MADDƏ 10/№64569/09 “DELFİ AS” (DELFI AS) ESTONİYAYA QARŞI – 16 İYUN 2015-ci il

© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə görə heç bir məsuliyyət daşımır. Əlavə məlumat almaq üçün bu sənədin sonunda verilmiş müəllif hüququna dair tam məlumata baxın.

© Council of Europe/European Court of Human Rights, 2016. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court. For further information see the full copyright indication at the end of this document.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour. Pour plus de renseignements veuillez lire l’indication de copyright/droits d’auteur à la fin du présent document.

 

 

BÖYÜK PALATA

 

 

“DELFİ AS” (DELFI AS) ESTONİYAYA QARŞI məhkəmə işi

(Ərizə № 64569/09)

QƏRAR

 

 

Strasburq

16 iyun 2015-ci il

 

Bu qərar qətidir, amma ona redaktə xarakterli düzəlişlər edilə bilər.

 

Mündəricat

PROSEDUR
FAKTLAR

I. İŞİN HALLARI
A. İşin tarixçəsi
B. İnternet xəbər portalında yerləşdirilən məqalə və şərhlər
C. Ərizəçi şirkətə qarşı mülki proses
D. Hadisələrin sonrakı gedişatı

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA

III. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR
A. Avropa Şurasının sənədləri
B. Digər beynəlxalq sənədlər

IV. MÜVAFİQ AVROPA İTTİFAQI QANUNVERİCİLİYİ VƏ MÜQAYİSƏLİ HÜQUQ MATERİALLARI
A. Avropa İttifaqının sənədləri və presedent hüququ
1. 2000/31/EC saylı direktiv
2. 98/48/EC saylı direktiv vasitəsilə dəyişikliklər edilmiş 98/34/EC saylı direktiv
3. Avropa İttifaqı Məhkəməsinin presedent hüququ
B. Müqayisəli hüquq materialları

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU
A. Palatanın qərarı

B. Tərəflərin Böyük Palata qarşısında arqumentləri
1. Ərizəçi şirkət
2. Hökumət

C. Prosesə qatılan üçüncü tərəflərin arqumentləri
1. Helsinki İnsan Hüquqları Fondu
2. “19-cu maddə” (Article 19) təşkilatı
3. “Aksess” (Access) təşkilatı
4. “Media nümayəndələrinin hüquqlarının müdafiəsi təşəbbüsü” təşkilatı (Media Legal Defence Initiative – MLDI)
5. EDiMA, CCIA Europe və EuroISPA

D. Məhkəmənin qiymətləndirməsi
1. İlkin qeydlər və Məhkəmənin qiymətləndirməsinin hüdudları
2. Müdaxilənin mövcudluğu
3. Müdaxilənin qanuniliyi
4. Qanuni məqsəd
5. Müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyi”

 

“Delfi AS” Estoniyaya qarşı məhkəmə işində,

Avropa İnsan Hüquqları Məhkəməsi,
hakimlər:
Din Şpilmann (Dean Spielmann), sədr,
Josep Casadeval (Josep Casadevall),
Qvido Raymondi (Guido Raimondi),
Mark Villiger (Mark Villiger),
İşıl Karakaş (Işıl Karakaş),
İneta Ziemele (Ineta Ziemele),
Boştyan M. Zupançiç (Boštjan M. Zupančič),
Andras Sayo (András Sajó),
Ledi Bianku (Ledi Bianku),
Nona Tsotsoriya (Nona Tsotsoria),
Vinsent A. De Qaetano (Vincent A. De Gaetano),
Angelika Nyussberger (Angelika Nußberger),
Culiya Laffrank (Julia Laffranque),
Linos-Aleksandr Sitsilyanos (Linos-Alexandre Sicilianos),
Helena Yaderblom (Helena Jäderblom),
Robert Spano (Robert Spano),
Yon Fridrik Kölbro (Jon Fridrik Kjølbro),
habelə Böyük Palatanın katib müavini Yohan Kallevartdan (Johan Callewaert) ibarət tərkibdə Böyük Palatada iclas keçirərək,
9 iyul 2014-cü ildə və 18 mart 2015-ci ildə qapalı müşavirə keçirərək,
yuxarıda qeyd edilən sonuncu tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

PROSEDUR

1. 1. İş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının (“Konvensiya”) 34-cü maddəsinə əsasən Estoniyada qeydiyyata alınmış açıq tipli məhdud məsuliyyətli “Delfi AS” şirkəti (“ərizəçi şirkət”) tərəfindən 4 dekabr 2009-cu ildə Məhkəməyə təqdim edilmiş Estoniya Respublikasına qarşı ərizə (№64569/09) əsasında başlanıb.
2. Ərizəçi şirkəti Tallinndə vəkillik fəaliyyəti ilə məşğul olan cənab V. Otsmann və xanım K. Turk təmsil ediblər. Estoniya Hökumətini (“Hökumət”) onun nümayəndəsi, Xarici İşlər Nazirliyindən olan xanım M. Kuurberq (M. Kuurberg) təmsil edib.
3. Ərizəçi şirkət iddia etdi ki, onun İnternet xəbər portalında yerləşdirilmiş üçüncü şəxslərin şərhlərinə görə məsuliyyətə cəlb edilməsi Konvensiyanın 10-cu maddəsinə zidd olmaqla onun ifadə azadlığını pozub.
4. Ərizə Məhkəmənin Beşinci bölməsinin icraatına verildi (Məhkəmə Reqlamentinin 52-ci qaydasının 1-ci bəndi). 1 fevral 2011-ci ildə Məhkəmə öz Bölmələrinin tərkibini dəyişdi (25-ci qaydanın 1-ci bəndi) və ərizə yeni təşkil olunmuş Birinci bölmənin icraatına verildi. Hakimlər İzabella Berro-Lefevr (Isabelle Berro-Lefèvre) (sədr), Elizabet Ştayner (Elisabeth Steiner), Xanlar Hacıyev (Khanlar Hajiyev), Miryana Lazarova Traykovska (Mirjana Lazarova Trajkovska), Yuliya Laffrank (Julia Laffranque), Kseniya Turkoviç (Ksenija Turković), Dmitri Dedov (Dmitry Dedov), habelə Bölmə katibinin müavini Andre Vampaşdan (André Wampach) ibarət tərkibdə təşkil olunmuş Palata 10 oktyabr 2013-cü ildə qərarını elan etdi. O, ərizəni yekdilliklə qəbulolunan elan etməyi qərara aldı və Konvensiyanın 10-cu maddəsinin pozulmadığı barədə qərar çıxardı.
5. 8 yanvar 2014-cü ildə ərizəçi şirkət Konvensiyanın 43-cü maddəsinə uyğun olaraq işin Böyük Palataya verilməsi barədə vəsatət verdi və 17 fevral 2014-cü ildə Böyük Palatanın kollegiyası bu vəsatəti təmin etdi.
6. Böyük Palatanın tərkibi Konvensiyanın 26-cı maddəsinin 4-cü və 5-ci bəndlərinin və 24-cü qaydanın müddəalarına uyğun olaraq müəyyənləşdirildi.
7. Ərizəçi şirkət və Hökumət hər biri işin mahiyyəti üzrə əlavə yazılı qeydlərini təqdim etdilər (59-cu qaydanın 1-ci bəndi).
8. Bundan əlavə, yazılı icraata qatılmalarına Böyük Palatanın sədri tərəfindən icazə verilmiş aşağıdakı üçüncü tərəflərin qeydləri qəbul edildi (Konvensiyanın 36-cı maddəsinin 2-ci bəndi və 44-cü qaydanın 2-ci bəndi): Helsinki İnsan Hüquqları Fondu; “19-cu maddə” (Article 19) təşkilatı; “Aksess” (Access) təşkilatı; iyirmi səkkiz tərəfdaş təşkilatla birgə çıxış edən “Media nümayəndələrinin hüquqlarının müdafiəsi təşəbbüsü” təşkilatı (Media Legal Defence Initiative – MLDI); və birgə çıxış edən Avropa Rəqəmsal Media Assosiasiyası (EDiMA), Kompüter və Kommunikasiyalar Sənayesi Assosiasiyası (CCIA Europe) və Avropa İnternet Xidmətləri Provayderlərinin Ümumavropa Assosiasiyası (EuroISPA).
9. 9 iyul 2014-cü ildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmə keçirildi (59-cu Qaydanın 3-cü bəndi).
Məhkəmədə iştirak etdilər:

a) Hökumətin adından:
nümayəndə:
xanım M. Kuurberq (M. Kuurberq),
məsləhətçilər:
xanım M. Kaur (M. Kaur),
xanım K. Megi (K. Mägi);

b) ərizəçi şirkətin adından:
vəkillər:
cənab V. Otsmann (V. Otsmann),
xanım K. Turk (K. Turk).

Məhkəmə cənab Otsmannın, xanım Turkun və xanım Kuurberqin çıxışlarını, habelə hakimlər Ziemele, Spano, Raymondi, Villiger və Bianku tərəfindən verilmiş suallara onların cavablarını dinlədi.

FAKTLAR

I. İŞİN HALLARI

10. Ərizəçi şirkət Estoniyada qeydiyyata alınmış açıq tipli məhdud məsuliyyətli şirkətdir (aktsiaselts).

A. İşin tarixçəsi

11. Ərizəçi şirkət gündə 330-dək xəbər materialı dərc edən İnternet xəbər portalı “Delfi”nin sahibidir. “Delfi” Estoniyada ən böyük İnternet xəbər portallarından biridir. O, Estoniyada eston və rus dillərində xəbərlər dərc edir, həmçinin Latviya və Litvada da fəaliyyət göstərir.
12. Nəzərdən keçirilən dövrdə xəbər materiallarının sonunda “şərhini əlavə et” sözləri və şərhlər üçün, şərhçinin adı üçün və elektron poçtunun ünvanı üçün (bu ünvanı yazmaq könüllü idi) sətirlər var idi. Bu sətirlərin aşağısında “şərhini paylaş” və “şərhləri oxu” düymələri vardı. Başqalarının şərhlərini oxumaq üçün nəzərdə tutulan hissə ayrıca bölmə idi və “şərhləri oxu” düyməsinin üzərinə mausla vurmaqla oraya daxil olmaq olardı. Şərhlər avtomatik olaraq sayta yüklənir və ərizəçi şirkət tərəfindən nə redaktə olunur, nə də dəyişikliyə məruz qalırdı. Materiallara gündə təxminən 10.000 oxucudan şərh daxil olurdu, onların çoxu təxəllüs (şərti ad) ilə verilirdi.
13. Bununla yanaşı, xəbərdarlıq və saf-çürük etmə sistemi də vardı: istənilən oxucu hər hansı şərhi “leim” kimi (təhqiramiz və ya ələsalma xarakterli ismarıcı, yaxud İnternetdə nifrətə təhrik edən ismarıcı bildirən eston sözü) göstərə bilərdi və həmin şərh tez bir zamanda silinirdi. Bundan başqa, şərhlərin avtomatik silinməsi sistemi vardı ki, nalayiq sözlərin müəyyən qrupunu silirdi. Bundan əlavə, ləkələyici şərhin qurbanı birbaşa ərizəçi şirkətə məlumat verə bilərdi, bu halda şərh dərhal silinirdi.
14. Ərizəçi şirkət istifadəçilərə bu məlumatı vermək üçün səy göstərirdi ki, şərhlər onun rəyləri deyil və şərhlərin məzmununa görə onların müəllifləri məsuliyyət daşıyırlar. “Delfi”nin İnternet saytında “Şərh qoyma qaydaları” bölümü vardı, oraya aşağıdakılar daxil idi:
““Delfi”nin ismarıclar lövhəsi istifadəçilərin şərhlərini yerləşdirmələrinə imkan verən texniki vasitədir. “Delfi” şərhləri redaktə etmir. Şərhin müəllifi öz şərhinə görə məsuliyyət daşıyır. Qeyd etmək lazımdır ki, Estoniya məhkəmələrində elə işlər olub ki, müəlliflər şərhin məzmununa görə cəzalandırılıblar…
“Delfi” müsbət təcrübəyə cavab verməyən məzmuna malik şərhləri qadağan edir.
Bunlar aşağıdakı şərhlərdir:
– təhdidi özündə ehtiva edən;
– təhqiri özündə ehtiva edən;
– düşmənçiliyə və zorakılığa təhrik edən;
– qanunsuz hərəkətlərə təhrik edən; …
– mövzuya aid olmayan linkləri, spam və ya reklamları özündə ehtiva edən;
– heç bir mahiyyət daşımayan və (və ya) mövzudan kənar olan;
– nalayiq və ədəbsiz ifadələri özündə ehtiva edən şərhlər…
“Delfi” belə şərhləri silmək və onların müəlliflərinin şərh yazmaq imkanını məhdudlaşdırmaq hüququna malikdir…”
Həmçinin “Şərh qoyma qaydaları” bölümündə xəbərdarlıq və saf-çürük etmə sisteminin fəaliyyəti izah olunurdu.
15. Hökumət bildirdi ki, Estoniyada “Delfi” ləkələyici və alçaldıcı şərhlər yerləşdirmək baxımından bədnam ad çıxarıb. Belə ki, 22 sentyabr 2005-ci ildə həftəlik “Eesti Ekspress” qəzetinin redaksiya heyəti ədliyyə nazirinə, baş prokurora və ədliyyə kanslerinə ünvanlanan açıq məktub dərc edib və Estoniyanın ictimai veb-saytlarında insanların fasiləsiz olaraq lağa qoyulması ilə bağlı narahatlığını ifadə edib. Orada “Delfi” qəddar və təkəbbürlü formada rişxənd etmənin mənbəyi adlandırılıb. Açıq məktubun ünvanlandığı şəxslər ona “Eesti Ekspress” qəzetinin 29 sentyabr 2005-ci il buraxılışında cavab verdilər. Ədliyyə naziri vurğuladı ki, təhqir olunmuş şəxslər məhkəmədə “Delfi”yə qarşı iddia qaldırmaqla və kompensasiya tələb etməklə şərəf və nüfuzlarını müdafiə etmək hüququna malikdirlər. Baş prokuror təhdidlərin, ictimai nifrətə təhrik etmənin və yetkinlik yaşına çatmayanlara qarşı seksual sui-istifadənin cinayət qanunvericiliyi əsasında cəzalandırılmasının hüquqi əsaslarını göstərdi və qeyd etdi ki, böhtan və təhqirlərə görə məsuliyyət məsələsinə mülki məhkəmə icraatı qaydasında baxılır. Ədliyyə kansleri ifadə azadlığının, habelə hər kəsin şərəfinin və təmiz adının müdafiəsini təmin etmək üçün nəzərdə tutulan hüquq normalarına, o cümlədən “Öhdəliklər haqqında” qanunun (Võlaõigusseadus) 1043-cü və 1046-cı maddələrinə istinad etdi.

B. İnternet xəbər portalında yerləşdirilən məqalə və şərhlər

16. 24 yanvar 2006-cı ildə ərizəçi şirkət “Delfi”nin portalında “SLK planlaşdırılan buz yolunu dağıtdı” başlığı altında məqalə yerləşdirdi. Buz yolları qışda donan dənizin üzəri ilə çəkilən və Estoniyanın əsas ərazisini bəzi adalarla birləşdirən yollardır. “SLK” abbreviaturası AS Saaremaa Laevakompanii (açıq tipli məhdud məsuliyyətli Saaremaa Shipping Company şirkəti) deməkdir. SLK ölkənin əsas ərazisi ilə bəzi adalar arasında daşımaların həyata keçirilməsi xidmətini göstərir. Nəzərdən keçirilən dövrdə SLK-nın nəzarət şurasının üzvü və şirkətin yeganə və ya əsas səhmdarı L. idi.
17. 24 və 25 yanvar 2006-cı ildə məqaləyə 185 şərh verildi. Onlardan təxminən iyirmisində L.-ə qarşı şəxsi təhdidlər və təhqiramiz ifadələr vardı.
18. 9 mart 2006-cı ildə L.-in vəkilləri ərizəçi şirkətdən təhqiramiz şərhlərin silinməsini tələb etdilər və həmçinin mənəvi ziyanın kompensasiyası qismində 500.000 kron (təxminən 32.000 avro) tələb etdilər. Tələb aşağıdakı iyirmi şərh ilə əlaqədar idi:
“1. 1) Vainameridə axınlar var…
2) Orada açıq sular sizin qeyd etdiyiniz yerlərə yaxındır, buz isə nazikdir.
Təklif: gəlin 1905-ci ildə olduğu kimi çubuqlarla Kuressaareyə gedək və [L.] ilə [Le.-ni] çantanın içinə qoyaq…
2. Əclaflar…
Onlar istənilən halda bu inhisarın və dövlət subsidiyalarının sayəsində pul içində üzürlər, indi isə qorxmağa başlayıblar ki, avtomobillər onların pul kisəsini doldurmadan bir neçə gün ərzində adalara gedər. Öz gəmində yan, xəstə yəhudi!!!
3. Yaxşı ki, [La.-nın] təşəbbüsü İnternet qalmaqalçılarının sıralarını dağıtmadı. İrəli, uşaqlar, [L.-i] qaz sobasına atın!
4. [Balaca L.,] irəli get və suda boğul.
5. Aha… İnanmağım gəlmir ki, bu təsadüfən baş verib… Sarsaqlar…
6. Yaramaz!!! [rusca]
7. Nə sızlayırsınız, bu alçağı birdəfəlik öldürün. Gələcəkdə başqaları da … bilsinlər ki, hətta ömürləri qısa olsa belə, hansı risklə üzləşə bilərlər.
8. Tamamilə doğrudur. Bu, cəzalandırılacaqları barədə digər ada sakinlərinə də xəbərdarlıq olar. O halda bir daha heç kəs belə şey etməz! İstənilən halda, [L.] buna layiqdir, məgər elə deyil?
9. “Yaxşı adam uzun müddət yaddaşlarda yaşayır, pis adam isə yaddaşlarda çox az qalır”.
10. Əgər buz yolu olsaydı, hər avtomobil 500 vahidə qənaət edərdi; əclaf [L.], bu qənaətin əvəzini ödə; əgər gəmilər buzları yaxşı qıra bilirsə, nəyə görə adaya daşımalar 3 saat vaxt aparır; gəl və Pyarnu limanındakı buzları qır…, əks halda mən körfəzi birbaşa keçəcəyəm və əgər batsam, bunun günahkarı sən olacaqsan.
11. Bəs bu əclaflara müqavimət göstərə bilən birisi yoxdur?
12. Saaremaa və Hiiumaa adalarının sakinləri, bu axmağa qalib gəlin.
13. Maraqlıdır, bu cür pul qoparmağa görə Saaremaada [L.]-in dərsini verəcəklərmi?
14. İnsanlar bir neçə gün İnternetdə boş-boş danışacaqlar, fırıldaqçılar (həmçinin arxası olanlar və bizi təmsil etmələri üçün özümüzün seçdiyimiz adamlar) isə ciblərini dolduracaqlar və bu alovlu sözlərə məhəl qoymayacaqlar – bunlar heç kimin vecinə də olmayacaq.
Vaxtı ilə [M.] və digər iri fırıldaqçılar insanlarla pis rəftar edirdilər, amma tamahkarlıqlarının cəzasını aldılar. Bunlar da gec-tez tamahkarlıqlarının cəzasını alacaqlar (…). Nə əkəcəklərsə onu da biçəcəklər, onları cilovlayan tapılacaq (insanlar onları məhkəməsiz cəzalandıracaqlar, çünki dövlət onların qarşısında gücsüzdür), çünki onlar yalnız bu günlə yaşayırlar. Düşünürlər ki, onlardan sonra qoy lap daşqın olsun.
15. Bir dəfə bu [V.-ni] vurub xəşilini çıxaracağam.
Lənətə gəlmişlər, siz qazanxananı alovlandıranda və saunadan tüstü çıxanda Saaremadakı qarğalar oraya yığışaraq düşünürlər ki, … donuz kəsilmək üçün gəlir. Başqa cür ola da bilməz.
16. Əclaflar!!! “Ofeliya” da buz gəmisidir, ona görə də “Ola”nın tələb olunmasına bununla haqq qazandırmaq olmaz!!!
17. Cəmiyyətin tör-töküntüləri tərəfindən idarə olunan və maliyyələşdirilən Estoniya dövləti, əlbəttə ki, tör-töküntülərin antisosial hərəkətlərinin qarşısını almır və ya onları cəzalandırmır. Amma hər bir [L.] üçün “Mixail günü” var… və bunu qətiyyən qoyunların “Mixail günü” ilə müqayisə etmək olmaz. Əslində adamın [L.]-ə yazığı gəlir, hər halda insandır… 😀 😀 😀
18. … belə hərəkətlərdən sonra [L.] qəflətən xəstəliyə görə məzuniyyət götürməli olarsa və buz yolu növbəti dəfə dağıdılarsa…, o zaman o üçüncü dəfə donuz kimi hərəkət etməyə cürət edəcəkmi? 🙂
19. Bu əclaf [L.] olmasaydı tezliklə uşağımla evə gedə bilərdim…, istənilən halda onun şirkəti normal daşıma xidmətini təmin edə bilmir, qiymətlər isə… əslində tükürpərdicidir…, sual yaranır: o kimin ciblərini və ağzını pulla doldurub ki, ildən ilə donuz kimi hərəkət edir.
20. Əclafların əlindən çörəkpulu qazanmaq olmur; kağızlar və İnternet hər şeyi təsdiqləyir; pul naminə deyil, sadəcə əylənmək üçün (əslində dövlət və [L.] xalqın rəyinə məhəl qoymurlar)…, yalnız məzələnmək xatirinə [L.]-in qulağına sidik, sonra isə başına nəcis ifraz edərdim. :)”
19. Elə həmin gün, yəni şərhlərin yerləşdirilməsindən təxminən altı həftə sonra təhqiramiz şərhlər ərizəçi şirkət tərəfindən silindi.
20. 23 mart 2006-cı ildə ərizəçi şirkət L.-in vəkillərinin sorğusuna cavab verdi. O, xəbərdarlıq və saf-çürük etmə öhdəliyinə uyğun olaraq şərhlərin silindiyi barədə L.-ə məlumat verdi və ziyanı kompensasiya etməkdən imtina etdi.

