Məmmədova Azərbaycana qarşı – AİHM şikayəti qəbuledilməz saydı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, martin 3-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir qərarını elan edib.

Rəbiyyə Məmmədova Azərbaycana qarşı

Bu şikayət AİHM-ə 13 il əvvəl – 2009-cu ildə göndərilmişdi. İşin hallarına görə, ərizəçi 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi ilə bağlanmış bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Yasamal rayonunda anbar alıb, onu özəlləşdirmişdi. Nazirliyin qəzetində özəlləşdirmə ilə bağlı məlumat dərc edilmiş, ərizəçiyə anbara dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdi.

2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti Xətai Rayon Məhkəməsinə şikayət edib, ərizəçinin mülkiyyətində olan anbar və torpaq sahəsinə verilmiş mülkiyyət hüququ şəhadətnamələrinin ləğv edilməsini tələb etmiş, məhkəmə şikayəti əsaslı sayıb, anbar və torpaq sahəsinin özəlləşdirilməsinin qanunsuz olması qənaətinə gəlmişdi. Bakı Apellyasiya Məhkəməsi, ardınca da Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qanuni hesab etmişdi. Ərizəçinin şikayətinə Ali Məhkəmədə baxan heyətin bir üzvü isə apellyasiya icraatı zamanı qərar verən hakimlərdən biri olmuşdu.

Ərizəçi AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edirdi.

Avropa Məhkəəsi öncə ərizəçinin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddiasını araşdırdı. Məhkəmə ona təqdim edilmiş sənədlərin işığında qeyd etdi ki, ərizəçi mübahisənin predmeti olan anbarı və torpaq sahəsini özəlləşdirdikdən bir neçə ay sonra başqa bir şirkətə satıb. Notarius tərəfindən təsdiq edilmiş alqı-satqı müqavilələri isə mübahisələndirilməyib və ya onun etibarsız sayılmasına cəhd olunmayıb. Həm də ərizəçi daxili məhkəmələrə şikayətlərində də bildirib ki, onun artıq anbar və torpaq sahəsinə mülkiyyət hüququ mövcud olmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin iddiası isə 2003-cü ildə baş vermiş özəlləşdirmənin qanuni olub-olmamasına yönəlmişdi. Bütün bu halları nəzərə aldıqda, AİHM hesab edib ki, ərizəçinin mülkiyyət hüququna müdaxilənin baş verməsi nəticəsinə gəlmək üçün hər hansı əsas mövcud olmayıb.

Ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddiasına gəlincə, ərizəçi AİHM qarşısında bildirmişdi ki, işə Ali Məhkəmədə baxan hakimlərdən biri həm də mübahisə üzrə apellyasiya icraatı zamanı qərar verən hakimlərdən omuşdu. Ərizəçi daxili qanunvericiliyə istinad edərək, həmin hakimin işdən çəkilməli olduğunu, ancaq bunu etmədiyini vurğulamışdı. Ərizəçinin Ali Məhkəmədə bununla bağlı hər hansı tələb irəli sürmədiyini vurğulayan Hökumət isə bildirmişdi ki, ərizəçi bu xüsusat üzrə daxili müdafiə vasitələrini tükəndirməyib.

AİHM isə qeyd edib ki, ərizəçinin vəkili Ali Məhkəmədə keçirilən iclasda iştirak edib, hakim R.A.-nın məhkəmə heyətinin tərkibində olmasından xəbərdar olub. Daxili qanunvericilik imkan yaratsa da vəkil həmin hakimə etiraz etməyib. Daxili müdafiə vasitəsinin qeyri-effektivliyinə gəlincə, ərizəçi bunu isbat edən heç bir dəlili məhkəməyə təqdim etməyib. Beləliklə, ərizəçinin qərəzsizliyi şübhə altına alınan hakimin kənarlaşdırılması üçün effektiv daxili müdafiə vasitəsinə sahib olduğu, ancaq bundan istifadə etmədiyi rəyinə gələn AİHM, daxili müdafiə vasitəsi tükəndirilmədiyinə görə, ərizəni qəbuledilməz sayaraq, rədd edib.