları əsasında onun yazdığı həssas məlumatın, məlumat subyektinin razılığı əsasında istifadə edilməsini təmin etmək öhdəliyi daşıyırdı. Bundan əlavə, şəxsi məlumatın yayılması ilə bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti bitsə də, ərizəçi elanı dərc edən şəxsdən kompensasiya tələb etmək imkanına malik idi. X və Y Niderlanda qarşı işdən (26 mart 1985-ci ilin qərarı, Seriya A, Ⅶ 91) fərqli olaraq bu işdə cinayətin daha az ağır olduğu üçün ziyanın ödənilməsi ilə bağlı məsuliyyət yetərli dərəcədə çəkindirici təsirə malik idi. Bundan əlavə ərizəçi digər mexanizmlərdən də, misal üçün məhkəmə prosesindən əvvəl polis istintaqı, cinayət təqibi, məhkəmə icraatı və ziyanın ödənilməsi kimi vasitələrdən istifadə edə bilərdi.

38. Hökumət qeyd etdi ki, qanunverici vəziyyət həmin zaman mövcud olan sosial kontekstdə nəzərdən keçirilməlidir və həmin dövr internetdən istifadənin sürətlə artımının başlanğıc mərhələsi idi. 2004-cü ilin yanvarın 1-də qüvvəyə minən və hazırda qüvvədə olan Kütləvi İnformasiya Vasitələrində İfadə Azadlığının Həyata Keçirilməsinə dair Qanun (bölmə 2 və 17) cinayətin araşdırılması məqsədilə anonim internet məlumatları dərc edən şəxsin məxfiliyinin pozulması ilə bağlı polisə daha geniş səlahiyyətlər verir. Yeni qanunvericilik qanunvericinin sosial sahədə baş verən inkişafa reaksiyasını əks etdirir və həmin inkişaf internetdən istifadənin, o cümlədən sui-istifadənin artımı nəticəsində müdafiənin sərhədlərini yenidən müəyyənləşdirmək ehtiyacı yaratdı. Beləliklə, cəmiyyətdəki vəziyyətin dəyişməsi nəticəsində sonrakı qanunvericilik, şəxsi həyatın qorunmasını ifadə azadlığına münasibətdə, xüsusilə də internetdə anonim məlumatları yerləşdirən şəxslərlə balı daha da gücləndirdi.

39. Lakin bu işdə ən önəmlisi odur ki, hətta hadisələr zamanı qüvvədə olan qanunvericilik şəxsi həyata müdaxilə edən məlumatların yayılmasına qarşı hüquqi vasitələrdən istifadə etmək imkanı verirdi, çünki qanunvericiliyə əsasən məlumatın dərc edildiyi internet serverin operatoru məlumatda qeyd edilən şəxsin operatorun serverində onun barəsində həssas məlumatın dərc edilməsinə razılıq verməsini yoxlamaq öhdəliyi daşıyırdı. Bu öhdəlik cinayət məsuliyyəti və vurulan ziyanın ödənilməsi öhdəliyi ilə gücləndirilmişdir. Beləliklə, qanunvericiliyə əsasən şəxsi həyatın qorunması və səmərəli hüquq vasitələrlə bağlı ərizəçiyə yetərli təminatlar verilmişdir.

B. Məhkəmənin qiymətləndirməsi

40. Məhkəmə öncə qeyd edir ki, həmin zaman 12 yaşlı uşaq olan ərizəçi, internetdə tanışlıq saytında seksual xarakterli elanın subyekti olub. Lakin həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən elanı yerləşdirən şəxsin şəxsiyyəti barədə məlumatı internet provayderdən almaq mümkün olmayıb.

41. 8-ci maddənin tətbiq edilməsi məsələsi mübahisə yaratmır: ərizədə qeyd edilən faktlar “şəxsi həyat” anlayışına toxunur və həmin anlayış şəxsin fiziki və mənəvi toxunulmazlığını əhatə edir (bax: X və Y Niderlanda qarşı, yuxarıda qeyd edilib, paraqraf 22). Bu iş yerli qanunvericilikdə “təhrifedici şəkildə təqdim edmə” hesab edilsə də, Məhkəmə, yaranan vəziyyəti və qurbanın çox gənc yaşda olması nəticəsində həssas olduğuna görə onun fiziki və psixoloji rifahına potensial təhlükəni nəzərə alaraq, şəxsi həyat anlayışının bu xüsusi aspektlərini vurğulamağa üstünlük verir.

42. Məhkəmə təkrarən bildirir ki, 8-ci maddənin məqsədi əsasən şəxsin dövlət orqanlarının müdaxiləsindən müdafiə olunması olsa da, bu sahədə Dövlətin öhdəliyi həmin müdaxilədən çəkinmək öhdəliyi ilə məhdudlaşmır: əsasən neqativ xarakterli bu öhdəliklə yanaşı, şəxsi və ailə həyatına effektiv hörmət, həmçinin pozitiv öhdəlikləri də əhatə edir (bax: Eyri İrlandiyaya qarşı, 9 oktyabr 1979-cu il tarixli qərar, Seriya A, № 32, paraqraf 32).