C. Ərizəçi şirkətə qarşı mülki proses

21. 13 aprel 2006-cı ildə L. Haryu dairə məhkəməsində ərizəçi şirkətə qarşı mülki iddia qaldırdı.
22. 28 may 2007-ci il tarixli dinləmədə ərizəçi şirkətin nümayəndələri digər məsələlərlə yanaşı bildirdilər ki, “Bürünc gecə” işinə bənzər işlərdə (bu iş 2007-ci ilin aprelində bürünc əsgər abidəsinin yerinin dəyişdirilməsi ilə əlaqədar kütləvi iğtişaşlara aid idi), “Delfi” öz təşəbbüsü ilə gündə 5.000-10.000 şərh silib.
23. 25 iyun 2007-ci il tarixli məhkəmə qərarı ilə L.-in iddia tələbi rədd edildi. Dairə məhkəməsi bu qənaətə gəldi ki, Elektron kommersiyaya dair direktiv (Daxili bazarda informasiya cəmiyyəti xidmətlərinin müəyyən hüquqi aspektlərinə, xüsusən elektron kommersiyaya dair Avropa İttifaqı Parlamentinin və Avropa İttifaqı Şurasının 2000/31/EC saylı direktivi) əsasında qəbul edilmiş “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanun (Infoühiskonna teenuse seadus) ərizəçi şirkətin məsuliyyətini istisna edir. Məhkəmə hesab etdi ki, ərizəçi şirkətin xəbər portalındakı şərhləri portalın jurnalistika bölümündəki şərhlərdən fərqləndirmək lazımdır. Birincinin ərizəçi şirkət tərəfindən idarə olunması mahiyyət etibarı ilə mexaniki və passiv xarakterli işdir. Ərizəçi şirkət şərhləri yerləşdirən subyekt sayıla bilməz və onlara nəzarət etmək öhdəliyini də daşımır.
24. 22 oktyabr 2007-ci ildə Tallinn Apellyasiya Məhkəməsi L.-in apellyasiya şikayətini təmin etdi. O hesab etdi ki, dairə məhkəməsi “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanunun ərizəçi şirkətin məsuliyyətini istisna etdiyi qənaətinə gəlməklə səhvə yol verib. Dairə məhkəməsinin qərarı ləğv edildi və iş yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərildi.
25 21 yanvar 2008-ci ildə Ali Məhkəmə ərizəçi şirkətin bu qərardan şikayətinə baxmadan onu rədd etdi.
26. 27 yanvar 2008-ci ildə Haryu dairə məhkəməsi işə yenidən baxdıqdan sonra L.-in xeyrinə qərar çıxardı. Apellyasiya Məhkəməsinin təlimatlarına uyğun olaraq, o, “Öhdəliklər haqqında” qanuna istinad etdi və hesab etdi ki, “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanun bu işə tətbiq edilə bilməz. O qeyd etdi ki, ərizəçi şirkət öz İnternet saytında qeyd yerləşdirib ki, şərhlər redaktə olunmur, müsbət təcrübəyə zidd olan şərhlərin yerləşdirilməsi qadağandır və ərizəçi şirkət bu cür şərhləri silmək hüququnu özündə saxlayır. Qurulmuş sistemə əsasən istifadəçilər şərtlərə uyğun olmayan hər hansı şərhlər barəsində ərizəçi şirkətə xəbər verməli idilər. Lakin dairə məhkəməsi hesab etdi ki, bu kifayət deyil və digər şəxslərin şəxsiyyətləri ilə əlaqədar olan hüquqlarının adekvat müdafiəsinə imkan yaratmır. Məhkəmə bu qənaətə gəldi ki, ərizəçi şirkətin özü şərhləri yerləşdirən subyekt sayılır və şərhlərin məzmununa görə məsuliyyət daşımadığı barədə qeydi yerləşdirməklə məsuliyyətdən yayına bilməz.
27. Dairə məhkəməsi bu qənaətə gəldi ki, “Delfi” xəbər portalında yerləşdirilmiş xəbərlər məqaləsi balanslaşdırılmış məqalə idi. Lakin bir sıra şərhlər kobud formada idi; onlar alçaldıcı və ləkələyici idi və L.-in şərəf, ləyaqət və nüfuzuna zərər yetirirdi. Şərhlər haqlı tənqidin sərhədlərini aşmışdı və adi təhqirlərə bərabər idi. Məhkəmə bu nəticəyə gəldi ki, ifadə azadlığı üçün nəzərdə tutulan müdafiə bu cür şərhlərə şamil olunmur və L.-in şəxsiyyəti ilə əlaqədar olan hüquqları pozulub. Mənəvi ziyana görə L.-ə 5.000 kron (EEK) təyin olundu (320 avro).
28. 16 dekabr 2008-ci ildə Tallinn Apellyasiya Məhkəməsi dairə məhkəməsinin qərarını qüvvədə saxladı. O vurğuladı ki, ərizəçi şirkətdən onun xəbər portalında yerləşdirilən şərhlər üzərində ilkin nəzarəti həyata keçirməsi tələb olunmurdu. Lakin belə nəzarət olmadığı təqdirdə o hər hansı bir digər səmərəli sistem yaratmalı idi ki, qanunsuz şərhlərin portaldan çox tez bir zamanda silinməsi təmin edilsin. Apellyasiya Məhkəməsi hesab etdi ki, ərizəçi şirkət tərəfindən görülən tədbirlər kifayət deyildi və şərhlərə nəzarət etmək vəzifəsini onların potensial qurbanlarının üzərinə qoymaq vicdanlı davranış prinsipinə zidd idi.
29. Apellyasiya Məhkəməsi ərizəçi şirkətin bu arqumentini rədd etdi ki, “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanun onun məsuliyyətini istisna edir. O qeyd etdi ki, ərizəçi şirkət şərhlərlə əlaqədar texniki vasitəçi deyildi və onun fəaliyyəti sadəcə texniki, avtomatik və passiv xarakter daşımırdı; əksinə, o, istifadəçiləri şərhlər əlavə etməyə dəvət edirdi. Beləliklə, ərizəçi şirkət texniki xidmətlərin təchizatçısından daha çox, məzmuna aid xidmətlərin təchizatçısı idi.
30. 10 iyun 2009-cu ildə Ali Məhkəmə ərizəçi şirkətin şikayətini rədd etdi. O, Apellyasiya Məhkəməsinin qərarının mahiyyət hissəsini qüvvədə saxladı, lakin əsaslandırıcı hissəsinə qismən dəyişiklik etdi.
31. Ali Məhkəmə qərarında aşağıdakıları bildirdi:
“10. Məhkəmə kollegiyası hesab edir ki, şikayət ərizəsində yer alan iddialar Apellyasiya Məhkəməsinin qərarını ləğv etmək üçün əsas rolunu oynaya bilməz. Apellyasiya Məhkəməsinin qərarında gəlinən nəticə düzgündür, amma qərarın hüquqi əsasında dəyişiklik edilməli və Mülki Prosessual Məcəllənin 692-ci maddəsinin 2-ci bəndi əsasında qərara əlavələr edilməlidir.
11. Tərəflər aşağıdakı halları şübhə altına almayıblar:
• 24 yanvar 2006-cı ildə cavabdehin “Delfi” İnternet portalında “SLK planlaşdırılan buz yolunu dağıtdı” başlıqlı məqalə dərc olunub;
• cavabdeh İnternet portalının ziyarətçilərini məqalələri şərh etmək imkanı ilə təmin edib;
• yuxarıda qeyd edilən məqalə ilə bağlı yerləşdirilmiş (avaldatud) şərhlərdən 20-si iddiaçı [L.-ə] münasibətdə alçaldıcı xarakter daşıyıb;
• iddiaçının 9 mart 2006-cı il tarixli məktubundan sonra cavabdeh alçaldıcı şərhləri silib.
12. Tərəflər arasında hüquqi mübahisə sahibkar qismində cavabdehin “Öhdəliklər haqqında” qanunda nəzərdə tutulan mənada naşir sayılıb-sayılmaması, portalda yerləşdirilənlərin (şərhlərin məzmununun) qanuni olub-olmaması və məzmunu qanunsuz xarakter daşıyan şərhlərin yerləşdirilməsinə görə cavabdehin məsuliyyət daşıyıb-daşımaması məsələsinə aiddir.
13. Kollegiya Apellyasiya Məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır ki, İCXQ-nin (İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanunun) 10-u maddəsində əks olunmuş məsuliyyəti istisna edən hallar cavabdehə şamil olunmur.
“Texniki qaydalar və standartlar haqqında” qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən, informasiya cəmiyyəti xidmətləri İCXQ-nin 2-ci maddəsinin 1-ci bəndində göstərilən xidmətlərdir. İCXQ-nin həmin bəndinə əsasən, “informasiya cəmiyyəti xidmətləri” iqtisadi və ya peşə fəaliyyətləri formasında göstərilən, xidmətləri alanın tələbatını ödəməyə yönələn və tərəflərin eyni vaxtda bir yerdə olmasına ehtiyac olmadan göstərilən xidmətlərdir, belə xidmətlər məlumatların rəqəmsal emalı və saxlanması məqsədi ilə onların elektron vasitələrlə emalını, saxlanmasını və ötürülməsini özündə ehtiva edir. Müvafiq olaraq, informasiya cəmiyyəti xidmətləri göstərilməsinin mühüm şərtləri ondan ibarətdir ki, bu xidmətlər tərəflərin fiziki iştirakı olmadan göstərilir və xidmətlərin istifadəçisinin müraciəti əsasında müəyyən ödəniş müqabilində təqdim edilir.
İCXQ-nin 8-11-ci maddələrində müxtəlif informasiya cəmiyyəti xidmətlərinin təchizatçılarının məsuliyyəti müəyyən edilir. İCXQ-nin 10-cu maddəsində deyilir ki, təqdim edilən xidmət həmin xidmətdən istifadə edənin təqdim etdiyi məlumatların saxlanmasından ibarət olduğu halda xidmət təchizatçısı xidmətdən istifadə edənin müraciəti əsasında saxladığı məlumatlara görə məsuliyyət daşımır, bu şərtlə ki: 1) xidmət təchizatçısı məlumatların məzmunundan faktiki olaraq xəbərsiz olmalı, ziyana görə kompensasiya tələbinə gəldikdə isə qanunsuz fəaliyyəti və ya məlumatı aşkara çıxaran faktlardan və ya hallardan xəbərsiz olmalı; 2) yuxarıdakı faktlar barədə məlumat aldıqda və ya onlardan xəbərdar olduqda həmin məlumatları silmək və ya onlara çıxışı mümkünsüz etmək üçün cəld hərəkətə keçməlidir. Müvafiq olaraq, sözügedən maddə o halda tətbiq edilir ki, təqdim edilən xidmət [həmin xidmətin təchizatçısının] serverində məlumatların saxlanmasından ibarət olur və istifadəçilər həmin məlumatlara çıxış əldə etmək imkanına malik olurlar. İCXQ-nin 10-cu maddəsində göstərilən şərtlərin nəzərə alınması şərti ilə, bu cür xidmətin təchizatçısı saxladığı məlumatların məzmununa görə məsuliyyətdən azaddır, çünki həmin xidmət təchizatçısı sözügedən maddədə nəzərdə tutulan mənada sadəcə vasitəçi rolunu oynayır və məlumatların yerləşdirilməsini və ya dəyişdirilməsini həyata keçirmir.
“İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanun Daxili bazarda informasiya cəmiyyəti xidmətlərinin müəyyən hüquqi aspektlərinə, xüsusən elektron kommersiyaya dair Avropa İttifaqı Parlamentinin və Avropa İttifaqı Şurasının 2000/31/EC saylı direktivi (Elektron kommersiyaya dair direktiv) əsasında qəbul edildiyinə görə, sözügedən qanunun müddəaları şərh olunarkən həmin direktivin prinsip və məqsədləri də nəzərə alınmalıdır. Əsasını direktivin 12-15-ci maddələri təşkil edən İCXQ-nin 8-11-ci maddələri direktivin preambulasının 42-ci bəndinin müddəaları vasitəsilə dolğunlaşdırılıb. Həmin müddəalara əsasən, məsuliyyətdən azad edilmə yalnız o halları əhatə edir ki, informasiya cəmiyyəti xidmətlərinin təchizatçısının fəaliyyətləri texniki əməliyyat prosesi ilə və informasiyanın üçüncü şəxslərə ötürüldüyü və ya müvəqqəti saxlandığı kommunikasiya şəbəkəsinə çıxışı təmin etməklə məhdudlaşır və bunlar yalnız ötürməni daha səmərəli etmək məqsədi daşıyır; bu fəaliyyət sadəcə olaraq texniki, avtomatik və passiv xarakter daşıyır, bu isə o deməkdir ki, informasiya cəmiyyəti xidmətlərinin təchizatçısı ötürdüyü və ya saxladığı informasiyalar barədə məlumata malik olmur və həmçinin onlar üzərində nəzarətə də malik olmur. Müvafiq olaraq, “məzmuna aid xidmətlər” adlandırılan xidmətləri göstərən, yəni saxlanılan informasiyaların məzmunu üzərində nəzarətə malik olan təchizatçılar direktivin 12-15-ci maddələrindəki istisna hallara istinad edə bilməzlər.
Kollegiya Apellyasiya Məhkəməsinin bu rəyinə şərikdir ki, şərhləri yerləşdirən cavabdehin hərəkətləri sadəcə texniki, avtomatik və passiv xarakterli deyil. Cavabdehin məqsədi sadəcə vasitəçilik xidməti göstərməkdən ibarət deyil. Cavabdeh şərhləri özünün xəbər portalına inteqrasiya etdirib və veb-saytın istifadəçilərini xəbərləri öz mülahizə (hinnangud) və rəyləri (şərhləri) ilə tamamlamağa dəvət edib. Cavabdehin portalının ziyarətçilərinin sayı şərhlərin sayından asılıdır; portalda yerləşdirilən reklamlardan əldə edilən gəlir isə, öz növbəsində, [ziyarətçilərinin sayından] asılıdır. Beləliklə, cavabdeh şərhlərin yerləşdirilməsində maddi cəhətdən maraqlıdır. Cavabdehin özünün şərhlər yazmaması faktı o demək deyildi ki, o, şərhlər bölümü üzərində nəzarətə malik deyil. O, şərhlərə dair qaydalar tətbiq edir və qaydalar pozulduqda şərhlərə dəyişikliklər edir (və ya şərhləri silir). Cavabdehin xidmətlərinin istifadəçisi isə, əksinə, yerləşdirdiyi şərhləri dəyişə və ya silə bilməz. O sadəcə təhqiramiz şərhlər barəsində məlumat verə bilər. Beləliklə, cavabdeh əlavə olunan hansı şərhlərin yerləşdirilməsi və hansıların yerləşdirilməməsi barədə qərar verə bilər. Cavabdehin bu imkandan istifadə etməməsi faktı o demək deyil ki, o, şərhlərin yerləşdirilməsi üzərində nəzarətə malik deyil. Kollegiya Apellyasiya Məhkəməsinin bu rəyi ilə razılaşır ki, cavabdeh şərhlər bölümündə saxlanılan informasiyaları idarə edir və məzmuna aid xidmətlər təqdim edir, buna görə də, İCXQ-nin 10-cu maddəsində göstərilən, onun məsuliyyətinin qarşısını alan hallar bu işə şamil oluna bilməz.
14. Bu faktla bağlı heç bir hüquqi mübahisə yoxdur ki, cavabdeh 24 yanvar 2006-cı ildə “Delfi” İnternet portalında yerləşdirilmiş “SLK planlaşdırılan buz yolunu dağıtdı” başlıqlı məqalənin naşiridir. Dairə məhkəməsi bu qənaətə gəlib ki, cavabdeh həm də şərhləri yerləşdirən subyekt sayılmalıdır. Apellyasiya Məhkəməsi bu rəylə razılaşaraq qeyd edib ki, cavabdehin ifadə azadlığı hüququnun pozulduğunu qeyd etməsi faktı göstərir ki, o, şərhləri yazanları deyil, məhz özünü şərhləri yerləşdirən subyekt hesab edir. Kollegiyanın rəyinə görə, hazırkı işdə istər cavabdeh, istərsə də şərhləri yazanlar “Öhdəliklər haqqında” qanunda nəzərdə tutulan mənada şərhləri yerləşdirən subyektdirlər. İddiaçı onlardan hansına qarşı məhkəmə iddiası qaldırmaq seçimini etmək hüququna malikdir. Bu halda iddia yalnız cavabdehə qarşı qaldırılıb.
Kollegiya 3-2-1-95-05 saylı mülki iş üzrə 21 dekabr 2005-ci il tarixli qərarının 24-cü bəndində əks olunan “açıqlamaq” və “açıqlayan şəxs” anlayışlarını izah edərkən bu qənaətə gəldi ki, “Öhdəliklər haqqında” qanunun 1047-ci maddəsinin məqsədləri üçün “açıqlamaq” (avaldamine) termini məlumatların üçüncü şəxslərə açıqlanmasını bildirir, məlumatları üçüncü şəxslərə ötürən şəxs isə onları açıqlayan şəxsdir. Bundan əlavə, Kollegiya izah etdi ki, məlumat kütləvi informasiya vasitəsində dərc edildiyi halda (avaldamine) media şirkəti, habelə məlumatı kütləvi informasiya vasitəsinə ötürmüş şəxs “açıqlayan şəxs” sayıla bilər. İnternet portalında xəbərlərin və şərhlərin yerləşdirilməsi də jurnalistika fəaliyyətidir (ajakirjanduslik tegevus). Eyni zamanda, İnternet mediasının (internetiajakirjandus) xarakterini nəzərə alsaq, məntiqə görə portalın operatorunun şərhləri yerləşdirməzdən əvvəl onları çap mediasının nəşrinə (trükiajakirjanduse väljaanne) tətbiq edilən qaydada redaktə etməsini tələb etmək olmaz. [Çap mediasının naşiri] (väljaandja) şərhi redaktə etməklə onun dərc olunmasını həyata keçirdiyi halda, şərhi İnternet portalında yerləşdirən subyekt həmin şərhi yazan və onu portalı vasitəsilə geniş ictimaiyyətə təqdim edən şəxsdir. Beləliklə, portalın operatoru məlumatların açıqlandığı şəxs sayıla bilməz. Şərhləri yerləşdirməkdə maddi maraqları olduğuna görə, istər çap mediasının naşiri (väljaandja), istərsə də İnternet portalının operatoru sahibkar olaraq naşirlər (məlumatları “açıqlayan şəxslər”) (avaldajad) sayılırlar.
Şəxsin şərəfini və təmiz adını ləkələyərək ona ziyan vuran qiymətləndirici mülahizələrdən (väärtushinnang) söhbət getdiyi hallarda “nəşr etmək” (“naşir”) və “açıqlamaq” (“açıqlayan şəxs”) anlayışları müəyyən edilərkən qiymətləndirici mülahizənin nəşr edilmiş (açıqlanmış) informasiya əsasında yürüdülməsi və ya substantiv mənasına görə alçaldıcı olması əhəmiyyət daşımır… Müvafiq olaraq, bu halda “nəşr etmək” (“açıqlamaq”) şəxs barəsindəki qiymətləndirici mülahizənin və (və ya) həmin mülahizənin yürüdülməsinə imkan verən informasiyanın üçüncü şəxslərə çatdırılmasıdır (“Öhdəliklər haqqında” qanunun 1046-cı maddəsinin 1-ci bəndi), informasiyanın naşiri (informasiyanı açıqlayan) isə həmin mülahizələri (hinnangud) və informasiyanı üçüncü şəxslərə çatdıran şəxsdir. Hazırkı işdə şərhlər qeyri-məhdud sayda şəxslər (geniş ictimaiyyət) üçün əlçatan idi.
15. İfadə azadlığına müdaxiləyə haqq qazandırmaq üçün qanunvericiliyə deyil, vicdanlı davranış prinsipinə istinad etdiyinə görə Apellyasiya Məhkəməsinin Konstitusiyanın 45-ci maddəsini yanlış olaraq tətbiq etdiyi və şərhlərin portaldan silinməsinin şərhi yerləşdirmiş şəxsin ifadə azadlığına müdaxilə təşkil etdiyi barədə cavabdehin şikayət ərizəsindəki iddialara cavab olaraq Kollegiya aşağıdakı izahatı verdi.
İstənilən təməl hüququn həyata keçirilməsinə Konstitusiyanın 19-cu maddəsinin 2-ci bəndi ilə məhdudiyyət qoyulur, həmin bənddə nəzərdə tutulur ki, hər kəs başqalarının hüquq və azadlıqlarına hörmət etməli, onları nəzərə almalı və öz hüquq və azadlıqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən qanuna riayət etməlidir. Konstitusiyanın 45-ci maddəsinin birinci bəndinin birinci cümləsi hər kəsin ifadə azadlığı hüququnu, yəni istənilən məzmunda məlumatları istənilən formada yaymaq hüququnu təmin edir. Bu hüquq Konstitusiyada (17-ci maddədə) şəxsin şərəfinin və ya təmiz adının ləkələnməsinə qoyulan qadağa vasitəsilə məhdudlaşdırılır. Kollegiya bu fikirdədir ki, bir tərəfdən ifadə azadlığının, digər tərəfdən isə şərəfin və təmiz adın müdafiəsi arasındakı ziddiyyəti həll edərkən bu fakt nəzərə alınmalıdır ki, Konstitusiyanın qadağa formasında ifadə edilmiş 17-ci maddəsi şəxsin şərəfinə və təmiz adına müdaxiləni tam istisna etmir, yalnız onları ləkələməyi qadağan edir (“Öhdəliklər haqqında” qanunun 1046-cı maddəsi). Başqa sözlə, yuxarıdakı qadağanın mənasına əhəmiyyət verməmək Konstitusiyaya (Konstitusiyanın 11-ci maddəsinə) uyğun olmazdı. Konstitusiyanın 45-ci maddəsinin birinci bəndinin ikinci cümləsi şəxsin şərəfinin və təmiz adının müdafiəsi üçün ifadə azadlığının qanunla məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdə tutur.
“Öhdəliklər haqqında” qanunun aşağıdakı maddələrinin müddəaları şəxsin şərəfinin və təmiz adının müdafiəsinin maraqları naminə ifadə azadlığını məhdudlaşdıran müddəalar sayıla bilər: 1045(1)(4), 1046(1), 1047(1), (2) və (4), 1055(1) və (2), 134(2). Dairə məhkəməsi bu qənaətə gəlib ki, iddiaçının şərəfinə əsassız olaraq zərər yetirilib; buna görə də həmin zərər qanunsuzdur, belə ki, şərhləri yazanlar mövzu barədə müzakirə aparmayıblar, sadəcə olaraq iddiaçını alçaltmaq üçün təhqir ediblər. Apellyasiya Məhkəməsi də bu rəylə razılaşıb. Kollegiya hesab edir ki, “Öhdəliklər haqqında” qanunun 1046-cı maddəsi Konstitusiyaya uyğun şəkildə şərh edilib və şəxsin şərəfinə zərər yetirilməsi qanunsuz hesab edilib. Alçaldıcı xarakterli iyirmi şərhə məhkəmələr tərəfindən verilmiş hüquqi qiymət əsaslıdır. Məhkəmələr haqlı olaraq bu qənaətə gəliblər ki, şərhlər ləkələyici xarakter daşıyır, çünki onlar kobud formadadır, insan ləyaqətini alçaldır və təhdidləri özündə ehtiva edir. Kollegiya Apellyasiya Məhkəməsinin bu rəyi ilə razılaşmır ki, iddiaçının şəxsiyyətinə aid hüquqlarına müdaxilə təşkil edən qanunsuz xarakterli şərhlərin silinməsi şərhləri yazanların ifadə azadlığına müdaxilə deyil. Kollegiya hesab edir ki, təməl hüququ hər hansı formada məhdudlaşdıran istənilən tədbirin tətbiqi həmin təməl hüququn həyata keçirilməsinə müdaxilə sayıla bilər. Lakin İnternet portalının operatoru tərəfindən şərhlərini qoyan şəxslərin ifadə azadlığına müdaxilə edərkən sahibkar qismində portal operatoru buna Konstitusiyadan (17-ci maddə) və qanundan (“Öhdəliklər haqqında” qanunun 1046-cı maddəsi) irəli gələn üçüncü şəxslərin şərəfinə və təmiz adına hörmət etmək və onlara zərər yetirilməsinə yol verməmək (“Öhdəliklər haqqında” qanunun 1045-ci maddəsinin 1.4-cü bəndi) öhdəliyi ilə haqq qazandıra bilər.
16. Apellyasiya Məhkəməsinin qərarına əsasən, şərhlərin məzmunu qanunsuz idi; onlar linqvistik baxımdan qəbuledilməz idi. Qiymətləndirici mülahizələr … o halda qəbuledilməz sayılır ki, onların mənaca kobud xarakter daşıması və şəxsin insan ləyaqətini alçaltmaq və onu lağa qoymaq məqsədi güdməsi düşüncəli oxucuya açıq-aydın bəlli olur. Şərhlərdə portal operatorunun təşəbbüsü ilə həddən artıq yoxlama tələb edən hər hansı informasiya yox idi. Müvafiq olaraq, şərhlərin qanunsuz olduğunu bilmədiyi və bilməyə borclu olmadığı barədə cavabdehin iddiası əsassızdır.
Zərər yetirilməsinə yol verməmək kimi qanundan irəli gələn öhdəliyi ilə əlaqədar olaraq cavabdeh açıq-aydın qanunsuz məzmunlu şərhlərin yerləşdirilməsinin qarşısını almalı idi. Amma cavabdeh bunu etmədi. “Öhdəliklər haqqında” qanunun 1047-ci maddəsinin 3-cü bəndinə əsasən, məlumatların və ya digər məsələlərin açıqlanması, əgər həmin məlumatları və ya digər məsələləri açıqlayan şəxsin və ya onların açıqlandığı şəxsin həmin açıqlamada qanuni marağı varsa və həmin məlumatları açıqlayan şəxs onların və ya digər məsələlərin dolğunluğunu potensial pozuntunun ağırlıq dərəcəsinə uyğun sayıla biləcək səviyyədə yoxlayıbsa, qanunsuz sayılmır. Digər şəxsin şərəfinə zərər yetirən, linqvistik baxımdan qəbuledilməz olan qiymətləndirici mülahizələrin yerləşdirilməsinə “Öhdəliklər haqqında” qanunun 1047-ci maddəsinin 3-cü bəndində göstərilən hallarla o zaman haqq qazandırmaq olmaz ki, belə mülahizələr açıqlanmış hər hansı informasiya əsasında yürüdülmüş olmasın və müvafiq tərəfin şərəfinə və təmiz adına zərər yetirmək məqsədi ilə irəli sürülmüş və nəşr edilmiş olsun. Müvafiq olaraq, açıq-aydın qanunsuz xarakter daşıyan şərhlərin yerləşdirilməsinin özü də qanunsuzdur. Şərhlər yerləşdirildikdən sonra (cavabdeh onların məzmunun qanunsuz olduğunu bilməli idi) cavabdeh onları öz təşəbbüsü ilə portaldan silməyib. Belə olan halda məhkəmələr haqlı olaraq bu qənaətə gəliblər ki, cavabdehin hərəkətsizliyi qanunsuzdur. Cavabdeh iddiaçıya vurulmuş zərərə görə məsuliyyət daşıyır, çünki məhkəmələr cavabdehin təqsirkar [süü] olmadığını sübuta yetirə bilmədiyi qənaətinə gəliblər (“Öhdəliklər haqqında” qanunun 1050-ci maddəsinin 1-ci bəndi)”.

D. Hadisələrin sonrakı gedişatı

32. 1 oktyabr 2009-cu ildə “Delfi”nin öz İnternet portalında yerləşdirdiyi məlumata əsasən, “Delfi” təhqiramiz şərhlər yerləşdirmiş şəxslər tərəfindən şərh qaydaları oxunmayana və qəbul edilməyənə qədər onların yeni şərh yerləşdirmələrinə icazə vermirdi. Bundan başqa, elan edildi ki, “Delfi” moderatorlar qrupu təşkil edib, onlar portalda yerləşdirilən şərhlərə sonradan düzəlişlər edilməsini həyata keçirirlər. Hər şeydən əvvəl moderatorlar şərtlərə cavab verməyən şərhlər barəsində bütün istifadəçilər tərəfindən verilən məlumatları nəzərdən keçirirlər. Həmçinin yerləşdirilən şərhlərin şərh qaydalarına uyğun olması da izlənilir. Dərc olunmuş informasiyaya əsasən, 2009-cu ilin avqustunda “Delfi”nin oxucuları tərəfindən yerləşdirilən şərhlərin sayı 190.000 idi. “Delfi”nin moderatorları 15.000 şərhi (şərhlərin təxminən 8%-ini) silmişdilər, onlar əsasən spam və ya mövzu ilə əlaqəsi olmayan şərhlər idi. Şərhlərin ümumi sayında ləkələyici şərhlərin payı 0,5% idi.

II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK VƏ PRAKTİKA

33. Estoniya Respublikasının Konstitusiyasında (Eesti Vabariigi põhiseadus) deyilir:

Maddə 17

“Heç kəsin şərəfi və ya təmiz adı ləkələnməməlidir”.

Maddə 19

“1) Hər kəs öz imkanlarını sərbəst surətdə reallaşdırmaq hüququna malikdir.
2) Hər kəs başqalarının hüquq və azadlıqlarına hörmət etməli, onları nəzərə almalı və öz hüquq və azadlıqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən qanuna riayət etməlidir”.

Maddə 45

“1) Hər kəs ideyaları, rəyləri, əqidələri və digər məlumatları sözlə, çap etməklə, təsvir vasitəsilə və ya digər vasitələrlə sərbəst yaymaq hüququna malikdir. Bu hüquq ictimai qaydanın, mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının, sağlamlığının, şərəfinin və təmiz adının qorunması üçün qanunla məhdudlaşdırıla bilər. Həmçinin dövlət və yerli özünüidarə orqanlarının qulluqçularının bu hüququ vəzifələri ilə əlaqədar olaraq onlara məlum olan dövlət və ya kommersiya sirrinin və ya məxfi qaydada əldə edilmiş məlumatların və digər şəxslərin ailə və şəxsi həyat sirrinin, habelə ədalət mühakiməsinin maraqlarının qorunması məqsədi ilə qanunla məhdudlaşdırıla bilər.
2) Heç bir senzura olmamalıdır”.

34. “Mülki Məcəllənin ümumi hissəsi haqqında” qanunun (Tsiviilseadustiku üldosa seadus) 138-ci maddəsində nəzərdə tutulur ki, hüquqlar vicdanla həyata keçirilməli, öhdəliklər vicdanla yerinə yetirilməlidir. Hüquq qanunsuz şəkildə və ya digər şəxsə ziyan yetirmək məqsədi ilə həyata keçirilməməlidir.
35. “Öhdəliklər haqqında” qanunun (Võlaõigusseadus) 134-cü maddəsinin 2-ci bəndində deyilir:
“… şəxsiyyətə aid hüququn pozulmasından, xüsusən diffamasiyadan irəli gələn ziyanı kompensasiya etmək öhdəliyi yarandığı halda öhdəlik daşıyan şəxs yalnız pozuntunun ağırlığı buna haqq qazandırdığı təqdirdə, xüsusən fiziki və ya emosional ağrı baş verdiyi halda zərərçəkən şəxsə mənəvi ziyanı kompensasiya edir”.
36. “Öhdəliklər haqqında” qanunun 1043-cü maddəsində nəzərdə tutulur ki, digər şəxsə (zərərçəkənə) qanunsuz olaraq zərər yetirən şəxs (hüquqpozan) ziyanı o halda kompensasiya etməlidir ki, zərərin yetirilməsində təqsirkar olsun (süüdi) və ya zərərin yetirilməsinə görə qanunla məsuliyyət daşısın.
37. “Öhdəliklər haqqında” qanunun 1045-ci maddəsində müəyyən edilir ki, zərərin yetirilməsi digər hallarla yanaşı o halda qanunsuz sayılır ki, zərər zərərçəkənin şəxsiyyətinə aid hüququnun pozulması nəticəsində yetirilmiş olsun.
38. “Öhdəliklər haqqında” qanunda daha sonra deyilir:

Maddə 1046. Şəxsiyyətə aid hüquqlara yetirilən zərərin qanunsuz sayılması

“1) Digər hallarla yanaşı barəsində haqsız məhkəmə qərarı çıxarılması, adından və ya şəklindən haqsız şəkildə istifadə edilməsi, yaxud şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması və ya şəxsiyyətinə aid hər hansı digər hüququnun pozulması vasitəsilə şəxsin diffamasiyaya məruz qalması, qanunla başqa cür nəzərdə tutulmayıbsa, qanunsuz sayılır. Belə qanunsuz hal müəyyən edildikdə pozuntunun növü, səbəbi və motivi, habelə pozuntunun daşıdığı məqsəd baxımından ağırlıq dərəcəsi nəzərə alınır.
2) Qanunla qorunan digər qanuni hüquqlar, üçüncü şəxslərin hüquqları və ya ictimai maraqlar baxımından pozuntuya haqq qazandırmaq mümkündürsə, o halda şəxsiyyətə aid hüququn pozulması qanunsuz sayılmır”.

Maddə 1047. Yanlış məlumatların açıqlanmasının qanunsuzluğu

“1) Yanlış məlumatların açıqlanması [avaldamine] yolu ilə, yaxud şəxsə və ya şəxsin fəaliyyətlərinə aid məlumatların natamam və ya azdırıcı şəkildə açıqlanması vasitəsilə şəxsiyyətə aid hüquqların pozulması, yaxud şəxsin iqtisadi və ya peşə fəaliyyətlərinə müdaxilə edilməsi, əgər belə məlumatları açıqlayan şəxs onları açıqladıqdan sonra həmin məlumatların yanlış və ya natamam olmasından xəbərsiz olduğunu və ya bunu bilməyə borclu olmadığını sübut edə bilməsə, qanunsuz sayılır.
2) Şəxsə aid ləkələyici məsələlərin və ya onun maddi durumuna mənfi təsir göstərə biləcək məsələlərin açıqlanması, əgər belə məsələləri açıqlayan şəxs açıqladığı fikirlərin həqiqətə uyğun olduğunu sübut edə bilməsə, qanunsuz sayılır.
3) Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına baxmayaraq, məlumatların və ya digər məsələlərin açıqlanması, əgər həmin məlumatları və ya digər məsələləri açıqlayan şəxsin və ya onların açıqlandığı şəxsin həmin açıqlamada qanuni marağı varsa və həmin məlumatları açıqlayan şəxs onların və ya digər məsələlərin dolğunluğunu potensial pozuntunun ağırlıq dərəcəsinə uyğun sayıla biləcək səviyyədə yoxlayıbsa, qanunsuz sayılmır.
4) Yanlış məlumat açıqlandığı təqdirdə, həmin məlumatın açıqlanmasının qanuni olub-olmamasından asılı olmayaraq, zərərçəkən həmin məlumatı açıqlayan şəxsin onu təkzib etməsini və ya öz xərci hesabına düzəliş dərc etdirməsini tələb edə bilər”.

Maddə 1050. Məsuliyyətə cəlb olunmanın əsası qismində təqsirlilik [süü]

“1) Qanunda başqa hal nəzərdə tutulmayıbsa, hüquqpozan zərərin yetirilməsində təqsirkar [süüdi] olmadığını sübut etdiyi təqdirdə həmin zərərə görə məsuliyyət daşımır.
2) Bu fəslin məqsədləri üçün şəxsin təqsirliliyi [süü] qiymətləndirilərkən onun vəziyyəti, yaşı, təhsili, bilik və bacarıqları və digər şəxsi xüsusiyyətləri nəzərə alınır.
3) Zərərin kompensasiyasına görə bir neçə şəxs cavabdehlik daşıyırsa və təqsirkar olub-olmamasından asılı olmayaraq qanunsuz olaraq yetirilmiş zərərin kompensasiyasına görə qanuna əsasən onlardan biri və ya bir neçəsi cavabdehdirsə, zərəri kompensasiya etmək öhdəliyi onların arasında bölüşdürülərkən zərərin kompensasiyasına görə cavabdehlik daşıyan şəxslərin hərəkətlərinin hüquqa zidd olub-olmaması və təqsirinin forması nəzərə alınır”.

Maddə 1055. Zərər yetirən hərəkətlərin qadağan olunması

“1) Qanunsuz olaraq zərər yetirilməsi davamlı olaraq baş verərsə və ya şəxs ona qanunsuz zərər yetiriləcəyi ilə təhdid edilərsə, zərərçəkən və ya təhdid edilən şəxs zərər yetirən hərəkətlərin dayandırılmasını və ya şəxsin onu bu cür hərəkətlərlə təhdid etməkdən əl çəkməsini tələb edə bilər. Bədənə xəsarət yetirildikdə, sağlamlığa ziyan vurulduqda, şəxsi həyatın toxunulmazlığı hüququ və ya şəxsiyyətə aid digər hüquqlar pozulduqda, digər məsələlərlə yanaşı, hüquqpozanın müəyyən şəxslərə yaxınlaşması qadağan edilə (çəkindirici qərar), onun mənzildən və ya kommunikasiyalardan istifadəsi tənzimlənə və yaxud analoji tədbirlər tətbiq edilə bilər.
2) Bu maddənin 1-ci bəndində göstərilmiş şəxsə zərər yetirən davranışı dayandırmaq tələbi, əgər insanların birgəyaşayış mühiti ilə və ya mühüm ictimai maraqlarla əlaqədar olaraq həmin davranışa dözməyin mümkünlüyü ağlabatan hesab edilə bilərsə, bu cür hallara şamil olunmur. Belə halda zərərçəkən qanunsuz olaraq ona yetirilən zərərə görə kompensasiya tələb etmək hüququna malikdir.
…”.

39. “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanunda (Infoühiskonna teenuse seadus) aşağıdakılar nəzərdə tutulur:

Maddə 8. Məlumatların sadəcə olaraq ötürülməsinə və açıq məlumatların yayıldığı kommunikasiya şəbəkəsinə çıxışın təmin edilməsinə görə məhdud məsuliyyətin nəzərdə tutulması

“1) Təqdim edilən xidmət açıq məlumatların yayıldığı kommunikasiya şəbəkəsinə həmin xidmətdən istifadə edənin təqdim etdiyi məlumatların sadəcə olaraq ötürülməsindən, yaxud açıq məlumatların yayıldığı kommunikasiya şəbəkəsinə çıxışın təmin edilməsindən ibarətdirsə, xidmət təchizatçısı (provayder) ötürülən məlumatlara görə məsuliyyət daşımır, bu şərtlə ki, xidmət təchizatçısı:
1. ötürmənin təşəbbüsçüsü olmamalı;
2. ötürülən məlumatları alacaq şəxsləri seçməməli;
3. ötürülən məlumatlardakı informasiyaları seçməməli və ya dəyişdirməməlidir.
2) Bu maddənin 1-ci bəndində nəzərdə tutulan mənada ötürmə və çıxışın təmin edilməsi ötürülən məlumatların avtomatik qaydada, vasitəçi qismində və müvəqqəti olaraq saxlanmasını da əhatə edir, bu şərtlə ki, bu cür saxlamanın yeganə məqsədi açıq məlumatların yayıldığı kommunikasiya şəbəkəsinə həmin məlumatların ötürülməsindən ibarət olmalı və məlumatlar bu cür ötürmə üçün zəruri olan ağlabatan müddətdən artıq saxlanmamalıdır”.

