AİHM Yunusların iddia etdikləri pozuntuları tanıdı

©aihmaz.org

Avropa Insan Haqları Məhkəməsi (AİHM) iyulun 16-da Leyla və Arif Yunusların şikayətləri üzrə qərarını elan edib.

AİHM iddia olunan pozuntuların əksəriyyətini tanıyıb. Məhkəmə hesab edib ki, Leyla və Arif Yunusa münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat), 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ) maddələri və 1 saylı Protokolun 1-ci, 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələri ilə bərabər götürülməklə Konvensiyanın 13-cü (səmərəli hüquq vasitələri hüququ), maddələri pozulub.

Məhkəmə həmçinin, qərar verib ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsi (Fərdi müraciət hüququ) üzrə öhdəliklərinə əməl etməyib.

Qərar görə, hökumət Yunuslara ümumilikdə 51 min 438 avro təzminat (mənəvi zərər əvəzi hər ərizəçiyə 20 min avro, xərc və məsrəflərə görə ümumilikdə 11 min 438 avro) ödəməlidir.

Qərara keçid: Azərbaycanca (tezliklə əlçatan olacaq)

Qərara keçid: İngiliscə 

İşin detalları

Azərbaycanda həbsdə tutulduqdan sonra ölkədən mühacirət edən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı, institutun bölmə rəhbəri Arif Yunus hazırda Hollandiyada yaşayır. Onlar Azərbaycanda həbs edilmələrindən və xüsusilə məhkəməyə qədər həbsdə saxlanılmalarından şikayət edib, onlara qarşı həyata keçirilmiş tədbirlərin bilavasitə hökumətə qarşı tənqidi çıxışlarına və fəalluyyətlərinə qarşı qisas məqsədi daşıdığını iddia etmişdilər.

Şikayətin detallarına görə, Yunuslar 2014-cü ildə bir jurnalistə açılmış cinayət işi çərçivəsində Azərbaycandan xaricə gedərkən hava limanında saxlanılıblar. Onların ofislərində və mənzillərinə axtarış aparılıb. Bu sırada səhhətində yaranmış problemlərdən dolayı, A.Yunus xəstəxanaya aparılıb. Yunuslar bu olayın qanunsuzluğundan məhkəməyə müraciət ediblər. Daxili məhkəmələr onların bütün şikayətlərini rədd ediblər.

Olayların ardınca, 2014-cü ilin avqustunda Yunuslar, müxtəlif ittihamlarla həbs ediliblər. Onlara qarşı ittihamlar əsasən, qrantların qeydə alınmaması, erməni gizli servisi ilə əməkdaşlıqla bağlı olub. Ərizəçilər ittihamları rədd ediblər, heç bir əsas olmadığı üçün azad edilmələrini məhkəmələrdən tələb ediblər. Yunuslar bir il sonra 8 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Bir neçə ay sonra sağlıq durumuna görə, Arif Yunusun cəzası azaldılıb və azadlığa buraxılıb.

Yunuslar AİHM-ə şikayətlərində iddia edirdilər ki, onların Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 34-cü (fərdi müraciət hüququ) və habelə, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələrinin pozuntusuna yol verilib.

Yunuslar eləcə də iddia edir ki, onlara qarşı həyata keçirilmiş tədbirlərin gerçək əsas məqsədi onları aktiv fəaliyyətlərinə, hökuməti tənqid etmələrinə görə cəzalandırmaq məqsədi daşıyıb və beləliklə də Konvensiyanın 18-ci maddəsi də pozulub.