Substantiv pozuntu
(a) Faktların müəyyən olunması
Konvensiyanin 2-ci və 3-cü maddələrinin pozuntusu barədə şikayətləri (o cümlədən saxlanma şəraitinə dair şikayətləri) araşdırarkən Məhkəmə adətən birinci növbədə faktları müəyyən edir, çünki əksər hallarda ərizəçinin və hökümətin təqdim etdiyi faktlar versiyası bir-birindən fərqlənir.
Faktları məyyənləşdirərkən Məhkəmə yüksək sübut standartını tətbiq edir: belə ki, faktlar “bütün ağlabatan şübhələrin xaricində” sübut olunmalıdır.
Amma eyni zamanda Məhkəmə vurğulayır ki, faktların “bütün ağlabatan şübhələr xaricində” sübutu (a) kifayət qədər güclü, aydın və bir-biri ilə ahəngdə olan (uyuşan, razılaşan) gümanların və ya (b) təkzibolunmamış “fakt prezumpsiyaları”nın mövcudluğu əsasında da mümkündür.
Belə ki, şəxs hansısa qapalı müəssisədə saxlanılırsa, həmin saxlanma müddətində baş verən hadisələr barədə məlumat bötövlükdə və ya məlumatın böyük qismi dövlət orqanlarının əlində olur. Buna görə saxlanma müddətində baş vermiş zədələr, ölüm və ya itkin düşmə ilə bağlı güclü “fakt prezumpsiya”ları ortaya çıxır. Yəni zədələrin, ölümün və ya itkin düşmənin həmin dövlət orqanının təqsiri ucbatından baş verdiyi bir prezumpsiya kimi qəbul olunur. Nəticədə sübutetmə yükü hökümətin üzərinə keçir: artıq hökümət inandırıcı şəkildə izahat verməli və ərizəçinin təqdim etdiyi faktlar versiyasını şübhə altına qoyan sübutlar təqdim etməlidir. Əks halda Məhkəmə ərizəçinin faktlar versiyasını qəbul edir.
Diqqət! Ərizəçi/onun hüquqşünası hər bir halda ilkin olaraq “prima facie” sübutlar təqdim etməlidir. Məsələn, yuxarıda göstərilən misalda hadisələrin ardıcıl (bir-birini təkzib edən məqamlara yol verməyən), aydın, xronoloji və detallı təsvirini, zədənin mövcud olmasına, zədənin, ölümün ya itkin düşmənin məhz qapalı müəssisədə saxlanma müddətində baş verdiyinə dair müəyyən sübutları təqdim etmək gərəkdir.
Faktların sübut edilməsi vəzifəsinə ərizəçilər/onların hüquqşünasları xüsusilə ciddi yanaşmalıdır və çalışmalıdır iddia edilən pis rəftarı sübut edə biləcək birbaşa və ya dolayı bütün mümkün sübutları toplasınlar. Sübut kimi məsələn aşağıdakılar çıxış edə bilər:
Tibbi sübutlar (tibbi arayış, ekspert rəyi və sair);
Fotoşəkillər;
Şahid ifadələri (məsələn, saxlanma şəraiti barədə eyni kamerada saxlanılan digər şəxslərin ifadələri);
Beynəlxalq təşkilatların hesabatları, məsələn İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) hesabatları (ən ideal halda hesabat konkret saxlama müəssisəsinə aid olmalı);
Dövlət orqanlarının hərəkətsizliyi (məsələn, şəxsin bədənində olan xəsarətlərinə dair ekspertiza keçirmək barədə vəsatətin təmin olunmaması və ya gec təmin olunması; təcili tibbi yardıma ehtiyacı olan şəxsin xəstəxanaya gec çatdırılması) və sair.
Hətta şəxsin başına gəlmiş hadisələri ardıcıl (bir-birini təkzib edən məqamlara yol verməyən), aydın, xronoloji və detallı təsvirini əks etdirən izahatının özü və həmin izahata dövlət orqanlarının reaksiyası Məhkəmə qarşısında müəyyən sübutetmə əhəmiyyəti daşıyır. Məsələn, Əliyev Azərbaycana qarşı işdə ərizəçi 2014-cü il avqustun 9-dan 12-nə kimi başqa səkkiz nəfərlə birlikdə 10 kvadrat-metrlik təcridxana otağında saxlanıldığından şikayət edib. O, saxlanma şəraitini ardıcıl, detallı və aydın şəkildə təsvir edib. Həmin şikayəti əsaslandırmaq üçün heç bir sübut təqdim etməsə də, Məhkəmə ərizəçinin faktlar versiyasını doğru olduğunu qəbul edib. Məhkəmə xüsusilə hökümətin ərizəçinin şikayətinə heç bir əks-arqument və sübut təqdim etmədiyini nəzərə alıb.