Maddə 9. Məlumatların operativ yaddaşda müvəqqəti saxlanmasına görə məhdud məsuliyyətin nəzərdə tutulması

“1) Təqdim edilən xidmət açıq məlumatların yayıldığı kommunikasiya şəbəkəsinə həmin xidmətdən istifadə edənin təqdim etdiyi məlumatların ötürülməsindən, yaxud açıq məlumatların yayıldığı kommunikasiya şəbəkəsinə çıxışın təmin edilməsindən ibarətdirsə, müvafiq ötürmə metodu texniki səbəblərə görə məlumatların yaddaşda saxlanmasını tələb etdiyi təqdirdə və yaddaşda saxlamanın yeganə məqsədi xidmətin digər istifadəçilərinin müraciəti əsasında onlara məlumatların daha səmərəli şəkildə ötürülməsindən ibarət olduğu halda xidmət təchizatçısı ötürülən məlumatların avtomatik qaydada, vasitəçi qismində və müvəqqəti olaraq saxlanmasına görə məsuliyyət daşımır, bu şərtlə ki:
1. xidmət təchizatçısı informasiyaları dəyişdirməməli;
2. məlumatlara çıxışın şərtlərinə riayət etməli;
3. məlumatların yenilənməsinə aid olan, bu sahədə hamılıqla tanınan və istifadə edilən qaydalara riayət etməli;
4. məlumatların əldə edilməsi və istifadəsi sahəsində hamılıqla tanınan və istifadə edilən texnologiyaların qanuni istifadəsinə müdaxilə etməməli;
5. ötürmənin ilkin mənbəyinin şəbəkədən silindiyinə və ya ona çıxışın mümkünsüz edildiyinə, yaxud polis, məhkəmə və ya dövlət nəzarəti orqanının bu cür silinmə barədə qərar qəbul etdiyinə dair faktiki məlumat alan kimi saxladığı məlumatları silmək və ya onlara çıxışı mümkünsüz etmək üçün cəld hərəkətə keçməlidir”.

Maddə 10. Məlumatların saxlanması xidmətinin göstərilməsinə görə məhdud məsuliyyətin nəzərdə tutulması

“1) Təqdim edilən xidmət həmin xidmətdən istifadə edənin təqdim etdiyi məlumatların saxlanmasından ibarət olduğu halda xidmət təchizatçısı xidmətdən istifadə edənin müraciəti əsasında saxladığı məlumatlara görə məsuliyyət daşımır, bu şərtlə ki:
1. xidmət təchizatçısı məlumatların məzmunundan faktiki olaraq xəbərsiz olmalı, ziyana görə kompensasiya tələbinə gəldikdə isə qanunsuz fəaliyyəti və ya məlumatı aşkara çıxaran faktlardan və ya hallardan xəbərsiz olmalı;
2. bu bəndin 1-ci yarımbəndində göstərilən faktlar barədə məlumat aldıqda və ya onlardan xəbərdar olduqda həmin məlumatları silmək və ya onlara çıxışı mümkünsüz etmək üçün cəld hərəkətə keçməlidir.
2) Xidmətin istifadəçisi xidmət təchizatçısının tabeçiliyində və ya nəzarəti altında fəaliyyət göstərirsə, bu maddənin 1-ci bəndi bu hala şamil olunmur”.

Maddə 11. Nəzarət öhdəliyinin olmaması

“1) Bu qanunun 8-10-cu maddələrində göstərilən xidmət təchizatçısı sadəcə olaraq məlumatların ötürülməsindən və ya onlara çıxışın təmin edilməsindən sonra, habelə onların operativ yaddaşda müvəqqəti saxlanmasından, yaxud xidmətdən istifadə edənin müraciəti əsasında saxlanmasından sonra həmin məlumatlara nəzarət etməyə borclu deyil, eləcə də xidmət təchizatçısı qanunsuz fəaliyyəti üzə çıxaran məlumatları və ya halları aktiv şəkildə axtarmağa borclu deyil.
2) Bu maddənin 1-ci bəndinin müddəaları nəzarət funksiyasını həyata keçirən rəsmi şəxsin xidmət təchizatçısından bu cür məlumatların açıqlanmasını tələb etmək hüququnu məhdudlaşdırmır.
3) Xidmət təchizatçıları bu qanunun 8-10-cu maddələrində göstərilən xidmətlərin istifadəçilərinin qanunsuz olduğu güman edilən fəaliyyətləri və ya məlumatları barədə dərhal səlahiyyətli nəzarət orqanlarına məlumat verməli və onlarla saxlama müqaviləsi olan xidmət istifadəçilərinin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatları səlahiyyətli orqanlara çatdırmalıdırlar.
…”.

40. Mülki Prosessual Məcəllənin (Tsiviilkohtumenetluse seadustik) 244-cü və sonrakı maddələrində məhkəmə araşdırmasına qədər sübutların qəbul edilməsi proseduru (eeltõendamismenetlus) nəzərdə tutulur: bu prosedura əsasən, sübutların itiriləcəyini və ya sonradan onlardan istifadə edilməsinin çətinliklər yaradacağını güman etmək üçün əsaslar olarsa, sübutların qəbuluna məhkəmə prosesindən əvvəl başlanıla bilər.
41. 21 dekabr 2005-ci il tarixli qərarında (iş № 3-2-1-95-05) Ali Məhkəmə müəyyən etdi ki, “Öhdəliklər haqqında” qanunun 1047-ci maddəsinin məqsədləri üçün “açıqlama” [avaldamine] termini məlumatların üçüncü şəxslərə açıqlanmasını bildirir. Məlumatları kütləvi informasiya vasitəsinin naşirinə [meediaväljaanne] ötürən şəxs, hətta özü sözügedən məqaləni dərc etməsə belə [ajaleheartikli avaldaja], onları açıqlayan şəxs [avaldaja] hesab oluna bilər. Ali Məhkəmə sonrakı qərarlarında, məsələn, 21 dekabr 2010-cu il tarixli qərarında bu mövqeyini təkrarladı (iş № 3-2-1-67-10).
42. Bir sıra ölkədaxili məhkəmə işlərində diffamasiyaya görə bir neçə cavabdehə qarşı iddia qaldırılıb ki, onların da sırasına, məsələn, qəzet naşiri və məqalə müəllifi (Ali Məhkəmənin 3-2-1-61-98 saylı iş üzrə 7 may 1998-ci il tarixli qərarı), qəzet naşiri və müsahibə alınmış şəxs (Ali Məhkəmənin 3-2-1-99-97 saylı iş üzrə 1 dekabr 1997-ci il tarixli qərarı), habelə təklikdə qəzet naşiri (Ali Məhkəmənin 3-2-1-123-97 saylı iş üzrə 30 oktyabr 1997-ci il tarixli qərarı və 3-2-1-53-07 saylı iş üzrə 10 oktyabr 2007-ci il tarixli qərarı) daxildir.
43. Avropa Məhkəməsinə hazırkı ərizənin verilməsinə səbəb olmuş iş (iş № 3-2-1-43-09) üzrə Ali Məhkəmənin 10 iyun 2009-cu il tarixli qərarından sonra bir neçə aşağı instansiya məhkəməsi onlayn xəbər məqalələrinə aid şərhlərlə bağlı məsuliyyət məsələsini oxşar şəkildə etdilər. Belə ki, 12 fevral 2012-ci il tarixli qərarında (iş № 2 08 76058) Tallinn Apellyasiya Məhkəməsi diffamasiyaya məruz qalmış şəxsin qəzet naşirinə qarşı iddiası ilə bağlı aşağı məhkəmənin qərarını qüvvədə saxladı. Naşir qəzetin onlayn şərhlər bölümündə oxucuların yerləşdirdiyi ləkələyici onlayn şərhlərə görə təqsirkar sayıldı. Məhkəmələr bu qənaətə gəldilər ki, naşir məzmuna aid xidmətlərin təchizatçısıdır. Onlar ilkin qərar çıxarılması üçün Avropa İttifaqı Məhkəməsinə (AİM) müraciət etmək barədə naşirin vəsatətini rədd edərək hesab etdilər ki, cavabdeh passiv xarakterli xidmət təchizatçısı meyarlarına cavab vermir, həmin meyarların şərhi bir müddət öncə AİM və Ali Məhkəmə tərəfindən verilmişdi və müvafiq qaydalar kifayət qədər aydın idi. Buna görə də AİM-in yeni rəhbər göstərişlərinə ehtiyac yox idi. Məhkəmələr həmçinin qeyd etdilər ki, AİM-in 23 mart 2010-cu il tarixli qərarına əsasən (bir icraatda birləşdirilmiş işlər № C 236/08, C 237/08 və C 238/08, Google France and Google [2010] ECR I 2417), xidmət təchizatçısının oynadığı rolun neytral olub-olmadığını, yəni onun hərəkətlərinin sadəcə texniki, avtomatik və passiv xarakter daşıyıb-daşımadığını və beləliklə saxlanılan informasiyalar haqqında biliklərə və ya onlar üzərində nəzarətə malik olub-olmadığını qiymətləndirmək milli məhkəmələrin vəzifəsidir. Məhkəmələr hesab etdilər ki, araşdırdıqları işdə bu rol neytral olmayıb. Qərar çıxarılan zaman artıq naşir ləkələyici şərhləri silmiş olduğuna görə bu məsələ ilə bağlı heç bir qərar verilmədi; iddiaçının mənəvi ziyana görə kompensasiya tələbi isə rədd edildi. Həmçinin analoji qərar Tallinn Apellyasiya Məhkəməsi tərəfindən 27 iyun 2013-cü ildə qəbul edildi (iş № 2-10-46710). Həmin işdə də İnternet xəbər portalı oxucuların yerləşdirdiyi ləkələyici şərhlərə görə təqsirkar sayıldı, iddiaçının mənəvi ziyana görə kompensasiya tələbi isə rədd edildi.

III. MÜVAFİQ BEYNƏLXALQ MATERİALLAR

A. Avropa Şurasının sənədləri

44. 28 may 2003-cü ildə Avropa Şurasının Nazirlər Komitəsi nazirlərin nümayəndələrinin 840-cı iclasında İnternetdə ünsiyyət azadlığı haqqında bəyannamə qəbul etdi. Bəyannamənin müvafiq hissəsində deyilir:
“Avropa Şurasına üzv olan dövlətlər,

Xidmət təchizatçılarının (provayder) sadəcə olaraq məlumatların ötürücüsü qismində hərəkət etdikləri halda, yaxud üçüncü şəxslərin yerləşdirdikləri informasiyalara çıxışı vicdanlı şəkildə təmin etdikləri və ya onları vicdanlı şəkildə yerləşdirdikləri halda məsuliyyətlərini məhdudlaşdırmağın zəruriliyinə əmin olaraq;
Bununla əlaqədar olaraq “Daxili bazarda informasiya cəmiyyəti xidmətlərinin müəyyən hüquqi aspektlərinə, xüsusən elektron kommersiyaya dair” Avropa İttifaqı Parlamentinin və Avropa İttifaqı Şurasının 8 iyun 2000-ci il tarixli 2000/31/EC saylı direktivini (Elektron kommersiyaya dair direktiv) xatırladaraq;
İnternetdə ünsiyyət azadlığının digər şəxslərin, xüsusən yetkinlik yaşına çatmayanların insan ləyaqətinə, insan hüquqlarına və əsas azadlıqlarına zərər yetirməməli olduğunu vurğulayaraq;
İnternet istifadəçilərinin kimliklərinin açıqlanmaması barədə istəklərinə hörmət etmək tələbatı ilə cinayətkar hərəkətlərə görə məsuliyyət daşıyanların hüquq mühafizə orqanları tərəfindən izlənməsi tələbatı arasında balans tapmağın lazım olduğunu hesab edərək;

İnternetdə ünsiyyət sahəsində aşağıdakı prinsiplərə əməl etməyə çalışdıqlarını bəyan edirlər:

1-ci prinsip: İnternetdə yerləşdirilənlərə dair qaydalar

Üzv dövlətlər İnternetdə yerləşdirilənlərə (kontent) onların çatdırılmasının digər vasitələrinə tətbiq edilən məhdudiyyətlərdən daha artıq dərəcədə məhdudiyyət qoymamalıdırlar.

3-cü prinsip: İlkin dövlət nəzarətinin olmaması

Dövlət orqanları dövlət sərhədlərindən asılı olmayaraq bloklama və ya filtrləmə kimi ümumi tədbirlər vasitəsilə ictimaiyyəti İnternetdəki informasiyalara və digər kommunikasiyalara çıxış imkanından məhrum etməməlidirlər. Lakin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üçün filtrlərin tətbiqi, xüsusən onlar üçün əlçatan olan yerlərdə, məsələn, məktəblərdə və ya kitabxanalarda istisna olunmur.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində yer alan təminatlara riayət etmək şərti ilə, dəqiq identikləşdirilən İnternet kontentinin qanunsuzluğu barədə səlahiyyətli milli hakimiyyət orqanları ilkin və ya yekun qərar qəbul etdikləri təqdirdə onun silinməsi, yaxud alternativ variant olaraq ona çıxışın bloklanması üçün tədbirlər görülə bilər.

6-cı prinsip: Xidmət təchizatçılarının İnternetdə yerləşdirilənlərə görə məsuliyyətinin məhdudlaşdırılması

Üzv dövlətlər xidmət təchizatçılarının üzərinə İnternetdə təqdim etdikləri, ötürdükləri və ya saxladıqları kontentə nəzarət etmək, yaxud qanunsuz fəaliyyəti aşkara çıxaran faktları və ya halları aktiv şəkildə axtarmaq kimi ümumi öhdəlik qoymamalıdırlar.
Xidmət təchizatçılarının milli qanunvericiliklə müəyyən edilən funksiyaları məlumatları ötürməkdən və ya İnternetə çıxışı təmin etməkdən ibarət olduqda üzv dövlətlər İnternetdə yerləşdirilənlərə görə onların məsuliyyət daşımamasını təmin etməlidirlər.
Funksiyaları daha geniş olduğu təqdirdə və digər subyektlərin yerləşdirdiyi kontenti saxladıqları hallarda xidmət təchizatçıları informasiyaların və ya xidmətlərin milli qanunvericiliyə əsasən qanunsuz xarakter daşımasından xəbər tutan kimi, yaxud ziyana görə iddia qaldırıldığı hallarda fəaliyyətin və ya məlumatların qanunsuzluğunu aşkara çıxaran faktlardan və ya hallardan xəbərdar olan kimi onları silmək və ya onlara çıxışı mümkünsüz etmək üçün cəld hərəkətə keçmədikdə üzv dövlətlər onları müştərək məsuliyyətə cəlb edə bilərlər.
Xidmət təchizatçılarının əvvəlki bənddə göstərilmiş öhdəlikləri milli qanunvericilik əsasında müəyyən edilərkən ilk növbədə məlumatları yerləşdirənlərin ifadə azadlığına, habelə həmin məlumatların istifadəçilərinin müvafiq hüququna hörmət edilməsinə diqqət yetirilməlidir.
Xidmət təchizatçıları mümkün olan dərəcədə qanun pozuntusuna son qoymağa və ya onun qarşısını almağa borclu olduqları bütün hallarda məsuliyyətin məhdudlaşdırılmasına dair yuxarıdakı müddəalar hüquqi qadağaların tətbiqinin mümkünlüyünə təsir göstərməməlidir.

7-ci prinsip: Anonimlik

İnternetin nəzarətdən müdafiəsini təmin etmək və məlumat və ideyaların sərbəst ifadə edilməsi imkanlarını genişləndirmək üçün üzv dövlətlər İnternet istifadəçilərinin kimliklərinin açıqlanmaması barədə istəklərinə hörmət etməlidirlər. Lakin bu, üzv dövlətlərin milli qanunvericiliyə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya və ədalət mühakiməsi və polis fəaliyyəti sahələrində qəbul edilmiş digər beynəlxalq sazişlərə uyğun olaraq cinayət əməllərində təqsirkar olanların müəyyən edilməsi üçün tədbirlər görməsinə mane olmur”.

45. İnternetin ictimai xidmət qismində dəyərliliyinin artırılmasına dair üzv dövlətlərə CM/Rec(2007)16 saylı tövsiyəsində (7 noyabr 2007-ci ildə qəbul edilib) Nazirlər Komitəsi qeyd etdi ki, İnternet bir tərəfdən müəyyən insan hüquqlarından və əsas azadlıqlardan istifadəni əhəmiyyətli dərəcədə genişləndirsə də, digər tərəfdən bu və ya digər hüquqlara mənfi təsir göstərə bilər. O tövsiyə etdi ki, üzv dövlətlər yeni informasiya və kommunikasiya texnologiyaları sahəsindəki əsas iştirakçıların rollarının və məsuliyyətinin hüdudlarını müəyyən edən aydın hüquqi baza hazırlasınlar.
46. “Kütləvi informasiya vasitələrinin yeni anlayışı haqqında” Nazirlər Komitəsinin üzv dövlətlərə CM/Rec(2011)7 saylı tövsiyəsində (21 sentyabr 2011-i ildə qəbul edilib) deyilir:
“…
Nazirlər Komitəsi, Avropa Şurası Nizamnaməsinin 15-ci maddəsinin “b” bəndinin müddəalarına uyğun olaraq, üzv dövlətlərə tövsiyə edir ki:
– kütləvi informasiya vasitələrinin yeni, daha geniş anlayışını qəbul etsinlər, elə bir anlayış ki, kontentin (məsələn, mətn və audio formasında, vizual və audiovizual formada və ya digər formada məlumatların, təhlil, şərh, rəy, təhsil, mədəniyyət, incəsənət və əyləncə xarakterli informasiyaların) yaradılmasının və imkan daxilində çoxlu sayda insanlar arasında yayılmasının bütün iştirakçılarını və kütləvi interaktiv ünsiyyət vasitələrini (məsələn, sosial şəbəkələri) özündə ehtiva etsin, yaxud kontentə əsaslanan digər geniş miqyaslı interaktiv fəaliyyətlərə (məsələn, onlayn rejimində oyunlara) yardımçı olmağa yönələn tətbiq üsullarını əhatə etsin və (bütün bu hallarda) redaksiya nəzarəti və kontent üzərində nəzarət qorunub saxlanılsın;
– İnsan hüquqları haqqında Avropa Konvensiyanın 10-cu maddəsinə uyğun olaraq insanların məlumatları axtarmaq, almaq və yaymaq hüququnu təmin etmək, habelə 10-cu maddədə nəzərdə tutulan hüquqlar üçün mənfi nəticə doğura biləcək, o cümlədən lüzumsuz özünüməhdudlaşdırmaya və ya özünüsenzuraya gətirib çıxara biləcək müdaxiləyə qarşı müvafiq təminatları bütün iştirakçılara şamil etmək məqsədi ilə media ekosistemində xidmətləri və məhsulları təqdim edən bütün iştirakçılara münasibətdə tənzimləməyə olan ehtiyacı nəzərdən keçirsinlər;
– Avropa Şurasının media ilə bağlı müvafiq standartlarına əsaslanan medianın yeni anlayışının şamil olunduğu iştirakçılara dərəcəli və fərqləndirici yanaşmanı nəzərdən keçirərkən bu Tövsiyəyə Əlavədə əks olunmuş meyarları tətbiq etsinlər və bu zaman media fəaliyyəti prosesində onların xüsusi funksiyalarını və demokratik cəmiyyətdə səmərəli idarəetmənin təmin edilməsində və möhkəmləndirilməsində potensial təsirini və əhəmiyyətini nəzərə alsınlar;
…”.
Tövsiyəyə Əlavənin bu işə aidiyyəti olan hissəsində deyilir:
“7. Fərqləndirici və dərəcəli yanaşma tələb edir ki, göstərdiyi xidmətlər media xidmətləri, yaxud vasitəçilik xidmətləri və ya yardımçı xidmətlər kimi müəyyən edilmiş hər bir iştirakçı istər müdafiənin müvafiq formasından (fərqləndirici yanaşma), istərsə də müvafiq səviyyəsindən (dərəcəli yanaşma) yararlana bilsin və onun məsuliyyəti İnsan hüquqları haqqında Avropa Konvensiyanın 10-cu maddəsinə və Avropa Şurası tərəfindən hazırlanmış digər müvafiq standartlara uyğun olaraq məhdudlaşdırılsın.

30. Redaksiya nəzarəti kontentin hazırlanması və ya yayılması ilə, habelə onun təqdim və ya təşkil edilməsinin forması ilə bağlı siyasətə dair iştirakçıların qərarlarında özünü büruzə verə bilər. Mövcud kütləvi informasiya vasitələri bəzən redaksiya siyasətini yazılı formada ictimaiyyətə açıqlayırlar, amma bu siyasəti həm də daxili təlimatlardan, yaxud kontentin seçilməsi və ya emal edilməsi (məsələn, yoxlanması və ya təsdiqlənməsi) meyarlarından (onlar kontentə dair təfsilatlı müddəaları özündə əks etdirə bilər) sezmək olar. Yeni kommunikasiyalar mühitində redaksiya siyasəti redaksiyanın bəyan etdiyi vəzifələrdə və ya istifadə şərtlərində təsbit oluna (onlar kontentə dair təfsilatlı müddəaları özündə əks etdirə bilər), yaxud müəyyən prinsiplərə sadiqliyin qeyri-rəsmi formada (məsələn, şəbəkə etiketi, şüar və s. vasitəsilə) ifadə edilməsində təzahür edə bilər.

32. Redaksiya işinə (məsələn, kollegial nəzarət prosesinə, sorğuların təhlilinə) istifadəçilər cəlb oluna bilərlər, bu zaman yekun qərarlar redaksiya daxilində müəyyən edilən prosesə uyğun olaraq və müəyyən edilmiş meyarlar nəzərə alınmaqla qəbul edilir (reaktiv moderasiya). Yeni kütləvi informasiya vasitələri istifadəçilərin yaratdığı kontentə münasibətdə çox zaman sonradan moderasiya etmə üsulundan (çox vaxt bu üsul postmoderasiya adlandırılır) istifadə edirlər ki, bu da ilk baxışdan nəzərə çarpmaya bilər. Redaksiya işləri həmçinin avtomatlaşdırıla bilər (məsələn, kontentin öncədən seçilməsinin alqoritmləri təyin edilərkən, yaxud kontent müəlliflik hüququ ilə qorunan materiallarla müqayisə olunarkən).

35. Bir daha qeyd etmək lazımdır ki, redaksiya nəzarətinin müxtəlif səviyyələri redaksiya məsuliyyətinin müxtəlif səviyyələri ilə müşayiət olunur. Redaksiya nəzarətinin müxtəlif səviyyələri və ya redaksiya işinin müxtəlif formaları (məsələn, postmoderasiya ilə müqayisədə öncədən moderasiya) müxtəlif reaksiya formalarını tələb edir və demək olar ki, bu reaksiyalar birmənalı olaraq dərəcəli yanaşmanı ən yaxşı şəkildə təmin edir.
36. Müvafiq olaraq, kütləvi informasiya vasitələrinin fəaliyyətinə və ya əlçatan olmasına kömək edən, amma özü redaksiya nəzarətini həyata keçirməyən (və ya həyata keçirməməli olan) və buna görə də məhdud redaksiya məsuliyyəti daşıyan və ya heç bir redaksiya məsuliyyəti daşımayan vasitəçilik xidmətinin və ya yardımçı xidmətlərin təchizatçısı kütləvi informasiya vasitəsi sayıla bilməz. Lakin onların fəaliyyətləri media fəaliyyəti kontekstində əhəmiyyət kəsb edə bilər. Bununla belə, hüquqi öhdəliklərinin nəticəsi olaraq vasitəçilik xidmətinin və ya yardımçı xidmətlərin təchizatçılarının həyata keçirdiyi hərəkətlərə (məsələn, məhkəmə qərarı əsasında kontentin silinməsinə) yuxarıda nəzərdə tutulan mənada redaksiya nəzarəti kimi baxmaq olmaz.

63. Vasitəçilərin rolunun mühümlüyünü vurğulamaq lazımdır. Onlar media kontentinin yayılması üçün alternativ və əlavə vasitələr və ya kanallar təqdim edir və beləliklə, kütləvi informasiya vasitələrinin əhatə dairəsini genişləndirir və onların məqsəd və vəzifələrinə nail olmaq istiqamətində fəaliyyətlərinin səmərəliyini artırırlar. Rəqabətli vasitəçilik xidmətləri və yardımçı xidmətlər bazarında bu xidmətlər dövlət orqanlarının müdaxiləsi riskini əhəmiyyətli dərəcədə azalda bilər. Lakin yeni ekosistemdə kütləvi informasiya vasitələrinin həmin xidmətlərə güvənmə dərəcəsini nəzərə alsaq, vasitəçilik xidmətlərini və yardımçı xidmətləri göstərənlərin vasitəsilə həyata keçirilən senzura riski də mövcuddur. Müəyyən situasiyalar özəl senzura (xidmət göstərdikləri və ya kontentlərini yaydıqları kütləvi informasiya vasitələrinə münasibətdə vasitəçilik xidmətlərini və yardımçı xidmətləri göstərənlər tərəfindən senzura) riskini doğura bilər”.

47. 16 aprel 2014-cü ildə “İnternet istifadəçiləri üçün insan hüquqlarına dair rəhbər müddəalar haqqında” Nazirlər Komitəsinin üzv dövlətlərə CM/Rec(2014)6 saylı tövsiyəsi qəbul edildi. Rəhbər müddəaların müvafiq hissələrində deyilir:

İfadə və informasiya azadlığı

“Sizin müdaxilə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq öz seçiminiz əsasında məlumatları axtarmaq, almaq və yaymaq hüququnuz var. Bu o deməkdir ki:
1. siz fikirlərinizi onlayn rejimində ifadə etmək və digər şəxslərin informasiya və rəylərinə çıxış əldə etmək azadlığına maliksiniz. Buraya elə siyasi çıxışlar, dinə dair baxışlar və rəylər daxildir ki, onlar nəinki müsbət qarşılana və ya inciklik doğurmaya bilər, həm də digər şəxslərdə inciklik yarada, onları şoka sala və ya narahat edə bilər. Siz digər şəxslərin nüfuzunu və hüquqlarını, o cümlədən şəxsi həyatının toxunulmazlığını nəzərə almalısınız;
2. ayrı-seçkiliyə, nifrətə və ya zorakılığa təhrik edən fikirlərin ifadəsinə məhdudiyyətlər tətbiq edilə bilər. Bu məhdudiyyətlər qanuni olmalı, məhdud xarakter daşımalı və məhkəmə nəzarəti olmaqla tətbiq edilməlidir;

6. Siz İnternetdə kimliyinizi açıqlamaya bilərsiniz, məsələn, bunu təxəllüsdən (şərti addan) istifadə etməklə edə bilərsiniz. Lakin onu da bilməlisiniz ki, milli hakimiyyət orqanları tərəfindən sizin kimliyinizin aşkarlanmasına gətirib çıxara bilən tədbirlər görülə bilər”.

B. Digər beynəlxalq sənədlər

48. BMT-nin İnsan Hüquqları Şurasının rəy və ifadə azadlığının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi İnsan Hüquqları Şurasına 16 may 2011-ci il tarixli məruzəsində (A/HRC/17/27) aşağıdakıları bildirdi:
“25. Beləliklə, haqlı olaraq məhdudlaşdırıla bilən informasiya növlərinə uşaq pornoqrafiyası (uşaqların hüquqlarının müdafiəsi), nifrətə çağıran çıxışlar (çıxışların aid olduğu icmaların hüquqlarının müdafiəsi), diffamasiya (digər şəxslərin hüquqlarının və nüfuzunun haqsız hücumlardan müdafiəsi), soyqırım törətməyə birbaşa və açıq təhrik (digər şəxslərin hüquqlarının müdafiəsi), ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhrik təşkil edən milli, irqi və ya dini nifrətin təşviqi (digər şəxslərin hüquqlarının, məsələn, yaşamaq hüququnun müdafiəsi) daxildir.

27. Bundan əlavə, Xüsusi məruzəçi vurğulayır ki, İnternetin unikal xarakteri ilə əlaqədar olaraq ənənəvi media üçün qanuni və mütənasib sayıla bilən tənzimləmələr və məhdudiyyətlər çox vaxt İnternetə münasibətdə belə olmur. Məsələn, fərdlərin nüfuzu ləkələndiyi hallarda, müvafiq fərdin ona vurulmuş ziyanın aradan qaldırılması üçün dərhal cavab vermək hüququnu həyata keçirmək imkanına malik olduğunu nəzərə alsaq, offlayn diffamasiya hallarına tətbiq edilən sanksiya növləri lüzumsuz və ya qeyri-mütənasib ola bilər. …

43. Xüsusi məruzəçi hesab edir ki, senzura tədbirləri heç bir halda özəl quruma şamil olunmamalı və heç kəs müəllifi olmadığı İnternet kontentinə görə məsuliyyətə cəlb olunmamalıdır. Dövlət onun adından senzura tətbiq edilməsi üçün vasitəçilərdən istifadə etməməli və ya onları buna məcbur etməməlidir. …

74. Vasitəçilər İnternet istifadəçiləri tərəfindən ifadə azadlığının və məlumat almaq azadlığının həyata keçirilməsində mühüm rol oynayırlar. İnternetdə hansı informasiyaların yayıldığına və necə yayıldığına onların misilsiz təsirə malik olduqlarını nəzərə alaraq, dövlətlər onlara nəzarət etmək və qanunsuz sayılan informasiyalara çıxışın qarşısını almadıqlarına görə onları qanunla məsuliyyətə cəlb etmək cəhdlərini artırırlar”.
49. BMT-nin fikir və ifadə azadlığı üzrə xüsusi məruzəçisinin, ATƏT-in media azadlığı üzrə nümayəndəsinin və Amerika Dövlətləri Təşkilatının (ADT) ifadə azadlığı üzrə xüsusi məruzəçisinin 21 dekabr 2005-ci ildə qəbul edilmiş birgə bəyannaməsində deyilir:
“Heç kəs İnternetdə yerləşdirilmiş müəllifi olmadığı kontentə (məzmuna) görə məsuliyyətə cəlb olunmamalıdır, lakin onun həmin kontenti özününkü kimi qəbul etdiyi, yaxud onu silmək barədə məhkəmə qərarına tabe olmadığı hallar istisna təşkil edir”.