43. Bu öhdəliklərə hətta fərdlərin öz aralarına olan münasibətlər sahəsində şəxsi həyata hörmətin təmin edilməsinə yönələn qanunvericiliyin qəbul edilməsi də daxil edilə bilər. Şəxsi həyata hörmətin təmin edilməsinin müxtəlif üsulları mövcuddur və Dövlət öhdəliyinin mahiyyəti şəxsi həyatın xüsusi aspektindən asılıdır. Digər şəxslərin hərəkətlərindən müdafiə sahəsində 8-ci maddəyə əməl edilməsi məqsədilə müəyyən üsulların seçilməsi, prinsipcə Dövlətin mülahizə sərbəstliyi çərçivəsində həll edilsə də, fundamental dəyərlər və şəxsi həyatın vacib aspektlərinə toxunan ciddi hərəkətlərin qarşısının alınması ehtiyacı cinayət hüququna aid səmərəli qanunvericiliyin qəbul edilməsini tələb edir (bax: X və Y Niderlanda qarşı, paraqraf 23-24 və 27; Avqust Birləşmiş Krallığa qarşı № 36505/02, 21 yanvar 2003-cü il və M.C. Bolqarıstana qarşı ,№ 39272/98, paraqraf 150, AİHM 2-003-Xİİ).

44. Lakin dövlət orqanlarının mülahizə sərbəstliyinin hüdudları Konvensiyanın müddəaları ilə məhdudlaşır. Həmin hüdudları şərh edərkən Məhkəmə Konvensiyanın ilk növbədə və ən əsası insan hüquqlarının müdafiə sistemi olduğunu nəzərə alaraq, Üzv Dövlətlərdə dəyişən vəziyyəti araşdırmalı və standartların getdikcə yaxınlaşmasına diqqət verməlidir (bax: Kristin Qudvin Birləşmiş Krallığa qarşı, №28957\95. paraqraf 74. AİHM 2002-Vİ).

45. Məhkəmə qeyd edir ki, bu işdə ehtimal edilən pozuntu şikəst qızın zorlanması ilə bağlı X və Y Niderlanda qarşı işdə baş verən pozuntu ilə müqayisədə daha az ağır olsa da, o, əhəmiyyətsiz hesab edilə bilməz. Bu hərəkət cinayət olub, yetkinlik yaşına çatmayan şəxsə toxunub və onun pedofillərin hədəfinə çevrilməsi ilə nəticələnib (bununla bağlı həmçinin yuxarıda qeyd edilən 41-ci paraqrafa bax).

46. Hökumət qəbul etdi ki, həmin zaman server operatorundan pozuntu törədən şəxsin şəxsiyyətini müəyyənləşdirən məlumatın verilməsi tələb edilə bilməzdi. O, qeyd etdi ki, sadəcə təhrifedici şəkildə təhrifetmə cinayətinin qanunvericilikdə nəzərdə tutulması və server operatoruna qarşı ziyanın ödənilməsi ilə bağlı iddia vermək imkanı, ərizəçiyə pozuntuya qarşı müdafiə imkanı verirdi. Birinci məsələyə gəldikdə, Məhkəmə qeyd edir ki, sadəcə hərəkətin cinayət kimi qiymətləndirilməsi, əgər əsl cinayətkarı müəyyən etmək və məsuliyyətə cəlb etmək imkanı mövcud deyilsə, məhdud çəkindirici təsirə malikdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, cinayət araşdırmasının səmərəliliyi məsələsi, hətta əgər məsələ Dövlət nümayəndələrinin cinayət məsuliyyəti ilə bağlı deyilsə belə, şəxsin fiziki və mənəvi toxunulmazlığını qorumaq üzrə Dövlətin pozitiv öhdəliyinin tərkib hissəsi ola bilər, (bax: Osman Birləşmiş Krallığa qarşı, 28 oktyabr 1998-ci il tarixli qərar, Qərarların Hesabatları, 1998-Vİİİ, paraqraf 128). Məhkəmə hesab edir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən, Dövlətlər, şəxs əleyhinə cinayətlərin, o cümlədən cinayətə cəhdlərin cinayət məcəlləsinə daxil edilməsi və səmərəli istintaq və cinayət təqibi vasitəsilə təcrübədə cinayət hüququnun müddəalarını tətbiq etməklə, həmin müddəaların çəkindirici təsirini gücləndirməklə bağlı pozitiv öhdəlik daşıyır (bax: mutatis mutandis M.C. Bolqarıstana qarşı, yuxarıda qeyd edilib, paraqraf 153). Uşağın fiziki və mənəvi rifahına təhlükə yarandığı hallarda bu qaydanın əhəmiyyəti daha da artır. Bununla bağlı Məhkəmə yada salır ki, cinsi istismar şübhəsiz ki, cinayətin ən nalayiq növüdür və qurbanın səhhətinə böyük ziyan vurur. Uşaqlar və digər həssas qruplara aid şəxslər şəxsi həyatın önəmli aspektlərinə müdaxilənin bu cür ağır formalarının səmərəli şəkildə qabağının alınması vasitəsilə Dövlət tərəfindən müdafiə olunmaq hüququna malikdir. (bax: Stabinq və digərləri Birləşmiş Krallığa qarşı, 22 oktyabr 196-cı i, paraqraf 64. Hesabatlar 1996-İV).