Diqqət!
Məhkəmənin yuxarıda sözügedən yanaşmasına arxayın olub yalnızşəxsin başına gəlmiş hadisələri ardıcıl, aydın, xronoloji və detallı təsvirini əks etdirən izahatını təqdim etməklə kifayətlənmək tövsiyə olunmur. Hər bir halda ərizəçi/onun hüquqşünası nə qədər çox sübut toplasa bir o qədər yaxşıdır.
Faktların sübut edilməsinə kreativ yanaşmaq tövsiyə olunur. Məsələn, ola bilər ki, ölkədaxili məhkəmə şəxsin hüquqşünasının və ya onun ailə üzvlərinin şahid ifadələrini dinləməkdən imtina edib, amma bu o demək deyil ki, Məhkəmə də həmin ifadələri nəzərə almayacaq. Məhkəməyə təqdim olunan şikayətdə “ölkədaxili məhkəmə şahidlərin dindirilməsi barədə vəsatəti rədd etdi” yazmaqla kifayətlənməyib, həmin hüquqşünasın və ya ailə üzvlərinin ayrıca sənəddə yazdığı və imzaladığı ifadələrini Məhkəməyə təqdim etmək olar. Digər bir misal: fotoşəkillər çəkmək imkanı yoxdursa, saxlanma yerinin sxematik təsviri əllə çəkib Məhkəməyə təqdim etmək olar. Yadda saxlamaq lazımdır ki, Məhkəmə sübutları qəbul edərkən heç bir prosessual normalarla özünü məhdudlaşdırmır.
(b) Rəftar “minimum ağırlıq səviyyəsi”nə çatıbmı?
Faktları müəyyən etdikdən sonra 3-cü maddə işlərində Məhkəmə rəftarın müəyyən “minimum ağırlıq səviyyəsi”nə çatıb-çatmamadığını qiymətləndirir. Bu qiymətləndirmə nisbidir və işin bütün hallarından asılıdır. Əsasən nəzərə alınan amillər bunlardır:
pis rəftarın müddəti;
pis rəftarın fiziki və mənəvi təsirləri;
bəzi işlərdə pis rəftara məruz qalmış şəxsin cinsi, yaşı, səhhəti;
pis rəftarın məqsədi, arxasında duran motiv;
şəxs hansı kontekstdə pis rəftara məruz qoyulub və sair.
Diqqət!
Bu ümumi amillərdən başqa hər pis rəftar növünə aid daha spesifik amillər də ola bilər (məsələn, saxlanma şəraitinin müxtəlif aspektləri, saxlanma yerində qeyri-adekvat tibbi yardım və təcridolunma ilə bağlı spesifik amillər “Azadlığı əlindən alınmış şəxsin saxlanma şəraiti. Ümumi müddəalar” mövzusunda müzakirə olunur).
(c) Dövlət şəxsin həyatını qorumaq üçün bütün lazımi tədbirləri görübmü?
Faktları müəyyən etdikdən sonra 2-ci maddə işlərində Məhkəmə dövlət orqanlarının qapalı saxlanılan şəxsin həyatını qorumaq üçün bütün lazımi tədbirləri görüb-görmədiyini qiymətləndirir. Bu zaman şəxsə tibbi yardımın vaxtlı-vaxtında təmin edilib edilməməsi, mütəxəssis tibbi yardımı saxlama müəssisəsində mövcud olmadığı halda şəxsin müəssisədən kənardakı xəstəxanaya köçürülüb-köçürülməməsi Məhkəmə tərəfindən nəzərə alınan amillərdən bəziləridir (bax Mustafayev Azərbaycana qarşı, Məmmədov və başqaları Azərbaycana qarşı, Huylu Türkiyəyə qarşı).
©legallibrary.org