IV. MÜVAFİQ AVROPA İTTİFAQI QANUNVERİCİLİYİ VƏ MÜQAYİSƏLİ HÜQUQ MATERİALLARI

A. Avropa İttifaqının sənədləri və presedent hüququ

1. 2000/31/EC saylı direktiv

50. Daxili bazarda informasiya cəmiyyəti xidmətlərinin müəyyən hüquqi aspektlərinə, xüsusən elektron kommersiyaya dair Avropa İttifaqı Parlamentinin və Avropa İttifaqı Şurasının 2000/31/EC saylı direktivində (Elektron kommersiyaya dair direktiv) aşağıdakılar nəzərdə tutulur:
“9) İnformasiya cəmiyyəti xidmətlərinin sərbəst surətdə çatdırılması bir çox hallarda Birlik qanunvericiliyinin ümumi prinsipinin, yəni üzv dövlətlərin hamısı tərəfindən ratifikasiya olunmuş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində təsbit olunan ifadə azadlığının konkret formasını özündə əks etdirə bilər; bu məqsədlə informasiya cəmiyyəti xidmətlərinin təqdim edilməsini əhatə edən direktivlər bu fəaliyyətin həmin maddədə nəzərdə tutulduğu kimi sərbəst surətdə və yalnız həmin maddənin 2-ci bəndində və İttifaq Müqaviləsinin 46-cı maddəsinin 1-ci bəndində əks olunmuş məhdudiyyətlərlə həyata keçirilməsini təmin etməlidirlər; bu Direktiv ifadə azadlığına dair milli səviyyəli fundamental norma və prinsiplərə təsir göstərmir.

42) Bu Direktivdə nəzərdə tutulmuş məsuliyyətdən azad edilmə yalnız o halları əhatə edir ki, informasiya cəmiyyəti xidmətlərinin təchizatçısının (provayder) fəaliyyətləri texniki əməliyyat prosesi ilə və informasiyanın üçüncü şəxslərə ötürüldüyü və ya müvəqqəti saxlandığı kommunikasiya şəbəkəsinə çıxışı təmin etməklə məhdudlaşır və bunlar yalnız ötürməni daha səmərəli etmək məqsədi daşıyır; bu fəaliyyət sadəcə olaraq texniki, avtomatik və passiv xarakterlidir, bu isə o deməkdir ki, informasiya cəmiyyəti xidmətlərinin təchizatçısı ötürdüyü və ya saxladığı informasiyalar barədə məlumata malik deyil və həmçinin onlar üzərində nəzarətə malik deyil.
43) Xidmət təchizatçısı ötürülən məlumatlara heç bir aidiyyəti olmadığı hallarda “sadəcə ötürmə” və “saxlama” funksiyasını yerinə yetirərkən məsuliyyətdən azad edilmək imkanına malik olmalıdır; bu zaman onun, digər məsələlərlə yanaşı, ötürdüyü məlumatları dəyişdirməməsi tələb olunur; bu tələb ötürmə prosesində baş verən texniki xarakterli əməliyyatlara şamil olunmur, çünki onlar ötürülən məlumatlardakı informasiyaların bütövlüyünü dəyişmir.
44) Qanunsuz hərəkətlər etmək məqsədi ilə xidmətlərinin istifadəçilərindən biri ilə bilərəkdən sövdələşən xidmət təchizatçısı “sadəcə ötürmə” və “saxlama” funksiyasından kənara çıxır və nəticədə bu fəaliyyətlərə görə müəyyən edilmiş məsuliyyətdən azad edilmək imkanından istifadə edə bilməz.
45) Bu Direktivdə müəyyən edilmiş vasitəçi qismində fəaliyyət göstərən xidməti təchizatçılarının məsuliyyətinə qoyulan məhdudiyyətlər müxtəlif növ hüquqi qadağaların tətbiqinin mümkünlüyünə təsir göstərmir; belə qadağalar konkret olaraq hər hansı pozuntuya son qoyulması və ya onun qarşısının alınması, o cümlədən qanunsuz informasiyaların silinməsi və ya onlara çıxışın mümkünsüz edilməsi barədə məhkəmə orqanlarının və ya inzibati orqanların qərarlarında öz əksini tapa bilər.
46) Məsuliyyətdən azad edilmək imkanından yararlanmaq üçün məlumatların saxlanmasından ibarət informasiya cəmiyyəti xidmətlərinin təchizatçısı qanunsuz fəaliyyətlər barədə faktiki məlumat alan kimi və ya bundan xəbərdar olan kimi müvafiq məlumatları tez bir zamanda silməli və onlara çıxışı mümkünsüz etməlidir; silinmə və çıxışın mümkünsüz edilməsi ifadə azadlığı prinsipinə və bu məqsəd üçün milli səviyyədə müəyyən edilmiş prosedurlara riayət edilməklə həyata keçirilməlidir; bu Direktiv üzv dövlətlərin məlumatların silinməsindən və onlara çıxışın mümkünsüz edilməsindən əvvəl operativ şəkildə yerinə yetirilməli olan xüsusi tələblər müəyyən etməsinin mümkünlüyünə təsir göstərmir.
47) Üzv dövlətlər yalnız ümumi xarakterli öhdəliklərlə əlaqədar olaraq xidmət təchizatçılarının üzərinə nəzarət öhdəliyi qoya bilməzlər; bu müddəa xüsusi hallarda nəzarət öhdəliklərinin icrasına aid deyil və xüsusən milli qanunvericiliyə uyğun olaraq milli hakimiyyət orqanları tərəfindən qəbul edilmiş qərarların icrasına təsir göstərmir.
48) Bu Direktiv xidmətlərinin istifadəçiləri tərəfindən təqdim edilən informasiyaları qəbul edən xidmət təchizatçılarının müəyyən növ qanunsuz fəaliyyətləri aşkar etmək və onların qarşısını almaq məqsədi ilə məntiqə görə onlardan gözlənilən və milli qanunvericilikdə göstərilən təhlükəsizlik vasitələrini tətbiq etmələrinin üzv dövlətlər tərəfindən tələb edilməsinin mümkünlüyünə təsir göstərmir.

Maddə 1. Direktivin məqsədi və tətbiq dairəsi

1. Bu Direktiv üzv dövlətlər arasında informasiya cəmiyyəti xidmətlərinin sərbəst ötürülməsinə şərait yaratmaqla daxili bazarın lazımi qaydada fəaliyyət göstərməsini təmin etmək məqsədini daşıyır.

Maddə 2. Anlayışlar

Bu Direktivin məqsədləri üçün aşağıdakı terminlər aşağıdakı mənaları ifadə edir:
a) “informasiya cəmiyyəti xidmətləri”: 98/48/EC saylı direktiv vasitəsilə dəyişikliklər edilmiş 98/34/EC saylı direktivin 1-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan xidmətlər;
b) “xidmət təchizatçısı”: informasiya cəmiyyəti xidmətlərini təchiz edən istənilən fiziki və ya hüquqi şəxs;
c) “təsis edilmiş xidmət təchizatçısı”: qeydi-müəyyən müddətə təsis edilmiş təşkilatdan istifadə etməklə səmərəli şəkildə iqtisadi fəaliyyəti həyata keçirən xidmət təchizatçısı. Xidmətin göstərilməsi üçün tələb olunan texniki vasitələrin və texnologiyaların mövcudluğu və istifadəsi özlüyündə təsis edilmiş xidmət təchizatçısının mövcudluğunu bildirmir;

4-cü bölmə. Vasitəçi qismində fəaliyyət göstərən xidmət təchizatçılarının məsuliyyəti

Maddə 12. “Sadəcə ötürmə” funksiyası

1. Təqdim edilən informasiya cəmiyyəti xidməti həmin xidmətdən istifadə edənin təqdim etdiyi məlumatların kommunikasiya şəbəkəsində ötürülməsindən və ya kommunikasiya şəbəkəsinə çıxışın təmin edilməsindən ibarətdirsə, üzv dövlətlər xidmət təchizatçısının ötürülən məlumatlara görə məsuliyyət daşımamasını təmin etməlidirlər, bu şərtlə ki, təchizatçı:
a) ötürmənin təşəbbüsçüsü olmamalı;
b) ötürülən məlumatları alacaq şəxsləri seçməməli; və
c) ötürülən məlumatlardakı informasiyaları seçməməli və ya dəyişdirməməlidir.
2. 1-ci bənddə qeyd edilən ötürmə və çıxışın təmin edilməsi ötürülən məlumatların avtomatik qaydada, vasitəçi qismində və müvəqqəti olaraq saxlanmasını da əhatə edir, bu şərtlə ki, bu cür saxlamanın yeganə məqsədi kommunikasiya şəbəkəsinə həmin məlumatların ötürülməsindən ibarət olmalı və məlumatlar bu cür ötürmə üçün zəruri olan ağlabatan müddətdən artıq saxlanmamalıdır.
3. Bu maddə üzv dövlətlərin hüquq sistemlərinə uyğun olaraq məhkəmənin və ya inzibati orqanın pozuntuya son qoyulmasını və ya onun qarşısının alınmasını xidmət təchizatçısından tələb etməsinin mümkünlüyünə təsir göstərmir.

Maddə 13. Yaddaşda saxlama

1. Təqdim edilən xidmət kommunikasiya şəbəkəsinə həmin xidmətin istifadəçisinin təqdim etdiyi məlumatların ötürülməsindən ibarətdirsə, üzv dövlətlər yalnız xidmətin digər istifadəçilərinin müraciəti əsasında onlara məlumatların daha səmərəli şəkildə ötürülməsi məqsədi ilə xidmət təchizatçısının ötürülən məlumatları avtomatik qaydada, vasitəçi qismində və müvəqqəti olaraq saxlamasına görə xidmət təchizatçısının məsuliyyət daşımamasını təmin etməlidirlər, bu şərtlə ki:
a) xidmət təchizatçısı informasiyaları dəyişdirməməli;
b) məlumatlara çıxışın şərtlərinə riayət etməli;
c) məlumatların yenilənməsinə aid olan, bu sahədə hamılıqla tanınan və istifadə edilən qaydalara riayət etməli;
d) məlumatların əldə edilməsi və istifadəsi sahəsində hamılıqla tanınan və istifadə edilən texnologiyaların qanuni istifadəsinə müdaxilə etməməli;
e) ötürmənin ilkin mənbəyinin şəbəkədən silindiyinə və ya ona çıxışın mümkünsüz edildiyinə, yaxud məhkəmənin və ya inzibati orqanını bu cür silinmə barədə qərar qəbul etdiyinə dair faktiki məlumat alan kimi saxladığı məlumatları silmək və ya onlara çıxışı mümkünsüz etmək üçün cəld hərəkətə keçməlidir.
2. Bu maddə üzv dövlətlərin hüquq sistemlərinə uyğun olaraq məhkəmənin və ya inzibati orqanın pozuntuya son qoyulmasını və ya onun qarşısının alınmasını xidmət təchizatçısından tələb etməsinin mümkünlüyünə təsir göstərmir.

Maddə 14. Yerləşdirmə

1. Təqdim edilən xidmət həmin xidmətin istifadəçisinin təqdim etdiyi məlumatların yerləşdirilməsindən ibarət olduğu halda üzv dövlətlər xidmətin istifadəçisinin müraciəti əsasında xidmət təchizatçısının saxladığı məlumatlara görə xidmət təchizatçısının məsuliyyət daşımamasını təmin etməlidirlər, bu şərtlə ki:
a) xidmət təchizatçısı qanunsuz fəaliyyətdən və ya məlumatdan faktiki olaraq xəbərsiz olmalı, ziyana görə kompensasiya tələbinə gəldikdə isə qanunsuz fəaliyyəti və ya məlumatı aşkara çıxaran faktlardan və ya hallardan xəbərsiz olmalı; yaxud
b) onlar barəsində məlumat aldıqda və ya onlardan xəbərdar olduqda həmin məlumatları silmək və ya onlara çıxışı mümkünsüz etmək üçün cəld hərəkətə keçməlidir.
2. Xidmətin istifadəçisi xidmət təchizatçısının tabeçiliyində və ya nəzarəti altında fəaliyyət göstərirsə, 1-ci bənd bu hala şamil olunmur.
3. Bu maddə üzv dövlətlərin hüquq sistemlərinə uyğun olaraq məhkəmənin və ya inzibati orqanın pozuntuya son qoyulmasını və ya onun qarşısının alınmasını xidmət təchizatçısından tələb etməsinin mümkünlüyünə təsir göstərmir, o həmçinin məlumatların silinməsini və ya onlara çıxışın mümkünsüz edilməsini tənzimləyən prosedurların üzv dövlətlər tərəfindən müəyyən edilməsinin mümkünlüyünə təsir göstərmir.

Maddə 15. Ümumi nəzarət öhdəliyinin olmaması

1) Üzv dövlətlər xidmət təchizatçılarının üzərinə 12, 13 və 14-cü maddələrdə nəzərdə tutulan xidmətlərin göstərilməsi zamanı ötürdükləri və ya saxladıqları məlumatlara nəzarət etmək, eləcə də qanunsuz fəaliyyəti üzə çıxaran məlumatları və ya halları aktiv şəkildə axtarmaq öhdəliyini qoymamalıdırlar.
2) Üzv dövlətlər xidmət təchizatçıları üçün belə bir öhdəliklər müəyyən edə bilərlər ki, xidmətlərinin istifadəçilərinin qanunsuz olduğu güman edilən fəaliyyətləri və ya məlumatları barədə dərhal səlahiyyətli nəzarət orqanlarına məlumat versinlər və onlarla saxlama müqaviləsi olan xidmət istifadəçilərinin kimliyini müəyyənləşdirməyə imkan verən məlumatları səlahiyyətli orqanların müraciəti əsasında onlara təqdim etsinlər”.

2. 98/48/EC saylı direktiv vasitəsilə dəyişikliklər edilmiş 98/34/EC saylı direktiv

51. Texniki standartlar və tənzimləmələr sahəsində məlumatların və informasiya cəmiyyəti xidmətlərinin qaydalarının təmin edilməsi üçün prosedurları müəyyən edən və 98/48/EC saylı direktiv vasitəsilə dəyişikliklər edilən Avropa İttifaqı Parlamentinin və Avropa İttifaqı Şurasının 22 iyun 1998-ci il tarixli 98/34/EC saylı direktivində aşağıdakılar nəzərdə tutulur:

Maddə 1

“Bu Direktivin məqsədləri üçün aşağıdakı anlayışlar tətbiq edilir: …
2. “xidmət”: istənilən informasiya cəmiyyəti xidməti, yəni bir qayda olaraq distant qaydada, elektron vasitələrlə və xidmətlərin istifadəçisinin fərdi müraciəti əsasında təqdim edilən istənilən ödənişli xidmət.
Bu anlayışın məqsədləri üçün:
– “distant qaydada” termini tərəflərin eyni vaxtda bir yerdə olmasına ehtiyac olmadan göstərilən xidməti bildirir.
– “elektron vasitələrlə” termini məlumatların emal olunması (rəqəmsal formatda yığcamlaşdırma da daxil olmaqla) və saxlanması üçün nəzərdə tutulan elektron avadanlıq vasitəsilə xidmətin təqdim edilməsi və təyinat yerində qəbul edilməsini, ötürücülərlə, radio avadanlığı vasitəsilə, optik vasitələrlə və digər elektromaqnetik vasitələrlə bütünlüklə ötürülməsi, çatdırılması və qəbul edilməsini bildirir.
– “xidmətlərin istifadəçisinin fərdi müraciəti əsasında” termini məlumatların fərdi sorğu əsasında ötürülməsi yolu ilə xidmətin təqdim edilməsini bildirir.
Bu anlayışların əhatə etmədiyi xidmətlərin nümunəvi siyahısı Əlavə V-də verilir.
Bu Direktivin müddəaları:
– 89/552/EEC saylı direktivin 1-ci maddəsinin (a) bəndinin əhatə etdiyi radio yayımı;
– və televiziya yayımı xidmətlərinə şamil olunmur”.

3. Avropa İttifaqı Məhkəməsinin presedent hüququ

52. 23 mart 2010-cu il tarixli qərarında (bir icraatda birləşdirilmiş işlər № C 236/08, C 237/08 və C 238/08, Google France and Google [2010] ECR I 2417) Avropa İttifaqı Məhkəməsi hesab etdi ki, 2000/31 saylı direktivin 14-cü maddəsi əsasında məlumatların ötürülməsi xidmətlərinin təchizatçısının məsuliyyətini məhdudlaşdırmağın mümkünlüyünü müəyyənləşdirmək üçün həmin xidmət təchizatçısının rolunun neytral olub-olmadığını, yəni onun hərəkətlərinin sadəcə texniki, avtomatik və passiv xarakterli olduğunu və saxladığı məlumatların məzmunundan xəbərsiz olduğunu və onlara nəzarət etmədiyini araşdırmaq lazımdır. Elektron kommersiyaya dair direktivin 14-cü maddəsini belə şərh etmək olar ki, orada təsbit olunmuş qayda İnternet xidmətləri təchizatçısına o halda şamil olunur ki, həmin xidmət təchizatçısı saxladığı məlumatların məzmunundan xəbərdar olmasına və ya onlara nəzarət etməsinə imkan verən dərəcədə aktiv rola malik olmur. Həmin xidmət təchizatçısı bu cür rola malik deyilsə, reklam verənin müraciəti əsasında saxladığı məlumatlara görə məsuliyyətə cəlb oluna bilməz, lakin həmin məlumatların və ya reklam verənin fəaliyyətinin qanunsuz xarakterindən onun xəbərdar olduğu, amma müvafiq məlumatların silinməsi və ya onlara çıxışın mümkünsüz edilməsi üçün cəld hərəkətə keçmədiyi hallar istisna təşkil edir.
53. 12 iyul 2011-ci il tarixli qərarında (iş № C 324/09, L’Oréal and Others [2011]) Avropa İttifaqı Məhkəməsi bu qənaətə gəldi ki, İnternet kommersiya məkanının operatoru saxladığı məlumatların məzmunundan xəbərdar olmasına və ya onlara nəzarət etməsinə imkan verən dərəcədə aktiv rola malik olmadığı halda 2000/31 saylı direktivin 14-cü maddəsinin 1-ci bəndinin müddəaları həmin operatora şamil olunan müddəalar kimi şərh olunmalıdır. Operator bu cür rola konkret olaraq o zaman malik olur ki, qeyd edilən satış təkliflərinin təqdimatının optimallaşdırılmasına yardım göstərmiş olsun və ya həmin satış təkliflərini təşviq etsin. İnternet kommersiya məkanının operatoru bu cür aktiv rola malik olmasa da və nəticədə 2000/31 saylı direktivin 14-cü maddəsinin 1-ci bəndinin müddəaları onun göstərdiyi xidmətə şamil olunsa da, onun barəsində ziyanın əvəzini ödəmək qərarının qəbul edilməsi ilə nəticələnən hal baş verərsə, iqtisadi fəaliyyət göstərən vicdanlı operatorun müvafiq faktlar və ya hallar əsasında yuxarıda qeyd edilən satış təkliflərinin qanunsuz olduğunu dərk etməli olduğu hallarda və bu qanunsuzluqdan xəbərdar ola-ola operator 2000/31 saylı direktivin 14-cü maddəsinin 1(b) bəndində nəzərdə tutulan qaydada cəld hərəkətə keçmədiyi təqdirdə həmin maddədə nəzərdə tutulmuş məsuliyyətdən azad edilmə barədə müddəaya istinad edə bilməz.
54. 24 noyabr 2011-ci il tarixli qərarında (iş № C 70/10, Scarlet Extended [2011]) Avropa İttifaqı Məhkəməsi bu qənaətə gəldi ki, İnternet xidmətləri təchizatçısına onun serverindən keçən bütün elektron kommunikasiyaların, xüsusən ötürülməsində P2P proqram təminatından istifadə edilən kommunikasiyaların filtrlənməsi üçün sistemin quraşdırılmasını tələb edən hüquqi qadağa tətbiq edilə bilməz – söhbət elə sistemdən gedir ki, yalnız təchizatçının xərcləri hesabına və qeyri-müəyyən müddətə qabaqlayıcı tədbir qismində onun bütün istifadəçilərinə heç bir fərq qoyulmadan tətbiq edilir, həmin təchizatçının şəbəkəsində şikayətçinin əqli mülkiyyət hüququnun şamil olunduğu iddia edilən musiqili, kinematoqrafik və ya audiovizual əsərlərin yer aldığı elektron faylların hərəkətini, paylaşılması müəlliflik hüququnu poza biləcək həmin faylların ötürülməsini bloklamaq məqsədi ilə, müəyyənləşdirməyə imkan verir.
55. 16 fevral 2012-ci il tarixli qərarında (iş № C-360/10 SABAM) AİM bildirdi ki, 2000/31/EC, 2001/29/EC və 2004/48/EC saylı direktivlər milli məhkəmə tərəfindən yerləşdirmə (hostinq) xidmətinin təchizatçısından xidmətinin istifadəçilərinin onun serverlərində saxladıqları məlumatları süzgəcdən keçirən sistem quraşdırmağı tələb edən məhkəmə sərəncamı barədə qərar çıxarılmasına mane olur; bu elə bir sistemdir ki, yalnız təchizatçının xərcləri hesabına və qeyri-müəyyən müddətə qabaqlayıcı tədbir qismində onun bütün istifadəçilərinə heç bir fərq qoyulmadan tətbiq edilir və həmin təchizatçının şəbəkəsində şikayətçinin əqli mülkiyyət hüququnun şamil olunduğu iddia edilən musiqili, kinematoqrafik və ya audiovizual əsərlərin yer aldığı elektron faylları müəyyənləşdirməyə imkan verir, bunda məqsəd paylaşılması müəlliflik hüququnu poza biləcək həmin faylların istifadəyə açıq olmasının qarşısını almaqdır.
56. 13 may 2014-cü il tarixli qərarında (iş № C-131/12, Google Spain and Google) AİM fərdi məlumatların emalı və həmin məlumatların sərbəst hərəkəti ilə bağlı fərdlərin müdafiəsinə dair Avropa İttifaqı Parlamentinin və Şurasının 24 oktyabr 1995-ci il tarixli 95/46/EC saylı direktivini şərh etməli oldu. O, bu qənaətə gəldi ki, İnternet axtarış sisteminin fəaliyyəti 95/46/EC saylı direktivdə nəzərdə tutulan mənada “fərdi məlumatların emalı” kimi təsnifləşdirilməlidir, bu proses həmin axtarış sisteminin operatoru tərəfindən həyata keçirilir və bu sistem vasitəsilə axtarış fərdin adı əsasında həyata keçirildikdə (Əsas hüquqlar haqqında Avropa İttifaqı Xartiyasının 7-ci və 8-ci maddələri əsasında təmin edilən) şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların müdafiəsi kimi təməl hüquqlara əhəmiyyətli dərəcədə təsir göstərir, belə ki, bu emal prosesi istənilən İnternet istifadəçisinə nəticələrin siyahısı vasitəsilə İnternetdə tapıla bilən fərdə aid məlumatların strukturlaşdırılmış icmalını əldə etmək və beləliklə onun barəsində bu və ya digər dərəcədə informasiya əldə etmək imkanı verir. Bundan başqa, müasir cəmiyyətdə İnternetin və axtarış sistemlərinin mühüm rol oynaması ilə əlaqədar olaraq məlumatların aid olduğu subyektlərin hüquqlarına müdaxilələrin təsiri güclənib və nəticələrin siyahısındakı informasiyaların hər yerə yayılmasına gətirib çıxarıb. Bu müdaxilənin ciddi potensial nəticələrini nəzərə alsaq, onu sadəcə operatorun iqtisadi marağı ilə əsaslandırmaq olmaz. AİM hesab etdi ki, İnternet istifadəçilərinin informasiyaları əldə etməklə bağlı qanuni maraqları ilə məlumatların aid olduğu subyektlərin təməl hüquqları arasında ədalətli balans axtarılmalıdır. Məlumatların aid olduğu subyektin təməl hüquqları, bir qayda olaraq, İnternet istifadəçilərinin hüquqlarından üstündür, amma qeyd edilən balans sözügedən məlumatların xarakterindən, məlumatların aid olduğu subyektin şəxsi həyatı baxımından həmin məlumatların həssaslığından və ictimaiyyətin həmin məlumatları əldə etməyə olan marağından asılı ola bilər. AİM qərara aldı ki, müəyyən hallarda axtarış sisteminin operatoru şəxsin adı əsasında axtarış aparıldıqdan sonra monitora çıxarılan nəticələrin siyahısından həmin şəxsin adını üçüncü şəxslər tərəfindən yerləşdirilmiş olan və həmin şəxs barəsindəki məlumatları özündə ehtiva edən veb-səhifələrlə əlaqələndirən linkləri, hətta onlar sözügedən veb-səhifələrdə qanuni olaraq yerləşdirilmiş olsa belə, silməyə borcludur. Bu xüsusən o hallara aiddir ki, üzə çıxan məlumatlar müəyyən zaman keçdiyinə görə onların emalının məqsədləri üçün qeyri-adekvat və qeyri-aktual olur, yaxud daha əvvəlkitək aktuallıq kəsb etmir, yaxud da həddən artıq geniş həcmli olur.
57. 11 sentyabr 2014-cü il tarixli qərarında (iş № C-291/13, Papasavvas) AİM bu qənaətə gəldi ki, qəzet nəşr edən və qəzetin onlayn versiyasını özünün veb-saytında yerləşdirən şirkət prinsipcə yerləşdirdiyi informasiyalar barədə məlumatlı olduğuna və həmin informasiyalar üzərində nəzarəti həyata keçirdiyinə görə, onun veb-saytına girişin ödənişsiz olub-olmamasından asılı olmayaraq, 2000/31/EC saylı direktivin 12-14-cü maddələrində nəzərdə tutulan mənada “vasitəçilik xidmətlərinin təchizatçısı” sayıla bilər. Beləliklə, o qərara aldı ki, 2000/31/EC saylı direktivin 12-14-cü maddələrində qeyd edilən mülki məsuliyyətin məhdudlaşdırılması halları qəzet nəşr edən və qəzetin onlayn versiyasının yerləşdirildiyi veb-saytı idarə edən şirkətə, yerləşdirdiyi informasiyalar barədə məlumatlı olduğuna və həmin informasiyalar üzərində nəzarəti həyata keçirdiyinə görə, veb-sayta girişin ödənişsiz olub-olmamasından asılı olmayaraq, şamil olunmur, çünki həmin şirkət, bu fəaliyyətindən əlavə, həm də veb-saytda yerləşdirilən kommersiya reklamlarından gəlir əldə edir.

B. Müqayisəli hüquq materialları

58. Məhkəmənin sərəncamında olan məlumatlardan belə görünür ki, Avropa Şurasının (həm də eyni zamanda Avropa İttifaqının) üzvü olan bir sıra dövlətlərdə müddəaları milli qanunvericiliyə daxil edilmiş Elektron kommersiyaya dair direktiv sözügedən keçirilən sahədə əsas hüquq mənbəyi təşkil edir. Həmçinin belə görünür ki, üçüncü şəxslərin kontentlərini sayta yerləşdirməzdən əvvəl operatorun həmin kontentdə iştirak dərəcəsi (ilkin senzura vasitəsilə, resipiyentləri seçmək yolu ilə, öncədən müəyyənləşdirilmiş mövzu barədə şərhlər istəmək vasitəsilə, yaxud operatorun həmin kontenti öz kontenti kimi qəbul etməsi yolu ilə) nə qədər çoxdursa, operatorun həmin kontentə görə məsuliyyət daşıması ehtimalı bir o qədər çox olur. Bəzi ölkələr qanunsuz olduğu iddia edilən İnternet kontentinin araşdırılması prosedurları ilə bağlı müəyyən əlavə qaydalar və bu kontekstdə məsuliyyətin bölüşdürülməsi ilə bağlı müddəalar qəbul ediblər.

HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 10-CU MADDƏSİNİN İDDİA EDİLƏN POZUNTUSU

59. Ərizəçi şikayət etdi ki, onun İnternet xəbər portalının oxucularının yerləşdirdiyi şərhlərə görə onun məsuliyyətə cəlb olunması onun Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulmuş ifadə azadlığını pozub, həmin maddədə deyilir:
“1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyinə malik olmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”.
60. Hökumət bu arqumentə etiraz etdi.