47. Ərizəçinin üçüncü şəxsdən, daha dəqiq desək, servis provayderindən dəymiş ziyanın əvəzini almaq imkanına malik olması barədə Hökumətin arqumentinə gəldikdə isə, Məhkəmə işin hallarını nəzərə alaraq bunu yetərli hesab etmir. Aydındır ki, həm ictimai maraq, həm də fiziki və psixoloji rifaha qarşı törədilmiş cinayət qurbanlarının maraqları cinayəti törədən şəxsin müəyyən edilməsi, məsuliyyətə cəlb edilməsi və həmin şəxs tərəfindən cinayət qurbanına ziyanın ödənilməsi üçün hüquqi vasitələrin mövcud olmasını tələb edirdi, bu işdə isə həmin şəxs ərizəçinin adından elan dərc edən şəxsi idi.

48. Məhkəmə razılaşır ki, müasir cəmiyyətlərin idarə olunmasında mövcud olan çətinlikləri nəzərə alaraq pozitiv öhdəlik elə şərh edilməlidir ki, dövlət orqanlarının, bu işdə isə qanunverici orqanın üzərinə mümkün olmayan və ya qeyri-mütənasib yük qoyulmasın. Məsələyə aid digər məqam isə cinayətin qarşısının alınması və araşdırılması səlahiyyətlərinin həyata keçirilməsi zaman qanuni prosedurlara və digər təminatlara hörmətin təmin edilməsi ehtiyacıdır, həmin təminatlar isə cinayətin araşdırılması və cinayətkarların məsuliyyətə cəlb edilməsi ilə bağlı legitim məhdudiyyətlər müəyyən edə bilər və həmçinin cinayətkarların özlərinin istinad edə biləcəkləri Konvensiyanın 8 və 10—cu maddələrində nəzərdə tutulan təminatları da əhatə edir. Məhkəmə, istənilən qanunverici boşluğun müvafiq zamanda mövcud sosial kontekstdə araşdırmalı olduğu barədə Hökumətin arqumentini anlayır. Eyni zamanda, Məhkəmə qeyd edir ki, müvafiq hadisə 1999-cu ildə baş verib və həmin zaman internetdən, məhz onun məxfi xarakterinə görə cinayət məqsədləri üçün istifadə edilməsinin mümkünlüyü bəlli idi (bax: yuxarıda əksini tapmış 22 və 24-cü bəndlərə). Bu zamana qədər son on il ərzində uşaqların cinsi istismarı probleminin geniş yayılması məlum idi. Beləliklə, cavabdeh Dövlətin uşaq qurbanlarını internetdə pedofillər tərəfindən hədəfə alınmasından müdafiə etmək məqsədilə müvafiq sistem yaratmaq imkanı var idi.

49. Məhkəmə hesab edir ki, ərizəçinin praktiki və səmərəli müdafiəsi tələb edirdi ki, cinayəti törədən, yəni elanı dərc edən şəxsin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün səmərəli addımlar atılsın. Bu işdə bu cür müdafiə təmin edilməyib. Məxfiliyin qorunması tələbi üstün olduğu üçün səmərəli istintaqın başlanılması mümkün olmayıb. İfadə azadlığı və kommunikasiyaların məxfiliyi, çox vacib amillərdir və telekommunikasiya və internet istifadəçilərinin öz şəxsi həyatının və ifadə azadlıqlarının müdafiəsi ilə bağlı təminatları olmalıdır, lakin bu cür təminatlar hədsiz olmamalıdır və digər legitim maraqlar üçün, məsəlın, iğtişaşların və ya cinayətin qarşısının alınması və ya digər şəxslərin hüquq və azadlıqların qorunması üçün, məhdudlaşdırıla bilən olmalıdır. İnternetdə təhqiredici elan yerləşdirən şəxsin davranışının nalayiq olduğunu nəzərə alaraq, həmin hərəkətin 8 və 10-cu maddə ilə müdafiə olunub-olunmaması məsələsinə toxunmadan hər bir halda qanunverici orqan bu kontekstdə müdafiə olunmalı müxtəlif tələblərin bir araya gəlməsi üçün çərçivə təmin etməlidir. Lakin qeyd edilən dövr ərzində bu cür çərçivə mövcud olayıb və bunun nəticəsində Finlandiya, ərizəçiyə münasibətdə öz pozitiv öhdəliyini yerinə yetirə bilməyib. Bu çatışmazlıq sonradan aradan qaldırılıb. Lakin Kütləvi İnformasiya Vasitələrində Söz Azadlığının Həyata Keçirilməsinə dair Aktda (yuxarıdakı 21-ci paraqrafa bax) nəzərdə tutulan mexanizmlər gec qəbul olunduğu üçün, ərizəçi onlardan istifadə edə bilməyib.