A. Palatanın qərarı

61. 10 oktyabr 2013-cü il tarixli qərarında Palata öncə qeyd etdi ki, tərəflərin baxışlarında əsas fərq hazırkı işdə ərizəçi şirkətin rolu ilə bağlıdır. Hökumətin bildirdiyinə görə, ərizəçi şirkət ləkələyici şərhləri açıqlayan subyekt sayılmalıdır, ərizəçi şirkətin rəyi isə ondan ibarətdir ki, onun üçüncü şəxslər tərəfindən hazırlanmış və yerləşdirilmiş məlumatları yaymaq azadlığına müdaxilə baş verib və ərizəçi şirkətin özü üçüncü şəxslərin şərhlərini yerləşdirən subyekt deyil. Palata ərizəçi şirkətin fəaliyyətlərinə aid edilən rolu dəqiq müəyyənləşdirməyə keçmədi və qeyd etdi ki, mahiyyət etibarı ilə tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, daxili məhkəmələrin ərizəçi şirkət barəsindəki qərarları onun Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığına müdaxilə təşkil edib.
62. Müdaxilənin qanuniliyinə gəlincə, Palata ərizəçi şirkətin ifadə azadlığına müdaxilənin “qanunla nəzərdə tutulmuş” olmadığı barədə onun arqumentini rədd etdi. Palata qeyd etdi ki, ərizəçi şirkətin fəaliyyətləri Elektron kommersiyaya dair Avropa İttifaqı direktivinin və “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanunun tətbiq dairəsinə düşmür. O hesab etdi ki, daxili məhkəmələri əvəz etmək onun vəzifəsi deyil və daxili qanunvericiliyin şərhindəki problemləri həll etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir. Buna görə də Palata razılaşdı ki, mülki hüququn müvafiq müddəalarında (baxmayaraq ki, onlar kifayət qədər ümumi xarakterli idi və misal üçün, “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanunun müddəaları ilə müqayisədə təfsilatlı deyildi), eləcə də müvafiq presedent hüququnda aydınlıq gətirilir ki, kütləvi informasiya vasitəsinin naşiri onun nəşrində yer alan ləkələyici fikirlərə görə məsuliyyət daşıyır. Palata bu faktı nəzərə aldı ki, ərizəçi şirkət Estoniyada ən iri portallardan birini idarə edən peşəkar naşirdir və onun şərh bölümündə yerləşdirilən şərhlər müəyyən dərəcədə bədnam ad çıxarıb. Bu mülahizələrin fonunda Palata hesab etdi ki, ərizəçi şirkət fəaliyyətləri ilə bağlı riskləri qiymətləndirmək imkanına malik idi və fəaliyyətlərinin doğura biləcəyi nəticələrini ağlabatan dərəcədə öncədən görə bilərdi.
63. Bundan başqa, Palata bu qənaətə gəldi ki, ərizəçi şirkətin ifadə azadlığının məhdudlaşdırılması digər şəxslərin nüfuz və hüquqlarını qorumaqdan ibarət qanuni məqsəd daşıyırdı. Palatanın rəyinə görə, əsil müəlliflərin də prinsipcə təqsirkar olması digər şəxslərin nüfuz və hüquqlarına zərər yetirilməsinə görə ərizəçi şirkəti məsuliyyətə cəlb etməkdən ibarət qanuni məqsədin qanuniliyini aradan qaldırmır. Hazırkı işdə üçüncü şəxslərin yazdığı şərhlərə görə ərizəçi şirkətin məsuliyyətə cəlb olunmasının onun 10-cu maddədə nəzərdə tutulmuş hüquqlarını həddən artıq məhdudlaşdırıb-məhdudlaşdırmaması məsələsi məhdudiyyətin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsidir və bu məsələyə aşağıda baxılacaq.
64. Müdaxilənin mütənasibliyinə gəlincə, Palata qeyd etdi ki, tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, sözügedən şərhlər ləkələyici xarakter daşıyırdı. Müdaxilənin ərizəçi şirkətin ifadə azadlığına mütənasib olub-olmadığını qiymətləndirərkən Palata aşağıdakı elementləri nəzərdən keçirdi. Birincisi, o, şərhlərin kontekstini; ikincisi, ləkələyici şərhlərin yerləşdirilməsinin qarşısının alınması və ya onların silinməsi üçün ərizəçi şirkət tərəfindən tətbiq edilmiş tədbirləri; üçüncüsü, ərizəçi şirkətin məsuliyyətinin alternativi qismində şərhlərin əsil müəlliflərinin məsuliyyəti məsələsini; və dördüncüsü, ölkədaxili məhkəmə proseslərinin ərizəçi şirkət üçün nəticələrini araşdırdı.
65. Palata konkret olaraq hesab etdi ki, ərizəçi şirkət tərəfindən nəşr edilən və ləkələyici şərhlərin yerləşdirilməsinə səbəb olan xəbər məqaləsi ictimai maraq doğuran məsələyə aid idi və ərizəçi şirkət mümkün mənfi reaksiyaları öncədən görə və digər şəxslərin nüfuzuna zərər yetirilməsinə görə məsuliyyətə cəlb edilməmək üçün lazımi dərəcədə diqqətli ola bilərdi. Lakin ərizəçi şirkət tərəfindən istifadə edilən ilkin avtomatik filtrləmə, habelə xəbərdarlıq və saf-çürük etmə sistemi üçüncü şəxslərin hüquqlarının yetərli müdafiəsini təmin etmirdi. Bundan başqa, xəbər materiallarının dərc olunması və həmin materiallarla bağlı oxucu şərhlərinin ictimaiyyət üçün açıq olması ərizəçi şirkətin peşə fəaliyyətinin tərkib hissəsi idi və onun reklam gəlirləri oxucuların və şərhlərin sayından asılı idi. Ərizəçi şirkət oxucuların şərhləri üzərində əhəmiyyətli dərəcədə nəzarəti həyata keçirmək imkanına, habelə konkret məqaləyə dair mümkün şərhlərin xarakterini proqnozlaşdırmaq və ləkələyici fikirlərin ictimaiyyətə çatdırılmasının qarşısını almaqdan ötrü texniki vasitələrlə və ya əllə yerinə yetirilən tədbirləri görmək imkanına malik idi. Bundan başqa, şərhlərin əsil müəlliflərinə qarşı mülki iddia qaldırmaq üçün heç bir real imkan mövcud deyildi, çünki onların kimliyini asanlıqla müəyyənləşdirmək mümkün deyildi. İstənilən halda, Palata əmin deyildi ki, zərərçəkən tərəfin yalnız ləkələyici şərhlərin müəlliflərinə qarşı iddia qaldırmaq imkanına malik olması, ərizəçi şirkətin güman etdiyi kimi, hazırkı işdə üçüncü şəxslərin şəxsi həyatının toxunulmazlığı hüququnun səmərəli müdafiəsini təmin edə bilərdi. Qeydiyyata alınmayan istifadəçilərin şərhlər qoymasına icazə verilməsi ərizəçi şirkətin öz seçimi idi və bu seçimi etməklə o, həmin şərhlərə görə məsuliyyətin müəyyən hissəsini öz üzərinə götürmüş sayılmalıdır. Yuxarıdakı bütün mülahizələri, habelə zərərin əvəzinin ərizəçi şirkət tərəfindən ödənilməsi üçün təyin olunmuş məbləğin böyük olmadığını nəzərə alsaq, onun ifadə azadlığına qoyulmuş məhdudiyyət əsaslı və mütənasib sayılmalıdır. Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməyib.

B. Tərəflərin Böyük Palata qarşısında arqumentləri

1. Ərizəçi şirkət

a) Ümumi qeydlər

66. Ərizəçi şirkət iddia etdi ki, bugünkü dünyada İnternet mediasının kontenti getdikcə daha çox istifadəçilərin özləri tərəfindən yaradılır. İstifadəçilər tərəfindən yaradılan kontent mühüm əhəmiyyət daşıyır, belə ki, yeni materiallara və məqalələrə dair şərhlər çox vaxt cəmiyyətdə ciddi müzakirələrə səbəb olur və həmin şərhlər hətta jurnalistlərin də ictimaiyyətə məlum olmayan məsələlərdən xəbərdar olmasına imkan yaradır və bununla da jurnalist araşdırmalarına təkan vermiş olur. Məhz “hər kəsin” ictimai müzakirələrə öz töhfəsini vermək imkanına malik olması demokratiyanı irəliyə aparıb və ifadə azadlığının məqsədlərinə nail olunmasına ən yaxşı şəkildə xidmət edib. Bu sahədə senzuradan yan keçərək digər şəxslərin hüquqlarını pozanların məsuliyyətə cəlb olunması böyük problemdir.
67. İstifadəçilər tərəfindən yaradılan kontentlə əlaqədar ərizəçi şirkətin rəyi bundan ibarət oldu ki, üçüncü şəxsin kontentini yerləşdirən subyektin onun qanunsuz olmasından xəbər tutan kimi həmin kontenti dərhal silməsi kifayət edir. Əgər Məhkəmə bunu yetərli hesab etmirsə, o halda fikirləri ictimaiyyətə anonim şəkildə çatdırmağı qadağan etmək lazım gələrdi, yaxud şərhçilərin fikirlərini azad surətdə çatdırmalarına vasitəçilər tərəfindən əsassız məhdudiyyətlər qoyulardı ki, bu da mümkün gələcək məsuliyyətdən yaxa qurtarmaq üçün istifadəçiləri yanlış yolla getməyə vadar etmiş olardı.

b) “Delfi”nin rolu

66. Ərizəçi şirkət Böyük Palatadan xahiş etdi ki, işə bütövlükdə nəzər salsın, o cümlədən ərizəçi şirkətin ənənəvi naşir, yoxsa vasitəçi kimi xarakterizə olunması məsələsini nəzərdən keçirsin. Konkret kontentin müəllifinin kimliyindən asılı olmayaraq, naşir yerləşdirdiyi bütün kontentə görə məsuliyyət daşıyır. Lakin ərizəçi şirkət israr etdi ki, o, vasitəçi sayılmalıdır və üçüncü şəxslərin şərhlərini izləmək öhdəliyini məhdudlaşdıran xüsusi və dəqiq qanunvericilik normalarının vasitəçi qismində ona şamil edilməsi hüququna malikdir. O iddia etdi ki, vasitəçilər istifadəçilər tərəfindən yaradılan kontentin qanuniliyini müəyyənləşdirmək məsələsində heç də əlverişli vəziyyətdə deyillər. Bu xüsusən ləkələyici kontentə aiddir, çünki bu halda qurban nüfuzuna dəymiş zərəri təkbaşına qiymətləndirə bilər.

c) Müdaxilə qanuni idimi?

69. Ərizəçi şirkət iddia etdi ki, onun ifadə azadlığına (o cümlədən məlumatları saxlamaq və istifadəçilərin fikirlərini yaymalarına imkan yaratmaq hüququna) müdaxilə qanunla nəzərdə tutulmamışdı. O bildirdi ki, vasitəçinin məzmunundan xəbərsiz olduğu kontentin naşiri hesab edilməli olduğunu bildirən heç bir qanunvericilik və ya presedent hüququ mövcud deyildi. Əksinə, qüvvədə olan qanunvericilik üçüncü şəxslərin kontentinə görə xidmət təchizatçılarının məsuliyyət cəlb olunmasını açıq-aydın qadağan edirdi. Bununla əlaqədar olaraq ərizəçi şirkət Elektron kommersiyaya dair direktivə, “İnformasiya cəmiyyəti xidmətləri haqqında” Estoniya qanununa və İnternetdə ünsiyyət azadlığı haqqında Avropa Şurasının bəyannaməsinə istinad etdi. Direktiv xəbərdarlığa əsaslanan məhdud xarakterli məsuliyyəti və bu zaman xəbərdarlıq və saf-çürük etmə prosedurlarının tətbiqini nəzərdə tuturdu. Qanunsuz fəaliyyətlər barədə faktiki məlumatlar aldıqdan sonra müvafiq informasiyaları silmək və ya onlara çıxış imkanını aradan qaldırmaq üçün tez bir zamanda hərəkətə keçdikləri təqdirdə xidmət təchizatçıları məsuliyyətdən azad edilirdilər. Bu cür silinmə və ya çıxış imkanının aradan qaldırılması ifadə azadlığı prinsipinə və bu məqsəd üçün milli səviyyədə müəyyən edilmiş prosedurlara riayət etməklə həyata keçirilməli idi (Direktivin 46-cı maddəsi). Ərizəçi şirkət iddia etdi ki, bu qanunvericilik vətəndaşın öz hərəkətinin nəticələrini öncədən proqnozlaşdıra bilməsinə imkan vermək baxımından heç bir şübhə yeri qoymadan yetərincə dəqiq şəkildə ifadə edilmişdi. Ərizəçi şirkətin bildirdiyinə görə, onun davranışı qüvvədə olan qanunvericiliyə tam uyğun idi, belə ki, o, həqiqi iddiaçı tərəfindən xəbərdarlıq aldığı gün ləkələyici şərhləri silmişdi.
70. Ərizəçi şirkət daha sonra iddia etdi ki, hətta mülki hüquq pozuntularına (delikt hüququna) dair mövcud qanunvericilikdə də məlumat yayıcıları (poçt işçiləri, kitabxanalar, kitab mağazaları və digərləri) naşir kimi təsnifləşdirilməyib. Buna görə də qətiyyən aydın deyil ki, mövcud delikt hüququ, Palatanın qərarında göstərildiyi kimi, “yeni texnologiyalarla əlaqədar olan yeni sahəyə”, yəni istifadəçilərin jurnalistlərlə və bir-biri ilə qarşılıqlı əlaqədə olmasına və ictimai maraq doğuran məsələlərin müzakirəsi üçün dəyərli ideyalar verməsinə imkan yaradan xidmətləri təqdim edən onlayn xəbər portalının operatoruna necə tətbiq edilə bilərdi. Ərizəçi şirkətin üzərinə istifadəçilərin şərhlərini aktiv şəkildə izləmək öhdəliyini qoyan heç bir qanun yox idi.

d) Müdaxilə qanuni məqsəd daşıyırdımı?

71. Ərizəçi şirkət sözügedən müdaxilənin qanuni məqsəd daşıdığını şübhə altına almadı.

e) Müdaxilə “demokratik cəmiyyətdə zəruri” idimi?

72. Ərizəçi şirkətin bildirdiyinə görə, müdaxilə demokratik cəmiyyətdə zəruri deyildi. O iddia etdi ki, Palatanın qərarı nəticəsində onun iki seçim imkanı vardı. Birincisi, o, ləkələyici hesab oluna biləcək (yaxud digər hüquqlarla yanaşı əqli mülkiyyət hüququnu poza biləcək) hər bir ismarıcı izləmək üçün (hər bir yeni məqalən yoxlamaq üçün) hər bir ismarıc bölməsinin qarşısında (real vaxt rejimində) keşik çəkməkdən ötrü yüksək hazırlığa malik moderatorlar ordusunu cəlb etməli idi; günün sonunda bu moderatorlar hər ehtimala qarşı hər hansı həssas şərhləri silməli idilər və bütün müzakirələr elə moderasiya olunmalı idi ki, müzakirə yalnız ən az mübahisəli məsələlərlə məhdudlaşsın. Əks halda o, bu cür böyük riskdən yaxa qurtarmaq üçün sadəcə olaraq bu forumu qapatmalı idi. Hər iki halda adi oxucuların gündəlik xəbərləri sərbəst şəkildə şərh etmələri və şərhlərinə görə məsuliyyəti müstəqil surətdə üzərlərinə götürə bilmələri üçün texnoloji imkanlar yaratmaqdan imtina etmək lazım gələcəkdi.
73. Ərizəçi şirkət iddia etdi ki, Ali Məhkəmənin qərarı ifadə azadlığı üçün “çəkindirici təsirə” malik idi və ərizəçi şirkətin məlumatları yaymaq azadlığını məhdudlaşdırırdı. O, fiziki şəxsləri senzuraya məruz qoymaq öhdəliyinin müəyyən edilməsinə bərabər idi.
74. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olmadığı barədə arqumentinin təsdiqi üçün ərizəçi şirkət aşağıdakı amillərə istinad etdi.
75. Birincisi, o iddia etdi ki, şərhlər ictimaiyyət üzvlərinin məqalənin özünə deyil, Saaremaa gəmiçilik şirkətinin səbəb olduğu hadisəyə göstərdiyi reaksiya idi. Bundan başqa, məqalə balanslı və neytral idi. Orada Estoniyanın ən iri adasının sakinləri üçün mühüm əhəmiyyət daşıyan və onların gündəlik həyatına təsir göstərən məsələyə toxunulmuşdu. Oxucuların mənfi reaksiyalarının səbəbkarı məqalə deyil, gəmiçilik şirkəti idi.
76. İkincisi, ərizəçi şirkət ləkələyici şərhlərin qarşısını almaq və ya onları silmək üçün yetərincə tədbirlər tətbiq etmişdi; hazırkı işdə sözügedən şərhlər ərizəçi şirkətin onlar barəsində xəbərdarlıq aldığı gün silinmişdi.
77. Üçüncüsü, ərizəçi şirkət iddia etdi ki, şərhlərin əsil müəllifləri yerləşdirdikləri kontentə görə məsuliyyət daşımalıdırlar. O, şərhlərin müəlliflərinin kimliyini müəyyənləşdirməyin çətin olduğu barədə Palatanın rəyi ilə razılaşmadı və iddia etdi ki, Mülki Prosessual Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş “sübutların məhkəməyəqədər qəbulu” prosedurunu həyata keçirməklə müəlliflərin kimliyini müəyyənləşdirmək olardı. Müəlliflərin adları və ünvanları müəyyənləşdirilən kimi onlara qarşı heç bir çətinlik olmadan iddia qaldırıla bilərdi.
78. Dördüncüsü, ərizəçi şirkət israr etdi ki, ki, xidmət təchizatçıları üçün ciddi məsuliyyət standartı müəyyənləşdirilməsinə təcili ictimai tələbat yox idi. O iddia etdi ki, Avropa ölkələri arasında bu məsələdə konsensus var ki, heç bir xidmət təchizatçısı müəllifi olmadığı kontentə görə məsuliyyətə cəlb olunmamalıdır. Müvafiq olaraq, bu məsələdə iştirakçı dövlətlərə verilən qiymətləndirmə sərbəstliyinin hüdudları dar olmalıdır. Bundan başqa, o hesab etdi ki, mənəvi ziyana görə kompensasiya qismində onun ödəməli olduğu məbləğin kiçik olması müdaxiləyə haqq qazandırmırdı. O həmçinin vurğuladı ki, ərizəçi şirkətin məsuliyyəti məhdud olsaydı, həqiqi iddiaçı hüquqi müdafiə vasitəsindən məhrum olmayacaqdı – o, şərhlərin əsil müəlliflərinə qarşı məhkəmə iddiası qaldıra bilərdi. Ərizəçi şirkət özəl senzuranın yaradılmasına etiraz etdi və iddia etdi ki, ikiaspektli sistemin, yəni xəbərdarlıq və saf-çürük etmə sisteminin və ləkələyici şərhlərin müəlliflərinə qarşı məhkəmə iddiası qaldırmaq imkanının mövcud olması üçüncü şəxslərin hüquqlarının müdafiəsi üçün yetərli idi. İnternet xidmətləri təchizatçılarının məsuliyyətinin müəyyənləşdirilməsinə “təcili ictimai tələbatın” olması inandırıcı şəkildə sübuta yetirilməmişdi.
79. Ərizəçi şirkət həmçinin İnternetdə fikirləri sərbəst bildirmək üçün anonimliyin mühümlüyünü vurğuladı; belə ki, bu hamını, o cümlədən marginallaşmış qrupları, siyasi dissidentləri və pozuntular barədə xəbər yayanları prosesə qatılmağa həvəsləndirir və fərdlərin repressiyalara qarşı təhlükəsizliyinə imkan yaradır.
80. Nəhayət, ərizəçi şirkət iddia etdi ki, daxili məhkəmələr Avropa İttifaqı (Aİ) qanunvericiliyini açıq-aydın yanlış şərh etmişdilər. O bildirdi ki, Palatanın qərarı öhdəliklərlə hüquqi müəyyənlik prinsipi arasında ziddiyyət yaratmışdı, belə ki, yerləşdirmə (hostinq) xidmətinin təchizatçılarının məsuliyyəti məsələsinə dair Aİ qanunvericiliyinə riayət edilməsi dövlətin Konvensiya üzrə məsuliyyətinə səbəb ola bilərdi, qərardakı meyarlara riayət edilməsi isə Aİ qanunvericiliyinə zidd olacaqdı.

2. Hökumət

a) Ümumi qeydlər

81. Hökumət bu işin əhatə dairəsi ilə bağlı aşağıdakı qeydləri bildirdi. Birincisi, Məhkəmənin presedent hüququna əsasən, ölkədaxili qanunvericiliyin tətbiqi və şərhi məsələsinin həlli daxili məhkəmələrin işidir. Bundan başqa, Aİ qanunvericiliyinin şərhi AİM-in vəzifəsidir. Daxili məhkəmələr əsaslandırılmış qərarlarında müəyyən etmişdilər ki, bu işdə Elektron kommersiyaya dair direktiv və ya “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanun deyil, “Öhdəliklər haqqında” Estoniya qanunu tətbiq edilməli idi. Böyük Palata da bu mülahizədən çıxış etməli və Aİ qanunvericiliyinin bu işə tətbiqinin mümkünlüyü barədə ərizəçinin iddialarını qəbulolunmaz hesab etməlidir. İkincisi, Hökumət vurğuladı ki, bir sıra müxtəlif növ İnternet portalları mövcuddur və onların operatorlarının məsuliyyəti məsələsi ümumiləşdirilə bilməz. Hazırkı işin hüdudları sözügedən dövrdə “Delfi” portalının fəaliyyətləri ilə məhdudlaşır. Bununla əlaqədar olaraq Hökumət qeyd etdi ki, “Delfi” oxucuları özünün seçdiyi məqalələrə şərh yazmağa aktiv şəkildə dəvət edirdi; həmin məqalələrə dair anonim şərhləri saytın eyni bölümündə yerləşdirirdi; və yalnız “Delfi” şərhlərə dəyişiklik edə və ya onları silə bilərdi. Ərizəçi şirkətin məsuliyyəti konkret olaraq bu kontekstdə qiymətləndirilməlidir.
82. Hökumət vurğuladı ki, sözügedən şərhlərin ləkələyici xarakter daşıması ilə bağlı tərəflər arasında fikir ayrılığı yoxdur.
83. Hökumət qeyd etdi ki, ərizəçi şirkətin bunun əksini iddia etdiyinə baxmayaraq, o, anonim şərhləri silməyə və ya öz biznes modelini dəyişdirməyə məcbur edilməmişdi. Əksinə, “Delfi” Estoniyada ən iri portal olaraq qalırdı; portalda anonim şərhlərin yerləşdirilməsi hələ də mümkün idi və şərhlərin sayı 2009-cu ildəki 190.000 şərhdən 2013-cü ildə 300.000-ə qalxmışdı. 26 sentyabr 2013-cü ildə nəşr olunmuş məqaləyə əsasən, “Delfi” ayda 20.000-dən 30.000-dək şərhi (bütün şərhlərin 7-10%-ini) silirdi. İkinci ən böyük portal olan “Postimees” ümumi sayı 120.000 olan şərhlərin 7%-inə qədərini silirdi. Hər iki portal təhqiramiz şərhləri silinməsi ilə məşğul olan beş işçiyə malik idi. 2013-cü il dekabrından bəri “Delfi” ikili şərh sistemi tətbiq edirdi, bu zaman qeydiyyata alınmış istifadəçilərin şərhləri ilə anonim şərhlər ayrı-ayrılıqda nümayiş etdirilirdi.

b) Müdaxilə qanuni idimi?

84. Hökumət israr etdi ki, ərizəçi şirkətin hüquqlarına müdaxilə “qanunla nəzərdə tutulmuşdu”. O, 32-36-cı bəndlərdə icmalı verilmiş daxili qanunvericiliyə və presedent hüququna, Palatanın qərarının 38-ci və 39-cu bəndlərinə, habelə Palatanın qərarında icmalı verilmiş Məhkəmənin müvafiq presedent hüququna istinad etdi. Hökumət həmçinin qeyd etdi ki, Estoniyanın presedent hüququnda elə bir mülahizə yoxdur ki, öz tərəfindən seçilmiş və yerləşdirilmiş məqalələrə dair şərhlərin yerləşdirilməsini həvəsləndirən “Delfi” yeni media nəşri olan İnternet portalının sahibinin yerləşdirdiyi məqalələrlə bağlı istifadəçilər tərəfindən yazılan, xəbərlərin ayrılmaz tərkib hissəsini təşkil edən və yalnız “Delfi” tərəfindən idarə oluna bilən şərhlərin vurduğu zərərə görə portal sahibinin məsuliyyət daşımadığını həmin mülahizənin əsasında ehtimal edə bilsin. Bundan başqa, “Delfi”nin işi üzrə ölkədaxili məhkəmələrin qərarları qəbul edildiyi vaxt tamamilə aydın idi ki, İnternet mediası ictimaiyyətə geniş təsirə malikdir və digər şəxslərin şəxsi həyatının qorunması üçün məsuliyyət barədə normalar yeni mediaya da tətbiq edilməlidir.
85. Hökumət bir daha bildirdi ki, ərizəçi şirkətin Aİ qanunvericiliyinə və “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanuna istinad etməsinə əhəmiyyət verilməməlidir. Böyük Palata daxili məhkəmələrin bu işə tətbiqini mümkünsüz hesab etdikləri qanunvericiliyi deyil, yalnız “Öhdəliklər haqqında” qanunun şərhinin nəticələrinin Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə uyğunluğu məsələsini qiymətləndirə bilər. O həmçinin qeyd etdi ki, daxili məhkəmələr ərizəçi şirkətin yaddaşda saxlama və ya yerləşdirmə (hostinq) xidmətlərinin təchizatçısı hesab edilməsinin mümkünlüyü məsələsinə kifayət qədər diqqət yetiriblər. Amma onlar müəyyən ediblər ki, bu işdə belə hal olmayıb. Konkret olaraq, yerləşdirmə (hostinq) zamanı xidmət təchizatçısı sadəcə məlumatları saxlamaq üçün yer vermə xidmətini təqdim edir, saxlanılan məlumatlar və onların sayta daxil edilməsi, onlara dəyişiklik edilməsi, onların silinməsi və məzmunu isə xidmət istifadəçilərinin nəzarətində qalır. Lakin “Delfi”nin şərhlər bölümündə şərhçilər şərhləri daxil edən kimi onların üzərində nəzarəti itirirdilər və onları dəyişdirə və ya silə bilməzdilər. Həmçinin işin digər aspektlərini, yəni məqalələri və onların başlıqlarını “Delfi”nin özünün seçdiyini; “Delfi”nin oxucuları şərhlərini qoymağa dəvət etdiyini və şərhvermə qaydalarını müəyyən etdiyini (o cümlədən o müəyyən etmişdi ki, şərhlər məqalə ilə əlaqədar olmalıdır); nə qədər çox şərh qoyulurdusa, “Delfi”nin reklam gəlirlərindən bir o qədər çox mənfəət əldə etdiyini; həmçinin “Delfi”nin şərhləri selektiv qaydada izlədiyini nəzərə alaraq, daxili məhkəmələr bu qənaətə gəlmişdilər ki, “Delfi” təkcə texniki vasitəçilik xidmətinin təchizatçısı qismində fəaliyyət göstərməyib və yaddaşda saxlama və ya yerləşdirmə (hostinq) xidmətinin təchizatçısı sayıla bilməz. Hökumət həmçinin vurğuladı ki, AİM indiyədək “Delfi”nin işinə bənzər hər hansı iş üzrə qərar çıxarmayıb. İstənilən halda, hətta AİM-in presedent hüququna aid işlərin, məsələn, L’Oréal və başqalarının işinin bu işə aidiyyəti olduğunu düşünsək belə, bu nəticəyə gəlmək olar ki, “Delfi”nin oynadığı rol aktiv rol idi və Elektron kommersiyaya dair direktivdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallar ona şamil oluna bilməzdi.

c) Müdaxilə qanuni məqsəd daşıyırdımı?

86. Hökumət bildirdi ki, ərizəçi şirkətin 10-cu maddədə nəzərdə tutulmuş hüquqlarına müdaxilə qanuni məqsəd daşıyırdı, belə ki, digər şəxslərin nüfuzunu müdafiə etməyə yönəlmişdi.

d) Müdaxilə “demokratik cəmiyyətdə zəruri” idimi?

87. Müdaxilənin demokratik cəmiyyətdə zəruri olub-olmaması məsələsinə gəlincə Hökumət hər şeydən əvvəl Konvensiyanın 10-cu və 8-ci maddələri arasındakı balansın vacibliyini vurğuladı.
88. Hökumət Palatanın qərarındakı müvafiq əsaslandırmaya xeyli dərəcədə istinad etdi. Bundan əlavə, o aşağıdakıları vurğuladı.
89. Birincisi, şərhlərin kontekstinə gəlincə Hökumət qeyd etdi ki, daxili məhkəmələr bu faktı önəmli hesab ediblər ki, xəbər materiallarının seçilməsi və yerləşdirilməsi və oxucuların həmin materiallara dair şərhlərinin eyni bölümdə yerləşdirilməsi informasiyaları açıqlayan qismində ərizəçi şirkətin peşə fəaliyyətinin tərkib hissəsi idi. “Delfi” oxucuları onun məqalələrinə dair şərhlər qoymağa dəvət edir (çox zaman bunu məqalələrə provokasiya xarakterli adlar qoymaqla və daha çox şərhçi cəlb etmək üçün məqalənin başlığından dərhal sonra əsas səhifədə şərhlərin sayını tünd qırmızı şriftlə göstərməklə edirdi), bu isə öz növbəsində reklam gəlirləri gətirirdi.
90. İkincisi, ərizəçi şirkət tərəfindən tətbiq edilmiş tədbirlərə gəlincə, Hökumət əhalinin əksəriyyəti üçün əlçatan olan və gündəlik əsasda istifadə edilən İnternetlə əlaqədar üçüncü şəxslərin müdafiəsini təmin etməyin vacibliyini vurğuladı. Hökumət əlavə etdi ki, şərhlərə görə ərizəçi şirkətin məsuliyyəti həm də ona görə açıq-aydın idi ki, şərhlərin əsil müəllifləri şərhlərini “Delfi” xəbər portalında yerləşdirdikdən sonra onları dəyişə və silə bilməzdilər – bunu etmək üçün yalnız ərizəçi şirkət texniki imkanlara malik idi. Hökumət həmçinin qeyd etdi ki, İnternet vasitəsilə ötürülən hər hansı informasiya o qədər sürətlə yayılır ki, həftələr, yaxud hətta günlər keçdikdən sonra şəxsin nüfuzunu müdafiəsi üçün görülən tədbirlər artıq yetərli olmur, çünki təhqiramiz şərhlər artıq ictimaiyyətə çatmış olur və müvafiq şəxsə zərər yetirilmiş olur. Hökumət daha sonra ən iri beynəlxalq xəbər portalının anonim şərhlərin (yəni qeydiyyatdan keçməyənlərin şərhlərinin) yazılmasına icazə vermədiyini iddia etdi və anonimliyin əleyhinə olan tendensiya barədə rəyə istinad etdi. Eyni zamanda, anonim şərhlər qeydiyyatdan keçmiş şəxslərin şərhlərinə nisbətən daha təhqiramiz olur və kəskin şərhlər daha çox oxucu cəlb edir. Hökumət iddia etdi ki, “Delfi” məhz bu səbəbdən məşhurlaşıb.
91. Üçüncüsü, əsil müəlliflərin məsuliyyətinə gəlincə, Hökumət bildirdi ki, mülki proseslərdə (diffamasiyaya aid işlərdə cinayət-hüquqi müdafiə vasitəsinə deyil, mülki-hüquqi müdafiə vasitəsinə üstünlük verilirdi) araşdırma tədbirlərini, məsələn, nəzarət prosedurlarını həyata keçirmək mümkün deyildi. “Sübutların məhkəməyəqədər qəbulu” proseduruna gəlincə, Hökumət iddia etdi ki, anonim şərhlər məsələsində bu, ağlabatan alternativ deyildi. Birincisi, İnternet Protokol (İP) ünvanlarını həmişə müəyyən etmək mümkün deyildi, məsələn, istifadəçinin məlumatları və ya şərhləri silindiyi, yaxud anonim proksi-serverdən istifadə edildiyi halda bu mümkünsüz olurdu. İkincisi, hətta şərhlərin qoyulması üçün istifadə edilmiş kompüteri müəyyənləşdirmək mümkün olsaydı belə, şərhləri qoyanların kimliyini müəyyənləşdirmək bu halda da mümkün olmaya bilərdi, məsələn, ictimai kompüter, Wi-Fi şəbəkəsi, dinamik İP ünvanı və ya xarici ölkədəki server istifadə edildiyi halda belə ola bilərdi.
92. Dördüncüsü, ölkədaxili məhkəmə proseslərinin ərizəçi şirkət üçün nəticələrinə gəlincə, Hökumət qeyd etdi ki, “Delfi” öz biznes modelini dəyişmək və ya anonim şərhlərə icazə verməmək məcburiyyətində deyildi. Faktiki olaraq şərhlərin ümumi sayı artıb (onların çoxu anonim şərhlərdir) və “Delfi” hazırda beş işçini işə qəbul edib. Hökumət həmçinin qeyd etdi ki, məsuliyyətin müəyyən edilməsi iri miqdarda və ya cəzalandırıcı xarakter daşıyan kompensasiya təyin etmək məqsədini daşımırdı. Əslində “Delfi”nin işində onun mənəvi ziyana görə ödəməli olduğu kompensasiya cüzi idi (320 avro) və ölkədaxili presedent hüququna aid sonrakı məhkəmə işlərimdə (yuxarıda 43-cü bəndə bax) məhkəmələr qərara aldılar ki, pozuntunun müəyyən edilməsi faktı və ya şərhin silinməsi yetərli hüquqi müdafiə vasitəsi sayıla bilər. Hökumət bu qənaətə gəldi ki, ərizəçi şirkətin mülki məsuliyyətə cəlb olunması ifadə azadlığına “çəkindirici təsir” göstərməyib və əsaslı və mütənasib tədbir olub.
93. Nəhayət, bir neçə Avropa ölkəsinin qanunvericiliyinə və praktikasına istinadən Hökumət iddia etdi ki, Avropa ölkələri arasında məzmuna aid xidmətlərin (kontent xidmətinin) təchizatçısı və öz məqalələrinə dair anonim şərhləri ictimaiyyətə açıqlayan subyekt qismində hərəkət edən İnternet portalının sahibini məsuliyyətdən azad etmək istiqamətində konsensus və ya tendensiya mövcud deyil.

C. Prosesə qatılan üçüncü tərəflərin arqumentləri

1. Helsinki İnsan Hüquqları Fondu

94. Varşavadakı Helsinki İnsan Hüquqları Fondu İnternetlə ənənəvi media arasındakı fərqləri vurğuladı. O qeyd etdi ki, “Delfi” kimi fəaliyyət göstərən onlayn xidmətlər eyni vaxtda iki rolu yerinə yetirirlər: öz xəbərlərinə münasibətdə məzmuna aid xidmətlərin təchizatçısı rolunu və üçüncü şəxslərin şərhlərinə münasibətdə yerləşdirmə xidmətinin təchizatçısı rolunu. O bildirdi ki, redaksiyanın istifadəçilərin yaratdığı məzmunu (kontenti) dəyişmək və ya ona çıxışı bloklamaq imkanına malik olması redaksiyanın həmin məzmun üzərində faktiki nəzarətə malik olması hesab edilə bilməz. Vasitəçilik xidmətinin təchizatçıları ilə ənənəvi media kimi rəftar edilməməli və onlara eyni məsuliyyət rejimi tətbiq edilməməlidir.
95. Helsinki Fondu iddia etdi ki, müəlliflər ləkələyici şərhlərinə görə məsuliyyətə cəlb olunmalıdırlar, dövlət isə İnternetdə hüquq pozuntusu törədənlərin müəyyənləşdirilməsinin və barələrində məhkəmə təqibi aparılmasının mümkün olması üçün tənzimləyici hüquqi bazanı təmin etməlidir. Eyni zamanda, o iddia etdi ki, İnternetdə anonim fikirləri yerləşdirmək imkanına önəmli dəyər kimi baxılmalıdır.

2. “19-cu maddə” (Article 19) təşkilatı

96. “19-cu maddə” təşkilatı iddia etdi ki, İnternetin ən innovativ cəhətlərindən biri ondan ibarətdir ki, o, insanların öncədən naşirlərin icazəsini almadan öz fikirlərini asanlıqla bütün dünyaya çatdırmalarına imkan yaradır. Şərh platformaları özünün əsil forması etibarı ilə ictimai debatlara imkan yaradır və onları təşviq edir və xəbərlərin təqdim edilməsinə bunun o qədər də aidiyyəti yoxdur. Xəbər saytlarındakı şərhlər bölümünə faktiki olaraq və forma etibarı ilə İnternet üçün doğma olan özəl müzakirə modelinə uyğun qəzet kimi baxmaq daha doğru olardı. “19-cu maddə” təşkilatı iddia etdi ki, istifadəçilərin qoyduğu şərhlərə görə veb-saytların məsuliyyətə cəlb olunması veb-saytların üzərinə qəbuledilməz dərəcədə ağır yük qoyulması demək olardı.
97. “19-cu maddə” təşkilatı bildirdi ki, Elektron kommersiyaya dair direktiv veb-saytların kontentindən asılı olmayaq onları istifadəçilərin şərhlərinə görə məsuliyyətdən qorumaq məqsədini daşıyır. “19-cu maddə” təşkilatı israrla bildirdi ki, yerləşdirdikləri məqalələrə görə onlayn xəbər saytlarına məsuliyyət barəsindəki normaların tətbiqi davam etdirilsə də, veb-saytlardakı şərhlər bölümünün məqsədləri üçün həmin saytlara naşir kimi deyil, yerləşdirmə (hostinq) xidmətini göstərənlər kimi baxmaq lazımdır. Yerləşdirmə xidmətini göstərənlər qismində xəbər saytları prinsipcə üçüncü şəxslərin kontentinə görə məsuliyyət daşımaqdan, əgər bilavasitə həmin kontentdə dəyişikliklər edilməsində iştirak etmirlərsə, azad edilməlidirlər. Onlar xəbərdarlıq aldıqdan sonra kontenti silmək üçün bütün ağlabatan tədbirləri görmüş olduqları təqdirdə məsuliyyətə cəlb olunmamalı və sadəcə olaraq barəsində xəbərdarlıq aldıqları şərhi silməmək qərarına gəldiklərinə görə avtomatik olaraq məsuliyyətə cəlb edilməməlidirlər.

3. “Aksess” (Access) təşkilatı

98. “Aksess” təşkilatının bildirdiyinə görə, anonimlik və şərti addan istifadə şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı kimi təməl hüquqları qoruyur. İnternetdən anonim istifadəni qadağan edən qaydalar Konvensiyanın 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş şəxsi həyatın toxunulmazlığı və ifadə azadlığı hüquqlarına müdaxilə təşkil edir və fikirlərin anonim qaydada və şərti addan istifadə etməklə ifadə edilməsinə tam qadağa qoyulması bu hüquqların mahiyyətinə xələl gətirmiş olar. “Aksess” təşkilatı bir neçə ölkədə uzun müddətdən bəri qüvvədə olan və onlayn və offlayn rejimində anonim ünsiyyət hüququnu qoruyan presedent hüququna istinad etdi.
99. Bundan başqa, “Aksess” təşkilatı qeyd etdi ki, İnternetdən istifadə zamanı geniş əhatəli konfidensiallığı və anonimliyi təmin etmək məqsədi daşıyan xidmətlər İnternetdə kütləvi nəzarətin olması üzə çıxdıqdan sonra daha da populyarlaşıb. Daha sonra o, İnternet istifadəçilərinin yalnız kimliklərini açıqlamaqla fikirlərini ifadə etmək imkanına malik olmalarının İnternet iqtisadiyyatına ziyan yetirmiş olacağını iddia etdi və İnternetə ən çox yardım göstərənlərin məhz şərti addan istifadə edənlər olduğu qənaətinə gəlmiş tədqiqatın nəticələrinə istinad etdi.
100. Əsil adın göstərilməsi siyasətinə gəlincə, Çin nümunəsi göstərdi ki, bu tədbir yerləşdirilən şərhlərin sayında kəskin azalmaya səbəb olur. Koreya təcrübəsi isə göstərdi ki, əsil adın göstərilməsi siyasəti şərhlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaratmır və bu tədbir ölkədaxili İnternet şirkətlərinə qarşı ayrı-seçkilik xarakteri daşıdığına və bu halda istifadəçilər alternativlər axtardıqlarına görə beynəlxalq platformalar indiyədək anonim qaydada və şərti addan istifadə etməklə şərhlər qoyulmasına icazə verirlər.

4. “Media nümayəndələrinin hüquqlarının müdafiəsi təşəbbüsü” təşkilatı (Media Legal Defence Initiative – MLDI)

101. “Media nümayəndələrinin hüquqlarının müdafiəsi təşəbbüsü” təşkilatı (MLDI) öz qeydlərini iyirmi səkkiz qeyri-hökumət və media təşkilatı və şirkəti adından təqdim etdi. O qeyd etdi ki, onlayn kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti oxucuların şərhlər qoymasına imkan yaradır. Şərhlər qoymaq imkanı vasitəsilə oxucular xəbərləri öz aralarında, habelə jurnalistlərlə müzakirə edə bilirlər. Bu, medianı dəyişikliyə uğradıb və medianın birtərəfli ünsiyyət formasından digər tərəflərin də iştirak etdiyi ünsiyyət formasına keçidi baş verib ki, bu da oxucunun öz fikrini səsləndirməsinə və müxtəlif rəylərin çatdırılmasına imkan yaradıb.
102. MLDI qeyd etdi ki, kontentə çıxış imkanı ilə kontent arasındakı sərhədlər getdikcə daha çox silinir və bu işdə “vasitəçilər” sırasına geni axtarış xidmətləri, onlayn market məkanları, “veb 2.0” proqramları və sosial şəbəkələrin saytları daxildir. İstifadəçinin perspektivi baxımından bütün bunlar kontentə çıxış imkanını və ondan istifadəni asanlaşdırır və ifadə azadlığı hüququnun reallaşması üçün mühüm əhəmiyyət kəsb edir.
103. MLDI iddia etdi ki, ifadə azadlığını qoruyan və təşviq edən, həmçinin digər hüquq və maraqları qoruyan tənzimləyici hüquqi bazanın mövcud olmasını təmin etmək dövlətin vəzifəsidir. O, Amerika Birləşmiş Ştatlarında və Aİ-də vasitəçinin məsuliyyətini tənzimləyən hüquqi bazanın təfsilatlı icmalını təqdim etdi. O qeyd etdi ki, bu dövlətlərdə bu məsələyə yanaşma fərqlidir, lakin həm də oxşardır, belə ki, onlar vasitəçilər üçün müəyyən səviyyədə müdafiənin vacib olduğunu qəbul edir və istifadəçilərin yerləşdirdiyi kontentin vasitəçilər tərəfindən izlənməsi tələbini irəli sürmürlər. O həmçinin qeyd etdi ki, üzv dövlətlərin bəzilərində xəbərdarlıq və saf-çürük etmə prosedurları vasitəçilərin üzərinə həddən artıq məsuliyyətin düşməsi və qanuni xarakterli kontetin çıxarılması ilə nəticələnib.
104. MLDI həmçinin istifadəçilər tərəfindən yaradılan kontentin onlayn media tərəfindən tənzimlənməsi sahəsində meydana çıxan müsbət təcrübələri ətraflı şəkildə göstərdi. O qeyd etdi ki, Şimali Amerika və Avropadakı nəşrlərin çoxu şərhlər yerləşdirilməzdən əvvəl onları süzgəcdən keçirmir və ya yoxlamır. Bununla belə, onlar yerləşdirilmədən sonra müəyyən növ dəyişikləri həyata keçirirlər. Bir çox onlayn kütləvi informasiya vasitələri həmçinin filtrləmə proqramlarından istifadə edirlər və qaydaları mütəmadi pozan istifadəçiləri bloklamaq üçün mexanizmlərə malikdirlər. Onlayn kütləvi informasiya vasitələrinin çoxu, o cümlədən Avropanın aparıcı xəbər saytları istifadəçilərin qeydiyyatdan keçməsini tələb edirlər, lakin istifadəçilərin əsil adlarını açıqlamaları tələb olunmur.

5. EDiMA, CCIA Europe və EuroISPA

105. Avropa Rəqəmsal Media Assosiasiyası (EDiMA), Kompüter və Kommunikasiyalar Sənayesi Assosiasiyası (CCIA Europe) və Avropa İnternet Xidmətləri Provayderlərinin Ümumavropa Assosiasiyası (EuroISPA) üçüncü tərəf qismində birgə qeydlərini təqdim etdilər.
106. Prosesə qatılan bu təşkilatlar iddia etdilər ki, bu günədək qanunvericilikdə, beynəlxalq sazişlərdə və tövsiyələrdə iki məsələdə balansa riayət etməyin zəruriliyi barədə mülahizə öz əksini tapıb: birincisi, yerləşdirmə (hostinq) xidmətinin təchizatçıları kontenti öncədən “həqiqətən bilmədikləri” təqdirdə kontentə görə məsuliyyətdən azaddırlar və ikincisi, dövlətlərin yerləşdirmə xidməti təchizatçılarından bütün kontenti izləməyi tələb etmələri yolverilməzdir.
107. Prosesə qatılan bu təşkilatlar qeyd etdilər ki, İnternetlə yayılan müəyyən informasiyaların mənbəyi ənənəvi nəşrlər, məsələn, qəzetlər olsa da və qanunla naşirlərə şamil olunan qaydalar haqlı olaraq onlara da şamil olunsa da, İnternetdəki kontentin böyük bir hissəsi fərdi qisimdə çıxış edən və rəylərini ənənəvi redaksiya təsisatları vasitəsilə çatdırmayan şəxslərdən daxil olur. Şərh qoyma imkanları cavab hüququnu bilavasitə həyata keçirməyə imkan yaradır və beləliklə bu cür hüququn mövcud olmadığı ənənəvi nəşrlərin imkanlarından köklü surətdə fərqlənir.
108. Prosesə qatılan bu təşkilatlar iddia etdilər ki, “Delfi” kimi forumlarda xəbərlərin onlayn rejimində müzakirəsi üçün tətbiq edilən texnologiyaları və əməliyyat proseslərini yerləşdirmə (hostinq) xidmətlərindən, məsələn, sosial media və ya sosial şəbəkə platformalarından, bloqlardan və ya mikrobloqlardan və digər xidmətlərdən texnoloji cəhətdən fərqləndirmək olmaz. İstifadəçilər tərəfindən tərtib edilən və sayta yüklənən kontent insan müdaxiləsi olmadan avtomatik olaraq ictimaiyyətin baxışına çıxarılır. Yerləşdirmə (hostinq) xidmətləri göstərən iri portalların kontentinin böyük həcmi bütün istifadəçilərin kontentlərinin insan tərəfindən aktiv şəkildə nəzərdən keçirilib yoxlanmasını faktiki olaraq mümkünsüz edir. Kiçik veb-saytlara və start-aplara (start-up) gəlincə, bu halda kontentə nəzarət, yəqin ki, xüsusi çətinliklər yarada və həddən artıq baha başa gələ bilər.
109. Prosesə qatılan bu təşkilatlar iddia etdilər ki, Aİ-də və digər ölkələrdə qəbul edilmiş qanunvericilikdə xəbərdarlıq və saf-çürük etmə sistemi İnternet kontentinin yerləşdirilməsi (hostinq) xidmətləri üçün hüquqi və praktiki baza qismində nəzərdə tutulub. İstifadəçilərlə yerləşdirmə (hostinq) xidmətlərini həyata keçirənlərin məsuliyyəti arasındakı bu balans müvafiq platformaların ləkələyici və ya digər qanunsuz xarakterli mülahizələri müəyyənləşdirməsinə və silməsinə və eyni zamanda mübahisəli ictimai məsələlərin açıq müzakirəsinə imkan yaradır; o həm də müvafiq platformada çoxlu sayda istifadəçilərin fikirlərinin yerləşdirilməsini praktiki cəhətdən mümkün edir.

D. Məhkəmənin qiymətləndirməsi

1. İlkin qeydlər və Məhkəmənin qiymətləndirməsinin hüdudları

110. Məhkəmə öncə qeyd edir ki, istifadəçilərin İnternetdə fikirlərini ifadə etməyə yönələn fəaliyyəti ifadə azadlığı hüququnun həyata keçirilməsi üçün misilsiz platforma təşkil edir. Bu məsələ mübahisə doğurmur və əvvəlki işlərdə Məhkəmə tərəfindən etiraf edilib (bax: Ahmet Yıldırım Türkiyəyə qarşı, ərizə № 3111/10, 48-ci bənd, ECHR 2012; və “Times Newspapers Ltd” Birləşmiş Krallığa qarşı (№ 1 və 2), ərizələr № 3002/03 və 23676/03, 27-ci bənd, ECHR 2009). Lakin bu faydalı cəhətlərlə yanaşı, müəyyən təhlükələr də meydana çıxa bilər. Ləkələyici və açıq-aydın qanunsuz olan digər növ çıxışlar, o cümlədən nifrət yayan və zorakılığa təhrik edən çıxışlar bütün dünyada əvvəllər mümkün olmayan sürətlə, saniyələr ərzində yayıla və bəzi hallarda daim İnternetdə qala bilər. Bu işin kökündə məhz bir-biri ilə ziddiyyət təşkil edən bu iki reallıq dayanır. Konvensiyanın kökündə duran dəyərlərin müdafiəsinin zəruri olduğunu və Konvensiyanın 10-cu və 8-ci maddələrində nəzərdə tutulmuş hüquqlara eyni dərəcədə hörmət edilməli olduğunu nəzərə alsaq, elə bir balans müəyyən edilməlidir ki, bu hüquqlar öz mahiyyətini qoruyub saxlasın. Beləliklə, Məhkəmə ifadə azadlığının həyata keçirilməsinə İnternetin mühüm faydalar verdiyini etiraf etməklə yanaşı, onu da nəzərə alır ki, ləkələyici və ya digər növ qanunsuz çıxışlara görə məsuliyyət prinsipcə qüvvədə saxlanmalıdır və bu tədbir şəxsiyyətə aid hüquqların pozuntularına qarşı səmərəli hüquqi müdafiə vasitəsi təşkil edir.
111. Bu mülahizəyə əsaslanaraq və xüsusən texnoloji innovasiyaların inkişaf etdiyi bir şəraitdə bu işin Məhkəmə tərəfindən bu tip şikayətə baxılmasını tələb edən ilk iş olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, bu işin faktlarının işığında öz araşdırmasının hüdudlarını müəyyən etməlidir.
112. Birincisi, Məhkəmə qeyd edir ki, Ali Məhkəmə təsdiq edib ki (həmin məhkəmənin yuxarıda 31-ci bənddə verilmiş 10 iyun 2009-cu il tarixli qərarının 14-cü bəndinə bax), “İnternet portalında xəbərlərin və şərhlərin yerləşdirilməsi də jurnalistika fəaliyyətidir. Eyni zamanda, İnternet mediasının xarakterini nəzərə alsaq, məntiqə görə portalın operatorunun şərhləri yerləşdirməzdən əvvəl onları çap mediasının nəşrinə tətbiq edilən qaydada redaktə etməsini tələb etmək olmaz. [Çap mediasının naşiri] şərhi redaktə etməklə onun dərc olunmasını həyata keçirdiyi halda, şərhi İnternet portalında yerləşdirən subyekt həmin şərhi yazan və onu portalı vasitəsilə geniş ictimaiyyətə təqdim edən şəxsdir. Beləliklə, portalın operatoru məlumatların açıqlandığı şəxs sayıla bilməz. Şərhləri yerləşdirməkdə maddi maraqları olduğuna görə, istər çap mediasının naşiri, istərsə də İnternet portalının operatoru sahibkar olaraq naşirlər (məlumatları “açıqlayan şəxslər”) sayılırlar”.
113. Məhkəmə Ali Məhkəmənin qoymuş olduğu yuxarıdakı fərqi şübhə altına almaq üçün heç bir əsas görmür. Əksinə, Ali Məhkəmənin mülahizələrinin başlanğıc nöqtəsini təşkil edən rəy, yəni portal operatoru ilə ənənəvi naşir arasındakı fərqlərin etiraf edilməsi bu sahəyə aid beynəlxalq sənədlərə uyğundur, həmin sənədlər bir tərəfdən ənənəvi çap mediası ilə audiovizual medianın, digər tərəfdən isə İnternet əsaslı medianın fəaliyyətlərini tənzimləyən hüquqi prinsiplər arasında fərq qoyulmasında müəyyən irəliləyiş olduğunu nümayiş etdirir. Son dövrlərə aid olan “Kütləvi informasiya vasitələrinin yeni anlayışı haqqında” Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyəsində bu məsələ belə ifadə edilib: “Fərqləndirici və dərəcəli yanaşma tələb edir ki, göstərdiyi xidmətlər media xidmətləri, yaxud vasitəçilik xidmətləri və ya yardımçı xidmətlər kimi müəyyən edilmiş hər bir iştirakçı istər müdafiənin müvafiq formasından (fərqləndirici yanaşma), istərsə də müvafiq səviyyəsindən (dərəcəli yanaşma) yararlana bilsin və onun məsuliyyəti İnsan hüquqları haqqında Avropa Konvensiyanın 10-cu maddəsinə və Avropa Şurası tərəfindən hazırlanmış digər müvafiq standartlara uyğun olaraq məhdudlaşdırılsın” (CM/Rec(2011)7 saylı tövsiyəyə Əlavənin yuxarıda 46-cı bənddə sitat gətirilmiş 7-ci bəndinə bax). Buna görə də Məhkəmə hesab edir ki, İnternetin xüsusi xarakteri ilə əlaqədar olaraq, üçüncü şəxslərin yerləşdirdiyi kontent məsələsində 10-cu maddənin məqsədləri üçün İnternet xəbər portalının üzərinə düşən “vəzifə və məsuliyyətlər” ənənəvi naşirin vəzifə və məsuliyyətlərindən fərqlənə bilər.
114. İkincisi, Məhkəmə qeyd edir ki, Estoniya Ali Məhkəməsi bu qənaətə gəlib ki, “alçaldıcı xarakterli iyirmi şərhə məhkəmələr tərəfindən verilmiş hüquqi qiymət əsaslıdır. Məhkəmələr haqlı olaraq bu qənaətə gəliblər ki, şərhlər ləkələyici xarakter daşıyır, çünki onlar kobud formadadır, insan ləyaqətini alçaldır və təhdidləri özündə ehtiva edir” (qərarın yuxarıda 31-ci bənddə verilmiş 15-ci bəndinə bax). Bundan başqa, qərarın 16-cı bəndində Ali Məhkəmə bir daha bir daha bildirib ki, “insan ləyaqətini” alçaldan şərhlər “açıq-aydın qanunsuzdur”. Məhkəmə qeyd edir ki, sözügedən şərhlərin qanunsuz təbiətinin bu cür xarakteristikası və təhlili (yuxarıda 18-ci bəndə bax) açıq-aydın bu fakta əsaslanıb ki, şərhlərin çoxu, zahirən göründüyü kimi, L.-ə qarşı nifrət və zorakılığa təhrikçiliyə bərabər idi.
115. Müvafiq olaraq, Məhkəmə hesab edir ki, bu işin halları İnternet xəbər portallarının Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “vəzifə və məsuliyyətlərinə” aiddir, söhbət elə hallardan gedir ki, həmin portallar öncə yerləşdirilmiş kontentə dair istifadəçilərin hazırladıqları şərhlər üçün iqtisadi məqsədlərlə platforma təqdim edir və bu zaman (kimliyi bilinən və ya anonim qalan) bəzi istifadəçilər açıq-aydın qanunsuz olan, digərlərinin şəxsiyyətlərinə aid hüquqlarını pozan və onlara qarşı nifrət yayan və zorakılığa təhrik edən çıxışlara bərabər olan ifadələr işlədir. Məhkəmə vurğulayır ki, hazırkı iş peşə fəaliyyəti çərçivəsində kommersiya qaydasında idarə olunan, öz xəbər materiallarını saytında yerləşdirən və oxucuları onlara dair şərhlərini qoymağa dəvət edən İnternet xəbər portalına aiddir.
116. Müvafiq olaraq, bu iş İnternetdə üçüncü şəxslərin şərhlərini yaymaq imkanına malik olduqları digər forumlara, məsələn, istifadəçilərin forumun idarəçisi tərəfindən müəyyən mövzuya yönləndirilmədən istənilən mövzulara dair fikirlərini sərbəst şəkildə ifadə edə bildikləri İnternet diskussiya forumlarına və ya “elanlar lövhəsi” kimi forumlara; yaxud sosial media platformasına aid deyil, sonuncu halda platforma təchizatçısı heç bir kontent təklif etmir və kontentin təqdimatçısı öz sevimli məşğuliyyəti qismində veb-saytı və ya bloqu idarə edən fiziki şəxs ola bilər.
117. Bundan başqa, Məhkəmə qeyd edir ki, ərizəçi şirkətin xəbər portalı ölkədə ən iri İnternet media nəşrlərindən biri idi; geniş oxucu kütləsinə malik idi və materiallarına aid mübahisəli xarakterli şərhlərin ictimaiyyətdə narahatlıq yaratması ilə tanınırdı (yuxarıda 15-ci bəndə bax). Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, hazırkı işdə Ali Məhkəmə tərəfindən qiymətləndirilmiş etiraz doğuran şərhlər əsasən nifrət yayan və zorakılıq aktlarını birbaşa təbliğ edən çıxışlardan ibarət idi. Beləliklə, onların qanunsuz xarakterinin müəyyən edilməsi hər hansı linqvistik və ya hüquqi təhlil tələb etmirdi, çünki zahirən də görünürdü ki, oradakı fikirlər açıq-aydın qanunsuzdur. Məhkəmə ərizəçi şirkətin şikayətini məhz bu mülahizələrdən çıxış edərək araşdıracaq.

2. Müdaxilənin mövcudluğu

118. Məhkəmə qeyd edir ki, tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, daxili məhkəmələrin ərizəçi şirkət barəsindəki qərarları onun Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığına müdaxilə təşkil edib. Məhkəmə fərqli qənaətə gəlmək üçün heç bir əsas görmür.
119. Ərizəçi şirkətin ifadə azadlığına bu cür müdaxilə “qanunla nəzərdə tutulmuş” olmalı, 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan qanuni məqsədlərdən birini və ya bir neçəsini daşımalı və “demokratik cəmiyyətdə zəruri” olmalıdır.