50. Məhkəmə hazırkı işdə 8-ci maddənin pozulmasını müəyyən edir.

51. 8-ci maddə ilə bağlı gəldiyi nəticəni nəzərə alaraq, Məhkəmə hazırkı işdə həmçinin 13-cü maddənin pozulub-pozulmaması məsələsinin araşdırılmasını zəruri hesab etmir. (bax: digər presedentlərlə yanaşı Salinen və digərləri Niderlanda qarşı, № 50882/99, paraqraf 102 və 110, 27 sentyabr 2005-ci il və Kopland Birləşmiş Krallığa qarşı, № 6261.00, paraqraf 50-51, AİHM 2007…).

Iİ. KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ

52. Konvensiyanın 41-ci maddəsi bunları nəzərdə tutur:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

A. Ziyan

53. Mənəvi ziyan başlığı altında ərizəçi çəkdiyi iztirablara görə 3,500 avro tələb etdi.

54. Hökumət qeyd etdi ki, bu məbləğ 2,500 avrodan artıq olmamalıdır.

55. Məhkəmə hesab edir ki, ərizəçiyə mənəvi ziyan vurulub. O, hesab edir ki, sadəcə pozuntunun müəyyən edilməsi ilə bu ziyanın əvəzi ödənilməyəcək və beləliklə, bununla bağlı kompensasiya ödənilməlidir. Ədalətli əsasla qiymətləndirmə apararaq, Məhkəmə ədalətli əsasla ərizəçiyə bu bəndlə 3,000 Avronun ödənilməsini qərara alır.

B. Məsrəflər və xərclər

56. Ərizəçi yerli instansiyalarda və Məhkəmədə aparılan icraatdan yaranan xərclərə görə 2500 avro tələb etdi.

57. Hökumət tələb edilən sənədlərin ərizəçi tərəfindən təqdim edilməsini mübahisələndirdi.

58. Məhkəmə qeyd edir ki, Məhkəmə Qaydalarının 60-cı maddəsində tələb edilən heç bir sənəd təqdim edilməyib. Beləliklə bu tələblər rədd edilməlidir.

C. Gecikdirməyə görə faizlər

59. Məhkəmə cərimə faizinin Mərkəzi Avropa Bankındakı satış kursu əsasında hesablanması və onun üzərinə müvafiq üç faiz dərəcəsinin əlavə edilməli olduğunu müəyyən edir.

BU SƏBƏBLƏRƏ GÖRƏ MƏHKƏMƏ YEKDİLLİKLƏ

1. Qərara alır ki, Konvensiyanın 8-ci maddəsi pozulub,

2. Qərara alır ki, şikayətin Konvensiyanın 13-cü maddəsinə əsasən araşdırılmasına ehtiyac qalmayıb,

3. Qərara alır ki,

(a) bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndi əsasında qüvvəyə mindiyi tarixdən sonra üç ay ərzində cavabdeh Dövlət ərizəçiyə mənəvi ziyana görə 3,000 (üç min avro) avro və hər hansı vergi tətbiq edilərsə, onun məbləğini də əlavə olaraq ödəməlidir;

(b) yuxarıda qeyd edilən müddət bitdikdən sonra öhdəlik icra edilənə qədər yuxarıda qeyd edilən ödənilməli məbləğlərin üzərinə Avropa Mərkəzi Bankındakı borc dərəcəsinin yuxarı həddinə bərabər olan adi faiz məbləği əlavə olunmalı və onun da üzərinə daha üç faiz əlavə edilməlidir;

4. Əvəzin ədalətli ödənilməsi ilə bağlı ərizəçinin qalan tələblərini rədd edir.

Qərar ingilis dilində tərtib olunub və Məhkəmə Reqlamentinin 77-ci qaydasının 2 və 3-cü bəndlərinə müvafiq olaraq, 2 dekabr 2008-ci ildə qərar barədə yazılı məlumat verilib.

Lourens Örli
Katib

Nikolas Bratza
Sədr

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2012.
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2012.
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2012.
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante : publishing@echr.coe.int.