3. Müdaxilənin qanuniliyi

120. Məhkəmə bir daha bildirir ki, 10-cu maddənin ikinci bəndindəki “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə etiraz edilən tədbirin daxili qanunvericilikdə hüquqi əsasa malik olmasını tələb etmir, həm də sözügedən qanunun keyfiyyətli olmasını tələb edir, belə ki, qanun müvafiq şəxs üçün əlçatan olmalı və onun nəticələrini öncədən görmək mümkün olmalıdır (digər qərarlar arasında bax: “VgT Verein gegen Tierfabriken” İsveçrəyə qarşı, ərizə № 24699/94, 52-ci bənd, ECHR 2001 VI; Rotaru Rumıniyaya qarşı [BP], ərizə № 28341/95, 52-ci bənd, ECHR 2000 V; Qaveda Polşaya qarşı, ərizə № 26229/95, 39-cu bənd, ECHR 2002-II; və Maestri İtaliyaya qarşı [BP], ərizə № 39748/98, 30-cu bənd, ECHR 2004-I). Lakin daxili qanunvericiliyin şərhi və tətbiqi ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir (bax: “Centro Europa 7 S.r.l.” və Di Stefano İtaliyaya qarşı [BP], ərizə № 38433/09, 140-cı bənd, ECHR 2012; Kruslin Fransaya qarşı, 24 aprel 1990-cı il, A seriyaları, № 176-A; və Kopp İsveçrəyə qarşı, 25 mart 1998-ci il, 59-cu bənd, Reports of Judgments and Decisions 1998-II).
121. “Qanunla nəzərdə tutulmuş” ifadəsindən irəli gələn tələblərdən biri “öncəgörmə” tələbidir. Belə ki, hüquq norması vətəndaşın öz davranışını tənzimləməsinə imkan yaratmaq üçün yetərincə dəqiqliklə ifadə edilməyibsə, 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan mənada “qanun” sayıla bilməz; o, konkret davranışın doğura biləcəyi nəticələri mövcud şəraitdə ağlabatan dərəcədə öncədən görə bilməlidir (ehtiyac olduqda hüquqi məsləhət almaqla). Həmin nəticələri tam dəqiqliklə öncədən görə bilmək vacib deyil. Qanunun müəyyənliyi arzuedilən olsa da, bu onun həddən artıq qeyri-mütəhərrikliyinə gətirib çıxara bilər, halbuki qanun dəyişən şəraitlə ayaqlaşmalıdır. Buna görə də bir çox qanunlar az və ya çox dərəcədə ümumi məfhumlarla ifadə olunur, onların şərhi və tətbiqi isə praktikaya aid olan məsələlərdir (misal üçün bax: Lendon, Oçakovski-Loran və Jüli Fransaya qarşı [BP], ərizələr № 21279/02 və 36448/02, 41-ci bənd, ECHR 2007 IV; və “Centro Europa 7 S.r.l.” və Di Stefanonun işi üzrə yuxarıda istinad edilən qərar, 141-ci bənd).
122. Daxili qanunvericiliyin tələb olunan dəqiqlik dərəcəsi (qanunvericilik hər bir halı dəqiqliklə əhatə edə bilməz) xeyli dərəcədə sözügedən qanunun məzmunundan, əhatə etdiyi məsələlərdən və şamil olunduğu şəxslərin sayından və statusundan asılıdır (bax: “Centro Europa 7 S.r.l.” və Di Stefanonun işi üzrə yuxarıda istinad edilən qərar, 142-ci bənd). Məhkəmə bu qənaətə gəlib ki, peşə fəaliyyətini həyata keçirərkən bir qayda olaraq yüksək dərəcədə ehtiyatlı davranmalı olan şəxslər həmin fəaliyyətin doğura biləcəyi riskləri qiymətləndirərkən xüsusilə diqqətli olmalıdırlar (Lendon, Oçakovski-Loran və Jülinin işi üzrə yuxarıda istinad edilən qərarın 41-ci bəndinə, habelə həmin bənddə istinad edilən bu qərarlara bax: Kantoni Fransaya qarşı, 15 noyabr 1996-cı il, 35-ci bənd, Reports 1996 V; və Şovi və başqaları Fransaya qarşı, ərizə № 64915/01, 43-45-ci bəndlər, ECHR 2004 VI).
123. Hazırkı işdə ərizəçi şirkətin ifadə azadlığına müdaxilənin “qanunla nəzərdə tutulmuş” olub-olmaması məsələsində tərəflərin rəyləri fərqlidir. Ərizəçi şirkət iddia etdi ki, daxili qanunvericilikdə belə bir müddəa yoxdur ki, vasitəçi üçüncü şəxslərin onun veb-saytında qoyduqları şərhlərin məzmunundan xəbərdar olub-olmamasından asılı olmayaraq həmin şərhləri yerləşdirən subyekt (naşir) sayılır. Ərizəçi şirkət bunun əksini iddia edərək İnternet xidməti təchizatçılarına dair daxili qanunvericiliyə və Avropa qanunvericiliyinə istinad etdi və bildirdi ki, həmin qanunvericiliklər üçüncü şəxslərin yerləşdirdiyi kontentə görə məsuliyyətin xidmət təchizatçılarının üzərinə qoyulmasını açıq-aydın qadağan edir.
124. Hökumət müvafiq mülki hüquq normalarına və ölkədaxili presedent hüququna istinad edərək bildirdi ki, kütləvi informasiya vasitələrinin naşirləri nəşr etdikləri materiallara görə müəlliflərlə birlikdə məsuliyyət daşıyırlar. O əlavə etdi ki, ərizəçinin belə bir ehtimal irəli sürməsinə əsas verən heç bir presedent hüququ mövcud deyil ki, İnternet xəbər portalının sahibi məqalələri ilə bağlı yerləşdirilmiş şərhlərə görə kütləvi informasiya vasitəsinin naşiri qismində məsuliyyət daşımır. Onun rəyinə görə, Məhkəmə artıq daxili məhkəmələr tərəfindən müəyyən edilmiş faktlardan və onlar tərəfindən tətbiq və şərh edilmiş qanunvericilikdən çıxış etməli, ərizəçi şirkətin Avropa İttifaqı qanunvericiliyinə istinadlarını nəzərə almamalıdır. İstənilən halda, ərizəçi şirkətin istinad etdiyi Aİ qanunvericiliyi əslində daxili məhkəmələrin şərh və qənaətlərini təsdiqləyir.
125. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tətbiqi məsələsində tərəflərin rəylərindəki fərq ərizəçi şirkətin necə təsnifləşdirilməli olması məsələsinə dair onların rəylərinin fərqli olmasından irəli gəlir. Ərizəçi şirkətin bildirdiyinə görə, o, üçüncü şəxslərin şərhlərinə münasibətdə vasitəçi kimi təsnifləşdirilməlidir, Hökumət isə iddia edib ki, ərizəçi şirkət kütləvi informasiya vasitəsinin naşiri hesab olunmalı, o cümlədən həmin şərhlərə münasibətdə də naşir sayılmalıdır.
126. Məhkəmə qeyd edir ki (yuxarıda 112-ci və 113-cü bəndlərə bax), Ali Məhkəmə bir tərəfdən çap mediası, digər tərəfdən isə iqtisadi məqsədlə kütləvi informasiya vasitəsini nəşr edən İnternet portalının operatoru arasında fərqlər olduğunu etiraf edib. Bununla belə, Ali Məhkəmə bu qənaətə gəlib ki, “şərhləri yerləşdirməkdə maddi maraqları olduğuna görə, istər çap mediasının naşiri, istərsə də İnternet portalının operatoru” “Öhdəliklər haqqında” qanunun 1047-ci maddəsinin məqsədləri üçün “naşirlər (məlumatları “açıqlayan şəxslər”) sayılırlar” (yuxarıda 31-ci bənddə verilmiş məhkəmə qərarının 14-cü bəndinə bax).
127. Məhkəmə belə hesab edir ki, mahiyyət etibarı ilə ərizəçi şirkət iddia edir ki, daxili məhkəmələr “Öhdəliklər haqqında” qanunun ümumi müddəalarını bu işin faktlarına tətbiq etməklə səhvə yol veriblər, belə ki, onlar İnternet xidməti təchizatçılarına dair ölkədaxili qanunvericiliyə və Avropa qanunvericiliyinə istinad etməli idilər. Palata kimi Böyük Palata da bu kontekstdə bildirir ki, daxili məhkəmələri əvəz etmək onun vəzifəsi deyil. Daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən məhkəmələrin işidir (digər qərarlar arasında bax: “Centro Europa 7 S.r.l.” və Di Stefanonun işi üzrə yuxarıda istinad edilən qərar, 140-cı bənd; və Rekvenyi Macarıstana qarşı [BP], ərizə № 25390/94, 35-ci bənd, ECHR 1999 III). Məhkəmə onu da xatırladır ki, müəyyən sahəni tənzimləmək üçün cavabdeh dövlətin qanunvericilik orqanı tərəfindən seçilmiş metodların məqsədəuyğun olub-olmadığına dair rəy bildirmək onun funksiyasına aid deyil. Onun vəzifəsi qəbul edilmiş metodların və onların doğurduğu nəticələrin Konvensiyaya uyğun olub-olmadığını müəyyənləşdirməklə məhdudlaşır (bax: Qorzelik və başqaları Polşaya qarşı [BP], ərizə № 44158/98, 67-ci bənd, ECHR 2004 I). Buna görə də Məhkəmə bu məsələni araşdırmaqla kifayətlənəcək ki, “Öhdəliklər haqqında” qanunun ümumi müddəalarının Ali Məhkəmə tərəfindən ərizəçinin situasiyasına tətbiq ediləcəyini Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinin məqsədləri üçün öncədən görmək mümkün idimi?
128. Konstitusiyanın, “Mülki Məcəllənin ümumi hissəsi haqqında” qanunun və “Öhdəliklər haqqında” qanunun daxili məhkəmələr tərəfindən şərh və tətbiq edilən müvafiq müddəalarına əsasən (yuxarıda 33-38-ci bəndlərə bax), ərizəçi şirkət naşir hesab olunur və açıq-aydın qanunsuz şərhləri yerləşdirdiyinə görə təqsirkar sayılır. Daxili məhkəmələr bu normaları tətbiq edərkən belə qənaətə gəlmişdilər ki, Elektron kommersiyaya dair direktivin müddəalarını Estoniya qanunvericiliyinə daxil etmiş olan “İnformasiya cəmiyyəti xidmətləri haqqında” qanunun müddəaları bu işə tətbiq edilə bilməz, çünki həmin qanun, ərizəçi şirkətin fəaliyyətlərindən fərqli olaraq, sadəcə texniki, avtomatik və passiv xarakterli fəaliyyətlərə aiddir və ərizəçi şirkətin qarşısına qoyduğu məqsəd sadəcə vasitəçilik xidmətini təqdim etməkdən ibarət deyil (yuxarıda 31-ci bənddə verilmiş Ali Məhkəmənin qərarının 13-cü bəndinə bax). Konkret olaraq bu işin hallarının kontekstində məhkəmə bu faktı nəzərə alır ki, bəzi ölkələr bu məsələnin önəmli və mürəkkəb olduğunu, müxtəlif maraqlarla təməl hüquqlar arasında düzgün balansın təmin edilməsinə ehtiyac olduğunu və bu işdəkinə bənzər situasiyalar üçün xüsusi normaların qəbulunun tələb olunduğunu etiraf ediblər (yuxarıda 58-ci bəndə bax). Belə addım yeni media növlərinin tənzimlənməsi ilə bağlı Avropa Şurası tərəfindən tövsiyə olunan “fərqləndirici və dərəcəli” yanaşmaya uyğundur (yuxarıda 46-cı bəndə bax) və həmin yanaşma Məhkəmənin presedent hüququ ilə də dəstəklənir (bax (müvafiq dəyişikliklərlə): “Pravoye Delo” qəzetinin redaksiyası və Ştekel Ukraynaya qarşı, ərizə № 33014/05, 63-64-cü bəndlər, ECHR 2011). Yeni növ medianın xarakterinin nəzərə alınması üçün qanunvericilikdə fərqli yanaşmalar mümkün olsa da, Məhkəmə bu işin faktları əsasında qəbul edir ki, Konstitusiyanın, “Mülki Məcəllənin ümumi hissəsi haqqında” qanunun və “Öhdəliklər haqqında” qanunun müddəaları, müvafiq presedent hüququ ilə birlikdə, maddi məqsədlər üçün İnternet xəbər portalını idarə edən media naşirinin hazırkı işdəkinə bənzər açıq-aydın qanunsuz şərhləri öz xəbər portalına yüklədiyinə görə prinsipcə daxili qanunvericiliyə əsasən məsuliyyətə cəlb oluna biləcəyini öncədən görməsinə imkan verirdi.
129. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəlir ki, peşəkar naşir olaraq ərizəçi şirkət ən azı qanunvericilik və presedent hüququ ilə tanış olmalı idi və həmçinin hüquqi yardım üçün müraciət edə bilərdi. Məhkəmə bu kontekstdə qeyd edir ki, “Delfi” xəbər portalı Estoniyada ən iri portallardan biri idi. Hazırkı işdə qeyd edilən şərhlərin yerləşdirilməsindən əvvəl ictimaiyyət narahatlığını ifadə etmiş, ədliyyə naziri isə qeyd etmişdi ki, təhqirlərin qurbanları “Delfi”yə qarşı məhkəmə iddiası qaldıra və zərərin kompensasiyanı tələb edə bilərlər (yuxarıda 15-ci bəndə bax). Bu səbəbdən Məhkəmə hesab edir ki, ərizəçi şirkət fəaliyyətləri ilə bağlı riskləri qiymətləndirmək və onların doğura biləcəyi nəticələri ağlabatan dərəcədə öncədən görmək imkanına malik idi. Buna görə də Məhkəmə bu qənaətə gəlir ki, sözügedən müdaxilə Konvensiyanın 10-cu maddəsinin ikinci bəndində nəzərdə tutulan mənada “qanunla nəzərdə tutulmuş” müdaxilə idi.

4. Qanuni məqsəd

130. Böyük Palata qarşısındakı tərəflər bu məsələni şübhə altına almadılar ki, ərizəçi şirkətin ifadə azadlığının məhdudlaşdırılması qanuni məqsəd daşıyırdı və bu məqsəd digər şəxslərin nüfuzunu qorumaqdan ibarət idi. Məhkəmə fərqli düşünmək üçün heç bir əsas görmür.

5. Müdaxilənin “demokratik cəmiyyətdə zəruriliyi”

a) Ümumi prinsiplər

131. İfadə azadlığına müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsinə aid ümumi prinsiplər Məhkəmənin presedent hüququnda yetərincə bərqərar edilib və aşağıdakı kimi qısaca ümumiləşdirilib (digər qərarlar arasında bax: Hertel İsveçrəyə qarşı, 25 avqust 1998-ci il, 46-cı bənd, Reports 1998 VI; Stil və Morris Birləşmiş Krallığa qarşı, ərizə № 68416/01, 87-ci bənd, ECHR 2005-II; İsveçrə raelitlər hərəkatı İsveçrəyə qarşı [BP], ərizə № 16354/06, 48-ci bənd, ECHR 2012; və Beynəlxalq heyvan müdafiəçiləri təşkilatı Birləşmiş Krallığa qarşı [BP], ərizə № 48876/08, 100-cü bənd, ECHR 2013):
“i) İfadə azadlığı demokratik cəmiyyətin təməl dəyərlərindən birini və onun tərəqqisinin və hər bir fərdin öz potensialını reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir. 10-cu maddənin 2-ci bəndini nəzərə almaq şərti ilə, o, təkcə müsbət qarşılanan, yaxud qeyri-təhqiramiz sayılan və ya etinasız yanaşılan “məlumat” və “ideyalara” deyil, həm də qıcıqlandıran, şoka salan və ya narahatlıq doğuran “məlumat” və “ideyalara” şamil olunur. Onlar plüralizmin, tolerantlığın və açıq fikirliliyin tələbləridir, bunlarsız isə “demokratik cəmiyyət” mövcud ola bilməz. 10-cu maddədə təsbit edildiyi kimi, bu azadlıqdan istisnalara yol verilir, … lakin həmin istisnalar dar çərçivədə şərh olunmalı və hər hansı məhdudiyyətlərə tələbatın olması inandırıcı şəkildə sübut edilməlidir. …
ii) “Zəruri” sifətinin 10-cu maddənin 2-ci bəndində nəzərdə tutulan mənası təxirəsalınmaz ictimai tələbatın mövcudluğunu nəzərdə tutur. İştirakçı dövlətlər məhdudiyyətlərə tələbatın mövcudluğunu qiymətləndirərkən müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər, amma bu sərbəstlik Avropa orqanlarının nəzarəti ilə müşayiət olunur və bu nəzarət həm məhdudiyyəti nəzərdə tutan qanunvericiliyi, həm də onun tətbiqi barədə qərarları əhatə edir (hətta onlar müstəqil məhkəmə tərəfindən qəbul edilsələr belə). Buna görə də Avropa Məhkəməsi “məhdudiyyətin” 10-cu maddə ilə qorunan ifadə azadlığına uyğun olub-olmadığına dair yekun qərar vermək səlahiyyətinə malikdir.
iii) Özünün nəzarət səlahiyyətini həyata keçirərkən Məhkəmənin vəzifəsi səlahiyyətli milli orqanları əvəzləmək deyil, əksinə, onların öz sərbəst mülahizələrinə uyğun olaraq qəbul etdikləri qərarları 10-cu maddənin əsasında nəzərdən keçirməkdir. Bu o demək deyil ki, nəzarət funksiyası cavabdeh dövlətin öz diskresion səlahiyyətini ağlabatan şəkildə, diqqətlə və vicdanla tətbiq edib-etmədiyini müəyyənləşdirməklə məhdudlaşır; Məhkəmənin üzərinə düşən vəzifə şikayətə səbəb olmuş müdaxiləni işin bütün hallarının işığında nəzərdən keçirməkdən, onun “qarşıya qoyulan qanuni məqsədə mütənasib” olub-olmadığını və milli hakimiyyət orqanlarının müdaxiləyə haqq qazandırmaq üçün gətirdikləri əsasların “münasib və yetərli” olub-olmadığını müəyyənləşdirməkdən ibarətdir. … Bu vəzifəni həyata keçirərkən Məhkəmə əmin olmalıdır ki, milli hakimiyyət orqanları 10-cu maddədə təsbit olunmuş prinsiplərə uyğun olan normaları tətbiq ediblər və bundan əlavə, onların qərarı müvafiq faktların qəbul oluna bilən qiymətləndirilməsinə əsaslanıb…”.
132. Bundan başqa, Məhkəmə mətbuatın demokratik cəmiyyətdə yerinə yetirdiyi mühüm funksiyanı xatırladır. Baxmayaraq ki, mətbuat xüsusən digər şəxslərin nüfuz və hüquqlarına aid məsələlərdə müəyyən hüdudları aşmamalıdır və həmçinin konfidensial məlumatların açıqlanmasının qarşısını almaq tələb olunur, hər halda onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlərə dair məlumat və ideyaları (öhdəlik və vəzifələrinə uyğun şəkildə) yaymaqdır (bax: Yersild Danimarkaya qarşı, 23 sentyabr 1994-cü il, 31-ci bənd, A seriyaları, № 298; De Haes və Giysels Belçikaya qarşı, 24 fevral 1997-ci il, 37-ci bənd, Reports 1997 I; və “Bladet Tromsö” və Srensaas Norveçə qarşı [BP], ərizə № 21980/93, 58-ci bənd, ECHR 1999 III). Bundan əlavə, Məhkəmə bu faktı nəzərə alır ki, jurnalist azadlığı müəyyən dərəcədə şişirtməyə, yaxud hətta provokasiyaya əl atmağın mümkünlüyünü də əhatə edir (bax: Prager və Oberşlik Avstriyaya qarşı, 26 aprel 1995-ci il, 38-ci bənd, A seriyaları, № 313; və “Bladet Tromsö” və Srensaasın işi üzrə yuxarıda istinad edilən qərar, 59-cu bənd). Siyasətçilərə və ya hökumətlərə qarşı yol verilə bilən tənqidin hüdudları adi vətəndaşa qarşı yönələn tənqidin hüdudlarından daha genişdir (misal üçün bax: Kastells İspaniyaya qarşı, 23 aprel 1992-ci il, 46-cı bənd, A seriyaları, № 236; İncal Türkiyəyə qarşı, 9 iyun 1998-ci il, 54-cü bənd, Reports 1998 IV; və Tammer Estoniyaya qarşı, ərizə № 41205/98, 62-ci bənd, ECHR 2001 I).
133. Bundan başqa, Məhkəmə əvvəlki işlərdə bildirib ki, məlumatlara çıxışı təmin etməsi və iri həcmdə informasiyaları saxlamaq və ötürmək imkanlarına malik olması baxımından İnternet ictimaiyyətin xəbərləri əldə etmək imkanlarının artırılmasında və ümumiyyətlə məlumatların yayılmasının asanlaşdırılmasında mühüm rol oynayır (bax: Ahmet Yıldırımın işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd; və “Times Newspapers Ltd”nin işi üzrə yuxarıda istinad edilən qərar, 27-ci bənd). Eyni zamanda, İnternetdəki kontent və kommunikasiyaların insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə, xüsusən şəxsi həyata hörmət hüququna zərər yetirməsi riski, şübhəsiz ki, mətbuatın yaratdığı riskdən yüksəkdir (bax: “Pravoye Delo” qəzetinin redaksiyası və Ştekelin işi üzrə yuxarıda istinad edilən qərar, 63-cü bənd).
134. Jurnalistin “vəzifə və məsuliyyətləri” nəzərdən keçirilərkən müvafiq vasitəçinin potensial təsiri mühüm amildir və hamılıqla qəbul edilib ki, audiovizual media çap mediasına nisbətən birbaşa və daha güclü təsirə malikdir (bax: Pörsell və başqaları İrlandiyaya qarşı, ərizə № 15404/89, Komissiyanın 16 aprel 1991-ci il tarixli qərarı, Decisions and Reports 70, s. 262). Obyektiv və balanslı işıqlandırma metodları digər amillərlə yanaşı müvafiq kütləvi informasiya vasitəsinin növündən asılı olaraq xeyli dərəcədə fərqlənə bilər (bax: Yersildin işi üzrə yuxarıda istinad edilən qərar, 31-ci bənd).
135. Məhkəmə qərarlarında bildirib ki, “müsahibə zamanı digər şəxsin bildirdiyi fikirlərin yayılmasına kömək etdiyinə görə jurnalistin cəzalandırılması ictimai maraq doğuran məsələlərin müzakirəsinə mətbuatın yardımçı olmasına ciddi maneə yarada bilər və əgər bunun üçün xüsusilə ciddi əsaslar yoxdursa, bu cür cəzalandırma nəzərdə tutulmamalıdır” (bax: Yersildin işi üzrə yuxarıda istinad edilən qərar, 35-ci bənd; Toma Lüksemburqa qarşı, ərizə № 38432/97, 62-ci bənd, ECHR 2001 III; həmçinin bax (müvafiq dəyişikliklərlə): “Verlagsgruppe News GmbH” Avstriyaya qarşı, ərizə № 76918/01, 31-ci bənd, 14 dekabr 2006-cı il; və “Print Zeitungsverlag GmbH” Avstriyaya qarşı, ərizə № 26547/07, 39-cu bənd, 10 oktyabr 2013-cü il).
136. Bundan başqa, Məhkəmə qərarlarında bilidirib ki, Konvensiyanın 17-ci maddəsinin müddəaları sayəsində 10-cu maddə Konvensiyanın bəyan və təmin etdiyi dəyərlərlə bir araya sığmayan çıxışları müdafiə etmir. Məhkəmə tərəfindən araşdırılmış bu cür çıxışlara aid nümunələr sırasına Holokostu inkar edən, faşist yönümlü siyasətə haqq qazandıran, bütün müsəlmanları ağır terror aktları ilə əlaqələndirən, yaxud yəhudiləri Rusiyada şər mənbəyi kimi qələmə verən çıxışlar daxildir (bax: Leidye və İzorni Fransaya qarşı, 23 sentyabr 1998-ci il, 47-ci və 53-cü bəndlər, Reports 1998 VII; Qarodi Fransaya qarşı (qərardad), ərizə № 65831/01, ECHR 2003 IX; Norvud Birləşmiş Krallığa qarşı (qərardad), ərizə № 23131/03, ECHR 2004 XI; Vitsş Almaniyaya qarşı (qərardad), ərizə № 7485/03, 13 dekabr 2005-ci il; və Pavel İvanov Rusiyaya qarşı (qərardad), ərizə № 35222/04, 20 fevral 2007-ci il).
137. Məhkəmə bir daha bildirir ki, şəxsin nüfuzunun müdafiə edilməsi hüququ şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olmaqla Konvensiyanın 8-ci maddəsi ilə qorunan hüquqdur (bax: Şovi və başqalarının işi üzrə yuxarıda istinad edilən qərar, 70-ci bənd; Pfayfer Avstriyaya qarşı, ərizə № 12556/03, 35-ci bənd, 15 noyabr 2007-ci il; və Polanko Torres və Movilya Polanko İspaniyaya qarşı, ərizə № 34147/06, 40-cı bənd, 21 sentyabr 2010-cu il). Bununla belə 8-ci maddənin tətbiq edilə bilməsi üçün şəxsin nüfuzuna edilən hücum müəyyən ciddilik səviyyəsinə çatmalı və fərdin şəxsi həyatına hörmət hüququndan istifadə etməsinə zərər yetirən tərzdə baş verməlidir (bax: A. Norveçə qarşı, ərizə № 28070/06, 64-cü bənd, 9 aprel 2009-cu il; və “Aksel Şpringer AG” Almaniyaya qarşı [BP], ərizə № 39954/08, 83-cü bənd, 7 fevral 2012-ci il).
138. İfadə azadlığına müdaxiləyə “digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsinin” maraqları naminə demokratik cəmiyyətdə ehtiyac olub-olmadığını araşdırarkən Məhkəmə müəyyənləşdirməlidir ki, dövlət hakimiyyəti orqanları Konvensiya ilə təmin edilən və müəyyən hallarda bir-biri ilə ziddiyyətə girə bilən iki dəyəri, yəni bir tərəfdən 10-cu maddə ilə qorunan ifadə azadlığını, digər tərəfdən isə 8-ci maddədə təsbit olunmuş şəxsi həyata hörmət hüququnu qoruyarkən ədalətli balansı gözləyiblərmi (bax: “Aşett Filipakki Assosye” Fransaya qarşı, ərizə № 71111/01, 43-cü bənd, 14 iyun 2007-ci il; “MGN Limited” Birləışmiş Krallığa qarşı, ərizə № 39401/04, 142-ci bənd, 18 yanvar 2011-ci il; və “Aksel Şpringer AG”nin işi üzrə yuxarıda istinad edilən qərar, 84-cü bənd)?
139. Məhkəmə artıq müəyyən edib ki, prinsip etibarı ilə 8-ci və 10-cu maddə əsasında təmin edilən hüquqlara eyni dərəcədə hörmət edilməli və şikayət ərizəsinə baxılması, onun Məhkəməyə təhqiramiz məqalənin naşiri tərəfindən Konvensiyanın 10-cu maddəsi əsasında və yaxud müvafiq şəxs tərəfindən Konvensiyanın 8-ci maddəsi əsasında təqdim edilməsindən asılı olmayaraq, prinsipcə fərqli nəticə ilə yekunlaşmamalıdır. Müvafiq olaraq, hər iki halda dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları eyni olmalıdır (bax: “Aksel Şpringer AG”nin işi üzrə yuxarıda istinad edilən qərar, 87-ci bənd; və Fon Hannover Almaniyaya qarşı (№ 2) [BP], ərizələr № 40660/08 və 60641/08, 106-cı bənd, ECHR 2012 – həmin bənddə bu işlər üzrə qərarlara istinad edilib: “Aşett Filipakki Assosye”nin (ICI PARIS) işi üzrə yuxarıda istinad edilən qərar, 41-ci bənd; Timçuk Rumıniyaya qarşı (qərardad), ərizə № 28999/03, 144-cü bənd, 12 oktyabr 2010-cu il; və Mosli Birləşmiş Krallığa qarşı, ərizə № 48009/08, 111-ci bənd, 10 may 2011-ci il). Milli hakimiyyət orqanları Məhkəmənin presedent hüququnda təsbit olunmuş meyarlara uyğun olaraq iki hüquq arasında balanslaşdırmanı həyata keçiriblərsə, daxili məhkəmələrin rəyini Məhkəmənin öz rəyi ilə əvəz etməsi üçün ciddi əsasların olması tələb olunur (bax: “Aksel Şpringer AG”nin işi üzrə yuxarıda istinad edilən qərar, 88-ci bənd; və Fon Hannoverin işi (№ 2) üzrə yuxarıda istinad edilən qərar, 107-ci bənd – həmin bənddə bu işlər üzrə qərarlara istinad edilib: “MGN Limited”in işi üzrə yuxarıda istinad edilən qərar, 150-ci və 155-ci bəndlər; və Palomo Sançes və başqaları İspaniyaya qarşı [BP], ərizələr 28955/06, 28957/06, 28959/06 və 28964/06, 57-ci bənd, 12 sentyabr 2011-ci il). Başqa sözlə, dövlətin ziddiyyətə girən fərdi maraqlar və ya Konvensiya hüquqları arasında balansı gözləməsi tələb olunursa, adətən Məhkəmə tərəfindən dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir (bax: Evans Birləışmiş Krallığa qarşı [BP], ərizə № 6339/05, 77-ci bənd, ECHR 2007 I; Şassanyu və başqaları Fransaya qarşı [BP], ərizələr № 25088/94, 28331/95 və 28443/95, 113-cü bənd, ECHR 1999 III; və Eşbi Donald və başqaları Fransaya qarşı [BP], ərizə № 36769/08, 40-cı bənd, 10 yanvar 2013-cü il).

b) Yuxarıdakı prinsiplərin bu işə tətbiqi

i) Mütənasibliyin qiymətləndirilməsində istifadə olunan elementlər

140. Məhkəmə qeyd edir ki, tərəflər arasında bu məsələdə fikir ayrılığı yoxdur ki, ərizəçi şirkətin İnternet xəbər portalında yerləşdirilmiş xəbər materialına reaksiya olaraq oxucular tərəfindən portalın şərhlər bölümündə yerləşdirilmiş şərhlər açıq-aydın qanunsuz xarakter daşıyırdı. Ərizəçi şirkət həqiqətən zərərçəkən tərəfdən xəbərdarlıq alan kimi dərhal şərhləri silmiş və Palatadakı icraatda onları “hüquqa zidd” və “qanunsuz” şərhlər adlandırmışdı (Palatanın qərarının 84-cü bəndinə bax). Bundan başqa, Məhkəmə bu fikirdədir ki, etiraz doğurmuş şərhlərin çoxu nifrət yayan və ya zorakılığa təhrik edən çıxışlar idi və belə olan halda 10-cu maddədə nəzərdə tutulmuş müdafiə onlara şamil oluna bilməzdi (yuxarıda 136-cı bəndə bax). Buna görə də hazırkı işdə araşdırılan məsələ şərhlərin müəlliflərinin ifadə azadlığı məsələsi deyil. Məhkəmənin qarşısında duran sual ondan ibarətdir ki, üçüncü şəxslərin yerləşdirdiyi həmin şərhlərə görə ərizəçi şirkəti məsuliyyətə cəlb etmiş ölkədaxili məhkəmələrin qərarları Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən məlumatları yaymaq azadlığının pozuntusu idimi?
141. Məhkəmə qeyd edir ki, ərizəçi şirkət L.-in vəkillərindən xəbərdarlıq alan kimi sözügedən şərhləri veb-saytından dərhal silsə də (yuxarıda 18-ci və 19-cu bəndlərə bax), Ali Məhkəmə “Öhdəliklər haqqında” qanun əsasında ərizəçi şirkətin məsuliyyət daşıdığını qərara aldı, belə ki, həmin qanun açıq-aydın qanunsuz məzmunlu şərhlərin yerləşdirilməsinin qarşısını alırdı. Daha sonra o, “Öhdəliklər haqqında” qanunun 1047-ci maddəsinin 3-cü bəndinə istinad etdi, həmin bəndə əsasən, məlumatların və ya digər məsələlərin açıqlanması, əgər həmin məlumatları və ya digər məsələləri açıqlayan şəxsin və ya onların açıqlandığı şəxsin həmin açıqlamada qanuni marağı varsa və həmin məlumatları açıqlayan şəxs onların və ya digər məsələlərin dolğunluğunu “potensial pozuntunun ağırlıq dərəcəsinə” uyğun sayıla biləcək səviyyədə yoxlayıbsa, qanunsuz sayılmır. Beləliklə, Ali Məhkəmə qərara aldı ki, şərhlər yerləşdirildikdən sonra (ərizəçi şirkət onların məzmunun qanunsuz olduğunu bilməli idi) ərizəçi şirkət onları öz təşəbbüsü ilə portaldan silməyib. Belə olan halda ərizəçi şirkətin hərəkətsizliyi qanunsuz hesab edildi, çünki ərizəçi şirkət “Öhdəliklər haqqında” qanunun 1050-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq “təqsirkar olmadığını” sübuta yetirə bilməmişdi (yuxarıda 31-ci bənddə verilmiş Ali Məhkəmənin qərarının 16-cı bəndinə bax).
142. Ali Məhkəmənin gətirdiyi əsasların işığında Məhkəmə özünün ardıcıl presedent hüququna uyğun olaraq bu məsələni araşdırmalıdır ki, ərizəçi şirkətin məsuliyyət daşıdığı barədə daxili məhkəmələrin qənaəti işin xüsusi halları baxımından münasib və yetərli əsalara söykənirdimi (yuxarıda 31-ci bəndə bax)? Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin yerləşdirdiyi şərhlərə görə ərizəçi şirkətin məsuliyyətə cəlb edilməsi barədə daxili məhkəmələrin qərarlarının onun ifadə azadlığını pozub-pozmaması məsələsini həll etmək məqsədi ilə Palata aparacağı təhlil üçün əhəmiyyətli hesab etdiyi aşağıdakı aspektləri müəyyənləşdirdi: şərhlərin konteksti; ləkələyici şərhlərin qarşısının alınması və ya silinməsi üçün ərizəçi şirkət tərəfindən tətbiq edilmiş tədbirlər; ərizəçi şirkətin məsuliyyətinə alternativ olaraq şərhlərin əsil müəlliflərinin məsuliyyəti məsələsi; və ölkədaxili məhkəmə proseslərinin ərizəçi şirkət üçün nəticələri (Palatanın qərarının 85-ci və sonrakı bəndlərinə bax).
143. Məhkəmə razılaşır ki, bu aspektlər hazırkı işdə Məhkəmənin apardığı araşdırma çərçivəsində konkret olaraq sözügedən müdaxilənin mütənasibliyinin qiymətləndirilməsi üçün əhəmiyyətlidir (yuxarıda 112-117-ci bəndlərə bax).

ii) Şərhlərin konteksti

144. Şərhlərin kontekstinə gəlincə, Məhkəmə qəbul edir ki, gəmiçilik şirkəti barəsində “Delfi”nin xəbər portalında yerləşdirilmiş xəbər materialı balanslaşdırılmış material idi, orada təhqiramiz ifadələr yox idi və oradakı fikirlərin qanunsuz olduğuna dair ölkədaxili məhkəmə proseslərində hər hansı arqument irəli sürülməsi üçün əsas da yox idi. Məhkəmə nəzərə alır ki, hətta zahirən neytral görünən mövzu barəsində balanslaşdırılmış məqalə İnternetdə qızğın müzakirələr doğura bilər. Bundan başqa, Məhkəmə bu kontekstdə “Delfi” xəbər portalının xarakterinə xüsusi önəm verir. O bir daha bildirir ki, “Delfi” peşə fəaliyyəti çərçivəsində kommersiya qaydasında idarə olunan İnternet xəbər portalının idarəçisi idi və yerləşdirdiyi xəbər materiallarına çoxlu sayda şərhlər cəlb etməyə çalışırdı. Məhkəmə qeyd edir ki, Ali Məhkəmə açıq-aydın bu fakta istinad etdi ki, ərizəçi şirkət şərhləri özünün xəbər portalına inteqrasiya etdirərək veb-saytın ziyarətçilərini xəbərləri öz mülahizə və rəyləri (şərhləri) ilə tamamlamağa dəvət edib. Ali Məhkəmənin qənaətlərinə görə, şərhlər bölümündə ərizəçi şirkət aktiv surətdə ziyarətçiləri portala yerləşdirilən xəbər materiallarına dair şərhlər qoymağa çağırırdı. Ərizəçi şirkətin portalının ziyarətçilərinin sayı şərhlərin sayından asılı idi, portalda yerləşdirilən reklamlardan əldə edilən gəlir isə, öz növbəsində, ziyarətçilərinin sayından asılı idi. Beləliklə, Ali Məhkəmə bu qənaətə gəldi ki, ərizəçi şirkət şərhlərin yerləşdirilməsində maddi cəhətdən maraqlı idi. Ali Məhkəmənin rəyinə görə, ərizəçi şirkətin özünün şərhlər yazmaması faktı o demək deyildi ki, o, şərhlər bölümü üzərində nəzarətə malik deyil (yuxarıda 31-ci bənddə verilmiş məhkəmə qərarının 13-cü bəndinə bax).
145. Məhkəmə həmçinin bununla bağlı qeyd edir ki, “Delfi”nin veb-saytındakı “Şərh qoyma qaydaları”nda deyilirdi ki, ərizəçi şirkət heç bir mahiyyət daşımayan və (və ya) mövzudan kənar olan, müsbət təcrübəyə zidd olan, təhdidləri, təhqirləri, nalayiq və ya kobud ifadələri özündə əks etdirən, yaxud düşmənçiliyə, zorakılığa və ya qanunsuz hərəkətlərə təhrik edən şərhlərin yerləşdirilməsini qadağan edir. Belə şərhlər silinə, onların müəlliflərinin şərh yazmaq imkanı isə məhdudlaşdırıla bilərdi. Bundan başqa, şərhlərin əsil müəllifləri şərhlərini ərizəçi şirkətin xəbər portalına yerləşdirdikdən sonra onları nə dəyişdirə, nə də silə bilərdilər – bunu etmək üçün texniki vasitələrə yalnız ərizəçi şirkət malik idi. Yuxarıda qeyd edilənlərin və Ali Məhkəmənin gətirdiyi əsasların işığında Məhkəmə Palatanın bu qənaəti ilə razılaşır ki, ərizəçi şirkətin onun portalında yerləşdirilən şərhlər üzərində əhəmiyyətli dərəcədə nəzarətə malik olduğunu hesab etmək olar.
146. Xülasə, Məhkəmə hesab edir ki, Ali Məhkəmə tərəfindən yetərincə müəyyən edilib ki, ərizəçi şirkətin “Delfi” xəbər portalındakı xəbər materiallarına dair yerləşdirilən şərhləri ictimaiyyətə çatdırması passiv və sırf texniki xidmətlər təqdim edən təchizatçının fəaliyyətinin hüdudlarını aşmışdı. Buna görə də Məhkəmə bu qənaətə gəlir ki, Ali Məhkəmənin bu məsələyə dair qərarının söykəndiyi əsaslar Konvensiyanın 10-cu maddəsinin məqsədləri üçün münasib əsaslar idi.

iii) Şərhlərin müəlliflərinin məsuliyyəti

147. Bu işdəkinə bənzər durumda şərhlərin əsil müəlliflərinin məsuliyyətinin İnternet xəbər portalının məsuliyyətinə ağlabatan alternativ təşkil edib-etməməsi məsələsi ilə əlaqədar olaraq Məhkəmə bildirdi ki, İnternet istifadəçilərinin kimliklərinin açıqlanmamasında maraqlı olduqlarını nəzərə alır. Anonimlik qisasdan və başqalarının arzuolunmaz diqqətindən yayınmaq üçün çoxdan bəri istifadə olunan vasitədir. Belə ki, o, mühüm vasitələrlə, o cümlədən xüsusilə İnternet vasitəsilə ideya və məlumatların sərbəst axınına yardımçı ola bilər. Eyni zamanda, Məhkəmə bu faktı diqqətindən qaçırmır ki, İnternetdə məlumatlar asanlıqla, geniş miqyasda və sürətlə yayılır və bir dəfə İnternetdə açıqlanmış olan məlumat orada uzun müddət qalır ki, bu da ənənəvi media ilə müqayisədə İnternetdəki qanunsuz çıxışların mənfi təsirlərini əhəmiyyətli dərəcədə ağırlaşdıra bilər. O həmçinin bununla əlaqədar olaraq Avropa İttifaqı Məhkəməsinin “Google Spain and Google” məhkəmə işi üzrə son dövrlərə aid qərarına istinad edir, həmin işdə bu məhkəmə, fərqli kontekstdə olsa da, fərdin şəxsi həyatına ciddi müdaxilə təşkil edən məlumatların uzun müddət ərzində İnternetdə qalması problemini araşdırdı və bu qənaətə gəldi ki, şəxsin təməl hüquqları, bir qayda olaraq, axtarış sistemi operatorunun maddi maraqlarından və digər İnternet istifadəçilərinin maraqlarından üstündür (yuxarıda 56-cı bəndə bax).
148. Məhkəmə qeyd edir ki, İnternetdə anonimliyin müxtəlif dərəcələri mümkündür. İnternet istifadəçisi geniş ictimaiyyət üçün anonim qala bilər, amma onun kimliyi xidmət təchizatçısı tərəfindən onun istifadəçi məlumatları və ya əlaqə məlumatları vasitəsilə müəyyənləşdirilə bilər, həmin məlumatların yoxlanılması isə ya qeyri-mümkün ola, ya da məhdud çərçivəli yoxlamadan tutmuş (məsələn, onun istifadəçi məlumatlarını elektron poçtu ünvanı ilə və ya sosial şəbəkələrdəki istifadəçi məlumatları ilə tutuşdurmaqla) kimliyinin tam müəyyənləşdirilməsinə qədər müəyyən dərəcədə mümkün ola bilər, bu zaman istifadəçinin kimliyini istər milli elektron şəxsiyyət vəsiqələri, istərsə də onlayn bank əməliyyatları sisteminin məlumatları vasitəsilə daha əminliklə müəyyənləşdirmək olar. Xidmət təchizatçısı həmçinin öz istifadəçilərinin anonimliyinə geniş imkan yarada bilər, bu halda istifadəçilərin ümumiyyətlə kimliklərini göstərmələri tələb olunmur və onların kimliyini yalnız (məhdud çərçivədə) İnternetə girişi təmin edən provayderlərin əlində olan məlumatlar vasitəsilə müəyyənləşdirmək olar. Belə məlumatların açıqlanması üçün adətən istintaq və ya məhkəmə orqanlarının qərarı tələb olunur və onlar məhdudlaşdırıcı şərtlərlə təqdim edilir. Bununla belə, bəzi hallarda hüquq pozuntusu törədənlər barəsində məhkəmə təqibini həyata keçirmək üçün bu cür qərara ehtiyac yarana bilər.
149. Belə ki, yetkinlik yaşına çatmayan şəxs barəsində “qərəzli niyyətlə təhrif olunmuş” seksual xarakterli məlumatların yayılması cinayəti ilə əlaqədar olan K.U. Finlandiyaya qarşı məhkəmə işində Məhkəmə bu qənaətə gəldi ki, “baxmayaraq ki, ifadə azadlığı və məlumatların ötürülməsinin konfidensiallığı birinci dərəcəli əhəmiyyət daşıyır və telekommunikasiya və İnternet xidmətlərinin istifadəçiləri onların şəxsi həyatının toxunulmazlığına və ifadə azadlığına hörmət edildiyinə əmin olmalıdırlar, belə təminatlar qeydi-məhdud ola bilməz və müəyyən hallarda digər qanuni tələblər, məsələn, iğtişaşın və ya cinayətin qarşısının alınması, yaxud digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi onlardan üstün tutula bilər” (bax: K.U. Finlandiyaya qarşı, ərizə № 2872/02, 49-cu bənd, ECHR 2008). Həmin işdə Məhkəmə Hökumətin bu arqumentini rədd etdi ki, ərizəçi xidmət təchizatçısı tərəfindən zərərin kompensasiya edilməsinə nail ola bilərdi və bu qənaətə gəldi ki, bu imkan işi halları baxımından yetərli deyil. O bildirdi ki, əsil hüquqpozanın müəyyən edilməsinə və ədalət mühakiməsinə cəlb olunmasına imkan yaradan hüquqi müdafiə vasitəsi mövcud olmalıdır, halbuki araşdırılan dövrdə cavabdeh dövlətdə qüvvədə olan tənzimləyici hüquqi bazada İnternet xidməti təchizatçısının bu məqsəd üçün tələb olunan informasiyanı açıqlaması barədə qərar çıxarılması imkanı nəzərdə tutulmamışdı (həmin iş üzrə qərarın 47-ci və 49-cu bəndlərinə bax). K.U. Finlandiyaya qarşı məhkəmə işi daxili qanunvericilikdə cinayət əməli kimi tövsif edilən pozuntuya aid olsa da və hazırkı işdəkinə nisbətən zərərçəkənin şəxsi həyatına daha geniş müdaxiləni özündə ehtiva etsə də, Məhkəmənin gətirdiyi əsaslardan aydın olur ki, İnternetdə anonimlik mühüm dəyər olsa da, digər şəxslərin hüquq və maraqları ilə balanslaşdırılmalıdır.
150. Mülki prosesdə şərhlərin müəlliflərinin kimliyinin müəyyənləşdirilməsinə gəlincə, Məhkəmə qeyd edir ki, bunun mümkünlüyü məsələsində tərəflərin mövqeləri fərqlənir. Tərəflərin təqdim etdikləri məlumatların əsasında Məhkəmə qeyd edir ki, Estoniya məhkəmələri Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsində nəzərdə tutulmuş “sübutların məhkəməyəqədər qəbulu” proseduru çərçivəsində diffamasiyaya məruz qalmış şəxslər tərəfindən verilmiş olan, ləkələyici xarakter daşıdığı iddia edilən şərhləri yerləşdirmiş müəlliflərin İP ünvanlarının onlayn qəzetlər və ya xəbər portalları tərəfindən açıqlanmasının, habelə həmin İP ünvanlarının verilmiş olduğu abunəçilərin adlarının və ünvanlarının İnternetə girişi təmin edən provayderlər tərəfindən açıqlanmasının tələb edilməsi barədə vəsatətləri təmin etmişdilər. Hökumətin təqdim etdiyi misallar nəticələrin qarışıq olduğunu göstərirdi: bəzi işlərdə şərhlərin hansı kompüterdə yazıldığını müəyyənləşdirmək mümkün olduğu halda, digər işlərdə müxtəlif texniki səbəblərə görə bunu etmək mümkün olmamışdı.
151. Ali Məhkəmənin hazırkı iş üzrə qərarına əsasən, zərərçəkən şəxs ərizəçi şirkətə və ya şərhlərin müəlliflərinə qarşı iddia qaldırmaq variantını seçmək imkanına malik idi. Məhkəmə hesab edir ki, şərhlərin müəlliflərinin kimliyinin müəyyənləşdirilməsinə imkan verən tədbirlərin səmərəliliyinin qeyri-müəyyən olması, eləcə də nifrət yayan çıxışın qurbanının şərhlərin müəlliflərinə qarşı həqiqətən iddia qaldıra bilməsini mümkün etmək məqsədi ilə lazımi vasitələrin ərizəçi şirkət tərəfindən təşkil edilməməsi Ali Məhkəmənin qərarının münasib və yetərli əsaslara söykəndiyi barədə qənaəti təsdiq edən amillərdir. Məhkəmə bu kontekstdə həmçinin “Krone Verlag” işi (№ 4) üzrə qərara istinad edir, həmin işdə o müəyyən etmişdi ki, diffamasiyaya məruz qalmış şəxsin diffamasiya ilə bağlı media şirkətinə qarşı qaldırdığı məhkəmə iddiası əsasında kompensasiyaya nail olmasının riskini diffamasiyaya yol vermiş şəxsin üzərinə qoymaq əvəzinə adətən maliyyə cəhətdən daha yaxşı vəziyyətdə olan media şirkətinin üzərinə qoymaq media şirkətinin ifadə azadlığı hüququna qeyri-mütənasib müdaxilə deyil (bax: Krone Verlag GmbH & Co. KG Avstriyaya qarşı (№ 4), ərizə № 72331/01, 32-ci bənd, 9 noyabr 2006-cı il).

iv) Ərizəçi şirkət tərəfindən görülmüş tədbirlər

152. Məhkəmə qeyd edir ki, ərizəçi şirkət veb-saytındakı hər bir məqaləyə görə yerləşdirilən şərhlərin sayını xüsusi olaraq vurğulayırdı və beləliklə ən canlı fikir mübadiləsinin harada getdiyini müəyyənləşdirmək xəbər portalının redaktorları üçün asan idi. Hazırkı işdə sözügedən məqaləyə 185 şərh verilmişdi ki, bu da orta göstəricidən açıq-aydın çox idi. Sözügedən şərhlər veb-sayta yükləndikdən təxminən altı həftə sonra zərərçəkənin vəkillərinin ərizəçi şirkətə xəbərdarlıq etməsi nəticəsində ərizəçi şirkət tərəfindən silinmişdi (yuxarıda 17-19-cu bəndlərə bax).
153. Məhkəmə qeyd edir ki, Ali Məhkəmə qərarında bildirib ki, “zərər yetirilməsinə yol verməmək kimi qanundan irəli gələn öhdəliyi ilə əlaqədar olaraq [ərizəçi şirkət] açıq-aydın qanunsuz məzmunlu şərhlərin yerləşdirilməsinin qarşısını almalı idi”. Amma o bunu da bildirib ki, “şərhlər yerləşdirildikdən sonra [ərizəçi şirkət] (o, şərhlərin məzmunun qanunsuz olduğunu bilməli idi) onları öz təşəbbüsü ilə portaldan silməyib” (yuxarıda 31-ci bənddə verilmiş məhkəmə qərarının 16-cı bəndinə bax). Beləliklə, Ali Məhkəmə ərizəçi şirkətin şərhlərin veb-saytına yerləşdirilməsinin qarşısını almaq öhdəliyi daşıyıb-daşımadığını və ya daxili qanunvericiliyə əsasən ərizəçi şirkətin təhqiramiz şərhlər yerləşdirildikdən dərhal sonra onları silməsinin “Öhdəliklər haqqqında” qanunda nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaq üçün yetərli olub-olmadığını dəqiq müəyyənləşdirməyib. Məhkəmə hesab edir ki, Ali Məhkəmənin öz qərarını əsaslandırmaq üçün istinad etdiyi əsasları qiymətləndirərkən belə düşünməyə heç bir əsas yoxdur ki, ərizəçinin Konvensiya hüquqlarına müdaxiləyə səbəb olmuş qərarı qəbul etdiyi zaman milli məhkəmə ərizəçi şirkətin hüquqlarını qarşıya qoyulan məqsədin tələb etdiyindən də artıq dərəcədə məhdudlaşdırmaq niyyətində idi. Beləliklə, bu qənaətə əsaslanaraq və 10-cu maddədə təsbit edilmiş məlumatları yaymaq azadlığını nəzərə alaraq, Məhkəmə bu ehtimaldan çıxış edəcək ki, Ali Məhkəmənin qərarı belə başa düşülməlidir ki, şərhlər yerləşdirildikdən sonra ərizəçi şirkətin sonradan ləngimədən şərhləri silməsi daxili qanunvericiliyə əsasən onun məsuliyyətdən yaxa qurtarması üçün yetərli idi. Buna əsaslanaraq və ərizəçi şirkətin onun portalında yerləşdirilən şərhlər üzərində əhəmiyyətli dərəcədə nəzarətə malik olduğu barədə yuxarıda gəldiyi qənaəti nəzərə alaraq (yuxarıda 145-ci bəndə bax), Məhkəmə hesab etmir ki, ərizəçi şirkətin üzərinə onun veb-saytında nifrət yayan çıxışa və zorakılığa təhrik etməyə bərabər olan şərhlər yerləşdirildikdən sonra ləngimədən onları silmək öhdəliyinin qoyulması özlüyündə açıq-aydın qanunsuz olub və prinsipcə onun ifadə azadlığına qeyri-mütənasib müdaxilə təşkil edib.
154. Hazırkı işdə əhəmiyyət kəsb edən məsələ ondan ibarətdir ki, ərizəçi şirkət şərhlər yerləşdirildikdən sonra onları yubanmadan silmədiyinə görə onun məsuliyyətə cəlb edilməsinin əsaslı olduğu barədə milli məhkəmələrin qənaətləri münasib və yetərli əsaslara söykənmişdimi? Bu baxımdan ilk növbədə ona diqqət yetirilməlidir ki, ərizəçi şirkət nifrət yayan çıxışlara və ya zorakılığa təhrik etməyə bərabər olan şərhləri filtrləmək üçün mexanizmlər təşkil etmişdimi?
155. Məhkəmə qeyd edir ki, ərizəçi şirkət bununla bağlı müəyyən tədbirlər görmüşdü. “Delfi” xəbər portalında belə bir xəbərdarlıq yer almışdı ki, şərhlərə görə ərizəçi şirkət deyil, şərhlərin müəllifləri məsuliyyət daşıyır və müsbət təcrübəyə zidd olan, yaxud təhdidləri, təhqirləri, nalayiq və ya kobud ifadələri özündə əks etdirən, yaxud düşmənçiliyə, zorakılığa və ya qanunsuz hərəkətlərə təhrik edən şərhlərin yerləşdirilməsi qadağandır. Bundan başqa, portal müəyyən növ kobud sözlər əsasında şərhləri avtomatik silən sistemə malik idi, həmçinin xəbərdarlıq və saf-çürük etmə sistemini tətbiq edirdi, həmin sistemə əsasən hər kəs şərtlərə uyğun gəlməyən şərh barəsində sadəcə bu məqsəd üçün nəzərdə tutulan düyməni vurmaqla xəbər verə və portal administratorlarının diqqətini ona cəlb edə bilərdi. Bundan əlavə, bəzi hallarda portalın administratorları şərtlərə uyğun gəlməyən şərhləri öz təşəbbüsləri ilə silirdilər.
156. Buna görə də Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin nüfuzuna zərər yetirməmək vəzifəsinə ərizəçi şirkətin tamamilə etinasız yanaşdığını söyləmək olmaz. Bununla belə, önəmli olan budur ki, ərizəçi şirkət tərəfindən tətbiq edilən və avtomatik olaraq müəyyən sözləri izləyən filtr oxucuların yerləşdirdiyi qatı nifrət yayan və zorakılığa təhrik edən müəyyən ifadələri süzgəcdən keçirməyə qadir olmayıb və beləliklə, onun təhqiramiz şərhləri tez bir zamanda silmək imkanı məhdudlaşmış olub. Məhkəmə bir daha bildirir ki, həmin sözlərin və ifadələrin çoxunda mürəkkəb metaforalar, yaxud gizli mənalar və ya sezilməyən təhdidlər yox idi. Onlar açıq-aydın nifrəti və L.-in fiziki toxunulmazlığına qarşı kobudcasına təhdidləri ifadə edən sözlər idi. Beləliklə, avtomatik olaraq müəyyən sözləri izləyən filtr müəyyən hallarda faydalı olsa da, hazırkı işin faktları göstərir ki, o, Konvensiyanın 10-cu maddəsi ilə nəzərdə tutulmuş müdafiənin şamil olunmadığı sözləri özündə ehtiva edən şərhlərin aşkar edilməsi üçün yetərli deyildi (yuxarıda 136-cı bəndə bax). Məhkəmə qeyd edir ki, filtrləmə mexanizminin bu uğursuzluğu nəticəsində bu cür açıq-aydın qanunsuz şərhlər altı həftə ərzində İnternetdə qalmışdı (yuxarıda 18-ci bəndə bax).
157. Məhkəmə bununla bağlı qeyd edir ki, bəzi hallarda portalın administratorları şərtlərə uyğun gəlməyən şərhləri öz təşəbbüsləri ilə silirdilər və belə görünür ki, bu işdəki hadisələrdən müəyyən müddət keçdikdən sonra ərizəçi şirkət xüsusi olaraq bu məqsəd üçün moderatorlar qrupu cəlb edib. Rəyinin İnternetdə eşidilməsini istəyən hər kəs üçün yetərincə imkanlar olduğunu nəzərə alaraq, Məhkəmə hesab edir ki, iri xəbər portalının nifrət yayan və zorakılığa təhrik edən çıxışların yayılmasını məhdudlaşdırmaq üçün səmərəli tədbirlər görmək öhdəliyi (yəni hazırkı işdə araşdırılan məsələ) heç bir halda “özəl senzuraya” bərabər sayıla bilməz. “İctimaiyyətin xəbərləri əldə etmək imkanlarının artırılmasında və ümumiyyətlə məlumatların yayılmasının asanlaşdırılmasında” İnternetin “mühüm rol” oynadığını etiraf etməklə yanaşı (bax: Ahmet Yıldırımın işi üzrə yuxarıda istinad edilən qərar, 48-ci bənd; və “Times Newspapers Ltd”nin işi üzrə yuxarıda istinad edilən qərar, 27-ci bənd), Məhkəmə bir daha bildirir ki, o, İnternetdəki kontent və kommunikasiyaların zərər yetirməsi riskini də nəzərə alır (bax: “Pravoye Delo” qəzetinin redaksiyası və Ştekelin işi üzrə yuxarıda istinad edilən qərar, 63-cü bənd; həmçinin bax: Moslinin işi üzrə yuxarıda istinad edilən qərar, 130-cu bənd).
158. Bundan başqa, vəziyyətdən asılı olaraq, müəyyən hallarda, məsələn, bu işdə olduğu kimi, hər hansı şəxslər qrupuna qarşı yönələn nifrət və ya zorakılığa təhrik xarakterli çıxış konkret qurbana yönələ bilər. Konkret qurbanın mövcud olduğu hallarda o, hüquqlarının pozuntusu barədə İnternet xidməti təchizatçısına xəbər vermək imkanına malik olmaya bilər. Məhkəmə nəzərə alır ki, nifrət yayan çıxışın potensial qurbanının İnterneti daim izləmək imkanı kommersiya əsaslı iri İnternet xəbər portalının belə şərhlərin qarşısını almaq və ya onları tez bir zamanda silmək imkanına nisbətən daha məhdud ola bilər.
159. Nəhayət, Məhkəmə qeyd edir ki, ərizəçi şirkətin iddia etdiyinə görə (yuxarıda 78-ci bəndə bax), onun tərəfindən xəbərdarlıq və saf-çürük etmə sisteminin tətbiq edilməsi Məhkəmə tərəfindən nəzərə alınmalıdır. Tez bir zamanda reaksiya göstərməyə imkan yaradan səmərəli prosedurlarla müşayiət olunduğu təqdirdə bu sistem, Məhkəmənin rəyinə görə, bir çox hallarda bütün əlaqədar şəxslərin hüquq və maraqlarının balanslaşdırılması üçün münasib vasitə kimi fəaliyyət göstərə bilər. Lakin bu işdəkinə bənzər hallarda, yəni üçüncü tərəf olan istifadəçinin şərhləri, Məhkəmənin presedent hüququnda göstərildiyi kimi, konkret fərdlərə qarşı nifrət yayan və onların fiziki toxunulmazlığına qarşı birbaşa təhdid təşkil edən formada olduqda (yuxarıda 136-cı bəndə bax), Məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi (yuxarıda 153-cü bəndə bax), digər şəxslərin və bütövlükdə cəmiyyətin hüquq və maraqları iştirakçı dövlətlərə belə bir hüquq verə bilər ki, zərərçəkmiş olduğunu iddia edən şəxsin və ya üçüncü şəxslərin xəbərdarlığı olmasa belə İnternet xəbər portalları açıq-aydın qanunsuz olan şərhləri yubanmadan silmədikdə Konvensiyanın 10-cu maddəsini pozmadan onlara qarşı məsuliyyət tədbiri tətbiq etsinlər.

v) Məhkəmə proseslərinin ərizəçi şirkət üçün nəticələri

160. Nəhayət, ölkədaxili məhkəmə proseslərinin ərizəçi şirkət üçün hansı nəticələri doğurması məsələsinə gəlincə, Məhkəmə qeyd edir ki, şirkətin üzərinə zərər çəkmiş şəxsə mənəvi ziyanın kompensasiyası qismində 320 avro ödəmək öhdəliyi qoyulub. O, Palatanı bu qənaəti ilə razılaşır ki, ərizəçi şirkətin Estoniyada ən iri İnternet xəbər portallarından birinin peşəkar operatoru olduğunu nəzərə alsaq, bu məbləğ heç bir halda daxili məhkəmələrin müəyyən etdiyi pozuntuya qeyri-mütənasib sayıla bilməz (Palatanın qərarının 93-cü bəndinə bax). Məhkəmə bununla bağlı qeyd edir ki, o, “Delfi”nin işindən sonrakı dövrə aid olan İnternet xəbər portallarının məsuliyyətinə dair ölkədaxili presedent hüququnu nəzərə alır (yuxarıda 43-cü bəndə bax). O qeyd edir ki, həmin işlərdə aşağı məhkəmələr “Delfi”nin işi üzrə Ali Məhkəmənin qərarını rəhbər tutsalar da, mənəvi ziyana görə heç bir kompensasiya təyin etməyiblər. Başqa sözlə, “Delfi”nin işinin ondan sonrakı dövrə aid olan məhkəmə işlərindəki operatorlar üçün hiss olunan nəticəsi ondan ibarətdir ki, onlar təhqiramiz şərhləri silməyə vadar edilsələr də, mənəvi ziyana görə kompensasiya ödəmələri barədə qərar çıxarılmır.
161. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi şirkət, belə görünür ki, ölkədaxili məhkəmə prosesləri nəticəsində anonim şərhləri silməyə və ya öz biznes modelini dəyişdirməyə məcbur edilməyib. Əldə olan məlumatlara əsasən, “Delfi” xəbər poratlı Estoniyanın ən iri İnternet naşiri olaraq və şərhlərin yerləşdirilməsi baxımından ən populyar portal olaraq qalmaqdadır və şərhlərin sayı artmaqda davam edir. Anonim şərhlər (hazırda bu cür şərh yerləşdirmə imkanı qeydiyyata alınmaqla şərh yerləşdirmə imkanı ilə birlikdə mövcuddur və saytda sonuncular oxuculara birinci növbədə göstərilir) hələ də sayca üstünlük təşkil edir və ərizəçi şirkət moderatorlar qrupu təşkil edib, onlar portalda yerləşdirilən şərhlərə sonradan düzəlişlər edilməsini həyata keçirirlər (yuxarıda 32-ci və 83-cü bəndlərə bax). Belə olan halda Məhkəmə bu nəticəyə gəlməz bilər ki, bu məsələdə ərizəçi şirkətin ifadə azadlığına müdaxilə qeyri-mütənasib idi.

vi) Nəticə

162. Yuxarıdakı aspektlərin konkret qiymətləndirilməsinə əsaslanaraq, habelə hazırkı işdə Ali Məhkəmənin gətirdiyi əsasları, xüsusən sözügedən şərhlərin ifratçı xarakterini; şərhlərin ərizəçi şirkət tərəfindən peşə fəaliyyəti çərçivəsində kommersiya qaydasında idarə olunan xəbər portalında dərc olunmuş məqaləyə reaksiya olaraq yerləşdirilməsi faktını; nifrət yayan və zorakılığa təhrik edən çağırışlara bərabər olan şərhlər yerləşdirildikdən sonra onları dərhal silmək və həmin şərhlərin müəlliflərinin məsuliyyətə cəlb olunması üçün real imkanları təmin etmək məqsədi ilə ərizəçi şirkət tərəfindən görülmüş tədbirlərin yetərli olmadığını; və ərizəçi şirkətə təyin olunmuş yüngül sanksiyanı nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh dövlətə bu sahədə müəyyən qiymətləndirmə sərbəstliyinin verildiyini nəzərə alsaq, daxili məhkəmələr tərəfindən ərizəçi şirkətin məsuliyyətə cəlb olunması münasib və yetərli əsaslara söykənirdi. Beləliklə, bu tədbir ərizəçi şirkətin ifadə azadlığı hüququna tətbiq edilmiş qeyri-mütənasib məhdudiyyət deyildi.
Müvafiq olaraq, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verməyib.

 

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ:

İki səsə qarşı on beş səslə qərara alır ki, Konvensiyanın 10-cu maddəsi pozulmayıb.

Qərar ingilis və fransız dillərində tərtib edilib və 16 iyun 2015-ci cildə Strasburqda İnsan Hüquqları Sarayında açıq dinləmədə elan olunub.

Din Şpilmann (Dean Spielmann)
Sədr

Yohan Kallevart (Johan Callewaert)
Katib müavini

©Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
Avropa İnsan Hüquqları Məhkəməsinin rəsmi dilləri ingilis və fransız dilləridir. Bu tərcümə Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fondunun dəstəyi ilə həyata keçirilib (www.coe.int/humanrightstrustfund). Məhkəmə tərcüməyə və onun keyfiyyətinə görə heç bir məsuliyyət daşımır. Tərcüməni Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu təşkil edən işlərin daxil olduğu HUDOC məlumat bazasından (http://hudoc.echr.coe.int) və ya Məhkəmənin razılığı ilə yerləşdirilən istənilən digər məlumat bazasından yükləmək olar. Tərcüməni qeyri-kommersiya məqsədlərilə bu şərtlə yenidən nəşr etmək mümkündür ki, məhkəmə işinin tam adı, yuxarıda göstərilmiş müəllif hüququna dair qeyd və Avropa Şurasının İnsan Hüquqları üzrə Etibar Fonduna istinad göstərilsin. Tərcümənin hər hansı bir hissəsindən kommersiya məqsədi ilə istifadə etmək nəzərdə tutularsa, bu ünvana müraciət etmənizi xahiş edirik publishing@echr.coe.int.

© Council of Europe/European Court of Human Rights, 2016
The official languages of the European Court of Human Rights are English and French. This translation was commissioned with the support of the Human Rights Trust Fund of the Council of Europe (www.coe.int/humanrightstrustfund). It does not bind the Court, nor does the Court take any responsibility for the quality thereof. It may be downloaded from the HUDOC case-law database of the European Court of Human Rights (http://hudoc.echr.coe.int) or from any other database with which the Court has shared it. It may be reproduced for non-commercial purposes on condition that the full title of the case is cited, together with the above copyright indication and reference to the Human Rights Trust Fund. If it is intended to use any part of this translation for commercial purposes, please contact publishing@echr.coe.int.

© Conseil de l’Europe/Cour européenne des droits de l’homme, 2016
Les langues officielles de la Cour européenne des droits de l’homme sont le français et l’anglais. La présente traduction a été effectuée avec le soutien du Fonds fiduciaire pour les droits de l’homme du Conseil de l’Europe (www.coe.int/humanrightstrustfund). Elle ne lie pas la Cour, et celle-ci décline toute responsabilité quant à sa qualité. Elle peut être téléchargée à partir de HUDOC, la base de jurisprudence de la Cour européenne des droits de l’homme (http://hudoc.echr.coe.int), ou de toute autre base de données à laquelle HUDOC l’a communiquée. Elle peut être reproduite à des fins non commerciales, sous réserve que le titre de l’affaire soit cité en entier et s’accompagne de l’indication de copyright ci-dessus ainsi que de la référence au Fonds fiduciaire pour les droits de l’homme. Toute personne souhaitant se servir de tout ou partie de la présente traduction à des fins commerciales est invitée à le signaler à l’adresse suivante: publishing@echr.coe.int.